Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wt fəs. 7 s. 60—69
  • Allahın pisliyə yol verməsindən nə öyrənirik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın pisliyə yol verməsindən nə öyrənirik
  • Vahid həqiqi Allaha ibadət edin
  • Başlıqlar
  • Oxşar material
  • Böyük adı naminə
  • ‘Ey Allahın hikmətinin dərinliyi!’
  • Sədaqətimizi göstərmək imkanı
  • Əzabların bizə faydası var
    Gözətçi qülləsi 2007
  • Allah iztirablara nə üçün yol verir?
    Əbədi həyata aparan bilik
  • Yehova səbirli Allahdır
    Gözətçi qülləsi 2002
  • Həqiqi Allah kimdir?
    Əbədi həyata aparan bilik
Əlavə
Vahid həqiqi Allaha ibadət edin
wt fəs. 7 s. 60—69

Fəsil 7

Allahın pisliyə yol verməsindən nə öyrənirik

1, 2. a) Yehova Edendəki üsyankarları dərhal məhv etsəydi bizim taleyimiz necə olardı? b) Yehova bizdən ötrü məhəbbətlə hansı tədbiri görüb?

QƏBİLƏ başçısı Yaqub belə demişdi: «Ömrüm az və ağır oldu» (Yaradılış 47:9). Əyyub da buna oxşar fikir söyləmişdi: «İnsanın ömrü azdır, həyatı sıxıntı ilə doludur» (Əyyub 14:1). Bizlərdən də çoxumuz çətinliklər, haqsızlıq və hətta faciəli hallarla üzləşmişik. Lakin dünyaya gəlişimizi Allah tərəfindən haqsızlıq adlandırmaq olmaz. Doğrudur, bizim bədənimiz və zehnimiz kamil deyil, həm də Adəmlə Həvvanın yaşadığı kimi Cənnətdə yaşamırıq. Bəs ilk insanlar qiyam qaldıran kimi Yehova onları məhv etsəydi nə olardı? O zaman xəstəlik, kədər və ölüm olmazdı, ancaq insan nəsli də olmayacaqdı. Biz heç vaxt dünyaya gəlməzdik. Allah Öz mərhəmətindən irəli gələrək, Adəmlə Həvvanın dünyaya övlad gətirməsinə icazə verdi, hərçənd bu uşaqlar qeyri-kamil doğulurdular. Bununla yanaşı, Yehova tədbir gördü ki, Adəmin itirdiyini, yəni yerdəki Cənnətdə əbədi həyatı Məsih vasitəsilə bizə qaytarsın (Yəhya 10:10; Romalılara 5:12).

2 Cənnət şəraitli yeni dünyada xəstəlik, kədər, ağrı, ölüm, həmçinin pis adamlar olmayacaq. Orada əbədi yaşamaq ümidi bizə necə də ürək-dirək verir! (Süleymanın məsəlləri 2:21, 22; Vəhy 21:4, 5). Müqəddəs Kitab təlimlərinə əsasən, xilasımız bizə və Yehovaya çox vacib olsa da, öndə bundan daha mühüm bir məsələnin həlli durur.

Böyük adı naminə

3. Yehovanın yer üzü və bəşəriyyətlə bağlı niyyətinin icrası nə ilə birbaşa əlaqədardır?

3 Allahın adı Onun yer üzü və bəşəriyyətlə bağlı niyyətinin icrası ilə birbaşa əlaqədardır. Yehova adı «olmasına səbəb Olan» mənasını daşıyır və öz sahibini Kainatın Hökmdarı, böyük niyyətlər və həqiqət Allahı kimi xarakterizə edir. Yehova belə yüksək mövqe tutduğu üçün Kainatda sülh və əmin-amanlıq naminə hamı Ona itaət etməli və Onun adına, həmçinin bu adla bağlı hər şeyə dərin ehtiram bəsləməlidir.

