Yehovaya məqbul ürəyə malik olun
“Məndə təmiz ürək yarat, ey Allah; və içimdə doğru ruh təzələ” (MƏZMUR 51:10).
1, 2. Biz nəyə görə öz ürəyimizə diqqət yetirməliyik?
O, UCABOYLU və gözəl idi. Onun xarici görünüşündən tə’sirlənən Samuel peyğəmbər qərara gəldi ki, Allah Sauldan sonra padşah olmaq üçün Yesseyin məhz bu, böyük oğlunu seçib. Amma Yehova Samuelə dedi: “Onun görünüşünə və boyunun uzunluğuna baxma; çünki onu rədd etdim... insan üzə baxar, fəqət Rəbb ürəyə baxar”. Yehova, Yesseyin kiçik oğlunu - “öz ürəyinə görə” olan Davudu padşah seçdi (1 Samuel 13:14; 16:7).
2 Sonradan Allah izah etdiyi kimi, O, insanın ürəyində olanları görə bilir: “Mən, Rəbb, hər kəsə yollarına görə, işlərinin səmərəsinə görə vermək üçün ürəyi yoxlayaram, könlü sınayaram” (Yeremya 17:10). Bəli, Yehova “ürəkləri sınayan Rəbdir” (Süleymanın məsəlləri 17:3). Yehovanın insanda sınadığı ürək nədir? Və Ona məqbul ürəyə necə malik ola bilərik?
“Ürəyin gizli insanı”
3, 4. Müqəddəs Kitabda “ürək” sözü əksər hallarda hansı mə’nada istifadə olunur? Misallar çəkin.
3 “Ürək” ifadəsinə Müqəddəs Yazılarda təxminən min dəfə rast gəlinir. Əksər hallarda bu söz məcazi mə’nada işlənir. Məsələn, Yehova Musa peyğəmbərə dedi: “İsrail oğullarına: Mənə təqdimə gətirsinlər, deyə söylə; ürəkdən verən hər adamdan mənim təqdiməmi alacaqsınız. Və ürəyi onu hərəkətə gətirən hər adam” təqdimə gətirirdi (Çıxış 25:2; 35:21). Aydındır ki, bə’zi mə’nalarda məcazi ürək - bizi hərəkətə gətirən təşviqedici, daxili qüvvədir. Bundan başqa, məcazi ürək, bizim emosiya və hisslərimizin, istək və məhəbbətimizin əksidir. Ürək qəzəbdən alışıb yanar və ya qorxudan titrəyər, kədərdən əzab çəkər və ya sevinclə dola bilər (Məzmur 27:3; 39:3; Yəhya 16:22; Romalılara 9:2). Ürək məğrur və ya təvazökar ola bilər, sevər və ya nifrət edə bilər (Süleymanın məsəlləri 16:5; Matta 11:29; 1 Peter 1:22).
4 Buna görə də, “ağıl” sözü əsasən anlayış və düşüncə ilə əlaqəli olduğu kimi, “ürək” ifadəsi də çox vaxt təşviq və emosiyalarla əlaqəli olur. Bu ifadələr Müqəddəs Kitabda eyni kontekstdə rast olunanda, onları məhz bu mə’nada anlamaq lazımdır (Matta 22:37; Filipililərə 4:7). Amma ürək və ağıl bir-birini inkar edən anlayış deyil. Misal üçün, Musa israilliləri də’vət edirdi: “Bil və ürəyinə qoy ki... Rəbb o Allahdır” (Təsniyə 4:39). İsa, ona qarşı gizli surətdə məkrli planlar hazırlayan din alimlərinə dedi: “Nə üçün ürəyinizdə pis şeylər düşünürsünüz?” (Matta 9:4). Həmçinin “anlayış”, “bilik” və “düşüncə” də ürəklə bağlı ola bilər (1 Krallar 3:12; Süleymanın məsəlləri 15:14; Mark 2:6). Deməli, simvolik ürək anlayışına düşüncə də, yə’ni bizim fikir və anlayışımız da daxil ola bilər.
5. Simvolik ürək nə deməkdir?
5 Bir arayış kitabçasında deyilir ki, simvolik ürək ifadəsi altında, “insanda ən vacib olan, onun məxfi fikirləri və hissləri” nəzərdə tutulur “və buna görə də [məcazi ürək] insanın daxili varlığı deməkdir; bu isə onun bütün əməllərində, arzu və istəklərində, hisslərində, ehtiraslarında, məqsəd və meyllərində, fikrində, təsəvvürlərində, hikmət və biliyində, vərdişlərində, əqidə və düşüncələrində, yaddaş və şüurunda təzahür olunur”. Simvolik ürək, əslində daxilən necə adam olduğumuzu, yə’ni “ürəyin gizli insanı”nı göstərir (1 Peter 3:4, İ-93). Yehovanın gördüyü və sınadığı da məhz budur. Buna görə də Davud dua edirdi: “Məndə təmiz ürək yarat, ey Allah; və içimdə doğru ruh təzələ” (Məzmur 51:10). Biz təmiz ürəyə necə malik ola bilərik?
Allahın Kəlamını ürəyinizə qoyun
6. İsrail xalqı Moab düzənliyində düşərgələrlə durarkən, Musa onlara hansı çağırışla müraciət etdi?
6 Və’d edilən diyara daxil olmazdan qabaq, Moab düzənliyində İsrail xalqına nəsihət verərkən Musa dedi: “Yerinə yetirmək üzrə oğullarınıza əmr edəcəyiniz bu şəriətin bütün sözlərinə, bu gün sizə şəhadət etməkdə olduğum sözlərin hamısına ürək qoyun” (Təsniyə 32:46). İsraillilər bütün bu sözləri “ürəklərinə qoymalı” idilər. Allahın əmrlərini uşaqlarına öyrətmək üçün, həmin əmrləri israillilərin özləri yaxşı bilməli idilər (Təsniyə 6:6-8).
7. Allahın Kəlamını ürəyimizə qoymaq nə deməkdir?
7 Təmiz ürəyə malik olmaq üçün, hər şeydən əvvəl, Allahın iradəsi və niyyətləri haqqında dəqiq bilik əldə etmək lazımdır. Bu cür biliyin mövcud olduğu yeganə mənbə, Allahın ilham verdiyi Kəlamıdır (2 Timoteyə 3:16, 17). Lakin öyrənmə zamanı yalnız düşüncəmizi işə salarıqsa, o zaman Yehovaya məqbul ürəyə malik ola bilmərik. Aldığımız bilik daxili varlığımıza tə’sir göstərsin deyə, öyrəndiklərimizi ürəyimizə qoymalıyıq (Təsniyə 32:46). Bunu necə etmək olar? Məzmurçu Davud deyir: “Keçmiş günləri anıram; sənin bütün işlərini dərin düşünürəm; əllərinin işi üzərində düşüncəyə dalıram” (Məzmur 143:5).
8. Öyrənmə zamanı hansı suallar üzərində düşünmək lazımdır?
8 Yehovanın işləri üzərində biz də dərindən düşünməliyik. Müqəddəs Kitabı və ya ona əsaslanan ədəbiyyatları oxuyarkən, bu kimi suallar üzərində fikirləşməliyik: Oxuduqlarımdan Yehova haqqında nə öyrəndim? Burada Yehovanın hansı xüsusiyyətlərini gördüm? Oxuduqlarıma əsasən, Yehovanın nəyi sevib sevmədiyi haqda nə öyrənirəm? Yehovanın sevdiyi işləri icra etsək, bu, nəyə səbəb olar? Bəs Onun nifrət etdiyi əməllərlə məşğul olsaq, nəyə gətirib çıxarar? Bu mə’lumat, artıq malik olduğum biliklə necə əlaqəlidir?
9. Şəxsi öyrənmə və düşünmə nə dərəcədə vacibdir?
