DƏRS 33
Nəzakətli, eyni zamanda qətiyyətli ol
NƏZAKƏT insanlarla münasibətdə lazımsız yerə onların hissinə toxunmamaq qabiliyyətidir. Bu o deməkdir ki, insan sözü necə və nə vaxt deməyi bilir. Bu, düzgün prinsipləri pozmaq və ya həqiqəti təhrif etmək mənasını daşımır. Nəzakəti insan qorxusu ilə qarışdırmaq olmaz (Sül. məs. 29:25).
Ruhun səmərəsi nəzakətli olmaq üçün ən gözəl təməldir. Beləliklə, ürəyində məhəbbət olan insan başqalarını əsəbiləşdirmək istəməz, əksinə, çalışar ki, onlara kömək etsin. Xeyirxah və həlim insan başqaları ilə mülayim davranır. Sülhpərvər adam insanlarla yaxşı münasibətləri qorumaq üçün əlindən gələni edir. Səbirli insan onunla kobud davransalar belə, özündən çıxmır (Qalat. 5:22, 23).
Ancaq Müqəddəs Kitab xəbərini necə təqdim ediriksə edək, bəzi insanlar yenə də narazı qalırlar. Birinci əsrdəki yəhudilərin əksəriyyətinin qəlbi qara olduğundan İsa Məsih onlar üçün «maneə və büdrəmə daşı oldu» (1 Pet. 2:7, 8). İsa Padşahlığı təbliğ etməsi ilə bağlı belə demişdi: «Mən dünyaya od yağdırmağa gəldim» (Luka 12:49). Özünə Yaradanın hakimiyyətini qəbul etmək çağırışını daxil edən Yehovanın Padşahlığı haqqında xəbər bəşəriyyətin bu günədək üzləşdiyi ən vacib məsələ olaraq qalır. Allahın Padşahlığının tezliklə bu pis sistemi məhv edəcəyi fikri çoxlarına xoş gəlmir. Buna rəğmən, biz Allaha itaət edərək təbliğ etməyə davam edirik. Bunu etməklə yanaşı, Müqəddəs Kitab məsləhətini də yaddan çıxarmırıq: «Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun» (Rom. 12:18).
Təbliğ edərkən nəzakətli ol. İmanımız haqqında başqalarına müxtəlif vəziyyətlərdə danışırıq. Düzdür, bunu əsasən xidmət zamanı etsək də, qohumlarımızla, iş və ya məktəb yoldaşlarımızla olanda da bu haqda söhbət etmək üçün hər fürsətdən istifadə edirik. Hər bir vəziyyətdə nəzakətli olmaq lazımdır.
Əgər Padşahlıq xəbərini moizə oxuyurmuş kimi çatdırarıqsa, bu, insanların acığına gələ bilər. Kömək istəməyəndə və ya köməyə ehtiyacı olduğunu düşünməyəndə üstüörtülü verilən nəsihət həmsöhbətimizin xoşuna gəlməyə bilər. İnsanlarda bizim haqqımızda yanlış təəssüratın yaranmaması üçün necə davranmalıyıq? Mehribanlıqla söhbət etmək bacarığına yiyələnməyin köməyi dəyə bilər.
Çalış insanı maraqlandıran mövzu əsasında söhbətə başla. Əgər bu insan qohumun, həmkarın və ya məktəb yoldaşındırsa, ola bilsin, ona nəyin maraqlı olduğunu artıq bilirsən. İlk dəfə rastlaşdığın insanla isə xəbərlərdən eşitdiyin və ya qəzetdən oxuduğun nəyi isə bölüşə bilərsən. Adətən bu cür mövzular əksər insanları narahat edir. Evdən-evə təbliğ edərkən diqqətli ol. Evdəki və avtomobildəki bəzək əşyaları, həyətdəki oyuncaqlar, dini əşyalar evin sakinlərini maraqlandıran şeylər haqqında nə isə deyə bilər. Ev sahibi qapıya çıxıb səninlə danışanda ona qulaq as. Dedikləri onun haqqında gəldiyin qənaəti ya təsdiq, ya da təkzib edəcək və şahidlik edərkən nəyi nəzərə almalı olduğunu müəyyən etməyə kömək edəcək.
Söhbət əsnasında Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatdan mövzuya aid olan fikirləri bölüş. Ancaq təkcə sən danışma (Vaiz 3:7). Əgər istəyirsə, yol ver ki, ev sahibi fikrini bildirsin. Onun nöqteyi-nəzəri və baxışları ilə maraqlan. Bütün bunlar sənə insanla nəzakətlə davranmaq üçün nəyi nəzərə almalı olduğunu bilməyə kömək edəcək.
