Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Həm sadiq, həm də ağıllı “qul”
    Gözətçi qülləsi 2004 | 1 may
    • Həm sadiq, həm də ağıllı “qul”

      “Ağasının öz ev xalqı üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir?” (MATTA 24:45, İ–93).

      1, 2. Bizim bu gün müntəzəm olaraq ruhani qida almağımız nəyə görə belə vacibdir?

      ERAMIZIN 33-cü ilində nisan ayının 11-də, çərşənbə axşamı, şagirdləri İsaya, bu gün bizim üçün böyük əhəmiyyət kəsb edən bir sual verdilər. Onlar soruşdular: “Sənin gəlişinə və dövrün sonuna əlamət nə olacaq?” Cavab verərək, İsa təəccüblü peyğəmbərlik söylədi. O, müharibələrlə, aclıqla, zəlzələlər və xəstəliklərlə müşayiət olunan narahat dövr barəsində danışdı. Bütün bunlar isə yalnız “ağrıların başlanğıcıdır”. Vəziyyət getdikcə daha da pisləşəcək. Necə də qorxulu mənzərədir! (Matta 24:3, 7, 8, 15-22; Luka 21:10, 11).

      2 1914-cü ildən başlayaraq, İsanın peyğəmbərliyinin çox hissəsi yerinə yetib. Bəşəriyyət həqiqətən də qorxulu “ağrılara” mə’ruz qalıb. Lakin Məsihin həqiqi davamçıları qorxmalı deyillər. İsa və’d etdi ki, onları bəsləyici ruhani qida ilə tə’min edəcəkdir. Bəs İsa göydə ola-ola, bizim burada, yer üzündə ruhani qida almağımızın qayğısına necə qala bilər?

      3. “Vaxtlı-vaxtında” qida almağımız üçün İsa nə etmişdir?

      3 Bu sualın cavabını İsanın özünün dediyi sözlərdən alırıq. Özünün böyük peyğəmbərliyini söyləyərək, o soruşdu: “Vaxtlı-vaxtında onlara çörək vermək üçün, ağasının öz ev xalqı üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir?” Sonra dedi: “O qul nə bəxtiyardır ki, ağası gəldiyi zaman, onu bu cür iş görməkdə tapacaqdır. Doğrusun sizə deyirəm: Ağası bütün malikanəsi üzərinə onu qoyacaqdır” (Matta 24:45-47, İ–93). Beləliklə, ruhani qidanı paylamaq üçün tə’yin olunan “qul” həm sadiq, həm də ağıllı olmalıdır. Bu qul bir nəfərdən, bir sıra şəxslərdən, yoxsa daha başqa bir kimdənsə ibarətdir? Sadiq qul bu qədər zəruri ruhani qidanı təqdim etdiyi üçün, bu suala cavab tapmağımız faydalı olardı.

      Bir nəfər, yoxsa qrup?

      4. Haradan bilirik ki, “sadiq və ağıllı qul” bir nəfər ola bilməz?

      4 “Sadiq və ağıllı qul” bir nəfər ola bilməz. Nəyə görə? Çünki bu qul ruhani qidanı eramızın I əsrində paylamağa başlamışdır və İsanın qabaqcadan dediyinə görə o, bu işlə Ağa 1914-cü ildə gələndə də məşğul olmalı idi. Bu, bir adamın təxminən 1 900 il ərzində sədaqətlə xidmət etməsi demək olardı. Bu qədər heç Metuşelah da yaşamamışdır! (Təkvin 5:27).

      5. “Sadiq və ağıllı qul” ifadəsinin nəyə görə ayrılıqda hər bir məsihçiyə aid olmadığını izah edin.

      5 Belə isə, bəlkə “sadiq və ağıllı qul” ifadəsi ümumi mə’nada hər bir məsihçiyə tətbiq olunur? Doğrudur, hər bir məsihçi sadiq və ağıllı olmalıdır; lakin aydındır ki, İsa “sadiq və ağıllı qul” haqqında danışarkən, nə isə daha böyük şeyi nəzərdə tuturdu. Biz bunu haradan bilirik? İsa dedi ki, qulun ağası gələndə “bütün malikanəsi üzərinə onu qoyacaqdır”. Hər bir məsihçi Rəbbin “bütün” malikanəsi üzərinə necə qoyula bilər? Bu qeyri-mümkündür!

      6. İsrail xalqı hansı tərzdə Allahın “xidmətçisi”, yə’ni “qulu” kimi fəaliyyət göstərməli idi?

      6 Yeganə məntiqi nəticə budur ki, “sadiq və ağıllı qul” haqqında danışarkən, İsa məsihçilər qrupunu nəzərdə tuturdu. Belə bir şey ola bilərmi? Əlbəttə. Məsihdən yeddi yüz il əvvəl Yehova bütün İsrail xalqını “şahidlərim” və “seçdiyim qulum [“xidmətçim”, YD]” adlandırmışdır (İşaya 43:10). Eramızdan əvvəl 1513-cü ildə Musanın qanunu verilən vaxtdan eramızın 33-cü ilinin Pentikost gününə kimi hər bir israilli bu xidmətçinin bir hissəsi olmuşdur. İsraillilərin əksəriyyəti dövlət işlərini idarə etməkdə və ya ruhani qida proqramının həyata keçirilməsində birbaşa iştirak etmirdilər. Yehova bu tapşırıqları padşahlara, hakimlərə, peyğəmbərlərə, kahinlərə və levililərə tapşırmışdır. Buna baxmayaraq, bir xalq kimi bütün İsraildən gözlənilirdi ki, o, Yehovanın hökmranlığının nümayəndəsi olacaq və xalqlar arasında Onun izzətini bəyan edəcək. Hər bir israilli Yehovanın şahidi olmalı idi (Təsniyə 26:19; İşaya 43:21; Malaki 2:7; Romalılara 3:1, 2).

      “Xidmətçi” rədd edilir

      7. Qədim İsrail xalqı Allahın “xidmətçisi” olmaq hüququndan nəyə görə məhrum edildi?

      7 İsrail yüzilliklər ərzində Allahın “xidmətçisi” olduğu üçün, o həm də İsanın haqqında bəhs etdiyi qul idimi? Xeyr, çünki qədim İsrail, əfsuslar olsun ki, nə sadiq, nə də ağıllı oldu. Pavel bu vəziyyəti, Yehovanın İsrailə müraciət etdiyi sözləri sitat gətirərək təsvir edir: “Sizin üzünüzdən digər xalqlar arasında Allahın adına küfr edilir” (Romalılara 2:24). İsraillilər uzun əsrlər boyu üsyançı ruhunu təzahür etdirdilər və sonda hətta İsanı belə inkar etdilər. Onda Yehova da onları rədd etdi (Matta 21:42, 43).

      8. Nə zaman və hansı şəraitlərdə İsrailin əvəzinə başqa “xidmətçi” tə’yin edildi?

      8 “Xidmətçi” olan İsrail tərəfindən əks olunan bu e’tibarsızlıq o demək deyildi ki, Allaha sadiq olan insanlar ruhani qidadan həmişəlik mərhum olacaqlar. Eramızın 33-cü ilinin Pentikost günündə, İsanın dirilməsindən 50 gün sonra, Yerusəlimdə olan evlərdən birinin yuxarı gözündə toplaşan təxminən 120 şagirdin üzərinə müqəddəs ruh töküldü. Həmin an yeni bir xalq doğuldu. Bu xalqın doğulması barədə, onun nümayəndələri Yerusəlimin sakinlərinə “Allahın möhtəşəm işləri barədə” cəsarətlə danışmağa başlayanda mə’lum oldu (Həvarilərin işləri 2:11). Beləliklə yeni, ruhani xalq, Yehovanın izzətini xalqlara bəyan edəcək və münasib vaxtda ruhani qida verəcək “xidmətçi” oldu (1 Peter 2:9). Bir qədər sonradan bu xalq münasib olaraq “Allahın İsraili” adını aldı (Qalatiyalılara 6:16).

      9. a) “Sadiq və ağıllı qul” kimlərdən ibarətdir? b) “Ev xalqı” kimlərdir?

      9 “Allahın İsraili”nin hər bir üzvü Allaha həsr olunmuş, vəftiz edilmiş, müqəddəs ruhla məsh edilmiş məsihçidir və səmavi ümidə malikdir. Bu səbəbdən, eramızdan əvvəl 1513⁠-cü ildən eramızın 33-cü ilinə qədərki müddət ərzində yaşayan hər bir israilli Məsihə qədərki “xidmətçinin” bir hissəsinə daxil olduğu kimi, “sadiq və ağıllı qul” ifadəsi də eramızın 33-cü ilindən başlayaraq müxtəlif dövrlərdə, o cümlədən bizim günlərə qədər yaşayan, ruhla məsh edilmiş ruhani xalqın hər bir üzvünə aiddir. Bəs quldan ruhani qidanı qəbul edən “ev xalqı” kimdir? Onlar, eramızın I əsrində səmavi ümidi olan hər bir məsihçi idi. Deməli, ev xalqı həmin məsh edilmiş məsihçilər — qrup halında yox, ayrı-ayrılıqda götürülmüş insanlar idilər. Hər bir kəs, o cümlədən yığıncaqda məs’ul vəzifəsi olanlar da, qulun verdiyi ruhani qidaya ehtiyac duyurdular (2 Peter 3:15, 16; 1 Korinflilərə 12:12, 19-27; İbranilərə 5:11-13).

      “Hərəyə bir iş”

      10, 11. Qul sinfinin bütün üzvlərinin eyni tapşırığı yerinə yetirmədiklərini haradan bilirik?

      10 Sadiq və ağıllı qul kimi “Allahın İsraili”nin müəyyən tapşırığı olsa da, məsh edilmişlərin hər biri şəxsən məs’uliyyət daşıyır. Bu fikir İsanın Mark 13:34 ayəsindəki sözlərindən mə’lum olur. O demişdir: “Bu, evini atıb qürbətə gedərkən qullarına səlahiyyət verən bir adam kimidir. Hərəyə bir iş tapşırdı, qapıçıya da əmr etdi ki, oyaq dursun”. Beləliklə, qul sinfinin hər bir üzvü ayrılıqda Məsihin yerdəki malikanəsini artırmaq tapşırığı alır. Qul sinfinin hər bir üzvü bu tapşırığı bacarığı və imkanı daxilində yerinə yetirir (Matta 25:14, 15).

      11 Bundan əlavə, həvari Peter müasirləri olan məsh edilmişlərə deyirdi: “Hər kəs, Allahın çoxcəhətli lütfünün yaxşı təsərrüfatçısı kimi, aldığı ən’am ilə bir-birinə xidmət etsin” (1 Peter 4:10). Deməli, məsh edilmişlər, Allahın onlara verdiyi ən’amlardan istifadə edərək, bir-birinə xidmət etmək məs’uliyyəti daşıyırlar. Həm də Peterin sözləri göstərir ki, bütün məsihçilərin qabiliyyətləri, məs’uliyyətləri və tapşırıqları eyni deyil. Lakin hər bir məsh edilmiş, ruhani xalqın artmasına bu və ya digər tərzdə kömək edə bilər. Necə?

      12. Kişi və ya qadın olmalarından asılı olmayaraq, qul sinfinin hər bir üzvü ruhani xalqın böyüməsinə necə kömək edirdi?

      12 Birincisi, hər bir kəs Yehovanın Şahidi olmaq və Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etmək məs’uliyyəti daşıyırdı (İşaya 43:10-12; Matta 24:14). Göyə qalxmazdan bir az əvvəl İsa bütün sadiq şagirdlərinə — həm kişilərə, həm də qadınlara — insanları öyrətmək tapşırığı verdi. O dedi: “Gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin; və budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm” (Matta 28:19, 20).

      13. Bütün məsh edilmişlərə hansı iş e’tibar edilmişdir?

      13 Onlar yeni şagirdləri tapanda, Məsihin öz şagirdlərinə tapşırdığı hər şeyə riayət etməyi onlara sə’ylə öyrədirdilər. Tə’limə hay verənlər vaxt keçdikcə başqalarını öyrətməyə yararlı olurdular. Bəsləyici ruhani qida bir çox xalqlardan olacaq gələcək məsh edilmişlərə təqdim edilirdi. Məsh edilmiş bütün məsihçilər — həm kişilər, həm də qadınlar — şagirdlərin hazırlanmasında iştirak edirdilər (Həvarilərin işləri 2:17, 18). Birinci əsrdə başlayan bu iş, qulun fəaliyyətə başladığı dövrdən indiki pis sistem sona çatana qədər davam etməli idi.

      14. Yığıncaqda öyrətmək kimlərə həvalə edilib və sadiq məsh edilmiş məsihçi qadınlar buna necə münasibət göstərirlər?

      14 Yeni vəftiz olunmuş məsh edilmişlər qul sinfinin bir hissəsini təşkil edir və ilk dəfə kim tərəfindən öyrədilmələrinə baxmayaraq, yığıncağın Müqəddəs Kitabın ağsaqqallar üçün olan tələblərinə riayət edən üzvləri tərəfindən tə’lim almağa davam edirdilər (1 Timoteyə 3:1-7; Titusa 1:6-9). Bu üsulla, məsh edilmiş bu kişilər ruhani xalqın artımına xüsusi kömək göstərə bilərdilər. Sadiq məsh edilmiş məsihçi qadınlar, yığıncaqda öyrətmək tapşırığı ancaq kişilərə verildiyi üçün incimirdilər (1 Korinflilərə 14:34, 35). Əksinə, onlar kişilərin ağır əməyini qiymətləndirir və Allahın xoş xəbəri başqalarına çatdırmaq işini e’tibar edərək onlardan — qadınlardan istifadə etdiyinə çox minnətdar idilər. Çalışqan məsh edilmiş bu bacılar, məsh edilib-edilməmələrindən asılı olmayaraq, tə’yin edilmiş ağsaqqallara qarşı bu gün də eyni cür həlimlik göstərirlər.

      15. Birinci əsrdə ruhani qidanın əsas mənbələrindən biri kimi nəyi istifadə edirdilər və bu qidanı paylamaqda məs’uliyyəti üzərinə kimlər götürürdü?

      15 I əsrdə əsas ruhani qida birbaşa həvarilərin və üzərinə rəhbərlik götürən başqa şagirdlərin məktubları vasitəsilə çatdırılırdı. Bu məktublar — xüsusilə də Yunanca Müqəddəs Yazıları təşkil edən, ilhamlanmış 27 kitaba daxil olanlar — yığıncaqdan yığıncağa ötürülür və şübhəsiz ki, yerli ağsaqqalların verdiyi tə’lim üçün əsas kimi xidmət edirdi. Bu üsulla qulun nümayəndələri qiymətli ruhani qidanı Məsihin həqiqi davamçılarına sədaqətlə paylayırdılar. Birinci əsrin qul sinfi aldığı tapşırığa sadiq idi.

      “Qul” 19 əsr sonra

      16, 17. “Qul” 1914-cü ildən əvvəlki dövr ərzində öz tapşırığını yerinə yetirərək sadiqliyini necə göstərdi?

      16 Bizim günlər haqqında nə demək olar? 1914-cü ildə İsanın iştirakı dövrü başlananda, o, vaxtlı-vaxtında qidanı sədaqətlə paylayan məsh edilmiş məsihçilərdən ibarət qrup tapdımı? Şübhəsiz ki, tapdı. Bu qrupu gözəl bəhrələrindən asanlıqla tanımaq olardı (Matta 7:20). Sonrakı hadisələr göstərdi ki, bu, həqiqətən də sadiq qul idi.

      17 İsanın gəlişi zamanı, Müqəddəs Kitab həqiqətlərini fəal surətdə 5 000-ə yaxın “ev xalqı” paylayırdı. İşçilər az idi, buna baxmayaraq, xoş xəbəri yaymaq üçün “qul” ən qabaqcıl üsullardan istifadə edirdi (Matta 9:38). Məsələn, təxminən 2 000 qəzetdə Müqəddəs Kitab mövzularında məqalələr dərc olunurdu. Bunun sayəsində, Allahın Kəlamından olan həqiqət eyni zamanda on minlərlə oxuculara gedib çatırdı. Bundan əlavə, rəngli slaydlardan və kinokadrlardan ibarət olan səkkiz saatlıq proqram da hazırlanmışdır. Bu yeniliyin sayəsində, yerin yaradılmasından başlayaraq Məsihin minillik hökmranlığının sonuna qədər olan dövrü əhatə edən Müqəddəs Kitab xəbəri üç qit’ədə doqquz milyonluq auditoriyaya çatdırılmışdır. Həmçinin çap edilmiş nəşrlər də istifadə olunurdu. Məsələn, 1914-cü ildə, “Gözətçi Qülləsi” jurnalı təxminən 50 000 nüsxədə dərc olunurdu.

      18. İsa qulu bütün malikanəsi üzərinə nə vaxt tə’yin etdi və nəyə görə?

      18 Beləliklə, Ağa qayıdanda sadiq qul ev xalqına qidanı vicdanla paylayır, həm də xoş xəbəri təbliğ edirdi. İndi qulu daha məs’ul tapşırıqlar gözləyirdi. İsa demişdir: “Doğrusun sizə deyirəm: Ağası bütün malikanəsi üzərinə onu qoyacaqdır” (Matta 24:47, İ–93). İsa bunu 1919-cu ildə, qul sınağa tab gətirdikdən sonra etdi. Bəs “sadiq və ağıllı qul” nəyə görə daha məs’ul tapşırıq aldı? Ona görə ki, Ağa daha böyük “malikanəyə” sahib olmuşdur. 1914-cü ildə İsaya padşahlıq hakimiyyəti verilmişdi.

      19. “Böyük izdihamın” ruhani tələbatlarının necə tə’min edildiyini izah edin.

      19 Taxta yüksəldilmiş Ağanın sadiq qulu üzərinə tə’yin etdiyi “malikanə” nədir? Ağanın yer üzündə olan bütün ruhani mülkiyyəti. Məsələn, 1914-cü ildə Məsih taxta oturduqdan 20 il sonra “başqa qoyunlardan” ibarət olan “böyük izdihamın” kim olduğu aydın odlu (Yəhya 10:16; Vəhy 7:9). Bunlar “Allahın İsraili”nin məsh edilmiş üzvləri yox, Yehovanı sevən və məsh edilmiş məsihçilərin etdikləri kimi, Ona xidmət etmək istəyən və yer üzündə yaşamaq ümidinə malik olan səmimi qəlbli kişi və qadınlar idilər. Faktiki olaraq onlar “sadiq və ağıllı qula” deyirdilər: “Sizinlə gedirik, çünki Allahın sizinlə bərabər olduğunu eşitdik” (Zəkarya 8:23). Yeni vəftiz edilmiş bu məsihçilər də məsh edilmiş “ev xalqının” qidalandığı bəsləyici ruhani qida ilə qidalanmağa başladılar və həmin vaxtdan e’tibarən hər iki qrup eyni ruhani süfrə arxasında qidalanır. Bu, “böyük izdiham” üçün necə də böyük xeyir-dua oldu!

      20. Ağanın malikanəsinin artmasında “böyük izdiham” hansı rolu oynamışdır?

      20 “Böyük izdihamın” üzvləri xoş xəbəri təbliğ etməkdə məsh edilmiş qul sinfinə həvəslə qoşuldular. Onların əməyi sayəsində Ağanın malikanəsi artdı, bununla yanaşı “sadiq və ağıllı qulun” məs’uliyyət sahəsi də genişləndi. Həqiqəti axtaran insanların artan sayını Müqəddəs Kitab nəşrləri ilə tə’min etmək üçün çapxanaları genişləndirmək lazım gəlirdi. Bir çox ölkələrdə Yehovanın Şahidlərinin filialları tikilirdi. Missionerlər hətta “dünyanın ən uzaq yerlərinə” göndərilirdilər (Həvarilərin işləri 1:8). 1914-cü ildə Allaha təxminən beş min məsh edilmiş izzət verirdi; bu gün isə Allaha, əksəriyyəti “böyük izdihamın” üzvləri olan altı milyondan çox insan həmd edir. Həqiqətən də, 1914-cü ildə taxta oturduğu vaxtdan e’tibarən Padşahın malikanəsi olduqca çox artmışdır!

      21. Gələn dəfə hansı iki məsəli nəzərdən keçirəcəyik?

      21 Bütün bunlar göstərir ki, qul həm sadiq, həm də ağıllı olmuşdur. “Sadiq və ağıllı qul” haqqında danışdıqdan tez sonra, İsa iki məsəlin — ağıllı və ağılsız qızlar və talantlar haqqındakı məsəlin köməyi ilə qul sinfinin iki fərqləndirici keyfiyyətinə diqqət yetirdi (Matta 25:1-30). Maraqlıdır, bu məsəllər bu gün bizim üçün hansı əhəmiyyəti kəsb edir? Bu sualı növbəti məqalədə müzakirə edəcəyik.

  • “Sadiq və ağıllı qul” sınağa tab gətirir!
    Gözətçi qülləsi 2004 | 1 may
    • “Sadiq və ağıllı qul” sınağa tab gətirir!

      “Məhkəmənin Allahın ev əhlindən başlanmasının vaxtıdır” (1 PETER 4:17).

      1. İsa “qulu” yoxlayarkən hansı vəziyyəti gördü?

      ERAMIZIN 33-cü ilinin Pentikost günü İsa “ev xalqına” vaxtlı-vaxtında qida vermək üçün “qulu” tə’yin etdi. İsa 1914-cü ildə Padşah kimi taxta yüksəldildi və qısa bir vaxtdan sonra həmin “qulu” yoxlamaq vaxtı gəldi. Bu sınaq zamanı İsa “qulun” böyük bir hissəsinin “sadiq və ağıllı” olduğunu gördü. Bu səbəbdən onu “bütün malikanəsi üzərinə” tə’yin etdi (Matta 24:45-47, İ–93). Lakin həm sadiq, həm də ağıllı olmayan pis qul da vardı.

      “Pis qul”

      2, 3. “Pis qul” kimlərin arasından çıxdı və necə inkişaf etdi?

      2 İsa “sadiq və ağıllı qul” haqqında danışdıqdan dərhal sonra pis qulu xatırlatdı. O dedi: “Fəqət, əgər o, pis qul olaraq ürəyində deyərsə ki, “Ağam gec gələcək” — və öz yoldaşlarını döyməyə və sərxoşlarla yeyib içməyə başlarsa,— o qulun ağası, onun gözləmədiyi bir gündə və bilmədiyi bir saatda gələcək, və onu iki yerə böləcək və ikiüzlülərlə eyni aqibətə uğradacaq: orada ağlaşma və diş qıcırtısı olacaq” (Matta 24:48-51, İ–93). “Pis qul” ifadəsi diqqətimizi İsanın sadiq və ağıllı qul haqqında söylədiyi əvvəlki sözlərə yönəldir. Bəli, bu “pis qul” sadiq qulun üzvlərinin arasından çıxmışdıa. Bu necə baş verdi?

      3 Sadiq qulun üzvlərinin bir çoxu 1914-cü ildə göydə Adaxlı ilə görüşəcəklərinə güclü ümid bəsləyirdilər, lakin onların ümidləri baş tutmadı. Bu və digər hadisələrin nəticəsində bir çoxları ümidlərini itirdilər, bə’ziləri isə hətta qəddarlaşdılar. Bu cür şəxslərdən bə’ziləri öz keçmiş qardaşlarını sözlərlə “döyməyə” və Xristian dünyasının dini qruplarını təmsil edən “sərxoşlarla” əlbir olmağa başladılar (İşaya 28:1-3; 32:6).

      4. İsa “pis qul” ilə və onun ruhunu əks etdirən hər bir kəslə necə davrandı?

      4 Bu keçmiş məsihçilər özlərini “pis qul” kimi qələmə verdilər, İsa da onları ‘şiddətlə cəzalandırdı’. Necə? İsa onları rədd etdi və onlar səmavi ümidlərini itirdilər. Lakin onlar dərhal məhv edilmədilər. İlk əvvəl onlar məsihçi yığıncağından “çöl qaranlığına” atıldılar və onlar üçün, məcazi mə’nada desək, ağlaşma və diş qıcırtması başlandı (Matta 8:12). Həmin vaxtdan e’tibarən bə’zi məsh edilmişlər pis ruh əks etdirərək özlərini “pis qula” oxşatmağa başladılar. Onların sədaqətsizliyini “başqa qoyunlar”ın bə’ziləri də təqlid etdilər (Yəhya 10:16). Məsihin bu kimi düşmənlərinin hamısının aqibəti birdir: onlar ruhani mə’nada “çöl qaranlığına” atılırlar.

      5. “Pis qulun” əksinə olaraq sadiq və ağıllı qul necə davrandı?

      5 Axı sadiq və ağıllı qul da həmin “pis qul” kimi eyni sınaqlara mə’ruz qalmışdı. Lakin onlar qəddarlaşmaq əvəzinə, yollarını düzəltdilər (2 Korinflilərə 13:11). Onların Yehovaya və qardaşlarına olan məhəbbətləri möhkəmləndi. Bunun sayəsində onlar bu narahat “axır günlərdə” “həqiqətin dirəyi və əsası” oldular (2 Timoteyə 3:1; 1 Timoteyə 3:15).

      Ağıllı və ağılsız qızlar

      6. a) İsa özünün sadiq qulunun ağıllı olduğunu necə təsvir etdi? b) Məsh edilmiş məsihçilər 1914-cü ilə qədər hansı xəbəri təbliğ edirdilər?

      6 “Pis qulu” təsvir etdikdən sonra, İsa məsh edilmiş bə’zi məsihçilərin nəyə görə sadiq və ağıllı, digərlərinin isə pis olacaqlarını izah etmək üçün iki məsəl söylədib. O, ağıllılığı təsvir edərək dedi: “Səmavi Səltənət [Padşahlıq], çıraqlarını götürüb adaxlının qarşısına çıxan on qıza bənzəyəcəkdir. Onlardan beşi ağıllı, beşi ağılsız idi. Ağılsızlar özləri ilə çıraqları götürmüşdülər, amma yağ götürməmişdilər. Ağıllılar isə çıraqları ilə bərabər öz qablarında yağ da götürmüşdülər” (Matta 25:1-4). On qız bizə, 1914-cü ilə qədər olan məsh edilmiş məsihçiləri xatırladır. Onların hesablamalarına görə adaxlının — İsa Məsihin peyda olmaq vaxtı idi. Buna görə də onlar, “digər xalqların vaxtı”nın 1914-cü ildə bitəcəyini cəsarətlə təbliğ edərək, onu qarşılamağa çıxdılar (Luka 21:24).

      7. Məsh edilmişlər nə zaman və nəyə görə “yatdılar”?

      7 Onlar haqlı idilər. Digər xalqların vaxtı həqiqətən də 1914-cü ildə başa çatdı və Allahın Padşahlığı İsa Məsihin rəhbərliyi altında hökmranlıq etməyə başladı. Lakin bu hadisə gözə görünməyən göylərdə baş verdi. Yer üzündəki insanlar qabaqcadan xəbər verilən “vay” ucbatından iztirab çəkməyə başladılar (Vəhy 12:10, 12). Bunun ardınca sınaq dövrü başlandı. Aydın anlayışları olmadan məsh edilmiş məsihçilər düşünürdülər ki, ‘adaxlı gecikir’. Çaşqınlığa düşərək və dünyanın düşmənçiliyi ilə üzləşərək, ümumilikdə onlar ruhdan düşdülər və təşkil edilmiş təbliğ fəaliyyəti, demək olar ki, dayandırıldı. Məsihçi olduqlarını iddia edən sədaqətsiz kəslər həvarilərin ölümündən sonra yuxuya daldıqları kimi, məsəldəki qızlara bənzər tərzdə, məsh edilmiş məsihçiləri də ruhani mə’nada “yuxu basdı və onlar yatdılar” (Matta 25:5; Vəhy 11:7, 8; 12:17).

      8. “Budur adaxlı gəlir” deyə eşidilən qışqırığa hansı hadisələr səbəb oldu və o zaman məsh edilmişlər üçün nəyin vaxtı gəlib çatmışdı?

      8 Sonra 1919-cu ildə gözlənilməz bir şey baş verdi. Biz oxuyuruq: “Gecə yarısı... bir qışqırıq qopdu: “Budur adaxlı gəlir, onu qarşılamağa çıxın!” O zaman qızların hamısı durub öz çıraqlarını düzəltdilər” (Matta 25:6, 7). Ən ümidsiz kimi görünən bir anda, fəaliyyətə çağırış səsi eşidildi! “Əhd mələyi” olan İsa, 1918-ci ildə Allahın yığıncağını yoxlamaq və təmizləmək üçün Yehovanın ruhani mə’bədinə gəldi (Malaki 3:1). Məsh edilmiş məsihçilər bu mə’bədin yer üzündəki həyətlərinə çıxıb onu qarşılamalı idilər. Onlar üçün “aydınlan”maq, yə’ni işıq saçmaq vaxtı gəlmişdir (İşaya 60:1; Filipililərə 2:14, 15).

      9, 10. Nəyə görə 1919-cu ildə bə’zi məsihçilər “ağıllı”, digərləri isə “ağılsız” oldular?

      9 Lakin gözləyin! Məsəldəki bə’zi qızların çətinlikləri yaranmışdır. İsa davam etdi: “Ağılsızlar ağıllılara dedilər: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür” (Matta 25:8). Yağ olmasa, çıraqlar işıq saça bilməz. Beləliklə, çıraq yağı bizə, Allahın həqiqi xidmətçilərinə ruhani mə’nada işıq saçmaq imkanı verən, Allahın həqiqət Kəlamını və Allahın müqəddəs ruhunu xatırladır (Məzmur 119:130; Daniel 5:14). 1919-cu ilə qədər məsh edilmiş ağıllı məsihçilər, müvəqqəti olaraq zəifləmələrinə baxmayaraq, Allahın onlar üçün olan iradəsinin nədən ibarət olduğunu dərk etmək üçün sə’ylə çalışırdılar. Buna görə də, işıq saçmaq çağırışı səslənəndə, onlar hazır idilər (2 Timoteyə 4:2; İbranilərə 10:24, 25).

      10 Lakin bə’zi məsh edilmiş məsihçilər Adaxlı ilə birlikdə olmağı ürəkdən arzulasalar da, fədakarlıq etməyə və sə’y göstərməyə hazır deyildilər. Buna görə də xoş xəbəri fəal surətdə təbliğ etmək vaxtı gəlib çatanda, onlar bunu etməyə hazır deyildilər (Matta 24:14). Onlar hətta yoldaşlarından yağ istəyərək, onların sə’yini zəiflətməyə çalışırdılar. İsanın məsəlindəki ağıllı qızlar necə cavab verdilər? Onlar dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız” (Matta 25:9). Buna bənzər tərzdə 1919-cu ildə məsh edilmiş sadiq məsihçilər, onların işıq saçmaq qabiliyyətlərinə pis tə’sir göstərə bilən nə isə etməkdən imtina etdilər. Bu yolla onlar sınağa tab gətirdilər.

      11. Ağılsız qızlarla nə baş verdi?

      11 İsa söhbətinin sonunda dedi: “Onlar [ağılsız qızlar] yağ satın almağa getdikləri zaman adaxlı gəldi; və hazır olanlar onunla kəbin məclisinə girdilər və qapı bağlandı. O biri qızlar da sonradan gəlib: “Ağa! Ağa! Qapını bizə aç!” — dedilər. O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram” (Matta 25:10-12). Gördüyümüz kimi, bə’ziləri Adaxlının gəlişinə hazır deyildilər. Buna görə də onlar sınağa tab gətirmədilər və göydəki kəbin məclisində iştirak etmək imkanını itirdilər. Bu doğrudan da çox faciəli idi!

      Talantlar haqqında məsəl

      12. a) İsa sadiqliyi hansı nümunənin əsasında izah etdi? b) ‘Yad bir ölkəyə gedən’ “adam” kim idi?

      12 İsa ağıllı davranışın nə demək olduğunu göstərdikdən sonra, sadiqliyə dair nümunə gətirdi. O belə dedi: “O, yad bir ölkəyə gedərkən, qullarını çağırıb öz malikanəsini onlara tapşıran bir adam kimi hərəkət edəcəkdir. Birinə beş, birinə iki, birinə də bir talant verdi. Hər birinə öz qabiliyyətinə görə verdi və dərhal yola düşdü” (Matta 25:14, 15). Məsəldəki “adam”, eramızın 33-cü ilində göyə qalxarkən ‘yad bir ölkəyə gedən’ İsanın özüdür. Lakin göyə qalxmazdan əvvəl o, “öz malikanəsini” sadiq şagirdlərinə tapşırdı. Hansı tərzdə?

      13. İsa hansı üsulla böyük bir fəaliyyət sahəsi hazırladı və “qullarına” onun “malikanəsini” artırmağı tapşırdı?

      13 Yer üzündəki xidməti zamanı İsa Padşahlıq haqqındakı xoş xəbəri bütün İsrail torpaqlarında təbliğ edərək, böyük fəaliyyət sahəsi hazırlamağa başladı (Matta 9:35-38). O, ‘yad bir ölkəyə getməzdən’ əvvəl, bu sahəni sadiq xidmətçilərinə əmanət edib dedi: “Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:18-20). İsa bu sözlərlə, özü qayıdana qədər “qullarına”, hər birinə “öz qabiliyyətinə görə” onun “malikanəsini” artırmaq tapşırığı verdi.

      14. Ağanın “malikanəsini” hamının eyni dərəcədə artıracağını nəyə görə gözləmək olmazdı?

      14 “Öz qabiliyyətinə görə” ifadəsi göstərir ki, I əsrin bütün məsihçiləri eyni şəraitlərə və imkanlara malik deyildilər. Pavel və Timotey kimi bə’ziləri təbliğ və tə’lim işində daha çox iştirak etmək imkanına malik idilər. Başqalarının sərbəst fəaliyyət göstərmək imkanları isə, çox məhdud idi. Məsələn, məsihçilərdən kimisi qul idi, kimisi zəif sağlamlığa və ya ailə məs’uliyyətlərinə malik idi, kimisi isə artıq yaşlaşmışdı. Əlbəttə, yığıncaqdakı məs’uliyyətlər şagirdlərdən hər birinə müyəssər deyildi. Məsh edilmiş bacılar və bə’zi qardaşlar yığıncaqda öyrətmir­dilər (1 Korinflilərə 14:34; Yaqub 3:1; 1 Timoteyə 3:1). Bununla yanaşı, vəziyyətlərindən asılı olmayaraq, Məsihin məsh edilmiş şagirdlərinin hamısı — həm kişilər, həm də qadınlar — Ağanın “malikanəsini” artırmaq məs’uliyyətinə malik idilər; onların hamısı məsihçi xidmətinin maraqlarında iştirak etmək kimi imkanlarından və şəraitlərindən istifadə etməli idilər. Müasir məsihçilər də bu cür davranırlar.

      Sınaq zamanı başlanır!

      15, 16. a) Qullardan hesabat tələb etmək vaxtı nə zaman başlandı? b) Məsh edilmiş sadiq məsihçilərə İsanın “malikanəsini” artırmaq üçün hansı yeni imkanlar verilmişdir?

      15 Məsəldə sonra deyilir: “Uzun bir zaman keçdikdən sonra, həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi” (Matta 25:19). 1914-cü ildə — həqiqətən də eramızın 33-cü ilindən uzun bir müddət sonra — Məsih İsanın Padşah kimi iştirakı dövrü başlandı. O, üç il yarımdan sonra, 1918-ci ildə Allahın ruhani mə’bədinə gəldi və bununla da Peterin dediyi sözlər yerinə yetdi: “Məhkəmənin Allahın ev əhlindən başlanmasının vaxtıdır” (1 Peter 4:17; Malaki 3:1). Onlardan hesabat tələb etmək vaxtı gəlib çatmışdır.

      16 Bəs “qullar”, İsanın məsh edilmiş qardaşları Padşahın ‘talantları’ ilə nə etdilər? Eramızın 33-cü ilindən və 1914-cü ildən əvvəlki vaxtı da daxil etməklə, bir çoxları ürəkdən çalışaraq, İsanın talantları ilə “ticarət” etdilər (Matta 25:16). Hətta Birinci Dünya müharibəsi zamanı onların öz Ağalarına xidmət etməyə güclü istəkləri vardı. Artıq məsh edilmiş sadiq məsihçilərə İsanın “malikanəsini” artırmaq üçün yeni imkanlar vermək münasib idi. Həmin sistemin axır günlərinin vaxtı gəlmişdi. Bütün dünyada xoş xəbəri təbliğ etmək lazım idi. “Yer üzünün biçini”ni toplamaq lazım idi (Vəhy 14:6, 7, 14-16). Simvolik “buğdaların” sonuncu nümayəndələrini tapmaq və başqa qoyunların “böyük izdiham”ını toplamaq lazım idi (Matta 13:24-30; Vəhy 7:9).

      17. Məsh edilmiş sadiq məsihçilər ağalarının sevincinə necə şərik oldular?

      17 Biçin vaxtı sevincli vaxtdır (Məzmur 126:6). Buna görə də 1919-cu ildə İsanın öz məsh edilmiş sadiq qardaşlarına daha böyük məs’uliyyət verərkən növbəti sözləri deməsi münasib idi: “Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam; ağanın sevincinə şərik ol!” (Matta 25:21, 23). Bundan əlavə, Ağa Allahın Padşahlığının Padşahı olanda, onun duyduğu sevinc hissini təsəvvür etmək bizim üçün çətindir (Məzmur 45:1, 2, 6, 7). Məsh edilmiş sadiq məsihçilər Padşahın nümayəndələri kimi xidmət edərək və onun yerdəki malikanəsini artıraraq bu sevincə şərik olurlar (2 Korinflilərə 5:20). Onların sevinci, İşaya 61:10 ayəsindəki peyğəmbərlik sözlərindən görünür: “Rəbb ilə çox məsrur olacağam, canım Allahımla sevinib coşacaq; çünki... mənə qurtuluş geyimi geydirdi”.

      18. Bə’ziləri nəyə görə sınaqlara tab gətirmədilər və onlarla nə baş verdi?

      18 Əfsuslar olsun ki, bə’ziləri sınağa tab gətirmədi. Biz oxuyuruq: “Bir talant almış olan... gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim; əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan. Qorxdum, gedib sənin talantını torpaqda gizlətdim; buyur, öz malını geri götür!” (Matta 25:24, 25). Buna bənzər tərzdə, bə’zi məsh edilmiş məsihçilər Məsihdən aldıqları talantla “ticarət” etmədilər. Onlar malik olduqları sevincli xəbəri 1914-cü ilə qədər də başqaları ilə bölüşmürdülər, onlar bunu 1919-cu ildə də etmək istəmədilər. İsa onların hörmətsizliklərinə necə münasibət göstərdi? O, onların bütün imtiyazlarını əllərindən aldı. Onlar ‘çöl qaranlığına atıldılar; orada ağlaşma və diş qıcırtma olacaqdır’ (Matta 25:28, 30).

      Sınaq davam edir

      19. Sınaq prosesi hansı mə’nada davam edir və məsh edilmiş bütün məsihçilər nəyə qəti qərarlıdırlar?

      19 Sonun vaxtı zamanı Məsihin məsh edil­miş qulları olacaq insanların əksəriyyəti 1918⁠-ci ildə İsa sınağa başladığı zaman, hələ Yehovaya xidmət etmirdilər. Bu o deməkdirmi ki, onlar heç cür sınanmırlar? Əsla yox. Sınaq prosesi 1918-1919-cu illərdə başladı və bu prosesdə sadiq və ağıllı qul bir sinif kimi bu sınağa tab gətirdi. Hər bir məsh edilmiş məsihçinin sınağı, onun birdəfəlik möhürlənəcəyi vaxta kimi davam edir (Vəhy 7:1-3). Bunu dərk edərək, Məsihin məsh edilmiş qardaşları Ağalarının “malikanəsini” artırmağa sədaqətlə davam etməyə qəti qərarlıdırlar. Onlar ağıllı olmağa — işıqları daima parıldasın deyə bol ruhani yağa malik olmağa da qəti qərarlıdırlar. Onlardan hər biri bilir ki, həyatının sonuna qədər sadiq qaldığı təqdirdə İsa onu səmavi məskənə qəbul edir (Matta 24:13; Yəhya 14:2-4; 1 Korinflilərə 15:50, 51).

      20. a) Böyük izdiham bu gün nəyə qəti qərarlıdır? b) Məsh edilmiş məsihçilər nəyi dərk edirlər?

      20 Başqa qoyunların böyük izdihamı məsh edilmiş qardaşlarını təqlid edir. Onlar başa düşürlər ki, Allahın iradəsini bilmək onların üzərinə böyük məs’uliyyət qoyur (Hezekiel 3:17-21). Buna görə də, Yehovanın Kəlamının və müqəddəs ruhunun köməyindən istifadə edərək, onlar öyrənmə yolu ilə və bir-birləri ilə ünsiyyət vasitəsilə daima ruhani yağ ehtiyatlarını tədarük edirlər. Onlar məsh edilmiş qardaşları ilə birlikdə xoş xəbəri yayma və tə’lim vermə işi ilə məşğul olaraq və bununla da Ağalarının “malikanəsini” artıraraq işıqlarına parıldamağa imkan verirlər. Buna baxmayaraq, məsh edilmişlər aydın başa düşürlər ki, talantlar onlara həvalə edilmişdir. Onlar, Ağanın yer üzündəki malikanəsi ilə əlaqədar işlərə görə hesabat verməlidirlər. Onlar sayca az olsalar da, öz məs’uliyyətlərini böyük izdihamın üzərinə qoya bilməzlər. Bunu yadda saxlayaraq, sadiq və ağıllı qul böyük izdihamın sadiq üzvlərinin yardımına minnətdar olmaqla yanaşı, Ağanın “malikanəsinin” artırılması üçün olan rəhbərliyi öz üzərinə götürməyə davam edir. Böyük izdihamın üzvləri isə məsh edilmiş qardaşlarının daşıdığı məs’uliyyəti başa düşür və onların rəhbərliyi altında çalışmaq imkanını şərəf sayırlar.

      21. Hansı öyüd bizim günümüzə qədər bütün məsihçilərə aiddir?

      21 Beləliklə, bu iki məsəl 1919-cu ildə və ya ona yaxın tarixlərdə baş verən hadisələrə aydınlıq gətirsə də, prinsip e’tibarı ilə onlar son günlərdə yaşayan Məsihin bütün həqiqi davamçılarına tətbiq ediləndir. Buna görə də, İsanın on qızla əlaqədar məsəlinin sonunda verdiyi öyüd, ilk növbədə 1919-cu ilə qədərki məsh edilmiş məsihçilərə aid olduğuna baxmayaraq, ondan hər bir məsihçi faydalana bilər. Belə isə, gəlin hamımız İsanın növbəti sözlərinə diqqət yetirək: “Beləliklə, oyaq durun, çünki siz nə... günü və nə də saatı bilirsiniz” (Matta 25:13).

      [Haşiyələr]

      a Buna bənzər tərzdə, həvarilərin ölümündən sonra, “azğın qurdlar” da məsh edilmiş ağsaqqalların arasından çıxmışdı (Həvarilərin işləri 20:29, 30).

      b İsanın bu məsəli, Yehovanın Şahidləri tərəfindən dərc edilmiş “Sülh Rəisi”nin rəhbərliyi altında ümumdünya təhlükəsizliyi” adlı kitabın 5-ci, 6-cı fəsillərində də müzakirə olunur (ing.).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş