Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/1 s. 13—17
  • Allahın nikah ənamına hörmətlə yanaşın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın nikah ənamına hörmətlə yanaşın
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Bir-birinizə qarşı həmişə sadiq olun
  • Birlik nikahı möhkəmləndirir
  • Qoy ruhanilik sizin bələdçiniz olsun!
  • Allahın ənamına qarşı heç vaxt hörmətsizlik etməyin!
  • Qoy nikahınız sizə sevinc gətirsin
    Gözətçi qülləsi 2008
  • Nikahınızda ‘üçqat ipi’ qoruyun
    Gözətçi qülləsi 2008
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Nikah — Allahın ənamı
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/1 s. 13—17

Allahın nikah ənamına hörmətlə yanaşın

«Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq» (YAR. 2:24).

1. Nəyə görə Yehova bizim hörmətimizə layiqdir?

NİKAHIN Banisi olan Yehova Allah, sözsüz, bizim hörmətimizə layiqdir. Müqəddəs Kitabda deyilir ki, «hər bir gözəl bəxşiş və hər bir kamil hədiyyə» Yaradanımız, Ali Hökmdarımız və səmavi Atamız Yehovadandır (Yaq. 1:17; Vəhy 4:11). Bu, Onun böyük məhəbbətinin təzahürüdür (1 Yəh. 4:8). Onun bizə öyrətdiyi və verdiyi hər şey, qarşımıza qoyduğu hər tələb yalnız və yalnız bizim xeyrimiz və rifahımız üçündür (Yeşaya 48:17).

2. Yehova ilk cütlüyə hansı göstərişləri vermişdi?

2 Müqəddəs Kitabda nikah Allahın «gözəl» ənamlarından biri kimi təqdim olunur (Sül. məs. 19:14). Yehova Adəmlə Həvvanı nikah telləri ilə birləşdirəndə ailə həyatlarının uğurlu olması üçün konkret göstərişlər vermişdi. (Matta 19:4—6 ayələrini oxu.) Əgər ilk cütlük Onun dediklərinə əməl etsəydi, əbədiyyət boyu xoşbəxt olacaqdı. Ancaq onlar axmaqcasına Allahın göstərişlərini rədd edib başlarına bəla açdılar (Yar. 3:6—13, 16—19, 23).

3, 4. a) Bu gün çoxları nikaha və Yehova Allaha necə hörmətsizlik göstərir? b) Bu məqalədə biz hansı nümunələri nəzərdən keçirəcəyik?

3 Bu ilk cütlük kimi, bir çox insanlar evliliklə əlaqədar qərarlar qəbul edərkən Yehovanın göstərişlərinə ya az, ya da heç əhəmiyyət vermirlər. Bəziləri rəsmi nikahı tamamilə rədd edir, digərləri isə onu öz istəklərinə və şəxsi normalarına uyğunlaşdırmağa çalışırlar (Rom. 1:24—32; 2 Tim. 3:1—5). Bu insanlar nikahın Allahın ənamı olduğunu inkar edir və bu ənama qarşı hörmətsizlik göstərməklə onun Banisi olan Yehovaya hörmətsizlik göstərirlər.

4 Hətta Yehovanın xidmətçiləri belə bəzən Onun nikaha dair nöqteyi-nəzərini unuda bilərlər. Bəzi məsihçilər həyat yoldaşlarından ayrı yaşamaq, yaxud da Müqəddəs Kitab əsası olmadan boşanmaq qərarına gəlirlər. Bunun baş verməməsi üçün nə etmək lazımdır? Yaradılış 2:24 ayəsində yazılan Allahın göstərişi evli məsihçilərə nikahlarını möhkəmləndirməyə necə kömək edə bilər? Ailə qurmaq niyyətində olanlar buna necə hazırlaşa bilərlər? Gəlin Müqəddəs Kitabdan üç uğurlu nikaha nəzər salaq və görək, bu nümunələr Yehovaya hörmətin nikahın uğurlu olmasında vacib rol oynadığını necə göstərir.

Bir-birinizə qarşı həmişə sadiq olun

5, 6. Zəkəriyyə ilə Elizabet hansı sınaqla üzləşdilər və onların sadiqliyi necə xeyir-dualandırıldı?

5 Zəkəriyyə və Elizabet hər şeyi düz etmişdilər. Ailə qurarkən ikisi də ruhən yetkin insan idi. Zəkəriyyə kahin vəzifəsini sədaqətlə icra edirdi. Hər ikisi Allahın Qanununa dəqiqliklə əməl etməyə çalışırdı. Yehovaya minnətdar olmaq üçün onların bir çox səbəbləri vardı. Lakin siz onların Yəhudeyadakı evlərinə qonaq getsəydiniz, görəcəkdiniz ki, orada nə isə çatışmır. Elizabet sonsuz olduğundan uşaqları olmurdu və hər ikisi artıq qocalmışdı (Luka 1:5—7).

6 Qədim İsraildə uşaq sahibi olmağa böyük önəm verilirdi və adətən, ailələr böyük olurdu (1 Şam. 1:2, 6, 10; Məz. 128:3, 4). Həmin dövrdə bəzi israilli kişilər arvadları dünyaya övlad gətirməyəndə xaincəsinə onları boşayıb başqa arvad alırdılar. Zəkəriyyə isə belə davranmadı. Nə o, nə də ki yoldaşı Elizabet vəziyyətdən asan çıxış yolu kimi boşanmağa əl atmadı. Düzdür, uşaqlarının olmaması onları kədərləndirirdi, buna baxmayaraq, onlar Yehovaya xidmətlərini birgə davam etdirirdilər. Allah bu ər-arvada möcüzəli şəkildə bir oğul bəxş edərək ahıl yaşlarında onları xeyir-dualandırdı (Luka 1:8—14).

7. Elizabet başqa hansı sahədə ərinə sadiqlik göstərdi?

7 Elizabet başqa sahədə də tərifəlayiq sadiqlik göstərdi. Bildiyimiz kimi, oğlu Yəhya dünyaya gələndə Zəkəriyyə danışa bilmirdi, çünki Allahın mələyinin sözlərini şübhə altına almışdı. Amma yəqin ki, o, arvadına Yehovanın mələyinin ona göründüyünü və doğulacaq uşağın adını «Yəhya» qoymağı tapşırdığını necəsə xəbər vermişdi. Qohum-qonşular oğlana atasının adını qoymaq istəyirdilər. Ancaq Elizabet ərinin sözünü yerə salmadı. Buna görə də onlara: «Yox! Onun adı Yəhya olacaq», — cavab verdi (Luka 1:59—63).

8, 9. a) Sadiqlik nikahı necə möhkəmləndirir? b) Ərlə arvad bir-birinə sadiq olduqlarını konkret olaraq necə göstərə bilərlər?

8 Zəkəriyyə və Elizabet kimi, bir çox ər-arvadlar məyusluq və digər çətinliklərlə üzləşirlər. Ər-arvad bir-birinə sadiq olmasa, xoşbəxtliklərindən əsər-əlamət qalmayacaq. Eşqbazlıq, pornoqrafiya, xəyanət və bu kimi digər şeylər cütlüyün bir-birinə olan etibarını tamamilə öldürə bilər. Ailədə etibar olmayanda isə məhəbbət get-gedə soyuyur. Müəyyən mənada sadiqliyi evin ətrafına çəkilmiş hasarla müqayisə etmək olar; bu hasar evin sakinlərini «çağırılmamış qonaqlardan» və digər təhlükələrdən qoruyur, eləcə də müəyyən təhlükəsizliyi təmin edir. Bir-birinə sadiq olan ər-arvad da özlərini təhlükəsizlikdə hiss edir və ən dərin, məhrəm fikir və duyğularını bir-birinə açaraq məhəbbət tellərini möhkəmləndirə bilirlər. Bəli, sadiqliyin vacibliyi danılmazdır!

9 Yehova Adəmə demişdi: «Kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq» (Yar. 2:24). Bu, nə deməkdir? Toydan sonra həm qadının, həm də kişinin qohumlarına, o cümlədən dostlarına olan münasibəti dəyişməlidir. Hər iki tərəf vaxtını və diqqətini ilk növbədə bir-birinə yönəltməlidir. Dost və ya qohumları daha onlar üçün birinci yerdə dura bilməz. Bundan əlavə, onlar yol verməməlidirlər ki, valideynləri qərarlarına, yaxud ailə münaqişələrinə müdaxilə etsinlər. Onlar bir-birinə bağlanmalıdır, çünki bu, Allahın əmridir.

10. Ərlə arvada bir-birinə sadiq qalmağa nə kömək edəcək?

10 Məsihçinin həyat yoldaşı onun imanına şərik olmayanda da göstərilən sadiqlik mükafatlandırılır. Əri həqiqətdə olmayan bir bacı deyir: «Yehovaya necə də minnətdaram ki, mənə ərimə tabe olmağı və ona dərin hörmət bəsləməyi öyrədib. Bir-birimizə sadiq qalmağımızın sayəsində artıq 47 ildir ki, ailəmizdə məhəbbət və hörmət hökm sürür» (1 Kor. 7:10, 11; 1 Pet. 3:1, 2). Buna görə də həyat yoldaşınızın özünü təhlükəsizlikdə hiss etməsi üçün əlinizdən gələni əsirgəməyin. Yoldaşınızı söz və əməldə əmin edin ki, o, sizin üçün dünyada ən vacib insandır və bunu daima müxtəlif yollarla göstərməyə çalışın. Kiminsə və ya nəyinsə sizin aranıza girməsinə yol verməyin. (Süleymanın məsəlləri 5:15—20 ayələrini oxu.) 35 ildən çoxdur ki, birgə xoşbəxt ömür sürən Ron və Canett deyirlər: «Allahın tələblərinə sədaqətlə əməl etdiyimiz üçün biz çox xoşbəxtik».

Birlik nikahı möhkəmləndirir

11, 12. Akila və Priskila a) evdə, b) işdə və c) məsihçi xidmətində necə əməkdaşlıq edirdilər?

11 Həvari Pavel yaxın dostları olan Akila və Priskila haqqında danışarkən adlarını həmişə bir çəkərdi. Bu mehriban cütlüyün nümunəsi Allahın ər-arvadın ‘bir bədən olacağını’ deyərkən nəyi nəzərdə tutduğunu aydın göstərir (Yar. 2:24). Onlar evdə, işdə və məsihçi xidmətində daima çiyin-çiyinə çalışırdılar. Misal üçün, Pavel Korinf şəhərinə ilk dəfə baş çəkəndə Akila və Priskila onu öz evlərinə dəvət etdilər və görünür, o, bir müddət burada qalıb xidmət etdi. Sonradan Akila və Priskila Efesdə yaşayarkən evlərini yığıncaq görüşlərinin keçirilməsi üçün təqdim etmişdilər və Apollos kimi həqiqətə gələn yeni insanlara ruhən böyüməyə birgə kömək edirdilər (Həv. iş. 18:2, 18—26). Yehovaya canla-başla xidmət edən bu cütlük sonradan Romaya köçdü. Orada da onların evində görüşlər keçirilirdi. Sonra Akila ilə Priskila Efesə qayıdıb bacı-qardaşları möhkəmləndirirdilər (Rom. 16:3—5).

12 Onlar həmçinin bir müddət Pavellə birlikdə çadır tikməklə məşğul olurdular. Biz yenə də onların rəqabət aparmadan və mübahisə etmədən əməkdaşlıq etdiklərinin şahidi oluruq (Həv. iş. 18:3). Şübhə yoxdur ki, onların birgə məsihçi xidmətində iştirak etmələri sayəsində ailələri ruhən möhkəm idi. Onlar hər yerdə — Korinfdə, Efesdə və Romada ‘Məsih İsa yolunda [Pavelin] əməkdaşları’ kimi tanınırdılar (Rom. 16:3). Harada xidmət edirlər-etsinlər, onlar Padşahlıq haqqında xoş xəbəri birgə yayırdılar.

13, 14. a) Ailədə birliyi nə poza bilər? b) Ərlə arvad «bir bədən» olmaları üçün öz nikahlarını necə möhkəmləndirə bilərlər?

13 Gördüyümüz kimi, ərlə arvadın məqsədi eyni olanda və onlar hansısa işi birgə görəndə münasibətləri getdikcə möhkəmlənir (Vaiz 4:9, 10). Əfsuslar olsun ki, evli insanların əksəriyyəti birlikdə çox az vaxt keçirir. Onlar ayrı-ayrı yerlərdə işləyərək saatlarla bir-birilərini görmürlər. Başqaları isə ya tez-tez ezamiyyətə gedir, ya da ailələrini qoyub xarici ölkəyə köçürlər ki, işləyib evlərinə pul göndərsinlər. Hətta evdə bəzi ər və arvadlar televizora, sevimli məşğuliyyətlərinə, idmana, videooyunlara və ya İnternetə çox vaxt sərf etdikləri üçün bir-birindən uzaqlaşırlar. Sizin də ailənizdə vəziyyət bu yerdədir? Əgər belədirsə, birgə daha çox vaxt keçirmək üçün hansı dəyişikliklər edə bilərsiniz? Birgə yemək bişirmək, qabları yumaq, bağda işləmək, uşaqlarınızın və ya yaşlı valideynlərinizin qayğısına qalmaq barədə nə düşünürsünüz?

14 Amma ən vacibi ruhani işlərlə müntəzəm olaraq birgə məşğul olmaqdır. Gündəlik ayəni birlikdə müzakirə etmək və ailəvi ibadət keçirmək sizə ailə kimi bir düşünüb, bir məqsədə can atmağa kömək edəcək. Birgə xidmət edin. Mümkündürsə, birlikdə pioner xidmətinə başlayın. Şəraitiniz birgə ən azı bir ay və ya bir il pioner kimi xidmət etməyə yol verirsə, bu fürsəti əldən verməyin. (1 Korinflilərə 15:58 ayəsini oxu.) Yoldaşı ilə birgə xidmətin bu növündə iştirak edən bir bacı deyir: «Xidmət birgə vaxt keçirmək və doyunca ünsiyyət etmək üçün gözəl imkanlardan biridir. Hər ikimizin də məqsədi insanlara ruhən köməklik göstərmək olduğu üçün, zənnimcə, biz əsil komandayıq. Yanımda nəinki ərimin, yaxın bir dostumun olduğunu hiss edirəm». İkiniz də vacib işlə məşğul olanda maraqlarınız, vərdişləriniz, istək və arzularınız yavaş-yavaş bir-birinizinkinə uyğunlaşacaq və nəhayətdə, siz də Akila və Priskila kimi «bir bədən» olaraq eyni düşünüb hərəkət edəcəksiniz və hissləriniz eyni olacaqdır.

Qoy ruhanilik sizin bələdçiniz olsun!

15. Xoşbəxt nikahın açarı nədir? İzah edin.

15 İsa ailədə Allahı birinci yerə qoymağın nə dərəcədə vacib olduğunu yaxşı bilirdi. O, Yehovanın ilk nikahın təməlini necə qoyduğunun şahidi idi. İsa həm də Adəmlə Həvvanın Allahın rəhbərliyinə əməl etdikləri müddətdə nə qədər xoşbəxt və bu rəhbərliyi rədd edəndə nə qədər bədbəxt olduqlarını görmüşdü. Buna görə də o, insanlara Atasının Yaradılış 2:24 ayəsində yazılan göstərişinə uyğun təlim verirdi. Həmçinin o əlavə edərək demişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mat. 19:6). Yehovaya dərin hörmət hissi bu gün də nikahın xoşbəxt və uğurlu olmasında vacib rol oynayır. İsanın yerdəki valideynləri olan Yusiflə Məryəm bu sahədə çox gözəl nümunə qoymuşlar.

16. Yusiflə Məryəmin ruhən yetkin insanlar olduqları ailə həyatlarından necə görünürdü?

16 Yusif Məryəmə qarşı çox xeyirxah idi və onunla hörmətcil tərzdə davranırdı. Onun hamilə olduğunu biləndə isə hələ Allahın mələyinin ona görünüb Məryəmlə nə baş verdiyini izah etməsindən əvvəl, onunla mərhəmətlə davranmaq istəyirdi (Mat. 1:18—20). Artıq evli olanda hər ikisi də sezarın əmrinə tabe oldu və Musanın Qanununa dəqiqliklə riayət edirdilər (Luka 2:1—5, 21, 22). Qanuna əsasən, Yerusəlimdə keçirilən üç mühüm dini bayramda yalnız kişilərin iştirak etməsi tələb olunsa da, Yusiflə Məryəm digər ailə üzvləri ilə birlikdə hər il bu bayramlara gedirdilər (Qanun. t. 16:16; Luka 2:41). Bu və digər tərzdə Yusiflə Məryəm Yehovanı razı salmağa çalışır və ruhani şeylərə böyük hörmətlə yanaşırdılar. Məhz bu səbəbdən Yehova yer üzündə Öz Oğlunun qayğısına qalmağı onlara həvalə etmişdi.

17, 18. a) Ərlə arvad ruhaniliyi ailələrində birinci yerə necə qoya bilər? b) Bunun onlara hansı faydası olacaq?

17 Sizin də ailənizdə ruhaniliyin birinci yeri tutduğunu demək olarmı? Misal üçün, vacib qərar qəbul etməzdən öncə, ilk növbədə nə edirsiniz? Müqəddəs Kitab prinsiplərini araşdırır, bu haqda dua edir və yetkin bacı-qardaşlardan məsləhət alırsınız, yoxsa problemi öz bildiyiniz kimi, yaxud ailənizin və dostlarınızın dediyi kimi həll edirsiniz? Sadiq nökərin nikah və ailə həyatı ilə bağlı verdiyi çoxsaylı praktiki məsləhətlərə riayət etməyə çalışırsınızmı? Yoxsa yerli adət-ənənələrə və ya dünyada yayılan nöqteyi-nəzərə uyğun olaraq hərəkət edirsiniz? Müntəzəm olaraq ruhani işlərlə birgə məşğul olursunuzmu? Məsələn, bir yerdə dua edir, ailəvi öyrənmə keçirir, qarşınıza ruhani məqsədlər qoyur, ailəniz üçün daha önəmli olan şeyləri müzakirə edirsinizmi?

18 Əlli il xoşbəxt ailə həyatı sürən Rey deyir: «Elə bir problem olmayıb ki, onu həll edə bilməyək, çünki Yehova ailəmizdə həmişə üçüncü “ip” olub». (Vaiz 4:12 ayəsini oxu.) Deni və Trina onun sözlərinə şərikdirlər. Onlar deyirlər: «Yehovaya birgə xidmət etdiyimiz üçün nikahımız get-gedə möhkəmlənir». Bu ər-arvad 34 ildən çoxdur ki, firavan yaşayır. Siz də ailə həyatınızda Yehovanı həmişə birinci yerə qoysanız, O, sizə uğur qazanmağa kömək edəcək və bol-bol xeyir-dua verəcək (Məz. 127:1).

Allahın ənamına qarşı heç vaxt hörmətsizlik etməyin!

19. Allah insanlara nikah ənamını nəyə görə bəxş edib?

19 Bu gün bir çox insanların fikri-zikri yalnız özlərinin xoşbəxt olmalarındadır. Amma Yehovanın xidmətçisi hər şeyə başqa gözlə baxır. O başa düşür ki, Yehova Öz niyyətini həyata keçirmək üçün insanlara bu ənamı bəxş edib (Yar. 1:26—28). Adəmlə Həvva Allahın bu ənamına hörmətlə yanaşsaydılar, indi Cənnətə çevrilmiş yer üzündə Allahın xoşbəxt və saleh xidmətçiləri yaşayardı.

20, 21. a) Nəyə görə nikaha müqəddəs quruluş kimi yanaşmalıyıq? b) Növbəti məqalədə söhbət hansı ənamdan gedəcək?

20 Hər şeydən öncə, Yehovanın xidmətçisi nikah ənamına Allaha izzət gətirmək imkanı kimi yanaşır. (1 Korinflilərə 10:31 ayəsini oxu.) Bəli, sadiqlik, birlik və ruhanilik kimi Yehovanın bəyəndiyi xüsusiyyətlər nikahı möhkəmləndirir. Buna görə də istər ailə qurmağa hazırlaşaq, istərsə də nikahımızı möhkəmləndirməyə və ya qorumağa çalışaq, nikaha, ilk növbədə, onun olduğu kimi, yəni ilahi və müqəddəs quruluş kimi yanaşmalıyıq. Bu həqiqəti möhkəm yadda saxlasaq, ailə həyatı ilə bağlı qərarlar qəbul edərkən Müqəddəs Kitabda yazılanları nəzərə alacağıq. Bununla biz nəinki nikah ənamına, həmçinin bu ənamı bizə bəxş edən Yehova Allaha hörmət etdiyinizi göstərəcəyik.

21 Əlbəttə, nikah Allahın bizə verdiyi yeganə ənam deyil. Onu xoşbəxtliyə aparan yeganə yol da adlandırmaq olmaz. Növbəti məqalədə biz Allahın digər ənamı, subaylıq ənamından danışacağıq.

Necə cavab verərdiniz?

• Sadiqlik xüsusiyyəti ər-arvada necə təsir göstərməlidir?

• Nəyə görə birlikdə hansısa işlə məşğul olmaq nikahı möhkəmləndirir?

• Ailəli insanlar ruhaniliyin onların bələdçisi olmasına necə yol verə bilərlər?

• Nikahın Banisi olan Yehovaya hörmət etdiyimizi necə göstərə bilərik?

[15-ci səhifədəki şəkillər]

Birgə hansısa işlə məşğul olmaq ailədəki birliyi möhkəmləndirir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş