Bütün xalqlardan olan insanlar üçün xoş xəbər
«Dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (HƏVARİLƏRİN İŞLƏRİ 1:8).
1. Müqəddəs Kitab həqiqətinin müəllimləri kimi biz nəyə diqqət yetiririk və nəyə görə?
YAXŞI müəllim yalnız nə öyrətdiyinə deyil, həm də necə öyrətdiyinə diqqət yetirir. İnsanlara Müqəddəs Kitab həqiqətlərini öyrədərkən biz də eynilə davranırıq. Biz həm təbliğ etdiyimiz xəbərə, həm də təbliğ üsullarımıza diqqət yetiririk. Allahın Padşahlığı haqqındakı xoş xəbər dəyişməz olaraq qalır, ancaq biz xidmətdə istifadə etdiyimiz üsulları dəyişirik. Nə üçün? Həqiqəti mümkün qədər daha çox insanlara çatdırmaq üçün.
2. Xidmət üsullarımızı dəyişərək kimi təqlid edirik?
2 Xidmətdə istifadə etdiyimiz üsulları müxtəlif şəraitlərə uyğunlaşdıraraq, biz Allahın qədimdə yaşamış xidmətçilərini, məsələn, həvari Paveli təqlid edirik. O demişdir: «Yəhudilərlə yəhudi kimi davrandım... Qanunu olmayanları əldə etmək üçün onlarla Qanunu olmayan kimi davrandım... zəiflərlə zəif kimi davrandım. Hər kəs üçün hər şey oldum ki, hər necə olursa-olsun bə’zilərini xilas edim» (1 Korinflilərə 9:19-23). Pavelin müxtəlif şəraitlərə uyğunlaşdırılmış təbliğ üsulları yaxşı bəhrələr gətirirdi. Əgər insanlara qarşı diqqətli olsaq və onları maraqlandıran mövzular haqda danışsaq, bizim də xidmətimiz müvəffəqiyyətli olacaq.
‘Dünyanın bütün ucqar yerlərinədək’
3. a) Təbliğ işimizdə ən böyük çətinliklərdən biri hansıdır? b) Yeşaya 45:22 ayəsindəki sözlər bu gün necə həyata keçir?
3 Xoş xəbəri təbliğ etmək işində ən böyük çətinliklərdən biri — təbliğ sahəsinin miqyasıdır, çünki xoş xəbər ‘bütün dünyada təbliğ olunmalıdır’ (Matta 24:14). Son yüz il ərzində Yehovanın bir çox xidmətçiləri xoş xəbəri başqa ölkələrdə sə’ylə təbliğ etmişlər. Valehedici nəticələr əldə edilmişdir: xoş xəbər bütün dünyaya yayılmışdır. XX əsrin əvvəllərində Padşahlıq haqqındakı xəbər yalnız bir neçə ölkədə təbliğ olunurdu, indi isə Yehovanın Şahidləri 235 ölkədə və ərazidə fəal surətdə çalışırlar. Həqiqətən də, Padşahlıq haqqındakı xoş xəbər ‘dünyanın bütün ucqar yerlərinədək’ bəyan olunmaqdadır! (Yeşaya 45:22).
4, 5. a) Xoş xəbərin yayılmasında kimlər vacib rol oynayır? b) Bə’zi filiallar onların nəzdində olan ölkələrdə xidmət etmək üçün gələn bacı-qardaşlar haqqında nə yazır?
4 Bu cür müvəffəqiyyətə nəyin sayəsində nail olunmuşdur? Bu işdə, Gözətçi Qülləsinin Müqəddəs Kitab məktəbi Gileadda tə’lim alan missionerlərin və Xidməti Təkmilləşdirmə Məktəbinin 20 000-dən artıq mə’zununun böyük köməyi olub. Həqiqət, öz hesabına Padşahlığın təbliğçilərinin çatışmadığı ölkələrə köçən bir çox Şahidlərin köməyi sayəsində də yayılır. Bu cür fədakarlıq ruhu təzahür etdirən məsihçilər — kişilər və qadınlar, cavanlar və yaşlılar, ailəlilər və subaylar — xoş xəbərin bütün dünyada təbliğ olunmasında mühüm rol oynayırlar (Məzmur 110:3; Romalılara 10:18). Bu bacı-qardaşların köməyi çox qiymətlidir. Görün onların xidmət etdikləri ölkələrə cavabdeh olan filialların bə’ziləri onlar haqqında nə yazır.
5 «Bu əziz bacı və qardaşlarımız uzaq ərazilərdə təbliğ edərək yaxşı nümunə verirlər. Onlar yeni yığıncaqların yaranmasında və yerli Şahidlərin ruhən inkişaf etməsində öz köməklərini əsirgəmirlər» (Ekvador). «Yerli yığıncaqları möhkəmləndirən və dayaq olan yüzlərlə əcnəbi bacı-qardaşlarsız biz nə edərdik. Onlar bizim üçün xeyir-duadırlar!» (Dominikan Respublikası). «Yığıncaqlarımızın əksəriyyətində çoxlu bacılar var, hətta bə’zən yığıncaqların 70 faizini onlar təşkil edir (Məzmur 68:11). Onların çoxu həqiqətdə yenidirlər, lakin başqa ölkələrdən gəlmiş subay pioner bacılar yenilərin tə’limində böyük köməklik göstərirlər. Bu bacılar bizim üçün əsl hədiyyədirlər!» (Şərqi Avropa ölkələrindən biri). Bəs sən nə vaxtsa başqa ölkədə xidmət etmək barədə düşünmüsənmi?a (Həvarilərin işləri 16:9, 10).
«Müxtəlif dillərdə danışan millətlərdən olan on adam»
6. Zəkəriyyə 8:23 ayəsində xidmətdə qarşılaşdığımız dil ilə bağlı çətinliklər necə vurğulanır?
6 Başqa bir çətinliyi isə, insanların danışdıqları çoxsaylı dillər təşkil edir. Allahın Kəlamında qabaqcadan deyilmişdir: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək» (Zəkəriyyə 8:23). Bu peyğəmbərliyin müasir icrasında «on adam» Vəhy 7:9 ayəsində xatırlanan böyük izdihamı təmsil edir. Lakin diqqət yetirin ki, bu peyğəmbərliyə əsasən həmin «on adam» sadəcə bütün millətlərdən deyil, «müxtəlif dillərdə danışan millətlərdən» çıxacaq. Peyğəmbərliyin bu vacib hissəsinin icrasını indi görmək mümkündürmü? Sözsüz.
7. Statistika necə göstərir ki, xoş xəbər «müxtəlif dillərdə danışan millətlərdən» olan adamlara çatır?
7 Rəqəmlər bu haqda nə deyir? Ədəbiyyatımız əlli il bundan qabaq 90 dildə çap olunurdu, hal-hazırda isə bu say 400-ü keçmişdir. «Sadiq və ağıllı qul» var gücünü sərf edir ki, ədəbiyyatımız hətta nisbətən azsaylı dillərdə belə nəşr edilsin (Matta 24:45). Nümunə üçün, Müqəddəs Kitab ədəbiyyatı Qrenlandiya (47 000-ə yaxın insan danışır), palau (15 000 insan danışır) və Yap dillərində (7 000-dən az adam danışır) çıxır.
Yeni imkanlara açılan «geniş qapı»
8, 9. Nəyin sayəsində qarşımızda «geniş qapı» açılmışdır və minlərlə Şahidlər buna necə hay vermişlər?
8 Bu gün xoş xəbəri başqa dillərdə danışan insanlara çatdırmaq üçün xaricə getmək lazım gəlmir. Son illər ərzində mühacirlərin və qaçqınların axışması sayəsində, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə çoxsaylı diasporlar yaranmışdır. Məsələn, Parisdə yalnız fransız dilində deyil, həmçinin təxminən daha 100 dildə, Kanadanın Toronto şəhərində 125 dildə, Londonda isə 300-dən artıq dildə danışırlar! Bir çox yığıncaqların ərazisinə başqa ölkələrdən olan daha çox insanlar köçür, bu da bütün millətlərdən olan insanlarla xoş xəbəri bölüşmək üçün «geniş qapı» açır (1 Korinflilərə 16:9).
9 Minlərlə Şahidlər bu imkanı əldən verməməyə çalışaraq yeni dil öyrənirlər. Bir çoxları üçün bunu etmək asan deyil. Lakin onların sə’yi sayəsində mühacir və qaçqınların Allahın Kəlamından olan həqiqəti öyrənə bildikləri üçün, bu bacı-qardaşların əldə etdikləri sevinc hissi çətinliklərin öhdəsindən gəlməkdə onlara kömək edir. Bu yaxınlarda Qərbi Avropa ölkələrindən birində keçirilən vilayət konqresində vəftiz olunanların 40 faizini əcnəbilər təşkil etmişdir.
10. «Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasından xidmətdə necə istifadə edirsiniz? (26-cı səhifədəki «“Bütün xalqlardan olan insanlar üçün xoş xəbər” broşürasının səciyyəvi cəhətləri» adlı çərçivəyə baxın.)
10 Doğrudur, çoxlarımızın xarici dil öyrənmək imkanı yoxdur. Bununla belə, biz «Bütün xalqlardan olan insanlar üçün xoş xəbər»b broşürasından düzgün istifadə etməklə mühacirlərə kömək edə bilərik. Bu broşürada müxtəlif dillərdə yazılmış Müqəddəs Kitabdan sevindirici xəbər yerləşir (Yəhya 4:37). Siz xidmətdə bu broşüradan istifadə edirsinizmi?
İnsanlar e’tinasızlıq göstərdikdə
11. Yehovanın Şahidləri bə’zi yerlərdə daha hansı çətinliklə qarşılaşırlar?
11 Şeytanın tə’siri gücləndikcə, get-gedə daha bir çətinliklə — bə’zi yerlərdə insanların e’tinasızlığı ilə qarşılaşırıq. Əlbəttə, bu bizi təəccübləndirmir, çünki İsa bu haqda qabaqcadan xəbər vermişdir. O bizim zəmanə haqqında belə demişdir: «Bir çoxlarının sevgisi soyuyacaqdır» (Matta 24:12). Doğrudan da, insanların çoxunda Allaha iman və Onun Kəlamına hörmət soyumuşdur (2 Peter 3:3, 4). Nəticə e’tibarilə, dünyanın bə’zi yerlərində nisbətən az sayda insanlar Məsihin şagirdi olurlar. Lakin bu o demək deyil ki, belə ərazilərdə sədaqətlə xidmət edən bacı və qardaşlarımızın əməyi əbəsdir (İbranilərə 6:10). Nəyə görə? Növbəti nümunəni nəzərdən keçirək.
12. Təbliğ işimizin iki məqsədi nədən ibarətdir?
12 «Mattanın Müjdəsi»ndə təbliğ xidmətimizin iki vacib məqsədi qeyd olunur. Onlardan biri, ‘bütün xalqları şagird etməkdir’ (Matta 28:19). Digəri isə, Padşahlıq haqqındakı xəbərin «şəhadət olaraq» təbliğ olunmasıdır (Matta 24:14). Bu məqsədin hər ikisi vacibdir, lakin axırıncısı xüsusilə vacibdir. Nəyə görə?
13, 14. a) Məsihin iştirakını göstərən əlamətin səciyyəvi xüsusiyyəti nədir? b) İnsanların daha çox e’tinasızlıq göstərdikləri ərazilərdə təbliğ edərkən nəyi yadda saxlamalıyıq?
13 Matta, şagirdlərin İsadan: «Sənin gəlişinə və dövrün sonuna əlamət nə olacaq?» deyə soruşduqlarını yazır (Matta 24:3). İsa cavabında bildirdi ki, bu əlamətin nəzərə çarpan xüsusiyyətlərindən biri ümumdünya təbliğ işi olacaqdır. O, burada yeni şagirdlər hazırlamaqdanmı söz edirdi? Xeyr, İsa demişdir: «Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır» (Matta 24:14). Bununla İsa göstərdi ki, əlamətin səciyyəvi xüsusiyyəti Padşahlıq haqqındakı xəbərin təbliği olacaqdır.
14 Beləliklə, biz Padşahlıq haqqındakı xoş xəbəri təbliğ edərkən yadda saxlayırıq ki, şagirdlər hazırlamaq işində hər zaman uğurlu olmasaq da, «xalqların hamısına şəhadət olaraq» təbliğ etməkdə müvəffəqiyyət qazanırıq. İnsanların təbliğ etdiyimiz xəbərə necə münasibət göstərmələrindən asılı olmayaraq, onlar bizim nə ilə məşğul olduğumuzu bilirlər, deməli, biz Məsihin peyğəmbərliyini yerinə yetiririk (Yeşaya 52:7; Vəhy 14:6, 7). Qərbi Avropadan olan Jordi adlı gənc qardaşımız demişdir: «Çox xoşbəxtəm ki, Yehova mənə Matta 24:14 ayəsindəki peyğəmbərliyin yerinə yetirilməsində iştirak etməyə izn vermişdir» (2 Korinflilərə 2:15-17). Şübhəsiz, siz də eyni hissləri keçirirsiniz.
Düşmənlər maneçilik törədəndə
15. a) İsa öz davamçılarını nə barədə xəbərdar etmişdir? b) Qarşıdurmalara baxmayaraq, təbliğ etmək üçün bizə qüvvə verən nədir?
15 Müjdənin təbliğində başqa bir çətinliyə səbəb olan amil isə, xoşa gəlməyən şəraitlərdir. İsa öz davamçılarını xəbərdar edirdi: «Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər» (Matta 24:9). Erkən məsihçilər kimi, İsanın müasir davamçıları da nifrətlə, qarşıdurmalarla və tə’qiblərlə üzləşir (Həvarilərin işləri 5:17, 18, 40; 2 Timoteyə 3:12; Vəhy 12:12, 17). Bə’zi ölkələrdə hakimiyyət orqanları fəaliyyətimizi qadağan edirlər. Buna baxmayaraq, Məsihin həqiqi davamçıları Allaha tabe olaraq həmin yerlərdə Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etməyi dayandırmırlar (Amos 3:8; Həvarilərin işləri 5:29; 1 Peter 2:21). Həmin bacı-qardaşlar və digər Şahidlər haradan qüvvə əldə edirlər? Yehova onları Öz müqəddəs ruhu ilə möhkəmləndirir (Zəkəriyyə 4:6; Efeslilərə 3:16; 2 Timoteyə 4:17).
16. İsa necə qeyd etmişdir ki, Padşahlıq haqqındakı təbliğ işi Allahın ruhunun tə’siri olmadan mümkün deyil?
16 İsa qeyd etdi ki, Padşahlıq haqqındakı təbliğ işi müqəddəs ruhun tə’siri olmadan mümkün deyil: «Müqəddəs Ruh üzərinizə endikdən sonra ancaq qüdrət alacaqsınız. Və... dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həvarilərin işləri 1:8; Vəhy 22:17). Hadisələrin ardıcıllığına diqqət yetirin. Şagirdlər əvvəlcə müqəddəs ruh alır, sonra isə bütün yer üzündə təbliğ işinə başlayırlar. Onlar «xalqların hamısına şəhadət» etmək gücünü yalnız Allahın ruhunun köməkliyi ilə qazana bilərlər (Matta 24:13, 14; Yeşaya 61:1, 2). Buna görə də İsa müqəddəs ruhu «Yardımçı» adlandırmışdır (Yəhya 15:26, İ–93). O demişdir ki, Allahın müqəddəs ruhu onun şagirdlərini öyrədəcək və onlara yol göstərəcək (Yəhya 14:16, 26; 16:13).
17. Şiddətli tə’qiblərlə qarşılaşdığımız zaman müqəddəs ruh bizə necə kömək edir?
17 Bu gün təbliğ edərkən şiddətli tə’qiblərlə qarşılaşanda Allahın ruhu bizə necə kömək edir? O bizi möhkəmləndirir və düşmənlərimizə qarşı çıxır. Gəlin nümunə xüsusunda İsrailin birinci padşahı Şaulun həyatından bir hadisəni nəzərdən keçirək.
Allahın ruhu onlara qarşı çıxır
18. a) Şaulda pisliyə doğru hansı dəyişiklik baş verdi? b) Şaul Davuda olan nifrətini necə büruzə verirdi?
18 Başlanğıcda Şaul yaxşı padşah idi, lakin sonradan Yehovaya itaətsiz çıxdı (1 Şamuel 10:1, 24; 11:14, 15; 15:17-23). Nəticədə Allahın ruhu padşahı artıq dəstəkləmirdi. Şaul özündən sonra padşah olmaq üçün məsh edilən və Allahın ruhu tərəfindən dəstəklənən Davuda bərk nifrət etməyə başladı (1 Şamuel 16:1, 13, 14). Davud ona asan əldə edilən qənimət kimi görünürdü. Davudun əlində sadəcə lira olduğu halda, Şaul əlində nizə tuturdu. Buna görə də günlərin birində o, lira çalan zaman, «Şaul “qoy Davudu bu nizə ilə divara yapışdırım” deyərək nizəni atdı. Lakin Davud onun qabağından iki dəfə kənara çəkildi» (1 Şamuel 18:10, 11). Sonradan Şaul Davudun dostu olan öz oğlu Yonatanın sözünü dinləyib «var olan Rəbb haqqı, onu [Davudu] öldürməyəcəyəm” deyə and içdi». Ancaq sonra yenidən «Şaul Davudu nizə ilə divara yapışdırmağa çalışdı, lakin Davud Şaulun qabağından qaçdı, nizə divara yapışdı». Davud qaçdı, amma Şaul ondan əl çəkmədi. Belə bir çətin anda Allahın ruhu Şaula qarşı çıxdı. Necə? (1 Şamuel 19:6, 10).
19. Allahın ruhu Davudu necə müdafiə etdi?
19 Davud Şamuel peyğəmbərin yanına qaçdı, Şaul isə öz adamlarını onun dalınca göndərdi. Onlar Davudun gizləndiyi yerə gələndə «bu adamların da üstünə Allahın Ruhu endi və onlar da peyğəmbərlik etməyə başladılar». Allahın ruhu onlara elə tə’sir göstərmişdi ki, onlar nə üçün göndərildiklərini tamamilə unutmuşdular. Şaul iki dəfə də Davudun dalınca adamlar göndərdi, ancaq hər dəfə eyni şey baş verdi. Nəticədə Şaul padşahın özü Davudu axtarmağa yollandı, ancaq o da Allahın ruhuna qarşı dura bilmədi. Müqəddəs ruhun tə’siri altında Şaul «bütün o günü və gecəni» tərpənə bilmədi, belə ki, Davudun gizlənmək imkanı oldu (1 Şamuel 19:20-24).
20. Şaulun Davudu tə’qib etməsindən nə öyrənirik?
20 Şaul və Davud haqqındakı bu hadisədə bizi möhkəmləndirən ibrət dərsi var: Allahın xalqının tə’qibçiləri müqəddəs ruha qarşı dura bilməzlər (Məzmur 46:11; 125:2). Yehova Davudu İsrailin padşahı etmək niyyətində idi və heç kim Ona əngəl ola bilmədi. Bizim günlərimizdə Yehova müəyyən etmişdir ki, «Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə... təbliğ olunacaqdır». Və heç kim buna mane ola bilməz (Həvarilərin işləri 5:40, 42).
21. a) Həqiqətin müasir düşmənləri necə fəaliyyət göstərirlər? b) Biz nədə əminik?
21 Bə’zi dini və siyasi rəhbərlər bizə maneçilik törətmək üçün yalana və hətta zorakılığa belə əl atırlar. Lakin Yehova Davuda ruhani müdafiə verdiyi kimi, bu gün Öz xalqını da müdafiə edir (Malaki 3:6). Bu səbəbdən, Davud kimi, biz də əminliklə deyirik: «Allaha güvənirəm və qorxmuram; fani insan mənə nə edə bilər?» (Məzmur 56:11; 121:1-8; Romalılara 8:31). Gəlin, Allahın köməkliyi ilə bütün çətinliklərin öhdəsindən gələrək, Yehovanın Padşahlıq haqqındakı xoş xəbəri bütün xalqlardan olan insanlara təbliğ etmək tapşırığını bundan sonra da yerinə yetirək.
[Haşiyələr]
a 24-cü səhifədəki «Dərin məmnunluq hissi» adlı çərçivəyə baxın.
b Yehovanın Şahidləri tərəfindən nəşr olunmuşdur.
Xatırlaya bilərsinizmi?
• Nəyə görə təbliğ metodlarımızı insanların şəraitlərinə uyğunlaşdırırıq?
• Hansı yeni imkanlara «geniş qapı açılmışdır»?
• Təbliğimizə zəif maraq göstərilsə belə, hansı nəticələri əldə edirik?
• Nəyə görə düşmənlər Padşahlıq haqqındakı xoş xəbərin təbliğini dayandıra bilməzlər?
[24-cü səhifədəki çərçivə]
Dərin məmnunluq hissi
İspaniyadan Boliviyaya köçən bir ailə haqqında belə yazılmışdır: «Onlar Yehovaya birlikdə xidmət etdikləri üçün xoşbəxtlik və sevinc hissi duyurlar». Ailənin oğullarından biri oraya uzaq ərazidə yerləşən qrupla birlikdə təbliğ etmək üçün gəlmişdi. Onun sevinci valideynlərinə elə tə’sir bağışladı ki, 14 yaşından 25 yaşına qədər olan dörd oğul da daxil olmaqla, bütün ailə həmin ərazidə xidmət etmək istədilər. Oğullarının üçü hazırda pioner kimi xidmət edir, Boliviyaya birinci köçən oğul isə bu yaxınlarda Xidməti Təkmilləşdirmə Məktəbinə də’vət almışdır.
Kanadadan olan Anjelika Şərqi Avropaya köçmüşdür, onun 30 yaşı var. O deyir: «Çətinliklər çoxdur, amma mən xidmətdə insanlara kömək etməkdən sevinc duyuram. Kömək etməyə gəldiyim üçün tez-tez təşəkkürlərini bildirən yerli bacı-qardaşların minnətdarlıq sözləri mənim üçün böyük əhəmiyyət daşıyır.
Xidmət etmək üçün Birləşmiş Ştatlardan Dominikan Respublikasına köçən, təxminən 30 yaşlı iki doğma bacı isə belə deyir: «Çoxlu adət-ən’ənələrə alışmalı olduq. Ancaq təslim olmadıq və hal-hazırda Müqəddəs Kitabı öyrəndiyimiz adamların yeddisi görüşlərə gəlir». Bu bacılar yığıncaq olmayan şəhərlərdən birində Padşahlığın təbliğçilərindən ibarət qrup təşkil etməyə kömək etmişlər.
Laura bacımızın da 30-a yaxın yaşı var və o, artıq dörd ildir ki, xaricdə xidmət edir. Bacımız deyir: «Mən bilərəkdən sadə həyat tərzi sürməyə çalışıram. Bu, bacı və qardaşlara sadə həyat tərzinin yoxsulluq deyil, şəxsi seçim və dərrakəlik əlaməti olduğunu başa düşməyə kömək edir. Başqalarına, xüsusilə də gənclərə kömək etmək heç nə ilə müqayisəolunmaz sevinc bəxş edir və bu zaman başqa ölkədə xidmət etməyin gətirdiyi ən böyük çətinliklər belə arxa plana çəkilir. Mən buradakı xidmətimi başqa heç nəyə dəyişmərəm, Yehova izn verənə qədər bu xidmətdə qalacağam».
[26-cı səhifədəki çərçivə/şəkil]
«Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasının səciyyəvi cəhətləri
«Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasında Müqəddəs Kitab xəbəri 92 dildə qısaca olaraq təqdim edilir. Hər dilə bir səhifə ayrılıb. Mətn birinci şəxsin adından yazılıb. Buna görə, şahidlik etdiyimiz adam mətni oxuyanda onda elə təəssürat yaranır ki, siz şəxsən ona müraciət edirsiniz.
Broşüranın cildinin iç üzündə dünyanın xəritəsi var. Bu xəritənin köməyilə həmsöhbətinizlə dostluq münasibəti qura bilərsiniz. Necə? Siz ona öz yaşadığınız ölkəni göstərə və onun haradan gəldiyini göstərməsini xahiş edə bilərsiniz. Beləliklə siz onu ünsiyyətə təşviq edərək dostcasına və sərbəst bir mühit yaradacaqsınız.
Başa düşmədiyimiz bir dildə danışan adama kömək edə bilmək üçün, broşüranın müqəddiməsində atmalı olduğumuz bir neçə addım sadalanır. Zəhmət olmasa, müqəddiməni diqqətlə oxuyun və verilən məsləhətlərə dəqiq riayət edin.
Broşüranın mündəricatında yalnız dillər deyil, həmçinin onların şərti işarələri də göstərilir. Bu səciyyəvi cəhət, müxtəlif dillərdə olan nəşrlərimizdəki şərti işarələrin hansı dilə müvafiq olduğunu müəyyənləşdirməyə kömək edəcək.
[Şəkil]
Xidmətdə bu broşüradan istifadə edirsinizmi?
[25-ci səhifədəki şəkillər]
Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz 400-dən artıq dildə nəşr edilir.
QANA
LAPLANDİYA (İSVEÇ)
FİLİPPİN
[28 və 29-cu səhifələrdəki şəkillər]
Padşahlığın təbliğçilərinə böyük tələbat olan yerlərdə xidmət edə bilərsinizmi?
EKVADOR
DOMİNİKAN RESPUBLİKASI