9 Otuz iki yaşlı Lizaa məqsədyönlü öyrənmənin və dərindən düşünmənin əhəmiyyətini qiymətləndirməkdə ona nəyin kömək etdiyini söyləyir: “Mən, 1994-cü ildə vəftiz olundum və həqiqətdə iki ilə yaxın kifayət qədər fəaliyyət göstərdim. Məsihçi görüşlərinin hamısına gedirdim, ayda 30-40 saat təbliğ edirdim, həmimanlılarımla ünsiyyətdə olurdum. Sonra get-gedə həqiqət yolundan uzaqlaşmağa başladım. Vəziyyət o yerə çatdı ki, Allahın qanununu da pozdum. Ancaq mən ağlımı başıma cəm eyləyib, həyat tərzimi Müqəddəs Kitaba uyğunlaşdırmaq qərarına gəldim. Necə də şadam ki, Yehova tövbəmi dinləyib, məni yenidən qəbul etdi! Çox vaxt düşünürəm: “Mən nəyə görə uzaqlaşdım?” Və hər dəfə eyni nəticəyə gəlirəm ki, mən məqsədyönlü öyrənməyə və dərindən düşünməyə e’tinasız yanaşırdım. Müqəddəs Kitab həqiqəti sadəcə olaraq ürəyimə çatmamışdı. Bundan sonra, şəxsi öyrənmə və oxuduqlarım üzərində düşünmə həyatımda həmişə vacib yeri tutacaqdır”. Yehova, Onun Oğlu və Kəlamı haqqındakı biliyimiz artdıqca, məqsədyönlü düşünməyə vaxt ayırmaq olduqca vacibdir!
10. Şəxsi öyrənmə və düşünmək üçün vaxt tapmağımız nəyə görə olduqca vacibdir?
10 Çoxlu işləmək tələb olunan bugünkü zəmanədə, öyrənmək və düşünmək üçün vaxt tapmaq asan deyil. Lakin indi məsihçilər Və’d edilən daha gözəl diyarın - Allahın ədalətli yeni dünyasının astanasında dururlar (2 Peter 3:13). Yaxın gələcəkdə, “Böyük Babilin” məhv olunması və “Maqoq diyarından olan... Qoqun” Allahın xalqına hücum etməsi kimi çox güclü hadisələr baş verəcəkdir (Vəhy 17:1, 2, 5, 15-17; Hezekiel 38:1-4, 14-16; 39:2). Baş verəcək hadisələr Yehovaya bəslədiyimiz məhəbbətin sınağı ola bilər. İndi “münasib vaxtı satın almaq” (YD) və Allahın Kəlamını ürəyimizə qoymaq necə də zəruridir! (Efeslilərə 5:15, 16).
Allahın Kəlamını öyrənmək üçün “ürəyinizi hazırlayın”
11. Ürəyimizi nəyə görə torpaqla müqayisə etmək olar?
11 Simvolik ürəyi, həqiqət toxumu səpilən torpaqla müqayisə etmək olar (Matta 13:18-23). Yaxşı məhsul yetişsin deyə, torpağı əvvəlcə becərmək gərəkdır. Bunun kimi, ürəyimizi, Allahın Kəlamına daha çox meylli olmağa “hazırlamaq” lazımdır. Kahin Ezra “Rəbbin şəriətini arayıb yerinə yetirmək üçün... ürəyini hazırlamışdı” (Ezra 7:10). Biz ürəyimizi öyrənməyə necə hazırlaya bilərik?
12. Ürəyimizi öyrənməyə hazırlamağa nə kömək edər?
12 Allahın Kəlamını öyrənmək üçün ürəyi hazırlamağın ən gözəl üsulu, səmimi qəlbdən dua etməkdir. Məsihçilərin yığıncaq görüşləri dua ilə başlanır, dua ilə də qurtarır. Müqəddəs Kitabın şəxsi öyrənilməsini hər dəfə dua ilə başlayıb, öyrənmə ərzində duamıza müvafiq əhval-ruhiyyəni qoruyub saxlamağımız necə də münasibdir!
13. Yehovaya məqbul ürəyə malik olmaq üçün nə etmək lazımdır?
13 Simvolik ürək, qabaqcadan hasil olmuş yanlış fikirləri rədd etməyə hazır olmalıdır. İsanın günlərində yaşayan din rəhbərləri bunu etmək istəmirdilər (Matta 13:15). İsanın anası Məryəm isə, əksinə, eşitdiyi həqiqətlərə əsaslanan “sözləri ürəyində saxlayırdı” (Luka 2:19, 51). O, İsanın sadiq şagirdi oldu. Tiyatira şəhərindən olan Lidiya, Paveli dinlədi və “Rəbb onun ürəyini açdı ki, Pavelin söylədiklərinə diqqət yetirsin”. Bu qadın da iman etdi (Həvarilərin işləri 16:14, 15). Gəlin öz ideyalarımızı və ya qəlbimizə əziz olan tə’limləri heç zaman inadkarlıqla müdafiə etməyək. Bunun əvəzinə, gəlin həmişə könüllü surətdə e’tiraf edək ki, “hər bir insan yalançı olsa da, Allah Öz sözünə sadiq qalacaq” (Romalılara 3:4).
14. Ürəyi, məsihçi görüşlərində diqqətlə qulaq asmağa necə hazırlamaq olar?
14 Ürəyi, məsihçi görüşlərində diqqətlə qulaq asmağa hazırlamaq vacibdir. Görüş zamanı diqqətimizi nə isə yayındıra bilər. Əgər fikrimiz gün ərzində baş verən hadisələrlə məşğuldursa və ya sabahkı işlərimiz üçün narahat oluruqsa, söylənilən mə’ruzələr, çətin ki, bizə tə’sir bağışlasın. Görüşlərin bizə fayda gətirməsini istəyiriksə, qulaq asıb öyrənməyə qəti qərarlı olmalıyıq. Görüşlərdə diqqət yetirilən ayələri və onların izahını anlamağa cəhd etmək, doğrudan da bizə böyük fayda gətirəcəkdir! (Nehemya 8:5-8, 12).
15. Verilən tə’limə qarşı daha həssas olmaq üçün təvazökarlıq bizə necə kömək edir?
15 Müxtəlif gübrələr vurmaqla torpağın keyfiyyətini yaxşılaşdırmaq mümkün olduğu kimi, özümüzdə təvazökarlıq, ruhani iştaha, ehtiramlı qorxu, Allaha e’tibar və məhəbbət inkişaf etdirməklə simvolik ürəyimizi də zənginləşdirə bilərik. Təvazökarlıq, ürəyi tə’limə qarşı daha həssas edərək onu yumşaldır. Yehova Yəhudeya padşahı Yoşiyaya dedi: “Madam ki, ürəyin yumşalmışdır... söylədiyim sözü eşidincə, Rəbbin önündə özünü alçaltdın və paltarını yırtdın və önümdə ağladın; mən də səni eşitdim” (2 Krallar 22:19). Yoşiyanın ürəyi təvazökar və həssas idi. Təvazökarlıq, İsanın “oxumamış, avam” şagirdlərinə imkan verdi ki, onlar, “müdriklərin və ağıllıların” dərk edə bilmədikləri ruhani həqiqətləri anlayıb, həyatlarında tətbiq etsinlər (Həvarilərin işləri 4:13; Luka 10:21). Gəlin, Yehovaya məqbul ürəyə malik olmaq üçün sə’y göstərərək, “Allahımızın önündə özümüzü” alçaldaq (Ezra 8:21).
16. Ruhani qidaya iştaha oyatmaq üçün nəyə görə qüvvə sərf etmək lazımdır?
16 İsa dedi: “Özlərinin ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər” (Matta 5:3, YD). Ruhani cəhətdən inkişaf etmək qabiliyyəti ilə tə’min olunsaq da, bu pis dünyadakı həyatın ağırlığı və tənbəllik kimi xüsusiyyətlər ucbatından bu ehtiyacları dərketmə qabiliyyətimiz kütləşə bilər (Matta 4:4). Biz ruhani qidaya sağlam iştaha inkişaf etdirməliyik. Hətta Müqəddəs Kitabı oxumaqdan və şəxsi öyrənmədən ilk anlarda məmnunluq almasaq da, tə’kidli olmaqla, biliyin “cana xoş gəldiyini” görəcəyik və artıq növbəti öyrənməni səbirsizliklə gözləyəcəyik (Süleymanın məsəlləri 2:10, 11).
17. a) Biz nə üçün hər bir işdə Yehovaya güvənə bilərik? b) Hər bir işdə Yehovaya güvənməyi necə öyrənmək olar?
17 Süleyman padşah də’vət edirdi: “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma” (Süleymanın məsəlləri 3:5). Yehovaya e’tibar edən ürək, Onun öz Kəlamı vasitəsilə dediyi və ya buyurduğu hər şeyin həmişə düzgün olduğunu bilir (İşaya 48:17). Biz, şübhəsiz olaraq, hər işdə Yehovaya güvənə bilərik. O özünün bütün niyyətlərini həyata keçirməyə qadirdir (İşaya 40:26, 29). Hətta Onun adı da hərfi mə’nada “O, olmasına səbəb olur” deməkdir; bu isə bizə əminlik verir ki, O özünün bütün niyyətlərini yerinə yetirməyə qabildir. Yehova “bütün yollarında adildir və bütün işlərində inayətlidir” (Məzmur 145:17). Əlbəttə ki, hər bir işdə Yehovaya güvənməyi öyrənmək üçün biz “dadmalı” və “Rəbbin nə yaxşı” olduğunu görməliyik; bunu isə, Müqəddəs Kitabdan öyrəndiklərimizi həyatda tətbiq etməklə və bunun bizə gətirdiyi faydalar üzərində düşünməklə edə bilərik (Məzmur 34:8).
18. Allaha məqbul qorxu, Onun rəhbərliyinə həssas olmaqda bizə necə kömək edər?
18 Ürəyimizi Allahın rəhbərliyinə həssas edən daha bir xüsusiyyətə işarə edərək, Süleyman dedi: “Rəbdən qorx və şərdən ayrıl” (Süleymanın məsəlləri 3:7). Yehova qədim İsrail haqqında dedi: “Kaş ki, onlarda belə bir ürək olaydı, ta ki, özlərinə və əbədiyyən oğullarına yaxşılıq olsun deyə məndən qorxsunlar və daima əmrlərimin hamısını tutsunlar!” (Təsniyə 5:29). Allahdan qorxan kəslər Ona itaətli olurlar. Yehova, “ürəkləri onunla bütün olanlar uğrunda qüvvətli olduğunu” göstərir və Ona itaətsizlik edənləri cəzalandırır (2 Tarixlər 16:9). Gəlin bütün davranış, düşüncə və hisslərimizdə Allahı narazı salmaq qorxusunu əldə rəhbər tutaq.
“Rəbbi bütün ürəyinlə... sev”
19. Ürəyimizin Yehovanın nəsihətinə həssas olmasında məhəbbətin rolu nədən ibarətdir?
19 Ürəyimizin Yehovanın nəsihətinə həssas olmasında məhəbbətin rolu digər keyfiyyətlərdən daha böyükdür. Ürəyi Allaha məhəbbətlə coşan insan, Allaha nəyin xoş olub olmadığını öyrənməyə hazırdır (1 Yəhya 5:3). İsa dedi: “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev” (Matta 22:37). Gəlin, Allaha duyduğumuz məhəbbəti, Onun xeyirxah işləri üzərində düşünməklə, yaxın bir dostumuz kimi Onunla həmişə ünsiyyətdə olmaqla və Onun haqqında başqalarına söyləməklə, daha da gücləndirək.
20. Yehovaya məqbul ürəyə necə malik olmalı?
20 Beləliklə, yekunlaşdıraq: Yehovaya məqbul ürəyə malik olmaq üçün, Allahın Kəlamının daxili varlığımıza, yə’ni “ürəyin gizli insanına” tə’sir göstərməsinə yol vermək lazımdır. Müqəddəs Yazıları məqsədyönlü tərzdə öyrənmək və öyrəndiklərimiz üzərində minnətdarlıqla düşünmək vacibdir. Bunun ən yaxşı üsulu, ürəyi əvvəlcədən hazırlamaqdır - onu, qabaqcadan yaranmış yanlış fikirlərdən azad etmək və bizi öyrənməyə qabiliyyətli edən xüsusiyyətlə doldurmaq lazımdır. Yehovanın köməkliyi ilə, Ona məqbul ürəyə malik ola bilərik. Bəs belə ürəyi necə qorumalı?
[Haşiyə]
a Ad dəyişdirilib.
Siz necə cavab verərdiniz?
• Yehovanın sınadığı simvolik ürək nədir?
• Allahın Kəlamını ürəyimizə necə qoya bilərik?
• Ürəyimizi, Allahın Kəlamını öyrənməyə necə hazırlamalıyıq?
• Bu məqaləni öyrənmək sizi nəyə təşviq etdi?
[21-ci səhifədəki şəkil]
Davud, ruhani işlər üzərində minnətdarlıqla düşünürdü. Bəs sən?
[22-ci səhifədəki şəkillər]
Allahın Kəlamını öyrənməzdən qabaq, ürəyinizi buna hazırlayın.