Bilirsinizmi?
Süleymanın məbədindəki tökmə hovuzun tutumu nə qədər idi?
1 Padşahlar 7:26 ayəsində deyilir ki, kahinlərin yuyunduğu hovuz «iki min bat su tuturdu», buna paralel olan 2 Salnamələr 4:5 ayəsində isə onun ‘üç min bat su tutduğu’ deyilir. Bəzilərinin fikrincə, bu fərq «2 Salnamələr» kitabı köçürülərkən səhvə yol verilməsi nəticəsində yaranmışdır.
Ancaq bu iki ayə bir-birinə zidd deyil. İbranicə Müqəddəs Yazıların orijinal mətnindən aydın olur ki, 2 Salnamələr 4:5 ayəsində məbəddəki hovuzun maksimum tutumundan, yəni onun nə qədər tuta bildiyindən söhbət gedir, 1 Padşahlar 7:26 ayəsində isə bu hovuza adətən nə qədər su doldurulduğu deyilir. Başqa sözlə desək, o heç vaxt axıradək doldurulmurdu. Görünür, adətən onun üçdə iki hissəsinə su tökürdülər.
Nə üçün İsa və Peter məbəd vergisini yalnız bir dəmir pulla ödədilər?
İsanın günlərində 20 yaşından yuxarı hər bir yəhudi kişidən illik məbəd vergisini ödəmək üçün iki draxma və ya bir didraxma tələb olunurdu. Bu, təxminən ikigünlük əmək haqqına bərabər idi. Bu vergini ödəməklə bağlı sual qaldırılanda İsa Peterə dedi: «Gölə get, tilov at və tilova düşən ilk balığı götür; onun ağzını açdıqda bir statir tapacaqsan. Onu götür, Mənim yerimə və öz əvəzinə onlara ver» (Matta 17:24-27).
Bir çox alimlər düşünürlər ki, burada xatırlanan «statir», əslində tetradraxmadır. Bu dəmir pul dörd draxmanın dəyərinə, yəni iki nəfərin məbəd vergisinə bərabər idi. Tetradraxma didraxmadan daha çox istifadə olunurdu. «Yeni Müqəddəs Kitab lüğəti»ndə deyilir: «Görünür, yəhudilər adətən məbəd vergisini iki nəfər birlikdə verirdi» («The New Bible Dictionary»).
Bundan əlavə, əgər kimsə bir nəfər üçün vergi ödəmək istəyirdisə, o, pulunu xırdalamalı idi. Bu halda onun pulundan 8 faizə qədər pul çıxılırdı. Amma iki nəfər üçün vergi ödəyənlər əlavə pul verməli olmurdular. Beləliklə, Mattanın yazdığı kiçik təfsilat olsa da, İsanın günlərində mövcud olan adət haqqındakı məlumata müvafiqdir.
[15-ci səhifədəki şəkil]
BÖYÜDÜLMÜŞ TETRADRAXMA