Ürəyini qoruyaraq əxlaqi cəhətdən təmiz qal
“Hər şeydən əvvəl öz ürəyini qoru, çünki həyat çeşməsi odur” (SÜLEYMANIN MƏSƏLLƏRİ 4:23, MKŞ).
1-3. a) İnsanlar əxlaqi təmizliklərini qiymətləndirmədiklərini çox vaxt necə göstərirlər? Nümunə gətirin. b) Əxlaqi təmizliyin dəyərini nəzərdən keçirmək nəyə görə vacibdir?
ŞƏKİL dəbdən düşmüş kimi görünürdü. Ehtimal ki, evin görünüşünə uyğun gəlmirdi. Hər necə olsa da, bu şəklin sahibi, şübhəsiz ki, onda faydalı bir şey görmürdü. Nəhayət şəkli köhnə əşyalar satılan mağazada satışa qoyurlar. Qiyməti isə 29 ABŞ dolları. Bir neçə il ötdükdən sonra mə’lum olur ki, şəklin təxmini qiyməti milyon dollardır! Əslində bu nadir şah əsəri idi. Öz xəzinəsini qiymətləndirməyən keçmiş sahibin hisslərini təsəvvür etmək olar!
2 Buna bənzər hal çox vaxt əxlaqi təmizliklə baş verir. Bu gün olduqca çox insan əxlaqi təmizliyini lazımınca qiymətləndirmir. Bə’ziləri onun müasir həyata uyğun gəlmədiyini düşünərək, dəbdən düşmüş sayırlar. Bu cür adamlar öz əxlaqi təmizliklərindən ucuz qiymətə imtina edirlər. Bə’ziləri öz əxlaqi təmizliklərini bir anlıq cinsi məmnunluğa dəyişirlər. Digərləri isə əxlaqi təmizliklərini tay-tuşlarının və ya əks cinsdən olan hansısa şəxsin hörmətini qazanmaq üçün qurban verirlər (Süleymanın məsəlləri 13:20).
3 Çoxları əxlaqi təmizliklərinin nə qədər dəyərli olduğunu olduqca gec anlamağa başlayırlar. Əxlaqi təmizliyi itirmək özü ilə çox vaxt kədər gətirir. Müqəddəs Kitabda deyildiyi kimi, əxlaqsızlığın nəticəsi zəhər və “yovşan kimi acı” ola bilər (Süleymanın məsəlləri 5:3, 4, MKŞ). Bu gün dünyada hökm sürən əxlaq pozğunluğunu nəzərə alaraq, sən öz əxlaqi təmizliyini necə qiymətləndirə və qoruyub saxlaya bilərsən? Bununla əlaqədar ata biləcəyimiz üç addıma diqqət yetirək.
Ürəyini qoru
4. Simvolik ürək nədir və onu nəyə görə qorumaq lazımdır?
4 Əxlaqi cəhətdən təmiz qalmağın açarı — ürəyi qorumaqdır. Müqəddəs Kitabda məsləhət verilir: “Hər şeydən əvvəl öz ürəyini qoru, çünki həyat çeşməsi odur” (Süleymanın məsəlləri 4:23, MKŞ). Burada hansı “ürəkdən” bəhs edilir? Burada bədənimizin orqanından danışılmır. Bu, simvolik “ürəkdir”. O bizim daxili vəziyyətimizə — düşüncələrimizə, hisslərimizə və meyllərimizə aiddir. Müqəddəs Kitabda oxuyuruq: “Allahın Rəbbi bütün ürəyinlə və bütün canınla və bütün qüvvətinlə sevəcəksən” (Təsniyə 6:5). İsa dedi ki, bu ən böyük əmrdir (Mark 12:29, 30). Tamamilə aydındır ki, bizim ürəyimiz çox qiymətlidir. O bizim onu qorumağımıza layiqdir.
5. Ürək necə həm qiymətli, həm də təhlükəli ola bilər?
5 Lakin Müqəddəs Kitabda həm də deyilir ki, “ürək hər şeydən ziyadə aldadıcıdır və çox çürükdür” (Yeremya 17:9). Ürək hansı mə’nada aldadıcı olub bizim üçün təhlükəyə çevrilə bilər? Nümunə üçün: avtomobil böyük fayda gətirir, hətta fövqəl’adə vəziyyətlərdə bə’zən həyatı xilas da edə bilər. Lakin əgər sürücü maşını idarə etmirsə, daima sükandan yapışmırsa, həmin avtomobil asanlıqla öldürücü silah ola bilər. Buna bənzər tərzdə, əgər sən ürəyini qorumasan, daxili istəklərinin və meyllərinin ixtiyarında olacaqsan, bu isə fəlakətə gətirə bilər. Allahın Kəlamı xəbərdar edir: “Öz ürəyinə güvənən ağılsızdır; fəqət kim hikmətlə yeriyərsə, o qurtulur” (Süleymanın məsəlləri 28:26). Sən, yola düşməzdən əvvəl xəritəyə baxdığın kimi, əgər Allahın Kəlamının sənə rəhbərlik etməsinə imkan verirsənsə, hikmətlə yeriyib fəlakətdən qurtula bilərsən (Məzmur 119:105).
6, 7. a) Müqəddəslik nədir və bu, Yehovanın xidmətçiləri üçün nəyə görə vacibdir? b) Qeyri-kamil insanların Yehovanın müqəddəsliyini əks etdirmək imkanında olduqlarını haradan bilirik?
6 Bizim ürəyimiz özü-özlüyündə əxlaqi təmizliyə meylli deyil. Biz ona bu yolu öyrətməliyik. Bunu etməyin üsullarından biri — əxlaqi təmizliyin həqiqi dəyəri üzərində dərindən düşünməkdir. Bu keyfiyyət müqəddəsliklə, yə’ni təmizliklə və günahdan uzaqlaşmaqla sıx bağlıdır. Müqəddəslik — Yehova Allahın şəxsiyyətinin ayrılmaz hissəsi olan qiymətli keyfiyyətdir. Müqəddəs Kitabın yüzlərlə ayəsi bu keyfiyyəti Yehova ilə əlaqələndirir. Müqəddəs Kitabda hətta deyilir ki, “müqəddəslik Yehovaya məxsusdur” (Çıxış 28:36, YD). Belə isə, bu çox yüksək keyfiyyətlə qeyri-kamil insanlar arasında hansı bağlılıq var?
7 Yehova Öz Kəlamında bizə buyurur: “Müqəddəs olun, çünki Mən müqəddəsəm” (1 Peter 1:16). Bəli, Yehovanın müqəddəsliyini təqlid etmək və Onun gözlərində təmiz olmaq bizim qüvvəmiz daxilindədir: bunun üçün təmiz həyat sürmək lazımdır. Beləliklə, biz natəmiz, ləkələyici işlərdən qaçınanda, Küll-İxtiyar Allahın şəxsiyyətinin gözəl cizgilərini təqlid etmək kimi yüksək məqsədə yaxınlaşırıq (Efeslilərə 5:1). Bunun bizim imkanlarımızdan üstün olduğunu düşünməməliyik, çünki Yehova bizdən bacarmadığımız işi heç zaman tələb etməyən müdrik və ağıllı Rəhbərdir (Məzmur 103:13, 14; Yaqub 3:17). Ruhani və əxlaqi cəhətdən təmiz qalmaq üçün, sözsüz ki, sə’y göstərmək lazımdır. Həvari Pavel, ‘Məsihə olan sadə və təmiz sədaqətdən’ danışarkən, Məsihin bunlara layiq olduğunu söylədi (2 Korinflilərə 11:3). Məgər Məsihin və onun Atasının qarşısında əxlaqi cəhətdən təmiz qalmaq üçün var qüvvəmizlə sə’y göstərməyə borclu deyilikmi? Axı onlar bizə o qədər məhəbbət göstəriblər ki, biz onlara həmişə borclu olacağıq (Yəhya 3:16; 15:13). Biz şadıq ki, əxlaqi cəhətdən təmiz həyat sürərək minnətdarlığımızı bildirmək imkanımız var. Əgər əxlaqi təmizliyimizə bu nöqteyi-nəzərdən baxırıqsa, biz onu qiymətləndirəcək və ürəyimizi qoruyacağıq.
8. a) Simvolik ürəyimizi necə qidalandıra bilərik? b) Söhbətlərimiz bizim haqqımızda nəyi aşkar edə bilər?
8 Biz ruhani qidamıza diqqət yetirməklə də ürəyimizi qoruyuruq. Biz müntəzəm olaraq ağlımızı və ürəyimizi yaxşı ruhani qida ilə qidalandırmalı və diqqətimizi Allahın Padşahlığı haqqındakı xoş xəbərə yönəltməliyik (Koloslulara 3:2). Hətta bizim söhbətlərimizdə də bu cür əhval-ruhiyyə əks olunmalıdır. Əgər biz cismani, əxlaqsız şeylərdən danışan insanlar kimi tanınırıqsa, bu, bizim ürəyimizin vəziyyətini üzə çıxarır (Luka 6:45). Ən yaxşısı, qoy bizi ruhani və inkişafetdirici mövzuda danışan insanlar kimi tanısınlar (Efeslilərə 5:3). Ürəyi qorumaq üçün bə’zi ciddi təhlükələrdən çəkinmək lazımdır. Gəlin onlardan ikisini müzakirə edək.
Cinsi əxlaqsızlıqdan çəkin
9-11. a) 1 Korinflilərə 6:18 ayəsindəki öyüdə məhəl qoymayanların ciddi əxlaqsız hərəkət işlətmək ehtimalı nəyə görə artıqdır? Nümunə gətirin. b) Cinsi əxlaqsızlıqdan çəkiniriksə, nədən kənar gəzməliyik? c) Sadiq Eyub bizə nədə gözəl nümunə verib?
9 Yehova həvari Paveli, bir çox insanlara ürəklərini qorumağa və əxlaqi cəhətdən təmiz qalmağa kömək edən nəsihəti yazmaq üçün ilhamlandırmışdır. Pavel yazmışdır: “Cinsi əxlaqsızlıqdan çəkinin” (1 Korinflilərə 6:18). Diqqət yetirək ki, o sadəcə olaraq “cinsi əxlaqsızlıq etməyin” demirdi. Məsihçilər bundan daha artığını etməlidirlər. Onlar bu cür əxlaqsızlıqdan, sanki ölümcül təhlükədən olduğu kimi qaçmalıdırlar. Əgər biz bu öyüdə e’tinasız yanaşırıqsa, onda ciddi əxlaqsız hərəkət edəcəyimizə və Allahın lütfünü itirəcəyimizə daha çox ehtimal olar.
10 Nümunəyə baxaq: ana mühüm hadisə ilə əlaqədar oğlunu yuyundurur və səliqə ilə geyindirir. Oğul ailə yola düşənə qədər bayırda oynamağa icazə istəyir. Ana bir şərtlə razılıq verir: “Bax o gölməçəyə yaxın getmə. Əgər paltarını batırsan, cəzalanacaqsan”. Lakin bir neçə dəqiqədən sonra ana oğlunu gölməçənin kənarında ayaqlarının ucunda duraraq ləngər vurduğunu görür. Oğul üstünü, hələ ki, batırmayıb. Lakin anasının gölməçəyə yaxın getməmək xəbərdarlığına məhəl qoymur və fəlakət, demək olar ki, qaçılmazdır (Süleymanın məsəlləri 22:15). Nə etməli olduqlarını bilən bir çox gənclər və hətta yetkin yaşlı insanlar belə buna bənzər səhvlərə yol verirlər. Hansı tərzdə?
11 Çoxları özlərini “rəzil ehtiraslarına” təslim etdikləri bir vaxtda, yolverilməz cinsi əlaqələr təbliğ edən çoxlu sənaye inkişaf etmişdir (Romalılara 1:26, 27). Pornoqrafiya jurnalları, kitabları, filmləri və İnterneti başına alıb. Bu cür təsvirləri öz ağlına buraxanlar, sözsüz ki, cinsi əxlaqsızlıqdan çəkinmirlər. Onlar Müqəddəs Kitabın xəbərdarlığına e’tinasızlıq göstərərək, cinsi əxlaqsızlığa barmaqarası yanaşır və onun kənarında ləngər vururlar. Ürəklərini qorumaq əvəzinə, onlar onu, ehtimal ki, uzun illər beyinə həkk olan aydın surətlərlə zəhərləyirlər (Süleymanın məsəlləri 6:27). Gəlin, onu günah işlətməyə meylləndirə bilən şeylərə baxmamaq üçün öz gözləri ilə əhd bağlayan sadiq Eyubdan nümunə götürək (Eyub 31:1). Bax bu, təqlid edilməli nümunədir!
12. Görüşə çıxdıqları zaman məsihçilər cinsi əxlaqsızlıqdan necə çəkinə bilərlər?
12 Xüsusilə də evlənmək fikirləri olan oğlanla qız görüşə çıxdıqları zaman ‘cinsi əxlaqsızlıqdan çəkinməlidirlər’. Bu dövr ümidlə dolu sevincli bir dövr olmalıdır, lakin bə’zi gənc oğlan və qızlar əxlaqsızlığa e’tinasız yanaşaraq həmin dövrü ləkələyirlər. Onlar bir-birlərini xoşbəxt ailə üçün möhkəm təməl sayılan təmənnasız məhəbbətə, özünə hakim olmağa və Yehovaya itaətkarlığa əsaslanan imkandan məhrum edirlər. Bir məsihçi ər-arvad görüşə çıxdıqları zaman əxlaqsızlığa yol vermişdir. Evləndikdən sonra, arvad vicdanının ona əzab verdiyini və hətta toydan da sevinc duymadığını e’tiraf etmişdir. O deyir: “Mən dəfələrlə Yehovadan üz istəmişəm, lakin həmin vaxtdan yeddi il keçsə də, əvvəlki kimi vicdan əzabı çəkirəm”. Bu cür günaha yol verənlərin məsihçi ağsaqqallarından kömək istəmələri çox vacibdir (Yaqub 5:14, 15). Buna baxmayaraq, bir çox məsihçilər görüşə çıxdıqları zaman müdrik davranır və bu cür təhlükədən qaçırlar (Süleymanın məsəlləri 22:3). Onlar hisslərinin əks olunma tərzinə hüdudlar qoyurlar. Onlar kimin isə müşayiəti altında görüşə çıxır və bilərəkdən tənhalığa çəkilmirlər.
13. Nəyə görə məsihçilər Yehovaya xidmət etməyən kəslərlə görüşə çıxmalı deyillər?
13 Yehovaya xidmət etməyən kəslə görüşə çıxan məsihçilər ciddi problemlərlə qarşılaşa bilərlər. Misal üçün, sən öz həyatını Yehova Allahı sevməyən kəslə necə bağlaya bilərsən? Çox vacibdir ki, məsihçilər Yehovanı sevən və Onun əxlaq normalarına hörmət göstərən kəslərlə eyni boyunduruğa girsinlər. Allahın Kəlamı bizi xəbərdar edir: “İmansızlarla eyni boyunduruğa girməyin. Axı salehlik ilə qanunsuzluq arasında nə ortaqlıq ola bilər? İşıqla qaranlıq arasında nə şəriklik ola bilər?” (2 Korinflilərə 6:14).
14, 15. a) Bə’ziləri “cinsi əxlaqsızlıq” sözünün mə’nasını səhv olaraq necə başa düşürlər? b)“Cinsi əxlaqsızlıq” özünə hansı məşğuliyyətləri daxil edir və məsihçilər ondan necə çəkinə bilərlər?
14 Mə’lumatlı olmaq da çox vacibdir. Əgər cinsi əxlaqsızlığın nə olduğunu dəqiq müəyyən edə bilməsək, ondan lazımi tərzdə çəkinə bilmərik. Bugünkü dünyada bə’ziləri “cinsi əxlaqsızlığın” nə olduğunu düzgün başa düşmürlər. Onlar güman edirlər ki, əsl cinsi əlaqədə olmadan, cinsi meyllərini nikahdan kənarda tə’min edə bilərlər. Hətta bə’zi mö’təbər sağlamlıq institutları belə arzuolunmaz hamiləlik hallarının sayını azaltmağa çalışaraq, gəncləri hamiləliklə nəticələnməyən təhrif olunmuş formada cinsi əxlaqsızlıqla məşğul olmağa təşviq edirlər. Bu cür məsləhətlər tamamilə düzgün deyil. Nikahdan kənar hamiləlikdən qaçınmaq əxlaqi cəhətdən təmiz qalmağa bərabər deyil və “cinsi əxlaqsızlıq” sözünün əsl mə’nası da bu qədər məhdud deyil.
15 “Cinsi əxlaqsızlıq” kimi tərcümə olunan yunan sözü pornéya, olduqca geniş mə’naya məxsusdur. Bu söz, bir-biri ilə nikahda olmayan insanların cinsi əlaqəsinə aiddir və cinsiyyət orqanlarından yanlış tərzdə istifadə etməyi nəzərdə tutur. Pornéya özünə anus və ağız vasitəsilə cinsi əlaqəni, həmçinin başqasının cinsiyyət orqanını hissə gətirmək — adətən fahişəxanalarda olan hərəkətlərlə bağlı olan hərəkətləri daxil edir. Bu cür məşğuliyyətlərin cinsi əxlaqsızlıq olmadığını düşünən insanlar özlərini aldadırlar və əslində Şeytanın tələlərindən birinə düşüblər (2 Timoteyə 2:26). Bundan əlavə, əxlaqi təmizliyi qoruyub saxlamaq, cinsi əxlaqsızlıq sayılan məşğuliyyətlərdən çəkinməkdən daha çox mə’na daşıyır. Cinsi əxlaqsızlıqdan qaçmaq üçün, ağır günah olan pornéyaya səbəb ola biləcək cinsi natəmizliyin hər bir növündən və nalayiq davranışdan qaçınmalıyıq (Efeslilərə 4:19). O zaman biz əxlaqi cəhətdən təmiz qalacağıq.
Eşqbazlığın təhlükəsindən çəkin
16. Məhəbbətin təzahürü hansı hallarda münasibdir və bunu Müqəddəs Kitabın hansı nümunəsi aydınlaşdırır?
16 Əxlaqi cəhətdən təmiz qalmaq üçün biz daha bir təhlükədən — eşqbazlıqdan qorunmalıyıq. Kim isə tə’kidlə təsdiq etməyə çalışar ki, eşqbazlıq həm kişi, həm də qadın üçün qəbahətsiz və zərərsiz əyləncədir. Ehtimal ki, müəyyən şəraitlərdə romantik davranışlar yerində olar. Məsələn, İshaq Rebeka ilə “oynaşırdı” və kənardan nəzərə çarpırdı ki, onlar sadəcə olaraq bacı-qardaş deyildilər (Təkvin 26:7-9). Axı onlar ər və arvad idilər. Onların arasında olan məhəbbət təzahürü münasib idi. Eşqbazlıq tamamilə başqa şeydir.
17. Eşqbazlıq nədir və bu problemin həllinə necə yanaşmaq olar?
17 Evlənmək fikri olmadan romantik maraq göstərməyi eşqbazlıq kimi müəyyən etmək olar. İnsanlar mürəkkəb məxluqlardır və şübhə yoxdur ki, eşqbazlığın bə’zi formaları güclə seçilə bilən çoxsaylı formalar qəbul edə bilər (Süleymanın məsəlləri 30:18, 19). Buna görə də bu məsələdə sərt qaydalar kömək etməyəcək. Əksinə, daha yüksək olan nə isə — vicdanla özünü analiz etmək və düşüncəli tərzdə Müqəddəs Kitab prinsiplərini tətbiq etmək tələb olunur.
18. Bə’zilərini eşqbazlığa təşviq edən nə olur və eşqbazlıq nəyə görə zərərlidir?
18 Düzünə qalsa, bizlərdən əksəriyyətimiz, özümüzə qarşı əks cins tərəfindən romantik maraq hiss edəndə məmnunluq duyuruq. Bu təbiidir. Bəs əgər biz bu cür maraq oyatmağa çalışaraq eşqbazlıq etməyə başlayırıqsa, necə? Ola bilər ki, biz öz gözümüzdə böyümək və ya başqa insanda hisslər oyatmaq istəyirik. Bəs bu zaman başqalarına verdiyimiz ağrı barədə düşünmüşükmü? Məsələn, Süleymanın məsəlləri 13:12 ayəsində (MKŞ) deyilir: “Gecikən ümid ürəyi xəstələndirir”. Əgər biz düşüncəli şəkildə kiminləsə eşqbazlıq ediriksə, ehtimal ki, biz o insanın bundan ötrü özünü necə hiss etdiyini bilmirik. Həmin insanda yaxın dostluğa və hətta baş tuta biləcək nikaha ümid yarana bilər. Bununla əlaqədar yaranan ümidsizlik çox iztirablı olur (Süleymanın məsəlləri 18:14). Bilərəkdən başqalarının hissləri ilə oynamaq qəddarlıqdır.
19. Eşqbazlıq məsihçi nikahıüçün hansı təhlükəni yarada bilər?
19 Ailəli insanlarla eşqbazlıq etməkdən çəkinmək xüsusilə vacibdir. Ailəli olan insana qarşı romantik maraq bəsləmək yolverilməzdir və ailəli insan da öz ərindən və ya arvadından başqa heç kimə bu cür maraq göstərməməlidir. Kədərli olsa da, bə’zi məsihçilər yanlış olaraq düşünürlər ki, nikahda olmadıqları kəslərlə eşqbazlıq etmək münasibdir. Kim isə bu cür “dosta” ən gizli hisslərini e’tibar edir və hətta öz həyat yoldaşına demədiyi fikirləri onunla bölüşür. Nəticədə romantik hisslər nikahı zəiflədən və hətta dağıda bilən emosional bağlılığa çevrilir. Nikahda olan məsihçilər İsanın zina haqqındakı müdrik xəbərdarlığını, yə’ni bu hissin ürəkdə baş qaldırdığına dair xəbərdarlığını yadda saxlamalıdırlar (Matta 5:28). Buna görə də gəlin ürəyimizi qoruyaq və bu cür faciəli hallara gətirib çıxaracaq vəziyyətlərdən qaçaq.
20. Əxlaqi təmizliyimizə necə yanaşmalıyıq?
20 E’tiraf etmək lazımdır ki, bugünkü əxlaqsız dünyada əxlaqi cəhətdən təmiz qalmaq asan deyil. Lakin yadda saxla ki, əxlaqi təmizliyi qoruyub saxlamaq, onu itirib yenidən əldə etməkdən olduqca asandır. Sözsüz ki, Yehova ‘bol-bol bağışlaya’ bilir və səmimiyyətlə öz günahlarından tövbə edənləri təmizləməyə qadirdir (İşaya 55:7). Buna baxmayaraq, Yehova əxlaqsızlıq edənləri, onun nəticələrindən müdafiə etmir. Bu nəticələr özü barədə uzun illər və hətta ömrü boyu xatırlada bilər (2 Samuel 12:9-12). Hər necə olsa da, ürəyini qoruyaraq əxlaqi cəhətdən təmiz qal. Yehovanın gözündə əxlaqi təmizliyini xəzinə kimi qiymətləndir və onu heç zaman itirmə!
Necə cavab verərdiniz?
• Əxlaqi təmizlik nədir və nəyə görə olduqca vacibdir?
• Ürəyimizi necə qoruya bilərik?
• Cinsi əxlaqsızlıqdan çəkinmək nə deməkdir?
• Eşqbazlıqdan nəyə görə qaçınmalıyıq?
[9-cu səhifədəki şəkil]
Avtomobili lazımi kimi idarə etməyəndə təhlükə yarada bilər.
[10-cu səhifədəki şəkillər]
Xəbərdarlığa məhəl qoymayanda nə baş verə bilər?
[11-ci səhifədəki şəkil]
Görüşə çıxan zaman təmizliyi qoruyub saxlayanlar sevinc əldə edir və Yehovanı izzətləndirirlər.