Yehovanın Kəlamı canlıdır
“Təsniyə” kitabından diqqətəlayiq fikirlər
BİZİM eradan əvvəl 1473-cü ildir. Yehovanın İsrail oğullarını Misir köləliyindən azad etdiyi vaxtdan qırx il keçib. Bütün bu illər ərzində səhrada dolaşan İsrail xalqının hələ də şəxsi torpağı yoxdur. Budur, axır ki, onlar Və’d edilmiş diyarın astanasındadırlar. Qarşıda onları nələr gözləyir? Onlar hansı çətinliklərlə qarşılaşacaqlar və bu çətinliklərin öhdəsindən necə gəlməlidirlər?
İsrail İordan çayını keçib, Kən’an torpağına daxil olmazdan əvvəl, Musa xalqı, yerinə yetirməli olduqları vacib bir tapşırığa hazırlayır. Necə? O, bir sıra ruhlandırıcı və təşviqedici, öyüdverici və xəbərdaredici nitqlərlə çıxış edir. Musa israillilərə xatırladır ki, Yehova tam sədaqətə layiq Allahdır və israillilər onları əhatə edən xalqların yolunu izləməli deyillər. Bu nitqlər Müqəddəs Yazılara daxil olan “Təsniyə” kitabının əsas hissəsini təşkil edir. Bu gün bizim də həmin məsləhətlərə ehtiyacımız var, çünki biz də Yehovaya tam sədaqət təzahür etdirməyin çətin olduğu bir dünyada yaşayırıq (İbranilərə 4:12).
Sonuncu fəsli çıxmaq şərti ilə, “Təsniyə” kitabı Musa tərəfindən yazılıb və iki aydan bir az artıq vaxtı əhatə edira (Təsniyə 1:3; Yeşu 4:19). Gəlin görək bu kitabda verilən məsləhətlər bizim Yehova Allahı ürəkdən sevib, Ona sədaqətlə xidmət etməyimizə necə kömək edə bilər.
“GÖZLƏRİNİN GÖRDÜYÜ ŞEYLƏRİ UNUTMA”
Musa birinci nitqində səhrada israillilərlə baş verən hadisələrdən söz edir. O hadisələrdən ki, Və’d edilmiş diyara daxil olmazdan əvvəl onları möhkəmləndirməli idi. Hakimlərin tə’yinatı barədə mə’lumatlar onlara Yehovanın Öz xalqını məhəbbətlə təşkil etdiyini xatırlatmalı idi. Musa həmçinin danışır ki, əvvəlki nəsil on nəfər kəşfiyyatçının həmin torpaq haqqında mənfi rə’y söylədikləri ucbatından oraya daxil ola bilmədi. Bu nümunənin Musanın dinləyiciləri artıq bu torpağı öz gözləri ilə gördükləri zaman onlara nə qədər tə’sir bağışladığını təsəvvür edin.
İsraillilər hələ İordan çayını keçməyiblər. Və Və’d edilmiş diyarı çayın o biri tayından zəbt etməyə hazırlaşırlar. Bu ərəfədə Yehovanın İsrail oğullarına bəxş etdiyi qələbələr haqqındakı xatırlatmalar onları cəsarətləndirməli idi. İsraillilərin işğal etmək istədikləri torpaqda bütpərəstlik çiçəklənirdi. Musanın onları bütlərə ibadət etməyə dair ciddi xəbərdarlıq etməsi necə də yerindədir!
Müqəddəs Kitab suallarına cavablar:
2:4-6, 9, 19, 24, 31-35; 3:1-6 — Nəyə görə israillilər İordan çayının şərqində yaşayan bə’zi xalqları məhv etmiş, bə’zilərini isə etməmişlər? Yehova İsrailə Esavın oğulları ilə döyüşməməyi buyurmuşdu. Nə üçün? Çünki Esav Yaqubun qardaşı idi. İsraillilər moablılarla və ammonilərlə ədavət aparmalı və ya müharibə etməli deyildilər, çünki onlar İbrahimin qardaşı oğlu Lutun nəsli idilər. Elə buna görə də amori padşahları Sihon və Oq onların nəzarəti altında olan torpaqları tələb edə bilmirdilər. Bu səbəbdən, Sihon İsrail xalqına onun torpağından keçməyə icazə vermədikdə, Oq isə onlara qarşı müharibəyə qalxdıqda, Yehova israillilərə əmr etdi ki, onların şəhərlərini məhv edib, bir kəsi sağ qoymasınlar.
