Fəsil 5
İsa harada və nə vaxt doğulur
ROMA imperatoru sezar Avqust əhalinin siyahıya alınması üçün fərman çıxarır. Bu fərmana əsasən, hər kəs öz doğulduğu yerdə olmalıdır, buna görə də Yusif Betlehem şəhərinə getməli olur.
Siyahıya alınmaq üçün Betlehemə xeyli adam gəlib. Adam o qədər çoxdur ki, Yusiflə Məryəm qalmağa yer tapmırlar və məcbur olub bir tövlədə, mal-qara ilə bir yerdə qalmalı olurlar. İsa həmin tövlədə doğulur. Məryəm körpəsini bələyib bir axura qoyur.
Şübhəsiz, bu siyahıyaalınma fərmanını çıxarmağı Sezar Avqustun ürəyinə qoyan Allahdır. Axı Müqəddəs Yazılarda qabaqcadan xəbər verilmişdi ki, vəd edilmiş hökmdar Betlehemdə anadan olacaq. Həmin fərmanın sayəsində İsa Betlehemdə doğulur.
Bu, əlamətdar gecədir! Yehova Allahın calalı çöldə, otlaqlarda olan çobanların ətrafına gur işıq saçır! Yehovanın mələyi çobanlara ucadan deyir: «Qorxmayın! Mən sizə bütün insanları şad edəcək xoş xəbəri çatdırmağa gəlmişəm. Bu gün Davudun şəhərində sizin Xilaskarınız, Ağamız Məsih doğulub. Sizə nişan verirəm: axurda, qundağa bürünmüş bir körpə tapacaqsınız». Qəflətən bu mələyin yanında saysız-hesabsız mələklər peyda olur və şövqlə oxuyurlar: «Göylərdəki Allahımıza eşq olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!»
Mələklər göyə qalxandan sonra çobanlar bir-birinə deyirlər: «Gəlin elə bu saat durub Betlehemə gedək və Yehovanın bizə bildirdiyi bu hadisəni gözümüzlə görək». Onlar dərhal yola düşüb gedirlər və mələyin dediyi yerdə körpə İsanı tapırlar. Çobanlar mələyin dediklərini danışanda eşidənlər mat-məəttəl qalır. Məryəm isə bütün bu sözləri ürəyində saxlayır.
Bu gün çoxları İsanın dekabrın 25-də anadan olduğuna inanır. Ancaq dekabr ayında Betlehemdə hava yağmurlu və soyuq olur. Çobanlar ilin bu vaxtı sürülərini gecə çöldə, açıq havada saxlamırlar. Bundan əlavə, Roma sezarı da ipə-sapa yatmayan bir xalqdan qışın oğlan çağında siyahıya alınmaq üçün yola çıxmağı tələb etməzdi. Belə qənaətə gələ bilərik ki, İsa payızın əvvəllərində anadan olmuşdur. Luka 2:1—20; Mikeya 5:2.
▪ Yusiflə Məryəm nə üçün Betlehemə getməli olurlar?
▪ İsa doğulan gecə hansı möcüzəvi hadisə baş verir?
▪ İsanın dekabrın 25-də doğulmadığını haradan bilirik?