Yehova ədaləti bərpa edəcəkdir
«Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənləri müdafiə etməyəcəkmi? Onlar üçün çoxmu gecikəcək?» (LUKA 18:7).
1. Səni kimin nümunəsi ruhlandırır və nə üçün?
BÜTÜN dünyada Yehovanın Şahidləri uzun illər boyu Allaha sadiq qalan bacı-qardaşlarla çiyin-çiyinə xidmət etməkdən sevinc duyurlar. Sən onlardan şəxsən kimisə tanıyırsanmı? Ola bilsin ki, yadına çox illər bundan əvvəl vəftiz olunmuş və görüşləri nadir hallarda buraxan yaşlı bir bacı düşür. Yaxud da çox illər ərzində hər həftə təbliğdə iştirak edən qoca bir qardaşı xatırlayırsan. Bu sadiq xidmətçilərin çoxu Har-Megidonun tezliklə gələcəyini düşünürdülər. Ancaq bu ədalətsiz dünyanın hələ də mövcud olması, onların nə Yehovanın və’dlərinə olan e’tibarını sarsıdıb, nə də onları ‘axıra qədər səbr etmək’ qərarından döndərib (Matta 24:13). Yehovanın bu sadiq xidmətçilərinin möhkəm imanı bütün yığıncağı ruhlandırır (Məzmur 147:11).
2. Hansı vəziyyət bizi kədərləndirir?
2 Lakin hərdən tamamilə başqa bir şeyin şahidi oluruq. İllərlə xidmət edən bə’zi məsihçilərin vaxt keçdikcə Yehovaya imanı zəifləyir və onlar yığıncağa gəlməyə son qoyurlar. Keçmiş həmimanlılarımızın Yehovanı tərk etmələri bizi kədərləndirir və bu ‘itən quzuların’ hər birinin sürüyə qayıtmasına kömək etmək istəyirik (Məzmur 119:176; Romalılara 15:1). Məsihçilərin bə’zilərinin imanda möhkəm qaldığını, digərlərinin isə imanlarını itirdiyini gördükdə bizdə suallar yaranır. Bə’zilərinin imanı zəiflədiyi halda, bir çox məsihçilərə Yehovanın və’dlərinə inamı qorumağa nə kömək edir? ‘Yehovanın möhtəşəm gününün’ yaxın olduğuna inamımızın zəifləməməsi üçün nə edə bilərik? (Sefanya 1:14). Gəlin «Lukanın Müjdəsi»ndəki bir məsəli nəzərdən keçirək.
İnsan Oğlu gələn zaman yaşayanlara xəbərdarlıq
3. Dul qadın və hakim məsəli əsas e’tibarilə kimlərə fayda gətirə bilər və nə üçün?
3 «Luka» kitabının 18-ci fəslində İsanın dul qadın və hakim məsəlini oxuyuruq. Bu məsəl keçən məqalədə müzakirə edilən, xahişini tə’kidlə bildirən kişinin məsəlinə oxşayır (Luka 11:5-13). Lakin kontekstdən aydın olur ki, bu məsəl əsas e’tibarilə İnsan Oğlu padşahlığa gəldiyi zaman yaşayanlara aiddir, bu dövr isə 1914-cü ildə başlamışdır (Luka 18:8)a.
4. «Luka» kitabının 18-ci fəslindəki məsəli danışmazdan qabaq İsa nə dedi?
4 İsa məsəli danışmazdan əvvəl dedi ki, «şimşək göyün bir kənarında çaxıb, o biri kənarına qədər necə parlayırsa», onun Padşahlıqda iştirakı da elə aydın bilinəcək (Luka 17:24; 21:10, 29-33). Buna baxmayaraq, ‘axır zamanda’ yaşayan insanların çoxu bu aydın əlamətlərə diqqət yetirməyəcək (Daniel 12:4). Hansı səbəbdən? Nuhun və Lutun günlərindəki insanlar Yehovanın xəbərdarlıqlarına nə üçün məhəl qoymamışdılarsa, bu insanlar da elə o səbəbdən məhəl qoymayacaqlar. O dövrdə məhv insanları yaxalayana kimi onlar «yeyir, içir, alır, satır, əkir, tikirdilər» (Luka 17:26-29). Başları gündəlik işlərə o qədər qarışmışdı ki, Allahın iradəsinə əhəmiyyət vermirdilər, buna görə də həyatlarını itirdilər (Matta 24:39). Bu gün də ümumilikdə insanlar gündəlik işlərə elə qərq olublar ki, bu allahsız dünyanın sonunun yaxın olduğunu göstərən əlamətləri görmürlər (Luka 17:30).
5. a) İsa kimlərə xəbərdarlıq etdi və nə üçün? b) Bə’zi məsihçilər hansı səbəbdən imanlarını itirmişlər?
5 Aydındır ki, İsa davamçıları üçün narahat olurdu, çünki Şeytanın dünyası onları o dərəcədə cəlb edə bilərdi ki, onlar hətta ‘geri dönə’ bilərdilər (Luka 17:22, 31). Doğrudan da, bə’zi məsihçilərlə bu baş verib. Uzun illər ərzində onlar Yehovanın pis dünyaya son qoyacağı günü səbirsizliklə gözləmişlər. Lakin Har-Megidon gözlədikləri vaxtda gəlmədiyi üçün mə’yus olmuş, Yehovanın hökm gününün yaxın olmasına inamları zəifləmişdir. Onlar get-gedə xidmətə az vaxt sərf etməyə başlamış və başları həyatın gündəlik işlərinə o qədər qarışmışdır ki, ruhani işlərə vaxtları, demək olar ki, qalmamışdır (Luka 8:11, 13, 14). Təəssüflər olsun ki, onlar tədricən bu dünyaya ‘geri dönmüşlər’!
‘Daim dua etməyin’ vacibliyi
6-8. a) Dul qadın və hakim məsəlini danışın. b) İsa bu məsəli necə tətbiq etdi?
6 Yehovanın və’dlərinə inamımızın zəifləməməsi üçün nə edə bilərik? (İbranilərə 3:14). İsa Şeytanın pis dünyasına qayıtmamaq üçün şagirdlərinə xəbərdarlıq verəndən dərhal sonra bu suala toxundu.
7 Luka nəql edir ki, İsa «daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə... onlara bir məsəl çəkərək, dedi: “Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. Elə həmin şəhərdə bir dul qadın da var idi. Və qadın onun yanına gəlib dedi: ‘Məni rəqibimdən müdafiə et’. Amma hakim xeyli müddət istəmədi. Sonra isə öz-özünə dedi: ‘Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, bu qadın mənə zəhmət verdiyi üçün onu müdafiə edim ki, o bir daha gəlib, mənim zəhləmi tökməsin’ ”».
8 İsa məsəli çəkəndən sonra, onu belə tətbiq etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin. Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənləri müdafiə etməyəcəkmi? Onlar üçün çoxmu gecikəcək? Sizə deyirəm ki, onları tezliklə müdafiə edəcəkdir. Bəs İnsan Oğlu gəldiyi zaman yer üzündə iman tapacaqmı?» (Luka 18:1-8).
«Məni... müdafiə et»
9. İsanın dul qadın və hakim məsəlinin əsas mövzusu nədir?
9 Bu əyani nümunənin əsas mövzusu aydındır. Bunu həm İsanın, həm də məsəldəki qəhrəmanların sözlərindən görmək olar. Dul qadın «məni... müdafiə et» deyə yalvarırdı. Hakim öz-özünə fikirləşdi: «Onu müdafiə edim». İsa sual verdi: «Məgər Allah... müdafiə etməyəcəkmi?» Sonra o, Yehova haqqında dedi: «Onları tezliklə müdafiə edəcəkdir» (Luka 18:3, 5, 7, 8). «Müdafiə etmək» kimi tərcümə olunan yunan sözünün «qisas almaq, ədaləti bərpa etmək» kimi mə’naları vardır. Bəs Yehova ədaləti nə zaman bərpa edəcək?
10. a) Birinci əsrdə ədalət nə vaxt bərpa olundu? b) Allahın müasir xidmətçiləri üçün ədalət nə zaman və necə bərpa olunacaq?
10 Birinci əsrdə, ‘qisas günləri’, yə’ni ədalətin bərpa olunduğu günlər eramızın 70-ci ilində Yerusəlim və mə’bəd darmadağın edilən zaman gəldi (Luka 21:22). Bizim günlərdə isə Allahın xalqı üçün ədalət ‘Yehovanın möhtəşəm günündə’ (YD) bərpa olunacaqdır (Sefanya 1:14; Matta 24:21). O zaman Yehova Öz xalqına ‘əzab verənlərə əzab’ verəcək, belə ki, ‘İsa Məsih Allahı tanımayan və Özü barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verəcək’ (2 Saloniklilərə 1:6-8; Romalılara 12:19).
11. Ədalət hansı mə’nada «tezliklə» bərpa olunacaqdır?
11 Bəs Yehovanın «tezliklə» ədaləti bərpa edəcəyini necə başa düşməliyik? Allahın Kəlamı göstərir ki, Yehova çox səbirli olsa da, vaxtı gələndə Öz hökmünü dərhal həyata keçirəcək (Luka 18:7, 8; 2 Peter 3:9, 10). Nuhun günlərində Daşqın gələndə pislər çox tez məhv oldular. Buna bənzər tərzdə Lutun günlərində göydən od yağanda pislər yox oldular. İsa demişdir: «İnsan Oğlunun zühur edəcəyi gündə də belə olacaqdır» (Luka 17:27-30). Pis insanlar yenə də «qəflətən... həlaka uğrayacaq» (1 Saloniklilərə 5:2, 3). Əmin ola bilərik ki, Yehova ədalətin tələb etdiyindən bir gün də artıq Şeytan dünyasının mövcud olmasına yol verməyəcəkdir.
Yehova ədaləti bərpa edəcək
12, 13. a) İsanın dul qadın və hakim məsəlində hansı vacib dərs var? b) Yehovanın dualarımızı dinlədiyinə və ədaləti bərpa edəcəyinə nə üçün əmin ola bilərik?
12 İsanın dul qadın və hakim məsəli başqa vacib həqiqətləri də açıqlayır. Bu məsəli tətbiq edərək, İsa dedi: «Ədalətsiz hakimin nə dediyini dinləyin. Məgər Allah Öz seçdiklərini... müdafiə etməyəcəkmi?» Yehovanı hakimlə müqayisə etməklə İsa demək istəmirdi ki, Allah Öz xidmətçiləri ilə hakimin dul qadınla davrandığı kimi davranır. Əksinə, o, Allahla hakim arasındakı fərqi göstərərək, davamçılarına Yehova haqqında vacib şeyi öyrətdi. Bəs onlar arasındakı fərq nədədir?
13 Məsəldəki hakim «ədalətsiz» olduğu halda, «Allah adil hakimdir» (Məzmur 7:11; 33:5). Dul qadın hakimi maraqlandırmırdı, Yehova isə hər birimizlə maraqlanır (2 Salnamələr 6:29, 30). Hakim dul qadına kömək etmək istəmirdi, ancaq Yehova Ona xidmət edənlərə kömək etməyi nəinki istəyir, hətta buna can atır (Yeşaya 30:18, 19). Biz buradan hansı dərsi götürürük? Əgər ədalətsiz hakim dul qadının xahişlərini dinləyib ədaləti bərpa etdisə, Yehovanın Öz xalqının dualarını dinləyib, ədaləti bərpa edəcəyi daha çox yəqin deyilmi! (Süleymanın məsəlləri 15:29).
14. Allahın hökm gününün gələcəyinə inamımızı nə üçün itirməməliyik?
14 Buna görə də Yehovanın hökm gününün gələcəyinə inamlarını itirənlər ciddi səhvə yol verirlər. Nəyə görə? ‘Yehovanın möhtəşəm gününün’ yaxın olduğuna inamı itirənlər, əslində, Yehovanın və’dlərinə sadiq qalacağına şübhə etdiklərini göstərirlər. Lakin Allahın sadiqliyini şübhə altına almağa heç kimin haqqı yoxdur (Əyyub 9:12). Əsas məsələ bizim sadiq qalıb-qalmayacağımızdadır. İsa dul qadın və hakim məsəlinin sonunda məhz bu məsələyə toxundu.
«Bəs İnsan Oğlu... yer üzündə iman tapacaqmı?»
15. a) İsa hansı sualı verdi və nə üçün? b) Biz özümüzə hansı sualı verməliyik?
15 İsa maraqlı bir sual verdi: «Bəs İnsan Oğlu gəldiyi zaman yer üzündə iman tapacaqmı?» (Luka 18:8). «İman» dedikdə, İsa ümumiyyətlə imanı deyil, dul qadının imanına bənzər imanı nəzərdə tuturdu. O özü öz sualına cavab vermədi. Sualı verdi ki, şagirdlərin hər biri öz imanı haqqında düşünsün. Onların imanı tədricən zəifləmirdi ki? Onlar üçün bu dünyaya geri dönmək təhlükəsi yaranmamışdı ki? Yoxsa onların imanı dul qadının imanına bənzəyirdi? Biz də özümüzdən soruşmalıyıq: «Bəs “İnsan Oğlu” mənim ürəyimdə necə iman tapacaq?»
16. Dul qadın necə imana sahib idi?
16 Əgər Yehovanın bizim üçün də ədaləti bərpa etməsini istəyiriksə, o zaman imanımız dul qadının imanına bənzəməlidir. O necə imana sahib idi? Onun imanı dəfələrlə hakimin yanına gedib ədaləti tələb etməyindən görünürdü. Bu qadın ədalətsiz insandan tə’kidlə ədalət tələb edirdi. Allahın xidmətçiləri də əmin ola bilərlər ki, onların gözlədiyindən çox çəksə də, Yehova ədaləti bərpa edəcək. Bundan başqa, onlar Allahın və’dlərinə inandıqlarını tə’kidlə dua etməklə, yə’ni ‘gecə-gündüz Ondan imdad istəməklə’ göstərirlər (Luka 18:7). Doğrudan da, məsihçi ədalətin bərpa olunması haqda dua etməyə son qoysa, Yehovanın Öz xidmətçiləri naminə yaxın zamanlarda tədbir görəcəyinə inamını itirdiyini göstərmiş olar.