4:15-20, 23, 24 — “Bir şey surətində oyma büt” düzəltməyin qadağan edilməsi o deməkdirmi ki, incəsənət məqsədlərində kiminsə, yaxud nəyinsə surətini təsvir etmək düzgün deyil? Xeyr. Qoyulan bu qadağa ibadət məqsədilə edilən surətlərə, yə’ni təsvirlərə aid idi və insanları bütlərə ibadətdən çəkindirirdi. Müqəddəs Yazılar heykəltəraşlıq əsərlərini yaratmağı və incəsənət məqsədlərində kimisə, yaxud nəyisə təsvir etməyi qadağan etmir (1 Krallar 7:18, 25).
Bizim üçün ibrət dərsləri:
1:2, 19. “Horebdən [On əmrin verildiyi Sina dağının ətrafındakı dağlıq ərazi] Seir dağı yolu ilə Kadeş-barneaya qədər on bir gün”lük yol olmasına baxmayaraq, İsrail oğulları təxminən 38 il səhrada dolaşdılar. Yehova Allaha göstərdikləri itaətsizlik onlara necə də baha başa gəldi! (Saylar 14:26-34).
1:16, 17. Allahın ədalət normaları bu gün də dəyişməyib. Üzərlərinə hüquq komitəsində xidmət etmək kimi məs’uliyyət qoyulmuş kəslər yol verməli deyillər ki, üzgörənlik və insan qorxusu onların qərarına tə’sir göstərsin.
4:9. İsrail xalqının firavanlığı onların gözləri ilə gördükləri şeyləri unudub-unutmamalarından asılı idi. Bizə də eynilə, Yehovanın Kəlamını sə’ylə öyrənərək fikrimizi Onun valehedici işlərinə cəmləşdirmək vacibdir.
YEHOVANI SEV VƏ ONUN ƏMRLƏRİNƏ İTAƏT ET
İkinci nitqində Musa Sina dağının ətəyində Qanunun necə verildiyi haqda danışır və On əmri təkrar edir. Yeddi xalqa tamamilə məhv olunma hökmü kəsilib. Səhrada aldıqları vacib ibrət dərsi İsrail oğullarına bir daha xatırladılır: ‘İnsan yalnız çörəklə yaşamaz, fəqət Rəbbin ağzından çıxan hər şeylə yaşar’. Onlar üçün yeni olan bu şəraitlərdə bütün əmrlərə riayət etmək lazım idi (Təsniyə 8:3; 11:8).
İsraillilər Və’d edilmiş torpaqda yaşayacaqları zaman, onlara yalnız Allaha xidmətə dair deyil, həm də mühakimə üsuluna, xalqa rəhbərlik etməyə, hərbi məsələlərə, habelə ictimai və şəxsi həyata dair qanunlar tələb olunacaqdır. Musa bu qanunları nəzərdən keçirir və Yehovanı sevməyin və Onun əmrlərinə riayət etməyin vacibliyini vurğulayır.
Müqəddəs Kitab suallarına cavablar:
8:3, 4 — İsraillilər səhrada dolaşdıqları zaman hansı mə’nada onların paltarları köhnəlmir, ayaqları isə şişmirdi? Onlara daima təqdim olunan manna kimi, bu da Yehovanın mö’cüzəsi idi. İsraillilər səyahətin əvvəlində geyindikləri eyni paltarı və ayaqqabını hələ də istifadə edirdilər. Və ehtimal ki, uşaqlar böyüdükcə və yaşlılar vəfat etdikcə paltarları bir-birlərinə ötürürdülər. Səhradakı səyahətin əvvəlində və sonunda iki dəfə aparılan siyahıya alınma israillilərin sayının artmadığını göstərdiyi üçün, əvvəldən onlarda olan pal-paltar ehtiyatı kifayət idi (Saylar 2:32; 26:51).
14:21 — Nəyə görə israillilər qanı axıdılmamış ölü heyvanı özləri yeməsələr də, qəribə verə və ya yadelliyə sata bilərdilər? Müqəddəs Kitabda istifadə olunan “qərib” sözü prozelit olan qeyri-israillilərə, yaxud ölkənin əsas qanunlarına müvafiq yaşayan, amma Yehovanın xidmətçisi olmayan sakinə aiddir. Prozelit olmayan qərib və yadelli Qanun altında deyildilər, buna görə də qanı axıdılmamış ölmüş heyvanı müxtəlif məqsədlərdə istifadə edə bilərdilər. İsraillilərə bu cür heyvanları onlara satmağa və yaxud verməyə icazə verilirdi. Prozelitlər isə Qanun əhdinə müvafiq davranmağa borclu idilər. Levililər 17:10 ayəsinə əsasən, onlara qan yemək qadağan idi.
24:6 — “Dəyirmanı yaxud üst daşını... girov” götürmək nə üçün “həyatı” almağa bərabər idi? Dəyirman insanın “həyatını”, yə’ni yaşamaq üçün onun vəsaitini təmsil edirdi. Onlardan hansınısa götürmək bütün ailəni ac qoymaq demək idi.
25:9 — Qardaşının dul qalmış arvadına evlənməkdən imtina edən kişinin ayağından çarığını çıxarıb, üzünə tüpürmək nə demək idi? Müqəddəs Kitaba görə “qədim zamanlarda İsraildə belə bir adət var idi; qəyyumluq vəzifəsini icra edərkən... biri öz çarığını çıxarıb başqasına verərdi” (Rut 4:7, MKŞ). Buna görə də, qardaşının dul arvadına evlənməkdən imtina edən kişinin ayağından çarığını çıxarmaq onu təsdiq edirdi ki, həmin şəxs öz vəzifəsindən və ölən qardaşı üçün dünyaya varis gətirmək hüququndan imtina edir. Bu, biabırçılıq hesab olunurdu (Təsniyə 25:10). Onun təhqir olunduğuna işarə olaraq üzünə də tüpürürdülər (Saylar 12:14).
Bizim üçün ibrət dərsləri:
6:6-9. İsraillilər kimi biz də Allahın tələblərini yaxşı bilməliyik, heç zaman onları unutmamalı və öz övladlarımıza aşılamalıyıq. ‘Onları əlamət olaraq əlimizin üzərinə bağlamalıyıq’. Əllər Yehovaya itaət etdiyimizə şəhadətlik etməli olan əməllərimizi təmsil edir. ‘Gözlərin arasında alın bağı’ kimi bizim itaətkarlığımız başqaları üçün aydın olmalıdır.
6:16. Su çatışmazlığına görə Massada deyinən sədaqətsiz israillilər kimi, gəlin heç zaman Yehovanı sınağa çəkməyək (Çıxış 17:1-7).
8:11-18. Var-dövlət hərisliyi bizim Yehovanı unutmağımıza gətirib çıxara bilər.
9:4-6. Biz özümüzdən razı olmaq kimi xüsusiyyətdən qaçınmalıyıq.
13:6. Biz yol verməli deyilik ki, kim isə bizi Yehovaya xidmətdən uzaqlaşdırsın.
14:1. Özünü və ya başqasını şikəst etmək insan bədəninə hörmətsizliyə işarə edir və yalan dinlə bağlı ola bilər. Biz belə şeylərdən qaçınmalıyıq (1 Krallar 18:25-28). Bizim dirilməyə ümidimiz olduğu üçün, ölən insana görə bu cür hədsiz fəryad etmək yersiz olardı.
20:5-7; 24:5. Yerinə yetirilməsi tələb olunan, hətta vacib məsələdə belə kiminsə xüsusi vəziyyəti nəzərə alınmalıdır.
22:23-27. Zorakı ilə üzləşən qadın üçün ən yaxşı müdafiə qışqırmaqdır.
“HƏYATI SEÇ”
Musa üçüncü nitqində deyir ki, İordan çayını keçdikdən sonra israillilər Qanunu böyük daşların üzərində yazmalı və həmçinin itaətsizliyə görə lə’nəti, itaətkarlığa görə isə xeyir-duanı bəyan etməlidirlər. Dördüncü nitq isə Yehova ilə İsrailin arasındakı əhdin yeniləşməsindən başlayır. Musa xalqı yenidən itaətsizlikdən çəkindirir və onları ‘həyatı seçməyə’ təşviq edir (Təsniyə 30:19).
