«ƏN KİÇİYİNDƏN min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək. Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm» (Əşy. 60:22). Bu peyğəmbərlik sözləri necə yerinə yetib? Onun yerinə yetməsi bütün dünyada uzun illər Yehova Allaha xidmət edən insanlara necə təsir edib?
Börye Nilsson (84 yaş, 1943-cü ildə vəftiz olub): «Yadıma 1920-ci illərdə kitabpaylayan məsh olunmuş qardaş düşür. İsveçin yarıdan çoxuna təbliğ etməyi tapşırılanda o, itaətkarlıqla təbliğ etməyə başlamışdı. Onun və digər sadiq xidmətçilərin gördükləri iş mükafatlandırılıb! İndi burada 22 000-dən çox təbliğçi var. Hal-hazırda ahıl yaşda olmağıma baxmayaraq, bundan sonra da Yehovaya itaətkarlıqla xidmət etmək istəyirəm. Kim bilir, Yehovanın hələ bizim üçün hansı sürprizləri var?!»
Etyen Esterhayse (83 yaş, 1942-ci ildə vəftiz olub): «Ötən illərə nəzər salanda Cənubi Afrikada Yehovanın Şahidlərinin sayının 1942-ci ildən bu günə qədər 1500 nəfərdən 94 000-ə çatdığını görmək heyrətamizdir. Bu cür böyük təşkilatın üzvü olmaq insanın imanını möhkəmləndirir».
Kit Qaydan (82 yaş, 1948-ci ildə vəftiz olub): «Böyük Britaniyada təbliğçilərin sayının 1948-ci ildən bu günə qədər 13 700-dən 137 000-ə çatdığının şahidi olmağın sayəsində bir daha əmin oluram ki, bu, Yehovanın işidir. Buna insan gücü ilə nail olmaq mümkün olmazdı, ancaq Yehova “xariqələr yaradan” Allahdır» (Çıx. 15:11).
Ulrike Krolop (77 yaş, 1952-ci ildə vəftiz olub): «İkinci Dünya müharibəsindən sonra Almaniyadakı yığıncaqlar nasistlərin amansız təqiblərinə sinə gərən bacı-qardaşların yüksək əhval-ruhiyyəsi sayəsində canlandı. İnsanların təsəlliyə ehtiyacı var idi və biz Şahidlər bu dəhşətli müharibədə iştirak etmədiyimiz üçün bunu cəsarətlə edirdik. Artıq 60 ildən çoxdur ki, Allahın ruhunun Onun xalqını necə idarə etdiyini görürəm. Bu gün burada 164 000-dən çox Yehovanın Şahidi var. Məgər bu heyrətamiz deyil?»
Mariya Brinetskaya (77 yaş, 1955-ci ildə vəftiz olub): «Həbs olunmayaq deyə məni gecəyarısı vəftiz etdilər. Sonra isə Yehovanın Şahidi olduğu üçün ərimi əmək düşərgəsinə göndərdilər. Mən isə ehtiyatla öz kəndimizdə təbliğ etməyə davam edirdim və qonşularımdan bir neçəsi həqiqəti qəbul etmişdi. Onda Rusiyada bacı-qardaşların sayı çox az idi. Sevinirəm ki, bu gün ölkəmizdə Yehovanın Şahidlərinin sayı 168 000-dən çoxdur!»
Kimiko Yamano (79 yaş, 1954-cü ildə vəftiz olub): «1970-ci ildə Yaponiyada təbliğçilərin sayının 10 000 nəfər olduğunu biləndə sevincdən göz yaşlarımı saxlaya bilmədim və Yehovaya söz verdim ki, ölənədək Ona sadiq qalacağam. İndi 216 000 təbliğçinin olması məni daha da xoşbəxt edir!»
Daniel Odogen (83 yaş): «Mən 1950-ci ildə vəftiz olanda Nigeriyada 8000 təbliğçi var idi. Bu gün isə təxminən 351 000 təbliğçi var! Toplantılara bu qədər çox insanın gəlməsi məni sevindirir və Həqqay 2:7 ayəsində yazılan sözlərin üzərində düşünməyə təşviq edir. Yehova, həqiqətən də, ümmətləri silkələyir və xalqların sərvətini Özünə sarı gətirir. Mən hələ də bacardığım qədər çox təbliğ etməyə çalışıram və bununla Yehovaya minnətdarlığımı bildirirəm».
Karlos Silva (79 yaş): «Mən 1952-ci ildə vəftiz olanda Braziliyada 5000 təbliğçi var idi. Həmin il biz böyük toplantını San-Paulunun gimnaziya zalında keçirmişdik. Dayanacaqda cəmi iki maşın var idi. Bir qardaş yaxınlıqdakı Pakaembu stadionunu göstərərək məndən soruşdu: “Necə fikirləşirsən, biz nə vaxtsa bu stadionu doldura bilərik?” Bu, qeyri-mümkün görünürdü, ancaq 1973-cü ildə keçirilən böyük toplantıda həmin stadion ağzınacan dolmuşdu: iştirak edənlərin sayı 94 586 nəfər idi! İndi Braziliyada 767 000 bacı-qardaş var. Bu artımı görmək çox xoşdur!»
Karlos Kasares (73 yaş): «Mən 1954-cü ildə vəftiz olmuşam. Həmin vaxt Meksikada 10 500 təbliğçi var idi. Məsul qardaşlara böyük tələbat olduğundan 21 yaşımda məni rayon nəzarətçisi təyin etdilər. Əşiya 60:22 ayəsindəki sözlərin necə yerinə yetdiyinin şahidi olmaq əsil xeyir-duadır! Hal-hazırda sayımız 806 000-dən çoxdur və bir milyondan çox insanla Müqəddəs Kitab öyrənməsi keçiririk! Bu çox heyrətamizdir!»