Fəsil 59
İsa kimdir?
İSA MƏSİH şagirdləri ilə Betsaydaya gələndə onun yanına bir kor adam gətirirlər. İsadan xahiş edirlər ki, bu adama toxunub onu sağaltsın. O, kor adamın əlindən tutub onu kənddən çıxarır, sonra gözlərinə tüpürür və soruşur: «Bir şey görürsən?»
Kişi cavab verir: «Adamları görürəm; onlar ağaca bənzəyirlər, amma gəzirlər». İsa əllərini bu adamın gözlərinin üstünə qoyur və o, aydın görməyə başlayır. Sonra İsa kişiyə tapşırır ki, evinə getsin, amma kəndə girməsin.
İndi İsa şagirdləri ilə birgə Fələstinin lap şimalında yerləşən Filippi Qeysəriyyəsi kəndlərinə yollanır. Bu ərazi dəniz səviyyəsindən haradasa 350 metr hündürlükdə, gözəl bir yerdə yerləşir. Betsaydadan oraya gedən təxminən 50 kilometrlik yol yoxuşdur. Görünür, onların səfəri bir neçə gün çəkir.
Yolda İsa dua etmək üçün şagirdlərindən ayrılır. Onun ölümünə cəmi doqquz-on ay qalır və o, şagirdlərindən ötrü narahatdır. Bir çoxları onun ardınca getmir. Başqaları məyus olub, çaşqınlıq içindədirlər, çünki camaat İsanı padşah etmək istəyir, o isə bunu rədd edir; düşmənləri onun padşah olduğunu təsdiq edən əlamət istəyir, o isə göstərmir. Bəs görəsən, həvarilər nə fikirləşirlər, İsa kimdir? Onlar İsanın dua etdiyi yerə gələndə, o soruşur: «Camaatın dediyinə görə mən kiməm?»
Şagirdlər cavab verirlər: «Kimisi deyir ki, Vəftizçi Yəhyadır, kimisi İlyasdır, kimisi də Yeremya və ya peyğəmbərlərdən biri olduğunu deyir». Bəli, insanlar düşünürlər ki, İsa dirilmiş peyğəmbərdir.
— Bəs siz nə deyirsiniz? Mən kiməm?
— Sən Məsihsən, var olan Allahın Oğlusan, — deyə Peter əlüstü cavab verir.
İsa Peteri tərifləyir və əlavə edir: «Bunu da sənə deyirəm: sən Petersən. Mən yığıncağımı bu qayanın üzərində tikəcəyəm və Məzar ona qalib gələ bilməyəcək». İsa burada ilk dəfə yığıncaq təşkil edəcəyindən söz açır və qeyd edir ki, bu yığıncağın üzvləri yerdə həyatlarını sədaqətlə başa vurduqdan sonra, hətta ölüm də onları köləlikdə saxlaya bilməyəcək. Sonra o, Peterə deyir: «Mən sənə səmavi padşahlığın açarlarını verəcəyəm».
Beləliklə, İsa Peterə bildirir ki, o, xüsusi tapşırıqlar alacaq. Amma bu o demək deyil ki, Peter həvarilərin arasında birinci yeri tutacaq, ya da bu yığıncağın təməli olacaq. Təməl daşı olan «qaya» İsanın özüdür və yığıncaq onun üzərində tikiləcək. Peter isə üç «açar» alacaq və bu açarlarla müxtəlif adamlar üçün səmavi Padşahlığa imkan açacaqdı.
Birinci açardan Peter 33-cü ilin Əllinci gün bayramında istifadə edir. O, tövbə edən yəhudilərə xilas üçün nə etmək lazım olduğunu göstərir. İkinci açar bundan bir az sonra iman gətirən samariyalılar üçün istifadə edilir. Onlara Allahın Padşahlığına girmək imkanı verilir. Üçüncü açarı isə Peter 36-cı ildə sünnət edilməmiş bütpərəstlər üçün işlədərək onlara da səmavi Padşahlığa girmək imkanı açır. Bütpərəstlərdən ilk nümayəndə italiyalı hərbiçi Kornili və onun dostları olmuşlar.
İsa həvarilərlə söhbətinə davam edir. O deyir ki, Yerusəlimdə onu əzab və ölüm gözləyir. Bu xəbər onları sarsıdır. Peter İsanın dirilib göyə gedəcəyini başa düşmədiyindən onu qırağa çəkib deyir: «Allah uzaq eləsin, Ağa! Bu iş heç vaxt sənin başına gəlməz!» İsa kürəyini Peterə çevirib: «Çəkil məndən, Şeytan! Sən mənə mane olursan. Çünki sənin ağlındakı Allahın yox, insanın fikirləridir», — cavab verir.
Görünür, həvarilərlə yanaşı İsa ilə başqaları da gedir. İsa onları çağırır və açıqlayır ki, onun davamçısı olmaq heç də asan iş deyil. O deyir: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb daima ardımca gəlsin. Çünki həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda və xoş xəbər uğrunda itirən onu xilas edəcək».
Bəli, İsanın lütfünü qazanmaq istəyən adam cəsur və fədakar olmalıdır. İsa belə deyir: «Kim bu zinakar, günahkar nəsil qarşısında məndən və sözlərimdən utanarsa, insan Oğlu da müqəddəs mələklərlə öz Atasının əzəmətində gələndə o adama görə xəcalət çəkəcək». Mark 8:22—38; Matta 16:13—28; Luka 9:18—27.
▪ Nəyə görə İsa şagirdlərdən ötrü narahatdır?
▪ Adamlar İsanın şəxsiyyəti haqqında nə düşünürlər?
▪ Peter hansı açarları alacaq və onlardan necə istifadə edəcək?
▪ Peter hansı töhməti alır və nə üçün?