Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/1 s. 3—7
  • «Mənim ardımca gəl»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Mənim ardımca gəl»
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə İsanın ardınca getməliyik?
  • İsanın müdrikliyini təqlid et
  • İsa kimi həlim ol
  • İsa kimi səy göstər
  • İsanın ardınca getmək başqalarını sevmək deməkdir
  • İsanı təqlid etməyə kömək edən nəşr
  • Nəyə görə ‘Məsihi’ izləməliyik?
    Gözətçi qülləsi 2009
  • İsa Məsih təvazökarlıq nümunəsi qoydu
    Gözətçi qülləsi 2012
  • Məsihin nümunəsinə riayət edin
    Gözətçi qülləsi 2005
  • “Sizə bir nümunə göstərdim”
    Gözətçi qülləsi 2002
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/1 s. 3—7

«Mənim ardımca gəl»

«Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin və çarmıxını [«işgəncə dirəyini», YD] götürüb Məni izləsin» (LUKA 9:23).

1, 2. a) İsa insanları nəyə dəvət etmişdir? b) Sən bu dəvətə necə hay vermisən?

XİDMƏTİNİN sonuna yaxın İsa Pereyada, İordan çayının o biri tayında, Yəhudeyanın şimal-şərqində təbliğ edirdi. Bir cavan oğlan ona yaxınlaşıb əbədi həyatı almaq üçün nə etməli olduğunu soruşdu. İsa onun Musanın Qanununa dəqiq əməl etdiyini görüb dedi: «Get nəyin varsa sat, yoxsullara payla. Göydə xəzinən olacaqdır. Sonra gəl... Mənim ardımca get» (Mark 10:21). Bir təsəvvür et: Haqq-Taalanın vahid Oğlunun — İsanın ardınca getmək dəvətini almaq nə deməkdir?!

2 Cavan oğlan bu dəvətdən imtina etdi, ancaq onu qəbul edənlər də oldu. Bir qədər əvvəl İsa Filipə demişdi: «Ardımca gəl» (Yəh. 1:43). Filip dəvəti qəbul edib, sonra da onun həvarisi oldu. İsa Mattanı da ardınca getməyə dəvət edəndə o da bu dəvətə hay verdi (Mat. 9:9; 10:2-4). Əslində İsa: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin və çarmıxını [«işgəncə dirəyini», YD] götürüb Məni izləsin» deyəndə həmin dəvəti salehliyi sevənlərin hamısına ünvanlamışdı (Luka 9:23). Deməli, istəyi olan hər kəs İsanın davamçısı ola bilər. Bəs səndə də belə bir arzu varmı? Artıq əksəriyyətimiz İsanın bu səmimi dəvətini qəbul etmişik və təbliğ zamanı başqalarını da onun ardınca getməyə dəvət edirik.

3. Axın bizi İsanın ardınca getməkdən ayırmasın deyə nə etməliyik?

3 Əfsuslar olsun ki, həqiqətə maraq göstərənlərin bəziləri Müqəddəs Kitabı öyrənməyi dayandırırlar. Onlar həqiqətə qarşı soyuyur və nəticədə ‘axın’ onları İsanın ardınca getməkdən ayırır (İbr. 2:1). Biz bu tələdən necə qaça bilərik? Növbəti sualların üzərində düşünmək faydalı olardı: «Mən nə üçün İsanın ardınca getməyi qərara almışam? Onun ardınca getmək nə deməkdir?» Bu iki suala verdiyimiz cavabı yadda saxlasaq, seçdiyimiz bu gözəl yolda qalmaq qətiyyətimiz möhkəmlənəcək. Bu, həmçinin bizə kömək edəcək ki, başqalarını da İsanın ardınca getməyə təşviq edək.

Nəyə görə İsanın ardınca getməliyik?

4, 5. Nəyə görə İsa Rəhbər olmağa layiqdir?

4 Yeremya peyğəmbər demişdir: «Ya Rəbb, bilirəm ki, insanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yer. 10:23). Bəşər tarixi Yeremyanın sözlərinin həqiqət olduğunu dönə-dönə təsdiq etmişdir. Getdikcə aydın olmuşdur ki, qeyri-kamil insanlar öz üzərlərində müvəffəqiyyətlə rəhbərlik edə bilmirlər. Biz İsanın ardınca getmək dəvətini qəbul etmişik, çünki ondan başqa heç kimin Rəhbərimiz olmağa layiq olmadığını öyrənmişik. Gəlin nəyə görə İsanın buna layiq olduğunu nəzərdən keçirək.

