Bu axır günlərdə nikah və valideynlik vəzifəsi
«Vaxt azalmışdır». 1 KOR. 7:29
1. a) Yaşadığımız indiki ‘çətin anlarda’ hansı dəyişikliklər baş verir? b) Ailə dəyərlərinin dəyişilməsi bizi nə üçün narahat edir?
ALLAHIN Kəlamında qabaqcadan deyilmişdir ki, ‘axır zamanda’ müharibələr, zəlzələlər, qıtlıqlar və xəstəliklər olacaq (Dan. 8:17, 19; Luka 21:10, 11). Həmçinin Müqəddəs Kitabda bəşər tarixinin bu həlledici dövründə böyük sosial dəyişikliklərin olacağı xəbərdarlıq edilmişdir. ‘Axır günlərin’ çətinliklərindən biri də ailələrin böhran vəziyyəti yaşamasıdır (2 Tim. 3:1-4). Bu dəyişikliklər bizi nə üçün narahat etməlidir? Çünki genişmiqyaslı və güclü təsirə malik olan bu dəyişikliklər məsihçilərin nikaha və valideynlik vəzifəsinə dair baxışına təsir edə bilər. Necə?
2. Dünyada nikaha və boşanmaya münasibət necədir?
2 Bizim günlərdə boşanmaq əvvəlkindən asanlaşıb və geniş yayılıb. Bir çox ölkələrdə boşanmanın sayı sürətlə artmaqdadır. Ancaq biz yadda saxlamalıyıq ki, Yehova Allahın nikaha və boşanmaya olan baxışı bu dünyanın baxışından köklü surətdə fərqlənir. Yehova buna necə baxır?
3. Yehova və İsa Məsih nikaha necə baxırlar?
3 Yehova Allah evli adamlardan evlilik andına sadiq qalmalarını gözləyir. Yehova ilk kişi və qadını nikahda birləşdirəndə demişdi ki, «kişi... qadınına qovuşacaq və onlar bir bədən olacaq». Sonralar İsa Məsih Allahın sözlərini təkrar edib əlavə etmişdi: «Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır». O, daha sonra demişdi: «Kim cinsi əxlaqsızlıqdan başqa səbəblə arvadını boşayıb başqası ilə evlənərsə, zina edər» (Yar. 2:24; Mat. 19:3-6, 9). Gördüyümüz kimi, Yehova və İsa nikaha ömürlük ittifaq kimi baxırlar, bu ittifaqa yalnız həyat yoldaşlarından birinin ölümü son qoya bilər (1 Kor. 7:39). Nikah müqəddəs quruluş olduğu üçün boşanmaya barmaqarası baxmaq olmaz. Allahın Kəlamında aydın göstərilir ki, Yehova Müqəddəs Kitab əsası olmadan yol verilən boşanmaya nifrət edira. (Malaki 2:13-16; 3:6 ayələrini oxu.)
Nikaha məsuliyyətli münasibət
4. Nə üçün evlənməyə tələsən bəzi gənc məsihçilər sonradan peşman olurlar?
4 Yaşadığımız allahsız dünya seksə aludə olub. Biz hər gün ehtiraslı təsvirlər axınına məruz qalırıq. Onların bizə, xüsusilə də yığıncaqdakı gənc bacı-qardaşlarımıza göstərdiyi təsirə məhəl qoymaya bilmərik. Gənc məsihçilər, insanın öz istəyinə zidd olaraq onda seksual arzular oyadan dünyanın zərərli təsirinə necə qarşı dura bilərlər? Bəziləri çıxış yolunu çox gənc yaşlarında evlənməkdə görürlər. Onlar bu yolla cinsi əxlaqsızlıqdan qaçmağa ümid edirlər. Ancaq belə qərar qəbul edənlərdən çoxları tezliklə bu qərarlarına görə peşman olurlar. Çünki yeniliyin dadı damaqlarından gedəndən sonra başa düşürlər ki, ümumi şeyləri çox azdır və hətta gündəlik məsələlərə baxışları belə müxtəlifdir. Ona görə də belə cütlərin sonradan ciddi problemlərlə qarşılaşması təəccüblü deyil.
5. Evli cütlərin evlilik andına sadiq qalmalarına nə kömək edəcək? (Həmçinin haşiyəyə baxın.)
5 Hətta məsihçi olsa belə, ümidləri doğrultmayan insanla yaşamaq, əlbəttə, çətin olacaq (1 Kor. 7:28). Lakin vəziyyət nə qədər çətin olursa olsun, məsihçi uğursuz nikahdakı problemləri həll etmək üçün Müqəddəs Kitab əsası olmadan boşana bilməz. Buna görə də evlilik andına sadiq qalmaq istədikləri üçün nikahlarını qorumağa çalışanlar məsihçi yığıncağının hörmətinə, məhəbbətinə və qayğısına layiqdirlərb.
6. Gənc məsihçilər evlənməyə necə yanaşmalıdırlar?
6 Əgər sən gənc və subaysansa, evlənməyə necə yanaşmalısan? Evlənməyə fiziki, əqli və ruhani cəhətdən hazır olana qədər heç bir romantik münasibətlərə başlamasan bir çox məyusluqdan özünü qoruyacaqsan. Əlbəttə, Müqəddəs Yazılar evlənmək üçün yaş həddi qoymurc. Amma orada deyilir ki, seksual hisslərin güclü olduğu vaxt ötüb-keçənə qədər gözləmək müdriklik olardı. Nəyə görə? Çünki güclü ehtiras ağlı dumanlandıra bilər və ürək ağrısı gətirən düşünülməmiş qərarlar qəbul etməyə təhrik edə bilər. Yadda saxla ki, Yehovanın Müqəddəs Kitabda nikaha dair verdiyi məsləhətlər sənin xeyrin və xoşbəxtliyin üçündür. (Yeşaya 48:17, 18 ayələrini oxu.)
Valideynlik məsuliyyəti
7. Bəzi gənc cütlüklər nə ilə üzləşirlər və bu onların münasibətini nə üçün gərginləşdirə bilər?
7 Bəzi cütlər hələ özləri gənc ikən artıq uşaq gözləyirlər. Bir-birlərini yaxşı tanımağa macal tapmamış onların uşaqları olur, o isə günün 24 saatını diqqət tələb edir. Ana təbii olaraq bütün diqqətini yeni doğulan körpəsinə yönəldəndə gənc ərdə qısqanclıq yarana bilər. Bundan başqa, yuxusuz gecələrin nəticəsi olan yorğunluq və stress ərlə arvadın münasibətlərində gərginlik yaradır. Onlar birdən anlayırlar ki, artıq həmişəki azadlıqlarını itiriblər. İndi onlar əvvəlki kimi istədikləri yerə gedib, istədikləri şeyi edə bilmirlər. Onlar baş verən dəyişikliklərə necə baxmalıdırlar?
8. Valideynlik məsuliyyətinə necə yanaşılmalıdır və nə üçün?
8 Evlilik kimi, valideynliyə də Allah tərəfindən verilmiş məsuliyyət və şərəfli tapşırıq kimi yanaşmaq lazımdır. Körpənin dünyaya gəlişi ilə valideynlər hansı dəyişiklikləri etməli olsalar da, onlar buna məsuliyyətlə yanaşmalı və yeni şəraitə uyğunlaşmaq üçün əllərindən gələnin etməlidirlər. Uşağa malik olmaq imkanını insanlara Yehova verdiyi üçün, valideynlər dünyaya yeni gəlmiş körpəyə ‘Rəbbin verdiyi pay’ kimi baxmalıdırlar (Məz. 127:3). Məsihçilər «Rəbb yolunda» olan valideyn kimi öz vəzifələrini yerinə yetirməyə səy göstərməlidirlər (Efes. 6:1).
9. a) Uşaq böyütmək özünə nəyi daxil edir? b) Ər arvadının ruhani cəhətdən möhkəm qalmasına necə kömək edə bilər?
9 Uşaq böyütmək çox illər ərzində fədakarlıq tələb edir. Bunun üçün çoxlu güc və vaxt sərf etmək lazım gəlir. Məsihçi ər anlamalıdır ki, uşaq dünyaya gələndən sonra, ola bilər, bir neçə il ərzində arvadı yığıncaqlarda diqqətlə qulaq asa bilməyəcək və Müqəddəs Kitabı öyrənmək, üzərində düşünmək üçün imkanı az olacaqdır. Bu onun ruhaniliyini zəiflədə bilər. Məsuliyyətli ata uşağa baxmaqda həyat yoldaşına kömək etmək üçün əlindən gələn hər şeyi edəcək. Ər həyat yoldaşının yığıncaqda qulaq asa bilmədiyi bəzi məqamları evdə müzakirə etməyə çalışacaqdır. Həmçinin o, uşağa baxmaq işində bəzi şeyləri öz üzərinə götürməklə arvadına Padşahlığın təbliğ işində tam iştirak etmək üçün imkan yaradacaq. (Filipililərə 2:3, 4 ayələrini oxu.)
10, 11. a) Uşaqları Yehovanın ‘nəsihəti’ ilə böyütmək nə deməkdir? b) Nə üçün bir çox məsihçi valideynlər tərifə layiqdirlər?
10 Valideynliyə məsuliyyətlə yanaşmaq uşağı yeməklə, paltarla, evlə təmin etməkdən və sağlamlığının qayğısına qalmaqdan savayı özünə daha çox şeyi daxil edir. Xüsusilə də dünyanın bu təhlükəli son günlərində uşaqlara kiçik yaşlarından əxlaqi prinsipləri aşılamaq vacibdir. Uşaqları «Rəbbin tərbiyə və nəsihəti ilə» böyütmək lazımdır (Efes. 6:4). Bu o deməkdir ki, valideynlər Yehovanın düşüncələrini uşağa körpəliyindən başlayaraq çətin gənclik dövrü boyunca aşılamalıdırlar (2 Tim. 3:14, 15).
11 Davamçılarına ‘bütün xalqları şagirdi etməyi’ tapşıranda İsa, sözsüz ki, valideynlərin də öz uşaqlarına şagird olmağa kömək edəcəklərini nəzərdə tutmuşdu (Mat. 28:19, 20). Dünyanın gənclərə göstərdiyi təzyiqi nəzərə alsaq, bu elə də asan iş deyil. Buna görə uşaqlarını sadiq məsihçi kimi böyütməyə nail olmuş valideynlər bütün yığıncağın səmimi tərifinə layiqdirlər. Onlar məsuliyyətli valideyn kimi, bu dünyanın təsirinə öz imanları və sədaqətli olmaları sayəsində ‘qalib gəlmişlər’ (1 Yəh. 5:4).
Alicənab məqsəd
12. Nə üçün bəzi məsihçilər bir müddət subay qalmaq qərarına gəlirlər?
12 ‘Vaxt azaldığından’ və ‘dünyanın indiki surəti keçib getdiyindən’ Allahın Kəlamı təşviq edir ki, subaylığın üstün cəhətləri haqqında fikirləşək (1 Kor. 7:29-31). Buna görə də bəzi məsihçilər ömürlük və ya müəyyən müddət ərzində subay qalmaq qərarına gəlirlər. Tərifəlayiqdir ki, onlar subaylığın gətirdiyi sərbəstlikdən öz xudbin məqsədləri üçün istifadə etmirlər. Çoxları ‘fikrini dağıtmadan’ Yehovaya xidmət etmək üçün subay qalırlar. (1 Korinflilərə 7:32-35 ayələrini oxu.) Bəzi subay məsihçilər ya pioner, ya da Bet-El ailəsinin üzvü kimi xidmət edirlər. Bir çoxları Yehovanın təşkilatına daha çox fayda gətirmək üçün Xidməti Təkmilləşdirmə Məktəbində oxumağa can atırlar. Müəyyən müddət subay qalaraq tammüddətli xidmət edən və sonra ailə qurmaq qərarına gələn məsihçilər həmin illər ərzində əldə etdikləri dəyərli təcrübənin nikahlarına hələ də fayda gətirdiyini hiss edirlər.
13. Nə üçün bəzi məsihçilər uşaq istəmirlər?
13 Dünyanın bəzi yerlərində isə bir çoxları uşaqlarının olmasını istəmirlər: bəziləri maddi çətinliklər ucbatından, digərləri isə, işlərində maneə olmadan irəliləyişlərə nail olmaq məqsədilə. Məsihçilər arasında da uşaq istəməyənlər var. Ancaq çox vaxt bunun səbəbi onların Yehovaya sərbəst xidmət etmək arzusu olur. Bu o demək deyil ki, onlar normal ailə həyatı yaşamırlar. Xeyr, sadəcə olaraq onlar evliliyin gətirdiyi bəzi xeyir-duaları Padşahlığın maraqlarına qurban verirlər (1 Kor. 7:3-5). Onlardan bəziləri rayon və ya vilayət nəzarətçisi, Bet-El ailəsinin üzvü, başqaları isə pioner və ya missioner kimi xidmət edirlər. Yehova onların işini və Onun adı naminə göstərdikləri məhəbbəti unutmayacaq (İbr. 6:10).
‘Həyatda əziyyət’
14, 15. Məsihçi valideynlər ‘həyatda’ hansı ‘əziyyətlə’ üzləşə bilərlər?
14 Həvari Pavel demişdi ki, evli məsihçilərin «həyatda əziyyəti» olacaq (1 Kor. 7:28). Bu onlardan birinin, övladlarının və ya qoca valideynlərinin sağlamlığı ilə bağlı problemlər, yaxud uşaqların tərbiyəsi ilə bağlı çətinliklərin gətirdiyi ürək ağrıları ola bilər. Məqalənin əvvəlində qeyd edildiyi kimi, Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, «axır günlərdə çətin anlar gələcəkdir». Çətinliyin səbəblərindən biri də uşaqların ‘valideynlərinə itaət etməməsi’ olacaqdı (2 Tim. 3:1-3).
15 Uşaq tərbiyə etmək məsihçi valideynlər üçün əsl sınaqdır. Biz indiki ‘çətin anların’ pis təsirindən müdafiə olunmamışıq. Buna görə də məsihçi valideynlərə «bu dünyanın» uşaqlara göstərə biləcəyi təhlükəli təsirlərlə daima mübarizə aparmaq lazım gəlir (Efes. 2:2, 3). Lakin təəssüf ki, onlar bu mübarizədən həmişə qalib çıxmırlar! Məsihçi ailəsində böyüyən uşağın Yehovaya xidmət etməyə son qoyması onu həqiqətdə böyütməyə çalışan valideynlərə, sözün əsl mənasında, ‘əziyyət’ verir (Sül. məs. 17:25).
‘Böyük məşəqqət olacaq’
16. İsa hansı «məşəqqət» haqqında peyğəmbərlik etmişdi?
16 Nikahla və ya uşağın tərbiyəsi ilə bağlı istənilən ‘əziyyət’ qarşıda bizi gözləyən məşəqqətlə müqayisədə çox kiçikdir. İştirakı və dövrün sonu haqqındakı peyğəmbərlikdə İsa demişdi: «O zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dünyanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır» (Mat. 24:3, 21). Sonra o izah etmişdi ki, böyük izdiham həmin «böyük məşəqqət»dən sağ çıxacaq. Ancaq Şeytanın dünyası həmin vaxt bütün gücünü toplayaraq Yehovanın sülhpərvər Şahidlərinə qarşı son dəfə hücuma keçəcək. Şübhəsiz, bu hər birimiz üçün, həm böyüklər, həm də uşaqlar üçün çətin vaxt olacaq.
17. a) Gələcəyə nə üçün inamla baxa bilərik? b) Nikaha və valideynlik vəzifəsinə olan baxışımıza nə təsir etməlidir?
17 Amma biz gələcəyə görə həddindən artıq təlaş keçirməli deyilik. Yehovaya sadiq olan valideynlər kiçik uşaqları ilə birlikdə xilas olmağa ümid edə bilərlər. (Yeşaya 26:20, 21 ayələrini oxu; Sef. 2:2, 3; 1 Kor. 7:14.) İndi isə qoy çətin günlərdə yaşadığımızı bilməyimiz evliliyə və valideynlik vəzifəsinə necə münasibət göstərdiyimizə təsir etsin (2 Pet. 3:10-13). Belə etsək, həyatımız, subay və ya evli olmağımızdan, övladımızın olub olmamasından asılı olmayaraq, Yehovaya və məsihçi yığıncağına izzət gətirəcək.
[Haşiyələr]
a «Yehovanın gününü unutma» kitabının 125-ci səhifəsində (rus.) «Mən nikahın pozulmasına nifrət edirəm» yarımsərlövhəsinə baxın.
b Nikahda problemlərlə qarşılaşanlara «Gözətçi Qülləsi»nin 2003-cü il 1 dekabr və «Oyanın!» jurnalının 2001-ci il 8 yanvar (rus.) saylarındakı məqalələri araşdırmaq faydalı ola bilər.
c «Ailə xoşbəxtliyinin sirri» kitabının «Xoşbəxt nikaha hazırlıq» adlı 2-ci fəslinə baxın.
Təkrar üçün suallar
• Nə üçün gənc məsihçilər evlənməyə tələsməməlidirlər?
• Uşaq böyütmək nə deməkdir?
• Nə üçün bəzi məsihçilər subay qalır və ya evlidirlərsə, uşaq istəmirlər?
• Məsihçi valideynlər hansı ‘əziyyətlə’ üzləşə bilərlər?
[17-ci səhifədəki şəkil]
Nə üçün yaxşı olardı ki, gənc məsihçilər evlənməyə tələsməsinlər?
[18-ci səhifədəki şəkil]
Ər arvadının ruhani işlərdə tam iştirak etməsi üçün çox şey edə bilər
[19-cu səhifədəki şəkil]
Nə üçün bəzi məsihçilər uşaq istəmirlər?