İsa Məsihin tə’limləri sizə necə tə’sir göstərir?
ƏVVƏLKİ məqalədən gördük ki, İsanın tə’limləri, heç bir şübhə olmadan, bütün dünyaya böyük tə’sir göstərmişdir. Lakin yaxşı olardı ki, hər bir kəs özündən soruşsun: «İsanın tə’limləri şəxsən mənə tə’sir göstərirmi?»
İsanın tə’limləri özünə ən müxtəlif mövzuları daxil edir. O həyatın hər bir sahəsində tətbiq olunan dərslər vermişdir. Gəlin, ardıcıllığına görə həyati üstünlükləri müəyyən etməyə, Allahla dostluq münasibətini inkişaf etdirməyə, insanlarla yaxşı münasibətləri qoruyub saxlamağa, problemlərin həllinə və zorakılıqdan qaçınmağa dair onun nə öyrətdiyini nəzərdən keçirək.
Həyati üstünlüklərin müəyyən edilməsi
Sür’ətli həyat tempi ilə yaşayan bugünkü dünya o qədər vaxtımızı və qüvvəmizi alır ki, ruhani işlər çox vaxt arxa planda qalır. Məsələn, Cerri adlandırdığımız 20-30 yaşlarında olan gəncin nümunəsini nəzərdən keçirək. Ruhani söhbətlərdən və bu söhbətlər zamanı öyrəndiyi dəyərli şeylərdən zövq alsa da, o, təəssüflə deyir: «Mənim müntəzəm olaraq bu cür söhbətlər etməyə vaxtım yoxdur. Həftənin altı gününü işləyirəm. Bazar günü yeganə istirahət günümdür. Həmin gün görüləsi işləri yerinə yetirdikdən sonra çox yoruluram». Əgər siz də bu cür çətinliklə qarşılaşmısınızsa, sizə İsanın Dağüstü təbliğində öyrətdikləri fayda gətirə bilər.
Məsih onu dinləmək üçün toplaşan insanlara dedi: «Nə yeyəcəksiniz, yaxud nə içəcəksiniz deyə canınızın, nə geyəcəksiniz deyə bədəninizin qayğısına qalmayın. Can yeməkdən və bədən geyimdən daha vacib deyilmi? Göyün quşlarına baxın, onlar nə əkir, nə biçir, nə də ambarlarda toplayırlar; və səmavi Atanız onları yedizdirir. Siz onlardan daha dəyərli deyilsinizmi? [...] Beləliklə: “Nə yeyəcəyik?”, “Nə içəcəyik?”, “Nə geyəcəyik?” — deyə qayğı çəkməyin. Çünki bütün bu şeyləri bütpərəstlər axtarırlar; səmavi Atanız da bütün bu şeylərə ehtiyac duyduğunuzu bilir. Lakin əvvəlcə Allahın Səltənətini [Padşahlığını] və Onun salehliyini axtarın; və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir» (Matta 6:25-33). Biz bundan nə öyrənirik?
İsa, özümüzün və ailə üzvlərimizin maddi tələbatlarına laqeyd yanaşmağımızı nəzərdə tutmurdu. Çünki Müqəddəs Kitabda deyilir: «Kim öz yaxınlarının, xüsusən ailə üzvlərinin qeydinə qalmırsa, o, imanı inkar etmiş və imansızdan da betərdir» (1 Timoteyə 5:8). İsa və’d etmişdir ki, həyatda nəyin vacib olduğunu yadda saxlasaq və ruhani işlərə üstünlük versək, Allah başqa tələbatlarımızın qayğısına qalacaq. Bu, həyati üstünlükləri müəyyən etməyə dair dərsdir. Bu məsləhətə riayət etsək, xoşbəxt olacağıq, çünki İsanın dediyi kimi «ruhən yoxsullar... bəxtiyardırlar» (Matta 5:3).
Allahla dostluq münasibətlərinin inkişaf etdirilməsi
«Ruhən yoxsullar», yə’ni ruhani tələbatlarını dərk edənlər Allahla yaxşı münasibətlər inkişaf etdirməyin vacib olduğunu başa düşürlər. Biz kiminləsə yaxşı münasibəti necə qururuq? Məgər həmin adamla daha yaxından tanış olmağa çalışmırıqmı? Onun nöqteyi-nəzərini, bu və ya digər şeylərə münasibətini, bacarığını, bəyəndiyi və bəyənmədiyi şeyləri bilmək üçün vaxt sərf edirik. Allahla dostluq münasibətləri qurmaq üçün də bu cür davranmalıyıq. Onun haqqında dəqiq bilik əldə etmək tələb olunur. İsa şagirdləri haqqında Allaha dua edərkən demişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bəli, Allahla dostluq münasibətləri qurmaq üçün Onunla tanış olmaq gərəkdir. Bu biliyin yeganə mənbəyi Allahın ilhamlanmış Kəlamı olan Müqəddəs Kitabdır (2 Timoteyə 3:16). Onu öyrənmək üçün vaxt ayırmalıyıq.
Lakin təkcə bilik əldə etmək kifayət deyil. Həmin duada İsa şagirdləri haqqında dedi: «[Onlar] Sənin sözünə riayət etdilər» (Yəhya 17:6). Biz Allah haqqında yalnız bilik əldə etməklə kifayətlənməməliyik, həm də bu biliklərə müvafiq davranmalıyıq. Ancaq belə olan halda Allahın dostu olmaq olar. Dostumuzun prinsip və e’tiqadlarına bilərəkdən zidd davranırıqsa, dostluq tellərinin möhkəmlənəcəyinə ümid edə bilərikmi? Aydındır ki, Allahın nöqteyi-nəzəri və prinsipləri həyatda atdığımız bütün addımlara istiqamət verməlidir. Bu prinsiplərdən ikisini insanlarla münasibətimizdə necə tətbiq edə biləcəyimizə baxaq.
Başqaları ilə yaxşı münasibətlər qurmaq
Bir dəfə İsa insan münasibətlərinə dair qiymətli ibrət dərsi vermək üçün balaca bir hekayə danışdı. Bu hekayədə qulları ilə hesablaşmaq qərarına gələn padşahdan bəhs edilir. Qullardan birinin böyük borcu vardı, lakin onun borcunu ödəməyə imkanı yox idi. Ağası əmr etdi ki, həmin adamı, arvadını və uşaqlarını satıb, borcu ödəsinlər. Borc sahibi diz çöküb yalvarmağa başladı: «Səbr et! Mən hamısını ödəyəcəyəm». Ağası qula acıyaraq, borcunu bağışladı. Lakin həmin qul çölə çıxıb, ona azacıq borcu olan yoldaşını tapdı və borcu ödəməsini tələb etdi. Həmin qul ona yalvararaq mərhəmət diləsə də, birinci qul yoldaşını borcunu ödəyənə qədər zindana saldırdı. Bunu eşidən padşah qəzəblə dedi: «Mən sənə mərhəmət etdiyim kimi, sən də yoldaşına mərhəmət etməli deyildinmi?» Padşah bağışlamaq istəməyən qulu bütün borcunu ödəyənə qədər zindana saldırdı. Bu hekayədən alacağımız ibrət dərsi haqqında İsa belə dedi: «Hər biriniz qardaşlarınızın təqsirlərini ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər» (Matta 18:23-35).
Qeyri-kamil olduğumuz üçün tez-tez səhvlərə yol veririk. Allaha qarşı işlətdiyimiz günahlara görə Ona böyük borcumuz var, bu borcu isə heç zaman ödəyə bilmərik. Edə biləcəyimiz yeganə şey — borclarımızı bağışlamasını diləməkdir. Qardaşlarımızın bizə qarşı etdiyi günahları bağışlayırıqsa, Yehova Allah bütün günahlarımızı bağışlamağa hazırdır. Necə də tə’sirli ibrət dərsidir! İsa davamçılarına bu cür dua etməyi öyrədirdi: «Bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla» (Matta 6:12).
Problemləri həll edərkən kökündən başlayın
İsa insan təbiətini çox yaxşı başa düşürdü. O, problemləri həll edərkən kökündən başlamağı məsləhət edirdi. İki nümunəni nəzərdən keçirək.
İsa belə dedi: «Siz eşitmisiniz ki, qədim zamanların adamlarına deyilmişdi: “Qatillik etmə; kim qatillik edərsə, mühakimə olunmalıdır”. Mən isə sizə deyirəm: Qardaşına boş yerə hirslənən hər adam mühakimə olunacaqdır» (Matta 5:21, 22). İsa bu sözlərlə göstərdi ki, qatillik yalnız zorakılıq işlətməkdən ibarət deyil, problemin kökü daha dərindədir. Hər şey qatilin ürəyində baş qaldıran fikirdən başlanır. Əgər insanlar qəzəblərinə sahib olub, narazılıq hissinin inkişaf etməsinə yol verməsəydilər, zorakılıq baş verməzdi. Bu məsləhətin tətbiq edilməsi nə qədər qanlı toqquşmalardan qaçınmağa kömək edərdi!
İsa çoxlu qəlb ağrısına səbəb olan başqa bir problemin kökü haqqında bunları dedi: «“Zina etmə”, — deyildiyini eşitmişsiniz. Amma Mən sizə deyirəm: Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəksə onu çıxar və özündən xaric et» (Matta 5:27-29). İsa göstərdi ki, zina sadəcə olaraq əxlaqsız davranış deyil. Bu problemin kökündə əxlaqsız istəklər durur. Əgər insan düzgün olmayan istəkləri inkişaf etdirməsə, amma onları ürəyindən ‘çıxarıb’ atsa, əxlaqsız davranışdan qaçına bilər.
«Qılıncını yerinə qoy»
İsanın ələ verildiyi və həbs edildiyi gecə şagirdlərindən biri qılıncını çəkib, onu müdafiə etməyə atıldı. İsa ona əmr etdi: «Qılıncını yerinə qoy, çünki qılınc tutanların hamısı qılıncdan həlak olacaqdır» (Matta 26:52). Ertəsi gün səhər İsa Ponti Pilata dedi: «Mənim Padşahlığım bu dünyadan deyildir; əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, nökərlərim çalışardılar ki, mən yəhudilərin əlinə verilməyim; fəqət indi Mənim Padşahlığım buradan deyildir» (Yəhya 18:36, İ–93). Məgər bu müdrik tə’lim deyilmi?
Erkən məsihçilər İsanın zorakılığa əl atmamaq əmrinə necə yanaşırdılar? «Erkən məsihçilərin müharibəyə münasibəti» adlı kitabda deyilir: «[İsanın tə’limlərinə] əsasən zorakılığın hər bir növü və başqalarına zərər toxundurmaq yolverilməz olduğu üçün, müharibələrdə iştirak etmək qadağası adi bir şey kimi qəbul olunurdu. [...] Erkən məsihçilər İsanın həlim olmaq və zorakılıqdan qaçınmaq tapşırığını hərfi mə’nada qəbul edərək, onun sözlərinə dəqiqliklə riayət edirdilər. Dinləri onlar üçün sülh mə’nasını daşıyırdı; onlar qan töküldüyü üçün müharibələri qətiyyətlə mühakimə edirdilər» («Christian Attitude to War»). Bəli, əgər özünü xristian adlandıran hər bir kəs bu tə’limə müvafiq yaşasaydı, bəşər tarixi tamamilə başqa cür olardı!
İsanın bütün tə’limləri sizə fayda gətirə bilər
İsanın nəzərdən keçirdiyimiz tə’limləri gözəl, sadə və tə’sirlidir. İnsanlar onun tə’limləri ilə tanış olub, onları həyatlarında tətbiq etməklə fayda əldə edə bilərləra.
Sizin ərazidə yaşayan Yehovanın Şahidləri hansısa insanın söyləyə biləcəyindən daha müdrik olan tə’limləri sizə çatdırmağa şad olacaqlar. Sizi səmimi qəlbdən onlarla əlaqə yaratmağa və ya bu nəşrin 2-ci səhifəsindəki ünvanlardan birinə yazmağa də’vət edirik.
[Haşiyə]
a İsanın tə’limlərini ardıcıl olaraq nəzərdən keçirmək üçün, Yehovanın Şahidləri tərəfindən çap olunmuş «Dünyada yaşamış ən böyük insan» (türk.) kitabına baxın.