Yehova ədaləti sevir
«Mən Rəbb ədaləti sevirəm» (YEŞAYA 61:8).
1, 2. a) «Ədalət» və «ədalətsizlik» sözlərinin mə’nası nədir? b) Müqəddəs Kitab Yehova və Onun ədaləti haqda nə deyir?
ƏDALƏT «hərəkət və münasibətlərin əxlaq və hüquq normalarına uyğunluğu, haqq və insaf prinsiplərinə riayət» deməkdir. Ədalətsizlik isə «ədalətə, haqq və insafa zidd hərəkət», başqasına haqsız yerə zərər yetirmək deməkdir.
2 Təxminən 3 500 il əvvəl Musa Kainatın Hökmdarı Yehova barədə yazmışdır: «Bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz» (Qanunun təkrarı 32:4). Yeddi əsrdən sonra Allah Yeşayanı bu sözləri yazmaq üçün ilhamlandırdı: «Mən Rəbb ədaləti sevirəm» (Yeşaya 61:8). Birinci əsrdə yaşamış həvari Pavel nida etmişdi: «Məgər Allahın yanında haqsızlıqmı var? Əsla!» (Romalılara 9:14). Elə həmin əsrdə Peter bəyan etmişdi: «Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur» (Həvarilərin işləri 10:34, 35). Bəli, Yehova «ədaləti sevir» (Məzmur 37:28; Malaki 3:6).
Ədalətsizlik baş alıb-gedir
3. Ədalətsizlik yer üzündə necə kök saldı?
3 Bu gün ədalət dəbdə deyil. Ədalətsizliyə cəmiyyətin hər təbəqəsində — iş yerində, məktəbdə, hakimiyyət dairələrində, hətta ailədə və başqa yerlərdə rast gəlinir. Əlbəttə, belə ədalətsizlik yenilik deyil. Sonralar Şeytan İblis olan ruhani varlığın təhriki ilə ilk valideynlərimiz üsyan edəndə ədalətsizlik bəşər ailəsinə yol tapdı. Yehovanın bəxş etdiyi azad iradədən sui-istifadə etmək Adəm, Həvva və Şeytan tərəfindən haqsızlıq idi. Onların səhv hərəkəti bütün bəşəriyyət üçün dəhşətli əzablarla və ölümlə nəticələndi (Yaradılış 3:1-6; Romalılara 5:12; İbranilərə 2:14).
4. Nə qədər müddətdir ki, ədalətsizlik bəşəriyyətin ayrılmaz hissəsi olaraq qalır?
4 Eden bağında baş verən üsyandan sonrakı 6 000 il ərzində ədalətsizlik insan cəmiyyətinin ayrılmaz hissəsinə çevrildi. Bu elə belə də olmalı idi, çünki dünyanın tanrısı Şeytandır (2 Korinflilərə 4:4). O, yalançı və yalanın atasıdır, böhtançı və Yehovanın düşmənidir (Yəhya 8:44). O, həmişə görülməmiş ədalətsizliklər törədib. Məsələn, Daşqından əvvəl Nuhun günlərində Allah gördü ki, «yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir» (Yaradılış 6:5). İnsanların belə olmasına Şeytan da müəyyən dərəcədə tə’sir göstərmişdi. İsanın günlərində də vəziyyət bu yerdə idi. O, ədalətsizliyin də daxil olduğu gündəlik problemləri nəzərdə tutaraq demişdi: «Hər günə öz dərdi yetər» (Matta 6:34, İ–93). Buna görə də Müqəddəs Kitab haqlı olaraq deyir: «Bütün xilqət indiyə kimi birlikdə fəryad edib doğum ağrısı çəkir» (Romalılara 8:22).
5. Nə üçün ədalətsizlik bizim günlərdə əvvəlkindən daha çox yayılıb?
5 Beləliklə, dəhşətli ədalətsizliklə nəticələnən pisliklər bütün bəşər tarixi boyunca baş vermişdir. İndi vəziyyət əvvəlkindən də pisdir. Nəyə görə? Çünki artıq bir neçə onilliklərdir ki, allahsız dünyanın ‘axır günləri’ başlayıb, sonu yaxınlaşdıqca isə o, ‘çətin anlarını’ yaşayır. Müqəddəs Kitab peyğəmbərlik etmişdir ki, tarixin bu dövründə insanlar ‘xudbin, pulpərəst, lovğa, təkəbbürlü, küfr danışan, nankor, qüdsiyyətdən məhrum, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, məğrur olacaqlar’ (2 Timoteyə 3:1-5). Bu kimi pis xüsusiyyətlər hər cür ədalətsizliyə gətirib çıxarır.
6, 7. Bizim zəmanədə hansı misli görülməmiş haqsızlıqlar baş verir?
6 Keçən yüzillikdə ədalətsizlik görülməmiş səviyyəyə çatmışdı. Belə ki, ən müdhiş müharibələr həmin illərdə baş vermişdir. Məsələn, bə’zi tarixçilərin hesablamalarına görə təkcə İkinci Dünya müharibəsi zamanı həlak olanların ümumi sayı 50 milyondan 60 milyona qədər olmuşdur. Onların əksəriyyətini isə dinc sakinlər — günahsız kişi, qadın və uşaqlar təşkil edirdi. Həmin müharibədən sonra milyonlarla insanlar müxtəlif münaqişələrdə qətlə yetirilmişlər. Yenə də ölənlərin əksəriyyəti dinc əhali olmuşdur. Yehovanın onu tamamilə məğlub edəcəyini bilən Şeytan qəzəbindən bu cür ədalətsizliyi yayır. Müqəddəs Kitab bunu belə təsvir edir: «İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:12).
7 Bütün dünyada hərbi məqsədlərə hər il təxminən trilyon ABŞ dolları sərf edilir. Yüz milyonlarla insan ən zəruri ehtiyaclarını belə ödəyə bilmir. Ancaq bütün bu pulların dinc məqsədlərə sərf edilməsi görün nə qədər fayda gətirə bilərdi. Kimlərinsə bolluq içində yaşadığı halda, təxminən bir milyard insan yarıac-yarıtox həyat sürür. BMT-nin verdiyi mə’lumata görə hər il təqribən beş milyon uşaq aclıqdan ölür. Bu necə də ədalətsizlikdir! Hələ abort nəticəsində öldürülən günahsız körpələrdən danışmırıq. Bütün dünyada hər il 40 milyondan 60 milyona qədər qadın uşaq saldırır. Necə də dəhşətli haqsızlıqdır!
8. Həqiqi ədalət yalnız hansı yolla bərpa oluna bilər?
8 Bu gün hakim dairələri bəşəriyyətə əziyyət verən çoxsaylı problemlərin həllini tapa bilmirlər; onların göstərdiyi cəhdlər gələcəkdə də vəziyyəti yaxşılaşdırmayacaq. Allahın Kəlamında əvvəlcədən deyilmişdi ki, bizim günlərdə «pis adamlar və saxtakarlar... aldadıb aldanaraq, getdikcə daha betər olacaqlar» (2 Timoteyə 3:13). Ədalətsizlik gündəlik həyatımıza elə hopub ki, insanlar onu aradan qaldırmağa qadir deyillər. Yalnız haqq-ədalət Allahı bunu etməyə qadirdir. Təkcə O, Şeytanı, cinləri və şər adamları yox edə bilər (Yeremya 10:23, 24).
İnsanları başa düşmək olar
9, 10. Asəf nəyə görə ruhdan düşdü?
9 Keçmiş zamanlarda hətta Müqəddəs Kitabı yazanların bə’zilərini də Allahın nəyə görə insanların işlərinə qarışmaması, haqq-ədaləti və salehliyi bərpa etməməsi sualı narahat edirdi. Məsələn, qədimdə yaşamış bir adamın nümunəsinə nəzər salaq. 73-cü məzmurun giriş sözlərində Asəfin adı yazılıb. Burada ya Davud padşahın hakimiyyəti zamanı yaşayan məşhur ilahiçi Asəfin özü, ya da onun övladları nəzərdə tutulur. Asəf və onun övladları ibadət zamanı ifa edilən çoxlu musiqi bəstələmişdilər. Amma bir dəfə bu məzmurçu ruhdan düşdü. O görürdü ki, pis adamların pulu başından aşır. Ona elə gəlirdi ki, onlar həyatlarından məmnundurlar və pisliklərin əvəzini almırlar.
10 Məzmurçu yazırdı: «Pislərin firavanlığını görərkən bu məğrurlara həsəd aparırdım. Ölənədək onların ağrıları yoxdur, vücudları ətə-cana gəlib. Onlar başqaları kimi dərdə düşməzlər, əzab çəkməzlər» (Məzmur 73:2-8). Ancaq vaxt keçdikcə o belə düşüncə tərzinin yanlış olduğunu anladı (Məzmur 73:15, 16). Məzmurçu düşüncə tərzini düzəltməyə çalışdı, amma pis insanların nəyə görə cəzasız qaldığını, sadiq xidmətçilərin isə çox vaxt əziyyət çəkdiyini sona qədər anlaya bilmədi.
11. Məzmurçu Asəf axırda nəyi başa düşdü?
11 Keçmişdə yaşayan bu insan axırda pis insanları hansı aqibətin gözlədiyini, Yehovanın işləri yoluna qoyacağını başa düşdü (Məzmur 73:17-19). Davud yazmışdı: «Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən» (Məzmur 37:9, 11, 34).
12. a) Yehovanın pisliyə və haqsızlığa dair niyyəti nədir? b) Allahın ədalətsizliyi aradan qaldıracağı sizdə hansı hisslər oyadır?
12 Əmin olmaq olar ki, Yehova pisliyi və onun nəticəsi olan haqsızlığı vaxtı çatanda aradan qaldırmaq niyyətindədir. Hətta sadiq məsihçilər belə bunu müntəzəm olaraq özlərinə xatırlatmalıdırlar. Yehova Öz niyyətinə qarşı çıxanların hamısını aradan götürəcək, itaətkarları isə xeyir-dualandıracaqdır. «Rəbbin görən gözləri var, gözünü açar, bəşər övladlarına diqqətlə baxar. Rəbb saleh adamı sınaqdan keçirir, pisə, zülmkarasa nifrət edir. Pislərin üstünə odlu köz, kükürd yağdırır, onların kasalarına düşən pay səmum yeli olacaq. Çünki Rəbb adildir, ədaləti sevir» (Məzmur 11:4-7).
Ədalətli yeni dünya
13, 14. Nə üçün yeni dünyada ədalət və salehlik qələbə qazanacaq?
13 Yehova Şeytanın idarə etdiyi bu ədalətsiz dünyanı məhv edəndən sonra gözəl yeni dünya quracaq. Yeni dünyada Allahın səmavi Padşahlığı hökm sürəcək. İsa şagirdlərinə həmin Padşahlıq haqqında dua etməyi öyrətmişdi. Pislik və haqsızlıq salehlik və ədalətlə əvəz olunacaq, çünki bu zaman «Səltənətin gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun» duasına tam mə’nada cavab veriləcək (Matta 6:10).
14 Müqəddəs Kitab təmiz ürəkli kəslərin səbirsizliklə gözlədiyi həmin hakimiyyətin necə olacağını bizə açıqlayır. Məzmur 145:16 ayəsi o zaman tamamilə həyata keçəcək: «[Yehova Allah,] əlini açırsan, bütün canlıları doyunca yedirirsən». Bundan əlavə Yeşaya 32:1 ayəsində deyilir: «Budur, padşah [göydə olan İsa Məsih] salehliklə hökm sürəcək, başçılar [İsanın yerdəki təmsilçiləri] ədalətlə rəhbərlik edəcək». Padşah İsa Məsihə dair Yeşaya 9:7 ayəsi peyğəmbərlik edir: «Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, o, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək, o, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək». Sən özünü həmin ədalətli Padşahlığın hakimiyyəti altında yaşayan təsəvvür edirsənmi?
15. Yehova yeni dünyada bəşəriyyət üçün nələr edəcək?
15 Allahın yeni dünyasında Vaiz 4:1 ayəsində yazılan «mən yenə səma altında edilən bütün zülmləri gördüm: məzlumların göz yaşlarını gördüm, onlara təsəlli verən yox idi, qüdrət zalımların əlində idi, məzlumlara təsəlli verən yox idi» sözlərini deməyə heç bir səbəb olmayacaq. Bizə öz qeyri-kamil ağlımızla həmin saleh dünyanın necə olacağını təsəvvür etmək çətindir. Pislik artıq mövcud olmayacaq, əksinə, hər gün yaxşılıqlarla dolu olacaq. Bəli, Yehova hər şeyi bizim gözlədiyimizdən də artıq yoluna qoyacaq. Yehova Allahın həvari Peterə ilham verərək: «Biz Onun və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür» sözlərini yazdırması necə də münasibdir! (2 Peter 3:13).
16. «Yeni göylər» nədir və «yeni yer»in özəyi bu gün hansı mə’nada toplanmaqdadır?
16 «Yeni göylər», yə’ni Məsihin başçılıq etdiyi Allahın səmavi hökuməti artıq tə’sis edilmişdir. ‘Yeni yerin’, yə’ni sadiq xidmətçilərdən ibarət cəmiyyətin özəyini təşkil edəcək insanlar bu axır günlərdə toplanırlar. Təxminən 235 ölkə və ərazidə 100 000-ə yaxın yığıncağı təşkil edən bu insanların sayı yeddi milyona çatır. Onlar Yehovanın ədalətli və saleh yollarını öyrənirlər. Bunun nəticəsində isə bütün dünyada məsihçilərin arasında məhəbbət telləri ilə möhkəmlənmiş birlik mövcuddur. Dünya tarixində hələ belə möhkəm birlik olmamışdır. Bu birlik Şeytanın təbəələrinin arasındakı birlikdən qat-qat üstündür. Bu məhəbbət və birlik salehliklə və ədalətlə idarə olunacaq Allahın yeni dünyasının nümunəsidir (Yeşaya 2:2-4; Yəhya 13:34, 35; Koloslulara 3:14).
Şeytanın hücumu dəf ediləcək
17. Şeytanın Yehovanın xalqına etdiyi sonuncu hücumun uğursuzluqla nəticələnəcəyinə nə üçün əminik?
17 Şeytan və onun tərəfdarları Yehovanın xidmətçilərinin kökünü kəsmək məqsədilə tezliklə onlara hücum edəcəklər (Yezekel 38:14-23). Bu, İsanın ‘dünyanın başlanğıcından indiyədək olmamış və heç olmayacaq’ böyük məşəqqət adlandırdığı hadisə zamanı baş verəcək (Matta 24:21). Şeytan öz məqsədinə çatacaqmı? Xeyr. Allahın Kəlamı bizi əmin edir: «Rəbb ədaləti sevir, heç zaman mö’minləri tərk etmir. Salehlər daim müdafiə olunacaq, pislər nəsilliklə kəsilib atılacaq. Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:28, 29).
18. a) Şeytanın sonuncu hücumuna cavab olaraq Allah nə edəcək? b) Ədalətin zəfər qazanacağı haqqında Müqəddəs Kitaba əsaslanan bu mə’lumatı araşdırmaq sizə hansı faydanı gətirdi?
18 Şeytanın və onun tərəfdarlarının Yehovanın xidmətçilərinə etdiyi həmin hücum onların son təhqiramiz hərəkəti olacaqdır. Yehova Zəkəriyyə vasitəsilə demişdi ki, xalqına toxunan Onun göz bəbəyinə toxunmuş olur (Zəkəriyyə 2:8). Sanki kimsə barmağını Yehovanın göz bəbəyinə soxur. Yehova buna dərhal cavab verəcək və cinayətkarları yer üzündən kənarlaşdıracaq. Yehovanın xidmətçiləri dünyanın ən dinc, qanuna itaət edən, həmrə’y, məhəbbətli insanlarıdır. Buna görə də onlara edilən həmin hücum tamamilə haqsız hücum olacaq. ‘Ədaləti sevən’ Yehova artıq dözməyəcək. O, xalqının müdafiəsinə qalxıb, düşmənləri həmişəlik məhv edəcək, haqq-ədalət qələbə çalacaq və vahid həqiqi Allaha ibadət edənlər xilas olacaqdır. Bizi yaxın gələcəkdə necə də heyrətamiz, valehedici hadisələr gözləyir! (Süleymanın məsəlləri 2:21, 22).
Necə cavab verərdiniz?
• Nə üçün ədalətsizlik baş alıb gedir?
• Yehova ədalətsizliyi necə aradan qaldıracaq?
• Ədalətin qələbə qazanacağı haqda olan bu məqalədə sizə ən çox tə’sir edən nə oldu?
[9-cu səhifədəki şəkil]
Daşqından qabaq pislik necə baş alıb gedirdisə, yaşadığımız «axır günlərdə» də vəziyyət o yerdədir.
[10 və 11-ci səhifədəki şəkil]
Allahın yeni dünyasında pisliyin yerini ədalət və salehlik tutacaq.