Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kr fəs. 12 s. 118—131
  • «Sülh Allahı»na xidmət etmək üçün təşkil olunublar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Sülh Allahı»na xidmət etmək üçün təşkil olunublar
  • Allahın Padşahlığı hökmranlıq edir!
  • Başlıqlar
  • Oxşar material
  • «Sülhü üstünüzdə nəzarətçi... qoyacağam»
  • Məsih yığıncaqlara necə rəhbərlik edir?
  • «Sürüyə nümunə olun»
  • Ağsaqqallar Allahın sürüsünə necə nəzarət edir?
  • Nəzarət işinin yaxşılaşdırılması Allahın xalqı arasındakı birliyi möhkəmləndirir
  • Allahın xalqının qayğısına qalan nəzarətçilər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Çobanlar, Böyük Çobanı təqlid edin
    Gözətçi qülləsi 2013
  • Yığıncaq necə təşkil olunub?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yığıncaq ağsaqqalları
    Yehova Allahın müasir xalqı
Əlavə
Allahın Padşahlığı hökmranlıq edir!
kr fəs. 12 s. 118—131

FƏSİL 12

«Sülh Allahı»na xidmət etmək üçün təşkil olunublar

MÖVZU

Yehova Allah Öz xalqı arasında tədricən təşkilati dəyişikliklər edir

1, 2. «Sion Gözətçi qülləsi» jurnalının 1895-ci il yanvar sayında hansı dəyişiklik edilmişdi və qardaşlar bu dəyişikliyi necə qarşılamışdılar?

MÜQƏDDƏS KİTABIN səyli tədqiqatçısı Con Bonet qardaş «Sion Gözətçi qülləsi» jurnalının 1895-ci il yanvar sayını alanda gördükləri ona güclü təsir bağışlamışdı. Jurnalın üz qabığı tamam fərqli idi: orada fırtınalı dənizin üzərində ucalan və zülmət səmanı işıqlandıran mayak qülləsi təsvir olunmuşdu. Jurnalın yeni formatı ilə bağlı dərc olunan məlumat «Yeni libasımız» adlanırdı.

2 Bundan təsirlənən Bonet qardaş Rassel qardaşa göndərdiyi məktubunda yazmışdı: «QÜLLƏNİN görkəminin dəyişməsi məni çox sevindirir. Çox gözəl görünür». Başqa bir sadiq Müqəddəs Kitab Tədqiqatçısı Con Braun jurnalın üz qabığı barədə yazmışdı: «Çox gözəldir. Dəniz dalğalarının qülləyə çırpılmasına və fırtınaya baxmayaraq, o, yerində möhkəm durur». Bu yeni üz qabığı həmin il qardaşların gördüyü ilk dəyişiklik olsa da, sonuncu deyildi. Həmin ilin noyabr ayında onlar daha bir vacib dəyişiklik barədə öyrəndilər. Maraqlıdır ki, bu dəyişiklik yenə də fırtınalı dənizlə bağlı idi.

3, 4. «Gözətçi qülləsi» jurnalının 1895-ci il 15 noyabr sayında hansı problemdən söz açılmışdı və hansı mühüm dəyişiklik barədə elan olunmuşdu?

3 «Gözətçi qülləsi» jurnalının 1895-ci il 15 noyabr sayında dərc olunan böyük bir məqalədə vacib problemdən — fırtınayabənzər problemlərin Müqəddəs Kitab Tədqiqatçılarının təşkilatındakı sülhü alt-üst etməsindən danışılırdı. Qardaşlar yerli yığıncaqda kimin rəhbərlik etməli olduğu ilə bağlı get-gedə daha çox mübahisələr edirdilər. Parçalanma yaradan rəqabət ruhunu aradan qaldırmaqda onlara kömək etmək üçün məqalədə təşkilat gəmi ilə müqayisə olunurdu. Həmçinin orada dürüstcəsinə etiraf olunurdu ki, rəhbərlik edən qardaşlar gəmiyəbənzər təşkilatı «fırtınalı hava şəraitinə» hazırlamağa müvəffəq olmadılar. Bəs indi nə etmək olardı?

4 Məqalədə vurğulanırdı ki, məharətli kapitan nəzarət etməlidir ki, gəmidə kifayət qədər xilasedici jilet olsun və ekipaj fırtına zamanı lyuku bağlamağa hazır olsun. Eynilə, təşkilatın rəhbərləri də nəzarət etməli idilər ki, bütün yığıncaqlar «fırtınalı şəraitlərə» hazır olsunlar. Buna nail olmaq üçün məqalədə mühüm dəyişikliklə bağlı elan dərc olunmuşdu. Bu onu göstərirdi ki, dərhal hər bir yoldaşlıqda (həmin vaxt yığıncaq belə adlanırdı) sürüyə nəzarət edən ağsaqqallar seçilməlidir (Həv. 20:28).

5. a) Nəyə görə ağsaqqalların təyin edilməsi vaxtında atılan bir addım idi? b) Hansı sualları nəzərdən keçirəcəyik?

5 Ağsaqqalların təyin edilməsi yığıncaqların təməlini möhkəmləndirmək üçün vaxtında atılan addım idi. Bu, qardaşlara Birinci Dünya müharibəsi zamanı üzləşdikləri bütün çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Sonrakı onilliklər ərzində baş verən təşkilati dəyişikliklər Yehovanın xalqını Ona daha yaxşı xidmət etməyə hazırladı. Bəs hansı Müqəddəs Kitab peyğəmbərliyində bu dəyişiklik barədə yazılıb? Siz hansı təşkilati dəyişikliklərin şahidi olmusunuz? Və onlardan necə faydalanmısınız?

