Qoy güvəndiyin Yehova olsun
“Ümidim sənsən, ya Rəbb Yehova; gəncliyimdən bəri güvəndiyim sənsən” (MƏZMUR 71:5).
1. Gənc çoban Davud hansı tələbi qəbul etdi?
ONUN boyu təxminən üç metr idi. İsrail döyüşçülərindən heç kimin ona qarşı çıxmağa cür’ət etməməsi təəccüblü deyil! Filistimli pəhləvan Qolyat bir neçə həftə gecə-gündüz İsrail döyüşçülərinə meydan oxuyaraq, onunla döyüşmək üçün cəngavər göndərmələrini tələb edirdi. Nəhayət ki, onun tələbi cəngavər yox, lakin sadə bir gənc tərəfindən qəbul olundu. Gənc çoban Davud, pəhləvanın yanında olduqca cılız görünürdü. Yəqin ki, o, çəkidə Qolyatın dəbilqəsindən və silahından da yüngül gələrdi! Yenə də, həmin gənc filistimli pəhləvana qarşı çıxdı və uzun əsrlər boyu igidlik rəmzi oldu (1 Samuel 17:1-51).
2, 3. a) Nəyə görə Davud Qolyata qarşı bu cür əminliklə çıxdı? b) Güvəndiyimiz Yehova olsun deyə, hansı iki addımı atmalıyıq?
2 Davud bu cür igidliyi haradan əldə etmişdi? Davudun, ehtimal ki, böyüdükdən sonra yazdığı sözləri nəzərdən keçirək: “Ümidim sənsən, ya Rəbb Yehova; gəncliyimdən bəri güvəndiyim sənsən” (Məzmur 71:5). Bəli, Davud artıq gənc yaşlarından Yehovaya bel bağlayırdı. O, Qolyatın qarşısına növbəti sözlərlə çıxdı: “Sən qılıncla və mizraqla və qarğı ilə üzərimə gəlirsən; fəqət mən meydan oxuduğun İsrail sıralarının Allahı, ordular Rəbbinin ismilə sənin üzərinə gəlirəm” (1 Samuel 17:45). Qolyat öz böyük qüvvəsinə və silahlarına güvəndiyi halda, Davud Yehovaya güvənirdi. Kainatın Hökmdarından dəstək alaraq, Davud nəhəng və yaxşı silahlanmış adi insandan qorxmalı idimi?
3 Davud haqqında oxuyarkən Yehovaya daha möhkəm güvənməyi öyrənmək istəyin yaranmırmı? Çox güman ki, çoxumuzda bu cür istək yaranır. Buna görə də gəlin, Yehovaya güvənə bilməyimizə kömək edən iki addımı nəzərdən keçirək. Birincisi, bu cür güvənməyimizə mane olan geniş yayılmış maneələri aradan qaldırmalı və onların bir daha yolumuzda durmasına yol verməməliyik. İkincisi, Yehovaya bel bağlamağın nə demək olduğunu aydın başa düşməliyik.
Yehovaya güvənməyə mane olan geniş yayılmış maneələr
4, 5. Nəyə görə bir çox insanlara Allaha güvənmək çətindir?
4 Allaha güvənməkdə insanlara mane olan nədir? Çox vaxt bədbəxtliklərin səbəbini bilməmələri. Çoxlarını öyrədirlər ki, iztirablara Allah cavabdehdir. Faciə baş verəndə və insanlar həlak olanda keşişlər bə’zən deyirlər ki, həlak olan şəxsi Allah göyə, Öz yanına “götürüb”. Bundan savayı, din rəhbərlərinin çoxu öyrədir ki, bu dünyada baş verən hər şeyi, o cümlədən bədbəxtlikləri və pislikləri Allah qabaqcadan müəyyən edib. Belə bir mərhəmətsiz Allaha güvənmək çətindir. İman gətirməyənlərin ağıllarını kor edən Şeytan, ‘cinlərin [bu cür] tə’limlərini’ yaymağa sə’ylə can atır (1 Timoteyə 4:1; 2 Korinflilərə 4:4).
5 Şeytan istəyir ki, insanlar Yehovaya güvənməsinlər. Allahın bu düşməni insan iztirablarının əsl səbəblərini bizdən gizlətmək istəyir. Və əgər biz bu səbəbləri artıq Müqəddəs Kitabdan öyrənmişiksə, Şeytan istəyərdi ki, biz onları unudaq. Buna görə də, dünyada baş verən iztirabların üç əsas səbəbini vaxtaşırı olaraq özümüzə xatırlatmaq faydalı olardı. Belə etməklə ürəyimizi əmin edə bilərik ki, həyatda qarşılaşdığımız fəlakətlərə görə Yehova cavabdeh deyil (Filipililərə 1:9, 10).
6. 1 Peter 5:8 ayəsi insan iztirablarının səbəblərindən birinə necə işarə edir?
6 İnsan iztirablarının birinci səbəbi ondadır ki, Şeytan Yehovanın sadiq xidmətçilərinin nöqsansızlığını qırmaq istəyir. Şeytan Eyubun da nöqsansızlığını qırmağa çalışırdı. Eyubun hadisəsində buna nail ola bilmədi, lakin öz cəhdlərinə son qoymadı. Bu dünyanın hökmdarı kimi, o, Yehovanın sadiq xidmətçilərini ‘aşırmağa’ çalışır (1 Peter 5:8). Bizim hər birimiz onun hədəfiyik. Şeytan bizi məcbur etmək istəyir ki, Yehovaya xidmətimizi dayandıraq. Buna görə də o, çox vaxt tə’qiblərə əl atır. İztirablara mə’ruz qalsaq da, sarsılmazlığı qoruyub saxlamaq üçün əsaslı dəlillərimiz var. Çünki sarsılmaz qalmaqla Şeytanın yalançı olduğunu sübut edirik, bununla da Yehovanı sevindiririk (Eyub 2:4; Süleymanın məsəlləri 27:11). Yehova tə’qiblərə tab gətirməkdə bizə qüvvə verdiyi üçün isə Ona daha möhkəm güvənirik (Məzmur 9:9, 10).
7. Qalatiyalılara 6:7 ayəsi iztirabların hansı səbəbini aydınlaşdırmağa kömək edir?
7 İztirabların ikinci səbəbi “insan nəyi əkərsə, onu da biçəcəkdir” prinsipi ilə bağlıdır (Qalatiyalılara 6:7). Bə’zən insanlar düşüncəsiz qərarlar “əkirlər”, nəticədə isə iztirab “biçirlər”. Məsələn, kim isə yol hərəkəti qaydalarını pozur və sonra qəzaya uğrayır. Çoxları siqaret çəkir və ürək xəstəliklərindən, həmçinin ağ ciyərin xərçəng xəstəliyinə tutulmasından əziyyət çəkirlər. Əxlaqsız cinsi həyat tərzi sürmək qərarına gələnlər davranışlarının iztirablı nəticələrilə: ailənin dağılması, şəxsi ləyaqət hissinin itməsi, cinsiyyət orqanları vasitəsilə ötürülən xəstəliklər və arzuolunmaz hamiləlik kimi problemlərlə toqquşa bilərlər. İnsanlar bu cür iztirablarda Allahı təqsirləndirməyə meyllidirlər, əslində isə onlar özlərinin düşüncəsiz qərarlarının qurbanı olurlar (Süleymanın məsəlləri 19:3).
8. Vaiz 9:11 ayəsinə əsasən, insanlar nəyə görə əziyyət çəkirlər?
8 İztirabların üçüncü səbəbi haqqında Vaiz 9:11 ayəsində danışılır: “Döndüm və günəş altında gördüm ki, yarış ayaqdan tez olanlar üçün deyil və cəng igidlər üçün deyil, çörək də hikmətlilər üçün deyil, zənginlik də anlayışlı adamlar üçün deyil, inayət də bilikli adamlar üçün deyil; çünki onların hamısını vaxt və təsadüf qarşılar”. Bə’zən insanlar sadəcə olaraq münasib olmayan yerdə və vaxtda peyda olurlar. Möhkəmliyimizdən və ya zəifliyimizdən asılı olmayaraq, iztirab və ölüm istənilən vaxt gözlənilmədən hər birimizi yaxalaya bilər. Məsələn, İsanın günlərində Yerusəlimdə bir qüllə uçub 18 adamın ölümünə səbəb oldu. İsa başa saldı ki, bu, onların əvvəlki günahlarına görə Allahın verdiyi cəza deyildi (Luka 13:4). Bu cür fəlakətlərə Yehova cavabdeh deyil.
9. İnsanlar iztirablara dair hansı suala cavab tapa bilmirlər?
9 İztirabların səbəbini başa düşmək vacibdir. Lakin bununla əlaqəli çoxlarının cavab tapa bilmədikləri daha bir sual qalır: Yehova Allah iztirablara nə üçün yol verir?
Yehova iztirablara nə üçün yol verir?
10, 11. a) Romalılara 8:19-22 ayələrinə əsasən “bütün xilqət”in başına nə gəlmişdir? b) Xilqəti vurnuxmaya tabe etdirən kəsi necə müəyyən edə bilərik?
10 Həvari Pavelin romalılara məktubunun bir parçası, bu vacib suala aydınlıq gətirir. Pavel yazırdı: “Xilqət Allahın oğullarının zühurunu böyük həsrətlə gözləyir. Ona görə ki, xilqət öz iradəsi ilə deyil, tabe Etdirənin iradəsi ilə vurnuxmaya tabe etdirildi, bu ümidlə ki, xilqət özü də çürüklüyə olan köləliyindən azad olunub Allahın övladlarının izzətli azadlığına qovuşacaqdır. Çünki bilirik ki, bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir” (Romalılara 8:19-22).
11 Bu ayələrdəki fikri başa düşmək üçün, biz əvvəlcə bə’zi əsas məsələləri aydınlaşdırmalıyıq. Məsələn, xilqəti vurnuxmaya tabe etdirən kimdir? Bə’ziləri deyir ki, bu Şeytandır, digərləri isə — Adəm. Lakin bunu onların heç biri edə bilməzdi. Nəyə görə? Ona görə ki, xilqəti vurnuxmaya tabe etdirən, bunu “ümidlə” — sadiq insanların nəhayətdə ‘çürüklüyə olan köləlikdən azad olunacaqları’ ümidi ilə etmişdir. Bu cür ümidi nə Adəm, nə də Şeytan verə bilərdi. Bunu yalnız Yehova edə bilərdi. Aydındır ki, xilqəti vurnuxmaya yalnız O, tabe etdirmişdir.
12. “Bütün xilqət” ifadəsi ilə əlaqədar hansı dolaşıqlıq mövcuddur və bunun nə mə’na daşıdığını necə müəyyən etmək olar?
12 Bu parçada haqqında bəhs edilən “bütün xilqət” nədir? Bə’ziləri sübut etməyə çalışır ki, “bütün xilqət” ifadəsi altında bütün təbiət, o cümlədən heyvanat və bitki aləmi nəzərdə tutulur. Lakin heyvanlar və bitkilər “Allahın övladlarının izzətli azadlığına” qovuşmağa ümid edirlərmi? Yox (2 Peter 2:12). Deməli, “bütün xilqət” ifadəsi yalnız insanlara aid edilə bilər. Bu o xilqətdir ki, Eden bağındakı qiyamın nəticəsində günah və ölümdən əziyyət çəkir və ümidə çox böyük ehtiyac duyur (Romalılara 5:12).
13. Edendəki qiyam insanlara nə gətirdi?
13 Həmin qiyam insanlara nə gətirdi? Pavel bunu bir sözlə ifadə edir: vurnuxmaa. Bir arayış kitabçasına əsasən, bu söz “öz tə’yinatına görə tətbiq edilə bilməyən əşyanın faydasızlığını” təsvir edir. İnsanların tə’yinatı — əbədi yaşamaq, yer üzündə Cənnətin qayğısına qalmaqda mehriban, kamil bir ailə kimi çalışmaqdır. Bunun əvəzinə onlar qısa, iztirablı, çox vaxt da mə’nasız həyat sürürlər. Eyubun dediyi kimi, “insan ki, qadından doğulub, günləri qısadır və sıxıntıya doyar” (Eyub 14:1). Həqiqətən də vurnuxmadır!
14, 15. a) Yehovanın bəşəriyyətə kəsdiyi hökm nəyə görə ədalətli idi? b) Pavel nəyə görə xilqətin vurnuxmaya “öz iradəsi ilə” tabe etdirilmədiyini söylədi?
14 İndi isə əsas suala çatdıq: Nəyə görə “bütün dünyanın Hakimi” insanları bu cür iztirablı və mə’nasız həyata tabe etdirib? (Yaradılış 18:25, MKŞ). Onun davranışı ədalətlidirmi? Bunu müəyyən etmək üçün ulu valideynlərimizin nə etdiklərini yada salaq. Onlar Allaha qarşı qiyam qaldıraraq, Yehovanın hökmranlığının ədalətli olduğunu açıq surətdə şübhə altına alan Şeytanın tərəfini tutdular. Onlar öz əməlləri ilə, əgər insanlar özlərini qiyamçı ruhani varlığın rəhbərliyi altında idarə edərlərsə, guya Yehovasız da keçinə bilərlər fikrini dəstəklədilər. Qiyamçılara hökm çıxarmaqla Yehova əslində onlara, onların istədiklərini verdi. Yehova onlara, Şeytanın rəhbərliyi altında olaraq özlərini idarə etməyə imkan verdi. Bu cür şəraitlərdə bəşəriyyəti vurnuxmaya tabe etdirməkdən, lakin bunu ümidlə etməkdən daha ədalətli qərar ola bilərdimi?
15 Sübhəsiz ki, xilqət vurnuxmaya “öz iradəsi ilə” tabe etdirilməmişdi. Biz günah və çürüklüyün kölələri olaraq doğuluruq, bu cəhətdən bizim heç bir əlacımız yoxdur. Lakin Yehova Öz mərhəməti ilə Adəm və Həvvaya yaşayıb, nəsil törətmək imkanı verdi. Onların nəsli olan bizlər günah və ölümün vurnuxmasına tabe etdirilsək də, bizim Adəm və Həvvanın etmədiklərini etmək imkanımız var. Biz Yehovaya itaət göstərə və Onun hökmranlığının ədalətli və mükəmməl olduğunu anladığımız halda, Onsuz insan hökmranlığının yalnız iztirab, mə’nasızlıq və vurnuxma gətirdiyini dərk edirik (Yeremya 10:23; Vəhy 4:11). Şeytanın tə’siri isə vəziyyəti ancaq gərginləşdirir. Tarix bu həqiqətləri təsdiq edir (Vaiz 8:9).
16. a) Bu gün dünyada gördüyümüz iztirablara Yehovanın cavabdeh olmadığına nəyə görə əmin ola bilərik? b) Yehova sadiq insanlara hansı ümidi məhəbbətlə verib?
16 Gördüyümüz kimi, bəşəriyyəti vurnuxmaya tabe etdirmək üçün Yehovanın tutarlı səbəbləri vardı. Bu o deməkdirmi ki, bu gün bizim hər birimizi yaxalayan vurnuxma və iztirabın səbəbkarı Yehovadır? Hakimin cinayətkara ədalətlə hökm kəsdiyi bir vəziyyəti təsəvvür edək. Dustaq cəzasını çəkdiyi müddətdə çox iztirab çəkə bilər, lakin hakimi öz bəlalarının səbəbkarı saymağa onun haqqı varmı? Əlbət ki, yox! Bundan savayı, Yehova heç zaman pislik mənbəyi ola bilməz. Yaqub 1:13 ayəsində deyilir: “Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir”. Həm də unutmayaq ki, Yehova bu hökmü “ümidlə” kəsib. O, məhəbbətlə ölçü götürdü ki, Adəmlə Həvvanın sadiq övladları vurnuxmanın sonunu görsünlər və “Allahın övladlarının izzətli azadlığına” qovuşa bilsinlər. Sadiq insanlar bir daha, bütün xilqətin iztirablı vurnuxmaya tabe etdiriləcəyindən əbədiyyət boyu ehtiyat etməyəcəklər. Mübahisəli sualı ədalətli tərzdə həll edərək, Yehova hökmranlığının qanuni olduğunu həmişəlik sübut edəcəkdir (İşaya 25:8).
17. İnsan iztirablarının səbəblərini təkrar etməyimiz bizi nəyə təşviq edir?
17 İnsan iztirablarının səbəblərini nəzərdən keçirəndən sonra, Yehovanı pisliyin səbəbkarı saymağa və ya Ona qarşı e’tibarımızı itirməyə zərrə qədər də olsa əsasımız qalırmı? Əksinə, bu cür tədqiqat bizi Musanın sözlərini təkrar etməyə təşviq edir: “Qayadır, onun işi tamdır; çünki bütün yolları haqdır; sədaqət Allahıdır və haqsızlıq etməz, sadiq və doğru olan odur” (Təsniyə 32:4). Gəlin vaxtaşırı olaraq bu fikirlər üzərində düşünərək, onları yaddaşımızda təzələyək. Belə olduqda sınaqlarla qarşılaşanda, Şeytanın bizim zehnimizə şübhə toxumu səpmək cəhdlərinə qarşı dura biləcəyik. Bəs əvvəldə xatırlanan ikinci addım barədə nə demək olar? Yehovaya bel bağlamaq nə deməkdir?
Yehovaya bel bağlamaq nə deməkdir?
18, 19. Müqəddəs Kitab bizi Yehovaya bel bağlamağa necə təşviq edir, lakin bu cəhətdən bə’ziləri hansı yanlış təsəvvürlərə malikdirlər?
18 Allahın Kəlamı bizi təşviq edir: “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma; bütün yollarında onu tanı [“Onu nəzərə al”, YD], o da sənin yollarını doğruldar” (Süleymanın məsəlləri 3:5, 6). Necə də gözəl, təsəlliverici sözlərdir! Həqiqətən də Kainatda heç kəs bizim istəkli səmavi Atamız kimi böyük e’tibara layiq deyil. Lakin bu sözləri “Süleymanın məsəlləri” kitabından oxumaq, onlara əsasən yaşamaqdan asandır.
19 Çoxları Yehovaya bel bağlamağın, yə’ni Ona güvənməyin nə demək olduğunu səhv başa düşürlər. Bə’zilərinin fikrinə görə, bu cür güvənmək — yalnız hiss, ürəkdə özbaşına olaraq doğulan xoşbəxtlik duyğusudur. Digərləri yəqin düşünür ki, Allaha bel bağlamaq — Onun bizi bütün xoşagəlməz hallardan qoruyacağına, hər çətinliklərimizi aradan qaldıracağına və gündəlik problemlərimizi məhz bizim gözlədiyimiz kimi, həm də dərhal həll edəcəyinə ümid etmək deməkdir! Lakin bu cür nöqteyi-nəzər əsassızdır. Allaha güvənmək, sadəcə hisslərdən daha böyük mə’na kəsb edir və boş arzularla əlaqəli deyil. Əgər yetkin insanlardan danışsaq, Allaha güvənmək — düşünülmüş, əsaslı qərarlarda əks olunur.
20, 21. Yehovaya bel bağlamaq nə deməkdir? Misal çəkin.
20 Süleymanın məsəlləri 3:5 ayəsinə yenə diqqət yetirək. Bu ayədən görünür ki, eyni zamanda həm Yehovaya güvənmək, həm də öz anlayışına arxalanmaq mümkün deyil. Bu o deməkdirmi ki, biz düşüncəmizi istifadə edə bilmərik? Yox, əksinə, bizə düşüncə verən Yehova gözləyir ki, Ona xidmətdə düşüncəmizi istifadə edəcəyik (Romalılara 12:1). Bəs biz nəyə bel bağlayır və ya güvənirik? Əgər düşüncəmiz Yehovanın düşüncəsi ilə üst-üstə düşmürsə, Onun bizimkindən hədsiz dərəcədə üstün olan müdrikliyini qəbul edirikmi? (İşaya 55:8, 9). Yehovaya bel bağlamaq — Onun düşüncəsinin bizim düşüncəmizə istiqamət verməsinə izn vermək deməkdir.
21 Bir nümunəni nəzərdən keçirək. Avtomobilin arxa oturacağında uşaq, qabaqdakılarda isə onun valideynləri əyləşib. Avtomobili uşağın atası idarə edir. Birdən çətinlik yaranır: hava yaxud yoldakı vəziyyət dəyişir və ya maşını müəyyən istiqamətə çevirmək barədə qərar qəbul etmək gərəkdir. Bu cür şəraitdə sözəbaxan, valideynlərinə e’tibar edən uşaq necə davranır? Arxa oturacaqdan atasına maşını necə sürməyə dair göstəriş verərək qışqırırmı? Valideynlərinin qərarlarını şübhə altına qoyurmu? Valideynləri ona təhlükəsizlik kəmərini açmamağı xatırladanda müqavimət göstərirmi? Xeyr, uşaq e’tibar edir ki, valideynləri qeyri-kamil olsalar da, bu cür çətinliklərin öhdəsindən gələcəklər. Yehova isə kamil Atadır. Biz Ona, xüsusilə də çətin vəziyyətlərə düşərkən bütünlüklə bel bağlamalı deyilikmi? (İşaya 30:21).
22, 23. a) Çətinliklər yaranarkən biz Yehovaya nəyə görə bel bağlamalıyıq və bunu necə edə bilərik? b) Növbəti məqalədə nə müzakirə ediləcək?
22 Lakin Süleymanın məsəlləri 3:6 ayəsindən görürük ki, biz Yehovanı yalnız çətin vəziyyətlərlə qarşılaşanda yox, ‘bütün yollarımızda nəzərə almalıyıq’. Buna görə də Yehovaya bel bağladığımızı gündəlik qərarlarımız göstərməlidir. Çətinliklərlə qarşılaşarkən, kədərlənməli, qorxmalı və ya Yehovanın daha yaxşı çıxış yolu göstərərək bizə verdiyi rəhbərliyinə müqavimət göstərməli deyilik. Biz sınaqlara, Yehovanın hökmranlığını dəstəkləmək, Şeytanın yalançı olduğunu sübut etmək imkanı kimi baxmalı, həmçinin itaətkarlıq və Yehovaya məqbul olan digər keyfiyyətləri inkişaf etdirməliyik (İbranilərə 5:7, 8).
23 Nə qədər də qorxulu çətinliklərlə qarşılaşsaq, Yehovaya güvənə bilərik. Biz bunu, dualarımızı Allaha istiqamətləndirməklə, həmçinin bizə rəhbərlik verməsi üçün Onun Kəlamına və təşkilatına müraciət etməklə edirik. Bəs bugünkü dünya üçün adi olan problemlərlə qarşılaşarkən məhz biz Yehovaya necə güvənə bilərik? Bu sualı növbəti məqalədə müzakirə edəcəyik.
[Haşiyə]
a Pavelin “vurnuxma” mə’nasında istifadə etdiyi yunan sözü yunanca Septuaqintada dəfələrlə oxşar ifadə ilə tətbiq olunur, məsələn, Vaiz kitabında “hər şey boşdur” ifadəsi ilə (Vaiz 1:2, 14; 2:11, 17; 3:19; 12:8).
Necə cavab verərdiniz?
• Yehovaya güvəndiyini Davud necə göstərdi?
• İnsan iztirablarının üç səbəbi nədədir və vaxtaşırı olaraq onları xatırlamaq nəyə görə faydalıdır?
• Yehova bəşəriyyətə hansı hökmü çıxarıb və bu hökm nəyə görə ədalətli idi?
• Yehovaya bel bağlamaq nə deməkdir?
[22-ci səhifədəki şəkillər]
Davud Yehovaya güvənirdi.
[24-cü səhifədəki şəkil]
İsa izah etdi ki, Yerusəlimdəki qüllənin aşmasında Yehova cavabdeh deyil.