Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 111
  • Axır günlərin əlaməti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Axır günlərin əlaməti
  • İsa Məsihin həyatı və xidməti
  • Başlıqlar
  • Oxşar material
  • Axır günlərdə mətin olmalı
  • Ağıllı və ağılsız qızlar məsəli
  • Talantlar haqqında məsəl
  • Qoyunlar və keçilər məsəli
  • Ağıllı qızlar haqda məsəl
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • “Sadiq və ağıllı qul” sınağa tab gətirir!
    Gözətçi qülləsi 2004
  • Xəbərdarlıqlara ciddi yanaşırsınız?
    Gözətçi qülləsi 2024
  • Həvarilər əlamət istəyir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 111

Fəsil 111

Axır günlərin əlaməti

NİSANIN 11-i, günortadan sonra İsa Məsih Zeytun dağının üstündə əyləşib aşağıda yerləşən məbədə baxır. Bu vaxt Peter, Andreas, Yaqub və Yəhya onun yanına gəlirlər. Bir az əvvəl İsanın məbədlə bağlı dediyi «burada daş daş üstə qalmayacaq» sözləri onların başından çıxmır.

Görünür, onları narahat edən tək bu deyil. Bir neçə həftə bundan əvvəl İsa onlara özünün «iştirakı»ndan söz açmışdı; həmin vaxt «insan Oğlunun zühur»u olacaq. Daha əvvəl isə o, «dövrün yekunu» barədə onlara danışmışdı. Həvarilər bütün bunlar barədə ətraflı öyrənib bilmək istəyirlər.

Onlar soruşurlar: «Bizə de, bunlar [Yerusəlimin və məbədin dağıdılması ilə bağlı hadisələr] nə vaxt baş verəcək? Sənin iştirakının və dövrün yekununun əlaməti nə olacaq?» Həvarilərin bu sualı özünə üç şeyi daxil edir: əvvəla, onlar bilmək istəyirlər ki, Yerusəlim və məbədin axırı necə olacaq, ikincisi, İsanın padşah kimi iştirakı nə vaxt olacaq və üçüncüsü, dövrün yekunu necə olacaq.

İsa onlara ətraflı cavab verir. O, yəhudi sisteminin sonunu bildirəcək əlaməti təsvir edir. Üstəlik, İsa gələcəkdəki şagirdlərinə onun iştirakı vaxtında yaşadıqlarını və dövrün sonunun yaxınlaşdığını bildirəcək əlamət barədə də danışır.

İllər ötdükcə həvarilər İsanın söylədiyi bu peyğəmbərliyin necə yerinə yetdiyinin şahidi olurlar. Bəli, bu sözlər məhz onların sağlığında həyata keçməyə başlayır. Bu səbəbdən eramızın 70-ci ilində yəhudi sisteminin və məbədin dağılması məsihçiləri qəfil yaxalamadı.

Lakin Məsihin padşah kimi iştirakı 70-ci ildə yox, xeyli sonralar olur. Bəs bunlar nə vaxt olacaq? İsanın söylədiyi peyğəmbərliyi araşdırmaqla bu sualın cavabını tapa bilərik.

İsa peyğəmbərlik edir: «Yaxın və uzaq yerlərdə gedən müharibələr barəsində eşidəcəksiniz». Həmçinin o deyir ki, millət millətə qarşı qalxacaq, qıtlıqlar, zəlzələlər və epidemiyalar olacaq; onun şagirdlərinə nifrət edəcək və öldürəcəklər; saxta peyğəmbərlər peyda olacaq və çoxlarını aldadacaqlar; hərc-mərclik baş alıb gedəcək və çoxlarında məhəbbət soyuyacaq. Bunlarla bərabər Padşahlıq haqqında xoş xəbər təbliğ ediləcək və bütün millətlərə şəhadət veriləcək.

İsanın bu peyğəmbərliyi Yerusəlimin 70-ci ildəki süqutundan əvvəl kiçik miqyasda yerinə yetdi, böyük miqyasda isə İsanın iştirakı və dövrün yekunu zamanı icra olacaqdı. 1914-cü ildən bəri dünyada baş verən hadisələri diqqətlə araşdıranda görürük ki, İsanın bu mühüm peyğəmbərliyi həmin ildən başlayaraq böyük miqyasda yerinə yetir.

İsa əlamətdən danışarkən «viranəlik gətirən iyrənc şey»in peyda olacağını qeyd edir. Eramızın 66-cı ilində Roma qoşunu Yerusəlimi mühasirəyə alıb məbədin divarının altını qazır. Beləcə, «layiq olmadığı yerdə» duran «iyrənc şey» Roma ordusu olur.

Əlamətin böyük miqyasda yerinə yetdiyi müasir zəmanədə bu «iyrənc şey» Millətlər Liqası və onun davamçısı olan Birləşmiş Millətlər Təşkilatıdır. Dünyada sülhü bərqərar etmək üçün yaradılmış bu təşkilat Xristian dünyasının fikrincə, Allahın Padşahlığını əvəz edir. Bu, əsil iyrənclikdir! Buna görə də BMT ilə bağlı olan siyasi qüvvələr Xristian dünyasına (Yerusəlimin müasir obrazı) qarşı qalxacaq və onu məhv edəcək.

İsa peyğəmbərlik edir: «O vaxt elə bir böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq». Məlumata görə, 70-ci ildə Yerusəlim darmadağın ediləndə bir milyondan çox insan həlak olub. Bu, doğrudan da, əsil müsibət idi! İsanın söylədiyi peyğəmbərliyin bu hissəsinin böyük miqyasda icrası hələ qabaqdadır.

Axır günlərdə mətin olmalı

Gün başa çatmaq üzrədir. İsa həvariləri ilə özünün padşah kimi iştirakının və dövrün yekununun əlaməti barədə söhbətini davam etdirir. O, onlara özlərini saxta məsihlərdən qorumağı tövsiyə edir və deyir ki, bu adamlar «mümkünsə, seçilmişləri də yoldan çıxartmağa» çalışacaqlar. Lakin seçilmişlər, itigözlü qartallar kimi, həqiqi ruhani qidanın üstünə, yəni iştirakı gözlə görünməyən tərzdə başlamış Məsihin yanına toplaşacaqlar. Onları aldatmaq mümkün olmayacaq və onlar saxta məsihlərin başına toplaşmayacaqlar.

Həqiqi Məsih gözlə görünməyən tərzdə iştirak etdiyi halda, saxta məsihləri görmək mümkün olacaq. İsa deyir ki, müsibət başlayandan sonra «günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq». Bəli, bəşər tarixində ən zülmətli dövr başlayacaq. Həmin dövrü günəşsiz günə və aysız gecəyə oxşatmaq olar.

İsa həm də deyir ki, «göylərin qüdrəti sarsılacaq». Bununla o göstərir ki, səma qorxunc görkəm alacaq. Bəşər tarixində hələ görünməmiş qorxu və zorakılıq tüğyan edəcək. «Yerdə dənizin nəriltisindən və çalxalanmasından çıxış yolu tapmayan millətlər əzab çəkəcək. İnsanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcəklər». Bəli, bəşər tarixinin bu müdhiş dövrü başa çatdığı vaxt «göydə insan Oğlunun rəmzi peyda olacaq, yer üzünün bütün qəbilələri ağlaşıb başlarına döyəcək».

Amma insan Oğlu bu pis dövrü məhv etmək üçün «qüdrətlə» gələndə hamı «ağlaşmayacaq». Məsihlə birgə Padşahlıqda olacaq 144 000 «seçilmişlər» və onların «başqa qoyunlar» adlanan yoldaşları kədərlənməyəcəklər. Onlar tarixin ən ağır dövründə yaşasalar da, İsanın bu çağırışı onları ruhlandırır: «Bunlar yerinə yetməyə başlayanda qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır».

Axır günlərdə yaşayacaq şagirdlərin sonun yaxın olduğunu müəyyən edə bilmələri üçün İsa əyani nümunə gətirir: «Əncir ağacına və başqa ağaclara fikir verin. Onların tumurcuqlandığını görəndə bilirsiniz ki, tezliklə yay gələcək. Eləcə də bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın padşahlığı yaxındadır. Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil yox olmamış baş verəcək».

Beləliklə, əlamətin tərkib hissələrindən bir çoxu icra olunmağa başlayanda şagirdlər başa düşməlidirlər ki, dövrün sonu yaxınlaşır və tezliklə Allahın Padşahlığı bütün pisliyi yox edəcək. İsa bu əlamətdar dövrdə yaşayacaq şagirdlərə tövsiyə edir:

«Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq və həyatın qayğıları ilə yükləməyin ki, o gün üstünüzə tor kimi qəflətən, bir an içində gəlməsin. Çünki o gün yer üzündə yaşayan hər kəs üçün gələcək. Buna görə də oyaq durun və hər vaxt Allaha yalvarın ki, mütləq baş verəcək hadisələrdən qurtulasınız və insan Oğlunun qarşısında dura biləsiniz».

Ağıllı və ağılsız qızlar məsəli

İsa padşah kimi iştirakına dair şagirdlərinə daha üç məsəl danışır. Bu məsəllər əlamətin başqa yönlərini işıqlandırır.

Onun iştirakı zamanı yaşayanlar bu məsəllərin həyata keçməsinin şahidi olacaqlar. İsa birinci məsəli belə başlayır: «Səmavi padşahlıq çıraqlarını götürüb bəyi qarşılamağa çıxan on qıza bənzəyir. Onlardan beşi ağılsız, beşi isə ağıllı idi».

İsa Allahın Padşahlığı «on qıza bənzəyir» deməklə səmavi mükafatı alanların yarısının ağıllı, digər yarısının isə ağılsız olacaqlarını nəzərdə tutmur. O demək istəyir ki, Padşahlıqla bağlı hadisələr bu məsəldə təsvir olunan vəziyyətə oxşar olacaq.

On qız Padşahlığa layiq görülənləri və ya layiq görüldüyünü iddia edənləri təmsil edir. Bəy, yəni dirilmiş və şöhrətlənmiş Məsih eramızın 33-cü ilinin Əllinci gün bayramında məsihçi yığıncağı ilə məcazi mənada nişanlanır. «Toy» isə gələcəkdə göydə olacaq.

Məsəldə on qız bəyi qarşılamaq və toy şənliyinə qoşulmaq üçün çölə çıxır. Bu qızlar əllərində çıraq gəlinini evinə gətirməyə hazırlaşan bəyin və onu müşayiət edənlərin yolunu işıqlandıracaq. İsa danışır: «Ağılsız qızlar çıraqlarını götürmüşdülər, amma yağ götürməmişdilər. Ağıllı qızlar isə çıraqlarla birgə yağ qablarını da doldurub özləri ilə götürmüşdülər. Bəy yubandığı üçün qızlar mürgüləyib yuxuya getdilər».

Bəyin yubanması o deməkdir ki, Məsihin padşah kimi iştirakı hələ uzaqdadır. Nəhayət, 1914-cü ildə Məsih taxta çıxır. Bu hadisədən qabaqkı uzun gecə ərzində qızların hamısı yuxuya dalırlar. Ancaq buna görə onlara söz gəlmir. Ağılsız qızlar yağ götürmədikləri üçün mühakimə olunurlar. İsa bəyin gəlişi qabağı qızların necə oyandığını nəql edir: «Birdən gecə yarısı kimsə qışqırdı: “Bəy gəlir! Bəyin qabağına çıxın”. Onda qızların hamısı durub çıraqlarını qaydaya saldılar. Ağılsız qızlar ağıllılara dedilər: “Yağınızdan bir az bizə də verin, çünki çıraqlarımız sönmək üzrədir”. Ağıllı qızlar belə cavab verdilər: “Yağ həm sizə, həm bizə çatmaya bilər. Yaxşısı budur gedin, yağ satanlardan alın”».

Yağ həqiqi məsihçilərin çıraq kimi işıq saçmasına qüvvə verən bir vasitədir. Bu vasitə Məsihin davamçılarının əldə möhkəm tutduqları Allahın Kəlamı və onu başa düşməyə kömək edən müqəddəs ruhdur. Ruhani yağ sayəsində ağıllı qızlar bəyin toy şənliyinə gəldiyi yolu işıqlandıra bilirlər. Ağılsız qızlar sinfini təmsil edənlərdə isə ruhani yağ yoxdur. İsa sonra nə olduğunu danışır:

«Onlar [ağılsız qızlar] yağ almağa getdikləri vaxt bəy gəlib çıxdı. O qızlar ki hazır idi, bəylə toy məclisinə girdilər və qapı bağlandı. Bir qədər sonra o biri qızlar da gəlib: “Ağa, ağa, bizik, qapını aç!” — deyə çağırdılar. Bəy onlara dedi: “Mən sizi tanımıram”».

Məsih Allahın Padşahlığına gəldikdən sonra məsh olunmuş həqiqi məsihçilərdən ibarət ağıllı qızlar sinfi oyanır. Onlar geri qayıdan Bəyin şərəfinə bu zülmət dünyada işıq saçmağa layiq görülürlər. Ağılsız qızlarla təmsil olunanlar isə buna hazır deyillər. Buna görə də vaxt yetişəndə Məsih göydəki toy məclisinin qapısını onlara açmayacaq. O, onları bu dünyanın zülmətli gecəsinin qatı qaranlığında çöldə saxlayır ki, digər qanunsuzluq edənlərlə bərabər məhv olsunlar. İsa bu məsəli belə yekunlaşdırır: «Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz».

Talantlar haqqında məsəl

İsa Zeytun dağında həvariləri ilə söhbətini davam etdirərək növbəti məsəli danışır. O, bir neçə gün bundan əvvəl Yerixoda olarkən Padşahlığın uzaqda olduğunu göstərmək üçün «on mina» məsəlini söyləmişdi. İndi çəkdiyi məsəl bir çox cəhətdən həmin məsələ oxşasa da, burada Məsihin padşah kimi iştirakı zamanı olacaq hadisələr təsvir edilir. Bu məsəl göstərir ki, İsanın şagirdləri yerdə olduqları vaxt ərzində onun «əmlakını» çoxaltmağa çalışmalıdırlar.

İsa nəql edir: «Padşahlıq həmçinin başqa ölkəyə getməyə hazırlaşan bir adama bənzəyir. O adam nökərlərini yanına çağırıb əmlakının idarəsini onlara həvalə etdi». «Başqa ölkəyə getməyə hazırlaşan adam» İsadır. O, göyə getməzdən əvvəl «nökərlərinə», yəni səmavi Padşahlığa layiq görülmüş şagirdlərinə öz «əmlakını» həvalə edir. «Əmlak» nəsə maddi bir şey deyil; o, daha çox şagird yetişdirmək üçün İsanın «şumladığı» münbit tarlanı təmsil edir.

İsa göyə qalxmazdan bir az əvvəl əmlakını şagirdlərinə həvalə edir. Necə? O, onlara şumlayıb hazırladığı sahədə çalışmağı, yəni Allahın Padşahlığı haqqında xoş xəbəri yer kürəsinin ucqarlarınadək təbliğ etməyi tapşırır. İsa belə deyir: «O, nökərlərin bacarığını nəzərə alaraq, birinə beş, o birisinə iki, digərinə isə bir talant verib yola çıxdı».

Deməli, İsanın əmlakı olan bu səkkiz talant nökərlərə ruhani cəhətdən bacarıqları nəzərə alınaraq verilmişdi. «Nökərlər» şagirdlərin müxtəlif qruplarını təmsil edir. Birinci əsrdə beş talant almış nökər qrupuna, şübhəsiz, həvarilər daxil idilər. İsa deyir ki, beş və iki talant almış nökərlər Padşahlıq haqqında təbliğ etməklə və şagird hazırlamaqla paylarını ikiqat çoxaldırlar. Bir talant almış nökər isə onu torpaqda gizlədir.

İsa danışır: «Xeyli vaxt keçəndən sonra ağa geri qayıtdı və nökərlərdən hesabat tələb etdi». Məsih düz 19 əsr sonra, 20-ci yüzillikdə qayıtdı və şagirdlərindən hesabat vermələrini tələb etdi. Sonra İsa deyir:

«Beş talant almış nökər qazandığı beş talantı da özü ilə gətirib dedi: “Ağa, sən mənə beş talant əmanət etmişdin. Bax, mən beş talant da qazanmışam”. Ağası ona dedi: “Afərin, mənim qoçaq, vəfalı nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm. Gəl, ağanın sevincinə şərik ol”». İki talant almış nökər də ona verilmiş talantları ikiqat artırır və ağası onu da tərifləyib mükafatlandırır.

Bəs bu vəfalı nökərlər ağalarının sevincinə necə şərik olurlar? Ağaları İsa Məsihin sevinci qərib ölkədə, yəni Allahın yanında miras aldığı Padşahlıqdır. Bizim günlərdəki sadiq nökərlərə gəldikdə isə Padşahlıqla əlaqədar onların üzərinə daha böyük məsuliyyət qoyulur və onlar bundan hədsiz sevinc duyurlar. Onların sevinci yerdəki həyatı başa vurduqdan sonra dirilib Padşahlığa daxil olanda birə-beş artacaq. Bəs üçüncü nökər kimdir?

«Ağa, — deyə bu nökər şikayətə başlayır, — mən bilirdim ki, sən tələbkar adamsan. Əkmədiyini biçirsən, səpmədiyini yığırsan. Buna görə də səndən qorxdum və gedib verdiyin talantı torpaqda gizlətdim. Al, bu da sənin pulun». Bu nökər sahədə işləməkdən — təbliğ etmək və şagird hazırlamaq işindən qəsdən boyun qaçırıb. Ağası buna görə onu «yaramaz və tənbəl» adlandırır və cəzalandırır: «Pulu bundan alın... Bu yaramaz nökəri isə bayıra, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq». «Yaramaz nökər» sinfinə daxil olanlar çölə atılıb ruhani sevincdən məhrum edilirlər.

Bu, özünü Məsihin davamçısı sayan hər bir kəs üçün mühüm ibrət dərsidir. Kim tərif və mükafata layiq görülmək və çölə atılıb axırda məhv olunmaqdan qaçınmaq istəyirsə, təbliğ işində var-gücü ilə iştirak edib Ağanın əmlakını artırmağa çalışmalıdır. Siz bu tapşırığı yerinə yetirməyə can yandırırsınız?

Qoyunlar və keçilər məsəli

İsa şagirdlərlə söhbətinə davam edir. İndi o, üçüncü məsəli danışır: «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək».

İnsan Oğlu dövrün sonu başa çatmaq üzrə olanda gəlir. Bu gəlişin məqsədi nədir? İsa aydınlaşdırır: «Bütün millətlər onun önündə yığışacaq və o, çoban qoyunları keçilərdən ayırdığı kimi, insanları saf-çürük edəcək. O, qoyunları sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq».

İsa rəğbət qazananları nə gözlədiyini təsvir edir: «Onda padşah sağındakılara deyəcək: “Ey Atamın xeyir-duasını almış bəndələr! Gəlin, əzəldən bəri sizin üçün hazırlanmış padşahlığı miras alın”». Bu məsəldə sözü gedən «qoyunlar» Məsihlə hakimiyyət sürməyəcəklər, onlar səmavi Padşahlığın yer üzündəki təbəələri olacaqlar. Onlar bu mənada Padşahlığı miras alacaqlar. «Əzəldən bəri» deməklə İsa Allahın fidyə tədbirindən bəhrələnə biləcək bəşəriyyətin təməlinin qoyulmasını, yəni Adəmlə Həvvanın dünyaya uşaq gətirməsini nəzərdə tutur.

Bəs nə üçün padşah qoyunlara rəğbət göstərib onları sağ tərəfinə keçirir? Padşah deyir: «Acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə su verdiniz; qərib idim, mənə qonaqpərvərlik göstərdiniz; çılpaq idim, məni geyindirdiniz; naxoşlamışdım, mənə baxdınız; dustaq idim, yanıma gəldiniz».

Qoyunlar yerdə olduqlarından təəccüblənirlər ki, görəsən, göydəki padşahlarına necə yaxşılıq edə biliblər. Onlar soruşurlar: «Ağa, biz səni nə vaxt ac görüb yedizdirmişik və ya susuz görüb su vermişik? Haçan qərib olduğunu görüb sənə qonaqpərvərlik göstərmişik, ya da səni çılpaq görüb geyindirmişik? Səni nə vaxt xəstə və ya dustaq görüb yanına gəlmişik?»

Padşah cavab verir: «Bunu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz». Məsihin qardaşları onunla birgə səmavi Padşahlıqda hakimiyyət sürəcək 144 000 məsh olunmuşun yer üzündəki qalığıdır. İsanın sözünə görə, onlara yaxşılıq edən, sanki, onun özünə etmiş olur.

Sonra padşah üzünü keçilərə tutub deyir: «İtilin gözümdən, lənətə gəlmişlər! İblis və onun mələkləri üçün hazırlanmış əbədi alova gedin! Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə su vermədiniz; qərib idim, mənə qonaqpərvərlik göstərmədiniz; çılpaq idim, məni geyindirmədiniz; naxoşlamışdım və dustaq idim, amma mənə baxmadınız».

Keçilər etiraz edirlər: «Ağa, biz səni nə vaxt ac, susuz, qərib, çılpaq, xəstə və ya dustaq görüb sənə qulluq etmədik?» Keçilər də, qoyunlar da eyni tərəzidə ölçülür. Padşah deyir: «Madam ki, bunu bu kiçiklərdən [qardaşlarımdan] birinə etmədiniz, deməli, mənə də etməmisiniz».

Beləliklə, Məsihin padşah kimi iştirakı özünə bir hökmü daxil edəcək. Bu hökm, bu pis dünyanın məhvindən azacıq əvvəl, böyük müsibət zamanı olacaq. Keçilər «əbədilik məhv ediləcəklər, salehlər [qoyunlar] isə əbədi həyata qovuşacaqlar». Matta 24:2—25:46; 13:40, 49; Mark 13:3—37; Luka 21:7—36; 19:43, 44; 17:20—30; 2 Timoteyə 3:1—5; Yəhya 10:16; Vəhy 14:1—3.

▪ Həvarilərdə nəyə görə sual yaranır? Onlar daha nə barədə düşünürlər?

▪ İsanın peyğəmbərliyinin hansı hissəsi eramızın 70-ci ilində yerinə yetdi və nələr gələcəkdə olacaqdı?

▪ İsanın peyğəmbərliyi ilk dəfə nə vaxt yerinə yetdi və böyük miqyasda nə vaxt yerinə yetəcək?

▪ «İyrənc şey» peyğəmbərliyin birinci və sonuncu icrasında nələri təmsil edir?

▪ Böyük müsibət nə üçün Yerusəlimin darmadağın edilməsi ilə qurtarmadı?

▪ Məsihin iştirakı zamanı dünyada nələr baş verir?

▪ Nə vaxt «yer üzünün bütün qəbilələri ağlaşıb başlarına döyəcək» və Məsihin davamçıları həmin vaxt nə edəcəklər?

▪ Gələcəkdəki şagirdlərinin sonun yaxında olduğunu müəyyən edə bilmələri üçün İsa hansı əyani misalı çəkir?

▪ Son günlər ərzində yaşayacaq şagirdlərinə İsa nəyi tövsiyə edir?

▪ «On qız» kimləri təmsil edir?

▪ «Bəy» məsihçi yığıncağı ilə nə vaxt nişanlandı və bəy gəlinini toy şənliyinə aparmaq üçün nə vaxt gəlir?

▪ «Yağ» nəyi təmsil edir və ağıllı qızlar onun sayəsində nə edirlər?

▪ Toy şənliyi harada keçir?

▪ Ağılsız qızlar hansı misilsiz mükafatdan məhrum olurlar və onları nə gözləyir?

▪ Talantlar barədəki məsəldən nə öyrənirik?

▪ «Nökərlər» kimlərdir və onlara hansı «əmlak» həvalə edilir?

▪ Ağa nə vaxt gəlib nökərlərindən hesabat tələb edir və o, nə görür?

▪ Vəfalı şagirdlərin qoşulduğu şənlik nədir və yaramaz nökərin başına nə gəlir?

▪ Məsih padşah kimi iştirakında hansı hökmü icra edəcək?

▪ «Qoyunlar» hansı mənada Padşahlığı miras alacaqlar?

▪ İsa «əzəldən bəri» deyərkən hansı vaxtı nəzərdə tutur?

▪ İnsanlar nəyin əsasında «qoyunlara» və «keçilərə» ayrılacaqlar?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş