Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Həyatdakı gərginliyi azaltmağa dair praktiki rəhbərlik
    Gözətçi qülləsi 2002 | 1 yanvar
    • Boyunduruq altında

      9, 10. Keçmiş zamanlarda boyunduruq nəyə əlamət idi və nəyə görə İsa insanları, onun boyunduruğunu götürməyə də’vət edirdi?

      9 Yəqin ki, İsanın, Matta 11:28, 29 ayələrində dediyi “Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin” sözlərinə diqqət yetirmisiniz. O zamanlar sadə zəhmətkeşə elə gələ bilərdi ki, boyunduruq altında çalışır. Hələ qədim zamanlarda, köləliyi və ya əsarəti təsvir etmək üçün, məcaz kimi “boyunduruq” ifadəsi istifadə edilirdi (Təkvin 27:40; Levililər 26:13; Təsniyə 28:48). İsanın qarşısına çıxan, birgünlük iş üçün tutulan fəhlələrdən çoxu, çiyinlərində ağır yük daşıyaraq, sözün əsl mə’nasında boyunduruq altında çalışırdılar. Düzəlməsindən asılı olaraq, boyunduruq boyun və çiyində ya rahat durur, ya da ki, bu hissələri sürtürdü. Bir dülgər kimi İsa, ehtimal ki, boyunduruq da düzəldirdi və onu “rahat” düzəltməyi bacarırdı. Bədəni daha az sürtsün deyə, ola bilsin, İsa boyunduruğun bədənə toxunan yerinə dəri və ya parça tikirdi.

      10 “Boyunduruğumu üzərinizə götürün” deyərkən, bəlkə də, İsa özünü, işçinin boynu və çiyni üçün “rahat” olan, keyfiyyətli boyunduruq təklif edən adamla müqayisə edirdi. Buna görə də, İsa əlavə etdi: “Yüküm yüngüldür”. Bu o demək idi ki, belə boyunduruq altında işləmək xoş idi, bu zaman əmək də kölə əməyini xatırlatmırdı. Boyunduruğunu üzərlərinə götürməyə də’vət etməklə, İsa dinləyicilərinə, həmin vaxt mövcud olan bütün yüklərdən dərhal azad olmağı təklif etmirdi. Amma insanlar İsanın öyrətdiyi kimi düşünməklə böyük yüngüllük hiss edirdilər. Həmçinin həyat tərzlərində və vərdiş etdikləri işlərdə dəyişiklik etməkdən də rahatlıq hissi duyurdular. Bundan əlavə, aydın və əsaslı ümid, həyatlarında baş verən gərginliyi azaldırdı.

      Təravət tapmaq mümkündür

      11. Nəyə görə demək olar ki, İsa bir boyunduruğu digəri ilə əvəz etməyi təklif etmirdi?

      11 Diqqət yetirin ki, İsa bir boyunduruğu digəri ilə əvəz etməyi təklif etmirdi. Bu gün məsihçilərin yaşadığı ərazilərdə hakimiyyətlər hökmranlıq etdiyi kimi, o zaman da ölkədə Roma rəhbərliyi hökmranlığını davam etdirəcəkdi. Romanın vergi ödəmə sistemi də aradan götürülməyəcəkdi. Xəstəliklər və iqtisadi çətinliklər yenə də qalacaqdı. İnsanlar həmişəki kimi, qeyri-kamilliyin və günahın əzabı altında olacaqdılar. Buna baxmayaraq, İsanın tə’liminə riayət etməklə, onlar təravət tapardılar - bu bizim üçün də mümkündür.

      12, 13. İsanın sözlərindən göründüyü kimi, insana təravət gətirən nədir və bə’ziləri onun də’vətinə necə hay verdilər?

      12 Vaxt ötdükcə aydın oldu ki, İsanın boyunduruq haqqında söylədiyi nümunə çox sahədə şagirdlər hazırlamağa aiddir. Şübhə yoxdur ki, İsa üçün vacib şərt, başqalarını öyrətmək, xüsusilə də, əsas diqqəti Allahın Padşahlığına yönəltmək idi (Matta 4:23). Buna görə də, “boyunduruğumu üzərinizə götürün” dedikdə, sözsüz bu onu göstərirdi ki, İsanın çalışdığı həmin işdə iştirak etməklə onun ardınca getmək lazımdır. İncildə oxuyuruq ki, İsa səmimi insanları məşğul olduqları işi dəyişməyə təşviq edir, bunu etmək isə, bir çoxları üçün həyatda böyük dəyişiklik demək idi. Onun Peter, Andrey, Yaqub və Yəhyaya: “Ardımca gəlin, Mən sizi insan tutan balıqçılar edəcəyəm”, də’vətini xatırlayaq (Mark 1:16-20). İsa, həyatında ən vacib olan işdən həmin balıqçıların da məmnunluq duyacaqlarını və bu işi onun rəhbərliyi və köməyi ilə icra edəcəklərini göstərdi.

      13 İsanı dinləyən yəhudilərdən bə’ziləri onun sözlərini anladılar və ardınca getdilər. Gölün sahilində baş verən və haqqında Luka 5:1-11 ayələrində bəhs edilən hadisəni təsəvvürümüzə gətirək. Dörd balıqçı bütün gecəni çalışmış, ancaq heç nə tuta bilməmişlər. Birdən onların torları balıqla dolur! Bu təsadüfən baş vermir; bunu İsa edir. Onlar sahilə nəzər saldıqda, İsanın tə’limlərini dinləmək həsrətində olan izdihamı gördülər. İsa Peterə dedi: “bu gündən e’tibarən insanları tutacaqsan”. Peter və digər şagirdlər bu də’vətə necə hay verdilər? “Qayıqları sahilə çıxararaq, hər şeyi atıb, Onun ardınca getdilər”.

      14. a) Bizim dövrümüzdə təravət tapmaq necə mümkündür? b) İsa hansı təravətverici xoş xəbəri e’lan edirdi?

      14 İsanın də’vətinə biz də eyni tərzdə hay verə bilərik. İnsanlara Müqəddəs Kitab tə’limlərini öyrətmək işi davam edir. Bütün dünyada Yehovanın altı milyona yaxın Şahidi, İsanın “boyunduruğumu üzərinizə götürün” də’vətini qəbul edib, “insan tutan balıqçılar” oldular (Matta 4:19). Bu işi bə’ziləri tammüddətli xidmətə çevirirlər; digərləri isə bacardıqları qədər icra edirlər. Bu işdə iştirak etmək hamıya təravət gətirir və onların həyatında gərginlik azalır. Axı onlar xoşladıqları işi — başqalarına xoş xəbəri, “Padşahlığın Müjdəsini” danışmaqla məşğuldurlar (Matta 4:23, İ-93). Yaxşı xəbərlər, xüsusilə də bu cür xoş xəbər haqqında danışmaq həmişə xoşdur. Müqəddəs Kitabda, bir çox insanları, gərginliyi az olan həyat tərzi sürməyin mümkün olduğuna əmin etmək üçün lazım olan əsas mə’lumat var (2 Timoteyə 3:16, 17).

      15. İsanın həyata dair tə’limlərindən fayda əldə etmək necə mümkündür?

      15 Allahın Padşahlığı haqda bu yaxınlarda bilik almağa başlayan insanlar, necə yaşamaq barədə İsanın tə’limlərindən artıq müəyyən dərəcədə fayda əldə ediblər. Çoxları təsdiq edə bilər ki, İsanın tə’limləri onlara təravət gətirir və yeni həyata başlamağa imkan verir. Matta, Mark və Yəhya tərəfindən yazılan Müjdələrdə İsanın həyatı və xidməti haqqında bəhs edilən əhvalatlarda ifadə olunan bə’zi həyat prinsiplərini nəzərdən keçirməklə, siz də buna əmin ola bilərsiniz.

      Təravət tapmağın yolu

      16, 17. a) İsanın əsas tə’limlərindən bə’zilərini harada tapmaq olar? b) İsanın tə’limlərinə riayət edərək, təravət almaq üçün nə lazımdır?

      16 İsa, eramızın 31-ci ilinin yazında, bugünə qədər bütün dünyada məşhur olan mə’ruzə ilə çıxış etdi. Həmin mə’ruzəni çox vaxt Dağüstü təbliğ adlandırırlar. Bu mə’ruzə Mattanın yazdığı Müjdənin 5-dən 7-dək fəsillərində, eləcə də Lukanın yazdığı Müjdənin 6-cı fəslində yazılıb. Bu təbliğdə İsanın tə’limlərindən bir çoxu ümumiləşdirilir. İsanın digər tə’limlərini İncilin başqa hissələrində tapmaq olar. Onun dediklərinin çoxu tam aydınlıqla başa düşülsə də, bunu həyatda tətbiq etmək asan olmur. Nəyə görə həmin fəsilləri diqqətlə, üzərində düşünərək oxumayasınız? Qoy İsanın söylədiyi ideyaların qüvvəsi sizin düşüncə və əhval-ruhiyyənizə tə’sir etsin.

      17 Sözsüz ki, İsanın tə’limlərini müxtəlif cür qruplaşdırmaq olar. Gəlin əsas tə’limləri elə ayıraq ki, üzərində dərindən düşünərək tətbiq edə bilək deyə, hər aya biri düşsün. Bunu necə etmək olar? Tə’limləri sadəcə olaraq gözdən keçirmək düzgün olmazdı. İsa Məsihdən: “Əbədi həyatı miras almaq üçün nə etməliyəm?” - deyə, soruşan zəngin gənc rəisi xatırlayaq. İsa, Allahın Qanununun əsas tələblərini sadalayanda, rəis həmin tələbləri artıq yerinə yetirdiyini bildirdi. Lakin gənc rəis, bunun kifayət etmədiyini başa düşürdü. İsa onu, Allahın prinsiplərinə praktikada əməl etməyə və onun fəal şagirdi olmağa də’vət etdi. Göründüyü kimi, həmin adam belə fədakarlığa hazır deyildi (Luka 18:18-23). Deməli, bu gün İsanın tə’limlərini mənimsəmək istəyənlərin hamısı, həmin tə’limlərlə yalnız razılaşmağın və onları praktikada tətbiq edərək həyatdakı gərginliyi azaltmağın arasında fərqin olduğunu yadda saxlamalıdırlar.

      18. Əlavə çərçivənin necə faydalı ola biləcəyini izah edin.

      18 İsanın tə’limlərini nəzərdən keçirib, onlara riayət etmək üçün, əlavə çərçivədə verilən birinci bəndə diqqət yetirin. Həmin bənd bizi Matta 5:3-9 kimi ayələrinə istiqamətləndirir. Açığını desək, bizlərdən hər birimiz, bu ayələrdəki gözəl nəsihətlər üzərində dərindən düşünməyə xeyli vaxt sərf edə bilərik. Lakin onları ümumi götürdükdə hansı nəticəyə gəlirsiniz, əhval-ruhiyyəmiz necə olmalıdır? Əgər lüzumsuz gərginlikdən doğrudan da azad olmaq istəyirsinizsə, sizə nə kömək edər? Fikrinizin daha çox ruhani işlərlə məşğul olmasına yol verməklə, ruhani dəyərlərə daha artıq diqqət yetirməyiniz hansı xeyirli səmərələri gətirəcəkdir? Ruhani dəyərlər barədə daha çox düşünmək üçün, həyatınızda az əhəmiyyət veriləsi şeylər varmı? Belə davranaraq, artıq indidən xoşbəxt olacaqsınız.

      19. Bilik və anlayışınızı necə dərinləşdirə bilərsiniz?

      19 İndi isə davam edək. Nəyə görə bu ayələri Allahın başqa bir xidmətçisi ilə, məsələn, həyat yoldaşınız, yaxın qohumunuz və ya dostunuzla müzakirə etməyəsiniz? (Süleymanın məsəlləri 18:24; 20:5). Unutmayaq ki, zəngin rəis bu sualı başqa bir kəslə - İsa ilə müzakirə etmək qərarına gəldi. İsanın cavabı, ona, daha xoşbəxt gələcəyə və uzunömürlü həyata malik olmaq imkanı verdi. Bu ayələri müzakirə edəcəyiniz qardaş və ya bacı İsanin səviyyəsində olmasa da, onun tə’limləri haqqında apardığınız söhbət həm sizə, həm də müsahibinizə fayda gətirəcəkdir. Tezliklə bu mövzuda söhbət etməyə çalışın.

      20, 21. İsanın tə’limlərini hansı proqram əsasında mənimsəmək olar və öz nailiyyətlərimizi necə müəyyən edə bilərik?

      20 Gəlin, “Kömək edən tə’limlər” adlı əlavə çərçivəyə bir daha nəzər salaq. Bu tə’limlər elə qruplaşdırılıb ki, gün ərzində ən azı birini nəzərdən keçirmək mümkün olsun. Əvvəlcə, gətirilən ayələrdə İsanın dediklərini oxuya bilərsiniz. Sonra onun sözləri üzərində dərindən fikirləşin. Həyatda onlara necə riayət edəcəyinizi ətraflı düşünün. Əgər onlara artıq əməl etdiyinizi sanırsınızsa, onda, yuxarıdan verilən bu tə’limə daha geniş ölçüdə necə riayət etmək barədə götür-qoy edin. Gün ərzində bu tə’lim əsasında davranmağa çalışın. Əgər hər hansı tə’limi anlamaqda və ya onu praktikada tətbiq etməkdə çətinlik çəkirsinizsə, həmin tə’limə əlavə bir gün də sərf edin. Növbəti tə’limə keçmək üçün, əvvəlkini mükəmməl öyrənmək məcburi deyil. Səhəri gün başqa tə’limi nəzərdən keçirmək olar. Həftənin sonunda, İsanın tə’limlərindən dördünə və ya beşinə nə dərəcədə yaxşı riayət etdiyinizi yoxlaya bilərsiniz. İkinci həftədə, günü-gündən növbəti tə’limlərə diqqət yetirin. Əgər hansısa tə’limi həyata keçirməyə müvəffəq olmamısınızsa, ruhdan düşməyin. Bu hər məsihçinin başına gəlir (2 Tarixlər 6:36; Məzmur 130:3; Vaiz 7:20; Yaqub 3:8). Üçüncü və dördüncü həftə üçün təklif olunan plana riayət etməyə davam edin.

      21 Ehtimal ki, ay ərzində 31 bəndin hər birinə diqqət yetirə biləcəksiniz. Hətta buna müvəffəq olmasanız belə, siz ikinci ayın əvvəlində özünüzü necə hiss edəcəksiniz? Məgər göstərdiyiniz sə’yə görə xoşbəxtliyiniz bir qədər artmayacaqmı? Gərginliyiniz azalmayacaqmı? Böyük dəyişiklik olmasa da, ehtimal ki, gərginlik azalacaq. Hər halda siz onun öhdəsindən gəlməyi öyrənəcəksiniz. Bundan başqa, planlaşdırmağı öyrənəcəksiniz. Unutmayın ki, İsanın tə’limlərindəki gözəl fikirlərin bir çoxu bu siyahıya daxil olmayıb. Nəyə görə onları axtarmağa və praktikada tətbiq etməyə sə’y göstərməyəsiniz? (Filipililərə 3:16).

      22. İsanın tə’limlərinə riayət etməklə nəyə nail olmaq mümkündür və hansı sualı dərindən araşdırmaq lazımdır?

      22 Gördüyümüz kimi, İsanın boyunduruğu yüngül olmasa da, çox rahatdır. Onun tə’limlərini daşımaq və şagirdi olmaq asandır. İsanın yaxın dostu olan və onun tə’limlərinə 60 ildən artıq riayət edən həvari Yəhya bu fikirlə razılaşaraq yazırdı: “Çünki Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir” (1 Yəhya 5:3). Buna biz də əmin ola bilərik. İsanın tə’limlərinə nə qədər çox riayət ediriksə, bir o qədər də aydın olur ki, bu gün çox insanların həyatını olduqca gərgin edən amillər, bizə eyni tərzdə əzab vermir. Yaşamaq xeyli asanlaşır (Məzmur 34:8). Lakin İsanın rahat boyunduruğu ilə əlaqədar, daha bir məsələni nəzərdən keçirməliyik. İsa həmçinin, “həlim və qəlbdən təvazökar”olduğunu söylədi. Bu, İsadan tə’lim almağımızla və onu təqlid etməyimizlə necə bağlıdır? Bu haqda növbəti məqalədə bəhs olunacaqdır (Matta 11:29).

  • “Məndən öyrənin”
    Gözətçi qülləsi 2002 | 1 yanvar
    • “Məndən öyrənin”

      “Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbdən təvazökaram; və canınıza təravət taparsınız” (MATTA 11:29, YD).

      1. İsadan öyrənmək nəyə görə xoşdur və həyatı zənginləşdirir?

      İSA MƏSİH həmişə lazımi tərzdə düşünür, öyrədir və davranırdı. O, yer üzündə az müddət yaşamış olsa da, böyük sevinc və məmnunluq gətirən işlə məşğul olurdu və çox xoşbəxt idi. İsa şagirdlər toplayır, onlara Allaha ibadət etməyi, insanları sevməyi və dünyaya qalib gəlməyi öyrədirdi (Yəhya 16:33). O, insanların ürəyini ümidlə doldurdu və “Müjdə vasitəsilə həyatı və ölməzliyi aydınlığa çıxardı” (2 Timoteyə 1:10). Əgər onun şagirdləri sırasına daxilsinizsə, sizcə, şagird olmaq nə deməkdir? Şagirdləri barədə İsanın dediklərini nəzərdən keçirməklə, həyatımızı zənginləşdirməyin yolunu öyrənə bilərik. Bunun üçün, onun nöqteyi-nəzərini mənimsəmək və bir sıra əsas prinsiplərə riayət etmək lazımdır (Matta 10:24, 25; Luka 14:26, 27; Yəhya 8:31, 32; 13:35; 15:8).

      2, 3. a) İsanın şagirdi olmaq nə deməkdir? b) Özümüzdən: “Mən kimin şagirdiyəm” deyə, soruşmaq nəyə görə vacibdir?

      2 Yunanca Müqəddəs Yazılarda “şagird” kimi tərcümə olunan söz, əsasən diqqətini bir şeyə cəmləşdirən və ya öyrənən kəsə işarə edir. Buna yaxın olan söz, bu məqalənin əsasını təşkil edən Matta 11:29 (YD) ayəsində də istifadə olunur: “Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbdən təvazökaram; və canınıza təravət taparsınız”. Bəli, şagird - öyrənən şəxsdir. Adətən İncildə, İsa təbliğ edən zaman onunla birlikdə olan, ondan nəsihət alan və ona qəlbən bağlı olan davamçılar şagird adlanırlar. Elə adamlar da vardı ki, bə’zən gizli surətdə də olsa, İsanın tə’limləri ilə sadəcə razılaşırdılar (Luka 6:17; Yəhya 19:38). İncildə “[vəftizçi] Yəhyanın şagirdləri... və fəriseylərin şagirdləri” barədə də bəhs olunur (Mark 2:18). İsanın öz davamçılarına “fərisey... tə’limindən qorunmağı” buyurduğunu nəzərə alaraq, özümüzdən soruşa bilərik: “Bəs mən kimin şagirdiyəm?” (Matta 16:12).

      3 Əgər biz İsanın şagirdiyiksə və ondan öyrənmişiksə, bizimlə ünsiyyət başqalarına ruhani təravət gətirməlidir. Bizim daha da həlim və qəlbdən təvazökar olduğumuz onlara mə’lum olmalıdır. Əgər iş yerində rəhbər vəzifə tuturuqsa, övladlarımız varsa və ya məsihçi yığıncağında ağsaqqal vəzifəsini icra ediriksə, qayğımıza həvalə olunan insanlar bizim onlarla, İsanın davrandığı kimi davrandığımızı hiss edirlərmi?

      İsanın insanlarla davranış tərzi

      4, 5. a) İsanın çətinlik çəkən insanlarla necə davrandığını öyrənmək nə üçün çətin deyil? b) İsa bir fəriseyin evində çörək yeyərkən nə baş verdi?

      4 İsanın insanlarla, xüsusilə də ciddi problemi olanlarla necə davrandığını bilməyimiz vacibdir. Bunu müəyyən etmək çətin deyil; Müqəddəs Kitabda, İsanın başqaları ilə, o cümlədən çətinliyi olanlarla necə davrandığını göstərən çoxsaylı hadisələr təsvir olunub. Gəlin həmçinin, din rəhbərlərinin, xüsusilə də fəriseylərin problemlərlə qarşılaşan insanlarla necə davrandığına diqqət yetirək. Bu cür müqayisə çox şeyi aşkar edəcəkdir.

      5 Eramızın 31-ci ilində, İsa Qalileyada təbliğ edərkən “fəriseylərdən biri İsadan xahiş etdi ki, onunla bərabər çörək yesin”. İsa bu də’vətə e’tiraz etmədi. “O da fəriseyin evinə girdi və süfrə başında oturdu. Və budur, həmin şəhərdə yaşayan günahkar bir qadın, İsanın fəriseyin evində süfrə başında oturduğundan xəbər tutduqda bəyaz mərmər bir qabda bahalı yağ gətirdi. Arxada, İsanın ayaqlarının yanında durdu, ağlayaraq Onun ayaqlarını göz yaşları ilə islatmağa başladı; sonra öz saçları ilə sildi, Onun ayaqlarını öpdü və bahalı yağ ilə yağladı” (Luka 7:36-38).

      6. “Günahkar” qadın fəriseyin evinə hansı səbəbdən gələ bilərdi?

      6 Bu mənzərəni təsəvvür edirsinizmi? Bir arayış kitabçasında deyilir: “Qadın (ayə 37), ehtiyacı olan adamlara belə qonaqlığa gəlib, süfrədən qalan qalıqları aparmağa icazə verən adətdən istifadə etmişdi”. Də’vət olunmamış adamın hər-hansı evə gəlişinin səbəbi yəqin ki, məhz bu ola bilərdi. İstisna deyil ki, o an bu evə, ziyafətdən sonra qalıqlardan aparmaq ümidi ilə gələn başqa adamlar da vardı. Lakin həmin qadın özünü qəribə aparırdı. O, naharın qurtarmasını gözləyərək, kənardan tamaşa etmirdi. Həmin qadın pis ad qazanmış və “günahkar” kimi tanınmışdı. Günahları o qədər çox idi ki, qadının “çox olan günahları”ndan İsa da xəbərdar idi (Luka 7:47).

      7, 8. a) Luka 7:36-38 ayələrində təsvir edilən şəraitdə olsaydıq, necə davranardıq? b) Şimon necə münasibət göstərdi?

      7 Özünüzü həmin dövrdə və İsanın yerində təsəvvür edin. Baş verən hadisəyə necə münasibət göstərərdiniz? Bəlkə də, həmin qadının sizə yaxınlaşmasından narahatçılıq keçirərdiniz? Bu sizə necə tə’sir edərdi? (Luka 7:45). Bəlkə də, bu sizi dəhşətə gətirərdi.

      8 Əgər qonaqlar arasında olsaydınız, siz də fərisey Şimon kimi düşünərdinizmi? “İsanı evinə də’vət edən fərisey bunu gördükdə, öz-özünə dedi: “Bu Adam peyğəmbər olsaydı, Ona toxunan qadının kim olduğunu və nəçi olduğunu bilərdi, çünki bu qadın günahkardır” (Luka 7:39). İsa isə, insanlarla münasibətdə hər zaman dərin şəfqət hissi təzahür etdirirdi. O bu qadının vəziyyətinin nə qədər ağır olduğunu və onun necə mə’yus olduğunu anlayırdı. Müqəddəs Kitabda, qadının düşdüyü günahlı həyat tərzinin səbəbi deyilmir. Əgər o, həqiqətən də fahişə idisə, həmin şəhərdə yaşayan kişilər, mö’min yəhudilər, göründüyü kimi, həyatını dəyişməkdə ona kömək etməmişdilər.

      9. İsa necə davrandı və bu, ehtimala görə nəyə səbəb oldu?

      9 Amma İsa qadına kömək etmək istəyirdi. O dedi: “Günahların bağışlandı”. Sonra əlavə etdi: “İmanın səni xilas etdi. Sülh ilə get” (Luka 7:48-50). Bununla da, hekayə sona çatır. Lakin kim isə deyə bilər ki, İsa həmin qadın üçün elə bir iş etmədi. Əslində qadına xeyir-dua verməklə İsa, onu yola salmış oldu. Bəlkə də düşündünüz ki, qadın yenə öz pis həyat tərzinə qayıtdı? Bu dəqiq mə’lum deyil, amma Lukanın daha sonra dediklərinə diqqət yetirin. O söyləyir ki, “İsa şəhərləri və kəndləri dolaşıb təbliğ edərək, Allahın Padşahlığını müjd eyləyirdi”. Luka həmçinin mə’lumat verir ki, İsa və şagirdləri ilə birlikdə, onlara “əmlakları ilə” xidmət edən “başqa bir çox qadınlar” da vardı. Ehtimal etmək olar ki, tövbə edən və yaxşılığa qiymət verən həmin qadın da, təmiz vicdanla namuslu həyat sürməyə başlayıb, həyatın mə’nasını dərk edərək və Allaha daha dərin məhəbbət inkişaf etdirərək, İsa ilə birlikdə olan qadınların arasında idi (Luka 8:1-3, İ-93).

      İsa ilə fəriseylər arasındakı fərq

      10. Şimonun evində İsa və qadınla baş verən hadisə üzərində düşünmək nəyə görə faydalıdır?

      10 Tə’sir bağışlayan bu hekayədən biz nə öyrənə bilərik? Şübhə yoxdur ki, buna e’tinasız yanaşa bilmərik. Əgər Şimonun evində olsaydınız nə hiss edərdiniz? Siz İsa kimi davranardınız, yoxsa onu də’vət edən fəriseyin hisslərinə bənzər hisslərə qapılardınız? İsa Allahın Oğlu idi, buna görə də biz eynilə onun kimi başa düşüb, davrana bilmərik. Digər tərəfdən isə, fərisey Şimonun düşüncə tərzini əks etdirmək istəməzdik. Çox insanlar fəriseylərə oxşamaq istəməzdilər.

      11. Nə üçün fəriseylər kimi olmaq istəmirik?

      11 Müqəddəs Kitabı və digər tarixi mə’lumatları oxuduqda belə nəticəyə gəlirik ki, fəriseylər özləri barədə yüksək fikirdə olmuş, xalqın rifahına və firavanlığına kömək etdiklərini sanmışlar. Allahın Qanununun son dərəcə aydın və əlçatan olması onları qane etmirdi. Qanun tam aydın olmayanda, onlar, vicdanla hərəkət etməmək üçün ağır qayda-qanunlar tə’yin edərək, zahiri boşluqları doldurmağa çalşırdılar. Bu din rəhbərləri, demək olar ki, həyatın bütün sahələri, hətta cüz’i şeylər üçün də qanun tə’yin etməyə çalışırdılara.

      12. Fəriseylər özləri barədə hansı fikirdə idilər?

      12 Birinci əsrin qədim Yəhudi tarixçisi İosif Flavinin əsərlərindən aydın olur ki, fəriseylər özlərini xeyirxah, mərhəmətli, ədalətli, ümumiyyətlə, xalq müəllimi olmaq üçün tam yararlı hesab edirdilər. Onlardan bə’zilərinin bu keyfiyyətlərə malik olduqlarına şübhə yoxdur. Nakdimonu xatırlayaq (Yəhya 3:1, 2; 7:50, 51). Vaxt keçdikcə onlardan bə’ziləri məsihçi yoluna qədəm qoydular (Həvarilərin işləri 15:5). Həvari Pavel bə’zi yəhudilər, o cümlədən fəriseylər barədə yazırdı: “Allah üçün sə’yləri vardır, lakin elmə əsaslanmamışdır” (Romalılara 10:2). Buna baxmayaraq İncildə, həmin insanlar sadə xalqın gördüyü - məğrur, təkəbbürlü, öz gözlərində saleh, hər şeyə irad tutan, tənqidçi və hədsiz tələbkar kimi təsvir olunurlar.

      İsanın nöqteyi-nəzəri

      13. İsa fəriseylər barədə nə düşünürdü?

      13 İsa, din alimlərini və fəriseyləri ikiüzlü olduqlarına görə amansızcasına mühakimə edərək dedi: “Onlar ağır və çətin daşına bilən yüklər bağlayıb insanların belinə qoyarlar, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə qımıldatmaq istəməzlər”. Bəli, xalqın üzərinə qoyulan yük ağır idi, boyunduruq isə, əzab-əziyyət verirdi. İsa din alimləri ilə fəriseyləri “divanələr” adlandırdı. Divanə adam cəmiyyət üçün təhlükə yaradır. İsa həmçinin, din alimləri ilə fəriseyləri “kor rəhbərlər” adlandırıb bəyan etdi ki, onlar “Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı” xor görürlər. Kimsə istəyərmi ki, İsa onu da fəriseylər kimi hesab etsin? (Matta 23:1-4, 16, 17, 23).

      14, 15. a) İsanın Levi Matta ilə davranışını nəzərdən keçirərkən, fəriseylər haqqında nəyi öyrənirik? b) Bu hekayədən biz hansı vacib ibrət dərslərini ala bilərik?

      14 Demək olar ki, İncili oxuyanların hamısına, fəriseylərin əksəriyyətinin tənqidçi əhval- ruhiyyəli olması aydındır. İsa, vergiyığan Levi Mattanı onun şagirdi olmağa də’vət etdikdən sonra, Levi, İsa üçün böyük ziyafət düzəltdi. İncildə deyilir: “Din alimləri və fəriseylər narazı qalaraq Onun şagirdlərinə: “Nə üçün vergiyığanlar və günahkarlarla yeyib-içirsiniz?” dedilər. İsa isə onlara cavabında dedi: “...Mən salehləri deyil, günahkarları tövbəyə çağırmağa gəlmişəm” (Luka 5:27-32).

      15 İsanın həmin axşam söylədiklərindən Levi bir həqiqəti də anladı. İsa dedi: “Mən qurban yox, mərhəmət istəyirəm” sözünün mə’nasını öyrənin” (Matta 9:13). Fəriseylər qədim yəhudi peyğəmbərlərinin yazdıqlarına inandıqlarını iddia etsələr də, Hoşea 6:6 ayəsində deyilənlərə riayət etmirdilər. Onlar səhvə yol versələr belə, həmişə ən’ənələrə sadiq qalmağa çalışırdılar. Hər birimiz özündən soruşa bilər: Məni, bu və ya digər məsələnin həllində şəxsi fikri, yaxud hamı tərəfindən qəbul olunmuş üsulu əks etdirən qayda-qanunlar tərəfdarı kimi, yoxsa ilk növbədə mərhəmətli və xeyirxah adam kimi tanıyırlar?

      16. Fəriseylər hansı qaydalar əsasında yaşayırdılar və onlara bənzəməmək üçün nə etməliyik?

      16 Addımbaşı irad tutmaq, fəriseylərin adəti idi. Onlar, həqiqi və ya ehtimal edilən ən cüz’i səhvləri axtarırdılar. İnsanlar həmişə, nöqsanlar barədə onların yersiz iradlarını və xatırlatmalarını gözləyirdilər. Fəriseylər, hətta nanə, şüyüd və zirə kimi, dəyəri olmayan otların onda birini verdiklərinə görə fəxr edirdilər. Onlar öz mö’minliklərini geyimləri ilə gözə çarpdırmağa can atır və xalqı idarə etməyə çalışırdılar. Əməllərimizin İsanın nümunəsinə müvafiq olmasını istəyiriksə, əlbəttə ki, başqalarında nöqsanlar axtarmaq və onları nəzərə çarpdırmaq meylindən qaçınmalıyıq.

      İsanın problemlərə yanaşmaq üsulu

      17-19. a) İsa, nəticəsi çox ciddi ola biləcək vəziyyətə necə yanaşdı? b) Vəziyyəti gərgin və xoşagəlməz edən nə idi? c) Qadın İsaya yaxınlaşan zaman orada olsaydınız özünüzü necə aparardınız?

      17 İsanın problemlərə yanaşmaq üsulu, fəriseylərinkindən frqlənirdi. Misal üçün, nəticəsi çox ağır ola biləcək bir problemlə qarşılaşarkən İsanın necə davrandığına diqqət yetirək. Bu hadisə, qanaxmadan 12 il əzab çəkmiş bir qadınla baş vermişdi. Bu barədə Luka 8:42-48 ayələrində bəhs olunur.

      18 Markın Müjdəsində deyilir ki, qadın “qorxub titrəyərək gəldi” (Mark 5:33). Nəyə görə? Şübhəsiz, bunun səbəbi Allahın Qanununu pozduğunu bilməsi idi. Levililər 15:25-28 ayələrinə əsasən, qeyri-təbii qanaxmadan əzab çəkən qadın, xəstə olduğu müddətdə və bundan bir həftə sonra da natəmiz sayılırdı. Belə qadının toxunduğu hər əşya və təmasda olduğu insanlar natəmiz olurdu. İsaya yaxınlaşmaq üçün, həmin qadın insanların arasından keçməli idi. 2 000 il əvvəl baş vermiş bu hadisəni oxuyanda, qadına qarşı bizdə mərhəmət hissi yaranır.

      19 Əgər orada olsaydınız, baş verən hadisəni necə qiymətləndirərdiniz? Nə deyərdiniz? Diqqət yetirək ki, İsa qadına mərhəmətlə yanaşdı, məhəbbət və nəzakət göstərdi, hətta qadının xoşagəlməz bir problemə yol verə biləcəyinə işarə belə etmədi (Mark 5:34).

      20. Əgər Levililər 15:25-28 ayələrindəki tələb bu gün qüvvədə olsaydı, biz hansı çətin vəziyyətlə qarşılaşardıq?

      20 Həmin hadisədən biz nə öyrənə bilərik? Fərz edək ki, sən məsihçi yığıncağında ağsaqqalsan. Elə hesab edək ki, Levililər 15:25-28 ayələrindəki tələb müasir məsihçilər üçün qüvvədədir və məsihçi bir qadın ümidini itirib, özünü tərkedilmiş hiss edərək həmin qanunu pozub. Sən buna necə reaksiya göstərərdin? Bacının hərəkətini mühakimə edərək, onu hamının yanında alçaldardınmı? Sən deyəcəksən: “Nə danışırsınız, qətiyyən! Mən, İsanın nümunəsini təqlid edərək, yaxşılıq, məhəbbət, nəciblik və şəfqət göstərməyə çalışardım”. Çox yaxşı! Elə isə, İsadan nümunə götürərək, belə davranmaq qalır.

      21. İsa Qanuna dair insanlara nəyi öyrədirdi?

      21 İnsanlar İsanın yanında olarkən təravət duyurdular, onun iştirakı ruh yüksəkliyi və ümid verirdi. Əgər Allahın Qanunundakı əmrlər birm’ənalı idisə, onları birmə’nalı da anlamaq lazım idi. Ancaq əgər onlar ümumi xarakter daşıyırdısa, vicdanı əldə rəhbər tutmaq lazım idi. Bununla da, alınan qərarlarda Allaha olan məhəbbəti əks etdirmək imkanı yaranırdı. Qanunun çərçivəsi olduqca məhdud deyildi (Mark 2:27, 28). Allah öz xalqını sevirdi, hər zaman onun rifahı üçün çalışır və düz yoldan dönmüş xidmətçisinə mərhəmət göstərməyə hazır idi. İsa da belə davranırdı (Yəhya 14:9).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş