Biz əbədiyyən Yehovanın ismilə yeriyəcəyik!
“Biz... daima və əbədiyyən Allahımız Rəbbin [“Yehovanın”, YD] ismilə yeriyəcəyik” (MİKA 4:5).
1. “Mika” kitabının 3-dən 5-ə kimi fəsillərində hansı fikirlər vurğulanır?
YEHOVANIN Öz xalqına deməyə sözü var və O, xalqına peyğəmbəri Mikanın vasitəsilə müraciət edir. Allah qanunsuzların əleyhinə çıxmaq niyyətindədir. O, İsrail xalqını dönük çıxdıqlarına görə cəzalandırmağa hazırlaşır. Eyni zamanda, Yehova Onun ismi ilə yeriyənlərə xeyir-dua verəcək. Bu fikirlər Mikanın peyğəmbərliyinin 3-dən 5-ə kimi fəsillərində aydın səslənir.
2, 3. a) İsrail rəhbərləri hansı keyfiyyəti əks etdirməlidirlər, lakin əslində nə ilə məşğuldurlar? b) Mika 3:2, 3 ayələrində tətbiq olunan məcazi dili necə izah edərdiniz?
2 Allahın peyğəmbəri bəyan edir: “Dinləyin, rica edərəm, ey Yaqubun rəisləri və İsrail evinin hakimləri; haqqı tanımaq sizə düşməzmi?” Bəli, həqiqəti — haqqı onlar tanımalıdırlar. Bəs onlar əslində nə ilə məşğuldurlar? Mika deyir: “Sizlər ki, yaxşıya nifrət edərsiniz və pisi sevərsiniz; onların üzərindən, dərilərini və sümükləri üzərindən ətlərini soyarsınız. Və onlar xalqımın ətini yeyirlər və üzərlərindən dərilərini üzürlər və sümüklərini qırırlar və qazan üçünmüş kimi və çölmə içində olan ət kimi onları doğrayırlar” (Mika 3:1-3).
3 Bir işə bax, rəhbərlər fağır, müdafiəsiz insanları sıxışdırırlar! Burada tətbiq olunan məcazi dil Mikanı dinləyənlərə dərhal aydın oldu. Kəsilmiş qoyunu qaynatmağa hazırlayanda, əvvəlcə onun dərisini çıxarır, sonra isə parçalayırlar. Bə’zən iliyi çıxartmaq üçün sümüyü sındırırlar. Həm əti, həm də sümükləri, Mikanın dediyinə oxşar tərzdə, iri qazanda qaynadırlar (Hezekiel 24:3-5, 10). Bu əyani nümunə, pis rəhbərlərin sadə insanlarla qəddar davranışını necə də dəqiq təsvir edir!
Yehova bizim ədalətli olmağımızı gözləyir
4. Yehova İsrail rəhbərlərindən nə ilə fərqlənir?
4 İsrailin rəhbərləri məhəbbətli Çoban olan Yehovadan olduqca fərqlənirlər. Ədalətlə davranmadıqları üçün, onlara verilən tapşırığa — sürünü qorumaq tapşırığına riayət edə bilmirlər. Onlar, Mika 3:10 ayəsində qeyd olunduğu kimi, məcazi qoyunları ədalətdən məhrum edərək və qanlarını axıdaraq onları xudbinliklə istismar edirlər. Biz bu vəziyyətdən nə öyrənə bilərik?
5. Yehova, Onun xalqı arasında üzərinə rəhbərlik götürənlərdən nə gözləyir?
5 Allah gözləyir ki, Onun xalqı arasında üzərinə rəhbərlik götürənlər ədalətlə davranacaqlar. Bu gün Yehovanın xidmətçiləri arasındakı vəziyyət də məhz bu cürdür. Bundan əlavə, bu, İşaya 32:1 ayəsində olan sözlərə də müvafiq gəlir. Biz oxuyuruq: “Budur, bir padşah doğruluqla padşahlıq edəcək və rəislər ədalətlə hökm edəcəklər”. Bəs Mikanın günlərindəki vəziyyət necədir? ‘Yaxşıya nifrət edib, pisi sevənlər’ ədaləti vicdan əzabı çəkmədən tapdalayırlar.
Allah kimlərin duasına cavab verir?
6, 7. Mika 3:4 ayəsində bizim diqqətimiz nəyə yönəldilir?
6 Mikanın pozğun müasirləri Yehovanın iltifatına ümid bəsləyə bilərlərmi? Əlbəttə ki, yox! Mika 3:4 ayəsində deyilir: “Rəbbə fəryad edəcəklər, fəqət onlara cavab verməyəcək; o vaxt üzünü onlardan örtəcək, çünki işlərini pis etdilər”. Burada bizim diqqətimiz çox vacib bir şeyə yönəldilir.
7 Əgər biz günah işlədiriksə, Yehova dualarımıza cavab verməyəcək. Bu, bizim günahlı hərəkətimizi gizlədərək ikili həyat sürdüyümüz və sanki Allaha sədaqətlə xidmət etdiyimizi göstərdiyimiz hallara aiddir. Məzmur 26:4 ayəsinə əsasən, Davud oxuyurdu: “Yalançı adamlarla oturmadım; və ikiüzlülərlə bərabər getmədim”. Yehova, xüsusilə də Onun Kəlamını bilərəkdən zidd davrananların dualarına cavab verməyəcək!
Allahın ruhu qüvvət verir
8. Mikanın günlərindəki yalançı peyğəmbərlər hansı xəbərdarlığı aldılar?
8 İsrailin ruhani rəhbərləri necə də biabırçı əməllərlə məşğuldurlar! Yalançı peyğəmbərlərin günahı ucbatından Allahın xalqı ruhani mə’nada yolunu azmışdır. Tamahkar rəhbərlər, “sülh” deyə bağırırlar, əməldə isə onların ağzına bir şey qoymayan adama qarşı müharibə e’lan edirlər. “Onlar üçün Rəbb belə deyir: Bundan ötrü rö’ya görməyəsiniz deyə sizə gecə olacaq; və falçılıq etməyəsiniz deyə sizə qaranlıq olacaq; və peyğəmbərlər üzərinə günəş batacaq və üzərlərinə gün qaralacaq. Və Görənlər utandırılacaq və falçıların üzü qızaracaq; və hamısı dodaqlarını [“bığlarını”, YD] örtəcəklər” (Mika 3:5-7a).
9, 10. “Bığlarını örtmək” ifadəsi altında nə nəzərdə tutulur və bunu etməyə Mikanın nəyə görə əsası yoxdur?
9 Nəyə görə “bığlarını örtmək” lazım gəlir? Mikanın günahlı müasirləri bunu xəcalət çəkdiklərindən edirlər. Qanunsuz davranan bu insanların xəcalət çəkməyə əsasları var. Onlara “Allahdan cavab yoxdur” (Mika 3:7b). Yehova lovğa günahkarların dualarına heç bir diqqət yetirmir.
10 Mikanın isə “bığlarını örtmək” üçün əsası yoxdur. O xəcalət çəkmir. Yehova onun dualarına cavab verir. Mika 3:8 ayəsinə diqqət yetirək. Bu ayədə sadiq peyğəmbər deyir: “Fəqət mən... Rəbbin Ruhu ilə qüvvət və haqq və cəsarətlə doluyam”. Uzun müddətli və sadiq xidməti ərzində ‘Rəbbin Ruhu ilə qüvvətlə dolu olduğu üçün’ Mika necə də minnətdar idi! Bu ona “Yaquba günahını və İsrailə suçunu bildirmək üçün” qüvvət verirdi.
11. İnsanlar Allahdan gələn xəbərləri bəyan etmək üçün haradan qüvvə əldə edə bilərlər?
11 Allahın hökmlərini bəyan etmək üçün Mikaya insan qüvvəsindən üstün qüvvə lazım idi. Ona Yehovanın ruhu, Onun güclü fəal qüvvəsi gərək idi. Bəs bizə? Yehova bizi müqəddəs ruhunun vasitəsilə möhkəmləndirərsə, təbliğ etmək tapşırığını yerinə yetirə bilərik. Əgər günah işlətmək bizdə vərdiş halına keçibsə, təbliğ etmək cəhdlərimizin hamısı boşa çıxacaqdır. Çünki belə olan halda Allah bizim bu işi yerinə yetirmək üçün zəruri olan qüvvə haqqındakı dualarımıza cavab verə bilməzdi. Bizdə isə “Rəbbin Ruhu” olmasa, səmavi Atamızın hökmlərini, əlbəttə ki, bəyan edə bilmərik. Amma biz, eşidilən duaların və müqəddəs ruhun sayəsində Allahın Kəlamını, Mika kimi cəsarətlə söyləmək iqtidarındayıq.
12. İsanın ilk şagirdləri nəyin sayəsində Allahın sözünü cəsarətlə söyləyə bilirdilər?
12 Ehtimal ki, Müqəddəs Kitabdan Həvarilərin işləri 4:23-31 ayələrini xatırlayırsan. Təsəvvür et ki, sən İsanın ilk şagirdlərindən birisən. Fanatik əhval-ruhiyyəli tə’qibçilər Məsihin şagirdlərini məcburən susdurmağa çalışırlar. Lakin Allaha sadiq olan bu adamlar Haqq-Təala Rəbbə ürəkdən dua edirlər: “Ya Rəbb, onların təhdidlərinə bax və Öz qullarına qüvvə ver ki, Sənin sözünü tam cəsarətlə söyləsinlər”. Sonra nə baş verir? Onların yalvarışlarından sonra toplaşdıqları yer sarsılır və hamısı bir nəfər kimi müqəddəs ruhla dolur və Allahın sözünü cəsarətlə söyləməyə başlayırlar. Gəlin biz də xidmətimizi yerinə yetirərkən dua vasitəsilə Yehovaya güvənək və Onun müqəddəs ruhunun köməyinə arxalanaq!
13. Yerusəlim və Samariya ilə nə baş verəcək və nəyə görə?
13 İndi isə yenidən Mikanın günlərinə qayıdaq. Mika 3:9-12 ayələrinə əsasən, qan tökülməsində günahkar olanlar rüşvət alıb hökm kəsirlər, kahinlər əmək haqqı alaraq öyrədirlər, yalançı peyğəmbərlər isə gümüş alaraq gələcəyi söyləyirlər. Gözlənildiyi kimi, Allah qərar çıxardı ki, Yəhudeya padşahlığının paytaxtı Yerusəlim “daş yığınları olacaq”. Yalan ibadət və əxlaqsızlıq İsraildə də inkişaf etdiyinə görə, Mika ilham alaraq belə bir xəbərdarlıq yazır ki, Allah Samariyanı “daş yığını kimi” edəcəkdir (Mika 1:6). Qabaqcadan verilən xəbərdarlığa əsasən b.e.ə. 740-cı ildə Samariya şəhəri Assuriya qoşunları tərəfindən məhv edilən zaman, peyğəmbər hələ yaşayırdı (2 Krallar 17:5, 6; 25:1-21). Aydındır ki, Yerusəlim və Samariyaya qarşı olan bu kəskin xəbəri yalnız Yehovadan gələn qüvvənin sayəsində bəyan etmək mümkün olardı.
14. Mika 3:12 ayəsindəki peyğəmbərlik necə yerinə yetdi və bu bizə necə tə’sir etməlidir?
14 Yəhuda padşahlığı Yehovanın hökmündən heç cür qaçıb qurtara bilməyəcək. Mika 3:12 ayəsində qabaqcadan deyildiyi kimi, Sion “tarla kimi sürüləcək”. XXI əsrdə yaşayan bizlərə mə’lumdur ki, həmin peyğəmbərlik b.e.ə. 607-ci ildə babillilər Yəhuda və Yerusəlimi xaraba qoyduqları zaman yerinə yetdi. Bu, Mikanın peyğəmbərlik etdiyi vaxtdan çox illər sonra baş verdi, lakin o, əmin idi ki, deyilənlər mütləq yerinə yetəcək. Hazırki pis sistemin həlakının qabaqcadan deyildiyi kimi, “Allahın Gününün” vaxtında baş verəcəyinə eyni cür əminliyi biz də əks etdirməli deyilikmi? (2 Peter 3:11, 12).
Yehova işləri yerbəyer edir
15. Mika 4:1-4 ayələrindəki peyğəmbərliyi öz sözlərinizlə necə təsvir edərdiniz?
15 Mikanın peyğəmbərliyinə qayıdaraq görürük ki, sonra o, həyəcanlandırıcı və ümidverici sözlər yazır. Mika 4:1-4 ayələrindəki sözlər necə də ürəyə yatandır! Mika yazır: “Son günlərdə elə olacaq ki, dağların başında Rəbb evinin dağı möhkəmləndiriləcək və təpələrdən yuxarı yüksələcək; və xalqlar ona axışacaqlar. [...] Və çox xalqlar arasında hökm edəcək və uzaqda olan qüvvətli millətlər haqqında qərar verəcək; və qılınclarını kotan və mizraqlarını bağça bıçaqları edəcəklər; millət millətə qarşı qılınc qaldırmayacaq və artıq cəng etməyi öyrənməyəcəklər. Fəqət hər kəs öz asması altında və öz əncir ağacı altında oturacaq; və onları qorxudan olmayacaq; çünki bunu ordular Rəbbinin ağzı söylədi”.
16, 17. Mika 4:1-4 ayələrindəki sözlər bu gün necə yerinə yetir?
16 Peyğəmbərlikdə xatırladılan “çox xalqlar” və “qüvvətli millətlər” kimləri nəzərdə tutur? Onlar bu dünyanın millətləri və dövlətləri deyil. Peyğəmbərlik, Yehovaya həqiqi ibadətin dağında icra olunan müqəddəs xidmətdə birləşmiş bütün xalqlardan olan ayrı-ayrı adamlara aiddir.
17 Mikanın peyğəmbərliyinə müvafiq olaraq, Yehovaya təmiz ibadət tezliklə sözün həqiqi mə’nasında bütün yer üzündə icra olunacaqdır. Bu gün “əbədi həyata meylli olanlara” Yehovanın yollarını öyrədirlər (Həvarilərin işləri 13:48, YD). Yehova, Onun Padşahlığının tərəfini saxlayanların rifahına ‘hökm edir və qərar verir [“işləri yerbəyer edir”, YD]’. Onlar ‘böyük izdihamın’ bir hissəsi kimi, “böyük məşəqqətdən” sağ çıxacaqlar (Vəhy 7:9, 14). Qılınclarını kotana çevirməklə isə onlar artıq bu gün həm həmimanlıları olan Yehovanın Şahidləri ilə, həm də başqaları ilə sülhdə yaşayırlar. Onların arasında olmaq necə də xoşdur!
Yehovanın ismi ilə yeriməyə qəti qərarlıyıq
18. Üzüm asması və əncir ağacı altında oturmaq nəyin rəmzidir?
18 Bizim günlərdə, yer üzünü qorxu hissi bürüdüyü bir vaxtda, biz çox adamların Yehovanın yolları haqqında öyrəndiyinə şad oluruq. Biz Allahı sevən adamların artıq döyüşməyi öyrənməyəcəkləri, üzüm asmaları və əncir ağacları altında oturacaqları vaxtı səbirsizliklə gözləyirik. Həmin vaxt artıq yaxındır. Çox vaxt ənciri “üzüm bağında” əkirdilər (Luka 13:6, YD). Üzüm asmaları və əncir ağacları altında oturmaq, sülh, tərəqqi və təhlükəsizlik rəmzidir. Yehova ilə olan münasibətlərimiz artıq bu gün bizə qəlb rahatlığı və ruhani təhlükəsizlik bəxş edir. Allahın Padşahlığının idarə etdiyi vaxtda yuxarıda təsvir olunan şəraitlər reallığa çevriləndə, bizim qorxmağa əsasımız olmayacaq, biz tamamilə təhlükəsiz olacağıq.
19. Yehovanın ismi ilə yerimək nə deməkdir?
19 Allahın lütfündən və xeyir-duasından istifadə etmək üçün biz Yehovanın ismi ilə yeriməliyik. Bu fikir Mika 4:5 ayəsində aydın əks olunur. Peyğəmbər orada deyir: “Bütün xalqlar, hər biri öz ilahisinin ismilə yeriyir; biz də daima və əbədiyyən Allahımız Rəbbin [“Yehovanın”, YD] ismilə yeriyəcəyik”. Yehovanın ismi ilə yerimək nə deməkdir? Bu sadəcə Onun bizim Allahımız olduğunu söyləməkdən daha böyük mə’na kəsb edir. Bu həmçinin zəruri olsa da, məsihçi görüşlərinə gəlməkdən və Padşahlıq haqqındakı təbliğ işində iştirak etməkdən də artıq mə’na kəsb edir. Əgər biz Yehovanın ismi ilə yeriyiriksə, bu o deməkdir ki, biz Ona həsr olunmuşuq və Onu bütün qəlbdən sevərək, sədaqətlə xidmət etmək üçün sə’y göstəririk (Matta 22:37). Şübhəsiz ki, biz, Allahın xidmətçiləri kimi, Allahımız olan Yehovanın ismi ilə əbədiyyən yeriməyə qəti qərarlıyıq.
20. Mika 4:6-13 ayələrində qabaqcadan nə deyilmişdir?
20 İndi isə Mika 4:6-13 ayələrindəki peyğəmbərlik sözlərini nəzərdən keçirək. “Sion qızı” əsir aparılmalı və “Babilə qədər” getməlidir. Eramızdan əvvəl VII əsrdə Yerusəlimin sakinləri ilə məhz bu hadisə baş verdi. Buna baxmayaraq, Mikanın peyğəmbərliyinin göstərdiyi kimi, qalıq Yəhudaya qayıdacaq və Sion bərpa olunan vaxt üçün Yehova qayğı göstərəcək ki, onun düşmənləri məhv edilsinlər.
21, 22. Mika 5:2 ayəsi necə yerinə yetdi?
21 Mikanın 5-ci fəslində, başqa dramatik hadisələr söylənilir. Məsələn, Mika 5:2-4 ayələrində deyilənlərə diqqət yetirək. Mika peyğəmbərlik edir ki, Allahın tə’yin etdiyi, “çıxışı əski vaxtdan” olan Hökmdar Beytlehemdə dünyaya gələcəkdir. O, çoban kimi “Rəbbin qüvvəti ilə” hökmranlıq edəcəkdir. Bundan əlavə, bu Hökmdar yalnız İsraildə deyil, “yerin uclarına qədər” böyük olacaqdır. Söhbətin kimdən getdiyini, ehtimal ki, dünya anlamasa da, bu bizim üçün sirr deyil.
22 Beytlehemdə dünyaya gələn ən mühüm şəxs kim idi? Və kim “yerin uclarına qədər böyük” olacaq? Bu şəxs İsa Məsih idi! Böyük Hirod, Məsihin harada doğulacağını baş kahinlərdən və din alimlərindən soruşanda, onlar cavab verdilər: “Yəhudeya Beytlehemində”. Onlar hətta Mika 5:2 ayəsini sitat gətirdilər (Matta 2:3-6). Bunu sadə insanlar da bilirdilər. Yəhya 7:42 ayəsində onların sözü sitat gətirilir: “Müqəddəs Yazılarda: “Məsih Davudun nəslindən, Davudun yaşadığı Beytlehem kəndindən gələcək”, — deyilməmişdirmi?”
İnsanlar üçün əsl təravət
23. Mika 5:7 ayəsindəki peyğəmbərlik bu gün necə yerinə yetir?
23 Mika 5:5-15 ayələrində qısa müddətli müvəffəqiyyət qazanacaq Assuriya hücumu barədə danışılır və peyğəmbərlik edilir ki, Allah itaətsiz xalqlardan qisas alacaq. Mika 5:7 ayəsində tövbə edən yəhudilərin qalığının vətənə qayıtması haqqında və’d vardır, lakin bu sözlər bizim günlərə də aiddir. Mika e’lan edir: “Yaqubun qalığı çox xalqların ortasında, Rəbb tərəfindən şeh kimi... ot üzərinə düşən yağmur kimi olacaq”. Peyğəmbərlik bu cür gözəl təsvirin vasitəsilə göstərir ki, ruhani Yaqubun, yə’ni İsrailin qalığı insanlar üçün Allahdan xeyir-dua olacaqdır. İsanın yer ümidinə malik olan “başqa qoyunları”, insanlara ruhən təravət gətirməkdə “Allahın İsrailinə” kömək edərək onunla əməkdaşlıq etməyə çox şaddırlar (Yəhya 10:16; Qalatiyalılara 6:16; Tsefanya 3:9). Burada üzərində düşünməyimiz üçün vacib bir fikir var: Padşahlığın təbliğçiləri olaraq, biz hamımız insanlara təravət gətirmək kimi nadir imkanımızı qiymətləndirməliyik.
24. Mikanın peyğəmbərliyinin 3-dən 5-ə kimi fəsillərindən hansı fikirlər yadınızda qaldı?
24 Mikanın peyğəmbərliyinin 3-dən 5-ə kimi fəsillərindən nə öyrəndin? Ehtimal ki, özün üçün növbəti fikirləri qeyd etmisən: 1. Allah gözləyir ki, Onun xalqı arasında üzərinə rəhbərlik götürənlər ədalətlə davranacaqlar. 2. Əgər bilərəkdən günah işlədiriksə, Yehova bizim dualarımıza cavab verməyəcək. 3. Təbliğ etmək tapşırığını, Allah bizi Öz müqəddəs ruhu ilə möhkəmləndirərsə yerinə yetirə bilərik. 4. Yehovanın lütfündən istifadə edə bilməyimiz üçün Onun ismi ilə yeriməliyik. 5. Padşahlığın təbliğçiləri olaraq insanlara təravət gətirmək kimi nadir imkanımızı qiymətləndirməliyik. Yəqin ki, başqa fikirlər də yadında qaldı. Müqəddəs Kitabın bu peyğəmbərlik kitabından daha nə öyrənmək olar? Növbəti məqalə, Mikanın peyğəmbərliyinin möhkəmləndirici son iki fəslindən ibrət dərsi əldə etməyimizə kömək edəcək.
Necə cavab verərdiniz?
• Xalqı arasında üzərinə rəhbərlik götürənlərdən Allah nə gözləyir?
• Yehovaya xidmətimizlə əlaqədar dua və müqəddəs ruh nəyə görə vacibdir?
• İnsanlar ‘Yehovanın ismi ilə’ necə yeriyirlər?
[12-ci səhifədəki şəkillər]
Mika kimi, xidmətimizi cəsarətlə yerinə yetiririk.