Fəsil 36
Romalı zabitin güclü imanı
DAĞÜSTÜ TƏBLİĞ İsa Məsihin yer üzündəki xidmətinin ortalarına düşür. Beləliklə, ona tapşırılmış işi bitirmək üçün təxminən bir il doqquz ay vaxt qalıb.
İsa Kapernahuma gəlir. Kapernahum bir növ onun fəaliyyətinin mərkəzidir. Burada yəhudi ağsaqqalları onun yanına bir xahişlə gəlirlər. Onları yəhudi olmayan bir adam, Roma ordusunun yüzbaşısı göndərib.
Yüzbaşının sevimli bir nökəri bərk xəstələnib və indi ölüm ayağındadır. Bu romalı zabit istəyir ki, İsa onun nökərini sağaltsın. Yəhudi ağsaqqalları zabitdən ötrü yalvar-yaxar etməyə başlayırlar: «O, belə yaxşılığa layiq adamdır, çünki xalqımızı sevir və sinaqoqu da bizim üçün o tikib».
İsa dərhal durub onlarla gedir. O, evə yaxınlaşanda yüzbaşı dostlarını onun qabağına göndərib deyir: «Ağa, zəhmət çəkmə. Mən layiq deyiləm ki, sən mənim evimə girəsən. Buna görə də sənin yanına gəlməyə özümü layiq bilmədim».
Bir görün, əmr verməyə vərdiş etmiş bu zabit necə böyük təvazökarlıq göstərir! Yəqin ki o, İsadan ötrü də narahat olur, axı yəhudilərə qeyri-yəhudilərlə oturub-durmaq yasaqdır. Belə ki, İsanın şagirdi olan Peter sonralar yazmışdı: «Siz yaxşı bilirsiniz ki, yəhudinin başqa millətdən olan adamla ünsiyyət qurmasına və ya onun yanına getməsinə Qanun yol vermir».
Ola bilsin, yüzbaşı istəmir ki, İsa bu qaydanı pozub özünü işə salsın. Ona görə də xahişini dostları vasitəsilə çatdırır: «Sən bircə kəlmə söz de, nökərim sağalacaq. Elə mən özüm də qulluq adamıyam, mənim də tabeliyimdə əsgərlər var. Birinə: “Get”, — deyirəm, gedir, o birisinə: “Gəl”, — deyirəm, gəlir, nökərə: “Filan şeyi elə”, — deyirəm, eləyir».
İsa bu sözləri eşidəndə heyran qalır: «İnanın, mən hələ İsraildə belə güclü imana rast gəlməmişəm». O, yüzbaşının nökərini sağaldır və fürsətdən istifadə edərək qeyd edir ki, iman gətirməyən yəhudilərin rədd etdikləri xeyir-dualar onlardan götürülüb iman gətirən qeyri-yəhudilərə veriləcək.
İsa bəyan edir: «İnsanlar şərqdən və qərbdən gəlib səmavi padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə əyləşəcəklər. Padşahlığın oğulları isə bayıra, zülmətə atılacaqlar. Onlar orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaqlar».
Bayıra, zülmətə atılacaq «padşahlığın oğulları» Məsihlə birlikdə hakimiyyət sürməkdən imtina etmiş cismani yəhudilərdir. Səmavi Padşahlıqda oturmaq ilk növbədə onlara təklif edilmişdi. «İbrahim, İshaq və Yaqub» isə Allahın səmavi Padşahlıqla bağlı tədbirini təmsil edirlər. Beləliklə, İsa göstərir ki, digər millətlərin nümayəndələri dəvət alacaq və onlar Allahın padşahlığında məcazi mənada «bir süfrəyə əyləşəcəklər». Luka 7:1—10; Matta 8:5—13; Həvarilərin işləri 10:28.
▪ Nə üçün yəhudilər qeyri-yəhudi olan yüzbaşıdan ötrü xahiş edirlər?
▪ Yüzbaşının İsanı evinə dəvət etməməsi hansı səbəblərə görə ola bilər?
▪ İsa axırda dediyi sözlərlə nəyi açıqlayır?