17. Hansı səbəblərdən duada mətanətli olmalı və Yehovanın hökm gününün gələcəyinə əminliyimizi qorumalıyıq?
17 Dul qadının vəziyyətindən görürük ki, duada mətanətli olmaq üçün başqa səbəblərimiz də var. Onun vəziyyəti ilə bizimki arasındakı fərqə diqqət yetirin. Qadını heç kim təşviq etməsə də, o, hakimə dəfələrlə müraciət etmişdi. Allahın Kəlamı isə bizi dönə-dönə ‘duada mətanətli olmağa’ təşviq edir (Romalılara 12:12). Dul qadın xahişinin yerinə yetiriləcəyinə arxayın deyildi, lakin Yehova ədalətin bərpa olunacağına bizi əmin edir. Yehova Öz peyğəmbəri vasitəsilə deyir: «Sanki gecikir, amma gözləyin, çünki hökmən gələcək, gecikməyəcək» (Habaqquq 2:3; Məzmur 97:10). Qadının hakimin yanına xahişə göndərməyə heç kimi yox idi. Bizim isə, ‘Allahın sağında oturub, bizim üçün vəsatət edən’ İsa Məsih kimi qüdrətli köməkçimiz var (Romalılara 8:34; İbranilərə 7:25). Əgər qadın vəziyyətinin çətinliyinə baxmayaraq, ədalətin bərpa olacağına ümid edərək hakimə tə’kidlə müraciət edirdisə, biz Yehovanın hökm gününün mütləq gələcəyinə nə dərəcədə iman etməliyik?!
18. Dua hansı halda imanımızı möhkəmlədəcək və bizim üçün ədalətin bərpa olunmasına kömək edəcək?
18 Dul qadın haqqında məsəldən aydın olur ki, dua imanla sıx bağlıdır, həmçinin tə’kidlə dua etməklə imanımızı zəiflədə bilən tə’sirlərə qarşı dura bilərik. Əlbəttə, bu o demək deyil ki, riyakarcasına edilən dualar imanımızı qoruyacaq (Matta 6:7, 8). Dua bizi, tamamilə Allahdan asılı olduğumuzu başa düşdüyümüz üçün dua etdiyimiz təqdirdə Allaha yaxınlaşdırır və imanımızı möhkəmləndirir. Xilas üçün iman zəruri olduğundan, təəccüblü deyil ki, İsa şagirdlərini ‘daim dua etməyə və heç ruhdan düşməməyə’ təşviq etməyi vacib sandı (Luka 18:1). Düzdür, ‘Yehovanın möhtəşəm gününün’ gəlişi bizim dua edib-etməməyimizdən asılı deyil — o mütləq gələcək. Ancaq bizim üçün ədalətin bərpa olunması və Allahın müharibəsindən sağ çıxmağımız imanımızdan və dua etməklə yanaşı, saleh həyat sürməyimizdən asılıdır.
19. Allahın ədaləti bərpa edəcəyinə əmin olduğumuzu necə sübut edə bilərik?
19 Yadınızdadırsa, İsa: «İnsan Oğlu gəldiyi zaman yer üzündə iman tapacaqmı?» deyə soruşmuşdu. Bu maraqlı suala necə cavab vermək olar? Necə də xoşdur ki, bu gün bütün dünyada Yehovanın milyonlarla sadiq xidmətçisi öz duaları, səbir və mətanətilə belə imana sahib olduqlarını sübut edirlər! Beləliklə, İsanın sualına müsbət cavab vermək olar. Bəli, hazırda Şeytanın dünyasındakı haqsızlıqlardan əzab çəksək də, tam əminik ki, Allah seçdikləri üçün ədaləti bərpa edəcək.
[Haşiyə]
a Bu məsəlin məğzini tam anlamaq üçün Luka 17:22-33 ayələrini oxumaq lazımdır. Luka 17:22, 24, 30 ayələrindəki ‘İnsan Oğlu’ ifadəsi Luka 18:8 ayəsində qaldırılan suala cavab tapmağa kömək edir.
Xatırlayırsınızmı?
• Bə’zi məsihçilər nə üçün imanlarını itirmişlər?
• Yehovanın hökm gününün gələcəyinə nə üçün tam əmin ola bilərik?
• Duada mətanətli olmağımıza hansı səbəblərimiz var?
• Tə’kidlə dua edərək imanımızı necə qoruya bilərik?
[19-cu səhifədəki şəkillər]
Bu gün milyonlarla insan Allahın ədaləti bərpa edəcəyinə möhkəm inanır.