«Tam sevinc içində yaşayacaqsınız»
«Rəbb üçün... bu bayramı keçirin... və siz tam sevinc içində yaşayacaqsınız» (QANUNUN TƏKRARI 16:15).
1. a) Şeytan hansı iki mübahisəli məsələni qaldırdı? b) Adəmlə Həvvanın üsyanından dərhal sonra Yehova hansı peyğəmbərliyi söylədi?
ŞEYTAN Adəmlə Həvvanı Yaradana qarşı üsyana təhrik edəndə, iki vacib mübahisəli məsələni qaldırdı. Birincisi, o, Yehovanın düzgünlüyünü və hökmranlığının ədalətliliyini şübhə altına aldı. İkincisi, Şeytan eyham vurdu ki, guya insanlar Allaha öz xeyirləri üçün xidmət edirlər, ancaq bu məsələyə dair fikrini Əyyubun günlərində açıq-aydın söylədi (Yaradılış 3:1-6; Əyyub 1:9, 10; 2:4, 5). Yehova vəziyyəti başlı-başına buraxmadı, O, dərhal hərəkətə keçdi. Adəmlə Eden bağında ikən, Yehova məsələni necə həll edəcəyini bildirdi. O, ‘zürriyyətin’ (KM) gələcəyini, dabanından sancılandan sonra Şeytanın başından vuracağını xəbər verdi (Yaradılış 3:15).
2. Yaradılış 3:15 ayəsində yazılan peyğəmbərliyi yerinə yetirəcəyinə Yehova necə aydınlıq gətirirdi?
2 Vaxt keçdikcə, Yehova bu peyğəmbərliyə aydınlıq gətirirdi, bununla da onun mütləq yerinə yetəcəyini göstərirdi. Məsələn, Allah İbrahimə ‘zürriyyətin’ onun nəslindən olacağını söylədi (Yaradılış 22:15-18). İbrahimin nəvəsi Yaqubdan İsrailin 12 qəbiləsi törədi. B. e. ə. 1513-cü ildə bu qəbilələr xalq kimi təşkil olunanda Yehova onlara illik bayramların da daxil olduğu qanunlar külliyyatı verdi. Həvari Pavel həmin bayramların ‘gələcək şeylərin kölgəsi’ olduğunu yazırdı (Koloslulara 2:16, 17; İbranilərə 10:1). Onlar Yehovanın Zürriyyətlə bağlı məqsədinin yerinə yetməsinə dair təsəvvür yaradırdı. İsraillilər bu bayramları böyük sevinclə qeyd edirdilər. Qısaca olaraq onları nəzərdən keçirməklə, Yehovanın və’dlərinə e’tibarımız artacaq.
Zürriyyət peyda olur
3. Və’d edilmiş Zürriyyət kim oldu və o, dabanından necə sancıldı?
3 Yehovanın dediyi ilk peyğəmbərlikdən 4000 ildən çox vaxt keçəndən sonra və’d olunmuş Zürriyyət peyda oldu. Bu Zürriyyət İsa idi (Qalatiyalılara 3:16). Kamil insan olan İsa ölənədək nöqsansızlığını qorumaqla Şeytanın ittihamlarının yalan olduğunu sübuta yetirdi. Bundan başqa, İsa günahsız olduğundan, onun ölümü böyük dəyərə malik idi. Bunun sayəsində Adəmlə Həvvanın sadiq övladlarının günah və ölümdən azad olmaq imkanları yarandı. İsanın işgəncə dirəyində ölümü ilə Zürriyyətin ‘dabanından sancılması’ haqqında peyğəmbərlik yerinə yetdi (İbranilərə 9:11-14).
4. İsanın qurbanına nə işarə edirdi?
4 İsa eramızın 33-cü ili 14 nisanda öldüa. İsraildə nisanın 14-ü Pasxanın qeyd edildiyi sevincli gün idi. Hər il keçirilən bu bayramda israillilər qüsursuz quzu kəsir və onu bişirib yeyirdilər. Bu onlara b. e. ə. 1513-cü il nisanın 14-də ölüm mələyi misirlilərin ilk oğullarını tələf edəndə israillilərin ilk oğullarının xilasında quzunun qanının oynadığı rolu xatırladırdı (Çıxış 12:1-14). Pasxa quzusu İsaya işarə idi, bu haqda həvari Pavel demişdir: «Pasxa quzumuz olan Məsih, bizim üçün qurban verilmişdir» (1 Korinflilərə 5:7). Pasxa quzusunun qanı kimi, İsanın tökülən qanı da bir çoxlarına xilas gətirir (Yəhya 3:16, 36).
‘Vəfat edənlərin ilki’
5, 6. a) İsa nə zaman dirildi və Qanunda buna necə işarə edilirdi? b) İsanın dirilməsi Yaradılış 3:15 ayəsinin yerinə yetməsində hansı rolu oynayır?
5 Ölümünün üçüncü günündə İsa qurbanlığının dəyərini Atasına təqdim etmək üçün həyata qaytarıldı (İbranilərə 9:24). Onun dirilməsinə başqa bayram zamanı keçirilən mərasim işarə edirdi. 14 nisanın səhərisi günü Mayasız Çörək bayramı başlayırdı. Növbəti gün, nisanın 16-sı, ilk məhsul olan arpanın ilk dərzini kahinin yanına gətirirdilər ki, onu Yehovanın hüzurunda yellətsin (Levililər 23:6-14). Necə də münasibdir ki, Yehovanın «sadiq və həqiqi Şahid»ini əbədiyyən susdurmaq üçün Şeytanın göstərdiyi cəhdlər b. e. 33-cü ilinin məhz həmin günü boşa çıxdı! Eramızın 33-cü ili nisanın 16-da Yehova İsanı ölməz ruhani varlıq kimi diriltdi (Vəhy 3:14; 1 Peter 3:18).
6 ‘Məsih vəfat edənlərin ilk nümunəsi oldu’ (1 Korinflilərə 15:20). İsa ondan qabaq dirilənlərdən fərqli olaraq bir daha ölmədi. O, göylərə qalxaraq Yehovanın sağında oturdu və Yehovanın səmavi Padşahlığında padşah kimi taxta oturacağı vaxtı gözlədi (Məzmur 110:1; Həvarilərin işləri 2:32, 33; İbranilərə 10:12, 13). Artıq padşahlıq edən İsa Şeytanın başından birdəfəlik vurmağa və onun zürriyyətini məhv etməyə qadirdir (Vəhy 11:15, 18; 20:1-3, 10).
İbrahimin Zürriyyətinin digər üzvləri
7. Həftələr bayramının məğzi nə idi?
7 Eden bağında və’d olunan Zürriyyət İsa idi. Yehova onun vasitəsilə ‘iblisin əməllərini puç edəcəkdi’ (1 Yəhya 3:8). Ancaq Yehova İbrahimə göstərdi ki, Zürriyyət yalnız bir nəfərdən ibarət olmayacaq. Onun sayı «göydəki ulduzlar və dəniz kənarındakı qum qədər» olacaqdı (Yaradılış 22:17). Zürriyyətin digər üzvlərinin olacağına başqa bir sevincli bayram işarə edirdi. 16 nisandan əlli gün sonra israillilər Həftələr bayramını qeyd edirdilər. Bu haqda qanunda deyilirdi: «Yeddinci şənbə günün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin. Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi, narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin»b (Levililər 23:16, 17, 20).
8. Eramızın 33-cü ilinin Pentikost günündə hansı möhtəşəm hadisə baş verdi?
8 İsa yer üzündə olanda Həftələr bayramı Pentikost günü kimi tanınırdı (yunanca «əllinci» sözündən götürülüb). Eramızın 33-cü ilinin Pentikost günündə daha böyük Baş Kahin olan dirildilmiş İsa Məsih Yerusəlimdə yığışan 120 şagirdin üzərinə müqəddəs ruh tökdü. Beləliklə, həmin şagirdlər Allahın məsh olunmuş oğulları və İsa Məsihin qardaşları oldular (Romalılara 8:15-17). Onlardan yeni xalq, «Allahın İsraili» təşkil olundu (Qalatiyalılara 6:16). Əvvəlcə sayca az olan xalqın üzvlərinin sayı axırda 144 000 nəfərə çatacaqdı (Vəhy 7:1-4).
9, 10. Pentikost bayramında məsh olunmuşların yığıncağına necə işarə olunurdu?
9 Pentikost bayramında yellədilərək Yehovaya təqdim edilən iki mayalı çörək məsh olunmuşların yığıncağına işarə edirdi. Çörəklərin mayalı xəmirdən bişirilməsi məsh olunmuşların günahlı olduqlarını göstərirdi. Lakin onlar İsanın fidiyə qurbanlığı sayəsində Yehovaya yaxınlaşa biləcəkdilər (Romalılara 5:1, 2). Bəs nə üçün çörəklərin sayı iki idi? Ola bilsin, bunun səbəbi məsh olunmuş məsihçilərin iki qrupdan — əvvəlcə yəhudilərdən, sonra isə digər xalqlardan seçiləcəyi idi (Qalatiyalılara 3:26-29; Efeslilərə 2:13-18).
10 Pentikost günündə təqdim olunan iki çörək ilk buğda məhsulundan bişirilirdi. Müvafiq tərzdə ruhdan doğulan məsihçilər «Onun məxluqlarının... ilk məhsulu» adlanırlar (Yaqub 1:18). Onlar İsanın tökülən qanı sayəsində günahları bağışlanan ilk kəslərdir. Bunun sayəsində onlar göydə ölməzlik alıb, İsa ilə birlikdə onun Padşahlığında hakimiyyət sürəcəklər (1 Korinflilərə 15:53; Filipililərə 3:20, 21; Vəhy 20:6). Yaxın gələcəkdə onlar «dəmir çomaqla... [xalqları] güdəcək» və ‘Allahın şeytanı onların ayaqları altında əzdiyini’ görəcəklər (Vəhy 2:26, 27; Romalılara 16:20). Həvari Yəhya yazırdı: «Bunlar Quzu hara gedərsə, ardınca gedənlərdir. Bunlar Allaha və Quzuya aid olacaqların ilki olmaq üçün insanlar arasından satın alındılar» (Vəhy 14:4).
Qurtuluşa işarə edən gün
11, 12. a) Kəffarə günündə nə edilirdi? b) İsraillilər buğa və təkə qurbanından hansı faydanı əldə edirdilər?
11 Sonralar tişric adlanan etanim ayının onuncu günü İsraildə İsanın fidiyə qurbanlığının necə tətbiq ediləcəyini göstərən bayram qeyd olunurdu. Həmin günü, yə’ni Kəffarə günü xalq bir yerə toplaşırdı. Onların günahlarının bağışlanması üçün qurbanlar gətirilirdi (Levililər 16:29, 30).
12 Kəffarə günü baş kahin buğa kəsir, qanından götürüb Ən Müqəddəs yerdə sandığın qapağı qarşısına yeddi dəfə çiləyirdi. Bununla da o, qanı simvolik mə’nada Yehovaya təqdim edirdi. O bunu özünün, ‘ailəsinin’, kahinlərin və levililərin günahları üçün edirdi. Sonra baş kahin iki təkə götürüb, birini «xalq üçün» günah qurbanı olaraq kəsirdi. Onun da qanından bir az Ən Müqəddəs yerdə duran sandığın qapağı qarşısına çiləyirdi. Bundan sonra baş kahin əllərini ikinci təkənin başına qoyub İsrail övladlarının bütün günahlarını e’tiraf edirdi. Sonra xalqın günahlarını simvolik mə’nada aparması üçün təkəni səhraya buraxırdı (Levililər 16:3-16, 21, 22).
13. Kəffarə günündə baş verənlər İsanın rolunu necə işarə edirdi?
13 Kəffarə günündə baş verənlərin təmsil etdiyi kimi, böyük Baş Kahin İsa öz qanının dəyəri vasitəsilə günahları bağışlayır. Onun qanının dəyərinin ilk növbədə 144 000 məsh olunmuşdan ibarət ‘ruhani evə’ tətbiq edilməsi sayəsində onlar saleh e’lan olunur və Yehovanın qarşısında təmiz ad qazanırlar (1 Peter 2:5; 1 Korinflilərə 6:11). Bu, buğa qurbanı ilə təmsil olunurdu. Beləliklə onların qarşısında səmavi mirası almaq imkanı açılır. Məsihin qanının dəyərindən fayda əldə edən ikinci qrup insan ona iman gətirən milyonlarla başqa insanlardır. Bu isə təkə qurbanı ilə təmsil olunurdu. Onlar yer üzündə, Adəmlə Həvvanın itirdiyi əbədi həyatı alacaqlar (Məzmur 37:10, 11). Təkə israillilərin günahlarını səhraya apardığı kimi, İsa da tökülən qanı vasitəsilə bəşəriyyətin günahlarını ondan uzaqlaşdırır (Yeşaya 53:4, 5).
Yehovanın qarşısında sevinin
14, 15. Çardaqlar bayramı necə keçirilirdi və bu israillilərə nəyi xatırladırdı?
14 Kəffarə günündən sonra israillilər ilin ən sevincli bayramı olan Çardaqlar bayramını qeyd edirdilər (Levililər 23:34-43). Bayram etanim ayının 15-dən 21-dək davam edir, ayın 22-ci günü müqəddəs toplantı ilə sona çatırdı. Məhsul yığımının sona çatması münasibətilə keçirilən bu bayramda israillilər Allaha bütün xeyirxahlığına görə minnətdarlıqlarını bildirirdilər. Bu səbəbdən Yehova xalqına demişdi: «Allahınız Rəbb bütün məhsullarınıza, əllərinizin hər işinə xeyir-dua verib və siz tam sevinc içində yaşayacaqsınız» (Qanunun təkrarı 16:15). Həmin günlər necə də sevincli idi!
15 Bayramın keçirildiyi yeddi gün ərzində israillilər çardaqlarda yaşayırdılar. Bu onlara bir vaxtlar səhrada çardaqlarda yaşadıqlarını xatırladır və Yehovanın ata kimi göstərdiyi qayğı üzərində düşünməyə kifayət qədər vaxt verirdi (Qanunun təkrarı 8:15, 16). Bundan başqa həm varlılar, həm də kasıblar eyni cür çardaqlarda yaşadıqları üçün bayram zamanı onların hamısı bərabər idi (Nehemya 8:14-16).
16. Çardaqlar bayramı nəyi təmsil edirdi?
16 Məhsul yığımının qeyd edildiyi Çardaqlar bayramı İsa Məsihə iman edənlərin yığılmasını təmsil edirdi. Bu sevincli hadisə eramızın 33-cü ilinin Pentikost günündə başladı. Həmin gün İsanın 120 şagirdi ruhla məsh edilərək ‘müqəddəs kahinlər tayfasının’ üzvü oldular. İsraillilər çardaqlarda sadəcə bir neçə gün yaşadıqları kimi, məsh edilmişlər də bu dünyada «müsafir» (KM) olduqlarını bilirlər. Onlar göylərdə yaşamaq ümidinə malikdirlər (1 Peter 2:5, 11). 144 000-in son üzvlərinin yığılması bu ‘axır günlərdə’ sona çatmaq üzrədir (2 Timoteyə 3:1).
17, 18. a) İsanın qurbanlığının məsh olunmuşlarla bərabər başqalarına da fayda gətirdiyini nə göstərir? b) Bu gün kimlər simvolik Çardaqlar bayramından faydalanır və bu sevinc dolu bayram nə zaman ən yüksək zirvəsinə çatacaqdır?
17 Bayram zamanı 70 buğanın qurban gətirilməsi də diqqətəlayiqdir (Saylar 29:12-34). 70 ədədi 7 dəfə 10-a bərabərdir. Bu ədədlər Müqəddəs Kitabda göy və yerlə bağlı kamilliyi bildirir. Beləliklə, İsanın qurbanı Nuhdan törəmiş 70 ailənin hamısından olan sadiq insanlara fayda gətirəcək (Yaradılış 10:1-29). Buna müvafiq olaraq bizim günlərdə də bütün xalqlardan İsaya iman edən və yerdə yaşamaq ümidinə malik olan insanlar yığılır.
18 Həvari Yəhya görüntüdə bizim günlərdəki yığımı görmüşdü. Əvvəlcə o, mələyin 144 000 nəfərin son üzvlərinin möhürlənməsini bəyan etdiyini eşitdi. Sonra o, ‘kimsənin saymağa qadir olmadığı böyük bir izdihamın’ «əllərində palma budağı» Yehova və İsanın qarşısında durduğunu gördü. Onlar ‘böyük məşəqqətdən çıxıb’ yeni dünyaya keçirlər. Bu izdiham da pis köhnə dünyada müsafirdir və ‘Quzunun onlara çoban olacağı və həyat sularının qaynaqlarına aparacağı’ vaxtı inamla gözləyirlər. O zaman «Allah onların gözlərindən hər yaşı siləcəkdir» (Vəhy 7:1-10, 14-17). Məsihin Minillik Hökmranlığının sonunda böyük izdiham sadiq dirilənlərlə birlikdə əbədi həyatı alanda simvolik Çardaqlar bayramı özünün ən yüksək zirvəsinə çatacaq (Vəhy 20:5).
19. İsraildə qeyd olunan bayramları araşdırmaqla hansı faydanı əldə edirik?
19 Qədim yəhudi bayramları üzərində düşünməklə biz də sevinc tapa bilərik. Yehovanın Eden bağında dediyi peyğəmbərliyin yerinə yetməsi ilə bağlı surətləri araşdırıb, onun addımbaaddım həyata keçməsini görəndə laqeyd qala bilmirik. Bu gün biz artıq Zürriyyətin peyda olduğunu, dabanından sancıldığını bilirik. İndi o, göylərdə Padşahlıq edir. Bundan başqa 144 000 nəfərin çoxu ölənədək sadiqliyi qorumuşdur. Daha nələr həyata keçməlidir? Peyğəmbərlik nə zaman tamamilə yerinə yetəcək? Bu sual növbəti məqalədə müzakirə ediləcək.
[Haşiyələr]
a Nisan müasir təqvimin mart/aprel aylarına düşür.
b Həmin mərasimdə kahin maya ilə bişirilmiş iki çörəyi əlinə götürüb yuxarı qaldırır və o tərəf bu tərəfə yellədirdi. Bu hərəkət, qurbanı Yehovaya təqdim etməyin rəmzi idi. (Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının II cildinin 528-ci səhifəsinə baxın, ing.).
c Etanim və ya tişri müasir təqvimin sentyabr/oktyabr aylarına düşür.
Necə izah edərdiniz?
• Pasxa quzusu nəyi təmsil edirdi?
• Pentikost bayramı kimlərin yığılacağına işarə edirdi?
• Kəffarə günü İsanın fidiyə qurbanlığının tətbiqini necə təmsil edirdi?
• Çardaqlar bayramı məsihçilərin yığılmasına necə işarə edirdi?
[24 və 25-ci səhifələrdəki cədvəl]
(Cədvələ nəşrin özündə baxın)
Tədbir: Təmsil etdiyi hadisə:
Pasxa 14 nisan Pasxa quzusunun Jesus sacrificed
qurban gətirilməsi İsa həyatını
qurban verdi
Mayasız 15 nisan Şənbə günü
Çörək
bayramı 16 nisan İsa dirildi
(15-21 nisan)
↑
50 gün
↓
Həftələr İki çörək İsa məsh olunmuş
bayramı 6 sivan təqdimi qardaşlarını
(Pentikost günü) Yehovaya
təqdim etdi
Kəffarə 10 tişri Bir buğa İsa qanının
günü və iki təkə dəyərini bütün
təqdimi bəşəriyyət
üçün təqdim etdi
Çardaqlar 15-21 tişri İsraillilər böyük Məsh
(Yığım, Çadır) sevinclə çardaqlarda olunmuşların və
bayramı yaşayır və məhsul ‘böyük izdihamın’
yığımını qeyd yığılması
edirdilər, 70 buğa
qurban gətirilirdi
[23-cü səhifədəki şəkillər]
Pasxa quzusunun qanı kimi, İsanın tökülən qanı da çoxlarına xilas gətirir.
[24-cü səhifədəki şəkillər]
Nisanın 16-da təqdim olunan ilk arpa dərzi İsanın dirilməsini təmsil edirdi.
[25-ci səhifədəki şəkillər]
Pentikost günündə təqdim olunan iki çörək məsh olunmuşların yığıncağını təmsil edirdi.
[26-cı səhifədəki şəkillər]
Çardaqlar bayramı məsh olunmuşların və bütün xalqlardan olan ‘böyük izdihamın’ yığılmasına işarə edirdi.