ON İKİNCİ FƏSİL
Ailəyə zərər gətirən problemlərin öhdəsindən gələ bilərsiniz
1. Bə’zi ailələrdə hansı gizli problemlər mövcuddur?
KÖHNƏ bir maşın yenicə yuyulub və pardaqlanıb. Yoldan ötənlər üçün par–par parıldayır, demək olar ki, yeni kimi görünür. Lakin zahiri parlaqlıq altında məhvedici pas maşının gövdəsini yeyir. Buna bənzər şeylər bə’zi ailələrdə də baş verir. Kənardan hər şey öz qaydasında imiş kimi görünsə də, üzlərdəki təbəssüm arxasında qorxu və iztirab hissləri gizlənir. Evin bağlı qapısı arxasında nə isə məhvedici bir şey ailənin əmin–amanlığını parçalayır. Ailəyə bu cür tə’sir göstərə bilən iki problem — içki düşkünlüyü və zorakılıqdır.
İÇKİ DÜŞKÜNLÜYÜNÜN GƏTİRDİYİ İZTİRABLAR
2. a) Spirtli içkilərdən istifadə etməyə dair Müqəddəs Kitabın nöqteyi–nəzəri necədir? b) İçki düşkünlüyü nədir?
2 Müqəddəs Kitab, spirtli içkilərdən tarazlığı qoruyaraq istifadə etməyi deyil, sərxoşluğu mühakimə edir (Süleymanın məsəlləri 23:20, 21; 1 Korinflilərə 6:9, 10; 1 Timoteyə 5:23; Titusa 2:2, 3). İçki düşkünlüyü isə — sadəcə sərxoş olmaq deyil, spirtli içkilərə olan daimi həvəs və onlardan istifadə etmənin üzərində nəzarəti itirmək deməkdir. Təəssüflər olsun ki, böyüklər kimi, uşaqlar da içki düşkünü ola bilirlər.
3, 4. Ərin içki düşkünü olması, onun arvadına və uşaqlarına necə tə’sir göstərir?
3 Çox illər öncə Müqəddəs Kitabda göstərilmişdir ki, spirtli içkilərdən sui–istifadə etmək ailənin əmin– amanlığını parçalayır (Təsniyə 21:18–21). İçki düşkünlüyünün zərərli tə’sirini bütün ailə hiss edir. Arvad bütün qüvvəsini, içki düşkünü olan ərinin içməsinə son qoymaq və onun xoşagəlməz hərəkətlərinin öhdəsindən gəlmək üçün sərf edə biləra. O, spirtli içkiləri gizlətməyə, atmağa, ərinin pulunu götürüb gizlətməyə, onda ailəyə, həyata, hətta Allaha məhəbbət hissi oyatmağa çalışır, lakin içki düşkünü içməyinə davam edir. Ərinin içməsinə son qoymaq üçün sərf etdiyi bütün qüvvənin əbəs olduğunu görən arvad, ruhdan düşür və özünü heç nəyə yaramayan şəxs kimi hiss edir. Ola bilsin, qorxu, qəzəb, təqsirkarlıq, əsəbilik, həyəcan və özünə qarşı hörmətsizlik hissi ona əzab verməyə başlayır.
4 Valideynlərindən birinin içki düşkünü olması uşaqlara da tə’sir göstərir. Onlardan bə’ziləri ilə amansızcasına davranırlar. Başqaları cinsi təcavüzə mə’ruz qalırlar. Valideynlərindən birinin içki düşkünü olmasına görə uşaqlar, hətta özlərini günahlandıra da bilərlər. Çox vaxt içki düşkününün zidd davranışlarına görə, uşaqlar başqalarına olan e’tibarlarını itirirlər. Uşaqlar, evlərində baş verənlər haqqında danışmağa utandıqları üçün, öz hisslərini boğmağa vərdiş edirlər və çox vaxt bu onların sağlamlığına pis tə’sir göstərir (Süleymanın məsəlləri 17:22). Belə uşaqlar, hətta böyüdükdən sonra da özlərinə olan əminlik və hörmət hissinin çatışmazlığından əzab çəkə bilərlər.
AİLƏ NƏ EDƏ BİLƏR?
5. İçki düşkünlüyünün öhdəsindən gəlmək necə mümkündür, amma nəyə görə çətindir?
5 Bir çox görkəmli mütəxəssislərin fikrincə, içki düşkünlüyü müalicəolunmaz olsa da, onların əksəriyyəti razılaşır ki, spirtli içkilərdən istifadə etməkdən tamamilə imtina etməklə müəyyən dəyişiklərə nail olmaq mümkündür. (Matta 5:29 ilə müqayisə edin.) İçki düşkününü təklif olunan köməyi qəbul etməkdə əmin etmək lazımdır demək asan, bunu etmək isə çətindir; çünki adətən belə adam özünü içki düşkünü hesab etmir. Bununla belə, əgər ailə üzvləri içki düşkünlüyünün onlara göstərdiyi tə’sirin öhdəsindən gəlmək üçün tədbirlər görürlərsə, içki düşkünü olan adam öz problemini dərk etməyə başlayır. İçki düşkünlərinə və onların ailələrinə kömək göstərməkdə təcrübəsi olan bir həkim deyir: “Mən elə hesab edirəm ki, ailələrin, öz gündəlik işləri ilə bacardıqları qədər sə’ylə məşğul olmaları zəruridir. İçkiyə düşkün olan şəxs, ailənin qalan üzvlərindən nə qədər çox fərqləndiyini get–gedə daha aydın görəcəkdir”.
6. İçki düşkünü olan ailələr üçün ən yaxşı məsləhət mənbəyi nədir?
6 Əgər ailənizdə içki düşkünü varsa, Müqəddəs Kitabın Allah tərəfindən ilhamlandırılmış məsləhəti daha səmərəli həyat tərzi sürmənizə kömək edəcəkdir (İşaya 48:17; 2 Timoteyə 3:16, 17). Gəlin, içki düşkünlüyünün öhdəsindən müvəffəqiyyətlə gəlməkdə ailələrə kömək edən bə’zi prinsipləri nəzərdən keçirək.
7. Ailə üzvlərindən birinin içki düşkünü olmasında günahkar kimdir?
7 Bütün təqsiri öz üzərinizə götürməyə son qoyun. Müqəddəs Kitabda deyilir ki, “hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaq” və “hər birimiz özü üçün Allaha hesabat verəcəkdir” (Qalatiyalılara 6:5; Romalılara 14:12). İçkiyə düşkün olan adam ailə üzvlərini günahlandırmağa cəhd edə bilər. Məsələn, o deyə bilər: “Siz mənimlə yaxşı rəftar etsəydiniz, mən içməzdim”. Başqaları onun fikri ilə razılaşdıqda, onu daha sonra da içməyə təşviq etmiş olurlar. Lakin biz, şəraitin və ya başqalarının hərəkətinin qurbanı olsaq da, hamımız — o cümlədən içki düşkünləri — əməllərimizə görə özümüz cavabdehik. (Filipililərə 2:12 ilə müqayisə edin.)
8. Sərxoşluğunun nəticəsini hiss etməkdə içki düşkününə kömək etməyin bə’zi üsulları hansılardır?
8 Düşünməyin ki, guya siz, içki düşkününü sərxoşluğunun nəticələrindən daima qorumalısınız. Müqəddəs Kitabda qəzəbli insan haqqında olan məsəli eyni tərzdə içki düşkününə də aid etmək olar: “Onu qurtarsan belə, yenə də davam edər” (Süleymanın məsəlləri 19:19, MKŞ). Qoyun içki düşkünü öz sərxoşluğunun nəticəsini hiss etsin. Yol verdiyi natəmizliyi özü təmizləsin və ya sərxoşluq etdiyi günün səhəri müdirinə özü zəng edib, izahat versin.
9, 10. İçki düşkünü olanların ailələri nə üçün köməkdən imtina etməməlidirlər və onlar kömək üçün xüsusilə kimə müraciət etməlidirlər?
9 Başqalarının köməyini qəbul edin. Süleymanın məsəlləri 17:17 ayəsində deyilir: “Dost hər vaxt sevər; və sıxıntı üçün qardaş doğulmuşdur”. Ailədə içki düşkününün olması fəlakətdir. Sizə kömək lazımdır. Dostlarınızın köməyinə bel bağlamaqdan çəkinməyin (Süleymanın məsəlləri 18:24). Sizin probleminizi başa düşən və ya eyni vəziyyətlə qarşılaşmış olan insanlarla söhbət edərkən, nəyi edib etməyəcəyinizə dair praktiki məsləhətlər ala bilərsiniz. Lakin tarazlığı qoruyun. E’tibar etdiyiniz və sirrinizi saxlaya bilən kəslərlə söhbət edin (Süleymanın məsəlləri 11:13).
10 Məsihçi ağsaqqallarına e’tibar etməyi öyrənin. Məsihçi yığıncağındakı ağsaqqallar böyük kömək mənbəyi ola bilərlər. Bu yetkin kişilər Allahın Kəlamını yaxşı bilir və oradakı prinsiplərin tətbiq edilməsində təcrübələri vardır. Onlar, sözün əsl mə’nasında “yeldən saxlanacaq bir yer kimi və tufana qarşı örtülü bir yer kimi, quraq yerdə axar sular kimi, yorucu diyarda böyük qaya kölgəsi kimi” ola bilərlər (İşaya 32:2). Məsihçi ağsaqqalları bütöv yığıncağı pis tə’sirlərdən qorumaqdan əlavə, çətinliklərlə qarşılaşan insanlara təsəlli verir, kömək edir və həmçinin onlara şəxsən maraq göstərirlər. Onların köməyindən faydalanın.
11, 12. İkçi düşkünü olanların ailələrinə daha yaxşı kim kömək edə bilər və belə kömək necə təqdim edilir?
11 Ən vacibi, Yehovadan qüvvət alın. Müqəddəs Kitabda səmimi əminlik verilir: “Rəbb ürəyi qırıq olanlara yaxındır və ruhu əzilmiş olanları qurtarar” (Məzmur 34:18). Ailədə içki düşkünü ilə yaşadığınız üçün yaranan çətinliklər üzündən ürəyisınıqlıq və ruh sıxıntısı hiss edirsinizsə, yadda saxlayın ki, “Rəbb... yaxındır”. O, ailənizdəki vəziyyətin nə dərəcədə çətin olduğunu başa düşür (1 Peter 5:6, 7).
12 Yehovanın öz Kəlamında dediklərinə iman etmək, xoşagəlməz halların öhdəsindən gəlməkdə sizə kömək ola bilər (Məzmur 130:3, 4; Matta 6:25–34; 1 Yəhya 3:19, 20). Siz, Allahın Kəlamını öyrənməklə və oradakı prinsiplərə müvafiq tərzdə yaşamaqla Allahın müqəddəs ruhunu ala bilərsiniz. Bu ruh, sizə günü–gündən çətinliklərin öhdəsindən gələ bilməniz üçün, “ən üstün qüdrəti” verəcəkdirb (2 Korinflilərə 4:7).
13. Bir çox ailələrə iztirab gətirən daha hansı problem var?
13 Spirtli içkilərdən sui–istifadə etmək, bir çoxlarının əzab çəkdikləri başqa problemə — ailədəki zorakılığa gətirib çıxara bilər.
AİLƏDƏKİ ZORAKILIĞIN GƏTİRDİYİ İZTİRABLAR
14. Ailədə zorakılıq nə zaman başlamışdır və bizim zəmanəmizdə vəziyyət necədir?
14 Bəşər tarixində ilk zorakılıq hadisəsi ailədə — Qabil öz qardaşı Habilə hücum etdiyi zaman baş vermişdir (Təkvin 4:8). O vaxtdan başlayaraq, bəşəriyyət, ailədə baş verən hər növ zorakılığa mə’ruz qalır. Ərlər arvadlarını döyür, arvadlar ərlərinə hücum edir, valideynlər kiçik uşaqlarını amansızcasına döyür, böyümüş övladlar isə yaşlı valideynləri ilə kobud rəftar edirlər.
15. Zorakılıq ailə üzvlərinin emosional vəziyyətlərinə necə tə’sir edir?
15 Ailədə baş verən zorakılıq, bədəndəki yara izlərindən daha artıq iztirab gətirir. Əri tərəfindən döyülən bir qadın deyir: “Daima təqsirkarlıq və xəcalət hissləri ilə mübarizə aparmalı olursan. Çox vaxt baş verənlərin sadəcə bir yuxu olduğuna ümid edərək, səhərlər yataqdan durmaq istəmirəm”. İstisna deyil ki, ailədə zorakılıqla qarşılaşan və ya onun acısını öz üzərində hiss edən uşaqlar da böyüyüb, ailə qurduqdan sonra zorakılığa əl atacaqlar.
16, 17. Emosional zorakılıq nədir və ailənin üzvlərinə necə tə’sir göstərir?
16 Ailədəki zorakılıq, fiziki qəddarlıqla məhdudlaşmır. Çox vaxt söz vasitəsilə hücum edilir. Süleymanın məsəlləri 12:18 (MKŞ) ayəsində deyilir: “Düşünmədən danışanın dili qılınc kimi yaralar”. Ailədəki zorakılığa, “qılıncın” vurduğu yaralarla birgə, söyüşlər, qışqırıqlar, daimi tənqidlər, alçaldıcı təhqirlər və fiziki zorakılıq hədələri də daxildir. Emosional zorakılığın vurduğu yara izləri nəzərə çarpmır və çox vaxt həmin yaraları başqaları görmür.
17 Uşaqlara emosional cəhətdən göstərilən təzyiqlər, edilən tənqidlər, imkanlarının, zehni qabiliyyətlərinin və ya bir şəxsiyyət kimi dəyərlərinin daima alçaldılması xüsusilə kədərlidir. Bu cür şifahi zorakılıq, uşağı özünə əminlikdən məhrum edə bilər. Doğrudur, bütün uşaqlara tərbiyə vermək lazımdır. Lakin Müqəddəs Kitab atalara belə bir göstəriş verir: “Övladlarınızı hirsləndirməyin ki, onlar mə’yus olmasınlar” (Koloslulara 3:21).
AİLƏDƏ ZORAKILIQDAN NECƏ QAÇINMAQ OLAR?
18. Ailədəki zorakılıq haradan başlayır və zorakılığa qarşı meyli aradan qaldırmağın necə mümkün olduğu barədə Müqəddəs Kitabda nə deyilir?
18 Zorakılıq, ürəkdə və zehində baş qaldırır; bizim hərəkətlərimiz isə düşüncələrimizdən başlayır (Yaqub 1:14, 15). Zorakılığa olan həvəsə üstün gəlmək üçün, insan öz düşüncə tərzini dəyişməlidir (Romalılara 12:2). Bu mümkündürmü? Bəli. Allahın Kəlamı insanları dəyişdirmək qüdrətinə malikdir. O, hətta məhvedici nöqteyi–nəzərlərin “qalalarını” belə kökündən yox edə bilər (2 Korinflilərə 10:4, İ–93; İbranilərə 4:12). Müqəddəs Kitabdan alınan dəqiq bilik insanları o dərəcədə dəyişdirir ki, onların yeni bir mənlik geyinmiş olduqlarını söyləmək mümkündür (Efeslilərə 4:22–24; Koloslulara 3:8–10).
19. Məsihçi öz həyat yoldaşına necə münasibət bəsləməli və onunla necə davranmalıdır?
19 Həyat yoldaşına qarşı münasibət. Allahın Kəlamında deyilir: “Ərlər də öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər. Öz arvadını sevən özünü sevir” (Efeslilərə 5:28). Bundan əlavə, Müqəddəs Kitabda deyilir ki, ərlər arvadları ilə “zəif cinsə... hörmət edər kimi” rəftar etməlidirlər (1 Peter 3:7). Qadınlara isə məsləhət edilir ki, “ərlərini sevsinlər” və onlara “ehtiram” etsinlər (Titusa 2:4; Efeslilərə 5:33). Şübhəsiz ki, Allahdan qorxan heç bir ər, əgər arvadını fiziki və ya şifahi tərzdə təhqir edirsə, ona həqiqətən də ehtiram göstərdiyini söyləyə bilməz. Eyni zamanda, ərinin üstünə qışqıran, ona istehza ilə müraciət edən və ya həmişə deyinən qadın, ərinə həqiqi mə’nada məhəbbət və dərin hörmət göstərdiyini sübut edə bilməz.
20. Valideynlər öz uşaqları üçün kimin qarşısında cavabdehdirlər və nəyə görə onlar öz uşaqlarından çox şey gözləməli deyillər?
20 Uşaqlara qarşı düzgün münasibət. Uşaqlar valideynlərinin məhəbbət və diqqətinə layiqdirlər, onların buna ehtiyacları var. Allahın Kəlamı uşaqları “Rəbdən miras” və “mükafat” adlandırır (Məzmur 127:3). Valideynlər, Yehovanın qarşısında bu mirasın qayğısına qalmaq məs’uliyyəti daşıyırlar. Müqəddəs Kitabda deyilir ki, uşaqlara “körpəlik” xüsusiyyətləri və “ağılsızlıq” xasdır (1 Korinflilərə 13:11; Süleymanın məsəlləri 22:15). Uşaqlarının ağılsız davranışları ilə qarşılaşanda valideynlər təəccüb etməməlidirlər. Uşaqlar yetkin şəxs deyillər. Valideynlər uşaqdan, onun yaşına, ailədəki vəziyyətinə və qabiliyyətinə uyğun olan işdən artıq bir şey tələb etməməlidirlər. (Təkvin 33:12–14 ayələrinə baxın.)
21. Yaşlı valideynlərə qarşı hansı münasibət və davranış Allaha məqbuldur?
21 Yaşlı valideynlərə qarşı münasibət. Levililər 19:32 ayəsində deyilir: “Ağ saçlının önündə ayağa qalxacaqsan və qocalmış olana hörmət edəcəksən”. Bununla da, Allahın Qanunu yaşlılara hörmət və ehtiram bəsləməyi öyrədirdi. Qoca valideynlər həddindən çox tələbkar və ya xəstə olanda, ehtimal ki, cəld hərəkət etmək, yaxud fikirləşmək imkanında olmayanda onlara belə münasibət bəsləmək çox çətin ola bilər. Buna baxmayaraq, uşaqlara xatırladılır ki, “valideynlərinə... haqqını” versinlər (1 Timoteyə 5:4, İ–93). Bu o deməkdir ki, onlarla ləyaqət və hörmətlə davranmaq, hətta onların maddi ehtiyaclarını belə tə’min etmək lazımdır. Qoca valideynlərlə fiziki və ya başqa cəhətdən pis davranmaq, Müqəddəs Kitabın bizə öyrətdiyi davranış tərzinə tamamilə zidd gedir.
22. Ailədəki zorakılığı aradan qaldırmaqda ən vacib keyfiyyət hansıdır və onu təzahür etdirmək necə mümkündür?
22 Özünə hakim olmaq keyfiyyətini inkişaf etdirin. Süleymanın məsəlləri 29:11 ayəsində deyilir: “Ağılsız bütün qəzəbini ortaya tökər; hikmətli adam isə, onu tutar və susdurar”. Hisslərinizi necə idarə edə bilərsiniz? Mə’yusluğa qapılmaqdansa, yaranan çətinlikləri tezliklə həll edin (Efeslilərə 4:26, 27). Əgər özünüzə hakim olmağı bacarmayacağınızı hiss edirsinizsə, oradan uzaqlaşsanız daha yaxşı olar. Dua edin ki, Allahın müqəddəs ruhu sizdə özünə hakim olmaq keyfiyyətini inkişaf etdirsin (Qalatiyalılara 5:22, 23). Gəzintiyə çıxmaq və ya bədən tərbiyəsi ilə məşğul olmaq özünü ələ almaqda sizə kömək edəcəkdir (Süleymanın məsəlləri 17:14, 27). “Gec hiddətlənən” olmağa çalışın (Süleymanın məsəlləri 14:29).
AYRILMALI, YOXSA BİRLİKDƏ YAŞAMALI?
23. Məsihçi yığıncağının üzvü, ehtimal ki, ailəsi ilə amansız davranaraq, dəfələrlə qəzəbə yol verərsə və bu zaman tövbə etməzsə, nə baş verə bilər?
23 Müqəddəs Kitabda, Allahın mühakimə etdiyi əməllər arasında “düşmənçilik, münaqişə... qəzəb” də xatırlanır və deyilir ki, “bunları edənlər Allahın Padşahlığını miras almayacaqlar” (Qalatiyalılara 5:19–21, İ–93). Buna görə də, özünü məsihçi hesab edən və bununla yanaşı dəfələrlə qəzəbinə yol verən, ehtimal ki, həyat yoldaşı və ya uşaqları ilə amansız davranan və bu işdə tövbə etməyən şəxs, məsihçi yığıncağından kənar edilə bilər. (2 Yəhya 9, 10 ilə müqayisə edin.) Bununla da, yığıncaq qəddar insanlardan təmizlənir (1 Korinflilərə 5:6, 7; Qalatiyalılara 5:9).
24. a) Həyat yoldaşı tərəfindən amansız davranışa mə’ruz qalan şəxs hansı qərara gələ bilər? b) Ailədəki zorakılığın qurbanı olan şəxsə qayğı göstərən dostlar və ağsaqqallar necə kömək edə bilərlər, lakin onlar nəyi etməməlidirlər?
24 Hal–hazırda həyat yoldaşı tərəfindən qəddarcasına döyülən və yaxşılığa doğru heç bir dəyişikliyin olmadığını görən məsihçilər nə etməlidir? Bə’ziləri bu və ya digər səbəblərə görə daha sonra da onlarla yaşamaq qərarına gəlirlər. Başqaları isə, fiziki, psixi və ruhani sağlamlıqlarının, hətta həyatlarının belə təhlükə altında olduğunu hiss edərək, qəddar həyat yoldaşlarından ayrılmaq qərarına gəlirlər. Ailədəki zorakılığın qurbanı olan insanın belə şəraitlərdə necə davranacağı, Yehovanın qarşısında hər bir kəsin verəcəyi şəxsi qərardır (1 Korinflilərə 7:10, 11). Ən xoş niyyətlərdən irəli gələrək dostlar, qohumlar və ya məsihçi ağsaqqalları kömək və məsləhət təklif edə bilərlər, lakin onlar, çətin vəziyyətə düşən insanın bu və ya digər qərarı qəbul etməsi üçün, ona tə’sir göstərməli deyillər. Bu, istər qadın olsun, istərsə də kişi, hər kəsin şəxsi qərarıdır (Romalılara 14:4; Qalatiyalılara 6:5).
ƏZABVERİCİ PROBLEMLƏRİN SONU
25. Yehovanın ailə ilə əlaqədar niyyəti nədir?
25 Yehova, Adəmlə Həvvanı nikahda birləşdirən zaman, ailələrin içki düşkünlüyü və ya zorakılıq kimi problemlərlə korlanması Onun niyyətinə daxil deyildi (Efeslilərə 3:14, 15). Ailə, məhəbbət və əmin–amanlığın çiçəklənəcəyi, hər bir ailə üzvünün digərlərinin zehni, emosional və ruhani tələbatları üçün qayğı göstərəcəyi bir yer olmalı idi. Lakin günahın peyda olması ilə ailə həyatı iti sür’ətdə pisləşdi. (Vaiz 8:9 ilə müqayisə edin.)
26. Yehovanın tələblərinə müvafiq tərzdə yaşamağa çalışan insanları necə gələcək gözləyir?
26 Xoşbəxtlikdən, Yehova ailə ilə əlaqədar niyyətindən imtina etməyib. O, insanları sülh içində yeni bir dünyaya gətirəcəyini və’d edir; onlar orada “təhlükəsiz yaşayacaqlar və onları qorxudan olmayacaq” (Hezekiel 34:28). O zaman, içki düşkünlüyü, zorakılıq və bu gün ailələrə iztirab gətirən bütün başqa problemlər keçmişdə qalacaq. İnsanlar qorxu və iztirablarını gizlətmək üçün deyil, “əmin–amanlıq bolluğunda ləzzət” tapdıqları üçün gülümsəyəcəklər (Məzmur 37:11).
a İçki düşkünü kimi kişilər haqqında söhbət etsək də, burada göstərilən prinsiplər içki düşkünlüyündən əzab çəkən qadınlar üçün də tətbiq ediləndir.
b Bə’zi ölkələrdə, içki düşkünlərinə və onların ailələrinə kömək etmək üçün müalicə mərkəzləri, xəstəxanalar və müalicə proqramları mövcuddur. Belə kömək üçün müraciət edib etməmək hər kəsin şəxsi qərarıdır. Yehovanın Şahidləri konkret olaraq heç bir müalicə növü təklif etmir. Lakin kömək axtararkən diqqətli olmaq lazımdır ki, Müqəddəs Kitabın prinsiplərinə zidd işlərə cəlb olunmayaq.