İnsanlar nə üçün ölür?
«Zirvələrin başında
Sükut sürür hökmünü,
Ağaclar da sakit, lal
Dərin bir sükut alıb
Meşələrin üstünü.
Susubdu meşələrdə quşların nəğməsi də,
Dayan səbr elə bir an, sən də rahat olarsan» (YOHAN VOLFQANQ FON HÖTE, ALMAN ŞAİRİ).
1, 2. a) İnsanlar hansı istəklə yaradılıblar? b) Adəmlə Həvva hansı şəraitdə yaşayırdılar?
ALLAH insanları əbədi yaşamağa güclü istəklə yaradıb. Müqəddəs Kitabda deyilir ki, O, ‘əbədiyyəti insanların ürəyinə qoyub’ (Vaiz 3:11). Lakin Allah insanlara sadəcə əbədi yaşamaq istəyi vermədi. O, həmçinin bu istəyi reallaşdırmaq üçün imkan da yaratdı.
2 Ulu valideynlərimiz Adəm və Həvva həm əqli, həm də fiziki cəhətdən qüsursuz, yəni kamil yaradılmışdılar (Qanunun təkrarı 32:4). Xroniki xəstəliklərin, ağrının, qorxunun və narahatçılığın olmadığı bir dünyanı təsəvvür edin! Bundan əlavə, Allah onları füsunkar Cənnət bağında yerləşdirdi. Allahın niyyəti o idi ki, insan əbədi yaşasın və tədricən bütün yer üzündə onun kamil övladları sakin olsun (Yaradılış 1:31; 2:15). Bəs onda biz nəyə görə ölürük?
İtaətsizlik ölümlə nəticələndi
3. Adəmlə Həvvanın əbədi həyatı nədən asılı idi?
3 Allah Adəmə əmr etdi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:16, 17). Deməli, əbədi həyat Adəmlə Həvvaya bir şərtlə verilmişdi: onlar Allaha tabe olmalı idilər.
4. Nəyə görə Adəm və Həvva günah işlədən zaman Cənnətdə əbədi yaşamaq ümidlərini itirdilər?
4 Çox təəssüf ki, Adəm və Həvva Allahın qanununu pozdular (Yaradılış 3:1—6). Belə etməklə, onlar günahkar oldular, çünki ‘günah qanunsuzluqdur’ (1 Yəhya 3:4). Nəticədə, Adəm və Həvva əbədi yaşamaq ümidini itirdilər. Nəyə görə? Çünki ‘günahın əvəzi ölümdür’ (Romalılara 6:23). Buna görə də Adəmlə Həvvaya hökm kəsərkən Allah bu sözləri dedi: «Yerin torpağısan, torpağa da qayıdacaqsan». Həmin vaxt ulu valideynlərimiz cənnətdən qovuldular. Günah işlətdikləri gündən etibarən Adəmlə Həvva tədricən ölümə doğru getməyə başladılar. Artıq onlar üçün geriyə yol yox idi (Yaradılış 3:19, 23, 24).
«Ölüm bütün insanlara keçdi»
5. Ölüm bütün insanlara necə keçdi?
5 Günah Adəmlə Həvvanın genlərində dərin iz buraxdı. Yararsız qəlibdən lazımi məhsul alınmadığı kimi, onlar da dünyaya kamil nəsil gətirə bilməzdilər (Əyyub 14:4). Həqiqətən də, dünyaya gələn hər bir insan ulu valideynlərimizin mükəmməl sağlamlığı və əbədi həyatı həm özləri, həm də nəsilləri üçün itirdiklərinə sübutdur. Həvari Pavel yazırdı: «Buna görə, necə ki, günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir». (Romalılara 5:12; Məzmur 51:5 ayəsi ilə müqayisə edin.)
6. İnsanlar nə üçün ölür?
6 Bu gün alimlər insanın nəyə görə qocalıb öldüyünü bilmirlər. Ancaq Müqəddəs Kitab izah edir ki, biz ulu valideynlərimizdən günahı miras aldığımız və günahlı doğulduğumuz üçün ölürük. Bəs insan öləndə onunla nə baş verir?