Ruha uyan düşüncəyə malik olun və yaşayın!
“Ruha uyan düşüncə... həyatdır” (ROMALILARA 8:6).
1, 2. Müqəddəs Kitabda “cismani təbiət” və “ruh” necə bir-birinə qarşı qoyulur?
CİSMANİ təbiətin arzularına yol verməyi üstün tutan pozğun bir cəmiyyətdə yaşayaraq, Allahın gözündə əxlaqi cəhətdən ləkəsiz qalmaq bir o qədər də asan deyil. Lakin Müqəddəs Yazılarda “cismani təbiət” və “ruh” bir-birinə qarşı qoyulur. Orada günahlı cismani təbiətin arzularının yedəyində yeriməyin dəhşətli nəticələri ilə Allahın müqəddəs ruhuna itaətkarlığın xeyir-dualanmış səmərələri arasında olan fərq aydın göstərilir.
2 Misal üçün, İsa Məsih belə demişdi: “Həyat verən ruhdur; cismani təbiət heç bir şeyə yaramaz; sizə söyləmiş olduğum sözlər ruhdur və həyatdır” (Yəhya 6:63). Həvari Pavel isə Qalatiyadakı məsihçilərə yazırdı: “Cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzu edir; onlar bir-birinə qarşı dururlar” (Qalatiyalılara 5:17). Pavel həmçinin dedi: “Öz cismani təbiəti üçün əkən, o təbiətdən ölüm biçəcəkdir; Ruh üçün əkən isə, Ruhdan əbədi həyat biçəcəkdir” (Qalatiyalılara 6:8).
3. Pis arzu və meyllərdən azad olmaq üçün vacib olan nədir?
3 Yeqovanın müqəddəs ruhunun — fəal qüvvəsinin köməkliyi sayəsində natəmiz “cismani ehtiraslardan” və günahlı bədənin zərərli hökmranlığından müvəffəqiyyətlə azad ola bilərik (1 Peter 2:11). Pis meyllərin köləliyindən azad olmaq üçün, Allahın ruhunun köməyinə malik olmaq son dərəcədə vacibdir, çünki Pavel növbəti sözləri yazmışdı: “Cismani təbiətə uyan düşüncə — ölüm, Ruha uyan düşüncə isə — həyat və sülhdür” (Romalılara 8:6). Ruhani düşüncəyə malik olmaq nə deməkdir?
“Ruha uyan düşüncə”
4. “Ruha uyan düşüncə” ifadəsi nə mə’na daşıyır?
4 “Ruha uyan düşüncə”lər haqqında yazarkən, Pavel “düşüncə tərzi... məqsəd, güclü istək, sə’y göstərmək” mə’nasını daşıyan yunan sözü istifadə etmişdir. Bu sözlə bağlı olan fe’l “düşünmək, müəyyən düşüncə tərzinə malik olmaq” mə’nasını daşıyır. Yə’ni ruha uyan düşüncəyə malik olmaq, Yeqovanın fəal qüvvəsinə tabe olub, onun tərəfindən hərəkətə gətirilmək mə’nasını verir. Bu göstərir ki, biz öz düşüncəmizi, vərdişlərimizi və məqsədlərimizi könüllü surətdə bütünlüklə Allahın müqəddəs ruhunun tə’sirinə tabe etdiririk.
5. Özümüzü müqəddəs ruhun tə’sirinə nə dərəcədə tabe etdirməliyik?
5 Müqəddəs ruhun tə’sirinə nə dərəcədə tabe olacağımızı, Pavel “ruhun... qul”ları olmaq barədə söz etməklə vurğulayır (Romalılara 7:6). Məsihçilər, İsanın fidiyə qurbanlığına olan imanlarına əsasən, günahın hökmranlığından azad oldular və beləliklə günah üçün “öldü”lər, yə’ni onun qulu olmağa son qoydular (Romalılara 6:2, 11). Məcazi mə’nada ölü olan bu insanlar həqiqi mə’nada yaşayırlar və “salehliyin qul”ları olaraq Məsihin ardınca getməkdə azaddırlar (Romalılara 6:18—20).
Böyük dəyişiklik
6. “Salehliyin qul”ları olan insanlar hansı dəyişikliyi hiss edirlər?
6 “Günahın qulları” olmağa son qoyaraq, “salehliyin qul”ları kimi Allaha xidmət etməyə başladıqları zaman, məsihçilər böyük dəyişiklik hiss edirlər. Bu dəyişikliyi hiss edən insanlar haqqında Pavel yazırdı: “Təmizləndiniz, təqdis olundunuz və Rəbbimiz İsa Məsihin adı ilə, Allahımızın Ruhu ilə bəraət qazandınız” (Romalılara 6:17, 18; 1 Korinflilərə 6:11).
7. Hər şeyə Yeqovanın gözü ilə baxmaq nə üçün vacibdir?
7 Belə təəccüb doğuracaq tərzdə dəyişilmək üçün, ilk növbədə hər bir şeyə Yeqovanın necə münasibət göstərdiyini öyrənmək lazımdır. Çox əsrlər bundan əvvəl məzmurçu Davud, səmimi qəlbdən Allaha yalvarırdı: “Ya RƏB, yollarını mənə bildir... Mənə həqiqətində yol göstər və mənə öyrət” (Məzmur 25:4, 5). Yeqova Davudu dinlədi. O, bizim dövrdə də xidmətçilərinin bu cür dualarına cavab verməyə hazırdır. Allahın yolları və həqiqəti pak və müqəddəs olduğu üçün, bizdə natəmiz cismani təbiətin arzularının yedəyində getməyə meyl yaranan zaman, onların üzərində düşünmək bizə kömək edəcəkdir.
Allahın Kəlamının vacib rolu
8. Müqəddəs Kitabı öyrənmək nə üçün son dərəcədə vacibdir?
8 Allahın Kəlamı olan Müqəddəs Kitab, Onun müqəddəs ruhunun tə’siri altında yazılıb. Buna görə də müqəddəs ruhun bizə tə’sir etməsinə yol vermək üçün, başqa işlərlə yanaşı, imkan daxilində Müqəddəs Kitabı hər gün oxumaq və öyrənmək son dərəcədə vacibdir (1 Korinflilərə 2:10, 11; Efeslilərə 5:18). Əgər zehnimizi və ürəyimizi Müqəddəs Kitabın həqiqətləri ilə doldurur və onun prinsiplərini mənimsəyiriksə, o zaman ruhaniliyimizə edilən hücumlara qarşı durmaq asan olacaqdır. Bəli, əxlaqsız şirnikdirmələr yaranan zaman Allahın ruhu, Müqəddəs Kitab “şəhadətlərini [“xatırlatmalarını”, YD]” və prinsiplərini yaddaşımızda canlandıracaq. Bu isə Onun iradəsinə uyğun davranmaq qətiyyətimizi möhkəmləndirəcəkdir (Məzmur 119:1, 2, 99; Yəhya 14:26). Bunun sayəsində isə biz yalana uymayacaq və pis yola ayaq basmayacağıq (2 Korinflilərə 11:3).
9. Müqəddəs Kitabı öyrənmək, Yeqova ilə olan münasibətimizi qorumaq qətiyyətimizi necə möhkəmləndirir?
9 Müqəddəs Kitabı ona əsaslanan nəşrlərin köməkliyi ilə ürəkdən və çalışqanlıqla öyrənərək, Allahın ruhunun ağlımıza və ürəyimizə tə’sir etməsinə imkan veririk, bu isə Yeqovanın normalarına olan hörmətimizi artırır. Allahla olan münasibətimiz bizim üçün həyatda ən vacib yeri tutmağa başlayır. Günah işlətmək həvəsi yarananda isə biz onun gətirəcəyi zövq barədə düşünməyəcəyik. Əksinə, bizi ilk növbədə Yeqovanın qarşısında nöqsansızlığımızı necə qoruyacağımız narahat edəcəkdir. Əgər biz Onunla olan münasibətimizi yüksək dərəcədə qiymətləndiririksə, bu münasibəti pozacaq və ya tamamilə məhv edəcək hər hansı həvəsə qarşı mübarizə aparmağa təşviq olunacağıq.
“Şəriətini nə qədər sevirəm!”
10. Ruha uyan düşüncəyə malik olaraq, Allahın qanununa itaətkarlıq göstərmək nəyə görə vacibdir?
10 Ruha uyan düşüncəyə malik olmaq üçün, Allahın Kəlamını sadəcə olaraq bilmək kifayət deyil. Süleyman padşah Yeqovanın normalarını yaxşı başa düşürdü, lakin yenə də həyatının sonuna yaxın onlardan üz döndərdi (1 Krallar 4:29, 30; 11:1—6). Əgər ruhani əhval-ruhiyyəyə malikiksə, onda biz nəinki Müqəddəs Kitabın dediklərini bilməyin, həmçinin Allahın qanunlarına səmimi qəlbdən itaət etməyin vacibliyini də başa düşəcəyik. Bunun üçün Yeqovanın normalarını vicdanla öyrənmək və onlara sə’ylə riayət etməyə çalışmaq lazımdır. Məzmurçu məhz bu cür əhval-ruhiyyəyə malik idi. O oxuyurdu: “Şəriətini nə qədər sevirəm! Bütün gün düşüncəm odur” (Məzmur 119:97). Əgər biz həqiqətən də, Allahın qanununa riayət etmək istəyiriksə, onda Ona məqbul xüsusiyyətləri təzahür etdirməyə təşviq olunarıq (Efeslilərə 5:1, 2). Biz, düzgün olmayan arzuların aciz qurbanları deyilik — biz ruhun səmərələrini təzahür etdiririk, Yeqovaya məqbul olmaq arzusu isə bizi “cismani təbiətin” pis əməllərindən qoruyur (Qalatiyalılara 5:16, 19—23; Məzmur 15:1, 2).
11. Yeqovanın, cinsi əxlaqsızlığı qadağan edən qanununun bizim üçün hansı tərzdə müdafiə kimi xidmət etdiyini izah edin.
11 Yeqovanın qanunlarına dərin məhəbbət və hörməti necə inkişaf etdirmək olar? Bunu etməyin üsullarından biri, onların dəyəri üzərində dərindən düşünməkdir. Misal üçün, cinsi əlaqəni nikahla məhdudlaşdıran, cinsi əxlaqsızlığı və zina etməyi qadağan edən qanunu götürək (İbranilərə 13:4). Bu qanuna tabe olmaqla biz nə isə itiririkmi? Sevən səmavi Atamız bizi faydalı bir şeydən məhrum edəcək qanun verərmi? Əlbəttə, yox! Yeqovanın əxlaq normalarına riayət etməyən bir çox insanların həyatlarında nə baş verir? Arzu edilməz hamiləliklər çox vaxt aborta, yaxud erkən və xoşbəxt olmayan nikaha gətirib çıxarır. Çoxları uşaqlarını tənha böyütməyə məcburdurlar. Bundan əlavə, cinsi əxlaqsızlıqla məşğul olanlar üçün cinsi yolla yoluxan xəstəliklərə tutulmaq təhlükəsi var (1 Korinflilərə 6:18). Əgər cinsi əxlaqsızlığa Yeqovanın xidmətçisi yol verərsə, bu ona emosional zərbə vuracaqdır. Vicdan əzabını boğmağa çalışaraq, o, gecələr yatmaya və ürək ağrıları keçirə bilər (Məzmur 32:3, 4; 51:3). Yeqovanın, cinsi əxlaqsızlığı qadağan edən qanununun bizim üçün müdafiə kimi xidmət etməsi aydın deyilmi? Bəli, mə’nəvi təmizliyi qorumaq— böyük səadətdir!
Yeqovadan kömək diləyin
12, 13. Günahlı arzular bizi tə’qib edən zaman dua etmək nə üçün münasibdir?
12 Ruha uyan düşüncəyə malik olmaq üçün, sözsüz ki, ürəkdən dua etmək lazımdır. Allahın ruhunun köməyini diləmək tamamilə münasibdir, çünki İsa demişdi: “Madəm ki, siz... öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!” (Luka 11:13). Zəifliyimizlə apardığımız mübarizədə ruhun bizim üçün nə dərəcədə vacib olduğunu dualarımızda söyləyə bilərik (Romalılara 8:26, 27). Əgər günahlı istəklərimizin və pis meyllərimizin tə’siri altına düşdüyümüzü dərk ediriksə, yaxud həmimanlımız diqqətimizi qayğıkeşliklə buna yönəldirsə, dualarımızda bu problem haqqında konkret olaraq söyləmək və bu meyllərin öhdəsindən gəlməkdə Allahdan kömək diləmək düzgün olardı.
13 Yeqova, diqqətimizi ədalətli, pak, yaxşı, tə’rifə layiq şeylərə cəmləşdirməkdə kömək edəcəkdir. “Allahın... sülhü”nün ürəyimizi və zehnimizi qorumasını Ondan diləmək necə də düzgündür! (Filipililərə 4:6—8). Gəlin, Allahdan “salehlik, Allah yoluna bağlılıq, iman, məhəbbət, təhəmmül, həlimlik yolunu izlə”məkdə bizə kömək etməsini xahiş edək! (1 Timoteyə 6:11—14). Səmavi Atamızın köməkliyi sayəsində, təhlükələr və şirnikdirici tə’sirlər nəzarət altından çıxacaq dərəcədə güclü olmayacaqdır. Əksinə, bizi həyatda Allahın bəxş etdiyi rahatlıq müşayiət edəcəkdir.
Ruhu kədərləndirməyin
14. Hansı mə’nada Allahın ruhu bizi paklığa can atmağa təşviq edir?
14 Yetkin məsihçilər, Pavelin “ruhu söndürməyin” məsləhətini özlərinə tətbiq edirlər (1 Saloniklilərə 5:19). Allahın ruhu — “qüdsiyyət ruhu” olduğu üçün, hər cəhətdən pakdır və müqəddəsdir (Romalılara 1:4). Buna görə də həmin ruh bizə tə’sir etməyə başladığı zaman, müqəddəsliyə, yə’ni paklığa can atmağa təşviq edir. O bizə, Allaha itaətkarlıqla fərqlənən təmiz həyat sürməkdə kömək edir (1 Peter 1:2). Hər hansı natəmiz hərəkət Allahın ruhuna qarşı e’tinasızlıq deməkdir, bu isə faciəvi nəticələrə gətirib çıxara bilər. Necə?
15, 16. a) Biz Allahın ruhunu necə kədərləndirə bilərik? b) Yeqovanın ruhunu kədərləndirməmək üçün nə etməliyik?
15 Pavel yazırdı: “Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Xilas günü üçün o Ruhla möhürləndiniz” (Efeslilərə 4:30). Yeqovanın ruhu, Müqəddəs Yazılarda möhürlə müqayisə olunur və sadiq məsh edilmiş məsihçilərin gözlədikləri — “gözlənilən şeyə zəmanət” adlandırılır. Söhbət, onların göydə yaşayacaqlarından və ölməzliyi miras alacaqlarından gedir (2 Korinflilərə 1:22, YD; 1 Korinflilərə 15:50—57; Vəhy 2:10). Allahın ruhunun rəhbərliyi sayəsində məsh edilmişlər və onların yer ümidi olan yoldaşları öz sədaqətlərini qoruya və günahlı işlərdən qaçına bilərlər.
16 Həvari, məsihçiləri yalana, oğurluğa, utanılacaq davranışa və sairə işlərə olan meyllərə qarşı xəbərdar etdi. Əgər özümüzə bu cür işlərə meyl etməyə izin versəydik, Allahın Kəlamının ilhamlanmış öyüdlərinə zidd davranmış olardıq (Efeslilərə 4:17—29; 5:1—5). Bununla biz, Allahın ruhunu müəyyən dərəcədə kədərləndirmiş olardıq, bunu isə sözsüz ki, istəmirik. Başqa sözlərlə desək, Yeqovanın Kəlamının məsləhətlərinə göstərilən hər hansı e’tinasızlıq, bilərəkdən işlədilən günaha və Onun lütfünün tamamilə itirilməsinə gətirib çıxaran nöqteyi-nəzərlərin və xüsusiyyətlərin inkişafına atılan ilk addım ola bilər (İbranilərə 6:4—6). Əgər biz hal-hazırda günah işlətməsək də, ola bilsin ki, günaha aparan yolda dururuq. Ruhun rəhbərliyinə zidd davranmağa davam edərək, biz onu kədərləndiririk. Bundan əlavə biz, müqəddəs ruhun mənbəyi olan Yeqovanın özünə müqavimət göstərir və Onu kədərləndiririk. Allahı sevən bizlər, bunu əsla istəmirik. Gəlin, Yeqovanın ruhunu kədərləndirməmək və bundan sonra da ruhani dəyərlər haqqında düşünərək, müqəddəs adına izzət gətirmək üçün duada Ondan kömək diləyək!
Ruha uyan düşüncəni qoruyun
17. Qarşımıza hansı ruhani məqəsdləri qoya bilərik və onlara nail olmağa sə’y göstərmək nə üçün müdriklikdir?
17 Ruha uyan düşüncəyə malik olmağın üsullarından biri — qarşımıza ruhani məqsədlər qoymaq və onlara nail olmaq üçün sə’y göstərməkdir. Tələbat və şəraitlərimizdən asılı olaraq qarşımıza — öyrənməyə daha çox vaxt həsr etmək, onun keyfiyyətini yaxşılaşdırmaq, təbliğ fəaliyyətində daha artıq iştirak etmək kimi məqsədlər qoya bilərik. Yaxud xüsusi xidmət növlərindən birinə: ümumi pionerliyə, missionerliyə və ya Beyt-eldə xidmət etməyə sə’y göstərə bilərik. Onda bizim zehnimiz ruhani mənafelərlə məşğul olacaq və biz insan zəifliklərinə asanlıqla müqavimət göstərə biləcəyik. Biz, tamahkar məqsədlərə can atmağın və Müqəddəs Kitaba zidd, bu əşyalar sistemindəki insanlara isə xas olan arzuların yedəyində yeriməyin şirnikdirici tə’siri altına düşməyəcəyik. Ruhani məqsədlərə nail olmağa sə’y göstərmək müdriklikdir, çünki İsa təşviq edirdi: “Yer üzündə özünüzə xəzinələr yığmayın; orada güvə və pas onları məhv edər; və orada oğrular girər və oğurlarlar. Lakin özünüzə göydə xəzinələr yığın ki, orada nə güvə, nə pas məhv edər və nə oğrular oraya girərlər, nə də oğurlarlar. Çünki xəzinəniz haradasa, ürəyiniz də orada olacaqdır” (Matta 6:19—21).
18. Axır günlərdə ruha uyan düşüncəni qorumaq nə üçün vacibdir?
18 Bu “axır günlərdə” ruha uyan düşüncəyə malik olmaq və dünyəvi arzuları boğmaq — ən müdrik davranış tərzidir (2 Timoteyə 3:1—5). Çünki “dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:15—17). Əgər gənc məsihçi tammüddətli xidmətə can atırsa, bu məqsəd gəncliyinin çətin illərində və yetkinlik həyatının başlanğıcında onun üçün mayak olacaqdır. Kim isə onu yoldan çıxarmağa cəhd göstərəndə, o, Yeqovaya xidmətdə nəyə nail olmaq istədiyini aydın şəkildə təsəvvür edəcək. Belə insan ruhani məqsədləri maddi məqsədlərə və ya günahlı zövqlərə dəyişməyin ağılsızlıq, hətta səfehlik olduğunu düşünəcəkdir. Xatırlayın: ruhani əhval-ruhiyyəyə malik olan Musa “günah ilə müvəqqəti olaraq zövq almaqdansa, Allahın xalqı ilə əzab çəkməyi tərcih etdi” (İbranilərə 11:24, 25). Gənc olub-olmadığımıza baxmayaraq, əgər cismani yox, ruhani dəyərlər barədə düşünürüksə, onda biz də bu cür davranacağıq.
19. Ruha uyan düşüncəyə malik olmaq bizə nə verəcəkdir?
19 “Cismani təbiətə uyan düşüncə Allaha qarşı düşmənçilik”, “Ruha uyan düşüncə isə — həyat və sülhdür” (Romalılara 8:6, 7). Ruha uyan düşüncəni qorumaqla qiymətli sülhə sahib olacağıq. Ürəyimiz və zehnimiz, günahlı vəziyyətimizin tə’sirindən daha yaxşı müdafiə olunacaq. Günah işlətmək meylinə daha yaxşı müqavimət göstərə biləcəyik. Və Allah, cismani təbiətlə ruh arasında gedən fasiləsiz mübarizədə bizə kömək edəcəkdir.
20. Cismani təbiətlə ruh arasındakı mübarizədə qələbə qazanmağın mümkün olduğuna necə əmin olmaq olar?
20 Ruha uyan düşüncəni qorumaqla biz həyatın və müqəddəs ruhun mənbəyi olan Yeqova ilə həyati vacib əlaqəni qorumuş oluruq (Məzmur 36:9; 51:11). Şeytan İblis və onun qulları, Yeqova Allahla münasibətimizi pozmaq üçün əllərindən gələni edirlər. Onlar bizim zehnimizə sahib olmağa çalışırlar, çünki bunun əvvəl-axır Allahla düşmənçiliyə və ölümə gətirib çıxaracağını bilirlər. Buna baxmayaraq, biz cismani təbiətlə ruh arasında baş verən mübarizədə qələbə qazana bilərik. Pavel öz təcrübəsində buna əmin oldu. Öz mübarizəsini təsvir edərək, o soruşur: “Ölümə aparan bu bədəndən məni kim xilas edəcək?” Və sonra xilasın mümkün olduğunu göstərərək, ucadan deyir: “Rəbbimiz İsa Məsih vasitəsi ilə Allaha şükür edirəm!” (Romalılara 7:21—25). Əbədi həyat ümidinə sahib olaraq, insan zəifliklərinin öhdəsindən gəlmək və ruha uyan düşüncəyə malik olmaq üçün, göstərdiyi köməyə görə, İsa Məsih vasitəsilə Allaha minnətdarlığımızı bildirməyə bizim də səbəbimiz var (Romalılara 6:23).
Xatırlayırsınızmı?
• Ruha uyan düşüncələr nədir?
• Yeqovanın ruhunun bizə tə’sir etməsinə necə izin verə bilərik?
• Günahla mübarizə apararkən Müqəddəs Kitabı öyrənməyin, Yeqovanın qanununa itaət etməyin və dua etməyin nə üçün vacib olduğunu izah edin.
• Həyata aparan yolda qalmaq üçün ruhani məqsədlər bizə necə kömək edəcəkdir?
[14-cü səhifədəki şəkil]
Müqəddəs Kitabın öyrənilməsi, ruhaniliyimizə edilən hücumlara davam gətirməkdə kömək edir.
[15-ci səhifədəki şəkil]
Günahlı arzuların öhdəsindən gəlmək üçün Yeqovadan kömək diləmək münasibdir.
[16-cı səhifədəki şəkillər]
Ruhani məqsədlər — ruha uyan düşüncəni qorumaqda bizə kömək edəcəkdir.