Yehovanın Kəlamı canlıdır
«Yeşaya» kitabından diqqətəlayiq fikirlər — II hissə
PEYĞƏMBƏR tə’yin olunan Yeşaya xidmətinə sədaqətlə davam edir. Onqəbiləli İsrail padşahlığına qarşı söylədiyi hökmlər artıq yerinə yetib. İndi isə o, Yerusəlimin gələcəyi haqqında bəyan edir.
Yerusəlim yerlə yeksan olunacaq və əhali əsir aparılacaq. Ancaq viranəlik daimi olmayacaq. Bir qədər vaxt sonra həqiqi ibadət bərpa olunacaq. Yeşaya 36:1–66:24 ayələrində yazılan əsas xəbər bundan ibarətdira. Bu fəsillərdə yazılan peyğəmbərliklər bizim üçün də faydalıdır, çünki onların çoxu əsas e’tibarilə bizim günlərdə yerinə yetir və ya yaxın gələcəkdə yerinə yetəcək. Həmçinin, «Yeşaya» kitabının bu hissəsində Məsihə aid möhtəşəm peyğəmbərliklər də vardır.
«BİR GÜN GƏLƏCƏK Kİ...»
Xizqiya padşahın 14-cü ilində (b. e. ə. 732-ci il) assuriyalılar Yəhudeyaya soxulurlar. Yehova Yerusəlimi müdafiə edəcəyinə söz verir. Yehovanın mələyi təkbaşına 185 000 assuriyalı əsgəri məhv edəndə işğal olunmaq təhlükəsi sovuşur.
Xizqiya xəstəliyə düçar olur. Yehova padşahın duasına cavab olaraq onu sağaldır və ömrünü 15 il artırır. Babil padşahı onu sağalması münasibətilə təbrik etmək üçün elçiləri göndərəndə, Xizqiya ağılsızlıq edib bütün xəzinəsini onlara göstərir. Yeşaya Yehovanın xəbərini Xizqiyaya çatdıraraq deyir: «Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq» (Yeşaya 39:5, 6). 100 ildən bir qədər keçəndən sonra bu peyğəmbərlik yerinə yetir.
Müqəddəs Kitab suallarına cavablar:
38:8 — Kölgə nəyin üstündən geri çəkilirdi? B. e. ə. səkkizinci əsrdə günəş saatlarından Misir və Babilistanda artıq geniş istifadə olunurdu. Ola bilsin, Xizqiyanın atası Axaz da belə bir saat əldə etmişdi. Bəlkə də, bu ayədə həmin saatdan söhbət gedir. Həm də «günəş saatı» kimi tərcümə olunan ibrani sözü hərfi mə’nada «pillə» demək olduğu üçün, burada sarayın içindəki pilləkən də nəzərdə tutula bilər. Pilləkənin yanındakı sütunun pillələrin üstünə tədricən düşən kölgəsi vaxtı ölçməyə kömək edirdi.
Bizim üçün ibrət dərsləri:
36:2, 3, 22. Şevna saray rəisi vəzifəsindən kənar edilsə də ona padşahın qulluğunda yeni saray rəisinin mirzəsi kimi xidmət etməyə icazə verildi (Yeşaya 22:15, 19). Əgər Yehovanın təşkilatında bizə həvalə olunan məs’uliyyətdən müəyyən səbəbə görə uzaqlaşdırılmışıqsa, məgər Allahın icazə verdiyi işi görərək xidməti davam etdirməli deyilikmi?
37:1, 14, 15; 38:1, 2. Çətinliyə düşən zaman duada Yehovaya müraciət etməli və bütünlüklə Ona e’tibar etməliyik.
37:15-20; 38:2, 3. Yerusəlim assuriyalılar tərəfdən işğal olunmaq təhlükəsi altında ikən Xizqiyanı daha çox o narahat edirdi ki, Yerusəlimin istilası Yehovanın adına ləkə gətirəcək. Ölümcül xəstə olduğunu öyrənəndə Xizqiya özünü düşünmədi. Onu narahat edən əsas məsələ Davud sülaləsini davam etdirəcək varisin olmaması idi. Həmçinin, assuriyalılara qarşı savaşa kimin başçılıq edəcəyi sualı da onu rahat buraxmırdı. Xizqiya kimi biz də Yehovanın adının izzətlənməsini və niyyətinin yerinə yetməsini həyatımızın xilasından daha vacib hesab edirik.
38:9-20. Xizqiyanın həmd nəğməsindən öyrənirik ki, həyatda Yehovanı izzətləndirə bilməkdən vacib bir şey yoxdur.
«YENİDƏN QURULACAQ»
Yerusəlimin dağıdılacağını və xalqın Babilə sürgün ediləcəyini söyləyəndən dərhal sonra, Yeşaya bərpa haqqında peyğəmbərlik edir (Yeşaya 40:1, 2). «Yerusəlim... “yenidən qurulacaq”» (Yeşaya 44:28). Babil ilahilərinin bütləri «ağır yük» kimi aparılacaq (Yeşaya 46:1). Babil süquta uğrayacaq. Bütün bunlar iki əsr sonra həqiqətə çevrilir.
Yehova Öz xidmətçisini ‘millətlərə nur edəcək’ (Yeşaya 49:6). Babilin ‘göyləri’ və ya hakimiyyət sahibləri «dağılacaq tüstü kimi» yox olacaq, təbəələri «qırılacaq», ancaq əsir aparılan Sion qızı ‘zənciri boynundan qıracaq’ (Yeşaya 51:6; 52:2). Yanına gəlib Ona qulaq asanlara Yehova deyir: «Mən sizinlə əbədi əhd, Davuda və’d etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm» (Yeşaya 55:3). Əgər həyatımızı Allahın ədalətli tələblərinə uyğun qursaq, ‘Rəblə ünsiyyətdən zövq alacağıq’ (Yeşaya 58:14). Digər tərəfdən isə insanların buraxdığı səhvlər Allahla onların arasında ‘ayrılıq salır’ (Yeşaya 59:2).
Müqəddəs Kitab suallarına cavablar:
40:27, 28 — Nə üçün israillilər deyirdilər: «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir»? Babildə olan bə’zi yəhudilər zənn edirdilər ki, onların çəkdiyi iztirabları Yehova görmür və ya onlardan xəbərsizdir. Onların yadına salındı ki, heç vaxt yorulub taqətdən düşməyən dünyanın Yaradanı Yehova üçün Babil əlçatmaz deyil.
43:18-21 — Nəyə görə sürgündən qayıdanlara deyilmişdi ki, köhnə hadisələri yada salmasınlar? Bu o demək deyildi ki, onlar Yehovanın keçmişdə xalqını xilas etdiyini unutmalı idilər. Əksinə, Yehova istəyirdi ki, onlar özlərinin görəcəkləri ‘təzə bir şeyə’ görə, məsələn, Yerusəlimə səhradan keçən birbaşa yolla salamat çatdıqlarına görə Ona həmd etsinlər. «Böyük məşəqqətdən» çıxan ‘böyük izdihamın’ da Yehovanı izzətləndirmək üçün yeni və şəxsi səbəbləri olacaq (Vəhy 7:9, 14).
49:6 — Əgər Məsih yer üzündə olarkən ancaq İsrail oğullarına xidmət etmişdisə, o necə «millətlərə nur» ola bilər? Bu, İsanın ölümündən sonra baş verdi. Yeşaya 49:6 ayəsindəki sözlər onun şagirdlərinə aid edilir (Həvarilərin işləri 13:46, 47). Bizim günlərdə böyük izdihamın köməyi ilə məsh olunmuş məsihçilər «millətlərə nur» olaraq «dünyanın ən uzaq yerlərinə» qədər xalqlara bilik verirlər (Matta 24:14; 28:19, 20).
53:10, (KM) — Oğlunun ölümü hansı mə’nada Yehovaya «xoş göründü»? Şəfqətli və rəhmli Allaha sevimli Oğlunun iztirablarını görmək çox ağır idi. Buna baxmayaraq, İsanın ürəkdən itaət göstərməsi, o cümlədən, iztirab və ölümü sayəsində əldə edilən hər şey Ona xoş idi (Süleymanın məsəlləri 27:11; Yeşaya 63:9).
53:11 — Məsih hansı biliyin vasitəsilə «çoxlarına bəraət qazandıracaq»? Bu, İsanın yer üzünə gəlib insan kimi yaşayarkən, ölümədək haqsız iztirablar çəkərkən əldə etdiyi bilikdir (İbranilərə 4:15). Beləliklə o, məsh olunmuş məsihçiləri və böyük izdihamı Allahın önündə bəraət qazanmaları üçün zəruri olan fidiyə qurbanlığı ilə tə’min etdi (Romalılara 5:19; Yaqub 2:23, 25).
56:6 — ‘Yadellilər’ kimlərdir və onlar necə Yehovanın ‘əhdinə itaət edirlər’? ‘Yadellilər’ İsanın ‘başqa qoyunlarıdır’ (Yəhya 10:16). Onlar əhdin qanunlarına tabe olmaqla, onunla bağlı tədbirlərdə iştirak etməklə, məsh olunanlarla eyni ruhani qidanı qəbul etməklə, o cümlədən, təbliğ və şagird hazırlamaq işində onlara kömək etməklə yeni əhdə itaət edirlər.
Bizim üçün ibrət dərsləri:
40:10-14, 26, 28. Yehova güclü eyni zamanda mülayim, hər şeyə qadir və sonsuz hikmətə sahibdir. Onun dərrakəsi anlaya biləcəyimizdən qat-qat üstündür.
40:17, 23; 41:29; 44:9; 59:4. Siyasi ittifaq və bütlər «puçdur». Onlara güvənməyin heç bir mə’nası yoxdur.
42:18, 19; 43:8. Allahın Kəlamına məhəl qoymamaq, «sadiq və ağıllı qul» vasitəsilə verilən məsləhətlərə qulaq asmamaq ruhani cəhətdən kar və kor olmaq deməkdir (Matta 24:45).
43:25. Yehova asiliyimizi Öz xatirinə silir. Yehovanın adının izzətləndirilməsi günah və ölüm köləliyindən qurtularaq əbədi həyata nail olmağımızdan daha üstündür.
44:8. Qaya kimi möhkəm və sarsılmaz Yehova bizə dayaqdır. Biz heç zaman Allah haqqında şahidlik etməyə qorxmamalıyıq! (2 Şamuel 22:31, 32).
44:18-20. Bütpərəstlik etmək ürəyin çürük olmasından xəbər verir. Ürəyimizdə Yehovaya məxsus olan yeri heç nə tutmamalıdır.
46:10, 11. Niyyətlərini yerinə yetirə bilməsi Yehovanın Həqiqi Allah olduğuna danılmaz sübutdur.
48:17, 18; 57:19-21. Əgər xilası Yehovadan gözləsək, Ona yaxınlaşsaq və əmrlərinə diqqətlə yanaşsaq, onda əmin-amanlığımız axar çayın suları kimi bol, saleh əməllərimiz dəniz dalğaları tək çox olacaq. Allahın Kəlamına əhəmiyyət verməyənlər isə «sanki dalğalanan dənizdir». Onlarda əmin-amanlıq yoxdur.
52:5, 6. Babillilər yanlış olaraq belə nəticəyə gəldilər ki, həqiqi Allah zəifdir. Onlar başa düşmürdülər ki, İsrailin köləliyə düşməsinin səbəbi Yehovanın ondan narazı olması idi. Başqalarının başına fəlakət gələndə onun səbəbi barədə tələm-tələsik nəticə çıxarmamalıyıq.
52:7-9; 55:12, 13. Padşahlığın təbliği və şagird hazırlamaq işində sevinclə iştirak etmək üçün ən azı üç səbəbimiz var. Bizim ayaqlarımız ruhən ac, təvazökar insanlar üçün gözəldir. Biz Yehovanı ‘öz gözlərimizlə görürük’, yə’ni onunla yaxın münasibətlərimiz var. Həmçinin, biz ruhani firavanlıqda yaşayırıq.
52:11, 12. «Rəbbin əşyalarını» daşımağa, yə’ni müqəddəs xidməti icra etməyə layiq olmaq üçün ruhani və əxlaqi cəhətdən təmiz olmalıyıq.
58:1-14. Özünü yalandan mö’min və saleh göstərməyin heç bir mə’nası yoxdur. Həqiqi xidmətçilər Allaha sadiqliyi və qardaş məhəbbətini təmiz ürəklə etdikləri işlərdə göstərməlidirlər (Yəhya 13:35; 2 Peter 3:11).
59:15b-19. Yehova insanların işlərini görür və vaxtı gələndə onlara müdaxilə edir.
O, «RƏBBİN ƏLİNDƏ ŞƏRƏF TACI» OLACAQ
Həqiqi ibadətin keçmişdə və bizim günlərimizdə bərpası haqqında Yeşaya 60:1 ayəsində deyilir: «Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi!» Sion «Rəbbin əlində şərəf tacı» olacaq (Yeşaya 62:3).
Babildə sürgündə olarkən tövbə edəcək həmvətənləri üçün Yeşaya dua edir (Yeşaya 63:15–64:12). Həqiqi xidmətçiləri yalançı xidmətçilərə qarşı qoyandan sonra, peyğəmbər Yehovanın Öz xidmətçilərinə verəcəyi xeyir-dualardan danışır (Yeşaya 65:1–66:24).
Müqəddəs Kitab suallarına cavablar:
61:8, 9 — «Əbədi əhd» nədir və «nəsillərindən törəyənlər» kimlərdir? Bu, Yehovanın məsh olunmuşlarla bağladığı yeni əhddir. «Nəsillərindən törəyənlər» isə onların xəbərinə hay verən milyonlarla ‘başqa qoyunlardır’ (Yəhya 10:16).
63:5 — Allahın qeyzi Ona hansı mə’nada dayaqdır? Allah Öz ‘qeyzini’, yə’ni ədalətli hiddətini idarə edir. Allahın qeyzi Ona dayaq olaraq saleh hökmlərini icra etməyə Onu təşviq edir.
Bizim üçün ibrət dərsləri:
64:6. Qeyri-kamil insanlar özlərini xilas edə bilməzlər. Günahlarının bağışlanmasına gəldikdə isə onların saleh işləri murdar əskidən başqa bir şey deyildir (Romalılara 3:23, 24).
65:13, 14. Yehova sadiq xidmətçilərinin ruhani ehtiyaclarını hərtərəfli tə’min etməklə onlara xeyir-dua verir.
66:3-5. Yehova ikiüzlülüyə nifrət edir.
«Sevinin»
Babildə sürgündə olan sadiq yəhudilər üçün həqiqi ibadətin bərpası haqqında peyğəmbərliklər necə də təsəlliverici olmalı idi! Yehova deyirdi: «Yaratdığıma əbədilik sevinin, şadlanın. Çünki sevinc üçün yeni Yerusəlimi, sakinlərini xoşbəxtlik üçün yaradacağam» (Yeşaya 65:18).
Biz də yer üzünü qaranlığın, xalqları isə qatı zülmətin bürüdüyü bir vaxtda yaşayırıq (Yeşaya 60:2). «Çətin anlar» gəlib çatmışdır (2 Timoteyə 3:1). Buna görə də, Yehovanın «Yeşaya» kitabı vasitəsilə verdiyi qurtuluş xəbəri bizi də çox ruhlandırır (İbranilərə 4:12).
[Haşiyə]
a Yeşaya 1:1–35:10 ayələri «Gözətçi Qülləsi»nin 2006-cı il 1 dekabr sayındakı «Yehovanın kəlamı canlıdır. “Yeşaya” kitabından diqqətəlayiq fikirlər — I hissə» adlı məqalədə araşdırılır.
[4-cü səhifədəki şəkil]
Xizqiyanın assuriyalıların əlindən xilas olmaq üçün dua etməsinin əsas səbəbini bilirsənmi?
[7-ci səhifədəki şəkil]
«Sülh xəbəri gətirən, dağları aşıb-gələn müjdəçinin ayaqları necə də gözəldir!»