Fəsil 18
«Onlar dünyadan deyillər»
1. a) İsa ölümündən qabaq nə haqda dua etmişdi? b) ‘Dünyadan olmamaq’ nəyə görə bu qədər vacibdir?
EDAM olunmasından qabaqkı gecə İsa şagirdləri üçün dua etdi. Onların Şeytan tərəfindən güclü təzyiqə məruz qalacağını bilərək İsa Atasına dedi: «Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən qoruyasan. Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər» (Yəhya 17:15, 16). Nə üçün dünyadan kənar durmaq bu qədər vacibdir? Çünki dünyanı Şeytan idarə edir. Məsihçilər onun hakimiyyəti altındakı dünyanın bir hissəsi olmaq istəmirlər (Luka 4:5-8; Yəhya 14:30; 1 Yəhya 5:19).
2. İsa hansı mənada dünyadan deyildi?
2 İsanın dünyadan olmaması, heç də onun başqalarını sevmədiyini bildirmirdi. Əksinə o, xəstələrə şəfa verir, ölüləri dirildir və hamıya Allahın Padşahlığı haqqında danışırdı. İsa hətta özünü insanların yolunda fəda etdi. O, Şeytan dünyasının ruhunu açıq-aydın təzahür etdirənlərin yaramaz baxışlarını və işlərini sevmirdi. Buna görə də insanları əxlaqsız istəklərdən, maddi şeylərə yönümlü həyat tərzindən və şan-şöhrət axtarmaqdan çəkindirirdi (Matta 5:27, 28; 6:19-21; Luka 20:46, 47). Təəccüblü deyil ki, İsa bu dünyanın siyasətinə də qarışmırdı. Özü yəhudi olsa da, Roma imperiyası ilə yəhudilər arasındakı siyasi çəkişmələrdə heç bir tərəfi tutmurdu.
«Mənim Padşahlığım bu dünyadan deyildir»
3. a) Yəhudilərin din rəhbərləri Pilatın qarşısında İsanın əleyhinə hansı ittihamları irəli sürdülər və nə üçün? b) İsanın yerdə padşahlıq etmək niyyətində olmaması nədən görünür?
3 Gəlin baxaq yəhudilərin din rəhbərləri İsanı həbs edib Roma valisi Ponti Pilatın yanına gətirəndə nə baş verdi. İsa o rəhbərlərin riyakarlığını ifşa etdiyi üçün onlar əl-ayağa düşmüşdülər. Vali, İsaya qarşı cəza tədbiri görsün deyə, din rəhbərləri belə bir ittiham irəli sürdülər: «Biz bu adamı xalqı yoldan çıxarmaqda, qeysərə vergi verməyi qadağan etməkdə və Özünə Hökmdar Məsih adını verməkdə təqsirli tapdıq» (Luka 23:2). Bu ağ yalan idi, çünki bir il öncə xalq İsanı padşah qoymaq istəyəndə o imtina etmişdi (Yəhya 6:15). O bilirdi ki, gələcəkdə göydə Padşah olacaq (Luka 19:11, 12). Bundan əlavə, onu taxta insan yox, Yehova çıxarmalı idi.
4. Vergilərlə əlaqədar İsa hansı mövqeni tuturdu?
4 İsanın həbsindən üç gün əvvəl fəriseylər vergi ödəmək məsələsində onu sözdə tutub günahlandırmağa cəhd göstərdilər. İsa bunu anlayıb dedi: «“Mənə bir dinar [roma sikkə pulu] göstərin: onun üzərində olan surət və yazı kimindir?” Onlar cavab verdilər: “Qeysərin”. İsa onlara dedi: “Beləliklə qeysərinkini qeysərə, Allahınkını Allaha verin”» (Luka 20:20-25).
5. a) İsa həbs zamanı şagirdlərinə nə öyrətdi? b) İsa öz hərəkətini necə izah etdi? c) Məhkəmənin nəticəsi necə oldu?
5 İsa qətiyyən xalqı dünyəvi hakimiyyətlərə qarşı üsyan qaldırmağa öyrətmirdi. Əsgərlər və digər adamlar İsanı həbs etməyə gəldikdə Peter xəncərini çəkib o adamlardan birinin qulağını kəsdi. Amma İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc tutanların hamısı qılıncdan həlak olacaqdır» (Matta 26:51, 52). Növbəti gün öz hərəkətini Pilata izah edəndə İsa qeyd etdi: «Mənim Səltənətim bu dünyadan deyildir; əgər Mənim Səltənətim bu dünyadan olsaydı, nökərlərim cəhd edərdilər ki, Mən yəhudi idarəçilərə təslim edilməyim» (Yəhya 18:36). Pilat İsada heç bir günah tapmadığını boynuna aldı, lakin camaatın təzyiqinə təslim olub İsanı dirəyə mıxlatdırdı (Luka 23:13-15; Yəhya 19:12-16).
Şagirdlər İsanın nümunəsini izləyirlər
6. Erkən məsihçilər dünyanın ruhunun təsiri altında olmadıqlarını, eyni zamanda insanları sevdiklərini necə göstərirdilər?
6 İsanın şagirdləri dünyadan olmamağın hansı məna kəsb etdiyini başa düşürdülər. Bu, dünyanın allahsız ruhundan və işlərindən, o cümlədən Roma sirklərində və teatrlarında nümayiş etdirilən zorakılıq və əxlaqsızlıqdan kənarda durmağı bildirirdi. Belə işlərdən kənarda durduqları üçün məsihçiləri bəşər nəslinin düşmənləri adlandırırdılar. Lakin onlar insanlarla düşmənçilik etmir, əksinə, Allahın bəşəriyyəti xilas etmək üçün təqdim etdiyi vasitədən başqalarının da faydalanmasına var qüvvələri ilə kömək edirdilər.
7. a) Erkən məsihçilər bu dünyadan olmadıqları üçün nəyə məruz qalırdılar? b) Onlar dünyəvi hakimiyyətlərə və vergi ödəməyə necə münasibət bəsləyirdilər və nə üçün?
7 Vaxtilə dövlət məmurları İsanı yanlış məlumatlar əsasında təqib etdikləri kimi, onun şagirdlərini də beləcə təqib edirdilər. Buna baxmayaraq, eramızın təxminən 56-cı ilində həvari Pavel Romadakı məsihçilərə yazdığı məktubda onları «hakimlərə» [dünyəvi hakimiyyətlərə] tabe olmağa çağırırdı, «çünki Allah tərəfindən olmayan hakim yoxdur». Bu o demək deyil ki, Yehova dünyəvi hakimiyyətləri Özü təyin edir, sadəcə yer üzərində Onun Padşahlığı bərqərar olana qədər onların mövcüdluğuna izin verir. Buna görə də Pavel məsihçiləri dünyəvi hakimiyyətlərə hörmət etməyə və vergi ödəməyə təşviq edirdi (Romalılara 13:1-7; Titusa 3:1, 2).
8. a) Məsihçilər dünyəvi hakimiyyətlərə nə dərəcədə tabe olmalıdırlar? b) Erkən məsihçilər İsanın nümunəsini necə izləyirdilər?
8 Dünyəvi hakimiyyətlərə tabeçilik mütləq yox, nisbi olmalıdır. İnsan qanunları Yehovanın qanunlarına zidd gələndə Allahın xidmətçiləri Onun qanunlarına tabe olmalıdırlar. Gəlin baxaq bir kitabda erkən məsihçilər haqda nə deyilir: «Məsihçilər Roma vətəndaşlarının müəyyən vəzifələrini icra etməkdən imtina edirdilər. Məsihçilər... hərbi xidmətə getməyi öz imanlarına xəyanət kimi hesab edirdilər. Onlar siyasi vəzifələr tutmur, imperatora pərəstiş etmirdilər» («On the Road to Civilization—A World History»). Yəhudi ali məhkəməsi şagirdlərə təbliğ etməyi qəti qadağan etdikdə onlar belə cavab verdilər: «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir» (Həvarilərin işləri 5:27-29).
9. a) Nə üçün eramızın 66-cı ilində Yerusəlimdəki məsihçilər abzasda şərh edildiyi kimi hərəkət etdilər? b) Onların nümunəsi bizə hansı faydanı gətirə bilər?
9 Siyasi və hərbi qarşıdurmalarda məsihçilər tam bitərəf idilər. Eramızın 66-cı ilində yəhudilər qeysərə qarşı qiyam qaldırdılar. Roma ordusu dərhal Yerusəlimi mühasirəyə aldı. Bəs şəhərdəki məsihçilər nə etdilər? Onlar İsanın Yerusəlimi tərk etmək barədəki sözlərini unutmamışdılar. Romalılar bir müddətə geri çəkiləndə, məsihçilər İordan çayının o tayındakı dağlıq əraziyə, Pella şəhərinə qaçdılar (Luka 21:20-24). Onların bitərəf mövqeyi bu günədək sadiq məsihçilər üçün gözəl örnəkdir.
Axır günlərdə məsihçi bitərəfliyi
10. a) Yehovanın Şahidləri hansı işlə fəal surətdə məşğuldurlar və nə üçün? b) Onlar hansı məsələdə bitərəfdirlər?
10 Axır günlərdə erkən məsihçilərin nümunəsini izləyib tam bitərəf mövqe tutan insanlar varmı? Tarix nə deyir? Bəli, var. Bu adamlar Yehovanın Şahidləridir. Bütün bu vaxt ərzində onlar salehliyi sevənlərə yalnız Allahın Padşahlığının həqiqi sülh, firavanlıq və xoşbəxtlik gətirəcəyini usanmadan təbliğ edirlər (Matta 24:14). Millətlər arasındakı münaqişələrdə Yehovanın Şahidləri həmişə tam bitərəf olublar.
11. a) Yehovanın Şahidlərinin bitərəf mövqeyi ruhanilərin mövqeyindən necə fərqlənir? b) Yehovanın Şahidləri başqalarının siyasətə qarışmasına necə yanaşırlar?
11 Yehovanın Şahidlərinin tam əksinə olaraq, dünya dinlərinin ruhaniləri fəal surətdə siyasətə qarışırlar. Bəzi ölkələrdə ruhanilər seçkiqabağı kampaniyalarda iştirak edir, bu və ya digər namizədləri ya dəstəkləyir, ya da əleyhinə çıxırlar. Bəzi ruhani liderlər hətta siyasi vəzifələr tuturlar. Digərləri isə ruhanilərin xeyir-dua verdiyi layihələri qəbul etdirmək üçün siyasi xadimlərə təzyiq göstərirlər. Lakin Yehovanın Şahidləri siyasətə qoşulmurlar. Eyni zamanda onlar heç kimə siyasi partiyalara daxil olmağa, siyasi vəzifə tutmağa və ya seçkilərdə iştirak etməyə mane olmurlar. İsa demişdi ki, onun davamçıları dünyadan olmayacaq, ona görə də Yehovanın Şahidləri siyasətə qətiyyən qarışmırlar.
12. Dünya dinlərinin tərəfkeşliyi nəyə gətirib çıxarır?
12 İsanın dediyi kimi, millətlər daim müharibələr aparmışlar. Tarixdə neçə-neçə vətəndaş müharibələri olmuşdur (Matta 24:3, 6, 7). Ruhani liderlər demək olar həmişə vuruşan tərəflərdən birini dəstəkləmiş və öz tərəfdarlarını da buna təşviq etmişlər. Bu nə ilə nəticələnib? Eyni dinin nümayəndələri sadəcə ayrı-ayrı millətlərə və ya qəbilələrə mənsub olduqlarından bir-birini qırırlar. Bu, Allahın iradəsinə ziddir (1 Yəhya 3:10-12; 4:8, 20).
13. Faktlar Yehovanın Şahidlərinin bitərəfliyi haqqında nə deyir?
13 Amma Yehovanın Şahidləri bütün çəkişmələrdə tam bitərəf olmuşlar. «Gözətçi Qülləsi»nin 1939-cu il 1 noyabr sayında yazılmışdı: «Rəbbin tərəfində olanların hamısı, vuruşan xalqlara qarşı bitərəf qalacaqlar». Yehovanın Şahidləri bütün ölkələrdə və hansı şəraitdə olursa olsunlar, bitərəf mövqelərini indiyədək qoruyub saxlamışlar. Onlar yol vermirlər ki, dünyanın nifaq salan siyasəti və müharibələri onların beynəlxalq qardaşlığını dağıtsın. Yehovanın Şahidləri artıq ‘qılınclarından kotan, nizələrindən isə dəryaz düzəltmişlər’. Bitərəf olduqları üçün onlar savaşmağı öyrənmirlər (Yeşaya 2:3, 4; 2 Korinflilərə 10:3, 4).
14. Yehovanın Şahidləri dünyadan olmadıqları üçün nələrlə üzləşirlər?
14 Yehovanın Şahidlərinin bitərəf mövqeyi dünyada hansı əks-səda doğurur? İsa demişdi: «Dünyadan deyilsiniz... bunun üçün dünya sizə nifrət edir» (Yəhya 15:19). Yehovanın Şahidlərindən bir çoxu Allaha xidmət etdikləri üçün həbsxanalara salınıb. Bəziləri işgəncələrə məruz qalmış və ya birinci əsr məsihçiləri kimi öldürülmüşlər. Bunun səbəbi odur ki, «bu əsrin tanrısı» Şeytan, dünyadan olmayan Yehovanın xidmətçiləri ilə düşmənçilik edir (2 Korinflilərə 4:4; Vəhy 12:12).
15. a) Bütün millətlərin aqibəti necə olacaq? b) Dünyadan kənarda durmaq nə üçün olduqca vacibdir?
15 Yehovanın xidmətçiləri dünyadan olmadıqlarına görə çox sevinirlər, çünki bütün millətlərin Har-Megidonda başa çatacaq sonu yaxınlaşır (Daniel 2:44; Vəhy 16:14, 16; 19:11-21). Biz dünyadan kənarda durduğumuz üçün onların aqibətinə şərik olmayacağıq. Biz bir xalq kimi yalnız Allahın səmavi Padşahlığına sədaqətliyik. Dünyadan olmadığımız üçün biz rişxənd və təqiblərə məruz qalırıq. Amma bu çox tezliklə bitəcək, çünki Şeytanın pis dünyası əbədilik yox ediləcək. Yehovaya xidmət edənlər Onun Səmavi Padşahlığının idarə etdiyi saleh yeni dünyada əbədi yaşayacaqlar (2 Peter 3:10-13; 1 Yəhya 2:15-17).
Təkrar üçün suallar
• İsa ‘dünyadan olmamağın’ mənasını necə açıqladı?
• Erkən məsihçilər a) bu dünyanın ruhu, b) dünyəvi hakimiyyətlər, c) vergi ödəmək barədə nə düşünürdülər?
• Müasir dövrdəki Yehovanın Şahidlərinin bitərəf mövqeyi nədən bəlli olur?
[165-ci səhifədəki şəkil]
İsa izah etdi ki, özü və şagirdləri «dünyadan deyillər»