Yehova tezliklə nəyin baş verəcəyini açıqlayır
«İsa Məsihdən gələn vəhy. Allah bu vəhyi İsaya verdi ki, o, tezliklə baş verəcək hadisələri öz qullarına göstərsin» (VƏHY 1:1).
NECƏ CAVAB VERƏRDİNİZ?
Böyük heykəlin hansı hissələri İngiltərə-Amerika dünya imperiyasını təmsil edir?
Yəhya İngiltərə-Amerika və Birləşmiş Millətlər Təşkilatı arasındakı əlaqəni necə göstərdi?
Daniel və Yəhya insan hökumətlərinin sonu haqda nə yazıblar?
1, 2. a) Danielin və Yəhyanın peyğəmbərliklərini müqayisə etməklə biz nə öyrənə bilərik? b) Vəhşi heyvanın ilk altı başı hansı imperiyaları təmsil edir?
DANİELLƏ Yəhyanın peyğəmbərliklərini müqayisə edəndə hal-hazırda dünyada cərəyan edən və gələcəkdə baş verəcək bir çox hadisələrin məğzini anlayırıq. Yəhyanın gördüyü vəhşi heyvanı, Danielin gördüyü onbuynuzlu qorxunc vəhşi heyvanı və Danielin böyük heykələ verdiyi izahatı müqayisə etməklə nə öyrənirik? Bu peyğəmbərlikləri aydın başa düşməyimiz bizi nəyə təşviq etməlidir?
2 Gəlin Yəhyanın gördüyü vəhşi heyvana bir daha nəzər salaq (Vəhy, fəs. 13). Əvvəlki məqalədən öyrəndiyimiz kimi, vəhşi heyvanın ilk altı başı Misir, Assuriya, Babil, Midiya-Fars, Yunanıstan və Romadır. Bu imperiyaların hamısı qadının övladı ilə düşmənçilik edirdi (Yar. 3:15). Yəhya bu görüntünü yazdıqdan əsirlər sonra da altıncı baş olan Roma dünyada ən nüfuzlu dövlət olaraq qalırdı. Lakin sonradan Romanı yeddinci baş əvəz etməli idi. Söhbət hansı imperiyadan gedir və o, qadının övladı ilə necə davranırdı?
BRİTANİYA VƏ BİRLƏŞMİŞ ŞTATLAR GÜCLÜ İMPERİYAYA ÇEVRİLİR
3. Qorxunc onbuynuzlu vəhşi heyvan və onun on buynuzu nəyi təmsil edir?
3 «Vəhy» kitabının 13-cü fəslindəki yeddibaşlı vəhşi heyvanın yeddinci başı nəyi təmsil edir? Bunu müəyyən etmək üçün Yəhyanın gördüyü yeddibaşlı vəhşi heyvanı Danielin gördüyü onbuynuzlu vəhşi heyvanla müqayisə etməliyika. (Daniel 7:7, 8, 23, 24 ayələrini oxu.) Danielin gördüyü vəhşi heyvan Romanı təmsil edir. (12 və 13-cü səhifələrdəki cədvələ baxın.) Bizim eranın beşinci əsrində Roma imperiyası parçalanmağa başladı. Qorxunc vəhşi heyvanın on buynuzu həmin bu imperiyadan əmələ gələn padşahlıqlardır.
4, 5. a) Kiçik buynuz nə etdi? b) Vəhşi heyvanın yeddinci başı hansı imperiyanı təmsil edir?
4 Yırtıcı vəhşi heyvanın dörd buynuzu, yəni dörd padşahlıq xüsusi şəkildə vurğulanıb. Onlardan üçü digər «kiçik bir buynuz» tərəfindən götürülür. Bu peyğəmbərlik Roma imperiyasında uzaq bir əyalət olan Britaniya güclənməyə başlayanda yerinə yetdi. 17-ci əsrədək Britaniya o dərəcədə böyük əhəmiyyətə malik deyildi. Keçmiş Roma imperiyasının tərkibindəki digər ərazilər — İspaniya, Niderland və Fransa daha nüfuzlu idilər. Britaniya bu dövlətlərlə mübarizə apararaq bir-bir onları nüfuzdan saldı. 18-ci əsrin ortalarında Britaniya dünya səhnəsində ən güclü dövlətə çevrilməyə doğru irəliləyirdi. Ancaq hələ də o, vəhşi heyvanın yeddinci başı deyildi.
5 Britaniya dominant dövlətə çevrilsə də, onun Şimali Amerikadakı müstəmləkələri müstəqillik əldə etdi. Bununla belə, Britaniya Birləşmiş Ştatları dənizdən müdafiə edərək ona qüvvətlənməyə icazə verdi. 1914-cü ildə Ağamızın günü başlayanda Britaniya tarixdə ən böyük imperiya yaratmışdı, Birləşmiş Ştatlar isə yer üzündə ən böyük sənaye ölkəsi idib. Birinci Dünya müharibəsi ərəfəsində Birləşmiş Ştatlar Britaniya ilə xüsusi əməkdaşlığa başladı. Buna görə də onlar İngiltərə-Amerika dünya imperiyasına çevrildi. Bu imperiya vəhşi heyvanın yeddinci başı oldu. O, qadının övladı ilə necə davranırdı?
6. Vəhşi heyvanın yeddinci başı Allahın xalqı ilə necə rəftar edirdi?
6 Ağanın günü başlayandan qısa vaxt sonra yeddinci baş Allahın xalqına — Məsihin hələ ki yer üzündə yaşayan qardaşlarına hücum etməyə başladı (Mat. 25:40). İsa göstərdi ki, onun iştirakı zamanı övladın yer üzündə olan üzvləri onun tapşırığını fəal şəkildə icra edəcəklər (Mat. 24:45—47; Qalat. 3:26—29). İngiltərə-Amerika dünya imperiyası bu müqəddəslərlə müharibə edirdi (Vəhy 13:3, 7). Birinci Dünya müharibəsi zamanı bu imperiya Allahın xalqına zülm edirdi, onların bəzi nəşrlərinə qadağa qoyurdu və hətta sadiq nökər sinfinin təmsilçilərini həbs etmişdi. Bununla vəhşi heyvanın yeddinci başı qısa müddətə də olsa, təbliğ işini dayandırmağa müvəffəq olmuşdu. Yehova hadisələrin bu cür cərəyan edəcəyini Yəhyaya açıqlamışdı. Allah həmçinin Yəhyaya demişdi ki, övladın ikinci dərəcəli hissəsi daha böyük ruhani fəaliyyət üçün dirçəldiləcək (Vəhy 11:3, 7—11). Yehovanın xidmətçilərinin müasir tarixi bu hadisələrin baş verdiyini təsdiqləyir.
İNGİLTƏRƏ-AMERİKA DÜNYA İMPERİYASI VƏ DƏMİRLƏ GİLİN QARIŞIĞI OLAN AYAQLAR
7. Vəhşi heyvanın yeddinci başı ilə böyük heykəl arasında hansı əlaqə var?
7 Vəhşi heyvanın yeddinci başı ilə böyük heykəl arasında hansı əlaqə var? Britaniya və demək olar ki, Birləşmiş Ştatlar Roma imperiyasından əmələ gəlib. Bəs heykəlin ayaqları barədə nə demək olar? Görüntüdə onların dəmirlə gilin qarışığı olduğu deyilir. (Daniel 2:41—43 ayələrini oxu.) Bu təsvir yeddinci baş olan İngiltərə-Amerika dünya imperiyasının peyda olacağı vaxtla üst-üstə düşür. Gillə qarışığı olan dəmir xalis dəmirdən daha kövrək olduğu kimi, İngiltərə-Amerika dünya imperiyası peyda olduğu imperiya ilə müqayisədə daha zəifdir. Nəyin əsasında belə demək olar?
8, 9. a) Yeddinci dünya imperiyası dəmirəbənzər gücünü necə təzahür etdirirdi? b) Ayaqlardakı gil nəyi təmsil edir?
8 Bəzən vəhşi heyvanın yeddinci başı dəmirə xas olan keyfiyyətlər göstərirdi. Məsələn, Birinci Dünya müharibəsindən qalib çıxaraq o, öz gücünü nümayiş etdirdi. İkinci Dünya müharibəsi zamanında da onun dəmir kimi möhkəm olması özünü büruzə verdic. Bu müharibədən sonra da yeddinci baş dəmir kimi möhkəm cəhətlərini hələ də təzahür etdirirdi. Lakin lap başlanğıcdan dəmir gillə qarışmışdı.
9 Uzun müddətdir ki, Yehovanın xidmətçiləri heykəlin ayaqlarının simvolik mənasını anlamağa çalışırdılar. Daniel 2:41 ayəsində dəmirlə gilin qarışığı olan ayaqlar çoxlu sayda padşahlıqları yox, bir padşahlığı təmsil etdiyi göstərilir. Deməli, gil İngiltərə-Amerika dünya imperiyasının təsiri hüdudlarında olan ünsürləri — xalis dəmirlə təmsil olunan Roma imperiyası ilə müqayisədə onu daha zəif göstərən ünsürləri təmsil edir. Gil «insan nəsilləri», yəni adi insanlardır (Dan. 2:43). İngiltərədə və Amerikada həmkarlar ittifaqları, eləcə də vətəndaş hüquqları və azadlıq uğrunda hərəkatlar vasitəsilə adi insanların öz hüquqlarının müdafiəsinə durmaları bu imperiyanın dəmirəbənzər güclə fəaliyyət göstərmək bacarığını zəiflədib. Bundan əlavə, siyasətçilər arasında fikir ayrılığı mövcuddur. Bir neçə faiz səs çoxluğu ilə seçkilərdə qalib gələn tanınmış siyasətçilərin belə verdikləri vədi həyata keçirmək üçün kifayət qədər səlahiyyətləri çatmır. Danielin peyğəmbərlik etmişdi: «Bu padşahlığın... bir hissəsi möhkəm, bir hissəsi kövrək olacaq» (Dan. 2:42; 2 Tim. 3:1—3).
10, 11. a) Dəmir heykəlin «ayaqlarının» aqibəti necə olacaq? b) Biz ayaq barmaqlarının sayı ilə əlaqədar hansı nəticəyə gəlirik?
10 İyirmi birinci əsrdə də Britaniya və Birləşmiş Ştatlar xüsusi əməkdaşlıqlarını davam etdirirlər. Onlar dünya miqyaslı mühüm məsələlərdə çox vaxt birgə fəaliyyət göstərirlər. Böyük heykəl və vəhşi heyvan haqqındakı peyğəmbərliklərdə İngiltərə-Amerika dünya imperiyasının gələcəkdə başqa bir imperiya ilə əvəz olunacağı deyilmir. Bu axırıncı dünya imperiyası dəmir baldırların təmsil etdiyi Roma imperiyası ilə müqayisədə daha zəif olsa da, öz-özünə məhv olmayacaq.
11 Bəs heykəlin ayaq barmaqlarının sayı hansısa xüsusi mənanı kəsb edirmi? Daniel digər görüntülərində konkret rəqəmləri vurğulayır, məsələn, müxtəlif vəhşi heyvanların başlarındakı buynuzların sayını qeyd edir. Bu rəqəmlər mühüm əhəmiyyət kəsb edir. Lakin heykəli təsvir edərkən Daniel ayaq barmaqlarının sayını vurğulamır. Deməli, heykəlin qollarının, əllərinin, əl barmaqlarının, ayaqlarının və pəncələrinin sayı əhəmiyyət kəsb etmədiyi kimi, ayaq barmaqlarının da sayı heç bir əhəmiyyət kəsb etmir. Ancaq ayaqların dəmir və gil qarışığından ibarət olduğunu Daniel xüsusi şəkildə qeyd edir. Bundan belə bir nəticəyə gəlirik ki, Allahın Padşahlığını təmsil edən daş heykəlin ayaqlarından zərbə vuranda İngiltərə-Amerika dünya imperiyası dünyada hökmranlıq edən yeganə imperiya olacaq (Dan. 2:45).
İNGİLTƏRƏ-AMERİKA VƏ İKİBUYNUZLU VƏHŞİ HEYVAN
12, 13. İkibuynuzlu vəhşi heyvan nəyi təmsil edir və o, nə edir?
12 İngiltərə-Amerika dünya imperiyasının dəmir və gil qarışığı olmasına baxmayaraq, İsanın Yəhyaya verdiyi görüntülər göstərir ki, son günlərdə də bu imperiya dünya səhnəsində əsas rol oynamağa davam edəcək. Necə? Yəhya görüntüdə əjdaha kimi danışan ikibuynuzlu vəhşi heyvanı gördü. Bu əcaib heyvan nəyi təmsil edir? Onun iki buynuzu var, deməli, bu, ikili imperiyadır. Yəhya yenə də İngiltərə-Amerika imperiyasını görür, ancaq bu dəfə xüsusi rolda. (Vəhy 13:11—15 ayələrini oxu.)
13 Həmin vəhşi heyvan insanları yeddibaşlı vəhşi heyvanın surətini düzəltməyə təşviq edir. Yəhya yazır ki, vəhşi heyvanın surəti peyda olacaq, yoxa çıxacaq, daha sonra isə yenidən meydana gələcək. Bütün bu deyilənlər Böyük Britaniyanın və Birləşmiş Ştatların təşəbbüsü ilə ərsəyə gələn və dünya dövlətlərini birləşdirib onları təmsil etmək məqsədi ilə yaradılan təşkilatın üzərində yerinə yetibd. Sözügedən bu təşkilat Birinci Dünya müharibəsindən sonra peyda olan Millətlər Cəmiyyətidir. İkinci Dünya müharibəsi ərəfəsində Millətlər Cəmiyyəti yoxa çıxdı. Müharibə gedən zaman Allahın xalqı bəyan edirdi ki, «Vəhy» kitabındakı peyğəmbərliyə əsasən, yeddibaşlı vəhşi heyvanın surəti yenidən peyda olacaq. Birləşmiş Millətlər Təşkilatı yarananda bu sözlər həyata keçdi (Vəhy 17:8).
14. Hansı mənada yeddibaşlı vəhşi heyvanın surəti «səkkizinci» padşah adlandırılır?
14 Yəhya yeddibaşlı vəhşi heyvanın surətini «səkkizinci» padşah adlandırır. Hansı mənada? Bu vəhşi heyvan ilk vəhşi heyvanın səkkizinci başı adlandırılmır. O, sadəcə həmin vəhşi heyvanın surətidir. Onun malik olduğu səlahiyyət bu təşkilata üzv olan dövlətlərdən, xüsusilə də ona ən çox dəstək olan İngiltərə-Amerika dünya imperiyasından gəlir (Vəhy 17:10, 11). Ona xüsusi tapşırığı yerinə yetirmək — tarixin gedişatını dəyişəcək hadisəyə təkan vermək üçün padşah səlahiyyəti veriləcək.
VƏHŞİ HEYVANIN SURƏTİ FAHİŞƏNİ UDUR
15, 16. Fahişə nəyi təmsil edir və onu dəstəkləyənlərlə nə baş verir?
15 Yəhyanın görüntüsünə əsasən, yeddibaşlı vəhşi heyvanın surəti olan al-qırmızı vəhşi heyvanın üzərində onu idarə edən fahişə oturub. Bu fahişənin adı «Böyük Babil»dir (Vəhy 17:1—6). Bu fahişə tam əsaslı olaraq, aralarında ən nüfuzlu yer tutan Xristian aləminin kilsələri də daxil olmaqla, bütün yalan dini təmsil edir. Dini təşkilatlar vəhşi heyvanın surətinə xeyir-dua verir və ona təsir göstərməyə çalışır.
16 Lakin Böyük Babilin üzərində oturduğu sular — onu dəstəkləyən xalqlar — Ağanın günü zamanı nəzərəçarpacaq dərəcədə quruyur (Vəhy 16:12; 17:15). Məsələn, vəhşi heyvanın surəti ilk dəfə peyda olanda Böyük Babilin mötəbər hissəsi olan Xristian kilsələri Qərb dünyasında dominantlıq edirdi. Bu gün kilsələr və din xadimləri insanların hörmətini və dəstəyini itiriblər. Çoxları dünyadakı münaqişələrin kökündə dinin durduğunu hesab edir. Qərb dünyasının mütəfəkkirlərinin dinin cəmiyyətə təsir göstərməsinə son qoymaq çağırışları getdikcə güclənir.
17. Yalan dinlə nə baş verəcək və nəyə görə?
17 Lakin yalan din öz-özünə yoxa çıxmayacaq. Fahişə təsiredici qüvvə olaraq qalacaq və Allah hakimiyyətdə olanların ürəyinə Öz niyyətini yerinə yetirmək fikrini qoyana qədər o, padşahları öz iradəsinə tabe etdirmək cəhdlərindən əl çəkməyəcək. (Vəhy 17:16, 17 ayələrini oxu.) Tezliklə Yehova Birləşmiş Millətlər Təşkilatı ilə təmsil olunan Şeytanın sisteminin siyasi qüvvələrini yalan dinə hücum etməyə təşviq edəcək. Onlar onun hökmranlığına son qoyub, var-dövlətini talan edəcəklər. İyirmi-otuz il əvvəl hadisələrin bu cür cərəyan edəcəyini ağla gətirmək belə qeyri-mümkün idi. Bu gün fahişə al-qırmızı vəhşi heyvanın belində yellənir. Lakin o, heyvanın belindən ehmalca düşməyəcək. Onun yıxılması qəflətən və dəhşətli olacaq (Vəhy 18:7, 8, 15—19).
VƏHŞİ HEYVANLARIN SONU
18. a) Vəhşi heyvan nə edəcək və bunun sonu nə olacaq? b) Daniel 2:44 ayəsinə əsasən, Allahın Padşahlığı hansı padşahlıqları məhv edəcək? (17-ci səhifədəki çərçivəyə baxın.)
18 Yalan dinin məhvindən sonra vəhşi heyvan, yəni Şeytanın yer üzündəki siyasi quruluşu Allahın Padşahlığına hücum etməyə təşviq olunacaq. Lakin göylər əlçatmaz olduğu üçün bu padşahlar öz qəzəbini yerdə yaşayan və Allahın Padşahlığını dəstəkləyənlərin üzərinə tökmək istəyəcəklər. Son qaçılmazdır (Vəhy 16:13—16; 17:12—14). Daniel axırıncı döyüşün bir məqamını açıqlayır. (Daniel 2:44 ayəsini oxu.) Vəhy 13:1 ayəsindəki vəhşi heyvan, onun surəti və ikibuynuzlu vəhşi heyvan məhv ediləcək.
19. Biz nəyə əmin ola bilərik və indi nəyin vaxtıdır?
19 Biz yeddinci başın hökmranlıq etdiyi günlərdə yaşayırıq. Bu vəhşi heyvan məhv olmamışdan əvvəl başqa bir baş peyda olmayacaq. Yalan dinin kökü kəsiləndə dünyanı idarə edən imperiya İngiltərə-Amerika olacaq. Danielin və Yəhyanın peyğəmbərlikləri ən xırda təfsilatlarınadək yerinə yetdi. Biz əmin ola bilərik ki, yalan dinin məhvi və Har-Magedon müharibəsi yaxındır. Allah bu təfsilatları bizə qabaqcadan açıqlayıb. Bəs biz bu peyğəmbərliklərə və xəbərdarlıqlara diqqət yetirəcəyik, yoxsa onları qulaqardına vuracağıq? (2 Pet. 1:19). İndi Yehovanın tərəfini tutmağın və Onun Padşahlığını dəstəkləməyin əsil vaxtıdır! (Vəhy 14:6, 7).
[Haşiyələr]
a Müqəddəs Kitabda on rəqəmi çox vaxt tamlığı bildirir. Ona görə də bu görüntüdə on buynuz Roma imperiyasından yaranan bütün padşahlıqları təmsil edir.
b İkili dünya imperiyasının əlamətlərinin 18-ci əsrdən mövcud olmasına baxmayaraq, Yəhya qeyd etmişdi ki, bu imperiya Ağanın gününün başlanğıcında peyda olacaqdı. Çünki «Vəhy» kitabındakı görüntülər Ağanın günündə yerinə yetir (Vəhy 1:10). Birinci Dünya müharibəsindən sonra yeddinci baş birləşmiş dünya imperiyası kimi fəaliyyətinə başladı.
c Daniel bu padşahın «heyrətləndirici [dəhşətli] dağıntılar [törədəcəyini]» yazmaqla onun həmin müharibə zamanı böyük dağıntılar törədəcəyini peyğəmbərlik etmişdi (Dan. 8:24). Misal üçün, Birləşmiş Ştatlar ikili dünya imperiyasının düşməni olan ölkənin üzərinə iki atom bombası atanda tarixdə misli görünməmiş dəhşətli dağıntılar törətdi.
d «Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» kitabının 240, 241 və 253-cü səhifələrinə (rus.) baxın.
[17–ci səhifədəki çərçivə]
«BÜTÜN ƏVVƏLKİ PADŞAHLIQLAR» HANSILARDIR?
Daniel 2:44 ayəsindəki peyğəmbərlikdə qeyd olunur ki, Allahın Padşahlığı «bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq». Bu peyğəmbərlik yalnız heykəlin müxtəlif hissələri ilə təmsil olunan padşahlıqlara aiddir.
Bəs yerdə qalan digər insan hökumətləri barədə nə demək olar? «Vəhy» kitabındakı paralel peyğəmbərliyə nəzər salanda qarşımızda daha geniş mənzərə açılır. Orada qeyd olunur ki, yer üzünün bütün padşahları Qadir Allahın böyük günündə Ona qarşı toplanacaq (Vəhy 16:14; 19:19—21). Beləliklə, Har-Magedonda yalnız heykəlin müxtəlif hissələri ilə təmsil olunan padşahlıqlar yox, bütün insan hökumətləri məhv ediləcək.