Nə isə deməzdən əvvəl sözlərinin həmsöhbətində hansı təəssüratı oyadacağı haqda düşün. Süleymanın məsəlləri 12:8 ayəsində ‘ağıllı sözlər’ təriflənir. Yeni Dünya tərcüməsində «ağıllı ağız» kimi tərcümə olunan bu ibrani ifadəsi dərrakə və ehtiyatlılıq kimi anlayışlarla əlaqəlidir. Deməli, müdrik davranmaq istəyən ağıllı insan vəziyyəti ölçüb-biçərək ehtiyatla danışacaq. Həmin fəslin 18-ci ayəsi bizi ‘qılınc kimi yaralamamaq üçün düşünmədən danışmaqdan’ çəkindirir. Müqəddəs Kitab həqiqətini başqalarının hisslərinə toxunmadan da müdafiə etmək mümkündür.
Sadəcə sözləri uzaqgörənliklə seçmək söhbətin yarımçıq qalmamasına kömək edə bilər. Əgər «İncil» sözü insanda narazılıq yaradırsa, onda «Müqəddəs Kitab», «Müqəddəs Yazılar» və ya «hal hazırda 2 000-dən çox dildə nəşr edilən kitab» ifadəsindən istifadə edə bilərsən. Müqəddəs Kitaba istinad edərkən həmsöhbətinin onun haqqında nə düşündüyünü soruşmaq və sonra söhbəti davam etdirərkən onun fikrini nəzərə almaq olar.
Nəzakətli olmaq çox vaxt özünə sözü yerində deməyi daxil edir (Sül. məs. 25:11). Ola bilər ki, sən qarşındakı insanın dediyi hər şeylə razı deyilsən, amma onun Müqəddəs Yazılara uyğun gəlməyən hər fikrini təkzib etmək lazım deyil. Ev sahibinə hər şeyi bir dəfəyə danışmağa çalışma. İsa şagirdlərinə demişdi: «Sizə söyləyəcək daha çox sözlərim var; amma indi bunlar sizdə sığmaz» (Yəh. 16:12).
Fürsət düşəndə həmsöhbətini səmimi təriflə. Hətta ev sahibi mübahisə etməyə meyilli olsa da, özünün şəxsi fikri olduğu üçün onu tərifləmək olar. Həvari Pavel Afinadakı Areopaqda filosoflarla söhbət edərkən bu cür davranmışdı. Filosoflar ‘onunla mübahisə edirdilər’. Pavel fikirlərini onların hisslərinə toxunmadan necə çatdıra bildi? Bir az əvvəl Pavel onların öz allahlarına çoxlu qurbangahlar tikdiyini görmüşdü. Afinalıları bütlərə ibadət etdiklərinə görə mühakimə etmək əvəzinə, nəzakətli davranıb dindarlıqlarına görə onları təriflədi. O dedi: «Mən sizi hər cəhətdən çox dindar görürəm». Bu cür yanaşma tərzi onun üçün həqiqi Allah haqqında danışmağa şərait yaratdı. Nəticədə onlardan bəziləri imana gəldi (Həv. iş. 17:18, 22, 34).
Etirazla üzləşəndə kəskin reaksiya vermə. Təmkinli ol. Vəziyyətə insanın düşüncə tərzini öyrənmək imkanı kimi bax. Öz fikirlərini bildirdiyinə görə ona təşəkkür etmək olar. Bəs o, sərt şəkildə: «Mənim öz dinim var» desə, onda necə? Nəzakətlə soruşa bilərsən: «Siz həmişə dindar olmusunuz?» Onun cavabından sonra növbəti sualı ver: «Necə düşünürsüz, nə vaxtsa bütün bəşəriyyət bir din altında birləşəcəkmi?» Bu, söhbəti davam etdirməyə yol aça bilər.
Özümüz haqda düzgün fikirdə olmaq nəzakətli davranmağımıza kömək edəcək. Biz Yehovanın yollarının doğruluğuna və Onun Kəlamının həqiqət olduğuna ürəkdən inanırıq. Buna görə də bunlar haqqında tam əminliklə danışırıq. Lakin özümüzü başqalarından saleh saymaq üçün heç bir əsasımız yoxdur (Vaiz 7:15, 16). Biz həqiqəti bildiyimizə və Yehovadan xeyir-dua aldığımıza görə minnətdarıq, eyni zamanda yaxşı başa düşürük ki, Yehovanın razılığını saleh olduğumuz üçün deyil, Onun lütfünün və İsaya iman etməyimizin sayəsində qazanırıq (Efes. 2:8, 9). İman yolunda olub-olmadığımızı yoxlamağın və özümüzü imtahan etməyin lazım olduğunu anlayırıq (2 Kor. 13:5). Beləliklə, insanlarla Allahın tələblərinə uyğun yaşamağın vacibliyi haqqında danışanda, təvazökarlıq göstərərək Müqəddəs Kitabdakı məsləhətləri özümüzə də aid etməliyik. İnsanları mühakimə etmək bizim işimiz deyil. Yehova «bütün hökmü Oğula vermişdir» və hər birimiz onun hökm kürsüsü önündə duraraq etdiklərimizə görə ona hesabat verəcəyik (Yəh. 5:22; 2 Kor. 5:10).
Ailəmizlə və həmimanlılarımızla. Biz təkcə xidmətdə nəzakətli olmamalıyıq. Nəzakət Allahın ruhunun səmərəsi ilə sıx bağlı olduğundan evdə ailə üzvlərimizlə də nəzakətlə davranmalıyıq. Məhəbbət bizi başqalarının hisslərini nəzərə almağa təşviq edəcək. Mələkə Esterin əri Yehovanın xidmətçisi deyildi, buna baxmayaraq, Yehovanın xalqına aid məsələni ona danışanda Ester hörmətlə və son dərəcə uzaqgörənliklə davrandı (Ester 3-8 fəs.) Bəzi hallarda məsihçi olmayan ailə üzvlərimizlə nəzakətlə davranmaq etiqadlarımızı sözlə izah etməkdən çox, hərəkətlərimizlə onlarda həqiqət haqqında xoş təəssürat oyatmağı özünə daxil edir (1 Pet. 3:1, 2).
Eynilə, yığıncaqdakı həmimanlıları yaxşı tanımağımız danışığımıza fikir verməməyə, onlarla kobud olmağa əsas vermir. Ruhani cəhətdən yetkin olduqları üçün onlara heç nə olmayacağını düşünmək düzgün olmazdı. «Neyləyim, mən də belə insanam» deyərək özümüzə haqq qazandırmamalıyıq. Əgər həmişə sözümüzlə və ya hərəkətimizlə başqalarının xətrinə dəydiyimizi hiss ediriksə, dəyişməyi qarşımıza məqsəd qoymalıyıq. ‘Bir-birimizə olan coşğun məhəbbətimiz’ bizi ‘imanlılar ailəsinə yaxşılıq etməyə’ təşviq etməlidir (1 Pet. 4:8, 15; Qalat. 6:10).
Auditoriyaya müraciət edərkən. Kürsüdən çıxış edəndə də nəzakətli olmalıyıq. Dinləyicilər müxtəlif mənşəli, həmçinin həyat şəraiti bir-birindən fərqlənən insanlardır. Onlar ruhani inkişafın ayrı-ayrı mərhələsindədirlər. Ola bilsin, bəziləri Padşahlıq Zalına birinci dəfə gəlir. Bəlkə də, kimsə natiqin xəbərsiz olduğu çətin anları yaşayır. Natiqə dinləyicilərin hisslərinə toxuna biləcək sözlərdən qaçınmağa nə kömək edər?
Pavelin Titusa verdiyi məsləhətə müvafiq olaraq ‘heç kimə iftira atmamağı, mülayim olub, bütün insanlara tam həlimlik göstərməyi’ qarşına məqsəd qoy (Tit. 3:2). Başqa irqdən, millətdən olan və ya fərqli dildə danışan insanları alçaldan sözlərdən istifadə edərək bu dünyanı təqlid etmə (Vəhy 7:9, 10). Yehovanın tələblərini çəkinmədən söylə, onlara riayət etməyin müdrik hərəkət olduğunu göstər, lakin Yehovanın yolları ilə tam yeriməyənlərə alçaldıcı sözlər demə. Bunun əvəzinə hamını Allahın iradəsini dərk etməyə və Onu razı salan işləri görməyə təşviq et. Verdiyin məsləhətə xoş və səmimi tərif sözləri qat. Qoy hamımızın bir-birimizə qarşı duymalı olduğumuz qardaş məhəbbəti sözlərində və səsinin tonunda öz əksini tapsın (1 Salon. 4:1-12; 1 Pet. 3:8).