Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w21 oktyabr s. 8—13
  • Biz «mərhəməti bol olan» Allaha xidmət edirik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Biz «mərhəməti bol olan» Allaha xidmət edirik
  • Gözətçi qülləsi 2021
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVA NƏYƏ GÖRƏ MƏRHƏMƏT GÖSTƏRİR?
  • CİDDİ CƏZA MƏRHƏMƏTİN İFADƏSİDİR?
  • MƏRHƏMƏTLƏ DAVRANMAĞIMIZA NƏ KÖMƏK EDƏ BİLƏR?
  • ‘Atanız mərhəmətlidir’
    Gözətçi qülləsi 2007
  • Mərhəməti necə təzahür etdirmək olar?
    Gözətçi qülləsi 2007
  • Rəhmdillilər nə xoşbəxtdirlər!
    Yehovanı nəğmələrdə tərənnüm edin
  • «Rəhmdillilər xoşbəxtdirlər!»
    Yehovanı şövqlə tərənnüm edin
Gözətçi qülləsi 2021
w21 oktyabr s. 8—13

TƏLİM MƏQALƏSİ 41

Biz «mərhəməti bol olan» Allaha xidmət edirik

«Yehova hamıya qarşı kəramətlidir, bütün işlərində mərhəməti görünür» (ZƏB. 145:9).

NƏĞMƏ 44 Məzlumun duası

İCMALa

1. Mərhəmətli insan deyəndə ağlımıza hansı məsəl gəlir?

MƏRHƏMƏTLİ insan deyəndə təsəvvürümüzdə xeyirxah, mehriban, şəfqətli, səxavətli insan canlanır. Adamın ağlına İsanın bir məsəlindəki xeyirxah səməriyyəli gəlir. Bu adam başqa xalqdan olsa da, quldurların əlinə düşmüş bir yəhudiyə mərhəmət göstərdi. Onun vəziyyətini görüb «yazığı gəldi» və nəvazişlə onun qayğısına qaldı (Luka 10:29—37). Bu məsəldən Allahımızın gözəl xüsusiyyəti — mərhəməti haqqında öyrənirik. Mərhəmət Yehovanın məhəbbətinin bir yönüdür və O, hər gün bizimlə rəftarında bu xüsusiyyəti əks etdirir.

2. Mərhəmətin digər yönü hansıdır?

2 Mərhəmət xüsusiyyətinin başqa bir yönü də var. Mərhəmətli insan cəzaya layiq olan şəxsi cəzalandırmamaq qərarına gələ bilər. Bu mənada Yehova həqiqətən də bizə mərhəmət göstərir. Bir məzmurçu demişdi ki, O «bizimlə günahlarımıza görə rəftar etmir» (Zəb. 103:10). Amma bəzən Yehova günah işləyən insanı ciddi şəkildə cəzalandıra bilər.

3. Hansı suallara cavab tapacağıq?

3 Bu məqalədə üç suala cavab tapacağıq: Yehova nəyə görə mərhəmət göstərir? Ciddi cəza ilə mərhəmət arasında hansı əlaqə var? Bizə mərhəmətli olmağa nə kömək edə bilər? Gəlin görək Allahın Kəlamı bu suallara necə cavab verir.

YEHOVA NƏYƏ GÖRƏ MƏRHƏMƏT GÖSTƏRİR?

4. Yehova nəyə görə mərhəmət göstərir?

4 Yehova sevgidən irəli gələrək mərhəmət göstərir. Həvari Bulus Yehovanın «mərhəməti bol olan Allah» olduğunu demişdi. Səbəbini belə izah etmişdi ki, Yehova məsh olunmuş məsihilərə qeyri-kamil olmalarına baxmayaraq, göydə yaşamaq ümidi verib (Efes. 2:4—7). Amma Yehova yalnız onlara mərhəmət göstərmir. Məzmurçu Davud yazmışdı: «Yehova hamıya qarşı kəramətlidir, bütün işlərində mərhəməti görünür» (Zəb. 145:9). Yehova insanları sevir və buna görə də mərhəmət göstərməyə əsas varsa, həmişə mərhəmət göstərir.

5. İsa Yehovanın mərhəmətli olduğunu haradan bilir?

5 İsa Yehovanın mərhəmət göstərməyi nə qədər çox sevdiyini hamıdan yaxşı bilir. Çünki o, minilliklər ərzində Yehova ilə birgə göydə olub (Məs. 8:30, 31). O, dəfələrlə Yehovanın günahlı insanlara necə mərhəmət göstərdiyinin şahidi olub (Zəb. 78:37—42). İsa insanlara Yehova haqqında danışarkən Onun bu valehedici xüsusiyyətini tez-tez vurğulayırdı.

Ata avara oğlunu alçaltmır, onu xoş qarşılayır (6-cı abzasa baxın)c

6. İsa Yehovanın mərhəmətli olduğunu nümunə əsasında necə göstərmişdi?

6 Əvvəlki məqalədə öyrəndik ki, İsa Yehovanın çox mərhəmətli olduğunu göstərmək üçün itmiş oğul haqda məsəl çəkmişdi. Məsəldə oğul evi tərk edir və «eyş-işrətə qurşanıb bütün malını puç» edir (Luka 15:13). Sonralar o, əxlaqsız həyat sürdüyünə görə tövbə edir, qürurunu sındırır və evə qayıdır. Bəs atası onu necə qarşılayır? Bunu öyrənmək üçün çox gözləməli olmur. İsa deyir: «Hələ uzaqda ikən atası oğlunu görüb ona ürəyi yandı, qabağına qaçıb onun boynuna sarıldı və nəvazişlə öpdü». Ata oğlunu alçaltmır, əksinə, onu bağışlayır və yenidən ailəsinə qəbul edir. İtmiş oğulun günahı böyük idi, amma tövbə etdiyi üçün atası onu bağışladı. Bu məsəldəki mərhəmətli ata Yehovanı təmsil edir. Belə bir təsirli məsəl çəkərək İsa Atasının ürəkdən tövbə edən günahkarları bağışlamağa hazır olduğunu göstərmişdi (Luka 15:17—24).

7. Yehovanın hikməti ilə mərhəməti arasında hansı əlaqə var?

7 Yehova hikmətli olduğu üçün mərhəmət göstərir. Müqəddəs Kitabda yazılıb ki, «yuxarıdan nazil olan hikmət... mərhəmətli və faydalı bəhrələrlə doludur» (Yaq. 3:17). Sevən bir valideyn kimi, Yehova bilir ki, mərhəmətlə davranması övladlarının xeyrinədir (Zəb. 103:13; Əşy. 49:15). Yehovanın mərhəməti sayəsində qeyri-kamil insanların gələcəyə ümidi var. Beləliklə, Yehova misilsiz hikmətə sahib olduğu üçün insanlara mərhəmət göstərir. Amma Yehova mərhəməti tarazlı şəkildə təzahür etdirir. Mərhəmətli olması o demək deyil ki, O, günaha göz yumur. Yehovanın verdiyi istənilən qərar həmişə bəndələrinin xeyrinədir.

8. Bəzi hallarda nəyi etmək lazım gəlir və nəyə görə?

8 Belə bir vəziyyətə baxaq. Yehovanın bir xidmətçisi günahlı həyat tərzini seçir. Bu zaman biz nə etməliyik? Həvari Bulus Yehovadan ilham alaraq yazmışdı ki, belə insanlarla daha oturub-durmayaq (1 Kor. 5:11). Günah işləyən insan tövbə etmədiyi halda yığıncaqdan kənar edilir. Bu, sadiq bacı-qardaşları qorumaq üçün və Yehovanın qanunlarının tərəfində olduğumuzu göstərmək üçün mütləqdir. Amma bəziləri üçün yığıncaqdan kənaredilmə tədbirinə Yehovanın mərhəmətinin ifadəsi kimi baxmaq çətindir. Gəlin görək bu, Yehovanın mərhəmətindən xəbər verir, ya yox.

CİDDİ CƏZA MƏRHƏMƏTİN İFADƏSİDİR?

Çoban sürüdən ayırdığı xəstə quzuya yaxınlaşır.

Qoyun xəstə olduğu üçün sürüdən təcrid olunsa da, çobanın qayğısından məhrum deyil (9—11 abzaslara baxın)

9, 10. İbranilərə 12:5, 6 ayələrinə əsasən, nəyə görə deyə bilərik ki, yığıncaqdan kənaredilmə tədbiri mərhəmətdən irəli gəlir? Nümunə çəkin.

9 Yığıncaqda elan olunanda ki, tanıdığımız və sevdiyimiz biri «artıq Yehovanın Şahidi deyil», çox sarsılırıq. Düşünə bilərik ki, görəsən, onu yığıncaqdan kənar etməsəydilər, olmazdı? Yığıncaqdan kənaredilmə tədbiri, doğrudanmı, mərhəmətin ifadəsidir? Bəli. Cəzaya layiq olan kəsi cəzalandırmamaq nə hikmətli, nə mərhəmətli, nə də məhəbbətli davranışdır (Məs. 13:24). Bəs tövbə etməyən günahkarın yığıncaqdan kənar edilməsi ona dəyişməyə kömək edə bilər? Bəli. Ciddi günah işlədiyinə görə yığıncaqdan kənar edilən bir çox bacı-qardaş deyir ki, məhz ağsaqqalların belə ölçü götürməsi sayəsində səhvlərini başa düşdülər, tövbə etdilər və yenidən yığıncağa qayıtdılar. (İbranilərə 12:5, 6 ayələrini oxuyun.)

10 Belə bir nümunəyə baxaq. Çoban görür ki, sürüdəki qoyunlardan birinə xəstəlik düşüb. O bilir ki, bu elə bir xəstəlikdir ki, qoyunu sürüdən ayırıb sağaltmaq lazımdır. Amma qoyun sürünün içində olmağı xoşlayan heyvandır, o, tək qala bilmir, sürüdən ayrı olanda vurnuxur. Bəs çoban qoyunu bu yolla müalicə edirsə, o deməkdir ki, o, qəddar, zalım çobandır? Əlbəttə ki, yox. Çoban bilir ki, xəstə qoyun sürünün içində olsa, bu xəstəlik o biri qoyunlara da keçəcək. Onu ayırmaqla çoban bütün sürünü qoruyur. (Lavililər 13:3, 4 ayələri ilə əlaqələndirin.)

11. a) Hansı mənada yığıncaqdan kənaredilməni xəstəlik düşmüş qoyunu sürüdən ayırmağa bənzətmək olar? b) Yığıncaqdan kənar edilənlərin hansı imkanı var və onlara hansı kömək göstərilir?

11 Yığıncaqdan kənar edilmiş məsihi də belədir. O, ruhani cəhətdən naxoşdur (Yaq. 5:14). Bəzi fiziki xəstəliklər kimi, ruhani xəstəlik də yoluxucu ola bilər. Buna görə də bəzən lazım gəlir ki, ruhani cəhətdən xəstə olan məsihi yığıncaqdan kənar edilsin. Bu, yığıncaqda olan sadiq məsihilərə Yehovanın məhəbbətinin ifadəsidir. Həmçinin bu, günah işləyən insanı səhvini başa düşüb, tövbə etməyə təşviq edə bilər. Yığıncaqdan kənar edilsə də, o, yenə də görüşlərdə iştirak edərək ruhən qidalanıb, dirçələ bilər. Üstəlik, o, mütaliə etmək üçün nəşrlər əldə edə bilər və JW televiziyamıza baxa bilər. Həmçinin ağsaqqallar da görəndə ki, o, dəyişikliklər edir, Yehova ilə münasibətlərini bərpa etməsi üçün ona vaxtaşırı məsləhətlər verə bilərlərb.

12. İnsan tövbə etmirsə, ağsaqqallar məhəbbətdən və mərhəmətdən irəli gələrək hansı qərarı verməli olur?

12 Unutmamalıyıq ki, günah işləyən insan yalnız tövbə etmədiyi təqdirdə yığıncaqdan kənar edilir. Ağsaqqallar bu məsələyə səthi yanaşmır, onlar kiminsə kənar edilməsinə qərar verməmişdən qabaq ciddi götür-qoy edirlər. Onlar bilirlər ki, Yehova «lazımi ölçüdə» islah edir (Ərm. 30:11). Ağsaqqallar bütün bacı-qardaşları sevir və heç nəyin onların ruhani sağlamlığına zərər vurmasını istəmir. Amma bəzən məhəbbətdən və mərhəmətdən irəli gələrək lazım gəlir ki, günah işləyən insan bir müddətlik yığıncaqdan kənar edilsin.

13. Korinf yığıncağındakı bir məsihi nəyə görə yığıncaqdan kənar edilməli idi?

13 Gəlin görək birinci əsrdə həvari Bulus tövbə etməyən günahkarla bağlı hansı tədbiri görmüşdü. Korinf yığıncağında bir məsihi atasının arvadı ilə əxlaqsızlıq edirdi. Bu, dəhşətli bir şey idi! Belə bir hərəkətlə bağlı Yehova qədimdə israillilərə demişdi: «Atasının arvadı ilə yaxınlıq edən atasının namusuna toxunmuş olur. Zinakarların ikisi də hökmən öldürülməlidir» (Lav. 20:11). Əlbəttə, Bulus həmin məsihiyə ölüm hökmü kəsə bilməzdi. Amma o, korinflilərə aydın şəkildə göstəriş verdi ki, həmin insanı yığıncaqdan kənar etsinlər. Onun əxlaqsız davranışı yığıncaqdakı digər məsihilərə mənfi təsir göstərirdi, hətta onlardan bəziləri bu iyrənc hərəkətə görə heç xəcalət də çəkmirdi! (1 Kor. 5:1, 2, 13).

14. Həvari Bulus Korinfdə yığıncaqdan kənar edilmiş adama necə mərhəmət göstərdi? (2 Korinflilərə 2:5—8, 11).

14 Bir müddət sonra Bulus öyrəndi ki, həmin adam xeyli dəyişib. O, ürəkdən tövbə etmişdi. Günah işləyən bu adam yığıncağın adına ləkə gətirsə də, Bulus ona qarşı həddən artıq sərt davranmaq istəmirdi. Buna görə də ağsaqqallara belə demişdi: «Onu bağışlayın və ona təsəlli verin». Bulus bunun səbəbini belə izah etmişdi: «O, hədsiz kədərə qərq olmasın». Bulusun tövbə edən bu adama yazığı gəldi. İstəmirdi, o, etdiyi hərəkətə görə o qədər pərişan olsun ki, heç Yehovanın əfvini qazanmağa çalışmasın. (2 Korinflilərə 2:5—8, 11 ayələrini oxuyun.)

15. Ağsaqqallar günah işləyən insanın məsələsinə baxarkən tarazlığı necə qoruyur?

15 Yehovaya bənzəmək istədikləri üçün ağsaqqallar da mərhəmət göstərməyi sevir. Onlar lazım gələndə günah işləyən insana qarşı ciddi ölçü götürürlər, mümkün olan hallarda isə mərhəmət göstərirlər. Əks təqdirdə, onlar günaha göz yummuş olarlar. Bəs yalnız ağsaqqallar mərhəmət göstərməlidir?

MƏRHƏMƏTLƏ DAVRANMAĞIMIZA NƏ KÖMƏK EDƏ BİLƏR?

16. Məsəllər 21:13 ayəsinə əsasən, Yehova mərhəmətli olmayanlara necə yanaşır?

16 Bütün məsihilər Yehova kimi mərhəmətli olmağa çalışır. Nəyə görə? Səbəblərdən biri odur ki, Yehova başqalarına mərhəmət göstərməyənlərin duasını eşitmir. (Məsəllər 21:13 ayəsini oxuyun.) Heç birimiz istəmərik ki, Yehova dualarımızı eşitməsin. Buna görə daşürəkli olmamaq üçün var gücümüzlə çalışırıq. Biz dindaşımızın ağrısına qulağımızı tıxamamalıyıq, əksinə, həmişə «fəqirin fəryadına» hay verməliyik. Növbəti məsləhətə də ciddi yanaşırıq: «Mərhəmət göstərməyənə rəhmsiz hökm çıxarılacaq» (Yaq. 2:13). Biz təvazökar olub mərhəmətə möhtac olduğumuzu unutmasaq, başqaları ilə daha mərhəmətlə davranacağıq. Ciddi günah işləyən insan tövbə edib yığıncağa qayıdanda ona qarşı mərhəmətli davranmaq xüsusilə vacibdir.

17. Davud padşahın mərhəmətli olduğu nədən görünür?

17 Müqəddəs Kitabdakı nümunələr daşürəkli olmayıb, mərhəmətlə davranmağımıza kömək edə bilər. Məsələn, götürək Davud padşahı. O, əksər hallarda başqaları ilə mərhəmətlə davranırdı. Talut padşah Davudu öldürmək istəsə də, Davud Allahın məsh etdiyi bu padşaha mərhəmət göstərmişdi, ondan qisas almağa, əvəz çıxmağa çalışmamışdı (1 İşm. 24:9—12, 18, 19).

18, 19. Hansı iki hadisədə Davud rəhmsiz qərar çıxarmışdı?

18 Lakin Davud heç də həmişə mərhəmətlə davranmırdı. Məsələn, xasiyyətcə kobud olan Nabal Davuda qarşı hörmətsizlik edib ona və adamlarına ərzaq verməyəndə Davud qəzəblənmişdi, onu və evindəki bütün kişiləri öldürmək qərarına gəlmişdi. Amma Nabalın xeyirxah və səbirli arvadı Abiqayil cəld davranıb Davudu qan tökməkdən çəkindirdi (1 İşm. 25:9—22, 32—35).

19 Başqa vaxt isə Natan peyğəmbər Davuda varlı bir kişi haqqında danışmışdı. Bu varlı kişi kasıb bir adamın sevimli bircə quzusunu oğurlamışdı. Davudun həmin kişiyə qəzəbi alovlandı və Natana dedi: «Yehovaya and olsun, bu kişi ölümə layiqdir!» (2 İşm. 12:1—6). Davud Musanın qanunu bilirdi. Qanuna əsasən, quzunu oğurlayan adam onun dördqat əvəzinin verməli idi (Çıx. 22:1). Amma Davudun oğurluq edən adamın ölümə layiq olduğunu deməsi çox rəhmsiz cəza idi. Əslində, Natan bu hadisəni məsəl kimi çəkmişdi. O, Davuda bundan qat-qat betər günahlar törətdiyini başa salmaq istəyirdi. Amma Yehova Davuda qarşı daha mərhəmətlə davrandı, nəinki Davud Natanın məsəlindəki oğruya qarşı (2 İşm. 12:7—13).

Davud padşah Natanın məsəlindəki kişi ilə bağlı mərhəmətsiz hökm çıxardı (19 və 20-ci abzaslara baxın)d

20. Davuddan hansı ibrəti götürürük?

20 Fikir verdinizsə, Davud qəzəblənəndə Nabalın və onun bütün ev əhlinin ölümə layiq olduğu qənaətinə gəlmişdi. Daha sonra isə o, Natanın məsəlindəki adama ölüm hökmü kəsilməli olduğunu demişdi. İkinci vəziyyətlə bağlı bizdə belə bir sual yarana bilər ki, nəyə görə Davud kimi yumşaqqəlbli bir insan sərt hökm çıxartdı? Gəlin həmin ərəfədə Davudla baş verənlər haqqında düşünək. Onun vicdanı ləkələnmişdi. İnsanın rəhmsiz olması və başqalarını mühakimə etməsi ruhani cəhətdən zəif olduğunun göstəricisidir. İsa davamçılarını qəti şəkildə xəbərdar etmişdi: «İnsanları mühakimə etməyin ki, özünüz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız» (Mət. 7:1, 2). Buna görə də gəlin ehtiyatlı olaq ki, ürəyimiz daşlaşmasın, əksinə, Allahımız kimi bol mərhəmətli olaq.

21, 22. Hansı sahələrdə mərhəmət göstərə bilərik?

21 Mərhəmət yalnız hiss deyil, bu, əməldə təzahür olunan xüsusiyyətdir. Deməli, hər birimiz ailəmizdə, yığıncağımızda və ümumiyyətlə, ətrafımızda kimlərin köməyə ehtiyac duyduğuna diqqət yetirə bilərik. Görəcəyik ki, mərhəmət göstərmək üçün nə qədər imkanımız var. Ola bilsin, kiməsə təsəlli vermək lazımdır, kiminsə praktiki köməyə, məsələn, yemək sarıdan və ya başqa sahədə yardıma ehtiyacı var. Yığıncaqda bərpa olunmuş məsihinin onu ruhlandıracaq dostlara ehtiyacı ola bilər. Həmçinin qəlbləri ovunduran xoş xəbəri başqalarına danışmaq imkanımız var. Bu, qarşılaşdığımız hər kəsə mərhəmət göstərməyin ən gözəl yollarından biridir (Əyy. 29:12, 13; Rom. 10:14, 15; Yaq. 1:27).

22 İnsanların bu kimi ehtiyaclarının olduğuna diqqət yetirsək, görəcəyik ki, mərhəmət göstərmək üçün çoxlu fürsətimiz var. Təsəvvür etmək olar, bizim mərhəmətlə davrandığımızı görmək «mərhəməti bol olan» Allahımıza necə xoş gedir!

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Nəyə görə Yehova mərhəmət göstərir?

  • Nəyə əsasən demək olar ki, yığıncaqdan kənaredilmə mərhəmətdən qaynaqlanır?

  • Bizə mərhəmətli olmağa nə kömək edə bilər?

NƏĞMƏ 43 Şükran duası

a Mərhəmət Yehovanın ən gözəl xüsusiyyətlərindən biridir. Hər birimiz bu xüsusiyyəti özümüzdə yetişdirməliyik. Bu məqalədə növbəti suallara cavab tapacağıq: Nəyə görə Yehova mərhəmət təzahür etdirir? Nəyə əsasən deyə bilərik ki, cəza Onun mərhəmətindən qaynaqlanır? Biz Onun bu gözəl xüsusiyyətini necə əks etdirə bilərik?

b Bu sayın «Yehova ilə dostluğunuzu bərpa edin» məqaləsindən öyrənə bilərsiniz ki, Yehovanın Şahidi kimi bərpa olunanlar Yehova ilə münasibətlərini necə möhkəmləndirə bilər və ağsaqqallar onlara hansı köməyi göstər bilər.

c ŞƏKLİN İZAHI. Ata evin damından itmiş oğlunun qayıtdığını görür və cəld onun qabağına qaçıb qucaqlayır.

d ŞƏKLİN İZAHI. Vicdanı ləkəli olduğu üçün gərgin olan Davud padşah Natanın məsəlinə kəskin reaksiya verir və qəzəblə varlı kişinin ölümə layiq olduğunu deyir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş