Hamının ləyaqətinə hörmət mümkündür
«Biz insanın ləyaqətinə hörmət edilən yeni dünya, daha yaxşı dünya qurmalıyıq». B. Ş. PREZIDENTİ HARRİ TRUMEN, A. B. Ş., KALİFORNİYA, SAN FRANSİSKO, 25 APREL, 1945.
İKİNCİ Dünya müharibəsindən sonrakı illərdə bir çoxları kimi prezident Harri Trumen də inanırdı ki, insan öz keçmişindən dərs ala və hamının ləyaqətinə hörmət edilən «yeni dünya» qura bilər. Təəssüf ki, müasir tarix tamamilə başqa bir həqiqəti sübut edir. İnsanların «ləyaqəti» tapdalanmaqdadır, çünki problemin kökü insan yox, onun ən böyük düşməni olan bir şəxsiyyətdir.
Problemin kökü
Müqəddəs Kitab həmin düşmənin, bəşər tarixinin başlanğıcından Allahın hökmranlıq hüququnu şübhə altına alan pis ruhani varlıq, Şeytan İblis olduğunu açıqlayır. Eden bağında Həvva ilə söhbət edən vaxtdan Şeytanın məqsədi insanları Yaradana xidmət etməkdən uzaqlaşdırmaqdır (Yaradılış 3:1-5). Adəmlə Həvvanın Şeytana uyarkən üzləşdikləri fəlakətlər üzərində bir düşünün! Allahın meyvədən yeməyi qadağan edən əmrini pozmalarının bilavasitə nəticəsi o oldu ki, hər ikisi «Allahın hüzurundan qaçıb... gizləndilər». Nə üçün? Adəm e’tiraf etdi: «Çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm» (Yaradılış 3:8-10). Adəmin səmavi Atası ilə münasibəti və özünə baxışı dəyişdi. O utanır və Yehovanın hüzurunda artıq özünü narahat hiss edirdi.
Şeytan nəyə görə Adəmin ləyaqətinin alçalmasını istəyirdi? Çünki insan Allahın surətində yaradılmışdır və öz davranışı ilə Allahın izzətini layiqincə əks etdirmədikdə, Şeytan həzz alır (Yaradılış 1:27; Romalılara 3:23). Bu, bəşər tarixində alçaldıcı hərəkətlərin nə üçün kök saldığını başa düşməyə kömək edir. «Bu əsrin tanrısı» olan Şeytan ‘bir nəfərin başqa adama ağalıq etməsinin başına bəla olduğu’ bir dövrdə bu ruhu geniş yayır (2 Korinflilərə 4:4; Vaiz 8:9; 1 Yəhya 5:19). Bəs onda elə qənaətə gəlmək olarmı ki, insan ləyaqətinə həqiqi hörmət həmişəlik itirilib?
Yehova Öz yaratdıqlarının ləyaqətinə hörmət edir
Adəmlə Həvva günah işlətməzdən əvvəl Cənnət bağında hökm sürən vəziyyəti bir daha yadınıza salın. Onların bol qidası, zövq verən işi var idi, həm özləri, həm də gələcək nəsilləri sağlam, sonsuz həyat sürə bilərdilər (Yaradılış 1:28). Onların mövcudluğunun hər sahəsi Allahın bəşəriyyət üçün olan məhəbbətli, əzəmətli niyyətini vurğulayırdı.
Adəmlə Həvva kamilliyi itirdikdən sonra Yehovanın insan ləyaqətinə olan baxışı dəyişdimi? Xeyr. Allah onların çılpaq olduqlarına görə utandıqlarını nəzərə aldı. Əncir yarpaqlarını bir-birinə tikərək özlərinə düzəltdikləri fitənin əvəzinə, Allah məhəbbətlə onlara «dəridən paltar düzəltdi» (Yaradılış 3:7, 21). Allah onları xəcalət içində qoymadı, əksinə onların ləyaqətinə hörmətlə yanaşdı.
Sonralar İsrail xalqı ilə rəftarından görünür ki, Yehova yetimlərə, dullara və qəriblərə — cəmiyyətin təhqirlərə ən çox mə’ruz qalan üzvlərinə — şəfqətlə yanaşırdı (Məzmur 72:13). Məsələn, israillilər zəmilərindən taxıl biçəndən, bağlarından zeytun və üzüm yığandan sonra məhsulun qalıqlarını da toplamaq üçün geri qayıtmalı deyildilər. Allahin əmrinə görə, həmin məhsul ‘qəribin, yetimin və dul qadının olmalı’ idi (Qanunun təkrarı 24:19-21). Bu qanunlara əməl etdikdə artıq heç kimin dilənməsinə ehtiyac qalmır və hətta ən kasıb adamların belə layiqli iş ilə məşğul olmaq imkanı yaranırdı.
İsa insanların ləyaqətinə hörmət edirdi
Yerdə yaşayarkən Allahın Oğlu İsa Məsih başqalarının ləyaqətinə hörmət etdiyini göstərdi. Məsələn, Qalileyada olanda uzun müddət cüzam xəstəliyindən əziyyət çəkən bir adam ona yaxınlaşdı. Musanın qanununa görə, başqalarını yoluxdurmamaq üçün cüzamlı «murdaram, murdaram!» deyə qışqırmalı idi (Levililər 13:45). Lakin bu adam İsaya yaxınlaşdıqda xəbərdarlıq etmədi. Bunun əvəzinə üzü üstə düşüb, İsaya yalvarmağa başladı: «Ya Rəbb, əgər istəsən, məni saf edə bilərsən» (Luka 5:12). İsa nə etdi? Qanunu pozduğu üçün İsa onu nə tənbeh etdi, nə də e’tinasızlıq göstərərək ondan qaçdı. Əksinə o, cüzamlıya toxundu, «istəyirəm, saf ol» deyərək onunla hörmətlə davrandı (Luka 5:13).
Digər hallarda isə, İsa insanları toxunmadan, bə’zən hətta uzaq məsafədən sağaldırdı. Lakin bu dəfə o, həmin adama toxundu (Matta 15:21-28; Mark 10:51, 52; Luka 7:1-10). Onun «bütün bədəni cüzamlı» olduğundan, şübhəsiz, artıq uzun illər idi ki, heç kimlə fiziki təmasda olmamışdı. Yenidən kiminsə ona toxunması onun üçün necə də təsəlliverici idi! Bu adamın arzusu yalnız cüzamdan sağalmaq idi. Lakin İsanın şəfa vermə üsulu, şübhəsiz, daha bir şeyi — onun ləyaqət hissini qaytarmağa kömək etdi. Bəs bu gün başqalarının ləyaqətinə qayğı göstərilirmi? Göstərilirsə, necə?
İnsan ləyaqətinə hörmət etməyi öyrədən qanun
Bir çoxlarının fikrincə, İsa, indiyədək insan münasibətlərinə dair verilən ən məşhur nəsihəti söyləmişdir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Matta 7:12). Çox vaxt «qızıl qanun» adlanan bu qanun insanı, müqabilində eyni şeyi gözləyərək, öz yoldaşına hörmət etməyə təşviq edir.
Tarix şahidlik edir ki, insanlarda anadangəlmə bu qanuna əməl etmək istəyi olmur, onlar çox vaxt bunun əksinə davranırlar. Gəlin, Harold adlandıracağımız bir nəfərin sözlərinə diqqət yetirək: «Mən başqalarını alçaltmaqdan həzz alırdım. Bir neçə sözlə onları özündən çıxarır, pərt edir, hətta bə’zən ağladırdım». Lakin bir şey Haroldu dəyişməyə məcbur etdi. «Yehovanın Şahidləri mənə baş çəkməyə başladı. Dediyim sözləri və onlarla bə’zən necə davrandığımı xatırlayanda, xəcalət çəkirəm. Lakin onlar məndən əllərini üzmədilər, tədricən Müqəddəs Kitab həqiqətləri ürəyimdə kök saldı və məni dəyişməyə təşviq etdi». Hazırda Harold məsihçi yığıncağında ağsaqqal kimi xidmət edir.
Harold, ‘Allahın kəlamının canlı və tə’sirli, hər cür ikiağızlı qılıncdan iti, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçən və ürəyin düşüncə və niyyətlərini ayırd edən’ olduğuna canlı sübutdur (İbranilərə 4:12). Allahın Kəlamı insanın ürəyinə tə’sir etməyə, onun düşüncə tərzini və davranışını dəyişməyə qadirdir. Bu, başqalarına hörmətlə yanaşmaq, yə’ni incitmək əvəzinə kömək etmək, alçaltmaq əvəzinə iltifat göstərmək arzusu üçün ən mühüm özüldür (Həvarilərin işləri 20:35; Romalılara 12:10).
İnsan ləyaqətinə əsl hörmət
Məhz bu arzudan irəli gələrək Yehovanın Şahidləri Müqəddəs Kitabın verdiyi gözəl ümidi insanlarla bölüşürlər (Həvarilərin işləri 5:42). İnsanın ləyaqətinə hörmət etmək üçün, onunla «yaxşılıq müjdəsini» bölüşməkdən yaxşı üsul yoxdur (Yeşaya 52:7, KM). «Yaxşılıq» başqalarını alçaltmaq kimi ‘pis ehtirası’ öldürən «yeni mənliyi» geyinməyi özünə daxil edir (Koloslulara 3:5-10). Buraya, Yehovanın tezliklə insanın ləyaqətini alçaldan şəraitləri və münasibətləri, o cümlədən, bunun səbəbkarı olan Şeytan İblisi kənar etmək niyyəti də aiddir (Daniel 2:44; Matta 6:9, 10; Vəhy 20:1, 2, 10). Yalnız o zaman, «dünya... Rəbbin biliyi ilə dolu» olanda hamının ləyaqətinə hörmət ediləcəkdir (Yeşaya 11:9).
Biz sizi də bu gözəl ümid haqqında öyrənməyə də’vət edirik. Yehovanın Şahidləri ilə ünsiyyət etməklə görəcəksiniz ki, Müqəddəs Kitabın prinsiplərinə riayət etmək insanların bir-birinin ləyaqətinə hörmətlə yanaşmasına kömək edir. Siz, o cümlədən, Allahın Padşahlığının tezliklə ‘yeni, daha yaxşı dünya’ — insanın ləyaqətinə hörmət ediləcəyi, daha heç vaxt tapdalanmayacağı dünya yaradacağını öyrənəcəksiniz.
[3-cü səhifədəki şəkil]
İsa şəfa verdiyi insanların ləyaqətinə hörmət edirdi.