5 Birincisi, İsanı Məsih və Rəhbər kimi Yehova Allahın Özü seçib. Məgər bizim necə Rəhbərə ehtiyacımız olduğunu Yaradanımızdan yaxşı bilən varmı? İkincisi, İsa valehedici və təqlid edilməyə layiq keyfiyyətlərə malikdir. (Yeşaya 11:2, 3 ayələrini oxu.) O, mükəmməl nümunədir (1 Pet. 2:21). Üçüncüsü, İsa onun ardınca gələnlərin nəvazişlə qayğısına qalır; o bunu davamçıları uğrunda öz həyatından keçməklə sübut etdi. (Yəhya 10:14, 15 ayələrini oxu.) Həmçinin o bizi hal-hazırda xoşbəxtlik gətirən, gələcəkdə isə işıqlı əbədiyyətə qovuşduran həyata aparmaqla qayğıkeş çoban olduğunu göstərir (Yəh. 10:10, 11; Vəhy 7:16, 17). Bu və digər səbəbləri nəzərə alsaq, İsanın ardınca getmək dəvətini qəbul etməyimiz müdrik qərardır. İsanın ardınca getmək özünə nəyi daxil edir?

6. İsanın ardınca getmək özünə nəyi daxil edir?

6 Məsihin davamçısı olmaq sadəcə insanın özünü məsihçi adlandırmasından daha çox məna kəsb edir. Dünyada təxminən iki milyard insan özünü Məsihin davamçısı adlandırır, lakin onların əməlləri «haqsızlıq edənlər» olduqlarını aşkara çıxarır. (Matta 7:21-23 ayələrini oxu.) İnsanlar İsanın ardınca getmək dəvətinə maraq göstərəndə biz onlara izah edirik ki, həqiqi məsihçilər həyat tərzlərini bütünlüklə onun təlimlərinə və nümunəsinə uyğunlaşdırırlar — onlar bunu hər gün edirlər. Gəlin İsa haqqında bildiyimiz bəzi şeylərin əsasında bunun əyani olaraq nə demək olduğuna baxaq.

İsanın müdrikliyini təqlid et

7, 8. a) Müdriklik nədir və nəyə görə İsa çox müdrik idi? b) İsa müdrikliyi necə təzahür etdirdi və biz onu necə təqlid edə bilərik?

7 İsa bir çox gözəl keyfiyyətlər təzahür etdirmişdir, lakin biz diqqətimizi onlardan dördünə — onun müdrikliyinə, həlimliyinə, səyinə və məhəbbətinə cəmləşdirəcəyik. İlk növbədə, gəlin onun müdrikliyinə, yəni bilik və anlayışı tətbiq etmək bacarığına nəzər salaq. Həvari Pavel yazmışdı: «Hikmətin və irfanın [biliyin] bütün xəzinələri Məsihdə gizlədilmişdir» (Kolos. 2:3). İsada belə müdriklik haradan idi? O özü demişdi: «Bunları Atanın Mənə öyrətdiyi kimi söyləyirəm» (Yəh. 8:28). Bu müdrikliyi ona Yehova vermişdi, buna görə də İsanın sağlam düşüncəli olması bizi təəccübləndirmir.

8 Məsələn, İsa həyat yolunun seçiminə müdrikliklə yanaşmışdı. O, sadə həyat sürməyi seçdi, diqqətini bir məqsədə — Allahın iradəsini yerinə yetirməyə yönəltdi. Müdrik davranaraq vaxtını və gücünü Padşahlıq işinin irəliləməsinə həsr etdi. Biz İsanın nümunəsini gözümüzü «sağlam», yəni sadə saxlamağa çalışmaqla izləyirik və buna görə də, çox güc və diqqət tələb edən lazımsız şeylərlə özümüzü yükləmirik (Mat. 6:22). Bir çox məsihçilər həyatlarını sadələşdirmişlər, bunun sayəsində onların indi daha çox xidmət etmək imkanları var. Bəziləri pioner xidmətinə başlamağa müvəffəq olmuşlar. Əgər sən də belə etmisənsə, bu, çox tərifəlayiqdir. ‘Əvvəlcə Allahın Səltənətini axtarmaq’ böyük xoşbəxtlik və məmnunluq gətirir (Mat. 6:33).

İsa kimi həlim ol

9, 10. İsa həlim olduğunu necə təzahür etdirdi?

9 Gəlin indi İsanın şəxsiyyətinin ikinci cəhətini — onun həlimliyini nəzərdən keçirək. Qeyri-kamil insanların əlinə hakimiyyət keçəndə çox vaxt özlərini «böyük adam» sanırlar. İsa necə də fərqlənirdi! Yehovanın niyyətinin yerinə yetirilməsində əsas rolu oynasa da, onda zərrə qədər də təkəbbür yox idi. Biz onun həlimliyini təqlid etməyə təşviq olunuruq. Həvari Pavel yazır: «Məsih İsada olan fikir sizin aranızda da olsun. Allah surətində olduğu halda O, Allahla bərabərliyi, imtinası mümkün olmayan bir haqq saymadı. Lakin Özünü heç edərək Özünü qul surətinə salıb, insanlara oxşar oldu» (Filip. 2:5-7). Bu nə demək idi?

10 İsa göydə Atasının yanında yaşamaq şərəfinə malik idi, lakin o, könüllü olaraq ‘Özünü heç etdi’. İsanın həyatı bakirə yəhudi qızının bətninə köçürüldü, doqquz aydan sonra köməksiz körpə kimi kasıb dülgər Yusifin ailəsində dünyaya gəldi. O, tədricən yeriməyi, danışmağı öyrəndi, böyüyüb yeniyetmə oğlan oldu. Günahsız olsa da, bütün gəncliyi boyu qeyri-kamil valideynlərinin itaətində qaldı (Luka 2:51, 52). Bəli, İsanın həlimliyi həqiqətən də heyrətamizdir!

11. Biz İsanın həlimliyini necə təqlid edə bilərik?

11 Biz şərəfli görünməyən tapşırıqları həvəslə yerinə yetirəndə İsanın həlimliyini təqlid etmiş oluruq. Misal üçün xoş xəbəri təbliğ etmək tapşırığını götürək. Bu iş şərəfli görünməyə bilər, xüsusilə də təbliğdə laqeydlik, rişxənd və ya ədavətlə üzləşəndə. Ancaq bunlara baxmayaraq təbliğ etməyə davam edəndə insanlara İsanın ardınca getmək dəvətinə hay verməyə kömək edirik. Beləliklə də, insanlara həyatlarını xilas etməyə kömək edirik. (2 Timoteyə 4:1-5 ayələrini oxu.) Həlimlik göstərməli olduğumuz digər sahə Padşahlıq Zalımızı təmiz saxlamaqdır. Bu özünə hətta çirkli görünən işləri, məsələn, zibil qablarını boşaltmaq, döşəməni silmək, tualetləri yığışdırmaq və başqa tapşırıqları yerinə yetirməyi daxil edə bilər. Biz anlayırıq ki, öz Padşahlıq Zalımızı — həqiqi ibadət mərkəzini təmiz saxlamaq müqəddəs xidmətimizin bir hissəsidir. Bu kimi tapşırıqları canla-başla yerinə yetirməklə biz həlimlik göstəririk, bununla da Məsihin izləri ilə gedirik.

İsa kimi səy göstər

12, 13. a) İsa xidmətdə necə səy göstərirdi və onu buna nə təşviq edirdi? b) Bizi xidmətdə səyli olmağa nə təşviq etməlidir?

12 Gəlin görək, İsa xidmətdə necə səy göstərirdi. Yer üzündə olanda o, çox işlər görmüşdü. O, yeniyetməlik dövründə atalığı olan Yusiflə birgə işləyərək dülgərlik sənətinə yiyələnmişdi. Xidməti zamanı İsa xəstələrə şəfa verir, ölüləri həyata qaytarır və başqa möcüzələr göstərirdi. Ancaq onun əsas işi xoş xəbəri təbliğ etmək və qulaq asmaq istəyən insanları öyrətmək idi (Mat. 4:23). Onun davamçıları olan bizlər də həmin işi etməliyik. Bəs bu sahədə Məsihin nümunəsini necə izləyə bilərik? İsanın xidmətə olan münasibətini özümüzdə inkişaf etdirməklə.

13 Hər şeydən əvvəl, İsanı təbliğ etməyə və öyrətməyə Allaha olan məhəbbəti təşviq edirdi. İsa həm də öyrətdiyi həqiqətləri sevirdi. Öyrətdiyi həqiqətlər onun üçün dəyərli xəzinə idi və o, böyük sevinclə onları insanlarla bölüşürdü. Allahın Kəlamının müəllimi olan bizlər də həqiqətə onun kimi yanaşırıq. Allahın Kəlamından öyrəndiyin bəzi dəyərli həqiqətlər üzərində bir anlığa düşün! Biz ali hökmranlığa dair mübahisəli məsələsini və onun necə həll olunacağını bilirik. Biz həm də ölənlərin vəziyyəti və Allahın yeni dünyasında Padşahlığın insanların üzərinə yağdıracağı xeyir-dualar haqqında aydın təsəvvürə malikik. Bunları yenicə, yaxud çoxdan öyrənməyimizdən asılı olmayaraq, onlar heç vaxt dəyərdən düşmür. Köhnə və ya yeni olmasına baxmayaraq, bu həqiqətlər çox qiymətli xəzinədir. (Matta 13:52 ayəsini oxu.) Şövqlə təbliğ etməklə Yehovanın bizə öyrətdiyi həqiqətə olan məhəbbəti başqalarına da aşılayırıq.

14. İsanın öyrətmək tərzini necə təqlid edə bilərik?

14 İsanın necə öyrətdiyini nəzərdən keçirək. İsa dinləyicilərinin diqqətini hər zaman Müqəddəs Yazılara yönəldirdi. O, çox vaxt vacib fikri vurğulamazdan əvvəl «yazılmışdır» deyirdi (Mat. 4:4; 21:13). O, bilavasitə və ya dolayısı ilə İbranicə Müqəddəs Yazıların yarısından çoxuna istinad etmişdir. İsa kimi, biz də həmişə Müqəddəs Kitab əsasında öyrədirik və xidmətdə ondan mümkün qədər tez-tez istifadə etməyə çalışırıq. Biz belə edəndə təmizqəlbli insanlar görürlər ki, onlara özümüzün deyil, Allahın fikirlərini söyləyirik. Kimsə Müqəddəs Kitabdan ayələr oxumağa və Allahın Kəlamının dəyəri və mənası barədə söhbət etməyə razı olanda biz çox şad oluruq. Belə insanlar İsanın ardınca getmək dəvətini qəbul edəndə sevincimizin həddi-hüdudu olmur.

İsanın ardınca getmək başqalarını sevmək deməkdir

15. İsanın ən gözəl xüsusiyyəti hansıdır və onun üzərində düşünmək bizə necə təsir edir?

15 İndi isə gəlin İsanın şəxsiyyətinin ən gözəl cəhətinə — insanlara olan məhəbbətinə nəzər salaq. Həvari Pavel yazır: «Məsihin məhəbbəti bizi məcbur edir» (2 Kor. 5:14). İsanın bütün bəşəriyyətə və hər birimizə bəslədiyi məhəbbəti üzərində düşünəndə ürəyimiz riqqətə gəlir və bizi onun nümunəsini izləməyə təşviq edir.

16, 17. İsa başqalarına olan məhəbbətini necə təzahür etdirirdi?

16 İsa insanlara məhəbbətini necə göstərirdi? Onun bəşəriyyət uğrunda canını verməyə hazır olması məhəbbətinin ən yüksək ifadəsidir (Yəh. 15:13). Lakin xidməti zamanı İsa məhəbbətini başqa cür də göstərirdi. Məsələn, İsa əzab çəkənlərin dərdinə şərik olurdu. Lazara görə yas tutan Məryəmin və camaatın göz yaşlarını görəndə İsa çox kədərləndi. Bu ona elə təsir etdi ki, Lazarı dirildəcəyinə baxmayaraq, göz yaşlarını saxlaya bilməyib «ağladı» (Yəh. 11:32-35).

17 Xidmətinin əvvəlində cüzama tutulmuş bir nəfər onun yanına gəlib dedi: «Əgər istəsən, məni saf edə bilərsən». İsa ona necə cavab verdi? Növbəti ayədə deyilir ki, İsanın «rəhmi gəldi». Sonra o, qeyri-adi bir şey etdi: «Əlini uzadıb ona toxundu və dedi: “İstəyirəm, saf ol!” Bu sözdən sonra cüzam dərhal onu tərk etdi və o, saf oldu». Musanın Qanununa görə, cüzamlılar murdar sayılırdılar və əlbəttə, İsa cüzamlıya toxunmadan da onu sağalda bilərdi. Lakin o, cüzamlıya toxunaraq onu sağaltdı. Ola bilsin, illər ərzində ilk dəfə idi ki, ona insan əlinin dəydiyini hiss etdi. İsa necə də canıyananlıq göstərdi! (Mark 1:40-42).

18. «Başqalarının dərdlərinə» necə şərik ola bilərik?

18 Məsihin davamçıları olan bizlərdən də «başqalarının dərdlərinə şərik» olmaqla məhəbbət təzahür etdirmək tələb olunur (1 Pet. 3:8). Xroniki xəstəlikdən və ya depressiyadan əziyyət çəkən həmimanlımızın hisslərini başa düşmək asan olmaya bilər, xüsusilə də əgər özümüz heç vaxt o ağrıları çəkməmişiksə. İsa özü heç vaxt xəstələnməsə də, xəstələrin halına acıyırdı. Bəs biz necə onun kimi şəfqətli ola bilərik? Ağrıyan insan bizə ürəyini boşaldanda, hisslərini bizimlə bölüşəndə ona diqqətlə qulaq asmaqla. Özündən soruş: «Onun yerində olsaydım, özümü necə hiss edərdim?» Başqalarının hisslərinə qarşı diqqətli olsaq, «kədərli olanları» daha çox ruhlandıra bilərik (1 Sal. 5:14, YD). Belə etməklə həm də İsanın izləri ilə getmiş olacağıq.

19. İsanın nümunəsi bizə necə təsir edir?

19 İsa Məsihin sözlərindən və əməllərindən nə qədər maraqlı şey öyrənirik! Onun haqqında nə qədər çox öyrəniriksə, bir o qədər də həm özümüz ona oxşamaq, həm də başqalarına bu sahədə kömək etmək istəyirik (1 Pet. 2:21). Belə isə gəlin böyük sevinclə indi və əbədiyyən Padşahımız Məsihin ardınca gedək!

İzah edə bilərsinizmi?

• İsa kimi biz də müdrikliyi necə təzahür etdirə bilərik?

• Həlimliyi necə təzahür etdirə bilərik?

• Xidmətdə səyimizi necə artıra bilərik?

• İnsanlara məhəbbət göstərməkdə İsanı necə təqlid edə bilərik?

[4-cü səhifədəki şəkil]

İsa yer üzünə gəlməyə və körpə kimi doğulmağa razı oldu. Bunun üçün hansı keyfiyyət tələb olunurdu?

[6-cı səhifədəki şəkil]

Xidmətdə səyli olmağa bizi nə təşviq edir?

[5-ci səhifədəki çərçivə]

İsanı təqlid etməyə kömək edən nəşr

2007-ci ilin vilayət konqresində «Mənim ardımca gəl» (rus.) adlı 192 səhifəli kitabın buraxılışı haqqında elan olundu. Bu nəşr məsihçilərə diqqətlərini İsaya, xüsusilə də onun keyfiyyətlərinə və fəaliyyətinə cəmləməyə kömək etmək üçün nəzərdə tutulub. İki giriş fəsildən sonra gələn birinci hissə İsanın gözəl keyfiyyətlərindən — onun həlimliyi, cəsarəti, müdrikliyi, itaətkarlığı və təhəmmülündən bəhs edir.

Növbəti hissələrdə İsanın müəllim və xoş xəbərin təbliğçisi kimi fəaliyyəti və onun necə böyük məhəbbət göstərməsi araşdırılır. Kitab elə tərtib edilib ki, məsihçilərə İsanı təqlid etməyə kömək etsin.

Əminik ki, bu nəşr özümüzü təhlil etməyə və növbəti sualların üzərində düşünməyə təşviq edəcək: «Mən həqiqətən də İsanın ardınca gedirəmmi? Onu daha yaxşı təqlid etmək üçün nə edə bilərəm?» Bu, həmçinin ‘əbədi həyata meylli olanlara’ bizimlə birgə İsanın ardınca getməyə kömək edəcək (Həv. iş. 13:48, YD).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş