Təkamül nəzəriyyəsi Müqəddəs Kitaba uyğundurmu?
ALLAHIN təkamüldən istifadə edərək heyvandan insan yaratması mümkündürmü? Doğrudanmı bakteriyalardan balıqlar, balıqlardan sürünənlər və məməlilər və nəhayətdə meymunlardan insanlar əmələ gəlib? Bəzi elm və din xadimləri həm təkamül nəzəriyyəsinə, həm də Müqəddəs Kitaba inandıqlarını iddia edirlər. Onlar deyirlər ki, Müqəddəs Yazıların «Yaradılış» kitabı simvolik dildə yazılıb. Ola bilsin, sizi belə bir sual maraqlandırıb: «İnsanın heyvandan əmələ gəlməsi nəzəriyyəsinin Müqəddəs Kitabla uyğunluğu varmı?»
Necə yarandığımızı bilmək kim olduğumuzu, hara getdiyimizi və necə yaşamalı olduğumuzu dərk etmək üçün son dərəcə vacibdir. Yalnız insanın yaradılışı haqqında bilik əldə etməklə Allahın əzablara nə üçün yol verdiyini və Onun bəşəriyyətin gələcəyinə dair niyyətinin nədən ibarət olduğunu başa düşə bilərik. Allahın bizim Yaradanımız olduğuna əmin olmasaq, Onunla yaxşı münasibət qura bilmərik. Beləliklə, əvvəlcə gəlin görək Müqəddəs Kitab insanların yaradılışı, indiki vəziyyəti və gələcəyi barədə nə deyir. Sonra isə təkamül nəzəriyyəsinin Müqəddəs Kitabla uyğunluğunun olub-olmadığını araşdıracağıq.
Yer üzündə tək bir adam olanda
Təkamülçülər bir qayda olaraq nə zamansa, yer üzündə tək bir insanın olduğunu rədd edərək, heyvanların populyasiyasının tədricən insanlara çevrildiyini iddia edirlər. Halbuki Müqəddəs Kitab bunu tamamilə başqa cür izah edir. Orada deyilir ki, biz hamımız Adəmin törəmələriyik. Müqəddəs Kitab Adəmi tarixi bir şəxsiyyət kimi təqdim edir, onun arvadının və uşaqlarından bəzilərinin adlarını çəkir. Allahın Kəlamında onun nə etdiyi, nə dediyi, nə zaman yaşadığı və öldüyü təfərrüatı ilə təsvir olunur. İsa bütün bunlara sadəcə savadsız insanlar üçün olan hekayə kimi baxmırdı. Təhsilli din xadimləri ilə danışanda, o dedi: «Oxumamısınızmı ki, Yaradan başlanğıcdan “onları kişi və qadın yaratdı?”» (Matta 19:3-5). Sonra İsa Yaradılış 2:24 ayəsində Adəm və Həvva haqqında yazılanları sitat gətirdi.
Müqəddəs Kitabı yazanlardan biri olan tarixçi Luka Adəmin İsa kimi real bir şəxs olduğunu göstərir. Lukanın kitabında İsanın nəsil şəcərəsi ilk insan Adəmə qədər gedib çıxır (Luka 3:23-38). Həvari Pavel də, məşhur yunan məktəblərində təhsil almış filosofların da daxil olduğu, dinləyicilərinin qarşısında çıxış edəndə demişdi: «Dünyanı və onun içində olan bütün şeyləri yaradan Allah [...] bütün xalqlardan olan insanları bir qandan yaratdı ki, bütün yer üzündə yaşasınlar» (Həvarilərin işləri 17:24-26). Müqəddəs Kitab bizim «bir qandan», yəni bir insandan törəndiyimizi öyrədir. Müqəddəs Kitabın insanın başlanğıcdakı vəziyyəti haqqında dediklərinin təkamül nəzəriyyəsi ilə uyğunluğu varmı?
İnsan kamilliyi itirir
Müqəddəs Kitaba əsasən, Yehova ilk insanı kamil yaratdı. Allahın nəyisə qeyri-kamil yaratması mümkün deyil. Müqəddəs Kitabda insanın yaradılışı haqqında deyilir: «Allah insanı Öz surətində yaratdı [...] Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır» (Yaradılış 1:27, 31). Kamil insan olmaq nə deməkdir?
Kamil insan iradə azadlığına malikdir və Allahın keyfiyyətlərini tam surətdə əks etdirməyə qadirdir. Müqəddəs Kitab deyir: «Allah insanları kamil yaratdı, onlar isə qarışıq fikirlərə düşdü» (Vaiz 7:29). Adəm bilərəkdən Allaha qarşı üsyan etdi. Üsyan qaldırmaqla o, kamilliyini itirdi və gələcək nəslini də bundan məhrum etdi. Kamilliyin itirilməsi, nə üçün çox vaxt, hətta düzgün olanı etmək istəyəndə belə, ümidlərimizi doğrultmadığımızı başa düşməyə kömək edir. Həvari Pavel yazmışdı: «İstədiyim şeyi etmirəm, ancaq nifrət etdiyim işi görürəm» (Romalılara 7:15).
Müqəddəs Kitaba əsasən, kamil insanın sağlamlığı mükəmməl olmalı, özü isə əbədi yaşamalı idi. Allahın Adəmə dediyindən aydın olur ki, əgər ilk insan Allahın sözünə qulaq assaydı, heç zaman ölməyəcəkdi (Yaradılış 2:16, 17; 3:22, 23). Əgər insan xəstələnməyə və ya üsyana meylli olsaydı, Yehova yaratdığı insan barəsində «çox yaxşıdır» deməzdi. Kamilliyin itirilməsi, heyrətamiz şəkildə yaradılmış insan orqanizminin qüsurlu olmağa və xəstələnməyə meylli olmasının səbəbini izah edir. Bu səbəbdən təkamül nəzəriyyəsi Müqəddəs Kitaba uyğun deyil. Təkamül nəzəriyyəsi müasir insanı inkişaf etmiş heyvan kimi, Müqəddəs Kitab isə kamil insanın cırlaşmış nəsli kimi təqdim edir.
Allahın insanı təkamül vasitəsilə yaratması fikri Müqəddəs Kitabda Allahın şəxsiyyəti haqqında deyilənlərə də uyğun gəlmir. Əgər Allah təkamül prosesindən istifadə edibsə, deməli, bəşəriyyəti indiki ağrılı və acınacaqlı vəziyyətə O gətirib çıxardıb. Amma Müqəddəs Kitabda Allah haqqında deyilir: «O, işləri kamil Qayadır, çünki bütün yolları haqdır, sadiq Allahdır, heç zaman haqsızlıq etməz, adil və doğru olan Odur. Ona xəyanət etdilər, Ona övlad olmadılar, ona görə rüsvay oldular» (Qanunun təkrarı 32:4, 5). Beləliklə, bəşəriyyətin indiki əzab-əziyyəti Allahın təkamüldən istifadə etməsinin nəticəsi deyil. Bu, bir insanın Allaha qarşı üsyan edərək özünü və gələcək nəslini kamillikdən məhrum etməsinin nəticəsidir. Adəmi nəzərdən keçirdikdən sonra, indi gəlin İsaya nəzər salaq. Təkamül nəzəriyyəsinin Müqəddəs Kitabda İsa haqqında deyilənlərlə uyğunluğu varmı?
Həm təkamülə, həm də Müqəddəs Kitaba inanmaq olarmı?
«Məsih... bizim günahlarımız üçün öldü». Yəqin bilirsiniz ki, bu, Müqəddəs Kitabın əsas təlimlərindən biridir (1 Korinflilərə 15:3; 1 Peter 3:18). Təkamülün bu fikirlə uyğunsuzluğunu görmək üçün, ilk öncə nə üçün Müqəddəs Kitabın bizi günahlı adlandırmasını və günahın nəticəsinin nə olduğunu başa düşmək lazımdır.
Biz o mənada günahlıyıq ki, Allahın məhəbbət və ədalət kimi gözəl keyfiyyətlərini mükəmməl surətdə əks etdirə bilmirik. Buna görə də Müqəddəs Kitab deyir: «Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır» (Romalılara 3:23). Müqəddəs Kitab öyrədir ki, ölümün səbəbi günahdır. 1 Korinflilərə 15:56 ayəsində deyilir: «Ölümün neştəri isə günahdır». Miras aldığımız günah həm də xəstəliklərin əsas səbəbidir. İsa, xəstəliklə günahlı olmağın arasında bağlılıq olduğunu göstərdi. O, iflic olmuş adama «günahların bağışlandı» dedi və həmin adam sağaldı (Matta 9:2-7).
İsanın ölümü bizə necə kömək edir? Müqəddəs Kitab Adəmlə İsa Məsihin fərqini göstərərək deyir: «Necə ki, Adəmdə hamı ölür, Məsihdə də hamı həyata qovuşur» (1 Korinflilərə 15:22). Həyatını qurban verməklə, İsa Adəmdən miras aldığımız günahın dəyərini ödəyir. Beləliklə, İsaya iman gətirib, ona itaətkar olanlar Adəmin itirdiyi əbədi həyata nail olacaqlar (Yəhya 3:16; Romalılara 6:23).
Təkamül nəzəriyyəsinin Müqəddəs Kitabla uyğunlaşmadığını görürsünüzmü? Əgər ‘Adəmdə hamının öldüyünə’ şübhə ediriksə, ‘Məsihdə hamının həyata qovuşacağına’ necə ümid edə bilərik?
Təkamül nəzəriyyəsi insanları nə üçün cəlb edir?
Müqəddəs Kitab bu kimi təlimlərin nə üçün geniş yayıldığını açıqlayır: «Vaxt olacaqdır ki, səhih təlimə təhəmmül etməyəcəklər; lakin səsləri qulaqlarına xoş gələn və arzularına uyğun olan müəllimləri ətraflarına toplayacaqlar. Və öz qulaqlarını həqiqətdən uzaqlaşdırıb, əfsanələrə meyl göstərəcəklər» (2 Timoteyə 4:3, 4). Təkamül nəzəriyyəsi adətən elmi dildə təqdim edilsə də, əslində dini təlimdir. Bu, insanın həyata və Allaha baxışını formalaşdırır. Onun təlimləri xudbin, sərbəstliyə can atan bəşəriyyət üçün cəlbedicidir. Təkamülü qəbul edənlərin çoxları Allaha inandıqlarını da deyirlər. Ancaq onlar fikirləşirlər ki, Allah heç nə yaratmayıb, insanların işlərinə qarışmır və bəşəriyyəti mühakimə etməyəcək. Bu təlimlər insanların qulaqlarına xoş gəlir.
Təkamül tərəfdarları üçün çox vaxt hərəkətverici qüvvə faktlar deyil, öz ‘arzuları’ — ola bilsin, elm adamları tərəfindən qəbul olunmaq istəyi olur, çünki elm adamlarının əksəriyyəti təkamül nəzəriyyəsinə inanır. Həyatının çox hissəsini canlı hüceyrələrin mürəkkəb daxili funksiyalarını araşdırmağa həsr edən biokimya alimi Maykl Bihi deyir ki, hüceyrə quruluşunun təkamülünü öyrədənlərin öz iddialarını sübut etmək üçün heç bir əsasları yoxdur. Bu qədər kiçik, molekulyar səviyyədə təkamül prosesləri baş verə bilərdimi? O yazırdı: «Molekulyar təkamülün heç bir elmi əsası yoxdur. Heç bir elmi ədəbiyyatda — nə nüfuzlu və ixtisaslaşdırılmış jurnallarda, nə də kitablarda — real, mürəkkəb biokimyəvi sistemin molekulyar təkamülünün necə baş verdiyi və ya baş verə biləcəyi təsvir olunmayıb. [...] Darvinin molekulyar təkamülünü müdafiə etmək sadəcə olaraq boşboğazlıqdır».
Əgər təkamülçülərin heç bir sübutu yoxdursa, o zaman nə üçün onlar öz fikirlərini əminliklə müdafiə edirlər? Bihi izah edir: «Əksər insanlar, o cümlədən bir çox nüfuzlu və hörmətli alimlər, sadəcə olaraq fövqəltəbii qüvvənin varlığına inanmaq istəmirlər».
Təkamül təlimi ziyalı görünmək istəyən bir çox keşişləri də cəlb edir. Onlar həvari Pavelin Romadakı məsihçilərə məktubunda təsvir etdiyi adamlara bənzəyirlər. Pavel yazırdı: «Allah haqqında məlum olan şeylər onlara zahirdir... Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür. Buna görə də üzürsüzdürlər. Çünki Allahdan xəbərdar olduqları halda, Ona Allah kimi izzət vermədilər və Ona şükür etmədilər. Lakin düşüncələrində batil oldular; və onların anlayışsız ürəklərinə qaranlıq çökdü. Özlərini müdrik adlandırdılar, lakin ağılsız oldular» (Romalılara 1:19-22). Yalançı müəllimlərin yalan təlimlərindən özünüzü necə qoruya bilərsiniz?
Yaradanın mövcudluğuna əsaslı iman
Müqəddəs Kitab imanın nə demək olduğunu izah edəndə, sübutların vacibliyini vurğulayır. Orada deyilir: «İman ümid edilən şeylərə əsaslı etimad, görünməz olsa belə, mövcud olan şeylərin aydın təzahürüdür» (İbranilərə 11:1, YD). Allaha həqiqi iman Yaradanın mövcud olduğunu göstərən sübutlara əsaslanmalıdır. Müqəddəs Kitab həmin sübutları haradan tapa biləcəyimizi göstərir.
Müqəddəs Kitabı yazanlardan biri olan Davud Allahdan ilham alaraq deyirdi: «Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm» (Məzmur 139:14). Öz bədənimizin və başqa canlı varlıqların heyrətamiz quruluşu üzərində düşünəndə ürəyimiz Yaradanın müdrikliyinə qarşı ehtiramla dolur. Bədənimizin yaşamağımız üçün birgə fəaliyyət göstərən minlərlə sisteminin hər bir hissəsi mükəmməl qurulub. Həmçinin Kainatda da riyazi dəqiqlik və nizam-intizam mövcuddur. Davud yazırdı: «Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini elan edir» (Məzmur 19:1).
Müqəddəs Kitabın özü də Yaradanın mövcudluğu haqqında sübutlarla doludur. Ora daxil olan 66 kitabın ahəndarlığını, onun əxlaq normalarının üstünlüyünü və peyğəmbərliklərinin yerinə yetməsini araşdırsanız, müəllifinin Yaradan olduğu haqqında çoxlu sübutlar əldə edəcəksiniz. Həmçinin Müqəddəs Kitab təlimlərini başa düşəndə onun doğrudan da Yaradanın Kəlamı olduğuna əmin olacaqsınız. Məsələn, Müqəddəs Kitabın iztirabların səbəbi, Allahın Padşahlığı, bəşəriyyətin gələcəyi və xoşbəxtliyi necə tapa biləcəyimiz haqqında dediklərini öyrənəndə, Allahın müdrikliyinin aydın təzahürünü görəcəksiniz. Siz də «Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir!» sözlərini yazan Pavel kimi eyni hissləri keçirəcəksiniz (Romalılara 11:33).
Sübutları araşdırdıqca imanınız artacaq və siz əmin olacaqsınız ki, Müqəddəs Kitabı oxuyanda Yaradanın Özünə qulaq asırsınız. Allah deyir: «Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım. Mənim əllərim göyləri yaydı, əmrimlə səma cisimləri quruldu» (Yeşaya 45:12). Sizi inandırırıq ki, Yehovanın hər şeyin Yaradanı olduğuna əmin olmaq üçün göstərdiyiniz səylərə görə heç vaxt peşman olmayacaqsınız.
[14-cü səhifədəki çərçivə]
Həvari Pavel təhsilli yunanlara demişdi: «O, [Allah] bütün xalqlardan olan insanları bir qandan yaratdı»
[15-ci səhifədəki şəkillər/çərçivə]
Təkamül nəzəriyyəsi müasir insanı inkişaf etmiş heyvan kimi, Müqəddəs Kitab isə kamil insanın cırlaşmış nəsli kimi təqdim edir
[16-cı səhifədəki çərçivə]
«Molekulyar təkamülün heç bir elmi əsası yoxdur»
[17-ci səhifədəki şəkillər/çərçivə]
Canlı varlıqların heyrətamiz quruluşu bizdə Yaradanın müdrikliyinə ehtiram doğurur