Yehovanın Kəlamı canlıdır
«Vaiz» kitabından diqqətəlayiq fikirlər
«QADINDAN doğulan insanın ömrü azdır, həyatı sıxıntı ilə doludur» deyə Əyyub qeyd etmişdi (Əyyub 14:1). Bu qısa həyatda boş arzuların, işlərin arxasınca qaçmamaq necə də vacibdir! Bəs vaxtımızı, gücümüzü və maddi vəsaitimizi nəyə sərf etməliyik? Nədən qaçınmalıyıq? Müqəddəs Yazıların «Vaiz» kitabında bu suallarla əlaqədar müdrik məsləhətlər qələmə alınıb. Bu kitab «ürəyin düşüncə və niyyətlərini ayırd edir» və həyatımıza mə’na qatır (İbranilərə 4:12).
Müdrikliyi ilə tanınan qədim İsrail padşahı Süleymanın yazdığı «Vaiz» kitabında həyatda nəyin həqiqətən də dəyərli, nəyin dəyərsiz olduğuna dair faydalı məsləhətlər vardır. Kitabda Süleymanın inşa etdiyi bə’zi tikililər xatırlandığı üçün, belə nəticəyə gəlmək olar ki, «Vaiz» kitabı onların tikilib qurtarmasından sonra, Süleymanın isə həqiqi ibadətdən dönməsindən əvvəl yazılıb (Nehemya 13:26). Kitab b. e. ə. 1 000-ci ildən əvvəl, Süleymanın 40 illik hakimiyyətinin sonlarında yazılmışdır.
PUÇ OLMAYAN NƏDİR?
«Hər şey puçdur» deyən Vaiz soruşur: «İnsanın səma altında çəkdiyi bütün zəhmətlərinin nə faydası var?» (Vaiz 1:2, 3). «Puçdur» və «səma altında» ifadələrinə «Vaiz» kitabında tez-tez rast gəlinir. «Puç» kimi tərcümə olunan ibrani sözünün hərfi mə’nası «nəfəs» və ya «buxar» olub, əhəmiyyətsizlik, qeyri-sabitlik və dəyərsizliyi bildirir. «Səma altında» ifadəsi isə «yerdə» və ya «bu dünyada» deməkdir. Beləliklə, insanların Allahın iradəsinə e’tinasız yanaşaraq, nəyəsə can atması puçdur.
Süleyman deyir: ‘Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya gir’ (Vaiz 5:1). Yehova Allaha ibadət etmək puç deyildir. Əksinə, Onunla münasibətlərimiz olmadan mə’nalı həyat sürmək mümkün deyil.
Müqəddəs Kitab suallarına cavablar:
1:4-10, (YD) — Təbiətdə olan dövranlar hansı mə’nada ‘yorucudur’? Vaiz həyatın mövcudluğu üçün zəruri olan yalnız üç əsas amili xatırladır: günəşi, küləyi və su dövranını. Əslində təbiətdə gedən dövranlar çoxsaylı və mürəkkəbdir. İnsan bütün ömrünü bu dövranları tədqiq etməyə həsr etsə də, onları axıradək başa düşməyəcək. Bu, doğrudan da ‘yorucudur’. Həm də insan ömrünü dövranların sonsuz təkrarlanması ilə müqayisə edəndə, onun aniliyini daha çox dərk edirik. Hətta yeni kəşflər etmək cəhdləri də yorucudur. Ümumiyyətlə, yeni ixtiralar həqiqi Allahın əsasını qoyduğu və yaradıcılıq işində istifadə etdiyi prinsiplərin tətbiq edilməsindən başqa bir şey deyildir.
2:1, 2 — Nə üçün gülmək ‘dəlilik’ adlanır? Ola bilsin ki, gülüş narahatlığımızı bizə ani olaraq unutdurur, başımız şənliyə qarışanda isə problemlərə barmaqarası baxırıq. Bununla belə, gülüş çətinliklərimizi aradan qaldırmır. Bu səbəbdən gülməkdə xoşbəxtlik axtarmaq ‘dəlilik’ adlanır.
3:11 — Allah nəyi «öz vaxtında gözəl yaratdı»? Allahın öz vaxtında «gözəl», yə’ni niyyətinə uyğun yaratdığı yaxşı şeylərə Adəm ilə Həvva, göy qurşağı əhdi, İbrahimlə, Davudla bağladığı əhdlər, İsa Məsihin gəlişi və Padşah kimi taxta oturması daxildir. Ancaq Yehovanın yaxın gələcəkdə «gözəl» yaradacağı daha bir şey də vardır. Biz əmin ola bilərik ki, salehliyin hökm sürəcəyi yeni dünya vaxtı gələndə gerçəkliyə cevriləcək (2 Peter 3:13).
5:9, (KM) — Hansı mə’nada «torpağın verdiyi fayda hər kəs üçündür»? Yerin bütün sakinlərinin həyatı «torpağın verdiyi faydadan», yə’ni onun məhsulundan asılıdır. Padşahlar da istisna təşkil etmirlər. Onların da tarlalarına qulluq etmək, onları becərmək lazımdır.
Bizim üçün ibrət dərsləri:
1:15. Dünyadakı zülmkarlığı və ədalətsizliyi aradan qaldırmaq üçün insanların vaxt və qüvvə sərf etmələri mə’nasızdır. Yalnız Allahın Padşahlığı pisliyin kökünü kəsmək iqtidarındadır (Daniel 2:44).
2:4-11. Me’marlıq, bağçılıq, musiqi, o cümlədən, dəbdəbəli həyat ‘külək dalınca qaçmağa’ bənzəyir, çünki onlar həyatımızı nə mə’nalı edir, nə də daimi xoşbəxtlik gətirir.
2:12-16. Hikmətin ağılsızlıqdan üstünlüyü ondadır ki, onun sayəsində müəyyən problemləri həll etmək mümkündür. Ölüm qarşısında isə bəşəri müdriklik acizdir. Kimsə müdrikliyinə görə şan-şöhrət qazansa belə, tezliklə unudulur.
2:24; 3:12, 13, 22. Əməyin bəhrəsindən zövq almaqda pis bir şey yoxdur.
2:26. Yehovanın hikməti insana sevinc gətirir və O, Öz hikmətini «razı qaldığı adama verir». Allahla yaxşı münasibətlər olmasa, hikmət əldə etmək qeyri-mümkündür.
3:16, 17. Hər bir vəziyyətdə ədalət gözləmək real deyil. Bu gün dünyada baş verənlərə görə narahatlıq keçirməkdənsə, Yehovanın bütün işləri yoluna qoyacağını gözləməliyik.
4:4. Məharətlə görülən iş insana məmnunluq gətirir. Başqalarını kölgədə qoymaq xatirinə çəkilən əmək rəqabət, hirs və qısqanclıq doğurur. Yehovaya düzgün niyyətlərdən irəli gələrək xidmət etməliyik.
4:7-12. İnsanlar arasındakı münasibətlər var-dövlətdən qiymətlidir. Onları var-dövlətə qurban vermək olmaz.
4:13. Yaş və ya mövqe insana həmişə hörmət qazandırmır. Məs’ul vəzifədə olanlar müdrik davranmalıdırlar.
4:15, 16. Əvvəlcə ‘başına yığışan bütün xalq’ ‘padşah taxtına oturan cavana’, yə’ni padşahın varisini dəstəkləsə də, ‘sonra gələn nəsillər onun üçün sevinməyəcək’. Doğrudan da, çox vaxt şan-şöhrətin ömrü az olur.
5:2. Dualarımız söz yığını deyil, düşünülmüş, ehtiramlı olmalıdır.
5:3-7. Var-dövlət hərisi olmaq xudbin xülyalara gətirib çıxarar. İnsan rahatlığını itirər, şirin yuxudan məhrum olar. Çox danışan başqalarının gözündə axmaq görünər və Allaha tələsik və’dlər verər. Allah qorxusu bizi bunlardan saxlayır.
6:1-9. Əgər var-dövlətdən, şan-şöhrətdən, uzun ömürdən, hətta böyük ailədən gözü dolusu sevinc duya bilmiriksə, onda onların nə faydası var? «Gözün görməsi», yə’ni reallığı qəbul etmək «ürəyin istəməsindən», yə’ni yerinə yetməsi mümkün olmayan arzulara can atmaqdan yaxşıdır. Buna görə ən yaxşı həyat yolu ‘yemək və paltarla’ kifayətlənib, faydalı şeylərdən həzz almaq və diqqəti Yehova ilə sıx münasibətləri qorumağa yönəltməkdir (1 Timoteyə 6:8).
MÜDRİKLƏRƏ MƏSLƏHƏT
Yaxşı adımızı necə qoruya bilərik? İnsan hakimlərinə və şahidi olduğumuz ədalətsizliyə münasibətimiz necə olmalıdır? Ölülər heç nə bilmədikləri üçün sağ ikən həyatımızı necə yaşamalıyıq? Gənclər vaxtlarından və güclərindən müdrikliklə necə istifadə edə bilərlər? Süleymanın bu və digər məsələlərə dair hikmətli məsləhətləri «Vaiz» kitabının 7-12 fəsillərində yazılmışdır.
Müqəddəs Kitab suallarına cavablar:
7:19 — Hikmət ‘on hakimdən’ necə güclü ola bilər? Müqəddəs Kitabda on rəqəmi rəmzi mə’nada tamlıq bildirir. Süleyman deyir ki, hikmət insanı şəhəri qorumaq üçün keşik çəkən bütün döyüşçülərdən daha çox qoruya bilər.
10:15 — Ağılsızların çəkdiyi zəhmət onları necə yorar? Əgər insanda sağlam düşüncə yoxdursa, onun zəhməti əbəsdir. O əməyindən məmnunluq duymur. Ağır zəhmət onu ancaq əldən salır.
11:7, 8 — «Həqiqətən, işıq gözəldir, günəşi görmək gözlərə xoşdur» nə deməkdir? İşıq və günəş həyatımıza sevinc gətirir. Süleyman burada deyir ki, yaşamaq yaxşıdır və qaranlıq günlər, yə’ni bizi gücdən salan qocalıq yetişməzdən əvvəl ‘sevinclə yaşamalıyıq’.
11:10 — Nə üçün «cavanlıq da, cavanlıqdakı güc də puçdur»? Onlar, düzgün istifadə edilmədikdə puçdur, çünki buxar kimi tez yoxa çıxır.
Bizim üçün ibrət dərsləri:
7:6. Yersiz gülüş başqalarını qazan altında yanan tikanlı kolun xışıltısı kimi əsəbiləşdirər və heç bir fayda gətirməz. Buna görə də, yerli-yersiz gülməməliyik.
7: 21, 22. Başqalarının haqqımızda söylədiklərinə görə həddindən artıq narahat olmamalıyıq.
8:2, 3; 10:4. Müdir bizi tənqid edəndə və ya məsləhət verəndə yaxşı olar ki, sakit qalaq. Bu, onun ‘hüzurundan’, yə’ni işdən çıxmağa tələsməkdən yaxşıdır.
8:8; 9:5-10, 12. Balıq tora, quş tələyə düşdüyü kimi, eləcə də həyatımız gözlənilmədən yarıda qırıla bilər. Bundan başqa, ölən zaman heç kəs həyat qüvvəsini özündə saxlaya bilməz. Ölüm heç bir insandan yan keçmir. Buna görə, vaxtımızı əbəs yerə sərf etməməliyik. Yehova istəyir ki, biz həyatımızı qiymətləndirək və ondan düzgün tərzdə həzz alaq. Bunun üçün Yehovaya xidməti həyatımızda birinci yerə qoymalıyıq.
8:16, 17. Allahın işlərinin və Onun yol verdiyi hadisələrin hamısı, hətta yuxusuz gecələr hesabına belə, əvvəldən axıra kimi başa düşülə bilməz. Törədilən hər pisliyə görə narahatlıq keçirsək, sevincimizi itirərik.
9:16-18. Hikmətə qiymət qoyulmadıqda da, biz onu qiymətləndirməliyik. Müdrik adamın sakit dediyi sözlər axmağın hay-küylə dediyi sözlərdən üstün tutulmalıdır.
10:1. Danışığımıza və hərəkətlərimizə fikir verməliyik. Kiçik ağılsızlıq, məsələn, özündən çıxmaq, bir dəfə də olsun sərxoş olmaq və ya natəmiz cinsi hərəkətə yol vermək hörmətli adamın yaxşı adını ləkələmək üçün kifayətdir.
10:5-11. Yüksək vəzifədə olan bacarıqsız adama həsəd aparmaq lazım deyil. Bacarıqsızlıq, hətta ən sadə tapşırığı yerinə yetirəndə zərərli nəticələrə gətirib çıxara bilər. «Amma hikmət insanın köməyinə çatar». Buna görə də, Padşahlığın təbliği və şagird hazırlamaq işində bacarıqlı olmaq necə də vacibdir!
11:1, 2. Biz səmimi qəlbdən səxavətli olmalıyıq. Səxavətdən səxavət doğar (Luka 6:38).
11:3-6. Həyatın qeyri-müəyyənliyi üzündən qətiyyətsiz olmamalıyıq.
11:9; 12:1-7. Gənclər Yehovanın qarşısında məs’uliyyət daşıyırlar. Bu səbəbdən, qocalıq onları gücdən salmamış, vaxtlarını və qüvvələrini Allaha xidmətə sərf etməlidirlər.
«HİKMƏTLİLƏRİN SÖZLƏRİ» BİZƏ RƏHBƏRLİK EDİR
Vaizin axtarıb yazdığı ‘faydalı sözlərə’ biz necə yanaşmalıyıq? İnsan müdrikliyi yazılmış bir ‘çox kitablardan’ fərqli olaraq, «hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir» (Vaiz 12:10-12). «Bir Çoban»ın, Yehovanın hikmətli sözləri həyatımıza sabitlik gətirə bilər.
Əgər «Vaiz» kitabındakı müdrik məsləhətlərə əməl etsək mə’nalı və xoşbəxt həyat sürəcəyik. Müqəddəs Kitab bizi əmin edir: ‘Allahdan qorxanlar yaxşılıq görəcəklər’. Ona görə də, gəlin ‘Allahdan qorxub, Onun əmrlərini yerinə yetirək’ (Vaiz 8:12; 12:13).
[15-ci səhifədəki şəkil]
Allahın ən gözəl işlərindən biri öz vaxtında gerçəkliyə çevriləcəkdir.
[16-cı səhifədəki şəkil]
Yemək, içmək və əlin zəhmətindən zövq almaq Allahın ən’amıdır.