Müqəddəs ruhun yaradılışda rolu
«Göylər Rəbbin sözü ilə, səma cisimləri Onun hökmü ilə [«ağzının nəfəsilə», «Kitabı Mukaddes»] yarandı» (MƏZ. 33:6).
1, 2. a) İnsanların Kainat və Yer barədə biliyi tədricən necə artırdı? b) Hansı suala cavab tapmaq vacibdir?
DÜNYA ŞÖHRƏTLİ alim Albert Eynşteyn 1905-ci ildə xüsusi nisbilik nəzəriyyəsini dərc edəndə o və bir çox alimlər fikirləşirdilər ki, Kainat yalnız bir qalaktikadan — bizim Süd Yolu qalaktikasından ibarətdir. Onların Kainatın ölçüləri barədə təsəvvürləri necə də yanlış idi! Bu gün isə alimlər düşünürlər ki, Kainatda 100 milyarddan çox qalaktika var və onların bəziləri milyardlarla ulduzlardan ibarətdir. Yer üzündə və ya onun orbitində quraşdırılan yüksək həssaslığa malik teleskopların köməyilə yeni-yeni qalaktikalar aşkar edilir.
2 İnsanların 1905-ci ildə nəinki Kainat, hətta Yer kürəsi barədə də bilikləri məhdud idi. Düzdür, ötən əsrin əvvəllərində yaşayan insanların biliyi əvvəlki nəsillərlə müqayisədə daha çox idi. Ancaq müasir zəmanədə insanlar təbiətin gözəl və mürəkkəb quruluşu, eləcə də həyatın mövcud olmasını mümkün edən sistemlər barədə daha çox bilirlər. Şübhə yoxdur ki, qarşıda öyrəniləsi hələ çox şey var. Bununla əlaqədar vacib bir sual ortaya çıxır: bütün bunlar necə ərsəyə gəlib? Bu sualın cavabı bizim üçün sirr deyil, çünki Uca Yaradanımız onu Müqəddəs Yazılar vasitəsilə bizə açıqlayıb.
Yaradılış möcüzəsi
3, 4. Allah Kainatı necə yaradıb və əllərinin işi Onu necə izzətləndirir?
3 Kainatın necə peyda olduğu Müqəddəs Kitabın ilk ayəsində izah olunur: «Başlanğıcda Allah göyləri və yeri yaratdı» (Yar. 1:1). Yehova yaratmağa başlayanda heç bir materiya mövcud deyildi, bunun üçün O, Öz müqəddəs ruhundan — qüdrətli fəal qüvvəsindən istifadə etmişdi. Usta nə isə düzəltmək üçün əlindən və alətlərdən istifadə etdiyi kimi, Allah da möhtəşəm işlərini həyata keçirmək üçün müqəddəs ruhundan istifadə edir.
4 Allahın Kəlamında müqəddəs ruh məcazi mənada «barmaq» adlanır (Luka 11:20, haşiyə; Mat. 12:28). Yehovanın ‘əllərinin işi’, yəni bu ruh vasitəsilə yaratdığı hər şey Ona böyük izzət gətirir. Məzmurçu Davud oxuyurdu: «Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini elan edir» (Məz. 19:1). Həqiqətən də, Allahın yaratdığı hər şey Onun müqəddəs ruhunun nə qədər qüdrətli olduğunu açıq-aydın göstərir (Rom. 1:20). Necə?
Allahın tükənməz qüvvəsi
5. Yehovanın müqəddəs ruhunun nə qədər qüdrətli olduğunu nümunə əsasında göstərin.
5 Bizim ağlasığmaz dərəcədə ucsuz-bucaqsız olan Kainatımız Yehovanın enerjisinin və qüdrətinin tükənməz olduğuna dəlalət edir. (Yeşaya 40:26 ayəsini oxu.) Müasir alimlər üçün sirr deyil ki, materiyanı enerjiyə, enerjini isə materiyaya çevirmək olar. Bizə ən yaxın olan ulduz — Günəş materiyanın enerjiyə necə çevrildiyinin bariz nümunəsidir. Hər saniyədə günəş təxminən 4 milyon ton materiyanı şüa, isti və digər növ enerjiyə çevirir. Bizə həmin enerjinin yalnız kiçik bir hissəsi gəlib çatır. Lakin bu, yer üzündə həyatın davam etməsi üçün kifayətdir. Şübhə yoxdur ki, günəşi, o cümlədən milyardlarla digər ulduzları yaratmaq üçün böyük qüvvə və enerji tələb olunurdu. Yehova bunun üçün lazım olan enerjiyə və bundan qat-qat artığına malikdir.
6, 7. a) Yehovanın müqəddəs ruhdan nizamlı şəkildə istifadə etməsinə dair hansı sübutlar var? b) Kainatın təsadüf nəticəsində yaranmadığına dair hansı sübutlar var?
6 Ətrafımız Allahın Öz müqəddəs ruhundan mütəşəkkil surətdə istifadə etdiyini göstərən sübutlarla doludur. Təsəvvür edin ki, əlinizdə göy, sarı və başqa rəngdə kürəciklərlə dolu olan bir qutu var. Kürəciklər qarışsın deyə onu yaxşıca silkələyirsiniz. Sonra hamısını birdən yerə atırsınız. Eyni rəngdə olan kürəciklərin bir yerə yığılacağını gözləyəcəksinizmi? Əlbəttə, yox! Deməli, idarəolunmaz hərəkətlər həmişə qarışıqlığa gətirir — bundan artığını gözləməyə dəyməz. Bu fakt təbiətin əsas qanunlarından biri hesab olunura.
7 Səmanı seyr edəndə və ya teleskopla göyə baxanda nə görürük? Qarşımızda ucsuz-bucaqsız, mükəmməl surətdə təşkil olunmuş və hər biri yüksək dəqiqliklə hərəkət edən qalaktika, ulduz və planetlər sistemi mənzərəsi açılır. Bu, kor təsadüfün və ya kosmik qəzanın bəhrəsi ola bilməz. Buna görə də özümüzdən soruşmalıyıq: «Nizam-intizamın hökm sürdüyü Kainatın yaradılışı zamanı hansı qüvvədən istifadə olunub?» Yalnız elmi araşdırmaların və ya təcrübələrin köməyilə bunu müəyyən etmək mümkün deyil. Lakin Müqəddəs Kitabda açıqlanır ki, bu qüvvə Kainatda ən qüdrətli qüvvə olan müqəddəs ruhdur. Məzmurçu oxuyurdu: «Göylər Rəbbin sözü ilə, səma cisimləri Onun hökmü ilə [«ağzının nəfəsilə», «Kitabı Mukaddes»] yarandı» (Məz. 33:6). Gecələr ulduzlara baxarkən bizim bu «səma cisimləri»nin yalnız kiçik bir qismini seyr etmək imkanımız var!
Müqəddəs ruh və Yer kürəsi
8. Əslinə qalsa, biz Allahın işləri barədə nə qədər bilirik?
8 Hal-hazırda Kainat barədə bildiklərimizi dəniz sahilindəki qum dənəciyi ilə müqayisə etmək olar. Allahın sadiq bəndəsi Əyyubun dediyi kimi, biz Yaradanın əl işləri barədə hələ çox az bilirik: «Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır» (Əyy. 26:14). Yehovanın xariqüladə əl işlərini diqqətlə müşahidə edən müdrik padşah Süleyman nida etmişdi: «Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz» (Vaiz 3:11; 8:17).
9, 10. Allah yeri yaradarkən hansı qüvvədən istifadə etmişdi və ilk üç gün ərzində O, hansı işləri görmüşdü?
9 Bununla belə, Yehova bizə Öz əl işləri ilə bağlı vacib təfsilatları açıqlayıb. Məsələn, Müqəddəs Yazılarda xəbər verilir ki, Allahın ruhu milyardlarla illər ərzində yer üzündə fəaliyyət göstərirdi. (Yaradılış 1:2 ayəsini oxu.) O vaxt nə quru, nə işıq, nə də ki həyat üçün yararlı olan atmosfer mövcud idi.
10 Müqəddəs Kitabda Allahın yaradılış günlərində gördüyü işlərdən bəhs olunur. Yaradılış günləri deyiləndə hərəsi 24 saatdan ibarət sutkalar yox, eralar, yəni dövrlər nəzərdə tutulur. İlk yaradılış günündə Yehova elə etdi ki, yer üzündə işıq peyda olmağa başladı. Bu proses günəş və ayın yerdən göründüyü vaxtadək davam edirdi (Yar. 1:3, 14). İkinci gün atmosfer formalaşmağa başladı (Yar. 1:6). Su, işıq və havanın olmasına baxmayaraq, quru hələ mövcud deyildi. Yalnız üçüncü yaradılış günündə Yehova müqəddəs ruhundan istifadə edərək və ola bilsin, böyük geoloji qüvvələri hərəkətə gətirərək dünya okeanından materikləri üzə çıxartdı (Yar. 1:9). Üçüncü və növbəti yaradılış günlərində Allah digər möhtəşəm işləri həyata keçirdi.
Müqəddəs ruh və canlı varlıqlar
11. Canlı məxluqlar arasında müşahidə olunan mürəkkəblik, simmetriya və gözəllik nəyə dəlalət edir?
11 Müqəddəs ruh canlı təbiətdə də az iş görməyib. Onun vasitəsilə Allah üçüncü yaradılış günündən başlayaraq altıncı günədək müxtəlifliyi ilə insanı heyrətə gətirən bitkilər və heyvanlar yaratdı (Yar. 1:11, 20—25). Beləliklə, saysız-hesabsız mürəkkəb, gözoxşayan və simmetrik canlı varlıqlar yüksək yaradıcılıq qabiliyyətindən xəbər verir.
12. a) DNT hansı funksiyanı yerinə yetirir? b) DNT-nin fasiləsiz və uğurla öz funksiyasını yerinə yetirməsindən nə öyrənirik?
12 İndi isə hər hansı bir orqanizmin səciyyəvi əlamətlərini gələcək nəslə ötürən DNT (dezoksiribonuklein turşusu) haqda danışaq. Yer üzündə yaşayan bütün canlılar — mikroblar, bitkilər, fillər, mavi balinalar və insanlar nəsillərini məhz DNT molekulu sayəsində davam etdirirlər. Canlılar bir-birindən xeyli fərqlənsələr də, onların bir çox irsi keyfiyyətlərini idarə edən kod, yəni DNT sabit olaraq qalır və ta qədimdən bu günədək əsas növ canlılar arasındakı fərdi əlamətləri qoruyub saxlamağa xidmət edir. Bunun sayəsində, Yehova Allahın niyyətinə uyğun olaraq, yer üzündə yaşayan müxtəlif canlı varlıqlar mürəkkəb ekoloji sistemdə öz funksiyalarını yerinə yetirməyə davam edirlər (Məz. 139:16). Bu, olduqca effektiv, nizam-intizamlı quruluş bütün bu məxluqların Allahın «barmağı»nın və ya Onun müqəddəs ruhunun bəhrəsi olduğuna daha bir sübutdur.
Allahın şah əsəri
13. Allah insanı necə yaratdı?
13 Milyardlarla illər keçəndən və Allah çoxsaylı canlı və cansız məxluqlar yaradandan sonra yer artıq «quruluşsuz və boş» deyildi. Bununla belə, Yehovanın yaradıcılıq işlərində müqəddəs ruhun fəaliyyəti hələ bitməmişdi. O, yer üzündə Öz şah əsərini yaratmağa hazırlaşırdı. Altıncı gününün sonuna yaxın Allah bir insan yaratdı. Bunun üçün O, müqəddəs ruhundan və torpağın elementlərindən istifadə etmişdi (Yar. 2:7).
14. İnsanlar heyvanlardan nə dərəcədə fərqlənir?
14 Yaradılış 1:27 ayəsində deyilir: «Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı». Bu, nə deməkdir? Yaradanımız Yehova insanı məhəbbət və iradə azadlığı təzahür etdirmək, hətta Onunla şəxsi münasibət qurmaq bacarığı ilə yaradıb. Buna görə də bizim beynimiz heyvanların beynindən olduqca fərqlənir. Yehova insan beynini elə yaradıb ki, biz sevinclə əbədiyyət boyu Onun haqda və işləri barədə öyrənə bilək.
15. Adəmlə Həvvanın qarşısında hansı imkanlar açılmışdı?
15 Allah bəşəriyyətin ilk çağlarında Adəmə və onun arvadı Həvvaya yeri və onun üzərində yaratdığı hər şeyi verdi. İlk insanlar Allahın əl işlərini tədqiq edib bunlardan həzz almalı idilər (Yar. 1:28). Yehova onlara bol qida və gözəl ev olan cənnəti bəxş etmişdi. Adəmlə Həvva əbədi yaşaya və milyardlarla kamil insanın ulu valideynləri ola bilərdilər. Amma hər şey başqa cür oldu.
Müqəddəs ruhun rolunu qəbul edin
16. İlk insan cütü üsyankarlıq yoluna qədəm bassa da, bizim hansı ümidimiz var?
16 Adəmlə Həvva Yaradanlarına minnətdarlıqla tabe olmaq əvəzinə, xudbincəsinə Ona qarşı çıxdılar. Buna görə də onlardan törəyən qeyri-kamil insanların hamısı əzab-əziyyət çəkir. Amma Allah ulu valideynlərimizin günahlı yola qədəm qoymaları nəticəsində dəyən bütün zərəri aradan qaldıracaq. Müqəddəs Kitabda Yehovanın bunu necə edəcəyi açıqlanır və göstərilir ki, Allah ilk niyyətini hökmən həyata keçirəcək. Cənnətə çevrilmiş yer üzündə əbədiyyən xoşbəxt və sağlam insanlar yaşayacaqlar (Yar. 3:15). Bu gözəl ümidə imanımızı qorumaq üçün bizə Allahın müqəddəs ruhunun köməyi lazımdır.
17. Hansı düşüncə tərzinin bizə təsir etməsinə yol verməməliyik?
17 Biz Yehovadan duada müqəddəs ruh diləməliyik (Luka 11:13). Bu, bizim ətrafımızda olan hər şeyin Allahın əl işi olduğuna dair imanımızı möhkəmləndirəcək. Bu gün səhv və əsassız mülahizələrdən qaynaqlanan ateizm və təkamül nəzəriyyəsi geniş təbliğ olunur. Dünyanı sel kimi basan bu cür yanlış düşüncə tərzinin bizi çaşdırmasına, yaxud da qorxutmasına yol verməməliyik. Bütün məsihçilər bu həmlələrə və insanların göstərdiyi təzyiqə müqavimət göstərməyə hazır olmalıdırlar. (Koloslulara 2:8 ayəsini oxu.)
18. Kainatın və bəşəriyyətin başlanğıcı haqda düşünəndə nəyə görə müdrik Yaradanın olduğunu istisna etmək ağılsızlıq olardı?
18 Biz hər şeyin Allah tərəfindən yaradıldığını göstərən dəlilləri vicdanla araşdırmaqla Müqəddəs Kitaba və Allaha olan imanımızı möhkəmləndirməliyik. Kainatın və bəşəriyyətin başlanğıcı haqda düşünən bir çox insanların fikrincə, bunların Allah tərəfindən yaradıldığına inanmaq ağılsızlıqdır. Lakin yuxarıda qeyd olunan məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, bütün dəlilləri qərəzsiz nəzərdən keçirə bilməyəcəyik. Üstəlik, belə etməklə biz «saysız xariqələr» arasındakı nizam-intizamı və onların yaradıcılıq istedadından xəbər verməsini hesaba almamış olacağıq (Əyy. 9:10; Məz. 104:25). Biz məsihçilər əminik ki, yaradılışda iştirak edən fəal qüvvə Yehovanın müdrik rəhbərliyi altında fəaliyyət göstərən müqəddəs ruh olmuşdur.
Müqəddəs ruh və Allaha iman
19. Həyatımız Allahın mövcudluğunu və müqəddəs ruhun fəaliyyət göstərdiyini necə sübut edir?
19 Allaha inanmaq, Onu sevmək və Ona ehtiram bəsləmək üçün xilqət barədə hər şeyi bilməyə ehtiyac yoxdur. İnsanlar arasındakı dostluq kimi, Yehovaya olan imanımız sadəcə quru faktlara əsaslanmır. Dostlar bir-biriləri haqda öyrəndikcə münasibətləri möhkəmləndiyi kimi, bizim də Allah haqqında biliyimiz artdıqca Ona olan imanımız möhkəmlənir. Həqiqətən də, Allahın dualarımıza cavab verdiyini və Onun prinsiplərini həyatımızda tətbiq etməyin xeyrini gördükcə Onun mövcud olmasına dair imanımız daha da artır. Allahın bizim addımlarımızı yönəltdiyini, bizi müdafiə etdiyini, xidmətdə göstərdiyimiz səylərə xeyir-dua verdiyini, həmçinin bizi lazım olan hər şeylə təmin etdiyini görəndə özümüzü Yehovaya daha yaxın hiss edirik. Bütün bunlar Allahın mövcudluğuna və Onun müqəddəs ruhunun fəaliyyət göstərdiyinə dəlalət edir.
20. a) Allah Kainatı və bəşəriyyəti nəyə görə yaradıb? b) Allahın müqəddəs ruhunun bizə rəhbərlik etməsinə yol verməyimiz sayəsində hansı xeyir-duaları biçəcəyik?
20 Müqəddəs Kitab Yehovanın Öz fəal qüvvəsindən istifadə etməsinin bariz nümunəsidir, çünki onu yazan «insanlar müqəddəs ruhdan ilham alaraq Allahdan gələn sözləri danışıblar» (2 Pet. 1:21). Müqəddəs Yazıları diqqətlə araşdırsaq, hər şeyin yaradanının Yehova olduğuna dair imanımız möhkəmlənəcək (Vəhy 4:11). Yehova tükənməz məhəbbətindən irəli gələrək Yaradan olmaq qərarına gəldi (1 Yəh. 4:8). Buna görə də gəlin məhəbbət dolu səmavi Atamız və Dostumuz haqqında başqalarının bilməsi üçün əlimizdən gələni əsirgəməyək. Əgər Allahın ruhunun bizə və həyatımıza təsir göstərməsinə yol versək, əbədiyyət boyu Onun haqqında öyrənmək şərəfinə layiq görüləcəyik (Qalat. 5:16, 25). Gəlin bundan sonra da Yehova və Onun xariqüladə işləri barədə öyrənək və müqəddəs ruhundan istifadə edərək göyləri, yeri və bəşəriyyəti yaratdığı zaman göstərdiyi böyük məhəbbətini öz həyatımızda əks etdirək!
[Haşiyə]
a «Qayğıkeş Yaradan mövcuddurmu?» kitabının 24, 25-ci səhifələrinə (rus.) baxın.
İzah edə bilərsinizmi?
• Yehova Kainatı və Yer kürəsini yaratmaq üçün müqəddəs ruhundan necə istifadə etmişdi?
• Allahın surətində yaranmağımız qarşımızda hansı imkanları açır?
• Nəyə görə biz hər şeyin Allah tərəfindən yaradıldığını təsdiq edən dəlilləri araşdırmalıyıq?
• Yehova ilə münasibətimizi necə möhkəmləndirə bilərik?
[7-ci səhifədəki şəkil]
Kainatda hökm sürən nizam-intizam nəyə dəlalət edir?
[İcazə ilə]
Stars: Anglo-Australian Observatory/David Malin Images
[8-ci səhifədəki şəkillər]
Bunların hamısında olan DNT nəyi sübut edir?
[10-cu səhifədəki şəkil]
İmanını müdafiə etməyə hazırsanmı?