4. Yehovanın yerlə əlaqədar niyyəti nədən ibarət idi?

4 Yehova Adəmlə Həvvanı yaratdıqdan sonra onlara tapşırıq verdi. Allah açıq-aydın bildirdi ki, onlar Cənnətin sərhədlərini genişləndirib yer üzünə sahib olmalıdırlar. Lakin Onun niyyəti bununla bitmirdi. Bütün yer üzünü insan nəsli bürüməli idi (Yaradılış 1:28). Bəs günah Allahın niyyətinin həyata keçməsinə mane ola bilərdimi? Küll-İxtiyar Yehova yer üzü və bəşəriyyətlə bağlı niyyətini həyata keçirə bilməsəydi, Onun uca adı necə də rüsvay olardı!

5. a) İlk insanlar xeyirlə şəri bilmə ağacının meyvəsindən yedikləri təqdirdə nə vaxt ölməli idilər? b) Yehova yerlə əlaqədar niyyətini dəyişmədən, Yaradılış 2:17 ayəsindəki sözlərini necə yerinə yetirdi?

5 Yehova Adəmlə Həvvanı xəbərdar etdi ki, əgər onlar itaətsizlik göstərib xeyirlə şəri bilmə ağacının meyvəsindən yesələr, həmin «gün» öləcəklər (Yaradılış 2:17). Yehova sözünün üstündə duraraq günah işlətdikləri gün onları məsuliyyətə çağırdı və ölümə məhkum etdi. Allahın gözündə Adəmlə Həvva məhz həmin gün öldülər. Ancaq yerlə bağlı niyyətini həyata keçirmək üçün Yehova icazə verdi ki, fiziki cəhətdən ölməmişdən qabaq onların övladları olsun. Allah üçün min il bir gün kimi ola bilər. Belə götürsək, Adəm 930 il ömür sürüb həmin «gün» öldü (2 Peter 3:8; Yaradılış 5:3-5). Beləliklə cəzanın nə vaxt icra olunması ilə əlaqədar Yehovanın sözləri düz çıxdı. Eyni zamanda, insanların ölümü Allahın niyyətinə maneçilik törədə bilmədi və qeyri-kamil insanlara, pislər də daxil olmaq şərtilə, bir müddət yaşamağa icazə verildi.

6, 7. a) Çıxış 9:15, 16 ayələrinə əsasən, Yehova pislərin bir müddət mövcud olmasına nə üçün izin verir? b) Yehova firona Öz gücünü necə göstərdi və Onun adı necə məşhurlaşdı? c) Bu pis sistemin aqibəti necə olacaq?

6 Musanın günlərində Yehovanın Misir hökmdarına dediyi sözlər, Allahın pislərin mövcud olmasına nə üçün izin verdiyinin səbəbini anlamağa kömək edir. Firon israilliləri Misirdən buraxmaq istəməyəndə Yehova onu dərhal öldürmədi. O, gücünü heyrətamiz şəkildə nümayiş etdirərək Misir torpağına on bəla göndərdi. Yehova fironu yeddinci bəladan xəbərdar edəndə dedi ki, onu və xalqını bir göz qırpımında məhv edə bilərdi. Sonra əlavə etdi: «Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya elan edilsin» (Çıxış 9:15, 16).

7 Yehova israilliləri azad etdikdən sonra Onun adı çox məşhurlaşdı (Yeşua 2:1, 9-11). Üstündən 3500 il keçməsinə baxmayaraq, o əzəmətli hadisə bu günədək unudulmayıb. O vaxt yalnız Yehova adı deyil, həm də bu adın Sahibi haqqında həqiqət elan edildi. Məlum oldu ki, Yehova bütün vədlərini yerinə yetirən və Öz xidmətçilərini müdafiə edən Allahdır (Yeşua 23:14). Bu həm də sübut etdi ki, Küll-İxtiyar olduğu üçün niyyətlərini həyata keçirməkdə Ona heç nə mane ola bilməz (Yeşaya 14:24, 27). Bu səbəbdən əmin ola bilərik ki, O tezliklə Öz sadiq xidmətçilərinin müdafiəsinə qalxacaq və Şeytanın natəmiz sistemini büsbütün məhv edəcək. Yehovanın əzəmətli gücünün belə təzahürü və adına gətirəcəyi izzət heç vaxt yaddan çıxmayacaq. Bu, Allahın bütün sadiq xidmətçilərinə əbədi fayda gətirəcək (Yezekel 38:23; Vəhy 19:1, 2).

‘Ey Allahın hikmətinin dərinliyi!’

8. Pavel bizi nəyin üzərində düşünməyə səsləyir?

8 Romalılara yazdığı məktubunda həvari Pavel belə bir sual qaldırır: «Məgər Allahın yanında haqsızlıqmı var?» Özü də qətiyyətlə cavab verir: «Əsla!» Sonra o, Allahın mərhəmətini vurğulayır və Yehovanın fironu nə üçün dərhal məhv etmədiyini açıqlayan sözlərini təkrar edir. Pavel həm də deyir ki, biz, adamlar dulusçunun əlindəki gilə bənzəyirik. O davam edir: «Əgər Allah, qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək, həlak üçün hazırlanmış, qəzəbinə uğrayacaq qablara çox səbirlə təhəmmül etdisə, və əvvəlcədən izzət üçün hazırladığı, mərhəmət tapan qablara izzətinin zənginliyini bildirmək üçün belə etdisə, nə olar? Yalnız yəhudilərdən deyil, digər xalqlardan da dəvət etdiyi o qablar bizik» (Romalılara 9:14-24).

9. a) ‘Həlak üçün hazırlanmış, qəzəbə uğrayacaq qablar’ kimləri təmsil edir? b) Yehova nəyə görə düşmənlərinə qarşı çox böyük səbir nümayiş etdirir və hadisələr axırda Onu sevənlərin xeyrinə necə qurtaracaq?

9 Edendəki üsyandan bu yana Yehovaya və Onun qanunlarına zidd gedənlər ‘həlak üçün hazırlanmış, qəzəbə uğrayacaq qablar’ olurlar. Bütün bu vaxt ərzində Yehova çox böyük səbir təzahür etdirmişdir. Pis adamlar Allahın göstərdiyi yollara rişxənd etmiş, Onun xidmətçilərini təqib etmiş və hətta Oğlunu öldürmüşlər. Yehova misilsiz təmkinlik nümayiş etdirərək kifayət qədər vaxt ayırdı ki, bütün şüurlu varlıqlar Allaha qarşı edilmiş üsyanın və Ondan müstəqil insan hakimiyyətinin faciəli nəticələrini görsünlər. Həmçinin O tədbir gördü ki, İsanın ölümü itaətkar adamların xilasına yol açsın və «iblisin əməllərini puç etsin» (1 Yəhya 3:8; İbranilərə 2:14, 15).

10. Yehova son 1 900 il ərzində pislərə nə üçün dözür?

10 İsanın dirilməsindən 1 900 ildən artıq vaxt keçmişdir, amma Yehova ‘qəzəbə uğrayacaq qablara’ hələ də dözür və onları məhv etmir. Nəyə görə? Birincisi O, İsa Məsihin səmavi Padşahlıqdakı hakimiyyət şəriklərini — səmavi sinfi hazırlayır. Onların sayı cəmi 144 000 nəfərdir və onlar həvari Pavelin dediyi ‘mərhəmət tapan qablardır’. Bu səmavi sinfin ilk nümayəndələri yəhudilər olmuşdur. Sonradan Allah digər xalqlardan da insanları onların sırasına dəvət etmişdi. Yehova heç kəsi Onun xidmətçisi olmağa məcbur etməyib. O sevgi dolu tədbirlərinə görə minnətdar olanların bir qisminə Öz Oğlu ilə səmavi Padşahlıqda hakimiyyət sürmək imkanını bəxş edib. Bu səmavi sinif demək olar ki, artıq hazırdır (Luka 22:29; Vəhy 14:1-4).

11. a) Allahın böyük səbri indi kimin xeyrinədir? b) Ölüləri nə gözləyir?

11 Bəs yerdə kimsə yaşayacaqmı? Yehova Allahın böyük səbri sayəsində bu gün bütün millətlərdən böyük izdiham yığılır. Hal-hazırda bu adamların sayı artıq bir neçə milyondur. Allah vəd edib ki, yerdə yaşamağa ümid edənlər bu sistemdən sağ çıxacaq və yerüzü Cənnətdə əbədi yaşayacaqlar (Vəhy 7:9, 10; Məzmur 37:29; Yəhya 10:16). Allahın təyin etdiyi vaxtda, ölmüş saysız-hesabsız adamlar diriləcək və onlara da səmavi Padşahlığın yerdəki təbəələri olmaq imkanı veriləcək. Allahın Kəlamında oxuyuruq: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15; Yəhya 5:28, 29).

12. a) Pisliyin mövcudluğuna müvəqqəti yol verməsindən Yehova haqqında nə öyrənirik? b) Yehovanın mübahisəli məsələni belə yolla həll etməsi haqqında nə düşünürsən?

12 Səncə, bütün bunlarda bir haqsızlıq varmı? Xeyr, çünki ‘qəzəbə uğrayacaq qabları’, başqa sözlə pisləri məhv etməyə tələsməməklə, Yehova başqalarına şəfqət göstərir və niyyətini həyata keçirir. Bütün bunlar Yehovanın nə qədər mərhəmətli və sevən Allah olduğunu göstərir. Həmçinin Allahın niyyətinin tədricən necə yerinə yetdiyini gördükcə Onun Özü haqda daha çox öyrənirik. Biz Yehovanın şəxsiyyətinin müxtəlif tərəflərinə — ədalətinə, mərhəmətinə, böyük səbrinə, çoxşaxəli hikmətinə heyran qalırıq. Yehovanın Kainatda hökmranlıqla bağlı mübahisəli məsələnin, yəni Özünün hökmranlıq etmək hüququ məsələsinin həllinə böyük hikmətlə yanaşması Onun idarə tərzindən yaxşısının olmadığına əbədiyyət boyu şəhadət edəcək. Biz həvari Pavelin sözlərinə şərikik: «Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir!» (Romalılara 11:33).

Sədaqətimizi göstərmək imkanı

13. Çətinliklər bizim üçün hansı fürsət yaradır və müdrik davranmağa bizə nə kömək edir?

13 Allahın xidmətçilərindən çoxları müxtəlif əziyyətlərə qatlaşmalı olurlar. Əzab-əziyyət indiyədək davam edir, çünki Allah pisləri məhv edərək bəşəriyyəti əvvəlcədən vəd etdiyi kamilliyə hələ çatdırmayıb. Bəs biz buna görə sərtləşəcəyik? Yoxsa belə vəziyyətə İblisin yalançı olduğunu sübut etmək fürsəti kimi baxacağıq? Əgər «oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana [“mənə istehza edənə”, YD] cavab verə bilərəm» çağırışını daima yadımızda saxlasaq, İblisi ifşa etməkdə qətiyyətli olacağıq (Süleymanın məsəlləri 27:11). Yehova Allaha istehza edən Şeytan iddia edirdi ki, insanın varı-yoxu əlindən çıxsa və ya özü əzablara düçar olsa, Allahı günahlandıracaq və hətta Onu lənətləyəcək (Əyyub 1:9-11; 2:4, 5). Çətinliklərə düşəndə Yehovaya sadiq qalmaqla, biz Onun ürəyini sevindirir və sübut edirik ki, Şeytanın bizə qarşı ittihamları yalandır.

14. Sınaqlar zamanı Yehovaya güvənəndə bizi hansı xeyir-dualar gözləyir?

14 Sınaqlar zamanı Yehova Allaha güvənəndə özümüzə qiymətli keyfiyyətlər aşılaya bilərik. Məsələn, İsa Məsih də payına düşmüş sınaqlar vasitəsilə yeni bir yolla «itaətli olmağı öyrəndi». Sınaqlar bizə də çox səbirli, dözümlü, Yehovanın saleh yolları üçün minnətdar olmağı öyrədə bilər (İbranilərə 5:8-10; 12:11; Yaqub 1:2-4).

15. Çətinliklərə səbirlə dözməyimiz başqalarına hansı faydanı gətirə bilər?

15 Davranışımız başqalarının gözündən yayınmayacaq. Onlar salehliyi sevdiyimizə görə çəkdiyimiz əziyyətləri gördükdə, çox güman ki, bir neçə vaxtdan sonra bu gün kimlərin həqiqi məsihçi olduğunu dərk edəcəklər. Bizimlə bir ibadətdə birləşməklə onlar da əbədi həyatın gətirəcəyi xeyir-duaları ala bilərlər (Matta 25:34-36, 40, 46). Yehova Allah və Onun Oğlu istəmirlər ki, insanlar belə imkanı əldən buraxsınlar.

16. Çətinliklərə münasibət və birlik arasında hansı əlaqə var?

16 Çətinliklərə, Yehovaya sədaqətimizi sübut etmək və Onun iradəsinin həyata keçməsində iştirak etmək imkanı kimi yanaşmağımız çox təqdirəlayiqdir! Bununla biz Allahla və İsa Məsihlə birliyə can atdığımızı göstəririk. İsa bütün həqiqi davamçılarından ötrü Allaha dua edirdi: «Yalnız onlar üçün [yaxın şagirdləri üçün] deyil, onların sözü ilə mənə iman edəcək olanlar üçün də xahiş edirəm ki, hamısı bir olsun; necə ki, ey Ata, Sən məndəsən və mən də Səndəyəm, onlar da bizdə olsunlar ki, məni Sən göndərdiyinə dünya iman etsin» (Yəhya 17:20, 21).

17. Yehova Allaha sadiq qalırıqsa nəyə əmin ola bilərik?

17 Əgər biz Yehova Allaha sadiq qalırıqsa, O bizə bolluca xeyir-dua verəcək. Allahın Kəlamında deyilir: «Möhkəm, sarsılmaz olun, hər zaman Rəbbin işində tərəqqi edin və bilin ki, Rəbbin yolunda çəkdiyiniz əmək əbəs deyildir» (1 Korinflilərə 15:58). Orada həmçinin yazılıb: «Allah haqsız deyildir ki, sizin işinizi... Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun» (İbranilərə 6:10). Yaqub 5:11 ayəsində deyilir: «Budur, biz təhəmmül edənləri bəxtiyar hesab edirik: Əyyubun təhəmmülü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz; çünki Rəbb çox şəfqətli və mərhəmətlidir». Əyyubun aqibəti necə olmuşdu? «Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi» (Əyyub 42:10-16). Bəli, Yehova ‘Onu axtaranlara mükafat verən’ Allahdır (İbranilərə 11:6). Gör bizi qarşıda necə gözəl mükafat gözləyir — yer üzü Cənnətdə əbədi həyat!

18. Acı xatirələr necə olacaq?

18 Allahın Padşahlığı ötən minilliklər ərzində bəşəriyyətə dəymiş bütün ziyanı yox edəcək. Bu Padşahlığın dövründə insanların hədsiz-hüdudsuz sevinci indi çəkdiyimiz bütün əzab-əziyyətlərin ağrısını heç edəcək. Keçmiş iztirabların acı xatirəsi bizi bir daha təqib etməyəcək. Yeni dünyada həyatımızı hər gün dolduracaq sağlam fikirlər və əməllər onları yavaş-yavaş yaddaşımızdan siləcək. Yehova Allah bəyan edir: «Mən yeni göylər [bəşəriyyəti idarə edəcək yeni səmavi Padşahlıq və ya hakimiyyət] və yeni yer [saleh insan cəmiyyəti] yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək. Yaratdığıma əbədilik sevinin, şadlanın». Bəli, Yehovanın yeni dünyasında salehlər deyəcək: «Bütün dünya sakitlik və rahatlıq içində sevincdən coşur» (Yeşaya 14:7; 65:17, 18).

Təkrar üçün suallar

• Pisliyin mövcudluğuna yol verməsinə baxmayaraq, Yehova Öz adına necə ehtiram göstərdi?

• ‘Qəzəbə uğrayacaq qablara’ səbir etməsi ilə Yehova bizə necə mərhəmət göstərir?

• Payımıza düşən çətinliklərə necə yanaşmalıyıq?

[67-ci səhifədəki şəkillər]

Yehova «Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş