Müqəddəs Yazıların kitabı nömrə 33 Mikeya
Yazan: Mikeya
Yazıldığı yer: Yəhuda
Yazılması başa çatıb: b. e. ə. 717-ci ilə kimi
Əhatə etdiyi vaxt: b. e. ə. təx. 777-717-ci illər
İLLƏRLƏ Yehovaya sədaqətlə xidmət etmiş, öz xalqının rəhbərlərinə cəsarətlə: «Siz ki yaxşıya nifrət edirsiniz, pisliyi sevirsiniz... xalqımın ətini yeyirsiniz, dərisini soyursunuz» demiş yetkin bir insanı təsəvvürünüzə gətirin. Allahın ruhunun ona inamla danışmağa icazə verdiyi üçün bütün izzəti Yehovaya verən təvazökar bir insanı təsəvvürünüzə gətirin. Məgər siz belə adamla tanış olmaq istəməzdinizmi? O, çox şey danışa bilərdi və onun məsləhətləri necə də hikmətli olardı! Mikeya məhz belə adam olmuşdur. Biz indiyədək onun adını daşıyan kitabda yazılmış dəyərli məsləhətlərə müraciət edə bilərik (Mik. 3:2, 3, 8).
2 Başqa peyğəmbərlər kimi Mikeya da öz kitabında özü haqqında qısa danışır, əsas diqqəti peyğəmbərliklərə cəm edir. Mikeya, Mikayıl (Allaha bənzər kimdir?) və ya Mikaiya (Yehovaya bənzər kimdir?) adının qısaldılmış formasıdır. O, Yotam, Axaz və Xizqiyanın hakimiyyətləri dövründə peyğəmbərlik etmiş (b. e. ə. 777–717-ci illər) və Yeşaya və Huşə peyğəmbərlərin müasiri olmuşdur (Yeşaya 1:1; Huşə 1:1). Mikeyanın peyğəmbərlik xidmətində neçə müddət olduğu dəqiq mə’lum deyil, bunun 60 ildən çox çəkdiyini güman etmək olar. Samariyanın məhv ediləcəyi haqqındakı peyğəmbərlik ehtimal b. e. ə. 740-cı ildə, onun yerinə yetməsindən əvvəl deyilmiş, kitabın yazılması isə Xizqiyanın padşahlığının sonunda, yə’ni b. e. ə. 717-ci ildə başa çatmışdır (Mik. 1:1). Mikeya peyğəmbər, Yerusəlimdən cənub-qərbdə, məhsuldar torpaqda yerləşən yamaclı-düzənlikli bölgədəki Moreşet kəndindən idi. Peyğəmbərin kənd həyatı ilə yaxından tanış olması, öz peyğəmbərliklərini izah edərkən istifadə etdiyi məsəllərdən görünür (2:12; 4:12, 13; 6:15; 7:1, 4, 14).
3 Mikeya təhlükəli, bununla bərabər mühüm vaxtda yaşamışdı. Hadisələrin sür’ətlə cərəyan etməsi İsrail və Yəhuda padşahlıqları üçün pis əlamət idi. İsrail əxlaq pozğunluğu və bütpərəstlik nəticəsində tənəzzülə uğradı və Assur dövləti tərəfindən məhv edildi. Bu hadisə ehtimal ki, Mikeyanın sağlığında baş vermişdir. Yəhuda tərəddüd içində idi: gah Yotamın padşahlığı dövründə yaxşı işlər görürdü, gah pis padşah Axazın dövründə İsrailin günahlarını təkrar edirdi, gah da Xizqiyanın hakimiyyəti vaxtı düz yola qayıdırdı. Yehova Öz xalqına nə edəcəyi barədə onlara ciddi xəbərdarlıq etmək üçün Mikeyanı çağırdı. Mikeyanın peyğəmbərliyi Yeşaya və Huşənin peyğəmbərliklərini təsdiqləyirdi (2 Pad. 15:32–20:21; 2 Saln. 27-32-ci fəsillər; Yeşaya 7:17; Huşə 8:8; 2 Kor. 13:1).
4 Mikeyanın kitabının doğruluğuna çoxlu sübutlar var. Yəhudilər onu həmişə kanonik sayıblar. Yeremya 26:18,19 ayələrində peyğəmbər birbaşa Mikeyanın sözlərinə istinad edir: «Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək» (Mik. 3:12). Bu peyğəmbərlik b. e. ə. 607-ci ildə Babil padşahı Yerusəlimi yerlə yeksan edəndə dəqiqliklə yerinə yetdi (2 Saln. 36:19). Samariyanın ‘yerlə yeksan ediləcəyi’ haqqındakı peyğəmbərlik də bu cür yerinə yetdi (Mik. 1:6, 7). B. e. ə. 740-cı ildə şimal İsrail padşahlığı əsirliyə götürüləndə Samariya assuriyalılar tərəfindən darmadağın edildi (2 Pad. 17:5, 6). Daha sonra b. e. ə. IV əsrdə Böyük İsgəndər bu şəhəri istila etdi və nəhayətdə b. e. ə. II əsrdə, I Yəhya Hirkanın başçılığı altında yəhudilər tərəfindən darmadağın edildi. Samariyanın sonuncu dəfə darmadağın edilməsi bir kitabda belə təsvir edilir: «Qalib onu yerlə yeksan etdi, nə vaxtsa bu təpədə möhkəmləndirilmiş bir şəhərin durduğundan əsər əlamət qoymamağa cəhd etdi»a.
5 Arxeoloji qazıntılar da Mikeyanın peyğəmbərliyinin yerinə yetdiyini sübut edir. Samariyanın assuriyalılar tərəfindən darmadağın edilməsi Assuriya salnamələrində təsdiq edilir. Məsələn, Assuriya padşahı Sarqon lovğalanır: «Mən Samariyanı (Samerina) mühasirəyə aldım və fəth etdim»b. Amma görünür Samariyanı hələ Sarqonun sələfi V Şalmaneser zəbt etmişdi. Babilistan salnaməsində Şalmaneser haqqında belə deyir: «O, Samariyanı viran qoydu»c. Mikeyanın qabaqcadan söylədiyi, Xizqiyanın hakimiyyəti zamanı Yəhudaya edilmiş müdaxilə Sanxeriv tərəfindən yaxşıca sənədləşdirilmişdir (Mik. 1:6, 9; 2 Pad. 18:13). Onun Nineva şəhərindəki sarayının bir divarında dörd lövhə üzərində Lakişin fəthini təsvir edən böyük relyef həkk edilmişdir. Bir prizmadakı yazıda Sanxerivin adından deyilir: «Mən onun 46 möhkəmləndirilmiş şəhərini mühasirəyə aldım... 200 150 adamı bu şəhərlərdən çıxartdım... Onun özünü [Xizqiya padşahı] quşu qəfəsə salan kimi paytaxtı Yerusəlimdə dustaq etdim». Sonra Xizqiyanın ona verdiyi xəracı, hərçənd onun məbləğini şişirtməklə, sadalayır. Lakin ordusunun başına gələn fəlakətdən söz açmırd (2 Pad. 18:14-16; 19:35).
6 Məsihin doğulacağı yeri qabaqcadan xəbər verən Mikeya 5:2 ayəsindəki məşhur peyğəmbərlik bu kitabın Allahdan ilham aldığına qaneedici sübutdur (Mat. 2:4-6). Bundan əlavə, Mikeya kitabından bə’zi fikirlər Yunanca Müqəddəs Yazılarda demək olar ki, sözbəsöz təkrarlanır (Mik. 7:6, 20; Mat. 10:35, 36; Luka 1:72, 73).
7 Mikeyanın Yəhudeya kəndlilərindən olduğu güman edilir, buna baxmayaraq onda natiqlik iste’dadı var idi. Allahın Kəlamında yazılmış ən gözəl ifadələrdən bir neçəsinə məhz onun kitabında rast gəlinir. 6-cı fəsil canlı dialoq formasında yazılmışdır. Oxucu, Mikeyanın qəfildən bir fikirdən başqasına, lə’nətdən xeyir-duaya və sairə necə keçdiyini diqqətlə izləyir (Mik. 2:10, 12; 3:1, 12; 4:1). Kitabda məcazi dildən çox istifadə olunur. Mikeya yazır ki, Yehova taxtından enəndə, «od yanında əriyən mum tək önündə dağlar əriyəcək, təpələrdən gələn sellər tək yarğanlar açacaq». (1:4; həmçinin 7:17 ayəsinə baxın.)
8 Bu kitabı, «Eşidin» və «Dinləyin» çağırışları ilə başlayıb, töhmət, cəza haqqında xəbərdarlıq və xeyir-dua və’dləri daşıyan üç hissəyə bölmək olar.
BİZƏ FAYDASI
16 Mikeyanın peyğəmbərliyi təxminən 2700 il bundan əvvəl ‘təkzib üçün faydalı’ oldu, çünki Xizqiya padşah peyğəmbərin sözlərinə qulaq asıb xalqı tövbə və dəyişiklik etməyə sövq etdi. (Mik. 3:9-12; Yer. 26:18, 19; 2 Pad. 18:1-4 ayələri ilə müqayisə edin.) Allahdan ilham almış bu peyğəmbərlik kitabı bizim günlərdə daha əhəmiyyətlidir. Allaha xidmət etdiyini bəyan edənlər, Mikeyanın yalan dinlərə, bütpərəstliyə, yalançılığa və zorakarlığa qarşı aydın xəbərdarlıqlarına qulaq asın! (Mik. 1:2; 3:1; 6:1). 1 Korinflilərə 6:9-11 ayələrində həvari Pavel bu xəbərdarlıqları xatırladaraq, həqiqi məsihçilərin təmizləndiyini və belə işlərə qoşulanlardan heç kimin Allahın Padşahlığını miras almayacağını dedi. Mikeya 6:8 ayəsində sadə və aydın şəkildə deyilir ki, Yehova insanlardan adil olmağı, məhəbbət göstərməyi və Onun önündə həlim ürəklə yeriməyi tələb edir.
17 Mikeya ‘ev əhli insanın düşməni olan’ bir vaxtda xidmət edirdi. Həqiqi məsihçilər çox vaxt buna bənzər şəraitlərdə təbliğ edir, bə’ziləri isə öz ailələrində hətta xəyanət və sərt tə’qiblə üzləşirlər. Onlar həmişə təmkinlə Yehovanı, ‘xilas edən Allahlarını’ gözləməlidirlər (Mik. 7:6, 7; Mat. 10:21, 35-39). Tə’qiblərə mə’ruz qalanda və ya çətin tə’yinatda olanda cəsarətlə Yehovaya arxalananlar Onun müjdəsini daşıya bilmək üçün Mikeya kimi ‘qüvvətlə, Rəbbin Ruhu ilə qurşanacaqlar’. Mikeya belə cəsurluğun «Yaqub nəslinin sağ qalanları»nda xüsusilə aydın görünəcəyini qabaqcadan demişdi. Bu sağ qalanlar «çoxlu xalqların, millətlərin arasında... şir», bununla bərabər Yehovanın göndərdiyi şeh və leysan kimi olacaq. Bu keyfiyyətlər, üzvləri I əsr məsihçi yığıncağının bir hissəsini təşkil edən «İsrail (Yaqub) nəslinin sağ qalanları»nı əlbəttə ki, fərqləndirirdi (Mik. 3:8; 5:7, 8; Rom. 9:27; 11:5, 26).
18 İsanın Bet-Lexemdə doğulacağı haqqındakı Mikeyanın peyğəmbərliyinin yerinə yetməsi, bu kitabın ilhamlandırıldığını sübut etməklə yanaşı, İsa Məsihin rəhbərlik edəcəyi Allahın Padşahlığının gələcəyindən söz açan bu ayənin kontekstinə işıq salır. Bet-Lexemdə (Çörək evi) doğulmuş İsa, onun xilaskarlıq qurbanına iman gətirənlər üçün həyatverici bəxşiş oldu. O, ‘Rəbbin gücü ilə sürüsünü otarandır’ və əzəmətə nail olaraq bütün yer üzündə Allahın dirçəldilmiş və bir yerə toplanılmış xalqı arasında sülh bərqərar edəcəyini və’d edir (Mik. 5:2, 4; 2:12; Yəh. 6:33-40).
19 Mikeyanın kitabında «son günlərdə» «çox millətlər»in Yehovadan tə’lim almaq üçün gələcəkləri haqqında çox ruhlandırıcı peyğəmbərlik var. «Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi». Hamılıqla yalan dini rədd edərək onlar Mikeya kimi qətiyyətlə deyirlər: «Biz isə daim və əbədi Allahımız Rəbbin [«Yehovanın», YD] adı ilə gedirik». Mikeyanın peyğəmərliyi bu vacib hadisələri qabaqcadan təsvir etməklə həqiqətən də imanımızı möhkəmlədir. O həm də Yehovanı əbədi Hökmdar və Padşah kimi yüksəltdiyi üçün də çox diqqətəlayiqdir. Bu sözlər necə də fərəhlidir: «Mən Rəbb onlara Sion dağından indidən əbədilik hökm edəcəyəm»! (Mik. 4:1-7; 1 Tim. 1:17).
[Haşiyələr]
a «The New Westminster Dictionary of the Bible», 1970, s. 822.
b «Ancient Near Eastern Texts» Jeyms B. Pritçardın redaksiyası, 1974, s. 284.
c «Assyrian and Babylonian Chronicles» A. K. Qreysonun redaksiyası, 1975, s. 73.
d «Ancient Near Eastern Texts», 1974, s. 288; «Müqəddəs Yazıların dərk edilməsi», c. II, s. 894, 895, ing.