Fəsil 40
Mərhəmət dərsi
OLA BİLSİN, İsa Məsih hələ də dul qadının oğlunu diriltdiyi Naində, ya da yaxınlıqdakı şəhərlərdən birindədir. Şimon adlı bir fərisey bu cür möcüzələri göstərən adamı görmək istəyir, buna görə də İsanı evinə qonaq dəvət edir.
İsa bu dəvətə orada olacaq adamlara təbliğ etmək üçün bir fürsət kimi baxır və əvvəllər vergiyığanlarla günahlıların dəvətini qəbul etdiyi kimi, bu dəvəti də qəbul edir. İsa Şimonun evinə gəlir, amma qonaqlara layiq hörmətlə qarşılanmır.
Qədimdə israillilər səndəl geyinirdilər. Torpaq yollarda gəzərkən adamın ayaqları kirlənir və istidən bişirdi. Adətə görə, evə qonaq gələndə onun ayaqlarını sərin su ilə yuyurdular. Bu bir qonaqpərvərlik rəmzi idi. Lakin İsa gəldikdə ayaqlarını yumurlar, onu hörmət əlaməti olan öpüşlə salamlamır və saçına yağ sürtmürlər.
Qonaqlar süfrədə oturarkən çağırılmamış bir qadın sakitcə içəri girir. Bu qadın şəhərdə əxlaqsız kimi tanınır. Çox güman ki, o, İsanın təlimlərini, həmçinin «yükü ağır olanlar»a təravətlənmək üçün verdiyi dəvəti eşidib. Bu qadının görüb-eşitdikləri ürəyinə elə təsir etmişdir ki, o, özü İsanı axtarıb tapır.
Qadın arxadan yaxınlaşıb İsanın ayaqları yanında diz çökür. O ağlayır. Göz yaşları İsanın ayaqlarına töküldükcə onları saçı ilə silir, nəvazişlə İsanın ayaqlarını öpür və gətirdiyi ətirli yağı onun ayaqlarına tökür. Şimon bütün bunları narazılıqla izləyir. O, ürəyində deyir: «Bu adam peyğəmbər olsaydı, ona toxunan qadının nə yolun yolçusu, günahkar olduğunu bilərdi».
Onun fikirlərindən agah olan İsa deyir:
— Şimon, sənə sözüm var.
— Buyur, Müəllim!
— Bir sələmçiyə iki nəfər adam borclu idi. Birinin borcu beş yüz dinar, o birisininki isə əlli dinar idi. Borcu qaytarmağa heç bir şeyləri olmadığından, sələmçi alicənablıqla onları bağışladı. İndi necə bilirsən, onlardan kim o kişini daha çox sevəcək?
Şimon, yəqin ki, sualı yersiz sanıb dilucu cavab verir:
— Belə düşünürəm ki, borcu daha böyük olan.
— Düz dedin, — İsa təsdiq edir və qadına tərəf çevirilib Şimona deyir: — Bu qadını görürsən? Sənin evinə gəldim, ayaqlarımı yumağa mənə su vermədin. Amma bu qadın ayaqlarımı göz yaşları ilə yuyub, saçı ilə sildi. Sən məni öpmədin, amma bu qadın, mən gələndən bəri ayaqlarımı nəvazişlə öpür. Sən başıma yağ sürtmədin, bu qadın isə ayaqlarıma ətirli yağ sürtdü.
Qadın keçmişdəki günahlarına görə ürəkdən peşman olduğunu göstərir. Bu səbəbdən İsa fikrini belə tamamlayır: «Buna görə, onun günahları çox olsa da, bağışlandı, çünki o, çox sevdi. Az bağışlanan isə az sevir».
İsa heç də əxlaqsızlığa barmaqarası baxmır və belə davranışı üzürlü hesab etmir. Bu hadisə onu göstərir ki, İsa həyatda səhv edən, amma sonradan peşmançılıq çəkib ondan imdad diləyən insanlara şəfqətlə yanaşır. İsa qadına: «Günahların bağışlandı... İmanın səni xilas etdi. Salamat get», — deyir. Onun bu sözləri qadına əsil təravət gətirir. Luka 7:36—50; Matta 11:28—30.
▪ Fərisey Şimon öz evində İsaya necə münasibət göstərir?
▪ İsanı kim axtarır və nə üçün?
▪ İsa hansı məsəli çəkir və onun mənası nədir?