Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/10 s. 4—6
  • Nə üçün pislik indiyədək davam edir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nə üçün pislik indiyədək davam edir?
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Cavabdeh kimdir?
  • Vacib sual qaldırılır
  • Kifayət qədər vaxt tələb olunurdu
  • Vaxt nəyi aşkar etdi?
  • Siz nə edəcəksiniz?
  • Allah iztirablara nə üçün yol verir?
    Əbədi həyata aparan bilik
  • Dünyadakı əzabların səbəbkarı kimdir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Allahın bəşəriyyətlə bağlı niyyəti
    Müqəddəs Kitab təlimləri
  • Nəyə görə dünya əzab-əziyyətlə doludur?
    Müqəddəs Kitab təlimləri
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/10 s. 4—6

Nə üçün pislik indiyədək davam edir?

MÜQƏDDƏS KİTABDA deyilir ki, Yehova Allah «bütün yollarında adildir» (Məzmur 145:17; Vəhy 15:3). Onun haqqında Musa peyğəmbər demişdi: «Bütün yolları haqdır, sadiq Allahdır, heç zaman haqsızlıq etməz, adil və doğru olan Odur» (Qanunun təkrarı 32:4). Yaqub 5:11 ayəsində isə yazılıb: «Rəbb çox şəfqətli və mərhəmətlidir». Allah heç vaxt pislik etməz.

Şagird Yaqub yazmışdı: «İmtahan olunan zaman, qoy heç kim: “Allah məni imtahan edir”, — deməsin. Çünki Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir» (Yaqub 1:13). Yehova Allah insanları nə pisliklə imtahan edir, nə də onları pisliyə təhrik etmək üçün müxtəlif fəndlərə əl atır. Bəs onda pisliyə və əzaba görə cavabdeh kimdir?

Cavabdeh kimdir?

Müqəddəs Kitabın yazıçılarından biri olan Yaqubun sözlərindən aydın olur ki, pisliyə görə məs’uliyyətin bir qismi insanların payına düşür. O yazmışdı: «Hər kəs öz ehtirası ilə aparılaraq və aldanaraq imtahan olunur. Ehtiras isə boylu qalıb günah doğurur. Yetişən günah da ölüm törədir» (Yaqub 1:14, 15). İnsanlar yanlış istəklərinin ardınca getməyə meyllidirlər. Miras alınan günahın insana göstərdiyi tə’siri də unutmaq lazım deyil. Günahın tə’siri yanlış istəkləri gücləndirə və zərərli nəticələrə gətirib çıxara bilər (Romalılara 7:21-23). Göründüyü kimi, miras aldığımız günah böyük əziyyətlərə səbəb olan pisliklərə vadar edərək bəşəriyyət üzərində ‘hökm sürür’ (Romalılara 5:21). Bundan savayı, pis insanlar digərlərinə də zərərli tə’sir göstərərək, onları yoldan çıxara bilirlər (Süleymanın məsəlləri 1:10-16).

Ancaq pisliklərə görə ən böyük məs’uliyyəti Şeytan İblis daşıyır. Pisliyi də dünyaya o gətirmişdi. İsa Məsih Şeytanı ‘şər’ və «bu dünyanın», yə’ni qeyri-saleh insan cəmiyyətinin «rəisi» adlandırmışdı. Bəşəriyyət Yehova Allahın yaxşı yollarına e’tinasızlıq göstərməklə ümumilikdə özünü Şeytana təslim edib (Matta 6:13; Yəhya 14:30; 1 Yəhya 2:15-17). 1 Yəhya 5:19 ayəsində deyilir: «Bütün dünya... şəririn hakimiyyəti altındadır». Şeytan və onun mələkləri ‘bütün dünyanı aldadırlar’, bu isə fəlakət və ağrı-acıdan başqa bir şeyə səbəb olmur (Vəhy 12:9, 12). Beləliklə, pisliyə görə ən böyük məs’uliyyəti daşıyan Şeytan İblisdir.

Vaiz 9:11 (KM) ayəsində iztirabların digər səbəbi açıqlanır: «Onların hamısını vaxt və təsadüf qarşılar». Bir dəfə İsa Məsih qüllənin uçub 18 nəfərin ölümünə səbəb olan fəlakətdən danışmışdı (Luka 13:4). Həmin adamlar münasib olmayan vaxtda münasib olmayan yerdə olduqları üçün bu fəlakətə mə’ruz qaldılar. Bizim günlərdə də belə şeylər baş verir. Məsələn, hündür binadan bir kərpic qopub yoldan keçən adamın başına düşə bilər. Bu halda Allahı günahlandırmaq lazımdırmı? Xeyr. Hadisə təsadüfən və gözlənilmədən olmuşdu. Adətən, ailə üzvlərindən kim isə xəstələnəndə də, yaxud qəfil ölüm nəticəsində kim isə dul və ya yetim qalanda da eyni şeyi demək olar.

