Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/11 s. 22—26
  • “Onlara məsəlsiz heç bir şey söyləməzdi”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Onlara məsəlsiz heç bir şey söyləməzdi”
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • İsanın məsəllərlə öyrətməsinin səbəbi
  • Geniş mə’lumatı tətbiq etmək qabiliyyəti
  • Gündəlik həyatdan götürülən məsəllər
  • Yehovanın əl işlərindən götürülən məsəllər
  • Dinləyicilərə mə’lum olan hadisələrdən götürülən məsəllər
  • Nümunələr çək
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Allahın Padşahlığı barədə məsəllər
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Böyük müəllimi təqlid edin
    Gözətçi qülləsi 2002
  • Məsih məsəllərlə öyrədir
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/11 s. 22—26

“Onlara məsəlsiz heç bir şey söyləməzdi”

“İsa... xalqa məsəllərlə söyləyirdi, və onlara məsəlsiz heç bir şey söyləməzdi” (MATTA 13:34).

1, 2. a) Nə üçün effektli məsəllər uzun müddət unudulmur? b) İsa hansı növ məsəlləri çəkirdi və onun bu məsəllərdən istifadə etməsinə dair hansı suallar yaranır? (Həmçinin haşiyəyə baxın).

ÇOX illər bundan öncə dinlədiyin açıq mə’ruzədə söylənən hansısa məsəli yadına sala bilərsənmi? Bəli, effektli məsəllər asanlıqla unudulmur. Bir müəllif qeyd etmişdir ki, məsəllər “qulaqları gözlərə çevirir və dinləyicilərin zehnində aydın təsəvvür yaradır”. Biz əksər hallarda məhz “təsəvvürlər” əsasında daha yaxşı düşündüyümüz üçün, məsəllər fikirləri mənimsəməyi asanlaşdırır. Məsəllər sözləri canlandıra bilir, onlarda olan ibrət dərsləri isə uzun müddət yadda qalır.

2 Yer üzündəki müəllimlərdən heç biri məsəllərdən İsa Məsih kimi məharətlə istifadə etməyib. İsanın təxminən iki min il bundan əvvəl söylədiyi çoxsaylı məsəllər, indi də asanlıqla xatırlanıra. Nəyə görə İsa öyrətmək üsulunun məhz bu növünə tez-tez əl atırdı? Və onun məsəllərini belə effektli edən nə idi?

İsanın məsəllərlə öyrətməsinin səbəbi

3. a) Matta 13:34, 35 ayələrinə əsasən, İsanın məsəllərlə söyləməsinin bir səbəbi nədən ibarətdir? b) Nədən görünür ki, Yehova bu növ öyrətmək üsulunun nə dərəcədə efektli olduğunu bilirdi?

3 Müqəddəs Kitabda, İsanın məsəllərdən istifadə etməsinin diqqətəlayiq iki səbəbi göstərilir. Birincisi, o, bunu etməklə peyğəmbərliyi yerinə yetirirdi. Həvari Matta yazırdı: “İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi, və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: “Ağzımı məsəllərlə açacağam. Dünya yaranandan bəri gizli qalan şeyləri bəyan edəcəyəm” (Matta 13:34, 35). Həvari Matta Məzmur 78:2 ayəsini sitat gətirir. Onun xatırlatdığı “peyğəmbər” həmin məzmuru, İsanın anadan olmasından əsrlər öncə Allahın müqəddəs ruhunun tə’siri altında yazmışdı. Oğlunun məsəllərlə öyrədəcəyini Yehovanın artıq əsrlər əvvəl müəyyən etməsi təəccüblü deyilmi? Şübhəsiz ki, Yehova bu növ öyrətmək üsulunun nə dərəcədə effektli olduğunu bilir!

4. Məsəllərlə söyləməsinin səbəbini İsa necə izah etdi?

4 İkincisi, İsanın özünün izah etdiyi kimi, məsəllər ürəyi həssas olmayan dinləyiciləri ayırmaqda ona kömək edirdi. “Böyük izdiham”a əkinçi haqqında məsəl söylədikdən sonra, şagirdləri soruşdular: “Nə üçün onlara məsəllərlə söyləyirsən?” İsa cavab verdi: “Göylərin Padşahlığının sirlərini bilmək sizə verilmişdir, fəqət onlara verilməmişdir; zira, kimin varısa ona veriləcək və artırılacaqdır; fəqət kimin yoxusa, əlində olan da ondan alınacaqdır. Mən ona görə onlara məsəllərlə söyləyirəm ki, gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar. Yeşaya [İşaya] peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə gəlir: “Müntəzəm eşidəcəksiniz, amma anlamayacaqsınız; müntəzəm baxacaqsınız, lakin görməyəcəksiniz; zira bu xalqın ürəyi kobudlaşmışdır” (Matta 13:2, 10, 11, 13-15, İ–93; İşaya 6:9, 10).

5. İsanın məsəlləri təvazökar dinləyiciləri məğrurlardan necə ayırırdı?

5 İsanın çəkdiyi məsəllər insanları necə ayırırdı? Bə’zi hallarda, onun sözlərinin mə’nasını anlamaq üçün dinləyicilərdən sə’y tələb olunurdu. Təvazökar insanlar eşitdiklərinin izahını soruşmağa təşviq hissi duyurdular (Matta 13:36; Mark 4:34). Buna görə də İsanın məsəlləri, ürəyi həqiqət həsrətində olan insanlara həqiqəti aşkar edir, ürəyi məğrur olanlardan isə gizlədirdi. İsa necə də gözəl müəllim idi! Gəlin onun məsəllərini bu cür tə’sirli edən bir neçə məqamı diqqətlə nəzərdən keçirək.

Geniş mə’lumatı tətbiq etmək qabiliyyəti

6-8. a) Birinci əsrdə yaşayan və İsanı dinləyən insanların hələ hansı imkanları yox idi? b) Hansı nümunələr göstərir ki, İsa geniş mə’lumat tətbiq etmək qabiliyyətinə malik idi?

6 İsanın özünü dinləyərkən birinci əsrdə yaşayan şagirdlərin keçirdikləri hisslər barədə düşünmüsənmi? Bəli, həmin şagirdlərin onun səsini eşitmək kimi nadir imkanları vardı. Amma İsanın sözləri hələ yazılı surətdə yox idi və şagirdlər, onun söylədiklərini yada salmaq üçün belə yazılara müraciət edə bilmirdilər. İsanın dediklərini onlar yaddaşlarında və ürəklərində saxlamalı idilər. Məsəllərdən məharətlə istifadə edərək, İsa verdiyi tə’limi yadda saxlamaq tapşırığını onlar üçün asanlaşdırırdı. Necə?

7 İsa geniş mə’lumatı tətbiq etmək qabiliyyətinə malik idi. Məsələyə aidiyyatı olanda və ya bir şeyi nəzərə çarpdırmaq lazım gəldikdə İsa geniş mə’lumat verirdi. Misal üçün, itmiş bir qoyunu tapmaq üçün çobanın neçə qoyunu atdığını, üzüm bağında işçilərin neçə saat işlədiklərini və qullara neçə talant verildiyini söylədi (Matta 18:12-14; 20:1-16; 25:14-30).

8 Eyni zamanda İsa, söylədiyi məsəllərin mə’nasını aydın surətdə anlamağa mane olacaq lazımsız mə’lumatı qeyd etmirdi. Məsələn, mərhəmətsiz qul haqqındakı məsəlində İsa həmin qulun hansı yolla 60 000 000 dinar borc aldığını izah etməyi lazım bilmir. O, bağışlamağın zəruri olduğunu vurğulayır. Vacib fikir, qulun hansı yolla borc alması yox, ona borcun bağışlanması və həmin qulun ona az məbləğdə borcu olan başqa qul ilə necə davranması idi (Matta 18:23-35). Bunun kimi, qeyb olmuş oğul haqqındakı məsəldə də İsa, nəyə görə kiçik oğula gözlənilmədən miras lazım olduğunu və onun bu mirası boş yerə xərcləməsinin səbəbini izah etmir. Lakin İsa, atanın hisslərini və evə qayıdan oğlunun ürəyindəki dəyişikliyə necə münasibət göstərdiyini ətraflı təsvir edir. Atanın göstərdiyi münasibətlə əlaqədar olan bu cür geniş mə’lumat, Yehovanın ‘bol-bol bağışladığını’ qeyd etmək üçün çox zəruri idi (İşaya 55:7; Luka 15:11-32).

9, 10. a) Personajları təsvir edərkən, İsa diqqəti nəyə yönəldirdi? b) İsanın dinləyiciləri və başqaları nəyin sayəsində onun məsəllərini asanlıqla yadda saxlayırdılar?

9 İsa, çəkdiyi məsəllərdə iştirak edən şəxsləri təsvir etməkdə də məharətli idi. Personajların xarici görünüşlərini təsvir etmək əvəzinə, İsa diqqəti onların davranışlarına və müxtəlif hadisələrə olan münasibətlərinə yönəldirdi. Misal üçün, xeyirxah samariyalının xarici görünüşünü qeyd etmədən, İsa daha vacib şeyi — samariyalının yol kənarında uzanmış yaralı yəhudiyə şəfqətlə kömək etdiyi haqda danışdı. İsa, yaxınlara göstərilən məhəbbətin başqa irqdən və millətdən olan insanları da əhatə etməli olduğunu öyrətmək üçün lazım gələn mə’lumatı qeyd etdi (Luka 10:29, 33-37).

10 İsa öz məsəllərini lazımsız mə’lumatlarla çətinləşdirmirdi. Bunun sayəsində, birinci əsrdə yaşayan dinləyiciləri onun məsəllərini və oradakı qiymətli ibrət dərslərini asanlıqla yadda saxlayırdılar. Bunu, Allahdan ilham almış Müjdələri sonradan oxuyanlar haqqında da demək olar.

Gündəlik həyatdan götürülən məsəllər

11. İsanın məsəllərində, şübhəsiz ki, Qalileyada böyüyərkən gördüyü şeylərin necə əks olunmasına dair nümunələr gətirin.

11 İnsanların həyatı ilə bağlı olan məsəlləri İsa çox məharətlə istifadə edirdi. Onun məsəllərinin çoxunda, şübhəsiz ki, Qalileyada böyüyərkən gördüyü şeylər əks olunurdu. Bir anlığa onun uşaqlıq dövrü barədə düşünək. Anasının, ötən dəfədən qalan mayalı xəmirdən maya kimi istifadə edərək, çörək bişirdiyinə neçə dəfə tamaşa etmişdi? (Matta 13:33). Balıqçıların Qalileya dənizinin şəffaf sularına tor atdıqlarını neçə dəfə müşahidə etmişdi? (Matta 13:47). Bazar meydanında oynayan uşaqları neçə dəfə görmüşdü? (Matta 11:16). Ehtimal ki, İsa, məsəllərində öz əksini tapan başqa səhnələr — toxum səpilməsini, sevincli toy məclislərini və günəş altında yetişən taxılları da görmüşdü (Matta 13:3-8; 25:1-12; Mark 4:26-29).

12, 13. İsanın buğda və dəlicə məsəli, onun yerli şəraitlərlə tanış olduğunu necə göstərir?

12 Təəccüblü deyil ki, İsanın məsəllərində adətən gündəlik həyatla bağlı olan şərait və vəziyyətlər xatırlanır. Buna görə də, onun bu öyrətmək üsulunu nə dərəcədə məharətlə tətbiq etdiyini daha yaxşı anlamaq üçün, dediyi sözlərin yəhudi dinləyiciləri üçün daşıdığı mə’nanı nəzərdən keçirmək faydalıdır. Gəlin iki nümunəyə baxaq.

13 Birinci nümunə: buğda və dəlicə məsəlində İsa söylədi ki, bir adam öz tarlasına yaxşı toxum əkir, amma “düşməni” gəlib, tarlaya dəlicə səpir. Nəyə görə İsa məhz bu cür düşmənçilik hərəkətini seçir? Unutmayaq ki, o, həmin nümunənu Qalileya dənizi yaxınlığında çəkdi, qalileyalıların əsas məşğuliyyətləri isə, bəlli olduğu kimi, əkinçilik idi. Düşmən gizlicə tarlaya girib, oraya zərərli alaq otu səpir — axı, əkinçi üçün bundan pis nə ola bilər? O dövrün dünyəvi qanunları göstərir ki, belə işlər doğrudan da baş verirmiş. Aydın deyilmi ki, İsa dinləyicilərinə yaxşı tanış olan vəziyyəti istifadə edirdi? (Matta 13:1, 2, 24-30).

14. Nəyə görə demək olar ki, İsa xeyirxah samariyalı məsəlini danışarkən, “Yerusəlimdən Yerihoya” gedən yolu təsadüfən qeyd etməmişdi?

14 İkinci nümunə: xeyirxah samariyalı məsəlini xatırlayaq. İsa onu belə başlayır: “Bir nəfər Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub, getdilər” (Luka 10:30). İsa “Yerusəlimdən Yerihoya” gedən yol haqqında təsadüfən danışmır. O, bu məsəli Yerusəlimin yaxınlığında yerləşən Yəhudeyada danışırdı. Buna görə də dinləyiciləri, çox güman ki, söhbətin hansı yoldan getdiyini bilirdilər. Həmin yolun, xüsusilə də tək səfərə çıxanlar üçün təhlükəli olduğu yaxşı mə’lum idi. Xatırlanan yol əyri-üyrü idi, xəlvət yerlərdən keçirdi və quldurlar üçün gizlənməyə yer vardı.

15. Nəyə görə xeyirxah samariyalı məsəlində bəhs olunan kahin və levilinin e’tinasızlığına heç kim haqq qazandıra bilməzdi?

15 İsanın “Yerusəlimdən Yerihoya” gedən yolu xatırlatması ilə bağlı diqqətəlayiq daha bir şey var. Məsəldə deyilir ki, həmin yoldan əvvəlcə kahin, sonra isə levili keçir, lakin onlardan heç biri, zərər çəkən adama yardım etmək üçün ayaq saxlamır (Luka 10:31, 32). Kahinlər Yerusəlim mə’bədində xidmət edirdilər, levililər isə onlara kömək edirdilər. Kahin və levililərin əksəriyyəti azad vaxtlarında Yerusəlimin cəmi 23 kilometrliyində yerləşən Yerihoda yaşayırdılar. Buna görə də, onların bə’zən həmin yoldan keçdiklərinə şübhə yox idi. Həmçinin fikir verək ki, kahin və levili “Yerusəlimdən” qayıdarkən həmin yoldan keçirdilər, deməli, onlar artıq mə’bəddə xidmətlərini qurtarmışdılarb. Beləliklə, onların e’tinasızlığına heç kim haqq qazandıra bilməzdi ki, onlar ölmüş kimi görünən adama toxunmağa qorxmuşlar, axı cəsədə toxunarkən bir qədər vaxt mə’bəddə xidmət etməyə yararsız olardılar (Levililər 21:1; Saylar 19:11, 16). Məgər aydın deyilmi ki, İsa öz məsəlində, dinləyicilərinə tanış olan şeylər barədə danışırdı?

Yehovanın əl işlərindən götürülən məsəllər

16. Yehovanın əl işləri ilə İsanın yaxından tanış olması nə üçün təəccüblü deyil?

16 İsanın nümunə və məsəlləri, onun bitkilər, heyvanlar və hava şəraitləri haqqında mə’lumatı olduğuna şəhadət edir (Matta 6:26, 28-30; 16:2, 3). O, bu mə’lumatları haradan mənimsəmişdi? Qalileyada böyüyərkən, şübhəsiz ki, onun Yehovanın əl işlərini müşahidə etmək üçün çoxlu imkanları vardı. Bundan əlavə, İsa “bütün xilqətdən qabaq doğulan”dır və hər bir şeyin yaradılmasında Yehova onu “me’mar” kimi istifadə etmişdir (Koloslulara 1:15, 16, İ–93; Süleymanın məsəlləri 8:30, 31). Yehovanın əl işləri ilə İsanın yaxından tanış olmasına təəccüblənmək lazımdırmı? Gəlin görək başqalarını öyrədərkən, İsa həmin biliklərdən məharətlə necə istifadə edirdi.

17, 18. a) İsanın “Yəhya” kitabının 10-cu fəslində yazılan sözləri, onun qoyunların xüsusiyyətlərini bildiyini necə göstərir? b) Müqəddəs Kitabda xatırlanan ərazilərdə olan kəslər, çobanlarla qoyunlar arasında xüsusi tellər olduğunu necə görmüşlər?

17 İsanın ən tə’sirli məsəllərindən biri “Yəh­ya” kitabının 10-cu fəslində yazılıb. İsa özü ilə davamçıları arasındakı sıx münasibəti, çobanla qoyunlar arasında olan münasibətə bənzədir. İsanın sözləri, onun ev heyvanlarının xüsusiyyətlərinə yaxşı bələd olduğunu göstərir. O qeyd etdi ki, qoyunlar onları bir yerə aparmağa müqavimət göstərmirlər və sədaqətlə öz çobanlarının arxasınca gedirlər (Yəhya 10:2-4). Müqəddəs Kitabda xatırlanan ərazilərdə olan kəslər müşahidə etmişlər ki, çobanlarla qoyunlar arasında xüsusi tellər var. XIX əsrdə təbiətşünas H. B. Tristram yazırdı: “Bir dəfə, çobanın öz sürüsü ilə necə oynadığını müşahidə edirdim. Çoban özünü elə aparırdı ki, guya qaçır, qoyunlar isə onun dalınca qaçır və onu dövrəyə alırdılar. [...] Axırda sürü çobanın ətrafında atılıb-düşərək, bir dairə yaratdı”.

18 Qoyunlar nəyə görə çobanın arxasınca gedirlər? İsa dedi: “Ona görə ki, səsini tanıyırlar” (Yəhya 10:4). Doğrudurmu ki, qoyunlar öz çobanlarının səsini tanıyırlar? “Müqəddəs torpağın tarixi coğrafiyası” kitabının müəllifi Corc A. Smit etdiyi müşahidələrlə bölüşür: “Bə’zən gündüzlər Yəhudeyanın su quyularının yaxınlığında istirahət edirdik. Üç və ya dörd çoban sürülərini oraya gətirirdilər. Sürülər bir-birinə qarışırdılar, biz isə, hər çobanın öz qoyunlarını necə ayıracağını başa düşə bilmirdik. Amma su içmək və atılıb-düşmək qurtardıqdan sonra, çobanlar bir-birinin ardınca vadinin müxtəlif yerinə dağılır və hər biri xüsusi səs çıxardılar. Hər çobanın qoyunları da qarışmış sürüdən ayrılıb, çobanının yanına gedirdilər və bundan sonra sürü necə gəlmişdisə, eləcə də intizamlı surətdə ayrılırdı” (“The Historical Geography of the Holy Land”). Öz fikrini təsvir etmək üçün, çətin ki, İsa bundan yaxşı məsəl tapardı. Əgər biz onun tə’limlərini qəbul edib, onlara riayət ediriksə, həmçinin onun rəhbərliyinə tabe oluruqsa, “yaxşı çoban” kimi nəcibliklə və məhəbbətlə qeydimizə qalacaq (Yəhya 10:11).

Dinləyicilərə mə’lum olan hadisələrdən götürülən məsəllər

19. İsa, həmin ərazidə baş vermiş fəlakətli hadisəyə istinad edərək, yalan tə’limə qarşı necə məharətlə çıxış etdi?

19 İbrət dərsi götürmək mümkün olan hadisələr də tə’sirli məsəllər ola bilər. Bir dəfə İsa, guya layiq olan kəslərin bədbəxtliyə düçar olduqlarına dair yayılmış yalan təsəvvürü aradan qaldırmaq üçün, yaxın vaxtlarda baş vermiş hadisəni xatırlatdı. O dedi: “Şiloax qülləsinin üzərlərinə düşüb öldürdüyü o on səkkiz nəfəri, Yerusəlimdə yaşayan adamların hamısından daha günahkarmı sayırsınız?” (Luka 13:4). İsa, taleyə inamı əks etdirən fikrə qarşı məharətlə çıxış etdi. Həmin 18 can işlətdikləri günaha görə Allahın qəzəbinə mə’ruz qalmamışdılar. Onların fəlakətli ölümü “vaxt və təsadüf” nəticəsində olmuşdu (Vaiz 9:11). Bununla da İsa, dinləyicilərinə yaxşı mə’lum olan hadisəyə istinad edərək, yalan tə’limi təkzib etdi.

20, 21. a) Fəriseylər nəyə görə İsanın şagirdlərini mühakimə etdilər? b) Allahın şənbəyə dair qanununun xırdaçılıqla yerinə yetirilməsini istəmədiyini göstərmək üçün, İsa Müqəddəs Yazıların hansı hissəsinə istinad etdi? c) Növbəti məqalədə nədən bəhs olunacaq?

20 Başqalarını öyrədərkən, İsa Müqəddəs Yazılardakı hadisələrdən də istifadə edirdi. Onun şagirdləri şənbə günündə sünbül qoparıb yedikləri üçün fəriseylərin onları mühakimə etdiklərini xatırlayaq. Əslində şagirdlər Allahın Qanununu yox, fəriseylərin şənbədə hansı işin qadağan olunduğunu göstərən ciddi ən’ənələrini pozurdular. Allahın şənbəyə dair olan qanununun bu dərəcədə xırdaçılıqla yerinə yetirilməsini nəzərdə tutmadığını göstərmək üçün, İsa 1 Samuel 21:3-6 ayələrində yazılan hadisəyə istinad etdi. Davud və onun adamları acdıqda səyyar mə’bədin yanında dayanıb, Allaha təqdim edilən təzə çörəklərlə əvəz olunmuş köhnə çörəkləri yedilər. Ümumiyyətlə köhnə çörəklər kahinlər üçün tə’yin olunurdu. Lakin yaranan vəziyyətdə, Davudla yanındakı adamlar həmin çörəkləri yediklərinə görə mühakimə olunmadılar. Maraqlıdır ki, Allaha təqdim edilən çörəklərin köhnəlmişinin kahin olmayanlar tərəfindən yeyildiyi haqda Müqəddəs Kitabın yalnız bu hissəsində deyilir. İsa hansı hadisəyə istinad etməyin çox gözəl olduğunu bilirdi, onun yəhudi dinləyiciləri də, şübhəsiz ki, həmin hadisə ilə tanış idilər (Matta 12:1-8).

21 Doğrudan da, İsa Böyük Müəllim idi! Onun vacib həqiqətləri dinləyicilərinin anlaya biləcəkləri tərzdə çatdırmaqda misilsiz qabiliyyətinə heyran qalırıq. Bəs biz başqalarını öyrədərkən onu necə təqlid edə bilərik? Bu haqda növbəti məqalədə bəhs olunacaq.

[Haşiyələr]

a İsa müxtəlif məsəllər çəkirdi: onları həyatdan götürür, müqayisə edir, qarşı-qarşıya qoyur və məcazlardan istifadə edirdi. O, məsəllərdən — adətən özünə mə’nəvi və ya ruhani həqiqəti daxil edən qısa, uydurulmuş əhvalatlardan istifadə etməkdə yaxşı tanınmışdı.

b Yerusəlim Yerihodan yüksəkdə yerləşirdi. Buna görə də, məsəldə deyildiyi kimi, “Yerusəlimdən Yerihoya” yola düşərkən, yolçu aşağı ‘enməli’ (KM) idi.

Yadınızdadırmı?

• İsa nəyə görə məsəllərlə öyrədirdi?

• Nədən görünür ki, İsa, birinci əsrdəki dinləyicilərinin başa düşdükləri məsəllərdən istifadə edirdi?

• İsa öz məsəllərində Yehovanın əl işləri haqqındakı biliyini məharətlə necə tətbiq edirdi?

• İsa dinləyicilərinə mə’lum olan hadisələrə necə istinad edirdi?

[24-cü səhifədəki şəkil]

İsanın xeyirxah samariyalı məsəlinin məğzi nədir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş