Siz çətinliklərin öhdəsindən gələ bilərsiniz
YAŞADIĞIMIZ bu çətin günlərdə çoxlarının başına bəlalar gəlir. Ancaq Allaha olan məhəbbət və Onun prinsiplərinə bəslədikləri sədaqətin sayəsində məsihçilər bu çətinliklərin öhdəsindən uğurla gəlirlər. Bu necə mümkündür? Bu sualın cavabını İsa Məsihin bir məsəlində aydın görmək olar. Orada İsa öz itaətkar şagirdlərini «evini daş üzərində quran ağıllı adama» bənzədirdi. O deyirdi: «Yağış yağdı, sellər gəldi, yellər əsdi və o evə hücum etdi. Ev uçmadı; çünki təməli daş üstə qurulmuşdu» (Matta 7:24, 25).
Fikir verin: məsəldəki adam ağıllı olsa da, onun da başına yağış, sellər, güclü küləklərə bənzər bəlalar gəlir. İsa bu məsəldə şagirdlərinin problemsiz, sakit, dinc həyat sürəcəklərini demədi (Məzmur 34:19; Yaqub 4:13-15). Əksinə, o göstərdi ki, bu cür çətinliklərə qabaqcadan hazırlaşmaq və onlara tab gətirmək mümkündür.
İsa məsəlinə bu sözlərlə başladı: «Mənim bu sözlərimi kim eşidib onları həyata keçirərsə, onu öz evini daş üzərində quran ağıllı adama bənzədirəm». İsa burada ev tikməkdən yox, məsihçi şəxsiyyətini və davranışını formalaşdırmaqdan danışırdı. Məsihin sözlərinə qulaq asanlar ağılla və düşüncə ilə hərəkət edirlər. Onlar öyrəndiklərini tətbiq etməklə həyatlarını Məsihin ‘daşa’ bənzəyən tə’limləri üzərində qururlar. Məsəldə bir maraqlı cəhət də var: daş torpağın üzündə deyildi. Ona çatmaq üçün «qazıb dərinə» getmək lazım idi (Luka 6:48). Eynilə, Məsihin şagirdləri də var qüvvələri ilə çalışaraq, Allaha xoş olan keyfiyyətləri yetişdirirlər. Bu, onları Allahla yaxınlaşdırır (Matta 5:5-7; 6:33).
Bəs yağışa, selə, bərk küləyə bənzər çətinliklər məsihçilərin ‘evinin’ təməlinin möhkəmliyini sınayanda onlar nə edirlər? Məsihin tə’limlərinə bəslədikləri sədaqət və yetişdirdikləri digər keyfiyyətlər belə sınaqlar zamanı onları möhkəmləndirir. Ələlxüsus, qarşıdan gələn Har-Megidon müharibəsində bu keyfiyyətlər onların əzmli olmalarına kömək edəcək (Matta 5:10-12; Vəhy 16:15, 16). Bəli, Məsihin tə’limlərinə əsasən yaşayanların çoxu sınaqların öhdəsindən uğurla gəlirlər. Bunu siz də bacaracaqsınız (1 Peter 2:21-23).