İsanın sözləri bizə necə bəxtiyarlıq gətirə bilər?
«İsa... dağa çıxdı; və... şagirdləri Onun yanına gəldilər. Və O... onlara öyüd verdi» (MAT. 5:1, 2).
1, 2. a) İsa Dağüstü təbliğini hansı şəraitdə söyləmişdi? b) İsa öz nitqinə necə başladı?
ERAMIZIN 31-ci ilidir. İsa Qalileyada təbliğinə qısa ara verib, Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə yollanır (Yəh. 5:1). Qalileyaya qayıdanda Allahdan 12 həvarisini seçməkdə kömək diləyərək bütün gecəni dua edir. Növbəti gün o, xəstələri sağaldanda ətrafına çoxlu adamlar toplaşır. O, dağın yamacında əyləşib, şagirdlərini və orada toplaşanları öyrətməyə başlayır (Mat. 4:23–5:2; Luka 6:12-19).
2 İsa öz nitqinə — Dağüstü təbliğinə bəxtiyarlığın Allahla yaxın münasibətlərdən asılı olduğunu deməklə başlayır. (Matta 5:1-12 ayələrini oxu.) Bəxtiyarlıq həyatdan dərin məmnunluq duymaq və sevinc hissidir. İsa bəxtiyarlığın doqquz səbəbini müzakirə edərək məsihçilərin nə üçün xoşbəxt olduğunu göstərir; o vaxtdan təxminən 2 000 il keçsə də, bu sözlər öz dəyərini itirməyib. Gəlin onların hər birini nəzərdən keçirək.
«Ruhən yoxsullar»
3. Ruhani tələbatları dərk etmək nə deməkdir?
3 «Ruhən yoxsullar nə bəxtiyardırlar! Çünki Səmavi Səltənət onlarındır» (Mat. 5:3). «Ruhən yoxsullar», yəni ruhani tələbatlarını dərk edənlər Allahın rəhbərliyinə və mərhəmətinə möhtac olduqlarını dərk edənlərdir.
4, 5. a) Nəyə görə ruhani tələbatlarını dərk edənlər bəxtiyardırlar? b) Ruhani tələbatlarımızı necə ödəyə bilərik?
4 Ruhani tələbatlarını dərk edənlər bəxtiyardırlar, çünki «Səmavi Səltənət onlarındır». İsanı Məsih kimi qəbul etmək erkən şagirdlərin qarşısında onunla birgə Allahın səmavi Padşahlığında hökmranlıq etmək imkanı açmışdı (Luka 22:28-30). İstər Məsihin həmvarisləri olaq, istərsə də Padşahlığın rəhbərliyi altında yerüzü Cənnətdə yaşamaq ümidimiz olsun, yalnız ruhani tələbatlarımızı və tamamilə Allahdan asılı olduğumuzu həqiqətən dərk etdiyimiz zaman xoşbəxtliyə nail ola bilərik.
5 Lakin heç də hamı ruhani tələbatlarını dərk etmir, çünki onlarda iman yoxdur və onlar müqəddəs şeyləri qiymətləndirmirlər (2 Salon. 3:1, 2; İbr. 12:16). Ruhani tələbatlarımızı ödəmək üçün Müqəddəs Kitabı səylə öyrənmək, şagird hazırlamaq işində çalışqanlıqla iştirak etmək və müntəzəm şəkildə məsihçi görüşlərinə gəlmək son dərəcədə vacibdir (Mat. 28:19, 20; İbr. 10:23-25).
Yaslı olanlar «bəxtiyardırlar»
6. «Yaslı olanlar» kimlərdir və nəyə görə onlar «bəxtiyardırlar»?
6 «Yaslı olanlar nə bəxtiyardırlar! Çünki onlar təsəlli tapacaqlar» (Mat. 5:4). «Yaslı olanlar»a da ruhani tələbatlarını dərk edən insanlara xas olan xüsusiyyətlər xasdır. Onlar öz talelərindən şikayət etdikləri üçün yaslı deyillər. Əksinə, buna səbəb onların öz günahlı vəziyyətləri və bəşəriyyətin qeyri-kamilliyi ucbatından mövcud olan şəraitlərdə yaşamalarıdır. Bəs nəyə görə ‘yaslı olanlar bəxtiyar’ adlanır? Çünki onlar Allaha və Məsihə iman gətirir və Yehova ilə sıx münasibətdən təskinlik tapırlar (Yəh. 3:36).
7. Şeytan dünyasının təklif etdiyi şeylərə biz necə yanaşmalıyıq?
7 Şeytan dünyasında tüğyan edən qeyri-salehlik bizi kədərləndirirmi? Bu dünyanın təklif etdiyi şeylərə biz necə yanaşırıq? Həvari Yəhya yazmışdı: «Dünyada olan hər şey, yəni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil» (1 Yəh. 2:16). Bəs əgər «bu dünyanın ruhunu»n, yəni Allahdan uzaqlaşmış insan cəmiyyətində hökm sürən əhval-ruhiyyənin ruhaniliyimizi yavaş-yavaş yeyib bitirdiyini hiss ediriksə, nə etməliyik? Gəlin səylə dua edək, Allahın Kəlamını öyrənək və ağsaqqallardan yardım istəyək. Narahatçılığımıza nə səbəb olursa-olsun, Yehovaya yaxınlaşdıqca ‘təsəlli tapacağıq’ (1 Kor. 2:12; Məz. 119:52; Yaq. 5:14, 15).
«Həlimlər nə bəxtiyardırlar!»
8, 9. Həlim olmaq nə deməkdir və nəyə görə həlimlər bəxtiyar adlandırılır?
8 «Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar» (Mat. 5:5). «Həlimlik» zəif olmaq və ya riyakarcasına nəzakət göstərmək demək deyil (1 Tim. 6:11). Əgər biz həlimiksə, Yehovanın iradəsini yerinə yetirəcək və Onun rəhbərliyinə hay verəcəyik. Bu həm də özünü həmimanlılarımızla və başqa adamlarla davranışımızda da büruzə verəcək. Bu cür həlimlik təzahür etdirmək Pavelin verdiyi məsləhətə müvafiqdir. (Romalılara 12:17-19 ayələrini oxu.)
9 Nəyə görə həlimlər bəxtiyardır? Çünki həlim olan İsanın dediyi kimi, belə insanlar «yeri miras alacaqlar». İsa, bir Padşah kimi, Yer kürəsinin əsas Varisidir (Məz. 2:8; Mat. 11:29; İbr. 2:8, 9). Onun həlim ‘həmvarisləri’ də yeri miras alacaqlar (Rom. 8:16, 17). İsanın Padşahlığı altında, yer üzündə bir çox başqa həlim insanlar da əbədi yaşayacaq (Məz. 37:10, 11).
10. Əgər biz həlim deyiliksə, bu, xidmətdə alacağımız məsuliyyətlərimizə və başqaları ilə münasibətimizə necə təsir edəcək?
10 İsa kimi biz də həlim olmalıyıq. Tutalım, biz davakarlığa meylliyik. İnsanlara qarşı belə aqressiv və ədavətli münasibətimiz ucbatından onlar bizdən kənar gəzə bilərlər. Məsələn, əgər bir qardaş yığıncaqda məsuliyyətlərə can atırsa, bu xüsusiyyət onun təyinat almasına mane olacaq (1 Tim. 3:1, 3). Pavel Titusa Kritdəki məsihçilərə ‘qeyri-davakar, mülayim olub, bütün insanlara tam həlimlik göstərməyi’ daima xatırlatmağı tapşırdı (Tit. 3:1, 2). Belə həlimlik başqa insanlar üçün əsil xeyir-duadır!
Onlar ‘salehliyə can atırlar’
11-13. a) Salehliyə can atmaq və susamaq nə deməkdir? b) Salehliyə can atıb susayanlar necə «doyacaqlar»?
11 «Salehliyə can atıb susayanlar nə bəxtiyardırlar! Çünki onlar doyacaqlar» (Mat. 5:6). İsanın nəzərdə tutduğu salehlik Allahın iradəsinə və tələblərinə tabe olaraq düzgün olanı etmək deməkdir. Məzmurçu Yehovanın ‘hökmlərinin həsrətini çəkməkdən ürəyinin ağrıdığını’ deyir (Məz. 119:20). Bəs biz salehliyi nə dərəcədə qiymətləndiririk? Ona can atırıqmı?
12 İsa salehliyə can atanları və onun üçün susayanları bəxtiyar adlandırır, çünki onlar «doyacaqlar», yəni tələbatları tamamilə təmin olunacaq. Bu, eramızın 33-cü ilinin Pentikost günündən sonra mümkün oldu, çünki o vaxt Yehovanın müqəddəs ruhu ‘dünyanın salehlik barəsindəki səhvlərini ifşa etməyə’ başladı (Yəh. 16:8). Yehova müqəddəs ruhu vasitəsilə bəzi adamları ‘salehlik tərbiyəsi üçün faydalı’ olan Yunanca Müqəddəs Yazıları qələmə almağa ilhamlandırdı (2 Tim. 3:16). Bundan savayı, Allahın ruhu bizə Onun ‘bənzəyişinə görə həqiqi salehliklə yaradılmış yeni mənliyi geyməyə’ kömək edir (Efes. 4:24). Məgər tövbə edərək İsanın fidiyə qurbanlığı əsasında günahlarının bağışlanmasını diləyən insanların Allah qarşısında ‘bəraət almalarının’, yəni saleh elan olunmalarının mümkün olduğunu bilmək bizə təsəlli vermirmi? (Romalılara 3:23, 24 ayələrini oxu.)
13 Əgər yerüzü ümidinə malikiksə, salehliyə susuzluğumuz salehliyin hökm sürəcəyi yeni dünyada əbədi həyatı alanda tamamilə təmin olunacaq. Hələlik isə gəlin Yehovanın normalarına uyğun yaşamağa qəti qərarlı olaq. İsa demişdi: «Əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın» (Mat. 6:33). İsanın sözlərinə uyğun yaşasaq, Allaha xidmətdə işimiz çox olacaq və biz bundan xoşbəxtlik əldə edəcəyik (1 Kor. 15:58).
Nəyə görə «mərhəmətli olanlar» bəxtiyardırlar?
14, 15. Biz mərhəməti necə təzahür etdirə bilərik və «mərhəmətli olanlar» nəyə görə bəxtiyardırlar?
14 «Mərhəmətli olanlar nə bəxtiyardırlar! Çünki onlara mərhəmət ediləcəkdir» (Mat. 5:7). «Mərhəmətli olanlar» başqalarının halına acıyır və dərdlərinə şərik olurlar. İsa şəfqətdən irəli gələrək, bir çoxlarının iztirablarına möcüzəli şəkildə son qoymuşdur (Mat. 14:14). Yehova tövbə edənləri bağışladığı kimi, insanlar da onlara qarşı günah işlədənləri bağışlayanda mərhəmət göstərmiş olurlar (Çıx. 34:6, 7; Məz. 103:10). Biz mərhəməti həmçinin ehtiyacı olanların halını yüngülləşdirəcək mehriban sözlərimizlə və xeyirxah əməllərimizlə də təzahür etdirə bilərik. Mərhəmət göstərməyin ən yaxşı üsullarından biri başqaları ilə Müqəddəs Kitab həqiqətlərini bölüşməkdir. İsa şəfqətdən irəli gələrək, izdihama «çox şeylər öyrətməyə başladı» (Mark 6:34).
15 İsanın: «Mərhəmətli olanlar nə bəxtiyardırlar! Çünki onlara mərhəmət ediləcəkdir» sözləri ilə razılaşmaq üçün tutarlı səbəbimiz var. Əgər başqalarına qarşı mərhəmətli olsaq, ola bilsin, onlar da bizə qarşı mərhəmətli olacaqlar. Allah bizə hökm edən zaman başqalarına göstərdiyimiz mərhəməti yada sala və buna müvafiq olaraq bizə hökm çıxara bilər (Yaq. 2:13). Günahların bağışlanması və əbədi həyat yalnız mərhəmətli olanlar üçündür (Mat. 6:15).
Nəyə görə «ürəyi təmiz olanlar» bəxtiyardırlar?
16. «Ürəyi təmiz» olmaq nə deməkdir və bu xüsusiyyətə malik olanlar Allahı necə görürlər?
16 «Ürəyi təmiz olanlar nə bəxtiyardırlar! Çünki onlar Allahı görəcəklər» (Mat. 5:8). ‘Ürəyimizin təmizliyi’ bağlı olduğumuz şeylərdə, arzularımızda və motivlərimizdə özünü büruzə verəcək. Biz ‘pak ürəkdən gələn məhəbbəti’ təzahür etdirəcəyik (1 Tim. 1:5). Daxilən təmiz olsaq, biz ‘Allahı görəcəyik’. Bu o demək deyil ki, biz Allahı fiziki gözlərlə görəcəyik, axı Allahı «görən adam sağ qalmaz» (Çıx. 33:20). Lakin İsa Allahın keyfiyyətlərini mükəmməl surətdə əks etdirdiyi üçün deyə bilmişdi: «Məni görən, Atanı görmüş olur» (Yəh. 14:7-9). Yehovanın yer üzündəki xidmətçiləri kimi, Onun bizim üçün etdiyi işlərə diqqət yetirməklə ‘Allahı görə’ bilərik (Əyy. 42:5). Məsh olunmuş məsihçilər isə göylər həyatına dirildiləndə səmavi Atalarını tam mənada görürlər (1 Yəh. 3:2).
17. Ürəyimizin təmiz olması özünü necə büruzə verəcək?
17 Ürəyi təmiz olan insan mənəvi və əxlaqi cəhətdən pak olduğu üçün Yehovanın gözündə natəmiz olan şeylər haqda düşünmür (1 Saln. 28:9; Yeşaya 52:11). Əgər ürəyimiz təmizdirsə, sözlərimiz və əməllərimiz də təmiz olacaq və Allaha xidmətimizdə heç bir riyakarlıq olmayacaq.
‘Sülhpərvərlərə Allahın Oğulları deyiləcək’
18, 19. ‘Sülhpərvər’ insanlar necə davranırlar?
18 «Sülhpərvərlər nə bəxtiyardırlar! Çünki onlara Allahın oğulları deyiləcək» (Mat. 5:9). Sülhpərvər insanları davranışlarından tanımaq olar. Əgər biz İsanın nəzərdə tutduğu adamlar kimi davranırıqsa, deməli, biz sülhpərvərik və heç kimə ‘yamanlıq əvəzinə yamanlıq etmirik’. Əksinə olaraq, ‘həmişə hamıya yaxşılıq etməyə çalışırıq’ (1 Salon. 5:15).
19 Matta 5:9 ayəsində «sülhpərvərlər» kimi tərcümə olunan yunan sözünün hərfi mənası «sülh yaradanlar» deməkdir. Sülhpərvər insan olmaq üçün fəal surətdə sülh yaratmağa can atmalıyıq. Sülh yaradan insanlar ‘əziz dostları ayıracaq’ heç bir şey etmirlər (Sül. məs. 16:28). Sülhpərvər insanlar kimi, biz «hamı ilə bərabər sülh içində yaşamaq» üçün qətiyyətli addımlar atırıq (İbr. 12:14).
20. Bu gün kimlər «Allahın oğulları» adlanır və nəticədə daha kimlər Allahın övladları olacaq?
20 Sülhpərvər insanlara ‘Allahın oğulları deyiləcəyi’ üçün onlar bəxtiyardırlar. Sadiq məsh olunmuşlar Yehova tərəfindən oğulluğa götürülür və onlar «Allahın oğulları»dırlar. Onlar Allahın övladları olaraq artıq indidən Allahla yaxın münasibətlərə malikdirlər, çünki Məsihə iman gətirir və bütün ürəkdən «məhəbbət və sülh qaynağı olan Allah»a ibadət edirlər (2 Kor. 13:11; Yəh. 1:12). Bəs İsanın «başqa» sülhpərvər ‘qoyunları’ barədə nə demək olar? Minillik Hökmranlığı zamanı İsa onların «Əbədi Ata»sı olacaq, lakin minilliyin sonunda o özü Yehovaya tabe olacaq, onlar isə tam mənada Allahın oğulları olacaqlar (Yəh. 10:16; Yeşaya 9:6; Rom. 8:21; 1 Kor. 15:27, 28).
21. Əgər biz «ruha görə yaşayırıq»sa, necə davranacağıq?
21 Əgər biz «ruha görə yaşayırıq»sa, sülhpərvərlik başqalarının nəzərinə çarpan keyfiyyətlərimizdən biri olacaq. Biz ‘bir-birimizi hirsləndirməyəcəyik’ (Qalat. 5:22-26). Əksinə, ‘bütün adamlarla sülhdə olmağa’ çalışacağıq (Rom. 12:18).
Təqib edilənlər nə bəxtiyardırlar!
22-24. a) Salehlik uğrunda təqib edilənlərin bəxtiyar olmaları üçün hansı səbəblər var? b) Növbəti iki məqalədə nə müzakirə olunacaq?
22 «Salehlik uğrunda təqib edilənlər nə bəxtiyardırlar! Çünki Səmavi Səltənət onlarındır» (Mat. 5:10). İsa xoşbəxtliyin 9-cu səbəbini dedikdən sonra əlavə edir: «Mənə görə insanlar sizi təhqir və təqib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür; çünki sizdən qabaq peyğəmbərləri də belə təqib etmişlər» (Mat. 5:11, 12).
23 Qədim zamanlarda yaşayan peyğəmbərlər kimi, məsihçilər də «salehlik uğrunda» təhqir, təqib olunacaqlarını və onlara qarşı yalan söyləyib böhtan atacaqlarını bilirlər. Lakin bu kimi imtahanlara sədaqətlə tab gətirərək Yehovanı razı salmağımız və Ona izzət gətirməyimiz bizə məmnunluq bəxş edir (1 Pet. 2:19-21). Çəkdiyimiz iztirablar Yehovaya xidmətdən duyduğumuz sevinci nə indi, nə də gələcəkdə zəiflədə bilər. Həmçinin bu iztirablar bizim Məsihlə bərabər göylərdə padşahlıq etmək və ya onun hakimiyyətinin təbəələrindən biri kimi yer üzündə əbədi həyatı almaq sevincimizi əskildə bilməz. Belə xeyir-dualar Allahın lütfkar, xeyirxah və səxavətli olmasının sübutudur.
24 Biz Dağüstü təbliğdən çox şey öyrənə bilərik. Növbəti iki məqalədə bəzi başqa fikirlər müzakirə olunacaq. Gəlin görək, İsa Məsihin həmin göstərişlərini necə tətbiq edə bilərik.
Necə cavab verərdiniz?
• Nəyə görə ruhani tələbatlarını dərk edənlər bəxtiyardırlar?
• Nəyə görə «həlimlər» bəxtiyar adlanırlar?
• Məsihçilər təqib olunsalar da, nəyə görə bəxtiyardırlar?
• İsanın bəxtiyar olmağa dair sadaladığı səbəblərdən hansı sənə daha böyük təəssürat bağışladı?
[7-ci səhifədəki şəkil]
İsanın bəxtiyar olmağa dair sadaladığı səbəblər indi də öz dəyərini itirməyib
[8-ci səhifədəki şəkil]
Mərhəmət göstərməyin ən yaxşı üsullarından biri həqiqəti başqaları ilə bölüşməkdir