«Arxadakı şeylərə» baxma
«Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan adam Allahın padşahlığına layiq deyil» (LUKA 9:62).
NECƏ CAVAB VERƏRDİN?
Nəyə görə Lutun arvadını heç vaxt yadımızdan çıxartmamalıyıq?
Hansı üç şeyə diqqət yetirməkdən qaçınmalıyıq?
Yehovanın təşkilatı ilə necə ayaqlaşa bilərik?
1. İsa hansı xəbərdarlığı vermişdi və bu, hansı sualı doğurur?
«LUTUN arvadını heç vaxt yadınızdan çıxarmayın» (Luka 17:32). Təxminən 2000 il bundan əvvəl İsa Məsih tərəfindən verilən bu xəbərdarlıq bizim günlərdə həmişəkindən daha vacibdir. İsa nəyə görə bu xəbərdarlığı verdi? Onun dinləyiciləri yəhudilər olduğu üçün artıq izahata ehtiyac yox idi. Onlar Lutun arvadı ilə nə baş verdiyindən agah idilər. Ailəsi ilə Sodomdan qaçarkən bu qadın itaətsizlik göstərərək dönüb arxaya baxdı və duz sütununa çevrildi. (Yaradılış 19:17, 26 ayələrini oxu.)
2. Nəyə görə Lutun arvadı dönüb arxaya baxdı və bu, ona nəyin bahasına başa gəldi?
2 Lutun arvadının dönüb arxaya baxmasının səbəbi nə idi? Bəlkə, həmin an şəhərdə baş verənlər onda maraq doğurmuşdu? Və ya şəhərin məhv olduğuna şübhə edirdi? Yaxud da ürəyi Sodomda qoyduğu şeylərin yanında qalmışdı? (Luka 17:31). Səbəb nə olursa-olsun, itaətsizlik onun həyatı bahasına başa gəldi. Bir anlıq fikirləş! Bu qadın Sodom və Homorranın pozğun sakinləri ilə eyni gündə öldü. Buna görə də İsanın: «Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın», — deməsi təəccüblü deyil.
3. İsa bizim məcazi mənada geriyə baxmalı olmadığımızı necə vurğulamışdı?
3 Yaşadığımız zəmanə elədir ki, məcazi dillə desək, bizə dönüb arxaya baxmaq olmaz. İsa bu fikri onun şagirdi olmaq arzusunda olan, amma öncə ailəsi ilə vidalaşmaq istəyən bir insanla söhbətində vurğulamışdı. İsa demişdi: «Əlini xışın üstünə qoyub arxadakı şeylərə baxan adam Allahın padşahlığına layiq deyil» (Luka 9:62). İsanın bu cavabı kobud və ya düşüncəsiz idimi? Yox, çünki o bilirdi ki, bu adam onun şagirdi olmaq məsuliyyətindən boyun qaçırmaq üçün sadəcə olaraq bəhanə gətirir. İsa onun bu işi təxirə salmasını «arxadakı şeylərə» baxmaq kimi qiymətləndirdi. Yeri şumlayan adamın bir anlığa dönüb arxaya baxması ilə xışı yerə qoyub arxaya baxması arasında fərq varmı? Xeyr, çünki hər iki halda o, işindən yayınır və bu, onun gördüyü işin keyfiyyətinə mənfi təsir göstərə bilər.
4. Biz diqqətimizi nəyə cəmləməliyik?
4 Biz keçmişə yox, gələcəyə baxmalıyıq. Görün bu fikir Süleymanın məsəlləri 4:25 ayəsində necə ifadə olunub: «Gözlərin irəliyə baxsın, düppədüz qarşına nəzər sal».
5. Arxaya baxmamaq üçün hansı səbəbimiz var?
5 Bizim arxaya baxmamağımız üçün tutarlı səbəbimiz var. Hansı səbəb? «Axır günlərdə» yaşamağımız (2 Tim. 3:1). Tezliklə Allah yalnız hansısa iki şəhəri yox, bütün bu pis sistemi yerlə yeksan edəcək. Biz də Lutun arvadının aqibətinə düçar olmamaq üçün nədən qaçınmalıyıq? İlk öncə arxada qoyduğumuz hansı şeylərin bizim üçün tələ ola biləcəyini müəyyən etməliyik (2 Kor. 2:11). Gəlin görək bunlar nə ola bilər və diqqətimizi onlara cəmləməmək üçün nə etməliyik.
ÖTƏN GÜNLƏRİN HƏSRƏTİNDƏ
6. Nəyə görə yaddaşımıza həmişə arxalanmaq olmur?
6 «Kaş ki, ötən günlərimi qaytaraydılar», — deyə onların həsrətini çəkmək özü bir təhlükədir. Bu, yanlış və təhrif olunmuş düşüncədir. Çünki yaddaşa hər zaman arxalanmaq olmur. Biz qeyri-ixtiyari olaraq keçmişdəki problemlərimizin ciddiliyini azaltmağa və eyni zamanda, xoş anları şişirtməyə meyilliyik, başqa sözlə, bizə elə gələ bilər ki, əvvəllər hər şey əslində olduğundan daha yaxşı idi. Etibarsız yaddaşımız bizi ötən günlərimizin həsrətini çəkməyə vadar edə bilər. Lakin Müqəddəs Kitab bizə xəbərdarlıq edir: «“Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, çünki verdiyin sual hikmətli sual deyil» (Vaiz 7:10). Bu cür düşünmək nəyə görə təhlükəlidir?
7-9. a) Misirdə israillilərin başına nələr gəlmişdi? b) İsraillilərin sevinmələrinə səbəb nə idi? c) İsraillilər nəyə görə deyinməyə başladılar?
7 Musanın günlərində israillilərin başına gələnləri yadımıza salaq. İsraillilər Misirə təzəcə gələndə onları qonaq kimi qarşılasalar da, Yusifin ölümündən sonra misirlilər «İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular» (Çıx. 1:11). Firon onların sayını azaltmağa cəhd göstərdi, bu, əsil soyqırım idi (Çıx. 1:15, 16, 22). Buna görə də Yehova Musaya dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım» (Çıx. 3:7).
8 İsraillilər onları kölə edən ölkədən azad bir xalq kimi çıxanda keçirdikləri sevinc hissini bir təsəvvür et. Yehova təkəbbürlü fironun və xalqının üzərinə On bəla göndərəndə bütün İsrail xalqı Onun qüdrətinin şahidi olmuşdu. (Çıxış 6:1, 6, 7 ayələrini oxu.) Sonda misirlilər nəinki israillilərin getməsinə izin verdilər, hətta onlara qızıl-gümüş verərək Misirdən getmələri üçün tələsdirdilər; Müqəddəs Kitabda deyildiyi kimi, israillilər «misirliləri soydular» (Çıx. 12:33—36). Həmçinin Allahın xalqı firon və onun qoşununun Qırmızı dənizdə məhv olduqlarını görəndə də sevinirdi (Çıx. 14:30, 31). Bu cür həyəcanlandırıcı hadisələri öz gözləri ilə görmək onların imanını möhkəmləndirməli idi.
9 Bu, inanılmaz görünsə də, möcüzəli qurtuluşlarından çox keçməmiş məhz həmin israillilər şikayət etməyə və deyinməyə başladılar. Onlar nədən narazı idilər? Yeməkdən! Yehovanın verdiyi yeməyi bəyənməyən xalq gileylənirdi: «Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq. Ancaq indi iştahamız küsüb; yeməyə mannadan başqa bir şey görmürük» (Say. 11:5, 6). İsraillilərin düşüncələri o dərəcədə təhrif olunmuşdu ki, onlar hətta qul olduqları ölkəyə qayıtmaq fikrinə düşdülər! (Say. 14:2—4). Arxaya baxan israillilər Yehovanın lütfündən məhrum oldular (Say. 11:10).
10. sraillilərin nümunəsindən özümüz üçün hansı ibrət dərsi götürə bilərik?
10 Biz bundan özümüz üçün hansı ibrət dərsi götürürük? Çətinliklər və problemlərlə üzləşəndə gəlin heç vaxt diqqətimizi keçmişdə, hətta ola bilsin, həqiqətə gəlməmişdən öncə həyatımızda baş verən və gözümüzdə yaxşı görünən şeylərə cəmləməyək. Keçmişdə olan hadisələrdən öyrəndiyimiz ibrət dərsləri üzərində düşünmək və ya əziz xatirələri qoruyub saxlamaq qəbahət olmasa da, biz keçmişə tarazlı və real gözlə baxmalıyıq. Əks halda, indiki vəziyyətimizdən daha da narazı olacağıq və ürəyimizdə keçmiş həyat tərzimizə qayıtmaq istəyi baş qaldıra bilər. (2 Peter 2:20—22 ayələrini oxu.)
KEÇMİŞDƏ VERDİYİMİZ QURBANLAR
11. Bəziləri keçmişdə verdikləri qurbanlara hansı gözlə baxırlar?
11 Əfsuslar olsun ki, bəziləri keçmişdə verdikləri qurbanlara əldən buraxılmış imkanlar kimi baxırlar. Ola bilsin, sənin vaxtilə ali təhsil almaq, ad-san qazanmaq və ya gəlirli işdə işləmək kimi imkanların olub, amma sən onlardan imtina etmisən. Bir çox bacı-qardaşlarımız biznes, əyləncə, təhsil və ya idman sahəsində yaxşı qazanc mənbəyi olan vəzifələrindən imtina ediblər. Bu qərarı vermələrindən xeyli vaxt ötsə də, son hələ gəlməyib. «Əgər bunu etməsəydim, görəsən, indi həyatım necə olardı?» — deyə xəyallara dalırsanmı?
12. Pavel arxada qoyduğu şeylərə necə baxırdı?
12 Həvari Pavel Məsihin davamçısı olmaq xatirinə çox şeydən imtina etmişdi (Filip. 3:4—6). Bəs o, arxada qoyduğu şeylərə necə baxırdı? O deyir: «Mənim üçün qazanc olan şeyləri Məsih uğrunda zərər saydım». Nəyə görə? Pavel sözünə davam edir: «Mən... hər şeyi Ağam Məsih İsa haqqındakı misilsiz biliklə müqayisədə heç sayıram. Ağama görə bunların hamısından keçdim və hər şeyi zibil hesab edirəm. Bəli, bunu Məsihi qazanmaq... üçün etdim»a (Filip. 3:7—9). Zibili atdıqdan sonra, sanki, nəsə itiribmiş kimi insan oturub göz yaşı tökmədiyi kimi, Pavel də arxada, yəni bu dünyada qoyduğu imkanlara görə heyfsilənmirdi. Artıq bunların onun üçün heç bir dəyəri yox idi.
13, 14. Biz Pavelin nümunəsini necə izləməliyik?
13 İmtina etdiyin imkanlar barədə fikirlər səni rahat buraxmırsa, nə etməlisən? Pavelin nümunəsini izlə. Necə? Hal-hazırda malik olduğun şeylərin nə qədər qiymətli olduğunu fikirləş. Sənin Yehova ilə çox dəyərli münasibətin var və neçə müddətdir ki, Yehova səni Ona sadiq olan bir insan kimi tanıyır (İbr. 6:10). Bu dünyanın təklif etdiyi hansı imkanlar bizim hal-hazırda malik olduğumuz və gələcəkdə alacağımız imkanlarla müqayisə oluna bilər? (Mark 10:28—30 ayələrini oxu.)
14 Pavel bizə xidmətimizi sədaqətlə davam etdirməyə kömək edəcək daha bir şeyi xatırladır. O demişdi: «Arxada qalan şeyləri unudub, irəlidəki şeylərə can atıram» (Filip. 3:13). Fikir ver ki, Pavel burada iki məqamı vurğulayır və onların hər ikisi çox vacibdir. Birincisi, biz arxada qoyduqlarımızı unudub dəyərli vaxt və gücümüzü bu kimi şeylərin fikrini çəkməyə sərf etməməliyik. İkincisi, finiş xəttini keçmək üzrə olan qaçışcı kimi, biz diqqətimizi gələcəyə cəmləyərək irəli getməliyik.
15. Allahın sadiq xidmətçilərinin nümunəsi üzərində düşünəndə biz hansı faydanı əldə edirik?
15 Allahın həm keçmişdə, həm də indi yaşayan xidmətçilərinin nümunəsi üzərində düşün. Onların nümunəsi səni təşviq edəcək ki, arxada qoyduqlarına boylanmayasan, əksinə, daima irəliyə doğru gedəsən. Misal üçün, əgər İbrahimlə Sara oturub-durub Ur şəhəri barədə düşünsəydilər, onda «fürsət düşən kimi, ora qayıdardılar» (İbr. 11:13—15). Ancaq onlar geri qayıtmadılar. Yaxud da Musanı götürək. Hər bir israillinin ayrı-ayrılıqda Misirdə qoyduğu ilə müqayisədə onun qoyub getdikləri qat-qat çox idi. Müqəddəs Kitabın heç bir yerində onun bu şeylərin həsrətini çəkdiyi deyilmir. Əksinə, biz oxuyuruq ki, «o, bir məsh olunmuş kimi, dözdüyü təhqirləri Misirin bütün xəzinələrindən daha qiymətli bir sərvət hesab etdi, çünki gözünü alacağı mükafatdan çəkmirdi» (İbr. 11:26).
KEÇMİŞİMİZİN ACI XATİRƏLƏRİ
16. Keçmişlə bağlı xatirələr bizə necə təsir edə bilər?
16 Bəzən keçmişlə bağlı xatirələr acı olur. Ola bilsin, nə vaxtsa buraxdığımız səhvlər və etdiyimiz günahlar barədə fikirləşəndə ürəyimizdən qara qanlar axır (Məz. 51:3). Yaxud da vaxtilə aldığımız ciddi məsləhətə görə hələ də acıqlı və ya kədərliyik (İbr. 12:11). Eləcə də haqsızlıqlar və ya gözümüzdə haqsızlıq kimi görünən şeylər də bizə rahatlıq verməyə bilər (Məz. 55:2). Həyatımızda baş verən bu hadisələrin ucbatından arxaya boylanmamaq üçün biz nə edə bilərik? Üç nümunəyə baxaq.
17. a) Nəyə görə Pavel özünü «müqəddəslərin hamısından ən [kiçiyi]» adlandırırdı? b) Mənfi düşüncələrin Pavelə hakim kəsilməməsinə nə kömək etdi?
17 Keçmişdəki səhvlər. Həvari Pavel özünü «müqəddəslərin hamısından ən [kiçiyi]» adlandırırdı (Efes. 3:8). Nə üçün? O, səbəbini izah edir: «Çünki Allahın yığıncağına zülm etmişəm» (1 Kor. 15:9). Təsəvvür edirsən, vaxtilə təqib etdiyi insanlarla üz-üzə gələndə Pavel hansı hissləri keçirirdi? Ancaq o yol vermədi ki, bu kimi mənfi düşüncələr ona hakim kəsilsin. Əksinə, Pavel bütün diqqətini layiq olmadığı halda Allahın ona göstərdiyi xeyirxahlığa yönəltdi (1 Tim. 1:12—16). Allaha olan minnətdarlıq hissi Paveli Ona xidmətini davam etdirməyə təşviq edirdi. Onun unutmaq istədiyi şeylərin arasında keçmişdə etdiyi günahlar da var idi. Əgər biz də diqqətimizi Allahın göstərdiyi mərhəmətə cəmləsək, gücümüzü keçmişdə etdiyimiz və dəyişə bilmədiyimiz səhvlərdən ötrü fikir çəkməyə sərf etməyəcəyik. Biz bu gücümüzü Yehovanın işində istifadə edə bilərik.
18. a) Nə vaxtsa aldığımız məsləhətə görə hələ də inciklik hissi ilə arxaya baxırıqsa, nə baş verə bilər? b) Məsləhəti qəbul etmək barədə Süleymanın dediyi sözlərə necə əməl edə bilərik?
18 Qəlbimizi yaralayan məsləhətlər. Ola bilsin, sən nə vaxtsa aldığın məsləhətə görə hələ də inciklik hissi ilə arxaya baxırsan. Bu, bizə ürək ağrısı verməklə yanaşı, həm də zəiflədə bilər və ruhdan düşməyimizə gətirib çıxarar (İbr. 12:5). İstər verilən məsləhəti qulaqardına vuraq, istərsə də onu qəbul etdiyimiz üçün ruhdan düşək, nəticə eyni olaraq qalır — biz məsləhətin bizə fayda gətirməsinə və düzəliş etməsinə imkan vermirik. Süleymanın sözlərinə diqqət yetirmək necə də yaxşı olardı! O yazır: «Aldığın tərbiyəyə bağlan, ayrılma, onu saxla, o sənin həyatındır» (Sül. məs. 4:13). Yol işarələrinə riayət edən sürücü kimi, gəlin məsləhətləri qəbul edib onları tətbiq edərək irəli gedək! (Sül. məs. 4:26, 27; İbranilərə 12:12, 13 ayələrini oxu.)
19. Habaqquq və Yeremyanın imanını necə təqlid edə bilərik?
19 Haqsızlıqlar və ya gözümüzdə haqsızlıq kimi görünən şeylər. Bəzən özümüzü Allahın nəyə görə haqsızlıqlara yol verdiyini başa düşməyərək Ona fəryad edən Habaqquq peyğəmbər kimi hiss edə bilərik (Hab. 1:2, 3). «Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam!» — deyən peyğəmbərin imanını təqlid etməyimiz necə də vacibdir (Hab. 3:18). Əgər biz, keçmişdə yaşayan Yeremya peyğəmbər kimi, ədalətli Allah olan Yehovanı tam imanla gözləməyə qəti qərarlı olsaq, əmin ola bilərik ki, O, münasib vaxtda hər şeyi öz qaydasına qoyacaq (Mərs. 3:19—24).
20. Lutun arvadını yadımızdan çıxartmadığımızı necə göstərə bilərik?
20 Biz çox maraqlı bir zəmanədə yaşayırıq. Hal-hazırda möhtəşəm hadisələr baş verir və yaxın gələcəkdə bizi bundan da maraqlı hadisələr gözləyir. Hər birimiz Yehovanın təşkilatı ilə ayaqlaşaraq irəli getməliyik. Gəlin bundan sonra da Allahın Kəlamındakı məsləhətlərə diqqət yetirərək geriyə yox, irəli baxaq. Bununla biz göstərəcəyik ki, Lutun arvadını yadımızdan çıxartmamışıq.
[Haşiyə]
a Burada «imtina etmək» kimi tərcümə olunan sözün orijinal dildə həmçinin «itlərin qabağına atmaq», «peyin» və «nəcis» mənaları da var. Müqəddəs Kitabı tədqiq edən bir alim deyir ki, Pavelin bu sözü istifadə etməkdə məqsədi insanın birdəfəlik imtina etdiyi bir şeyi təsvir etmək idi. Artıq həmin şeyin onun gözündə heç bir dəyəri yoxdur və onda ikrah doğurur; insan həmin şeyə bir də qayıtmaq istəmir.