Musa dörd nitqlə çıxış etməkdən əlavə, rəhbərlikdə olan dəyişiklikləri müzakirə edir və israillilərə Yehovanı izzətləndirən və sədaqətsizliyin gətirdiyi fəlakətlər haqqında xəbərdarlıq edən gözəl mahnı öyrədir. O, İsrail qəbilələrinə xeyir-dua verdikdən sonra 120 yaşında vəfat edir və onu dəfn edirlər. Xalq Musa üçün 30 gün yas tutur. Bu, “Təsniyə” kitabını əhatə edən vaxtın təxminən yarısıdır.
Müqəddəs Kitab suallarına cavablar:
32:13, 14 — İsraillilər ‘quzuların yağını’ yeyirdilər dedikdə nə nəzərdə tutulur, axı onlara heyvanların yağını yemək qadağan edilmişdi? Bu ifadə burada məcazi mə’nada işlədilir və sürüdəki ən yaxşı heyvanlara işarə edir. Burada məhz bədii dilin işləndiyini həmin ayədə istifadə edilən “buğdanın ən yaxşısı” və “üzümün qanından şərab” ifadələri təsdiq edir.
33:1-29 — Musa İsrail oğullarına xeyir-dua verərkən nəyə görə Şimeonu xatırlatmır? Çünki həm Şimeon, həm də Levi “vəhşi” hərəkət etmişdilər və onların qəzəbi “qəddar” idi (Təkvin 34:13-31; 49:5-7). Onlara düşən miras heç də başqa qəbilələrin mirası kimi deyildi. Levi 48 şəhər almışdı, Şimeonun sahəsi isə Yəhudeyanın ərazisində idi (Yeşu 19:9; 21:41, 42). Buna görə də Musa Şimeonu ayrıca xatırlatmır. Lakin Şimeon İsrailin ümumi xeyir-duasına daxil idi.
Bizim üçün ibrət dərsləri:
31:12. Yığıncaq görüşlərində uşaqlar böyüklərin yanında oturmalı, diqqətlə qulaq asmalı və öyrənməlidirlər.
32:4. Yehovanın bütün işləri o mə’nada kamildir ki, O, ədaləti, müdrikliyi, məhəbbəti və qüvvəni tam mütənasib surətdə təzahür etdirir.
Bizim üçün böyük əhəmiyyət kəsb edir
“Təsniyə” kitabı Yehovanı “bir olan Yehova” kimi təqdim edir (Təsniyə 6:4, YD). Bu kitab Allahla xüsusi münasibətlərə malik olan xalq haqqındadır. “Təsniyə” kitabı həmçinin bütpərəstlikdən çəkindirir və həqiqi Allaha tam sədaqəti təzahür etdirməyin vacibliyini vurğulayır.
Həqiqətən də, “Təsniyə” kitabı bizim üçün böyük əhəmiyyət kəsb edir! Biz Qanun altında olmasaq da, oradan çox şey öyrənə bilərik ki, onun da köməyi ilə Allahımız Yehovanı bütün ürəyimizlə, bütün canımızla və bütün qüvvətimizlə sevək (Təsniyə 6:5).
[Haşiyə]
a Musanın ölümü haqqında bəhs edən sonuncu fəsil, ehtimal ki, ya Yeşu, ya da baş kahin Eleazar tərəfindən əlavə edilmişdir.
[30-cu səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
SEİR
Kadeş-barnea
Sina d. (Horeb)
Qırmızı dəniz
[İcazə ilə]
Based on maps copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel
[30-cu səhifədəki şəkil]
Musanın çıxış etdiyi nitqlər “Təsniyə” kitabının əsas hissəsini təşkil edir.
[32-ci səhifədəki şəkil]
Yehovanın mannanı təqdim etməsindən biz nə öyrənirik?
[32-ci səhifədəki şəkil]
Dəyirmanı girov götürmək “həyatı” almağa bərabər idi.