«Sülhü üstünüzdə nəzarətçi... qoyacağam»

6, 7. a) Əşiya 60:17 ayəsindəki sözlərin mənası nədir? b) «Nəzarətçi» və «ağa» sözləri nəyə işarə edir?

6 Bu kitabın 9-cu fəslindən öyrəndiyimiz kimi, Əşiya peyğəmbərlik etmişdi ki, Yehova Öz xalqının sayını artırmaqla xeyir-dualandıracaq (Əşy. 60:22). Ancaq Yehova bundan da artığını edəcəyini vəd etmişdi. Elə həmin peyğəmbərlikdə O demişdi: «Mən mis yerinə qızıl gətirəcəyəm, dəmir yerinə gümüş, ağac yerinə mis, daş yerinə dəmir gətirəcəyəm. Sülhü üstünüzdə nəzarətçi, salehliyi ağa qoyacağam» (Əşy. 60:17). Bu peyğəmbərliyin mənası nədir? Və onun bizə hansı aidiyyəti var?

Dəyişiklik pisdən yaxşıya doğru yox, yaxşıdan daha yaxşıya doğru baş verir

7 Əşiyanın peyğəmbərliyində deyilirdi ki, bir material digəri ilə əvəz olunacaq. Ancaq fikir verin ki, bu dəyişiklik pisdən yaxşıya doğru yox, yaxşıdan daha yaxşıya doğru baş verir. Misin qızılla əvəz edilməsi yaxşılığa doğru dəyişiklikdir və eyni şeyi ayədə xatırlanan digər materiallar barədə də demək olar. Beləcə, bu əyani nümunə əsasında Yehova xalqının vəziyyətinin get-gedə yaxşılığa doğru dəyişəcəyini göstərmişdi. Peyğəmbərlikdə hansı dəyişiklikdən danışılırdı? Yehova «nəzarətçi»lər və «ağa»lar barədə xatırladaraq göstərdi ki, tədricən baş verən dəyişikliklər xalqının mütəşəkkil fəaliyyəti və ona göstərilən qayğı ilə əlaqəli olacaq.

8. a) Əşiyanın peyğəmbərliyindəki dəyişiklikləri kim həyata keçirir? b) Dəyişikliklərdən necə faydalana bilərik? («O, məzəmməti həlimliklə qəbul etdi» adlı çərçivəyə baxın.)

8 Bəs bu təşkilati dəyişiklikləri kim həyata keçirir? Yehova demişdi: «Mən qızıl gətirəcəyəm,.. gümüş... gətirəcəyəm. Sülhü üstünüzdə nəzarətçi... qoyacağam». Həqiqətən də, yığıncaqların quruluşu ilə bağlı dəyişiklikləri insanlar yox, Yehova Allah Özü edir. İsa Padşah təyin olunandan bəri Yehova bu dəyişiklikləri Oğlu vasitəsilə həyata keçirir. Bu dəyişikliklərin bizə hansı faydası var? Həmin ayədə deyilir ki, dəyişikliyin nəticəsi «sülh» və «salehlik» olacaq. Biz Allahın rəhbərliyini qəbul edib dəyişikliklər edəndə aramızda sülh hökm sürür, salehliyə məhəbbət isə bizi həvari Bulusun «sülh Allahı» adlandırdığı Yehovaya xidmət etməyə təşviq edir (Filip. 4:9).

9. Yığıncaqda hökm sürən nizam-intizamın və birliyin əsasını nə təşkil edir və nəyə görə?

9 Yehova Allah haqqında Bulus həmçinin belə demişdi: «Allah sülh Allahıdır. O, nizamsızlığı sevmir» (1 Kor. 14:33). Diqqət yetirin ki, Bulus nizamsızlığı nizamla yox, sülhlə qarşı-qarşıya qoyur. Nəzərə alaq ki, nizam özü-özlüyündə həmişə sülhlə nəticələnmir. Misal üçün, nizam-intizamla cəbhə xəttinə doğru irəliləyən bir qrup əsgərin yürüşü sülhlə yox, müharibə ilə nəticələnir. Beləliklə, biz məsihilər əsas faktı yadımızda saxlamalıyıq: təməlində sülh olmayan istənilən quruluş nə qədər nizamlı olursa-olsun, gec-tez dağılacaq. Bunun tam əksinə olaraq, Allahın sülhü əbədi nizam-intizam yaradır. Buna görə də «sülh mənbəyi olan Allah»ın təşkilatımıza rəhbərlik etdiyinə və onu təmizlədiyinə görə çox minnətdarıq (Rom. 15:33). Allahdan gələn sülh ümumdünya yığıncaqlarımızda hökm sürən və bizim üçün çox əziz olan nizam-intizamın və səmimi birliyin əsasını təşkil edir (Zəb. 29:11).

10. a) İlk onilliklər ərzində təşkilatımızda hansı dəyişikliklər edilib? («Nəzarət işinin təkmilləşdirilməsi» adlı çərçivəyə baxın.) b) İndi hansı sualları nəzərdən keçirəcəyik?

10 «Nəzarət işinin təkmilləşdirilməsi» adlı çərçivədə ilk onilliklər ərzində təşkilatda edilən faydalı və nizam-intizam yaradan dəyişikliklər sadalanır. Bəs Yehova Padşahımız vasitəsilə «mis»i «qızıl»la necə əvəz edib? Bu dəyişikliklər bütün yığıncaqlarda sülhü və birliyi necə möhkəmləndirib? Və bu, sizin «sülh Allahı»na xidmət etməyinizə necə kömək edir?

Məsih yığıncaqlara necə rəhbərlik edir?

11. a) Allahın Kəlamını araşdırmağın sayəsində hansı dəyişikliklər edildi? b) Rəhbərlik şurasının üzvləri nəyə əzmli idilər?

11 1964—1971-ci illərdə rəhbərlik şurasının nəzarəti altında Müqəddəs Kitab hərtərəfli araşdırıldı. Bir çox mövzularla yanaşı, birinci əsrdəki məsihi yığıncağının necə fəaliyyət göstərdiyi də nəzərdən keçirildia. Bunun sayəsində aydın oldu ki, birinci əsrdə yığıncağa bir ağsaqqal və ya nəzarətçi yox, ağsaqqallar şurası nəzarət edirdi. (Filippililərə 1:1; 1 Timutiyə 4:14 ayələrini oxuyun.) Bundan sonra rəhbərlik şurasında xidmət edən qardaşlar anladılar ki, Padşah İsa onları Allahın təşkilatının quruluşunda yaxşılığa doğru dəyişikliklər etməyə yönəldir və onlar Padşahın göstərişlərinə tabe olmaq əzmində idilər. Onlar ağsaqqallarla bağlı dəyişikliyi dərhal həyata keçirdilər ki, təşkilat tam şəkildə Allahın Kəlamındakı nümunəyə əsasən fəaliyyət göstərsin. Bəs 1970-ci illərin əvvəlində hansı dəyişikliklər edildi?

O, MƏZƏMMƏTİ HƏLİMLİKLƏ QƏBUL ETDİ

«GÖZƏTÇİ QÜLLƏSİ»NİN 1916-cı il 1 aprel sayında Rassel qardaşın Karlo Harteva qardaş da daxil olmaqla, Skandinaviyadan olan bir neçə qardaşa ünvanladığı məktubu fin dilində dərc edilmişdi. Rassel qardaş onlara yazmışdı: «Əziz iman qardaşlarımız, biz sizin hamınızı həqiqət yoluna dönüb üzərinizə düşən işi yerinə yetirməyə səsləyirik». Rassel qardaşı belə bir müraciət etməyə nə vadar etmişdi?

Karlo Harteva

Karlo Harteva

Harteva qardaş 1882-ci ildə dünyaya gəlib və Finlandiyada ilk Müqəddəs Kitab Tədqiqatçılarından biri olub. 1910-cu ilin aprel ayında vəftiz olunan Hartevaya 1912-ci ilin yayında Rassel qardaş «Gözətçi qülləsi»ni fin dilində dərc etməyi tapşırdı. Birinci Dünya müharibəsinə qədər hər şey yaxşı gedirdi. Harteva qardaş «Gözətçi qülləsi»nin 1914-cü il 1 dekabr sayında yazmışdı: «Maddi çətinlik ucbatından... “Gözətçi qülləsi” jurnalının səhifələrinin sayının builki kimi olacağını söz verə bilmərik». Ancaq 1915-ci ildə vəsait əldə etmək məqsədilə Harteva və digər qardaşlar «Ararat» adlı koorperativ müəssisə yaratdılar və orada həmin ad altında jurnal dərc etməyə başladılar.

Harteva qardaş diqqətini yeni müəssisəyə və yeni jurnala cəmlədiyi üçün fin dilində «Gözətçi qülləsi» jurnalının redaktoru başqa bir qardaş oldu. «Ararat» jurnalında Müqəddəs Kitaba əsaslanan məqalələrlə yanaşı, xalq təbabəti və yenicə aşkar edilmiş esperanto dili barədə məqalələr dərc olunurdu. Tezliklə, bu yeni jurnal qardaşları həqiqətin pak təlimlərindən uzaqlaşdırmağa başladı. Məhz elə həmin vaxt Rassel qardaş Harteva və digər qardaşların ruhani rifahı üçün narahat olduğundan onları «həqiqət yoluna dönməyə» səslədi.

Bəs Harteva qardaş buna necə yanaşdı? O, «Ararat» jurnalında Rassel qardaşın yazdığı məktubu və öz cavabını dərc etdi. O, hərəkətinə görə üzr istəyərək yazmışdı: «Vəziyyəti düzəltmək üçün əlimdən gələni edəcəyəm». Bundan qısa müddət sonra «Ararat» jurnalının sonuncu sayında Harteva qardaş səbəb olduğu çaşqınlığa görə bir daha üzrxahlıq edərək əlavə etdi: «Bundan sonra müasir həqiqətin hər bir sahəsinə daha diqqətli olmağa çalışacağam». Məğrurluq göstərən bəzi ağsaqqallardan fərqli olaraq, Karlo Harteva məzəmməti həlimliklə qəbul etdi.

Sonradan Harteva qardaş yenidən fin dilində «Gözətçi qülləsi» jurnalının redaktoru və filial nəzarətçisi təyin olundu. O, 1950-ci ilə qədər bu məsuliyyətinin öhdəsindən layiqincə gəldi. Yehovaya və həqiqətə sona qədər sadiq qalan Harteva qardaş 1957-ci ildə yerüzü həyatı ilə vidalaşdı. Həqiqətən də, Padşah İsadan məzəmməti həlimliklə qəbul edən hər kəs Yehova tərəfindən saflaşdırılaraq sonsuz xeyir-dualar qazanır.

12. a) Rəhbərlik şurası ilə bağlı hansı dəyişiklik oldu? b) Rəhbərlik Şurasının bu gün necə təşkil olunduğunu təsvir edin. («Rəhbərlik Şurası Padşahlığın maraqlarının qeydinə qalır» adlı çərçivəyə baxın.)

12 İlk dəyişiklik rəhbərlik şurası ilə bağlı idi. O vaxta qədər rəhbərlik şurasına Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) direktorlar şurasını təşkil edən yeddi məsh olunmuş qardaş daxil idi. Ancaq 1971-ci ildə rəhbərlik şurasının sayı 7-dən 11-ə qaldırıldı və onlar artıq direktorlar şurası kimi xidmət etmirdilər. Rəhbərlik şurasının üzvlərindən heç biri özünü digərindən üstün tutmurdu və hər il onlardan biri əlifba sırası ilə sədrlik edirdi.

13. a) 40 il ərzində yığıncaqda nəzarət işi necə həyata keçirilirdi? b) 1972-ci ildə Rəhbərlik Şurası nə etdi?

13 Növbəti dəyişiklik bütün yığıncaqlara təsir etdi. 1932-ci ildən 1972-ci ilə qədər yığıncaq əsas etibarilə bir qardaş tərəfindən idarə olunurdu. 1936-cı ilə qədər bu təyinatı alan qardaş xidmət rəhbəri adlanırdı. Bundan sonra yoldaşlıq xidmətçisi, sonra yığıncaq xidmətçisi, daha sonra isə yığıncaq nəzarətçisi adlandı. Təyin olunan bu qardaşlar sürünün ruhani sağlamlığının qeydinə canla-başla qalırdılar. Adətən, yığıncaq nəzarətçisi yığıncaqla bağlı qərarları digər xidmətçilərlə məsləhətləşmədən verirdi. Ancaq 1972-ci ildə Rəhbərlik Şurası tarixi bir dəyişiklik etdi. Bu dəyişiklik nə ilə bağlı idi?

14. a) 1972-ci ilin oktyabrın 1-dən hansı yenilik qüvvəyə mindi? b) Ağsaqqallar şurasının koordinatoru Filippililərə 2:3 ayəsindəki məsləhəti necə tətbiq edir?

14 Artıq hər yığıncağa yalnız bir qardaş yox, Allahın Kəlamındakı tələblərə müvafiq gələn və teokratik yolla ağsaqqal təyin olunan qardaşlardan ibarət ağsaqqallar şurası nəzarət edəcəkdi. Bu yenilik 1972-ci ilin 1 oktyabrından qüvvəyə mindi. Bu gün ağsaqqallar şurasının koordinatoru «təvazökar»lıq göstərərək özünü digər ağsaqqallardan üstün tutmur (Luka 9:48). Doğrudan da, ümumdünya təşkilatımızda belə təvazökar qardaşların olması əsil xeyir-duadır! (Filip. 2:3).

Uzaqgörən Padşahımız öz davamçılarına münasib vaxtda kifayət qədər çobanlar təqdim edib

15. a) Yığıncaqlara nəzarət etmək üçün ağsaqqallar şurasının təyin olunması hansı faydaları gətirdi? b) Padşahımızın uzaqgörən olduğu nədən görünür?

15 Yığıncaq işlərinin ağsaqqallar şurasının üzvləri arasında bölüşdürülməsi yaxşılığa doğru edilən dəyişikliyin sübutudur. Gəlin bunun üç faydasına nəzər salaq. İlk növbədə, bu, yığıncaqda nə dərəcədə vacib məsuliyyətlərə sahib olmalarından asılı olmayaraq, bütün ağsaqqallara yığıncağın başının İsa Məsih olduğunu başa düşməyə kömək etdi (Efes. 5:23). İkinci faydası Məsəllər 11:14 ayəsində qeyd olunur: «Çoxlu məsləhətçi olan yerdə... uğur gələr». Ağsaqqallar yığıncağın ruhani rifahına təsir edən məsələlərlə bağlı bir-biriləri ilə məsləhətləşəndə və təkliflərini nəzərə alanda Müqəddəs Kitab prinsiplərinə uyğun qərarlar qəbul etmək asan olur (Məs. 27:17). Yehova Allah bu cür qərarları xeyir-dualandırır və bunlar uğurla nəticələnir. Üçüncüsü, daha çox yararlı qardaşların ağsaqqal kimi xidmət etməsi sayəsində təşkilat yığıncaqların günü-gündən artan tələbatlarına nəzarət edə və onların qayğısına qala bilir (Əşy. 60:3—5). Bir təsəvvür edin, 1971-ci ildə yığıncaqların sayı 27 000-dən çox idi, 2013-cü ildə isə bu say 113 000-dən çox olub! Bundan aydın görünür ki, uzaqgörən Padşahımız öz davamçılarına münasib vaxtda kifayət qədər çobanlar təqdim edib (Mik. 5:5).

NƏZARƏT İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

  • 1881-ci il. Bir ərazidə yaşayan Müqəddəs Kitab Tədqiqatçılarının bir-biri ilə ünsiyyət edə bilmələri üçün Rassel qardaş müntəzəm olaraq yığıncaq görüşləri keçirənlərdən xahiş edir ki, görüşlərin harada keçirildiyi ilə bağlı «Gözətçi qülləsi» redaksiyasına məlumat versinlər.

  • 1895-ci il. Bütün yığıncaqlara göstəriş verilir ki, öz aralarından ağsaqqal kimi xidmət edəcək qardaşlar seçsinlər.

  • 1919-cu il. Hər yığıncaqda filial tərəfindən teokratik yolla xidmət rəhbəri təyin olunur. Onun işinə təbliğ xidmətini təşkil etmək və təbliğçiləri xidmətdə iştirak etməyə təşviq etmək daxildir. Bəzi ağsaqqallar bu yeniliyi dəstəkləmir və xidmət rəhbəri ilə əməkdaşlıq etmir.

  • 1932-ci il. Ağsaqqalların ildə bir dəfə yığıncaq tərəfindən səsvermə yolu ilə seçilməsinə son qoyulur. Bunun əvəzinə, yığıncaq təbliğ işində fəal iştirak edən və yenicə qəbul etdikləri Yehovanın Şahidləri adına uyğun yaşayan qardaşlardan ibarət xidmət komitəsi seçir. Yığıncaq tərəfindən tövsiyə olunan qardaşlardan birini Təşkilat, yəni filial xidmət rəhbəri təyin edir.

  • 1937-ci il. Məsh olunmuş qardaşlarla yanaşı, xidmət komitələrində böyük izdihamın üzvü olan qardaşlar da xidmət edə bilər.

  • 1938-ci il. Yığıncaq xidmətçilərinin hamısının teokratik yolla təyin olunması ilə bağlı yığıncaqlar qətnamə qəbul edir. Bununla da yığıncaqların demokratik yolla səs verməsinə son qoyulur.

Tarix boyu təşkilatın quruluşunda baş verən dəyişikliklər barədə daha çox öyrənmək üçün «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 204—235 səhifələrinə (rus.) baxın.

1920-ci illərdə ağsaqqallar ildə bir dəfə yığıncaq tərəfindən səsvermə ilə seçilirdilər.

«Ağsaqqalları sağ əlimizi qaldıraraq seçirdik. Bir nəfər qardaş isə kənardan qalxan əlləri sayırdı», — deyə Rouz Suinql bacı xatırlayır (Çikaqo, İllinoys, ABŞ).

«Sürüyə nümunə olun»

16. a) Ağsaqqallar hansı məsuliyyəti daşıyır? b) İsanın «quzularımı otar» sözlərinə Müqəddəs Kitab Tədqiqatçıları necə yanaşırdılar?

16 Müqəddəs Kitab Tədqiqatçılarının erkən vaxtlarına nəzər salsaq, ağsaqqallar artıq başa düşürdülər ki, həmimanlılarının daima Yehova Allaha xidmət etmələrinə kömək etmək məsuliyyəti onların üzərinə düşür. (Qalatiyalılara 6:10 ayəsini oxuyun.) 1908-ci ildə «Gözətçi qülləsi» jurnalında dərc olunan məqalədə İsanın: «Quzularımı otar», — sözləri araşdırılırdı (Yəh. 21:15—17). Məqalədə ağsaqqallara deyilmişdi: «Ağamızın sürünü otarmaqla bağlı verdiyi tapşırığın ürəyimizdə mühüm yer tutması, eləcə də Ağamızın davamçılarını bəsləmək və onların qeydinə qalmaq kimi böyük şərəfə lazımi ehtiram göstərməyimiz olduqca vacibdir». 1925-ci ilin «Gözətçi qülləsi» jurnalında ağsaqqal kimi xidmət etməyin vacibliyi bir daha vurğulanmışdı: «Allahın kilsəsi (yığıncaq) Ona məxsusdur... və onlar [ağsaqqallar] qardaşlarına necə xidmət etdiklərinə görə Allah qarşısında cavab verəcəklər».

17. İşlərini məharətlə həyata keçirmələri üçün nəzarətçilərə hansı köməklik göstərilib?

17 Bəs Yehovanın təşkilatı ağsaqqallara nəzarət etmək bacarıqlarını dəmirdən gümüşə çevirməyə, yəni yaxşılaşdırmağa necə kömək edirdi? Onlara təlim verməklə. 1959-cu ildə ilk dəfə nəzarətçilər üçün Məsul Qardaşlar üçün Məktəb keçirildi. Orada «Şəxsi maraq göstərin» adlı mövzu müzakirə olundu. Məsul qardaşlar «təbliğçilərə evlərində baş çəkmək üçün cədvəl qurmağa» təşviq olunurdular. Bu dərslər zamanı belə başçəkmələri daha ruhlandırıcı etməyin müxtəlif üsulları nəzərdən keçirilirdi. 1966-cı ildə Məsul Qardaşlar üçün Məktəb yeni proqram üzrə keçirilməyə başlandı. Dərslərdən birində «Çobanlıq işinin vacibliyi» adlı mövzu nəzərdən keçirilirdi. Bu dərsin əsas məğzi nədən ibarət idi? Rəhbərlik həvalə olunmuş qardaşlar «Allahın sürüsünün qeydinə məhəbbətlə qalmalı və bunun üçün ailə üzvlərinə və xidmətə ayırdıqları vaxtı və diqqəti qurban verməməlidirlər». Son illər ərzində ağsaqqallar üçün başqa məktəblər də keçirilib. Yehovanın təşkilatının daima təlim verməsi sayəsində hansı nəticələr əldə olunub? Bu gün yığıncaqlarda minlərlə yaxşı təlim almış qardaş ağsaqqal kimi xidmət edir.

1966-cı ildə Filippində keçirilən Padşahlıq Xidməti Məktəbi

Filippində Məsul Qardaşlar üçün Məktəb, 1966-cı il

18. a) Ağsaqqallara hansı məsuliyyət həvalə olunub? b) Nəyə görə Yehova və İsa Məsih zəhmətkeş ağsaqqalları sevir?

18 Yehova Allah Padşahımız İsa vasitəsilə ağsaqqalları məsuliyyətli tapşırığın öhdəsindən gəlmək üçün təyin edir. O hansı tapşırıqdır? Onlar bəşər tarixinin ən böhranlı dövründə Allahın xalqına rəhbərlik etməlidirlər (Efes. 4:11, 12; 2 Tim. 3:1). Yehova və İsa Məsih zəhmətkeş ağsaqqalları çox sevir və qiymətləndirirlər, çünki onlar Müqəddəs Yazıların: «Allahın sizə əmanət etdiyi sürünü otarın və bunu... könül xoşluğu ilə... canla-başla edin... Sürüyə nümunə olun», — nəsihətinə qulaq asırlar (1 But. 5:2, 3). Gəlin ağsaqqalların sürüyə nümunə qoyduqları bir çox sahələrdən ikisinə nəzər salaq və görək yığıncaqda sülhü və sevinci qoruyub saxlamaq üçün onlar öz töhfələrini necə verirlər.

«HEYRƏT İÇİNDƏ İDİK»

ASİYADAN olan xüsusi təyinatlı müjdəçi cütlük uzun illər idi ki, inkişaf etməyən bir yığıncağa təyin olunmuşdu. Onlar fikir vermişdilər ki, bu ərazidəki yerli qardaşlar istiqanlı olsalar da, təşkilatın verdiyi göstərişlərə riayət etmirlər. Bu cütlük təbliğçilərlə sıx dostluq münasibəti qurduqdan sonra qardaş yığıncağın Yehovanın xalqının ümumdünya təşkilatı ilə ayaqlaşmasına kömək etmək üçün tədricən dəyişikliklər etməyə başladı. Bu hansı bəhrələri verdi? İki ilin içində yığıncağa gələnlərin sayı ikiqat artdı, təbliğ işinə yeniləri qoşuldu və 20-dən çox adam vəftiz olundu. Həmin ər-arvad deyir: «Biz heyrət içində idik. Yehova düşündüyümüzdən də artıq xeyir-dua verdi! Allahın təşkilatının göstərişlərini tətbiq etməyin gətirdiyi səmərəni görmək bütün yığıncağın üzvlərini sevindirirdi».

Ağsaqqallar Allahın sürüsünə necə nəzarət edir?

19. Ağsaqqallarla əməkdaşlıq edəndə hansı hissləri keçiririk?

19 Birincisi, ağsaqqallar yığıncağın üzvləri ilə əməkdaşlıq edirlər. Müjdəçi Luka İsa barədə belə yazmışdı: «İsa şəhərbəşəhər, kəndbəkənd gəzərək Allahın Padşahlığı haqqında müjdəni təbliğ edirdi. On iki həvari... onunla idi» (Luka 8:1, 3). İsa öz həvariləri ilə birlikdə təbliğ etdiyi kimi, bu gün də ağsaqqallar öz həmimanlıları ilə bərabər xidmət edirlər. Onlar başa düşürlər ki, bununla yığıncaqda müsbət əhval-ruhiyyənin hökm sürməsinə xidmət edirlər. Bəs yığıncaq üzvləri belə ağsaqqallara necə münasibət bəsləyirlər? 90-a yaxın yaşı olana Jannin bacı belə deyir: «Ağsaqqalla təbliğə çıxmaq mənə onunla söhbət etmək və onu yaxından tanımaq imkanı verir». 30-dan çox yaşı olan Stiven qardaş bölüşür: «Ağsaqqal mənimlə ev-ev təbliğ edəndə onun mənə kömək etmək istədiyini hiss edirəm. Bu, mənə böyük sevinc bəxş edir».

Çoban itmiş qoyunu tufanlı gecədə axtarıb tapır

Çoban itmiş quzunu axtardığı kimi, ağsaqqallar da yığıncaqla əlaqəni itirən kəsləri axtarıb tapmağa çalışırlar

20, 21. Ağsaqqallar İsanın məsəlindəki çobanın nümunəsini necə təqlid edə bilərlər? Nümunə çəkin. (Həmçinin «Hər həftə başçəkmənin gətirdiyi səmərə» adlı çərçivəyə baxın.)

20 İkincisi, Yehovanın təşkilatı ağsaqqallara yığıncaqla əlaqəni itirən kəslərə qayğı göstərmək üçün təlim verir (İbr. 12:12). Nəyə görə ağsaqqallar ruhən zəif düşmüş həmimanlılarına kömək etməlidirlər və onlar bunu necə edə bilərlər? İsanın çoban və itmiş qoyun məsəlində bu sualın cavabını tapa bilərik. (Luka 15:4—7 ayələrini oxuyun.) Məsəldəki çoban qoyunun itdiyini görəndə elə əl-ayağa düşür, sanki, varı-yoxu bircə qoyunu var imiş. Bu gün ağsaqqallar həmin çobanı necə təqlid edə bilərlər? İtmiş qoyun çobanın gözündə dəyərli olduğu kimi, yığıncaqla əlaqəsi kəsilən şəxs də ağsaqqalların gözündə dəyərlidir. Ruhən zəifləmiş insanları axtarmaq onlar üçün vaxt itkisi deyil. Necə ki çoban «itmiş qoyunu tapana kimi gedib onu [axtarır]», eləcə də ağsaqqallar zəifləri axtarıb tapmaq və kömək etmək üçün əllərindən gələni əsirgəmirlər.

21 Bəs çoban qoyunu tapanda nə edir? O, nəvazişlə onu qaldırır, «çiyninə qoyub» sürünün içinə qaytarır. Eynilə, ağsaqqalın canıyananlıq göstərməsi ruhən zəifləmiş insanın ayağa qalxmasına və yığıncağa qayıtmasına kömək edə bilər. Bu, Afrikadan olan və yığıncaqla əlaqəsini kəsən Viktor qardaşın da başına gəlmişdi. O danışır: «Qeyri-fəal olduğum səkkiz il ərzində ağsaqqallar mənə kömək etmək üçün var gücləri ilə çalışırdılar». Bəs ona xüsusilə təsir edən nə olmuşdu? O özü izah edir: «Bir gün Öncül Məktəbini birgə keçdiyimiz Con adlı ağsaqqal qardaş mənə baş çəkdi və məktəbdə çəkdirdiyimiz şəkilləri göstərdi. Onlar mənə yaşadığım xoş anları xatırlatdı. Yehovaya xidmətdə duyduğum sevinci yenidən yaşamaq istədim». Çox keçməmiş Viktor yığıncağa qayıtdı. Bu gün o, yenə də öncül kimi xidmət edir. Həqiqətən də, ağsaqqalların qayğısı bizə sevinc bəxş edir (2 Kor. 1:24)b.

HƏR HƏFTƏ BAŞÇƏKMƏNİN GƏTİRDİYİ SƏMƏRƏ

BİRLƏŞMİŞ ŞTATLARDA yığıncaqların birində xidmət edən ağsaqqallar yığıncaqdan uzaq düşmüş insanlara kömək etmək məqsədilə tədbir görmək qərarına gəldilər. Onlar müəyyənləşdirdilər ki, onilliklər öncə Yehova Allaha xidmət etməyi dayandıran təxminən 30 nəfər hələ də həmin yığıncağın ərazisində yaşayır. Onların əksəriyyəti artıq yaşa dolub.

Bu ağsaqqallardan biri, Alfredo qardaş, həmin insanların siyahısını götürüb onlara baş çəkməyə başladı. O deyir: «Mən hər cümə günü səhər qeyri-fəallardan birinin qapısını döyürəm». Qeyri-fəal təbliğçi qapını açanda Alfredo qardaş səmimi ünsiyyət etməyə və onlara görə ürəkdən narahat olduğunu dilə gətirməyə çalışır. O, baş çəkdiyi bacıya və ya qardaşa deyir ki, yığıncaqdakılar onun Yehovanın Padşahlığı naminə gördüyü yaxşı işləri unutmayıb. Alfredo qardaş deyir: «Mən qeyri-fəal olan yaşlı bir qardaşa 1976-cı ildə axırıncı dəfə neçə saat təbliğ etdiyini və nə qədər jurnal payladığını deyəndə qardaşın gözləri doldu». O həmçinin baş çəkdiyi qeyri-fəallara Luka 15:4—7, 10 ayələrini oxuyur və sonra soruşur: «İtmiş qoyun yığıncağa qayıdanda nə baş verir? Bir anlıq fikirləş: Yehovanın, İsanın və mələklərin sevincinin həddi-hüdudu olmur».

Artıq iki ildir ki, Alfredo qardaş qeyri-fəallara baş çəkərək onlara kömək etməyə çalışır. Onun dəyanətlə göstərdiyi cəhdlər hansı bəhrəni verir? Kömək etdiyi iki qardaşın yenidən yığıncağa qayıtdığını görmək onu çox sevindirir. İndi onlar müntəzəm olaraq bazar günləri keçirilən yığıncaq görüşlərinə gəlirlər. O, gülümsəyərək deyir: «Onlar ibadət evinə daxil olanda göz yaşlarımı saxlaya bilmədim. Bu qardaşların yığıncaq görüşlərinə gəlməsinə baxmayaraq, mən hələ də hər cümə günü onlara baş çəkirəm, çünki onlar gəlişimi səbirsizliklə gözlədiklərini deyirlər. Elə mən özüm də!»

Nəzarət işinin yaxşılaşdırılması Allahın xalqı arasındakı birliyi möhkəmləndirir

22. Salehlik və sülh məsihi yığıncağındakı birliyi necə möhkəmləndirir? (Həmçinin «Heyrət içində idik» adlı çərçivəyə baxın.)

22 Artıq vurğulandığı kimi, Yehova Allah qabaqcadan demişdi ki, Onun xalqı arasında salehlik və sülh durmadan artacaq (Əşy. 60:17). Bu hər iki xüsusiyyət yığıncağın birliyini möhkəmləndirir. Salehlik məsələsində «Allahımız Yehova tək olan Yehovadır» (Qan. 6:4). Onun salehlik normaları bütün dünyada mövcud olan yığıncaqlarda eynidir. Bəli, «müqəddəslərin bütün yığıncaqlarında» Onun xeyir və şərə dair normaları birdir (1 Kor. 14:33). Buna görə də yığıncaq yalnız Allahın normaları tətbiq olunduğu təqdirdə inkişaf edir. Sülh xüsusiyyətinə gəldikdə isə Padşahımız İsa istəyir ki, biz yığıncaqda sülhdən zövq almaqla yanaşı, həm də «sülhpərvər», yəni «sülhyaradan» olaq (Mət. 5:9). Elə bu səbəbdən biz «sülhə aparan... şeylərə can [atırıq]». Vaxtaşırı olaraq aramızda baş qaldıran fikir ayrılıqlarını həll etmək üçün təşəbbüsü öz üzərimizə götürürük (Rom. 14:19). Belə etməklə yığıncaqda həm sülhə, həm də birliyə nail oluruq (Əşy. 60:18).

23. Yehovanın xidmətçiləri olan bizlər bu gün nədən sevinc duyuruq?

23 1895-ci ilin noyabr ayının «Gözətçi qülləsi» jurnalında yığıncaqlarda ağsaqqallar təyin olunacağı barədə elan olunanda məsul qardaşlar öz səmimi arzularını da yazmışdılar. Onlar dua edirdilər ki, bu yeni təşkilati quruluş Allahın xalqının «tez bir zamanda imanda birliyə yetişməsinə» kömək etsin. Arxaya çevrilib ötən onilliklərə baxanda görürük ki, Yehova Allahın Padşahımız vasitəsilə nəzarətlə bağlı gördüyü saflaşdırma işləri ibadətdə birliyimizi, həqiqətən də, möhkəmləndirib (Zəb. 99:4). Nəticə etibarilə, bu gün Yehovanın ümumdünya xalqı kimi, biz eyni niyyətlə hərəkət edir, eyni cür davranır və çiyin-çiyinə «sülh Allahı»na xidmət edirik və bu, bizə böyük sevinc bəxş edir (2 Kor. 12:18; Səfənya 3:9 ayəsini oxuyun).

a Dərin araşdırmaların nəticəsi «Müqəddəs Kitabı başa düşmək üçün kömək» adlı kitabda dərc edilmişdi.

b «Gözətçi qülləsi» jurnalının 2013-cü il 15 yanvar sayının 27—31 səhifələrində dərc olunan «Sevincimiz üçün bizimlə əməkdaşlıq edən ağsaqqallar» adlı məqaləyə baxın.

Padşahlıq sizin üçün nə dərəcədə realdır?

  • Padşahlıq hansı təşkilati dəyişiklikləri həyata keçirib?

  • Yığıncağın nəzarəti ilə bağlı edilən dəyişikliklər sizə «sülh Allah»ına xidmət etməyə necə kömək edir?

  • Ağsaqqalların hansı sözləri və ya hərəkətləri sevincinizin artmasına səbəb olub?

  • Yığıncaqda sülhün və birliyin hökm sürməsi üçün öz töhfənizi necə verə bilərsiniz?

Rəhbərlik Şurasının komitə üzvlərinin və köməkçilərinin iclası.

RƏHBƏRLİK ŞURASI PADŞAHLIĞIN MARAQLARININ QEYDİNƏ QALIR

YEHOVANIN ŞAHİDLƏRİNİN Rəhbərlik Şurası Yehova Allaha xidmət edən məsh olunmuş qardaşlardan ibarətdir. Onlar bir qrup kimi «sadiq və ağıllı nökər»i təşkil edirlər. Bu qardaşlar ruhani qida ilə təmin etmək, bütün dünyada Padşahlığın təbliğ işinə dair göstərişlər vermək və bu işin irəliləməsinə təkan vermək məsuliyyəti daşıyırlar (Mət. 24:14, 45—47).

Rəhbərlik Şurasının görüşləri hər həftə, adətən, çərşənbə günləri keçirilir. Bu görüşlər qardaşlara çiyin-çiyinə xidmət etmək imkanı verir (Zəb. 133:1). Rəhbərlik Şurasının üzvləri eyni zamanda müxtəlif komitələrdə də xidmət edir. Padşahlığın maraqlarının qeydinə qalmaqla yanaşı, hər bir komitə müəyyən sahəyə nəzarət edir. Gəlin onları qısaca nəzər salaq.

  • Məsihçi qardaşlar qardaşlığın qayğısına tam qalmaq üçün işləri bölüşdürürlər

    Koordinatorlar komitəsi

    Bu komitədə xidmət edən qardaşlar hüquqi işlərə, eləcə də lazım gələndə kütləvi informasiya vasitələrinə etiqadlarımız haqqında düzgün məlumatın təqdim edilməsi işinə nəzarət edir. Həmçinin fəlakətlər, təqiblər və digər fövqəladə hallar zamanı zərər çəkən bacı-qardaşlarımıza yardım göstərilməsinin qayğısına qalır.

  • Beytel ailəsi müxtəlif işlər görürlər

    Kadrlar komitəsi

    Bu komitə ümumdünya Beytel ailəsinin üzvlərinin fiziki və ruhani rifahının qayğısına qalmaq və onlara kömək etmək məsuliyyəti daşıyır. Yeni beytellilərin seçilməsinə və dəvət edilməsinə, eləcə də onların xidmətləri ilə bağlı məsələlərin həll olunmasına nəzarət edir.

  • Beytelli Müqəddəs Kitaba əsaslanan ədəbiyyatların çapına və paylaşdırılmasına kömək edir

    Nəşriyyat komitəsi

    Bu komitədə xidmət edənlər Müqəddəs Kitaba əsaslanan ədəbiyyatların nəşr edilməsinə və dünyanın hər yerinə daşınmasına nəzarət edir. Nəşriyyatlar və Yehovanın Şahidlərinin müxtəlif hüquqi şəxslərinə aid olan mülkiyyət, habelə məhdud resurslu ərazilərdə filialların, toplantı zallarının tikintisi bu komitənin nəzarəti altındadır. Bu komitə həmçinin könüllü ianələrin lazımi şəkildə istifadə olunmasına da nəzarət edir.

  • Qardaş masanın üstündə olan kitab, jurnalla araşdıraraq hazırlaşır

    Xidmət komitəsi

    Bu komitədə xidmət edən qardaşlar təbliğ işinin bütün sahələrinə rəhbərlik edir, eləcə də yığıncaqlar, təbliğçilər, öncüllər, ağsaqqallar, səyyar nəzarətçilər və xüsusi təyinatlı müjdəçilərlə bağlı məsələləri həll edir. Onlar bir çox işlərlə yanaşı, Xəstəxanalarla əlaqə komitələrinin işinə də nəzarət edir.

  • Qardaş səhnədən çıxış edir

    Təlim komitəsi

    Bu komitə böyük toplantı və yığıncaq görüşlərində təqdim olunan təlim proqramına cavabdehdir. Həmçinin Gilad Məktəbi, Padşahlığın Müjdəçiləri Məktəbi, Öncül Məktəbi, eləcə də digər məktəblər bu komitənin rəhbərliyi altındadır. Üstəlik, bu komitə «Məsihi həyatı və ibadəti. İş dəftəri»nin və audio–video materialların hazırlanması işinə baxır.

  • jw.org veb-saytı da daxil olmaqla, nəşrlərin müxtəlif formatı

    Yazı komitəsi

    Bu komitədə xidmət edən qardaşlar həmimanlılarının və geniş oxucu kütləsinin yazılı və elektron şəkildə aldığı ruhani qidanın hazırlanmasına cavabdehdirlər. Bundan başqa, təşkilatın veb-saytının hazırlanmasına və bütün dünyada tərcüməçilərin işinin təşkil olunmasına nəzarət edir. Üstəlik, bəzi Müqəddəs Kitab ayələrinin və nəşrlərimizdəki fikirlərin mənası ilə bağlı suallara cavab verir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş