Fəsil 128
İsa sağdır!
QADINLAR sərdabəni boş görəndə Məcdəlli Məryəm Peterlə Yəhyaya xəbər vermək üçün qaçır. Görünür, o biri qadınlar sərdabənin yanında qalırlar. Az sonra bir mələk peyda olur və onları içəri çağırır.
Burada qadınlar başqa bir mələyi görürlər. Mələklərdən biri onlara deyir: «Qorxmayın! Mən bilirəm ki, siz edam edilmiş İsanı axtarırsınız. İsa burada yoxdur. O, özünün dediyi kimi dirilib. Gəlin, onun qoyulduğu yerə baxın. Sonra isə tez gedin, şagirdlərə onun dirildiyini söyləyin». Bunu eşidən kimi qadınlar qorxu və böyük sevinc içində qaçırlar.
Bu arada Məcdəlli Məryəm Peterlə Yəhyanı tapıb deyir: «Ağanı sərdabədən götürüblər və bilmirik aparıb hara qoyublar». Bunu eşitcək həvarilərin ikisi də qaçır. Görünür, Yəhya nisbətən cavan olduğundan tez qaçır və sərdabəyə birinci çatır. Qadınlar artıq gediblər, yan-yörədə heç kəs yoxdur. Yəhya içəri boylanır və orada kəfəni görür, amma içəri girmir.
Peter də gəlib çatır və tərəddüd etmədən dərhal içəri girir. O, yerdəki kəfəni və İsanın başını örtmüş yaylığı görür. Yaylıq bir kənarda bürmələnib qalmışdı. Yəhya da içəri girir və Məryəmin sözlərinin doğruluğuna əmin olur. Amma nə Peter, nə də Yəhya başa düşmür ki, İsa dirilib. Hərçənd İsa diriləcəyini dəfələrlə onlara demişdi. Bu həvarilər çaşbaş halda evə qayıdırlar. Təkrar sərdabəyə gəlmiş Məcdəlli Məryəm isə orada qalır.
Bu arada o biri qadınlar mələklərin tapşırdığı kimi, İsanın dirildiyini şagirdlərə danışmağa tələsirlər. Yolda İsa qarşılarına çıxıb onları salamlayır. Qadınlar onun ayaqlarına yıxılıb təzim edirlər. İsa onlara deyir: «Qorxmayın, gedin qardaşlarıma deyin ki, Qalileyaya getsinlər. Orada məni görəcəklər».
Bundan əvvəl zəlzələ başlayanda və mələklər görünəndə sərdabəni qoruyan keşikçilərin qorxudan az qala bağrı çatlamışdı. Onlar özlərinə gələndə şəhərə gedib nə baş verdiyini böyük kahinlərə danışırlar. Böyük kahinlər bunu ört-basdır etmək üçün yəhudi ağsaqqalları ilə məsləhətləşib əsgərlərə rüşvət vermək qərarına gəlirlər. Sonra əsgərlərə tapşırırlar: «Belə deyərsiniz: “Gecə biz yatanda onun şagirdləri gəlib cəsədi oğurladılar”».
Roma əsgəri növbə başında yatardısa, onu edam edə bilərdilər. Buna görə də kahinlər onlara söz verirlər: «Arxayın olun, əgər bu [sizin yatmağınız], valinin qulağına çatsa, biz onu yola verərik, sizə heç nə olmaz». Rüşvətin məbləği böyük olduğundan əsgərlər hər şeyi onların dediyi kimi edirlər. Bunun nəticəsində yəhudilər arasında şayiə yayılır ki, İsanın cəsədini oğurlayıblar.
Sərdabənin yanında qalan Məcdəlli Məryəm qəm-qüssə içindədir. Görəsən, İsa harada ola bilər? O, əyilib sərdabənin içinə boylananda görür ki, ağ libaslı iki mələk yenidən peyda olub. Mələklərdən biri İsanın cəsədi qoyulduğu yerin baş tərəfində, o birisi ayaq tərəfində oturub. Onlar soruşurlar: «Niyə ağlayırsan?»
Məryəm cavab verir: «Ağamı aparıblar və bilmirəm hara qoyublar». O, geriyə çevriləndə bir adam görür. Həmin adam ondan soruşur: «Bacım, niyə ağlayırsan? Kimi axtarırsan?»
Məryəm elə bilir ki, bu adam bağbandır və ondan soruşur: «Ağa, əgər onu sən aparmısansa, de hara qoymusan, mən gedim onu götürüm».
«Məryəm!» — deyə bu adam müraciət edir. Məryəm bu səmimi müraciətdən həmin adamın İsa olduğunu başa düşür. «Rabbuni!» — deyə o çığırır («Rabbuni» müəllim deməkdir) və hədsiz sevindiyindən ondan bərk-bərk tutur. Lakin İsa onu saxlayır: «Tutma məni. Mən ki hələ Atamın yanına qalxmıram. Qardaşlarımın yanına get və onlara de: “Mən öz Atamın və sizin Atanızın, öz Allahımın və sizin Allahınızın yanına gedirəm”».
Məryəm həvarilərlə digər şagirdlərin toplaşdıqları yerə qaçır. O, başına gələnləri danışaraq digər qadınların İsanın dirilməsi ilə bağlı söylədiklərinə əlavə edir. Amma, görünür, bu kişilər əvvəl gəlmiş qadınlara inanmadıqları kimi, Məryəmə də inanmırlar. Matta 28:3—15; Mark 16:5—8; Luka 24:4—12; Yəhya 20:2—18.
▪ Məcdəlli Məryəm sərdabəni boş görəndə nə edir? O biri qadınlarla nə baş verir?
▪ Sərdabənin boş olduğunu görəndə Peterlə Yəhya nə edir?
▪ O biri qadınlar İsanın dirilməsi xəbərini şagirdlərə danışmaq üçün gedəndə kimə rast gəlirlər?
▪ Əsgərlərlə nə baş verib və kahinlər bunu eşidəndə nə edirlər?
▪ Məcdəlli Məryəm sərdabənin yanında tək qalanda nə baş verir? Şagirdlər qadınların gətirdiyi xəbərlərə necə yanaşırlar?