Sən Allahın dinclik gününə yetişmisənmi?
«Allahın sözü canlı və qüdrətlidir» (İBR. 4:12).
1. Biz bu gün Allahın dinclik gününə necə yetişə bilərik? Nəyə görə Allaha itaət etmək bəzən çətin olur?
ƏVVƏLKİ məqalədən öyrəndik ki, Allahın dinclik gününə yetişmək üçün biz Ona itaət etməli və niyyətinə uyğun davranmalıyıq. Bunu demək etməkdən asandır. Məsələn, bizim xoşladığımız şeyi Yehovanın bəyənmədiyini biləndə ilk reaksiyamız buna qarşı çıxmaq ola bilər. Bu onu göstərir ki, Allahın sözünə dərhal itaət etmək üçün biz hələ üzərimizdə işləməliyik (Yaq. 3:17). Hansı vəziyyətlərdə ürəkdən itaətkarlıq göstərmək bizim üçün əsil sınaq ola bilər? Bu məqalədə biz bir neçə belə vəziyyəti araşdıracağıq.
2, 3. Yehovaya bundan sonra da məqbul olmaq üçün biz nə ilə mübarizə aparmalıyıq?
2 Müqəddəs Kitabdan həyatında dəyişiklik etməli olduğunu öyrənəndə buna münasibətin necə olur? Müqəddəs Yazılarda deyilir ki, Allah «bütün millətlərin var-dövləti»ni, yəni cah-calalını yığmaq niyyətindədir (Haq. 2:7). Etiraf etmək lazımdır ki, əksəriyyətimiz ilk dəfə həqiqəti eşidəndə heç də gözəl daş-qaşa bənzəmirdik. Lakin Allaha və Onun sevimli Oğluna olan məhəbbət bizi düşüncə tərzimizdə və vərdişlərimizdə böyük dəyişikliklər etməyə təşviq etmişdi, çünki biz Allaha məqbul olmaq istəyirdik. Biz Yehovaya çoxlu dua edirdik və lazımi dəyişikliklər etmək üçün böyük səy göstərirdik və nəhayət, özümüzü Yehovaya həsr edib vəftiz olduq. (Koloslulara 1:9, 10 ayələrini oxu.)
3 Ancaq vəftizdən sonra qeyri-kamilliyimizə qarşı mübarizə bitmədi. Mübarizəmiz hələ də davam edir və nə qədər ki biz qeyri-kamilik, bu davam edəcək. Lakin Yehova vəd edir ki, Ona məqbul olmaq uğrunda gedən mübarizəni davam etdirsək, bizə xeyir-dua verəcək.
Bizə məsləhət veriləndə
4. Yehova səhvimizi göstərmək üçün hansı üç üsuldan istifadə edə bilər?
4 Hansısa mənfi cəhətimizi dəyişməzdən öncə onu müəyyən etməliyik. Padşahlıq Zalında eşitdiyimiz bir məruzə və ya nəşrlərimizdə oxuduğumuz hansısa məqalə ciddi səhvlərimizi görməyə kömək edə bilər. Lakin bəzən bunlardan sonra da biz hansısa dəyişiklik etməli olduğumuzu başa düşməyə bilərik. Buna görə də Yehova səhvlərimizi bizə göstərmək üçün bacı-qardaşlarımızdan istifadə edə bilər. (Qalatiyalılara 6:1 ayəsini oxu.)
5. Kimsə bizə düzəliş verəndə biz bəzən necə reaksiya göstəririk? Nəyə görə ağsaqqallar heç nəyə baxmayaraq, bizə kömək etməlidirlər?
5 Məsləhət nə qədər mülayim və nəzakətli şəkildə verilsə də, qeyri-kamil insandan onu qəbul etmək asan deyil. Bununla belə, Qalatiyalılara 6:1 ayəsində Yehova ruhən yetkin xidmətçilərinə əmr edir ki, bizə «mülayimcəsinə» düzəliş verməyə çalışsınlar. Əgər biz məsləhəti qəbul ediriksə, Allahın gözündə daha məqbul olacağıq. Maraqlıdır, biz dua edəndə qeyri-kamil olduğumuzu açıq etiraf edirik. Lakin kimsə gəlib konkret səhvimizi bizə deyəndə dərhal özümüzə bəraət qazandırmağa, problemin bir o qədər də ciddi olmadığını deməyə, məsləhət verənin niyyətini şübhə altına almağa və ya məsləhətin verilmə tərzindən narazıçılıq etməyə başlayırıq (2 Pad. 5:11). Üstəlik, məsləhət bizim üçün həssas olan sahələrə aid veriləndə, məsələn, ailə üzvlərimizin hərəkətləri, geyim və xarici görünüş, şəxsi gigiyena, yaxud da bizim sevdiyimiz, Yehovanın isə nifrət etdiyi əyləncə barədə olanda biz sərt reaksiya göstərə bilərik. Belə etməklə həm özümüzü, həm də məsləhət verəni pis vəziyyətdə qoymuş oluruq. Hirsimiz soyuyanda isə, adətən, məsləhətin yerində olduğu ilə razılaşırıq.
6. Allahın sözü «ürəyin düşüncə və niyyətlərini» necə «üzə çıxarır»?
6 Bu məqalənin əsas ayəsində deyilir ki, Allahın sözü «qüdrətlidir». Bəli, Müqəddəs Kitabda qələmə alınan Allahın sözləri insan həyatını dəyişməyə qadirdir. Müqəddəs Kitab vəftizdən əvvəl bizə lazımi dəyişikliklər etməyə kömək etdiyi kimi, vəftizdən sonra da kömək edə bilər. Pavel ibrani məsihçilərə həmçinin yazmışdı: «Allahın sözü... o qədər dərinə işləyir ki, bədənlə ruhu, oynaqlarla iliyi bir-birindən ayırır, ürəyin düşüncə və niyyətlərini üzə çıxarır» (İbr. 4:12). «Bədən» başqalarının bizi necə insan kimi tanıdığını, «ruh» isə daxilən necə insan olduğumuzu təmsil edir. Beləliklə, Pavel demək istəyirdi ki, Müqəddəs Kitabdan Allahın bizdən nə tələb etdiyini başa düşəndə hərəkətlərimiz əslində necə insan olduğumuzu üzə çıxarır. Başqalarının bizi necə insan kimi tanıması ilə daxilən necə insan olduğumuz arasında bəzən fərq olurmu? (Matta 23:27, 28 ayələrini oxu.) Növbəti abzaslarda araşdıracağımız vəziyyətlərdə sən necə davranacaqsan? Bunun üzərində fikirləş.
Yehovanın təşkilatı ilə ayaqlaş
7, 8. a) Nəyə görə bəzi ibrani məsihçilər Musanın müəyyən qanunlarına riayət etməyə davam edirdilər? b) Nəyə əsasən deyə bilərik ki, onlar Allahın əmrlərinə zidd davranırdılar?
7 Çoxlarımız Süleymanın məsəlləri 4:18 ayəsində yazılan sözləri əzbər bilirik: «Salehlərin yolu... dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar». Bu o deməkdir ki, vaxt keçdikcə biz Allahın niyyətini daha yaxşı başa düşəcəyik və davranışımız getdikcə yaxşılaşacaq.
8 Bir çox ibrani məsihçilər İsanın ölümündən sonra da Musanın Qanununa riayət edilməsinin tərəfdarı idi (Həv. iş. 21:20). Pavel Allahdan ilham alaraq məsihçilərin artıq Musanın Qanununun altında olmadıqlarını ətraflı və aydın şəkildə izah etsə də, bəziləri Yehovanın tələblərini qəbul etmirdilər (Kolos. 2:13—15). Ola bilsin, onlar düşünürdülər ki, heç olmasa Musanın bəzi qanunlarına riayət etsələr, yəhudi dininin tərəfdarlarının təqiblərindən qaçacaqlar. Ancaq Pavel onlara qəti şəkildə bildirdi ki, əgər Allahın yeni əmrinə zidd davranmağa davam etsələr, Onun dinclik gününə yetişməyəcəkləra. (İbr. 4:1, 2, 6; İbranilərə 4:11 ayəsini oxu.) Allahın rəğbətini itirməmək üçün onlar Yehovanın Öz xalqını başqa istiqamətdə apardığını qəbul etməli idilər.
9. Sadiq və ağıllı nökər Müqəddəs Kitabın hansısa təlimini dəqiqləşdirərək yeni şəkildə təqdim edəndə biz buna necə münasibət göstərməliyik?
9 Bizim günlərdə bəzi Müqəddəs Kitab təlimləri dəqiqləşdirilərək yeni şəkildə təqdim olunub. Bu dəyişikliklər bizi narahat etməməlidir, əksinə, onlar sadiq və ağıllı nökərə olan etibarımızı möhkəmləndirməlidir. Sadiq və ağıllı nökəri təmsil edən Rəhbərlik Şurası bəzən müəyyən həqiqətlərə yenidən nəzər salır. Bu qardaşlar görəndə ki, hansısa təlimi dəqiqləşdirmək və ya onu başqa cür izah etmək lazımdır, bunu etməkdən çəkinmirlər. Rəhbərlik Şurası başa düşür ki, bəziləri onları tənqid atəşinə tutacaqlar. Lakin onlar Allahın niyyətilə ayaqlaşmağı özlərini tənqid atəşindən qorumaqdan daha vacib hesab edirlər. Bəs hansısa təlim dəqiqləşdiriləndə sən buna necə münasibət göstərirsən? (Luka 5:39 ayəsini oxu.)
10, 11. Bəzi Müqəddəs Kitab Tədqiqatçıları başqa cür təbliğ etməli olduqlarını öyrənəndə nə etdilər və bu nümunədən hansı ibrət dərsi götürürük?
10 Gəlin indi başqa nümunəyə baxaq. Təxminən yüz il bundan əvvəl yaxşı natiq olan bəzi Müqəddəs Kitab Tədqiqatçıları düşünürdülər ki, məruzələrlə çıxış etmək onlar üçün təbliğ etməyin ən yaxşı üsuludur. Çoxlu insan qarşısında nitq söyləmək və insanlardan tərif sözləri eşitmək onların xoşuna gəlirdi. Amma sonra Allahın xalqı başa düşdü ki, Yehova onların evdən-evə və digər üsullarla təbliğ etmələrini istəyir. Təcrübəli natiqlərdən bəziləri bu dəyişikliyi qəti şəkildə rədd etdilər. Çıxışlarında onlar Yehovanı sevən və Ona itaət edən insanlar kimi görünsələr də, bu vəziyyətdə onların əsil fikirləri və niyyətləri üzə çıxdı. Biz bilirik ki, Yehova onların hərəkətini bəyənmədi. Bu insanlar Yehovanın təşkilatını tərk etdilər (Mat. 10:1—6; Həv. iş. 5:42; 20:20).
11 Amma demək olmaz ki, Yehovanın təşkilatına sadiq qalanların hamısına evdən-evə təbliğ etmək asan idi. Xüsusilə də əvvəl-əvvəl bu, çoxlarına çətin gəlirdi. Lakin onlar itaətkarlıq göstərdilər və bir vaxtdan sonra qorxularının öhdəsindən gəldilər. Yehova da onlara bol-bol xeyir-dua verdi. Sadiq və ağıllı nökər əvvəllər heç vaxt iştirak etmədiyin təbliğ növündə iştirak etməyə təşviq edəndə sən necə davranırsan? Çətin olmasına baxmayaraq, itaətkarlıq göstərirsən?
Sevdiyimiz insan Yehovanı tərk edəndə
12, 13. a) Nəyə görə Yehova tövbə etməyən günahkarları yığıncaqdan kənar etməyi əmr edir? b) Bəzi məsihçi valideynlər hansı sınaqla qarşılaşırlar və onların vəziyyətini nə çətinləşdirə bilər?
12 Hamımız bilirik ki, Yehovaya məqbul olmaq üçün fiziki, əxlaqi və ruhani cəhətdən təmiz olmalıyıq. (Titus 2:14 ayəsini oxu.) Ancaq bəzən bu əmrə tabe olmaq bizə əzab verə bilər. Gəlin bir nümunəyə nəzər salaq. Tutalım, nümunəvi məsihçi ər-arvadın yeganə oğlu həqiqətdən gedir; o, günahdan müvəqqəti həzz almağı Yehovadan və valideynlərindən üstün tutur və yığıncaqdan kənar edilir (İbr. 11:25).
13 Valideynlər dərddən özlərinə yer tapmırlar. Əlbəttə, onlar Müqəddəs Kitabda yığıncaqdan kənar edilən insan barədə nə deyildiyini yaxşı bilirlər: «Özünü qardaş adlandırıb əxlaqsızlıq edən, acgöz, bütpərəst, nalayiq söz danışan, içki düşkünü və ya soyğunçuluq edənlə oturub-durmayasınız, beləsi ilə hətta bir süfrəyə də əyləşməyəsiniz» (1 Kor. 5:11, 13). Onlar başa düşürlər ki, «özünü qardaş adlandıran» ifadəsi onlarla bir evdə yaşamayan ailə üzvlərinə də aiddir. Lakin onlar övladlarını çox sevdikləri üçün belə fikirləşə bilərlər: «Əgər oğlumuzla ünsiyyəti bu dərəcədə məhdudlaşdırsaq, ona Yehovaya dönməyə necə kömək edə bilərik? Gərək onunla bacardığımız qədər çox ünsiyyətdə olaq»b.
14, 15. Yığıncaqdan kənar edilmiş uşaqları ilə söhbət edib-etməmək qərarını qəbul etmək zərurəti yarananda valideynlər nəyi yadda saxlamalıdırlar?
14 Biz bu cür bədbəxtlik üz verən valideynlərin dərdinə şərikik. Onların oğlunun seçim etmək imkanı var idi. Ancaq o, valideynlərinə və yığıncağa yox, pis həyat tərzi sürməyə üstünlük verdi. Valideynlər oğullarına kömək etmək istəyirlər, lakin onun qərarına təsir edə bilmirlər. Onların özlərini aciz hiss etmələri təəccüblü deyil.
15 Belə vəziyyətdə olan valideynlər nə edəcəklər? Onlar Yehovanın aydın göstərişinə tabe olacaqlar? Düzdür, nadir hallarda vacib ailəvi məsələlərlə əlaqədar yığıncaqdan kənar edilən oğulları ilə söhbət etmək zərurəti yarana bilər. Ancaq onlar oğulları ilə söhbət etmək üçün vacib səbəblərin çox olduğunu düşünəcəklər? Onlar qərar qəbul edərkən Yehovanın bu barədə nə fikirləşdiyini yadda saxlamalıdırlar. Yehovanın məqsədi yığıncağın təmizliyini qorumaq və əgər mümkündürsə, günah işlədən insanı pis əməlindən dönməyə təşviq etməkdir. Məsihçi valideynlər necə göstərə bilərlər ki, onlar da Yehovanın istədiyini istəyirlər?
16, 17. Harunun nümunəsindən biz nə öyrənirik?
16 Bir dəfə Musanın qardaşı Harun çox çətin vəziyyətə düşmüşdü. Yehova onun oğulları Nadav və Avihunu Hüzur çadırında haram od gətirdikləri üçün öldürdü. Bu zaman onun hansı hisslər keçirdiyini təsəvvür edirsiniz? Harunun oğulları ilə artıq söhbət etmək imkanı yox idi. Harunun və ailəsinin vəziyyətini çətinləşdirən daha bir amil var idi. Yehova Musa vasitəsilə ona və onun sadiq oğullarına əmr etmişdi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, [kədərdən] geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər» (Lev. 10:1—6). Bu nümunədən alacağımız dərs aydındır: biz Yehovanı Ona sadiq olmayan ailə üzvlərimizdən daha çox sevməliyik.
17 Bizim günlərdə Yehova Onun qanunlarını pozan insanları dərhal öldürmür. Yehova məhəbbətdən irəli gələrək onlara pis əməllərindən tövbə etmək imkanı verir. Əgər valideynlər yığıncaqdan kənar edilmiş oğul və ya qızları ilə ünsiyyət etmək üçün müxtəlif bəhanələr axtarırlarsa və bununla Yehovanı sınayırlarsa, O, hansı hissləri keçirir?
18, 19. Yığıncaqdan kənar edilmiş şəxsin ailə üzvlərinin Yehovanın bununla əlaqədar qoyduğu qanuna sədaqətlə əməl etmələri hansı xeyir-duaları gətirə bilər?
18 Çoxları etiraf edir ki, dostlarının və ailə üzvlərinin Yehovanın qanununa qəti şəkildə riayət etmələri və onlarla ünsiyyəti kəsmələri yenidən yığıncağa qayıtmalarına kömək etmişdi. Məsələn, yığıncaqdan kənar edilmiş bir gənc qadının bərpa edilməsini tövsiyə edən ağsaqqallar yazır ki, həyatında dəyişikliklər etməsində «doğma qardaşının bu tədbirə hörmətlə yanaşmasının rolu olub». Onun sözlərinə görə, «qardaşının Yehovanın əmrinə sadiq qalması onda yenidən yığıncağa dönmək həvəsi oyatmışdı».
19 Bundan biz öyrənirik ki, qeyri-kamil ürəyimizin Müqəddəs Kitab məsləhətinə qarşı çıxmaq meyili ilə mübarizə aparmalıyıq. Bizdə zərrə qədər də şübhə olmamalıdır ki, Yehova həmişə problemləri həll etməyin ən yaxşı üsulunu göstərir.
«Allahın sözü canlı»dır
20. İbranilərə 4:12 ayəsini nəyə aid etmək olar? (Haşiyəyə bax.)
20 Pavel «Allahın sözü canlı»dır deyəndə Müqəddəs Kitabı nəzərdə tutmurduc. Kontekstdən göründüyü kimi, o, Allahın vədini, yəni verdiyi sözü nəzərdə tuturdu. Pavel demək istəyirdi ki, Allah heç vaxt boş yerə söz vermir. Yehova həmişə Öz vədlərini yerinə yetirdiyini Yeşaya peyğəmbərin vasitəsilə demişdi: «Ağzımdan çıxan kəlmə... boş yerə yanıma qayıtmaz... onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:11). Allah Öz vədlərini istədiyimiz vaxtda yerinə yetirməyəndə səbirli olmalıyıq. Biz əmin ola bilərik ki, Yehova hal-hazırda Öz niyyətini müvəffəqiyyətlə yerinə yetirməyin üzərində çalışır (Yəh. 5:17).
21. İbranilərə 4:12 ayəsi Yehovanın yaşlı xidmətçilərini necə ruhlandırır?
21 «Böyük... izdiham»ın yaşlı üzvləri uzun illərdir ki, Yehovaya sədaqətlə xidmət edirlər (Vəhy 7:9). Onlar ümid edirdilər ki, bu pis sistemdə qocalmayacaqlar. Lakin onlar ruhdan düşmürlər (Məz. 92:14). Bu bacı-qardaşlar bilirlər ki, Allahın sözü canlıdır və O, Öz vədini yerinə yetirməyin üzərində işləyir. Allahın vədi Onun üçün çox vacibdir və əgər bu, bizim üçün də vacib olsa, O sevinəcək. Dinclik günündə, yəni yeddinci gün ərzində Yehovaya Öz vədlərini həyata keçirməyə heç nə mane olmayacaq. Yehova bilir ki, xalqı, bir qrup kimi, niyyətini həyata keçirməkdə Onunla əməkdaşlıq edəcək. Bəs sənin barəndə nə demək olar? Sən Allahın dinclik gününə yetişmisən?
[Haşiyə]
a Bir çox yəhudi din rəhbərləri Musanın Qanununa xırdalığınadək əməl edirdilər. Ancaq İsa yer üzünə gələndə onlar onun Məsih olduğuna inanmaq istəmədilər. Bu, Allahın niyyətinə qarşı çıxmağa bərabər idi.
b «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 207—209-cu səhifələrinə bax.
c Bu gün Allah bizimlə Kəlamı olan Müqəddəs Kitab vasitəsilə danışır. Müqəddəs Kitab həyatımızı dəyişməyə qadirdir. Buna görə də Pavelin İbranilərə 4:12 ayəsindəki sözlərini geniş mənada Müqəddəs Kitaba da aid etmək olar.
Məqalənin məqsədini unutma
• Biz bu gün Allahın dinclik gününə necə yetişə bilərik?
• Müqəddəs Kitabdan Allahın bizdən nə tələb etdiyini başa düşəndə Onu razı salmaq istədiyimizi necə göstərə bilərik?
• Hansı vəziyyətlərdə Yehovanın əmrlərinə tabe olmaq bizim üçün çətin ola bilər? Ancaq nəyə görə Allaha itaət etmək çox vacibdir?
• İbranilərə 4:12 ayəsini nəyə aid etmək olar?
[31 səhifədəki şəkil]
Valideynlər dərddən özlərinə yer tapmırlar