Fəsil 45
Qeyri-adi şagird
İSA MƏSİH sahilə çıxanda müdhiş bir mənzərə ilə üzləşir. Yaxınlıqdakı qəbiristanlıqdan iki nəfər qorxunc görkəmli adam çıxıb ona sarı qaçır. Bu adamlar cinə tutulublar. Görünür, onlardan biri çoxdandır ki, cinin təsiri altındadır və daha azğındır, buna görə də əsas diqqət ona yönəldilib.
Bu yazıq neçə vaxtdır ki, çılpaq gəzir və sərdabələrin arasında yaşayır. O, gecə-gündüz qışqırıb-bağırır və daşla özünü yaralayır. Bu adam o qədər vəhşidir ki, kimsə o yoldan keçməyə cürət etmir. Onu zəncirləməyə çalışsalar da, o, hər dəfə zəncirləri qırıb, qandalları sındırmışdır. Heç kim onun öhdəsindən gələ bilmir.
Bu adam yaxınlaşıb İsanın ayaqlarına yıxılır, içindəki cinlər onu qışqırmağa məcbur edirlər: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Səni and verirəm Allaha, məni incitmə!»
— Ey murdar ruh, bu adamdan çıx! — deyə İsa ona əmr edir və sonra soruşur: — Adın nədir?
— Adım Legiondur, çünki biz çoxuq, — o cavab verir. Cinlər ələ keçirə bildikləri adamların əzab çəkmələrindən həzz alırlar. Öz qənimətlərinin üzərinə quldur dəstəsi kimi atılmaq, görünür, onlara xüsusi ləzzət verir. Amma İsa ilə qarşılaşdıqda cinlər başlayırlar yalvar-yaxar etməyə ki, onları dibsiz ümmana göndərməsin. Biz yenə də İsanın böyük qüdrət sahibi olduğunu müşahidə edirik, hətta mənfur cinlərin üzərində də onun hakimiyyəti vardır! Bu hadisə həmçinin göstərir ki, cinlər Allahın çıxartdığı hökmə əsasən, öz rəhbərləri Şeytan İblislə birgə mütləq dibsiz ümmana atılacaqlarını bilirlər.
Yaxınlıqdakı dağda təxminən 2000 donuzdan ibarət bir sürü otlayır. Cinlər İsadan xahiş edirlər: «Bizi donuzların üstünə göndər, icazə ver, onlara girək». Görünür, cinlər cismani bədənə təcavüz etməkdən qeyri-təbii, vəhşi bir həzz duyurlar. İsa onlara donuzların içinə girməyə icazə verdikdə 2000 donuzun hamısı uçurumdan atılıb göldə boğulur.
Bunu görən çobanlar qaçıb, hadisəni şəhərdə və kəndlərdə danışırlar. Camaat nə baş verdiyini görmək üçün oraya axışır. Adamlar gəlib çatanda içindən cin çıxmış kişini görürlər. Bu lap möcüzədir ki! O, əynində paltar, ağlı başında İsanın ayaqlarının yanında oturub.
Hadisəni öz gözləri ilə görənlər bu adamın cinlərdən necə azad olub sağaldığını və donuzların necə tələf olduğunu camaata danışırlar. Camaat bərk qorxur və İsaya yalvarırlar ki, onların el-obasından çıxıb getsin. İsa onların sözünü yerə salmır və təzədən qayığa minir. Cinlərdən azad edilmiş adam İsadan xahiş edir ki, onu da götürsün, lakin İsa ona deyir: «Evinə, qohumlarının yanına get və Yehovanın sənin üçün etdiyi hər şeyi, sənə necə mərhəmət göstərdiyini onlara danış».
Adətən, İsa şəfa verdiyi adamları kiməsə bu haqda danışmağa qoymur. O istəmir ki, adamlar sensasiyalı xəbərlər əsasında nəticə çıxarsınlar. Amma bu dəfə vəziyyət başqa cürdür: bu günədək cinlərin əlində olan adam, indi başqalarına təbliğ edəcək, o adamlara ki, ola bilsin, İsa özü baş çəkə bilməyəcəkdi. Bundan əlavə, o adamın burada qalması donuzların məhv olması ilə əlaqədar yayıla biləcək xoşagəlməz söz-söhbətin qarşısını alacaq və İsanın öz gücünü yaxşı işlərə sərf etdiyinə sübut olacaq.
Kişi İsanın sözünə qulaq asır və çıxıb gedir. O, İsanın onun üçün etdiklərini Dekapol bölgəsində danışmağa başlayır və adamlar ondan eşitdiklərinə heyran qalırlar. Matta 8:28—34; Mark 5:1—20; Luka 8:26—39; Vəhy 20:1—3.
▪ Cinə tutulmuş adamlar iki nəfər olduqları halda niyə diqqət onlardan birinə yönəldilib?
▪ Cinlərin ümmana atılacaqlarını bilmələri nədən görünür?
▪ Cinlərin insan və heyvanların içinə girməyi xoşladıqları nədən məlum olur?
▪ İsa nə üçün cinlərdən təzəcə azad olmuş adama bu haqda başqalarına danışmaq göstərişi verir?