Aydın olur ki, Allah pisliklərə görə məs’uliyyət daşımır və əzabların səbəbkarı deyil. Əksinə, Yehova bütün pislikləri və onların səbəbkarlarını aradan qaldırmaq niyyətindədir (Süleymanın məsəlləri 2:22). O, bundan da çox şey edəcək. Müqəddəs Yazılarda deyilir ki, Allahın niyyəti Məsihin vasitəsilə ‘iblisin əməllərini puç etməkdir’ (1 Yəhya 3:8). Tamahkarlıq, nifrət və pisliklərlə dolu olan indiki sistem keçmişdə qalacaq. Allah hətta insanların ‘gözlərindən bütün yaşları siləcək’, əzab-əziyyətə son qoyacaq (Vəhy 21:4). Ola bilsin, siz soruşursunuz: «Bəs nəyə görə Allah bunu indiyədək etməyib? Nəyə görə pislik və əziyyətin indiyədək mövcud olmasına yol verir?» Bu suallara cavab tapmaq üçün, gəlin Adəm və Həvva ilə baş verən hadisələrə Müqəddəs Kitabda nəzər salaq.

Vacib sual qaldırılır

Allahın pisliklərə indiyədək yol verməsinin səbəbi bəşər tarixinin başlanğıcında baş verən hadisələrlə bağlıdır. Həmin hadisələr Yaradana qarşı qaldırılan, dərhal və asanlıqla həll edilməyən sual ilə bağlı idi. Gəlin bu məsələni diqqətlə araşdıraq.

Yehova Allah ilk kişi və qadını kamil yaradıb, onları Cənnətdə yerləşdirmişdi. Allah ilk insanlara onları heyvanlardan fərqləndirən bir ən’am — iradə azadlığı bəxş etmişdi (Yaradılış 1:28; 2:15, 19). Xeyir və şər arasında seçim etmək qabiliyyəti ilə yaradılan Adəmlə Həvva, verilən şüurdan düzgün istifadə edərək Yaradanı sevməyi, Ona xidmət və itaət etməyi seçə bilərdilər. Yaxud da Allahdan asılı olmamağı və itaətsizliyi seçə bilərdilər.

Yehova Adəmlə Həvvaya bir qadağa qoyaraq onlara məhəbbətlərini təzahür etdirmək imkanı verdi. O, Adəmə tapşırdı: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:16, 17). Adəmlə Həvva həm özlərinin, həm də gələcək nəsillərinin xeyrinə olaraq Allahın lütfündə qalmaq üçün həmin ağacın meyvəsindən yeməli deyildilər. Bəs onlar necə davrandılar?

Sonrakı hadisələr Müqəddəs Kitabda nəql edilir. İlandan istifadə edən Şeytan İblis Həvvaya yaxınlaşıb dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Həvva Allahın göstərişini təkrar etdikdə Şeytan dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Bu sözlərdən sonra ağac Həvvaya daha cazibəli göründü və «həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi» (Yaradılış 3:1-6). Adəmlə Həvva iradə azadlıqlarından sui-istifadə edib, Allaha qulaq asmamaqla günah işlətdilər.

Baş verənlərin nə qədər ciddi olduğunu anlayırsınızmı? İblis Allahın Adəmə dediklərini inkar etdi. Şeytan onu demək istəyirdi ki, nəyin yaxşı və nəyin pis olduğunu müəyyən etməkdə Adəmlə Həvvanın Yehovanın köməyinə ehtiyacları yoxdur. Yehovaya meydan oxuyan Şeytan Onun insanlar üzərində hökmranlıq etmək hüququnu şübhə altına aldı. Şeytanın qaldırdığı vacib məsələ Yehovanın hakimiyyətinin ədalətli olub-olmadığı ilə bağlı idi. Həqiqi Allah bu məsələni necə həll etmək qərarına gəldi?

Kifayət qədər vaxt tələb olunurdu

Yehova üsyankarların üçünü də — Şeytanı, Adəmi və Həvvanı məhv etmək üçün kifayət qədər gücə malik idi. Yehovanın onlardan güclü olduğuna şübhə yox idi. Lakin Şeytanın sual altına aldığı Allahın gücü yox, Onun hökmranlıq hüququ idi. Bu məsələnin iradə azadlığına malik olan hər varlığa aidiyyəti vardı. Onlar görməli idilər ki, iradə azadlığından düzgün — Allahın fiziki qanunları, əxlaqi və ruhani normaları çərçivəsində istifadə edilməlidir. Əks təqdirdə bunun sonu, cazibə qüvvəsinə məhəl qoymayaraq hündür binadan tullanan insanın aqibəti kimi pis olar (Qalatiyalılara 6:7, 8). Bütün şüurlu varlıqların Allahdan müstəqil həyat sürməyin gətirdiyi acı bəhrələri görərək özlərinə ibrət dərsi almaq imkanı yaranacaqdı. Bunun üçün isə vaxt tələb olunurdu.

Bə’zi məsələlərin həlli üçün vaxt tələb olunduğunu gəlin bir nümunə əsasında nəzərdən keçirək. Tutaq ki, bir ailə başçısı digər ailə başçısını öz güclərini sınamağa çağırır. Bu məsələni dərhal həll etmək olar, məsələn, daş qaldırmaqla. Ən ağır daşı qaldıran ata ən güclü hesab olunacaq. Bəs əgər hansı atanın öz övladlarını, onların da öz atalarını həqiqətən də sevdiyi mübahisə edilsəydi, onda necə? Yaxud hansı atanın öz ailəsini daha yaxşı idarə etdiyinə dair sual qaldırılsaydı? Bu məsələni güc və sözlə həll etmək mümkün olmazdı. Məsələnin həll edilməsi üçün kifayət qədər vaxt keçməli, hər iki ata kənardan müşahidə olunmalı və düzgün nəticələr çıxarılmalı idi.

Vaxt nəyi aşkar etdi?

Allahın hökmranlıq hüququnun Şeytan tərəfindən sual altına qoyulmasından təxminən 6 000 il keçib. Tarix nəyi aşkar edir? Şeytanın Allaha qarşı irəli sürdüyü ittihamın iki sahəsinə baxaq. Şeytan Həvvaya dedi: «Yox, əsla ölməzsiniz» (Yaradılış 3:4). Şeytan Adəmlə Həvvanın qadağan olunmuş meyvədən yeyərlərsə, ölməyəcəklərini deməklə əslində Yehovanı yalançı adlandırmış oldu. Çox ciddi bir ittihamdır, elə deyilmi? Əgər Allah bu məsələdə insanları aldatsaydı, başqa şeylərdə Ona e’tibar etmək olardımı? Bəs vaxt nəyi göstərdi?

Adəmlə Həvva xəstəliklərin, ağrı-acının, qocalığın və ölümün dadını bildilər. Müqəddəs Kitabda deyilir: «Adəm doqquz yüz otuz il ömür sürüb öldü» (Yaradılış 3:19; 5:5). Təəssüflər olsun ki, bütün bəşəriyyət bu acı aqibəti Adəmdən miras aldı (Romalılara 5:12). Vaxt göstərdi ki, Şeytan «yalançıdır və yalanın atasıdır», Yehova isə «həqiqət Allahı»dır (Yəhya 8:44; Məzmur 31:5, KM).

Şeytan həm də Həvvaya demişdi: «Allah bilir ki, o meyvələrdən [qadağan olunmuş ağacın meyvələrindən] yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yaradılış 3:5). Bu yalana əl atmaqla Şeytan insanlara sanki Allahdan tamamilə müstəqil olmaq imkanı verdi. Şeytan insanları aldatdı ki, onlar Allahın rəhbərliyi olmadan daha yaxşı yaşayacaqlar. İblisin iddiaları özünü doğrultdumu?

Bəşər tarixi boyu imperiyalar bir-birini əvəz etmişdir. İnsanlar mümkün olan bütün idarə formalarını sınaqdan keçirmişlər. Lakin dəhşətli hadisələr bəşər ailəsini tərk etmirdi. Təxminən 3 000 il bundan əvvəl bir Müqəddəs Kitab yazıçısı belə hikmətli qənaətə gəlmişdi: «Bir nəfərin başqa adama ağalıq etməsi başına bəla olur» (Vaiz 8:9). Yeremya peyğəmbər yazmışdı: «Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yeremya 10:23). Hətta son zamanlarda elm və texnologiyada əldə edilən nailiyyətlər bu sözlərin doğruluğunu təkzib edə bilmədi. Vaxt bu ayədəki sözlərin həqiqət olduğunu göstərdi.

Siz nə edəcəksiniz?

Allahın verdiyi vaxt sübut etdi ki, Yehovanın hökmranlığının ədalətli olmasını şübhə altına almaqda Şeytan yanılmışdı. Yehova Allah Kainatın yeganə Ali Hökmdarıdır. O, yaratdığı varlıqlar üzərində hökmranlıq etmək hüququna malikdir və Onun hökmranlığından yaxşısı yoxdur. Uzun müddət ərzində göylərdə Allahın rəhbərliyi altında yaşayan mələklər bunun həqiqətən də belə olduğunu e’tiraf edərək nida edirlər: «Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı» (Vəhy 4:11).

Allahın hökmranlığına dair qaldırılan sualda siz kimin tərəfini tutursunuz? Allahın sizin üzərinizdə hökmranlıq etməyə layiq olduğu ilə razısınızmı? Əgər belədirsə, Yehovanın hökmranlığını qəbul etməlisiniz. Buna, Allahın Kəlamı olan Müqəddəs Kitabın dəyərli həqiqətlərini və məsləhətlərini həyatınızın hər sahəsində tətbiq etməklə nail ola bilərsiniz. «Allah məhəbbətdir» və Onun verdiyi qanunlar və göstərişlər yaratdığı məxluqlara məhəbbətindən irəli gəlir (1 Yəhya 4:8). Yehova heç birimizi faydalı şeylərdən məhrum etmir. Buna görə, Müqəddəs Kitabın bu məsləhətinə riayət etməyə dəyər: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına e’tibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Süleymanın məsəlləri 3:5, 6).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş