Bu kitab elmə müvafiqdirmi?
Din, həmişə elmi özünə tərəfdar bilməmişdir. Ötən əsrlərdə bə’zi ilahiyyatçılar Müqəddəs Kitab üzrə apardıqları yozmaları elmi kəşflərin şübhə altına aldıqlarını hesab etdikdə, buna müqavimət göstərirdilər. Bəs həqiqətənmi elm Müqəddəs Kitabın rəqibidir?
ƏGƏR Müqəddəs Kitabı yazan şəxslər yaşadıqları dövrün ən geniş yayılmış elmi görüşlərinə şərik olsaydılar, nəticədə elmi səhvlərlə dolu bir kitab alınardı. Lakin onlar bu cür qeyri-elmi olan səhv təsəvvürləri dəstəkləmirdilər. Əksinə, onlar nəinki yalnız elmi nöqteyi-nəzərdən düzgün olan, hətta həmin günlərdə hamı tərəfindən qəbul olunan nəzərlərə birbaşa zidd gedən bir sıra dəlillər yazmışlar.
Yerin forması necədir?
Bu sual min illər ərzində insanları maraqlandırmışdır. Keçmişdə insanlar əsas e’tibarilə Yerin yastı olduğuna inanırdılar. Misal üçün, Babillilər inanırdılar ki, Kainat qutu və ya otaq formasındadır, Yer isə orada döşəmə kimi xidmət edir. Hindistanın vedik din xadimləri fərz edirdilər ki, Yer yastıdır və onun yalnız bir tərəfi məskun olunmuşdur. Asiyanın ibtidai tayfalarından birində insanlar Yerin böyük çay padnosuna bənzər olduğunu düşünürdülər.
Hələ b. e. ə. VI əsrdə yunan filosofu Pifaqor belə bir nəzəriyyə irəli sürmüşdü ki, Yer kürə şəklində olmalıdır, çünki Ay və Günəş kürə şəklindədir. Sonradan Aristotel (b. e. ə. IV əsrdə) onunla razılaşdı və izah etdi ki, Yerin kürə şəklində olması Ayın tutulması ilə təsdiq olunur. Yerin Ay üzərinə düşən kölgəsi yuvarlaqdır.
Lakin (yalnız üst tərəfi məskun olmuş) yastı Yer haqqında təsəvvürlər tamamilə aradan qalxmadı. Bə’ziləri Yerin kürə şəklində olduğunu — antipodlara haqqında tə’limin məntiqi izahını qəbul edə bilmirdilər. B. e. IV əsrində yaşamış xristianlığın müdafiəçisi olan Laktansi bu fikri lağa qoyaraq, belə bir fikir irəli sürdü: “İnsanların başıaşağı gəzməsinə... məhsulun və ağacların başıaşağı bitməsinə, yağmurun, qarın və dolunun yuxarıya doğru yağmasına inanacaq qədər ağılsız bir nəfər ola bilərmi”2
Antipodlar haqqındakı tə’lim bə’zi ilahiyyatçıları dilemma qarşısında qoydu. Bə’zi nəzəriyyələr iddia edirdi ki, əgər antipodlar mövcuddursa, dənizin üzüb keçmək üçün həddindən artıq geniş olduğundan, yaxud da ekvatoru əhatə edən keçilməz tropik qurşağına görə onlar ilə mə’lum olan insanlar arasında əlaqə yaratmaq mümkün deyil. Bəs antipodlar haradan peyda ola bilərdilər? Çaşqınlıq içində qalan bə’zi ilahiyyatçılar antipodların olmadığına, hətta Laktansinin iddia etdiyi kimi, Yerin ümumiyyətlə kürə şəklində ola bilməyəcəyinə inanmağı üstün tuturdular!
Bununla belə, kürə şəkilli Yer anlayışı üstünlük təşkil etdi və nəticədə geniş miqyasda qəbul edildi. Lakin yalnız XX əsrin — kosmonavtlar dövrünün başlanması ilə insanlar Yerin kürə şəklində olduğunu öz gözləri ilə görmək üçün kifayət qədər uzaqlara, kosmosa uça bildilərb.
Bəs bu məsələdə Müqəddəs Kitab hansı mövqeyi tuturdu? Yunan filosoflarının Yerin, ehtimal ki, kürə şəklində olduğuna dair nəzəriyyəni irəli sürmələrindən bir neçə əsr əvvəl və insanların kosmosdan Yerin kürə şəklində olduğunu görmələrindən min illər öncə, b. e. ə. VIII əsrdə Yerin yastılığına dair fikirlərin geniş yayılmış olduğu bir vaxtda yəhudi peyğəmbəri İşaya təəccüb doğuran bir sadəliklə demişdir: “Dünya dairəsi üzərində oturan odur” (İşaya 40:22). Burada “dairə” kimi tərcümə olunan ibranicə huq sözünü “kürə” kimi də tərcümə etmək olar 3. Müqəddəs Kitabın digər tərcümələrində bunu “Yer kürəsi üzərində” (“Douay Version”) və “dəyirmi Yer üzərində” (“Moffatt”) kimi oxuyuruqc.
İşaya peyğəmbər Yer haqqında yayılmış əfsanələri qəbul etmədi. Bunun əvəzində, sonrakı elmi kəşflərin tə’sir göstərmədiyi bir dəlil yazdı.
Yeri saxlayan nədir?
Keçmiş zamanlarda insanları kosmos haqqında başqa suallar da çaşdırırdı, məsələn, Yer nəyin üzərində durur? Günəşi, Ayı və ulduzları yuxarıda saxlayan nədir? İnsanlar, İsaak Nyuton tərəfindən tərtib olunan və 1687-ci ildə dərc edilən ümumdünya cazibə qanunu haqqında heç nə bilmirdilər. Göy cisimlərinin boş fəzada əslində heç nədən asılı olmaması haqqında fikir onlara tanış deyildi. Buna görə onların izahlarında çox vaxt fərz edilirdi ki, Yeri və başqa göy cisimlərini maddi obyektlər və ya cisimlər saxlayır.
Məsələn, ehtimal ki, bir adada yaşayan insanlar tərəfindən uydurulmuş qədim bir nəzəriyyəyə görə, Yer su ilə əhatə olunub və suda üzür. Hindular Yerin üst-üstə bir neçə özülə malik olduğunu təsəvvür edirdilər. Onların fikrincə, Yer dörd filin üzərində, fillər böyük bir tısbağanın, tısbağa da nəhəng bir ilanın üzərində dururdu, halqavarı qıvrılmış ilan isə dünya suları üzərində üzürdü. B. e. ə. V əsrin yunan filosofu Empedokl hesab edirdi ki, Yer qasırğa üzərində durur və bu qasırğa göy cisimlərinin hərəkət etməsinə səbəb olur.
Ən nüfuzlu rə’ylərdən biri Aristotelin rə’yi hesab olunurdu. Yerin kürə şəklində olması haqqında nəzəriyyəni irəli sürməsinə baxmayaraq, o, Yerin ümumiyyətlə boş fəzada asılı ola biləcəyini inkar edirdi. Özünün “Səma haqqında” traktatında, Yerin su üzərində durduğunu inkar edərək, demişdir: “Yer kürəsi kimi, suya da havada asılı durmaq xas deyil — o nəyinsə üzərində durmalıdır”4. Belə isə Yer nəyin üzərində “durur”? Aristotel öyrədirdi ki, Günəş, Ay və ulduzlar bərk, şəffaf dairələrin səthinə bitişikdir. Dairələr iç-içə keçir, tərpənməz Yer isə lap mərkəzdədir. Dairələr bir-birinin içində fırlanır, bunun sayəsində də onların üzərindəki cisimlər — Günəş, Ay və planetlər səmada hərəkət edir.
Aristotelin izahatı məntiqə uyğun görünürdü. Əgər göy cisimləri nəyə isə möhkəm bərkidilmiş olmasaydılar, yuxarıda necə dura bilərdilər? Möhtərəm Aristotelin nöqteyi-nəzərləri təxminən 2 000 il ərzində həqiqət kimi qəbul edilmişdir. Bir ensiklopediyada deyilir ki, XVI və XVII əsrlərdə kilsə onun tə’limlərini “dini ehkam dərəcəsinə yüksəltmişdi” (“The New Encyclopædia Britannica”)5.
Teleskopun kəşf edilməsi ilə astronomlar Aristotelin nəzəriyyəsinə şübhə ilə yanaşmağa başladılar. Bununla belə, ser İsaak Nyuton planetlərin boş fəzada asılı olduğunu və öz oxu ətrafında görünməz qüvvə — qravitasiya sayəsində dayandığını izah edənə qədər, onlar bu suala cavab tapa bilmədilər. Bu, ağlasığmaz görünürdü, Nyutonun bə’zi əməkdaşları isə kosmosun içində heç bir maddə olmayan vakuum təşkil etdiyinə inanmaqda çətinlik çəkirdilərd6.
Bu məsələyə dair Müqəddəs Kitab nə deyir? Müqəddəs Kitab təxminən 3 500 il bundan əvvəl qeyri-adi aydınlıqla bəyan etdi ki, Yer “heçliyin üzərinə” asılıb (Eyub 26:7). Burada “heçlik” (beli-mah) kimi istifadə olunan söz ibrani dilinin orijinalında hərfi mə’nada “yoxluq” deməkdir7. İngilis dilində dərc olunmuş bir tərcümədə “boş fəzada” ifadəsi istifadə olunur (“Contemporary English Version”).
O zaman insanların əksəriyyəti Yer kürəsini “boş fəzada” asılan bir planet kimi təsvir etmirdi. Lakin Müqəddəs Kitabda qabaqcadan elmi baxımdan düzgün dəlillər yazılmışdır.
Müqəddəs Kitab tibb elminə müvafiqdirmi?
Müasir tibb elmi, xəstəliklərin yayılması və profilaktikası barədə bizə çox şey öyrədib. XIX əsrdəki tibbi nailiyyətlər, tibb elminin praktikasında antiseptikanın istifadə olunmasına, yə’ni infeksiyaları azaltmaq üçün təmizliyin tə’min edilməsinə yol açdı. Bu, heyranedici nəticələrə gətirib çıxardı. İnfeksiyalar və vaxtsız ölüm əhəmiyyətli dərəcədə azaldı.
Lakin qədim həkimlər xəstəliklərin necə yayıldığını axıra kimi anlamır və xəstəliklərin profilaktikası üçün sanitariyanın nə dərəcədə vacib olduğunu dərk etmirdilər. Təəccüblü deyil ki, onların tibbi üsullarının çoxu müasir me’yarlara əsasən primitiv görünə bilərdi.
Bizə gəlib çatmış ən qədim tibbi mətnlərdən biri, misirlilərin təxminən b. e. ə. 1550-ci ilə aid edilən tibbi bilik məcmuəsi olan “Ebers Papirusu”dur. Bu tumar özünə, “timsah dişləyindən tutmuş ayaq dırnağının ağrısına qədər” təxminən 700 müxtəlif xəstəliklərin müalicəsini daxil edir8. Bir Müqəddəs Kitab ensiklopediyasında deyilir: “Həmin həkimlərin tibb sahəsindəki bilikləri bütünlüklə təcrübəyə, əhəmiyyətli dərəcədə sehirbazlığa əsaslanırdı və tamamilə qeyri-elmi idi” (“The International Standard Bible Encyclopaedia”)9. Dərmanların əksəriyyəti sadəcə olaraq tə’sirsiz, bə’ziləri isə olduqca zərərli idi. Misal üçün, müalicə reseptlərindən birində, yaranın müalicəsi üçün insan nəcisi ilə başqa maddələrin qarışığından istifadə etmək məsləhət görülürdü10.
Misirlilərin müalicə üsulları haqqındakı bu mətn, Müqəddəs Yazılarda Musanın Qanununu özünə daxil edən ilk kitablar ilə təxminən eyni dövrdə yazılıb. B. e. ə. 1593-cü ildə doğulan Musa Misirdə böyümüşdür (Çıxış 2:1-10). Fir’onun ailəsinin bir üzvü kimi o, “misirlilərin hər bir elminə” öyrədilmişdi (Həvarilərin işləri 7:22). Musa Misirin “həkimləri” ilə tanış idi (Təkvin 50:1-3). Misirlilərin tə’sirsiz və ya təhlükəli tibbi metodları onun yazılarında əks olunmuşdumu?
Xeyr. Əksinə, Musanın Qanununa həmin dövrdə mə’lum olanları ötüb keçən gigiyena qaydaları daxil idi. Məsələn, hərbi düşərgələr haqqında Qanun, ifrazatı düşərgədən kənarda basdırmağı tələb edirdi (Təsniyə 23:13). Bu, ən ümdə profilaktik ölçü idi; suyun çirklənməsinin qarşısını alır və indiyə kimi də sanitariyanın acınacaqlı vəziyyətdə olduğu ölkələrdə milyonlarla insanı məhv edən, milçəklər vasitəsilə yayılan dizenteriya və ishal ilə bağlı digər xəstəliklərə qarşı müdafiə təqdim edirdi.
Musanın Qanununda, İsrail xalqını infeksion xəstəliklərin yayılmasından mühafizə edən başqa gigiyena qaydaları da vardı. İnsan yoluxucu xəstəliyə tutulduqda və ya belə bir xəstəliyin simptomları özünü büruzə verdikdə, onu karantinə alırdılar (Levililər 13:1-5). Öz əcəli ilə (ehtimal ki, xəstəlikdən) ölmüş bir heyvana dəymiş paltarı və ya qabları təkrar istifadə etməzdən əvvəl ya yuyur, ya da məhv edirdilər (Levililər 11:27, 28, 32, 33). Cəsədə toxunan hər adam natəmiz sayılır və özünə paltarlarının yuyulmasını və çimməyi daxil edən təmizlənmə prosedurasını keçməli idi. Natəmiz sayıldığı yeddi gün ərzində o, başqaları ilə fiziki təmasda olmaqdan qaçınmalı idi (Saylar 19:1-13).
Gigiyena qaydaları külliyyatında, o dövrdə İsrail ilə qonşu olan xalqların həkimlərinin malik olmadıqları müdriklik görünür. Tibb elmi xəstəliklərin hansı yollarla yayıldığını öyrənməzdən min illər öncə, Müqəddəs Kitabda xəstəliklərdən qoruyan profilaktik tədbirlər göstərilmişdi. Musanın, onun günlərində israillilərin cəmi 70-80 il yaşadıqlarını söyləməsi təəccüblü deyile (Məzmur 90:10).
Yəqin razılaşacaqsınız ki, yuxarıda müzakirə edilən Müqəddəs Kitab dəlilləri elmi nöqteyi-nəzərdən dəqiqdir. Lakin Müqəddəs Kitabda elmi üsulla sübut edilə bilməyən başqa dəlillər da var. Bu, elm ilə Müqəddəs Kitabı mütləq bir-birinə qarşı qoyurmu?
Sübutolunmaz şeylərin qəbul edilməsi
Əgər irəli sürülən fikir sübutolunmazdırsa, o demək deyil ki, yanlışdır. Hər şeyi elmi yolla sübut etmək mümkün deyil, çünki insanların kifayət qədər dəlil tapmaq və onları düzgün izah etmək imkanları məhduddur. Lakin bə’zi həqiqətlər ona görə sübutolunmazdır ki, dəlillər saxlanılmamışdır, anlaşılmazdır və ya aşkar edilməmişdir, yaxud da elm və ekspertiza mübahisəsiz bir nəticəyə gələ bilmək üçün yetərincə inkişaf etməmişdir. Bəlkə də bu, Müqəddəs Kitabın müəyyən dəlilləri üçün müstəqil fiziki sübutların olmadığı elə həmin haldır?
Misal üçün, Müqəddəs Kitabda ruhani varlıqlarla məskun olunmuş gözə görünməyən padşahlıq haqqında deyilənləri elmi cəhətdən sübut və ya təkzib etmək mümkün deyil. Eyni şeyi Müqəddəs Kitabda xatırlanan fövqəladə işlər haqqında da demək olar. Bə’zi insanları Nuhun günlərində baş verən ümumdünya Tufanının aydın geoloji dəlilləri qane etmir (Təkvin, 7-ci fəsil). Buna görə Tufanın olmadığınımı düşünməliyik? Vaxt və dəyişikliklər tarixi hadisələrin təfsilatlarını yuyub aparır. Buna görə də min illər ərzində geoloji fəallıq ucbatından Tufanın bir çox sübutlarının silinməsi mümkün deyilmi?
Doğrudur, Müqəddəs Kitabda adi fiziki dəlillər vasitəsi ilə sübut və ya təkzib edilməsi mümkün olmayan dəlillər yerləşir. Bəs biz buna təəccüb etməliyikmi? Müqəddəs Kitab — elmi dərslik deyil. Axı o həqiqət kitabıdır. Biz artıq onun nöqsansız və düzgün insanlar tərəfindən yazıldığına dair inandırıcı dəlilləri nəzərdən keçirdik. Söhbət elmi məsələlərdən gedəndə isə onların sözləri dəqiqdir və sonradan uydurma olduqları ortaya çıxan, o dövrün “elmi” nəzəriyyələrindən azaddır. Beləliklə, elm Müqəddəs Kitabın rəqibi deyil. Ehtiyat etmədən Müqəddəs Kitabda deyilənləri diqqətlə araşdırmağa tam əsasımız var.
[Haşiyələr]
a “Antipodlar... Yer kürəsində bir-birinə tamamilə zidd nöqtədə iki yerdir. Onların arasında çəkilən düz xətt Yerin mərkəzindən keçir. Yunanca antipodes sözü daban-dabana mə’nasını verir. Antipodlarda duran iki adam arasındakı ən yaxın məsafə birinin dabanından digərinin dabanına qədərdir” (“The World Book Encyclopedia”)1.
b Elmi dillə desək, Yer — sferoiddir: qütbləri bir az basıqdır.
c Bununla belə, yalnız kürə şəkilli obyekt hər tərəfdən dairəvi görünür. Düz disk isə dairəyə deyil, daha çox ovala bənzəyərdi.
d Nyutonun günlərində belə bir təsəvvür vardı ki, Kainat maye ilə — kosmik “sup” ilə — doludur və mayedəki girdablar planetləri fırlanmağa vadar edir.
e 1900-cü ildə Avropanın bir çox ölkələrində və Amerika Birləşmiş Ştatlarında insanlar 50 ildən az yaşayırdılar. O vaxtdan e’tibarən yaşama müddəti, yalnız tibbin xəstəliklər üzərindəki nəzarətində nailiyyətlər əldə etməsi sayəsində deyil, həmçinin daha yaxşı sanitariya və həyat şəraiti sayəsində birdən-birə artdı.
[18-ci səhifədə olan şəkil]
İnsanlar kosmosdan Yerin kürə şəklində olduğunu görməzdən min illər öncə, Müqəddəs Kitab onun haqqında “dünya dairəsi” kimi danışırdı.
[20-ci səhifədə olan şəkil]
Ser İsaak Nyuton planetlərin öz oxu ətrafında qravitasiya sayəsində dayandığını izah etdi.
[21-ci səhifədə olan əlavə]
Əgər irəli sürülən fikir sübutolunmazdırsa, bu o demək deyil ki, yanlışdır.