Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/7 s. 12—16
  • Yehova itətkarlığınızı qiymətləndirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova itətkarlığınızı qiymətləndirir
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Hansı mə’nada ‘itaət etmək qurbandan daha yaxşıdır’?
  • Xəbərdaredici nümunə
  • Hər şeydə itaətkar olun
  • Məhəbbətdən irəli gələn itaətkarlıq
  • «İtaət etmək qurbandan... daha yaxşıdır»
    Gözətçi qülləsi 2011
  • İsrailin ilk padşahı
    Müqəddəs Kitab dünyasına səyahət
  • Şaul İsrailin birinci padşahı olur
    Müqəddəs Kitab hekayələri
  • «Birinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/7 s. 12—16

Yehova itətkarlığınızı qiymətləndirir

«Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin» (SÜLEYMANIN MƏSƏLLƏRİ 27:11).

1. Cəmiyyət hansı ruha yoluxub?

 İTAƏTSİZLİK və özbaşınalıq bütün dünyanı bürüyüb. Həvari Pavel bunun səbəbini Efesdəki məsihçilərə yazdığı məktubunda izah edir: «Bir zamanlar... bu dünyanın gedişinə, havadakı hakimiyyətin, yə’ni indi itaətsiz insanlarda fəal olan ruhun hökmranına uydunuz» (Efeslilərə 2:1, 2). Bəli, ‘havadakı hakimiyyətin hökmranı’ Şeytan İblis, demək olar ki, bütün dünyanı itaətsizlik ruhuna yoluxdurub. Elə birinci əsrdə də o bununla məşğul idi, Birinci Dünya müharibəsi zamanı göydən yerə atılandan bəri isə bu işdə daha da fəaldır (Vəhy 12:9).

2, 3. Nəyə görə Yehovaya itaət etməliyik?

2 Biz məsihçilərə isə aydındır ki, Yehova Allah ürəkdən gələn itaətkarlığımıza layiqdir, çünki O bizim Yaradanımız, həyatımızın mənbəyi, qayğıkeş Hökmdar və Xilaskarımızdır (Məzmur 148:5, 6; Həvarilərin işləri 4:24; Koloslulara 1:13; Vəhy 4:11). Musanın günlərində yaşayan israillilər onlara həyat verənin və qurtaranın Yehova olduğunu bilirdilər. Elə buna görə də Musa onlara demişdi: «Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin» (Qanunun təkrarı 5:32). Bəli, Yehova onların itaətkarlığına layiq idi. Ancaq İsrail xalqı tezliklə Hökmdarının itaətindən çıxdı.

3 Kainatın Yaradanına itaət etmək nə dərəcədə vacibdir? Bir dəfə Allah Şamuelə tapşırdı ki, «itaət etmək qurbandan... daha yaxşıdır» sözlərini Şaul padşaha çatdırsın (1 Şamuel 15:22, 23). Nəyə görə itaət etmək daha yaxşıdır?

Hansı mə’nada ‘itaət etmək qurbandan daha yaxşıdır’?

4. Yehovaya verə biləcəyimiz şey nədir?

4 Bir Yaradan kimi Yehova bizdə olan hər şeyin sahibidir. Belə olan halda Ona nə isə verə bilərikmi? Əlbəttə, özü də çox qiymətli bir şey. Aşağıdakı nəsihətdən bunun nə olduğunu görürük: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm» (Süleymanın məsəlləri 27:11). Yehovaya verə biləcəyimiz şey itaətkarlıqdır. Müxtəlif insanlar olsaq da, vəziyyətimiz bir-birindən fərqlənsə də, insanların sınaqlar qarşısında Yehovaya sadiq qalmayacağını söyləyən Şeytan İblisin məkrli iddialarına hər birimiz cavab verə bilərik. Üzərimizə necə də şərəfli iş düşüb!

5. İtaətsizlik Yaradana necə tə’sir edir? Nümunə çəkin.

5 Verdiyimiz qərarlar Yehova Allah üçün əhəmiyyətsiz deyil. İtaətsizlik göstərməyimiz Ona tə’sir edir. Kimsə səhv yol tutanda O kədərlənir (Məzmur 78:40, 41). Təsəvvür edin ki, şəkər xəstəliyi olan bir nəfər həkimin tə’yin etdiyi pəhrizə məhəl qoymayaraq, sağlamlığına ziyan olan yeməkləri yeyir. Qayğıkeş həkimin keçirdiyi hissləri təsəvvür etmək heç də çətin deyil. Əmin ola bilərik ki, insanlar Yehovanın itaətindən çıxanda O kədərlənir, çünki göstərdiyi yolla getməməyin nəyə gətirib çıxaracağını bilir.

6. Allaha itaətkar olmağa nə kömək edər?

6 Şəxsən biz necə itaətkar ola bilərik? Yaxşı olar ki, hər birimiz Süleyman padşah kimi dualarımızda Allahdan «itaətkar ürək» (YD) istəyək. O, belə ürəyi «yaxşı ilə pisi ayırd edib» israillilərə hökm etmək üçün diləyirdi (1 Padşahlar 3:9). İtaətsizliyin hökm sürdüyü dünyada yaxşı ilə pisi ayırd etmək üçün bizə də «itaətkar ürək» lazımdır. Ürəyimizin itaətkar olması üçün isə Yehova Allah məhəbbətlə bizi Öz Kəlamı, ədəbiyyatlar, məsihçi görüşləri və yığıncağın ağsaqqalları ilə tə’min edib. Bəs biz bunlardan tam faydalanırıqmı?

7. Yehova nə üçün itaətkarlığı qurbanlardan üstün tutur?

7 Unutmayın ki, Yehova qədimdə Öz xalqına itaətkarlığın heyvan qurbanlarından daha vacib olduğunu demişdi (Süleymanın məsəlləri 21:3, 27; Huşə 6:6; Matta 12:7). Əgər qurbanlar gətirməyi Yehovanın Özü əmr etmişdisə, onda nə üçün O, belə dedi? Qurban gətirənin niyyəti nədir: Allahı razı salmaq, yoxsa sadəcə dini ayini yerinə yetirmək? Əgər imanlı insan həqiqətən də Allahı razı salmaq istəyirsə, Onun bütün əmrlərinə tabe olacaq. Allahın heyvan qurbanlarına ehtiyacı yoxdur, Ona verə biləcəyimiz yeganə qiymətli şey itaətkarlığımızdır.

Xəbərdaredici nümunə

8. Nəyə görə Allah Şaulu padşah kimi rədd etdi?

8 Şaul padşahın əhvalatı itaətkarlığın nə dərəcədə vacib olduğunu göstərir. Şaul hakimiyyətə gələndə «öz gözündə kiçik», yə’ni təvazökar və sadə insan idi. Getdikcə isə onun qərarlarında məğrurluq və yanlış mülahizə özünü göstərməyə başladı (1 Şamuel 10:21, 22; 15:17). Bir dəfə Şaul filiştlilərlə döyüşməli idi. Şamuel peyğəmbər padşaha onu gözləməyi tapşırdı. O gəlib Yehovaya qurban kəsəcək və Şaula nə edəcəyini bildirəcəkdi. Ancaq Şamuel dediyi vaxtda gəlib çıxmadı və xalq dağılmağa başladı. Bunu görən Şaul yandırma qurbanını özü təqdim etdi. Onun hərəkəti Yehovanın xoşuna gəlmədi. Şamuel gəlib çıxanda padşah Yehovanın razılığını almaq üçün yandırma qurbanını təqdim etməyə ‘özünü məcbur etdiyini’ deyərək, itaətsizliyinə bəraət qazandırdı. Şaul padşah üçün qurbanı təqdim etmək Şamueli gözləmək tapşırığına qulaq asmaqdan daha vacib idi. Şamuel ona dedi: «Ağılsızlıq etdin, Allahın Rəbbin sənə verdiyi əmrə əməl etmədin». Yehovanın itaətindən çıxmaq Şaula padşahlığı bahasına başa gəldi (1 Şamuel 10:8; 13:5-13).

9. Şaul Allaha necə itaətsizlik göstərdi?

9 Padşah bundan özünə dərs götürdümü? Xeyr. Sonralar Yehova Şaula əvvəllər səbəbsiz yerə İsrailə hücum edən amaleqlilərin kökünü kəsməyi əmr etdi. Şaulun heç onların mal-qarasına da heyfi gəlməli deyildi. Onun itaəti ‘Şura çatana qədər Amaleqliləri qırmaqdan’ ibarət oldu. Şamuel Şaulu qarşılamağa çıxanda qələbə çaldığı üçün kefi yaxşı olan padşah dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, mən Rəbbin sözünə əməl etdim». Ancaq Şaul və adamları Allahın aydın göstərişlərinə zidd davranaraq Aqaq padşahı və ‘ən yaxşı qoyunları, öküzləri, kökəldilmiş heyvanları, quzuları və yaxşı şeylərin hamısını’ saxladı. Şaul itaətsizliyinə haqq qazandırmaq üçün dedi: «Xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb» (1 Şamuel 15:1-15).

10. Şaul nəyi dərk etmədi?

10 Şamuel padşaha dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır» (1 Şamuel 15:22). Yehova bütün bu heyvanların məhv edilməsinə qərar verdiyi üçün onlar qurban gətirilməyə yaramırdılar.

Hər şeydə itaətkar olun

11, 12. a) Allahı razı salmağa çalışanda O buna necə yanaşır? b) İnsan əslində Allaha itaətsizlik edə-edə Allahın iradəsini yerinə yetirdiyini düşünərək özünü necə aldada bilər?

11 Sadiq xidmətçilərinin tə’qiblər zamanı mətanətli qaldığını, insanların laqeydliyinə baxmayaraq, xoş xəbəri təbliğ etdiyini və güc-bəla ilə çörək pulu qazanmalı olsalar da, məsihçi görüşlərini buraxmadıqlarını görmək Yehovaya necə də xoşdur! Məsihçi həyatının bu vacib sahələrində Allaha itaətkar olmağımız Onun ürəyini sevindirir! Məhəbbətlə etdiyimiz xidməti Yehova qiymətləndirir. İnsanlar çəkdiyimiz zəhmətə məhəl qoymaya bilərlər, ancaq Allah ürəkdən etdiyimiz qurbanları görür və yadda saxlayır (Matta 6:4).

12 Allahı tam razı salmaq üçün həyatımızın bütün sahələrində Ona itaət etməliyik. «Onsuz da başqa sahələrdə Allahın dediyini edirəm, bə’zi şeylərdə öz bildiyimi etsəm də, olar» fikri ilə heç vaxt özümüzü aldatmamalıyıq. Məsələn, insan düşünə bilər ki, əgər o, Allah üçün nə isə edirsə, əxlaqsızlıq və digər günahlara yol versə, cəzasız qalacaq. Belə fikirləşmək necə də səhv olardı! (Qalatiyalılara 6:7, 8).

13. Yehovaya itaətkarlığımız tək olanda necə sınağa çəkilə bilər?

13 Buna görə də özümüzdən soruşa bilərik: «Gündəlik işlərdə, hətta şəxsi görünən məsələlərdə də Yehovaya itaət edirəmmi?» İsa demişdi: «Ən balaca bir işdə sadiq olan, böyük işdə də sadiqdir, lakin ən balaca bir işdə sadiq olmayan, böyük işdə də sadiq deyil» (Luka 16:10). ‘Evimizdə’ bizi heç kim görməyəndə nöqsansızlığımızı qoruyuruqmu? (Məzmur 101:2). Bəli, nöqsansızlığımız öz evimizdə də sınağa çəkilə bilər. Kompüterin hər evdə olduğu yerlərdə ədəbsiz şəkillərə baxmaq heç də çətin deyil. Bir neçə il bundan əvvəl belə şeyləri yalnız pis ad çıxarmış yerlərdə görmək olardı. Biz İsanın «bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» sözlərinə ciddi yanaşacağıqmı? Ədəbsiz şəkillərə baxmaqdan imtina edəcəyikmi? (Matta 5:28; Əyyub 31:1, 9, 10; Məzmur 119:37; Süleymanın məsəlləri 6:24, 25; Efeslilərə 5:3-5). Bəs zorakılıqla dolu verilişlər haqqında nə demək olar? Biz də ‘zorakılığı sevənə’ nifrət edən Allahımız kimi düşünürükmü? (Məzmur 11:5, KM). Yaxud tək qalanda həddindən artıq çox içki içmək necə? Müqəddəs Kitab sərxoşluğu mühakimə edir, eyni zamanda, məsihçiləri «şərab düşkünü» olmaqdan çəkindirir (Titusa 2:3; Luka 21:34, 35; 1 Timoteyə 3:3).

14. Pul məsələlərində Allaha tabe olduğumuzu necə göstərə bilərik?

14 Ayıq-sayıqlığı qorumalı olduğumuz digər sahə pul məsələləri ilə bağlıdır. Məsələn, tez varlanmaq üçün fırıldaqçılığa yaxın olan işlərə əl atacağıqmı? Vergilərdən yayınmağa meylliyikmi? Yoxsa vicdanla «hər adama haqqını verin: vergi isə vergini» əmrinə tabe oluruq? (Romalılara 13:7).

Məhəbbətdən irəli gələn itaətkarlıq

15. Siz nə üçün Yehovanın əmrlərinə tabe olursunuz?

15 Allahın öyüd-nəsihətinə qulaq asmaq xeyir-dua gətirir. Məsələn, əgər biz siqaret çəkmir, əxlaqi təmiz həyat sürür və qanın müqəddəsliyinə hörmət ediriksə, müəyyən xəstəliklərdən özümüzü qoruyacağıq. Bundan əlavə, həyatın başqa sahələrində Müqəddəs Kitaba uyğun davrananda dolanışığımızda, insanlarla münasibətdə və ailə həyatında bir çox problemlərdən qaçacağıq (Yeşaya 48:17). Bütün bunları Allahın qanunlarının praktiki olduğunu sübut edən xeyir-dualar kimi qiymətləndirmək olar. Ancaq Yehovaya Onu sevdiyimiz üçün itaət edirik. Biz Allaha xudbin niyyətlə ibadət etmirik (Əyyub 1:9-11; 2:4, 5). Kimə tabe olacağımızı seçməkdə Allah bizə azadlıq verib. Biz Yehovanı razı salmaq və düzgün yaşamaq istədiyimiz üçün Ona tabe olmağı seçirik (Romalılara 6:16, 17; 1 Yəhya 5:3).

16, 17. a) İsa Allaha məhəbbətlə tabe olduğunu necə göstərirdi? b) İsadan necə nümunə götürə bilərik?

16 İsa Yehovaya məhəbbətlə tabe olmaqda mükəmməl nümunə qoyub (Yəhya 8:28, 29). Yerdə olarkən İsa «çəkdiyi iztirablarla itaətli olmağı öyrəndi» (İbranilərə 5:8-10). Necə? O, ‘təvazökarlıq göstərdi və ölümədək itaətkarlıq etdi’ (Filipililərə 2:7, 8). İsa hələ göydə ikən itaətkar olsa da, onun itaətkarlığı sonralar yerdə də sınağa çəkildi. Əmin ola bilərik ki, İsa həm öz ruhani qardaşlarına, həm də iman gətirən başqa insanlara Baş Kahin kimi xidmət etmək üçün yaxşı hazırlanıb (İbranilərə 4:15; 1 Yəhya 2:1, 2).

17 Bəs biz? Biz isə Allahın iradəsinə tabe olmağı əsas tutaraq İsanı təqlid edə bilərik (1 Peter 2:21). Ətrafdakılar başqa cür davranmağımız üçün bizə təzyiq göstərəndə və ya özümüzdə belə meyl yarananda, məhəbbətdən irəli gələrək Yehovanın əmrlərinə tabe olarıqsa, məmnunluq duyacağıq (Romalılara 7:18-20). Biz, həmçinin həqiqi ibadətdə üzərinə məs’uliyyət düşən qardaşlara, qeyri-kamil olsalar da, həvəslə tabe olacağıq (İbranilərə 13:17). Şəxsi həyatımızda Yehovanın əmrlərinə tabe olmağımız Onun gözündə çox qiymətlidir.

18, 19. Allaha ürəkdən itaət etməyin bəhrəsi nə olur?

18 Yehovaya itaət etmək nöqsansızlığı qorumaq üçün tə’qiblərə tab gətirməyi də özünə daxil edir (Həvarilərin işləri 5:29). Yehovanın təbliğ edib şagirdlər hazırlamaq əmrinə itaət etməyimiz bu sistemin sonunadək dözməyi tələb edir (Matta 24:13, 14; 28:19, 20). Dünya çox güclü təzyiq göstərdiyindən qardaşlarımızla bir yerə toplaşmağa davam etmək üçün mətanətli olmalıyıq. Məhəbbətli Allahımız bu sahələrdə itaətkar olmaq üçün göstərdiyimiz bütün sə’ylərdən xəbərdardır. Lakin Allaha tam itaətkar olmaq üçün yaxşı şeylərə görə minnətdarlığımızı artırmaqla yanaşı, günahlı bədənimizlə mübarizə aparmalı və pislikdən üz döndərməliyik (Romalılara 12:9).

19 Yehovaya məhəbbətlə və minnətdarlıqla xidmət edərək Onu axtardığımız üçün O bizə «mükafat verir» (İbranilərə 11:6). Allaha məqbul qurban gətirmək həm vacibdir, həm də Ona xoşdur. Ancaq Yehovanın ən çox qiymətləndirdiyi məhəbbətdən irəli gələn tam itaətkarlıqdır (Süleymanın məsəlləri 3:1, 2).

Necə cavab verərdiniz?

• Nəyə görə demək olar ki, Yehovaya nə isə verə bilərik?

• Şaul hansı səhvlərə yol verdi?

• İtaətkarlığın qurbandan yaxşı olduğuna inandığını necə göstərə bilərsən?

• Səni Yehovaya itaət etməyə təşviq edən nədir?

[12-ci səhifədəki şəkil]

Qayğıkeş həkim xəstənin məsləhətə qulaq asmadığını görəndə hansı hissləri keçirərdi?

[14-cü səhifədəki şəkil]

Nəyə görə Şaul padşah Yehovanın lütfündən məhrum oldu?

[16-cı səhifədəki şəkil]

Evdə tək olanda Allahın əmrlərinə itaət edirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş