İnsanlara Yehovanın gözü ilə baxırsınızmı?
«Bədəndə ayrılıq olmasın, əksinə bütün üzvlər bir-birinin qayğısına qalsın». 1 KOR. 12:25
1. İlk dəfə ruhani cənnətə daxil olanda hansı hissləri keçirmişdiniz?
BİZ ilk dəfə pis dünyadan çıxıb Yehovanın xalqı ilə ünsiyyət etməyə başlayanda, çox ehtimal ki, onlardakı səmimi məhəbbət və qayğıkeşlik çox xoşumuza gəlmişdi. Onlar Şeytanın idarə etdiyi kobud, davakar və kinli insanlardan necə də fərqlənirdilər! Biz sülh və birliyin hökm sürdüyü ruhani cənnətə daxil olmuşduq (Yeşaya 48:17, 18; 60:18; 65:25).
2. a) Bizim başqalarına olan münasibətimizə nə təsir edə bilər? b) Bizə nə etmək lazım gələ bilər?
2 Ancaq vaxt keçdikcə, qeyri-kamillik ucbatından qardaşlarımıza yanlış nöqteyi-nəzərdən baxmağa başlaya bilərik. Qeyri-kamilliyimizə görə qardaşlarımızın ruhani keyfiyyətlərini görmək əvəzinə, onların səhvlərini şişirdə bilərik. Qısaca olaraq desək, hərdən onlara Yehovanın gözü ilə baxmağı unuduruq. Əgər bu bizimlə də baş veribsə, onda insanlara olan münasibətimizə diqqət yetirməyin və onlara Yehova kimi münasibət bəsləməyi öyrənməyin vaxtıdır (Çıx. 33:13).
Yehova qardaşlarımıza necə baxır?
3. Müqəddəs Kitab məsihçi yığıncağını nə ilə müqayisə edir?
3 Həvari Pavel, 1 Korinflilərə 12:2-26 ayələrində yazıldığı kimi, məsh olunmuşların yığıncağını ‘çoxlu üzvlərə malik’ bədənlə müqayisə etmişdi. Bədənin orqanları müxtəlif olduğu kimi, yığıncağın üzvləri də xasiyyətlərinə və bacarıqlarına görə bir-birindən olduqca fərqlənirlər. Ancaq Yehova bu müxtəlifliyi qəbul edir. O, yığıncağın hər bir üzvünü sevir və qiymətləndirir. Buna görə həvari Pavel də məsləhət görür ki, yığıncağın üzvləri «bir-birinin qayğısına qalsın». Başqalarının xasiyyəti bizimkindən xeyli fərqləndiyi üçün, bu məsləhətə əməl etmək çətin ola bilər.
4. Nəyə görə qardaşlarımıza olan münasibətimizi dəyişməyə ehtiyac ola bilər?
4 Biz hətta diqqəti başqalarının zəif cəhətlərinə cəmləşdirməyə meylli ola bilərik. Belə etdikdə biz sanki diqqətimizi şəklin ancaq müəyyən bir hissəsinə cəmləşdiririk. Yehova isə hərtərəfli baxdığı üçün şəkli bütünlüklə görür. Yehova insanı, onun bütün yaxşı keyfiyyətləri də daxil olmaqla, bütünlüklə görür, biz isə diqqətimizi xoşumuza gəlməyən şeyə yönəltməyə meylli ola bilərik. Yehovaya nə qədər çox bənzəməyə çalışsaq, bir o qədər də yığıncaqda məhəbbət və birliyin olmasına kömək edə bilərik (Efes. 4:1-3; 5:1, 2).
5. Başqalarını mühakimə etmək nə üçün düzgün deyil?
5 İsa bilirdi ki, qeyri-kamil insanlar çox vaxt başqalarını mühakimə etməyə meylli olurlar. O məsləhət vermişdi: «Mühakimə etməyin ki, mühakimə olunmayasınız» (Mat. 7:1). Diqqətinizə çatdırmaq istəyərdik ki, orijinal mətnə əsasən, İsa «mühakimə etməyin» deyil, «mühakimə etməyə son qoyun» demişdi. O bilirdi ki, dinləyicilərinin çoxu başqalarını tənqid etməyə öyrəşiblər. Ola bilərmi ki, bizdə də bu cür vərdiş olsun? Əgər bizdə belə bir meyl varsa, dəyişilmək üçün ciddi səy göstərməliyik ki, özümüz də hökmə uğramayaq. Doğrudan da, biz kimik ki, Yehovanın hansısa işə təyin etdiyi adamı mühakimə edək və ya onun yığıncağın üzvü olmağa layiq olmadığını deyək? Qardaşın zəiflikləri ola bilər, ancaq Yehova onu qəbul edirsə, bizim onu rədd etməyimiz düzgün olardımı? (Yəh. 6:44). Bəs biz Yehovanın Öz təşkilatına rəhbərlik etdiyinə və dəyişiklik lazım gəlsə, vaxtında tədbir görəcəyinə doğrudan da inanırıqmı? (Romalılara 14:1-4 ayələrini oxu.)
6. Yehova Öz xidmətçilərinə necə baxır?
6 Yehovanın gözəl xüsusiyyətlərindən biri odur ki, O, hər bir məsihçinin yeni dünyada kamilliyə çatanda necə ola biləcəyini görür. O, həm də məsihçinin indiyədək hansı ruhani nailiyyətləri əldə etdiyini bilir. Buna görə də, Ona hər bir zəifliyə diqqəti yönəltmək lazım gəlmir. Məzmur 103:12 ayəsində oxuyuruq: «Nə qədər şərq qərbdən uzaqdırsa, asiliklərimizi bizdən o qədər uzaqlaşdırıb». Şəxsən biz bunun üçün necə də minnətdar olmalıyıq! (Məz. 130:3).
7. Yehovanın Davuda olan münasibətindən nə öyrənirik?
7 Müqəddəs Yazılardan Yehovanın diqqəti insanın yaxşı keyfiyyətlərinə yönəltmək kimi qeyri-adi bacarığa malik olduğunu görürük. Allah Davudu ‘əmrlərinə əməl edib gözündə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Ona xidmət edən’ adam kimi təsvir etmişdi (1 Pad. 14:8). Əlbəttə, biz Davudun bəzi düzgün olmayan hərəkətlərə yol verdiyini bilirik. Ancaq Yehova diqqətini Davudun yaxşı keyfiyyətlərinə cəmləşdirirdi, çünki onun ürəyinin düz olduğunu bilirdi (1 Saln. 29:17).
Qardaşlara Yehovanın gözü ilə baxın
8, 9. a) Yehovaya nədə bənzəyə bilərik? b) Nümunə əsasında bunu necə göstərmək olar və bu hansı nəticəni gətirəcək?
8 Bizdən fərqli olaraq, Yehova insanların ürəyini oxuya bilir. Elə bunun özü başqalarını mühakimə etməmək üçün tutarlı səbəbdir. Biz qarşımızdakının niyyətlərini tam bilmirik. Yehovanı təqlid etməyə çalışaraq, diqqətimizi insanın əvvəl-axır yox olacaq qeyri-kamilliyinə cəmləməli deyilik. Bu cəhətdən Yehovaya bənzəməyi qarşımıza məqsəd qoymaq yaxşı olmazdımı? Belə etmək bacı-qardaşlarımızla sülhdə olmağımıza çox kömək edəcək (Efes. 4:23, 24).
9 Misal üçün, uçulub dağılmış bir evi təsəvvürünüzə gətirin. Onun navalçaları sallanıb, pəncərələri sınıb, tavanını isə su yararsız hala salıb. Camaat bu evə baxanda fikirləşir ki, onu uçurmaq lazımdır, onsuz da heç nəyə yaramır. Ancaq evi görənlərdən biri tamamilə başqa cür fikirləşir. Çünki o, evə üzdən baxmır, onun möhkəm tikildiyini və bərpa edilə biləcəyini görür. Evi alıb təmir edir və onun görkəmi dəyişir. Bundan sonra yoldan keçənlər evin çox gözəl olduğunu deyirlər. Biz də evi təmir və ya bərpa etməyə çalışan bu adam kimi ola bilərikmi? Diqqətimizi qardaşlarımızın ilk baxışdan nəzərə çarpan səhvlərinə cəmləşdirməkdənsə, onların yaxşı keyfiyyətlərini və ruhani cəhətdən inkişaf edə biləcəklərini görürükmü? Əgər belə ediriksə, biz də Yehova kimi, qardaşlarımızı gözəl ruhani keyfiyyətlərinə görə sevməyə başlayacağıq. (İbranilərə 6:10 ayəsini oxu.)
10. Filipililərə 2:3, 4 ayələrindəki məsləhət bizə necə kömək edə bilər?
10 Həvari Pavel yığıncaqdakı bütün həmimanlılarımızla münasibətdə bizə kömək edəcək bir neçə məsləhət vermişdi. O, məsihçiləri təşviq edirdi: «Rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməyin, amma təvazökarlıqla bir-birinizi özünüzdən yuxarı sayın. Hər kəs yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün» (Filip. 2:3, 4). Həlimlik bizə başqalarına düzgün münasibət göstərməyə kömək edəcək. Həmçinin insanlara şəxsi maraq göstərməyin və onlarda yaxşı keyfiyyətlər axtarmağın sayəsində onlara Yehovanın gözü ilə baxmağı öyrənəcəyik.
11. Bəzi yığıncaqlarda hansı dəyişikliklər baş vermişdir?
11 Son zamanlarda bütün dünyada baş verən dəyişikliklər nəticəsində çoxları başqa ölkələrə köçməli olmuşlar. İndi bir çox şəhərlərdə müxtəlif ölkələrdən olan adamlar yaşayırlar. Ərazimizə yeni köçən adamlardan bəziləri Müqəddəs Kitab həqiqəti ilə maraqlanmış və Yehovaya ibadətdə bizə qoşulmuşdur. Onlar «hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan» adamlardır (Vəhy 7:9). Nəticədə, yığıncaqlarımızın çoxu dünyanın müxtəlif yerlərindən gələn adamlardan ibarətdir.
12. Biz bir-birimizə necə münasibət bəsləməliyik və nə üçün bu hərdən çətin ola bilər?
12 Bu səbəbdən başqalarına düzgün münasibəti qorumaq üçün bizə daha çox diqqətli olmaq lazım gələ bilər. Bunun üçün həvari Pavelin ‘qardaşlar üçün riyasız məhəbbət’ göstərməli və ‘bir-birimizi var qüvvəmizlə səmimi qəlbdən sevməli’ olduğumuza dair verdiyi məsləhəti yadda saxlamaq lazımdır (1 Pet. 1:22). Çoxmillətli yığıncaqlarda həqiqi məhəbbət və bağlılığı inkişaf etdirmək çətin ola bilər. Həmimanlılarımızın mədəniyyəti, eləcə də təhsili, iqtisadi və etnik mənşəyi bizimkindən köklü surətdə fərqlənə bilər. Sən onların düşüncə tərzini və yaxud hərəkətlərini başa düşməyə çətinlik çəkirsənmi? Onlar da sənin haqqında eyni fikirdə ola bilərlər. Buna baxmayaraq, bizim hamımıza məsləhət edilir: «Qardaşlığı sevin» (1 Pet. 2:17).
13. Düşüncə tərzimizdə hansı dəyişiklikləri etmək lazım gələ bilər?
13 Qardaşlarımızın hamısını sevmək üçün düşüncə tərzimizdə nəyisə dəyişmək lazım gələ bilər. (2 Korinflilərə 6:12, 13 ayələrini oxu.) Hərdən belə dediyimizi müşahidə edirikmi: «Mən heç kim haqqında mənfi fikirdə deyiləm, amma...», sonra da başlayırıq öz fikrimizcə hansısa xalqa xas olan bəzi mənfi xüsusiyyətləri sadalamağa? Bu cür sözlər daxilimizdə kök salmış mənfi fikirləri silib atmağa ehtiyacımız olduğunu üzə çıxarır. Özümüzdən soruşa bilərik: «Mən həmişə başqa mədəniyyətdən olan insanlarla tanış olmağa cəhd göstərirəmmi?» Özümüzü bu cür yoxlamağımız beynəlxalq qardaşlığımızı qəbul edib, onu daha çox sevməyimizə kömək edə bilər.
14, 15. a) Müqəddəs Kitabda adları çəkilən bəzi adamların düşüncə tərzini kim dəyişdirdi? b) Biz onları necə təqlid edə bilərik?
14 Müqəddəs Kitabda öz düşüncə tərzini dəyişən adamların gözəl nümunələri yazılıb. Onlardan biri də həvari Peter olmuşdur. Yəhudi olduğu üçün Peter bütpərəstlərin evinə getmirdi. Ona başqa xalqdan olan, sünnət olunmamış Korneliusun evinə getmək tapşırılanda, təsəvvür edin, özünü necə hiss etmişdi! Ancaq Peter düşüncə tərzini dəyişdi, çünki o, başa düşdü ki, Allah bütün xalqlardan olan insanların məsihçi yığıncağının üzvü olmasını istəyir (Həv. iş. 10:9-35). Sonralar həvari Pavel olan Şaul da düşüncə tərzini dəyişdi və mənfi fikirləri özündən uzaqlaşdırdı. O etiraf etdi ki, məsihçilərə o qədər nifrət edirdi ki, ‘həddini bilməyərək Allahın cəmiyyətini təqib edib, onu viran qoyurdu’. Bununla belə, İsa Məsih Pavelin düşüncə tərzinə düzəliş verəndən sonra o, böyük dəyişikliklər etdi və hətta bir zamanlar təqib etdiyi adamların rəhbərliyini qəbul etməyə başladı (Qalat. 1:13-20).
15 Şübhəsiz, biz Yehovanın ruhunun köməyilə münasibətimizi dəyişə bilərik. Əgər özümüzdə mənfi fikirlərin izlərini aşkar ediriksə, gəlin onları aradan qaldırmaq üçün tədbir görək və ‘ruhun vəhdətini sülh bağı ilə saxlamağa səy göstərək’ (Efes. 4:3-6). Müqəddəs Kitab bizi ‘kamil birliyin bağı olan məhəbbəti geyinməyə’ təşviq edir (Kolos. 3:14).
Təbliğ işində Yehovanı təqlid edirik
16. Allahın insanlara dair iradəsi nədən ibarətdir?
16 «Allah önündə ayrı-seçkilik yoxdur», deyə həvari Pavel yazmışdır (Rom. 2:11). Yehovanın niyyəti ondan ibarətdir ki, bütün xalqlardan olan insanlar Ona ibadət edə bilsin. (1 Timoteyə 2:3, 4 ayələrini oxu.) Bu niyyətini həyata keçirmək üçün O, ‘əbədi Müjdənin’ «hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa» təbliğ edilməsinin qayğısına qalıb (Vəhy 14:6). İsa demişdi ki, «tarla... dünyadır» (Mat. 13:38). Bu sizin üçün və ailə üzvləriniz üçün hansı mənanı kəsb edir?
17. Bütün insanlara necə kömək edə bilərik?
17 Padşahlıq xəbərini insanlara çatdırmaq üçün hamının uzaq yerlərə getmək imkanı yoxdur. Buna baxmayaraq, biz bu xəbəri yaşadığımız ərazidə dünyanın müxtəlif yerlərindən gələn insanlara çatdıra bilərik. Təkcə illər boyunca təbliğ etdiyimiz insanlara deyil, bütün insanlara şahidlik etmək üçün fürsət axtarırıqmı? Nə üçün hələ əsaslı surətdə təbliğ edilməyən insanlara şahidlik etməyi qarşınıza məqsəd qoymayasınız? (Rom. 15:20, 21).
18. İsa insanlara necə qayğı göstərirdi?
18 İsa hamıya kömək etmək lazım olduğunu yaxşı başa düşürdü. O, təkcə bir ərazidə təbliğ etmirdi. Müqəddəs Kitabın bir yerində onun ‘bütün şəhər və kəndləri dolaşdığı’ deyilir. Bundan başqa, ‘izdihamı gördükdə İsanın onlara yazığı gəlmiş’ və onlara kömək etmək lazım olduğunu bildirmişdi (Mat. 9:35-37).
19, 20. Yehovanın və İsanın bütün insanlara göstərdiyi qayğını necə əks etdirə bilərik?
19 İnsanlara qayğı göstərməkdə İsanı necə təqlid edə bilərik? Bəziləri ərazilərinin tez-tez işlənməyən yerlərində, məsələn, işgüzar ərazilərdə, parklarda, avtomobil dayanacaqlarında və mühafizə olunan yaşayış binalarının qabağında təbliğ etməyə çalışırlar. Başqaları ərazilərində yaşayan müəyyən etnik qruplara və ya əvvəllər tez-tez şahidlik edilməyən qruplara təbliğ etmək üçün yeni dil öyrənməyə səy göstərirlər. İnsanı doğma dilində salamlamağımız onunla nə dərəcədə maraqlandığımızı göstərə bilər. Əgər özümüzün başqa dili öyrənməyimiz mümkün deyilsə, başqalarını buna təşviq edə bilərik. Əlbəttə, biz başqa ölkələrdən olan adamlara təbliğ etmək istəyənləri ruhdan salmaq və ya onların niyyətini şübhə altına almaq istəməzdik. Allahın gözündə insanların həyatı qiymətlidir, biz də hər şeyə Allahın gözü ilə baxmaq istəyirik (Kolos. 3:10, 11).
20 Həmçinin insanlara Allahın gözü ilə baxmaq, şəraitindən asılı olmayaraq, hamıya təbliğ etmək deməkdir. Bəziləri evsiz-eşiksiz, səliqəsiz ola bilər və ya açıq-aşkar əxlaqsız həyat tərzi sürə bilər. Kiminsə bizimlə pis rəftarı bütün xalq və ya etnik qrup haqqında mənfi rəydə olmağa əsas vermir. Bəziləri Pavellə pis rəftar etsələr də, o yol vermədi ki, bu, həmin xalqdan olan insanlara təbliğ etməyə ona mane olsun (Həv. iş. 14:5-7, 19-22). O inanırdı ki, xəbərə yaxşı hay verənlər tapıla bilər.
21. Yehovanın insanlara münasibətini əks etdirmək sizə necə kömək edəcək?
21 Aydındır ki, yerli qardaşlara, beynəlxalq qardaşlığımıza və ya ərazimizdəki insanlara qarşı düzgün nöqteyi-nəzərə — Yehovanın nöqteyi-nəzərinə malik olmaq lazımdır. Yehovanın insanlara münasibəti üzərində nə qədər çox düşünsək, bir o qədər də sülh və birliyin olmasına kömək edəcəyik. Eləcə də, insanlara kömək edə biləcəyik ki, Öz ‘əlləri yaratdığı’ üçün, hamıya məhəbbətlə qayğı göstərən, «tərəfkeşlik etməyən» Allahı, Yehovanı sevsinlər (Əyy. 34:19).
Cavab verə bilərsinizimi?
• Qardaşlarımıza hansı münasibəti bəsləməli deyilik?
• Qardaşlarımıza olan münasibətimizdə Yehovadan necə nümunə götürə bilərik?
• Beynəlxalq qardaşlığımıza münasibət haqqında nə öyrəndiniz?
• Yehovanın insanlara münasibətini xidmətimizdə necə təqlid edə bilərik?
[26-cı səhifədəki şəkil]
Başqa mədəniyyətlərdən olan insanlarla yaxından necə tanış olmaq olar?
[28-ci səhifədəki şəkilləər]
Xoş xəbəri daha çox insana necə çatdırmaq olar?