«Oyaq qalın». Bu, nəyə görə vacibdir?
«SƏNİN iştirakının və dövrün yekununun əlaməti nə olacaq?» (Mat. 24:3). Bu suala cavab olaraq İsa aydın, ətraflı və konkret əlamət söylədi. Həmin əlamət barədə «Matta» kitabının 24-cü, «Mark» kitabının 13-cü və «Luka» kitabının 21-ci fəslində oxumaq olar. Daha sonra əlavə etdi: «Oyaq qalın» (Mat. 24:42).
Əgər əlamət aydın görünəcəkdisə, nəyə görə o, davamçılarını oyaq qalmağa təşviq etdi? İki ehtimala nəzər salaq. Birincisi, yayındırıcı şeylər bəzilərini əlamətə məhəl qoymamağa təhrik edə bilər. Bu isə, öz növbəsində, onların imanlarını və sayıqlıqlarını itirmələrinə gətirib çıxardar. İkincisi, əgər əlamətin müəyyən məqamları məsihçinin yaşadığı ərazidə yerinə yetmirsə, ola bilsin, o düşünəcək ki, bunun ona heç bir aidiyyəti yoxdur. O, belə bir qənaətə gələ bilər ki, İsanın söylədiyi peyğəmbərliyin zirvəsi olan «böyük müsibət»ə hələ çox var və «oyaq» qalmağa ehtiyac yoxdur (Mat. 24:21).
«Heç nəyi fikirləşmirdilər»
İsa davamçılarına Nuhun müasirləri barədə xatırlatdı. Onlar Nuhun təbliğ etdiyini, nəhəng gəmi tikdiyini və zorakılığın baş alıb getdiyini öz gözləri ilə görürdülər. Lakin bu adamların əksəriyyəti «heç nəyi [fikirləşmirdi]» (Mat. 24:37—39). Verilən xəbərdarlıqlara dair eyni münasibət bizim günlərdəki əksər insanlarda da müşahidə olunur. Məsələn, yolun kənarında sürət həddinin məhdudlaşdırılması barədə aydın nişanların qoyulmasına baxmayaraq, bir çox sürücülər onlara məhəl qoymurlar. Buna görə də hakimiyyət dairələri sürücüləri sürəti azaltmağa məcbur etmək üçün bəzən şəhər küçələrində traplin quraşdırır. Eynilə, məsihçi son günlərin əlamətini görsə də, bunun onun həyat tərzinə təsir göstərməsinə yol verməyə bilər. Qərbi Afrikada yaşayan Ariel adında yeniyetmə bir qızın nümunəsi bunu açıq-aydın göstərir.
Ariel televizorda qadınlar arasında həndbol yarışlarına baxmağı xoşlayırdı. Təhsil aldığı məktəbdə həndbol komandası təşkil ediləndə o, qapıçı kimi komandaya yazıldı. Oynamaq həvəsi onun gözünü o qədər bağlamışdı ki, Yehova ilə münasibətləri üçün təhlükə yarada biləcək şeylərə fikir vermədi. Sonra nə baş verdi? O nəql edir: «Komanda yoldaşlarımdan bəziləri siqaret çəkən və narkotik qəbul edən oğlanlarla görüşürdülər. Onlardan fərqləndiyim üçün məni ələ salırdılar, lakin bunun öhdəsindən asanlıqla gələ biləcəyimi düşünürdüm. Ancaq oyuna olan həvəsim ruhaniliyimi məhv etməyə başlayanda bu, mənim üçün tamamilə gözlənilməz oldu. Həndbol ürəyimə və zehnimə hakim kəsilmişdi. Padşahlıq Zalında oturarkən çox vaxt fikirlərim həndbol meydançasında qalırdı. Bu hətta məsihçi xüsusiyyətlərimə də öz mənfi təsirini göstərmişdi. Həndbola olan sevgim sonradan qalib gəlmək həvəsi ilə əvəz olundu. Buna görə də o ki var məşq edirdim. Gərginlik get-gedə artırdı. Həndbola görə hətta dostlarımı da atdım.
Oyunların birində, bizim qapıya cərimə zərbəsi təyin olunan zaman baş verən bir hadisə məni ciddi düşünməyə vadar etdi. Zərbəni dəf etməyə hazırlaşırdım. Yehovaya dua etdim ki, topu qaytarmağa mənə kömək etsin. Birdən nə etdiyimi başa düşdüm. Yalnız bundan sonra ruhaniliyimə nə dərəcədə ciddi zərər dəydiyini anladım. Vəziyyəti düzəltmək üçün nə etdim?
Əvvəllər mən “Gənclərin sualları. Həyatımı nəyə həsr edim?”a filminə (rus.) baxsam da, ona yenidən baxmaq, lakin bu dəfə orada deyilənlərə ciddi yanaşmaq qərarına gəldim. Mən də, dramdakı gənc Andre kimi, eyni vəziyyətdə idim. Ağsaqqal qardaşın ona verdiyi məsləhətə — Filipililərə 3:8 ayəsini oxuyub üzərində düşünmək məsləhətinə xüsusi diqqət yetirdim. Həmin məsləhəti götür-qoy etdikdən sonra komandadan çıxdım.
Bundan sonra hər şey dəyişdi! Rəqabət ruhundan və onun ayrılmaz hissəsi olan stressdən azad oldum. Özümü daha xoşbəxt hiss edirdim və məsihçi dostlarımla münasibətlərim düzəldi. Həyatımda vacib yeri ruhani məşğuliyyətlər tutmağa başladı. Artıq yığıncaq görüşlərində diqqətim yayınmırdı və onlardan daha çox sevinc əldə edirdim. Xidmətim də yaxşılaşdı. İndi mən müntəzəm olaraq köməkçi pioner kimi xidmət edirəm».
Yayındırıcı şeylər səni İsanın söylədiyi əlamətə məhəl qoymamağa vadar edirsə, Ariel kimi ciddi addımlar at. Növbəti məsləhətlər sənə bunu etməkdə kömək edəcək. Gizli xəzinələr xəritəsi adlandırılan «Gözətçi Qülləsi nəşrlərinin indeksi»nə (rus.) müraciət et. Burada sən gözəl məsləhətlərin və sənin üzləşdiyin sınaqlarla üzləşən insanların nümunəsini haradan tapacağını öyrənəcəksən. Məsihçi görüşlərinin hamısına yaxşı hazırlaş və qeydlər apar. Onda bu görüşlərdən tam fayda əldə edəcəksən. Bəziləri fikir vermişlər ki, yığıncaqda qabaq cərgələrdə oturmağın böyük xeyri var. Dinləyicilərin iştirakı nəzərdə tutulan bəndlərdə mümkün qədər tez cavab verməyə çalış. Xəbərlərdə eşitdiyin hadisələri axır günlərin əlaməti ilə müqayisə edərək ruhani sayıqlığını qoru (2 Tim. 3:1—5; 2 Pet. 3:3, 4; Vəhy 6:1—8).
«Hazır olun»
Axır günlərin əlaməti barədə peyğəmbərliklər dünya miqyasında — «bütün yer üzündə» yerinə yetir (Mat. 24:7, 14). Milyonlarla insanlar epidemiyaların, qida çatışmazlığının tüğyan etdiyi, zəlzələlərin və bu kimi digər hadisələrin baş verdiyi ərazilərdə yaşayırlar. Lakin bir çox başqa ərazilərdə insanlar nisbətən sakit yaşayırlar. Əgər son günlərin əlamətini təşkil edən hadisələrin bəziləri ilə öz həyatında üzləşmirsənsə, böyük müsibətə hələ çox qaldığını düşünməlisənmi? Bu cür qənaətə gəlmək heç də müdriklik olmazdı.
Nümunə üçün İsanın «epidemiyalar və qıtlıqlar» barədə dedikləri üzərində fikirləş (Luka 21:11). Birincisi, o demədi ki, bu bədbəxtliklər hər yerdə eyni vaxtda və eyni dərəcədə baş verəcək. Əksinə, o, bu hadisələrin «bir çox yerlərdə» olacağını dedi. Deməli, biz bu hadisələrin hər yerdə və eyni vaxtda baş verəcəyini gözləməməliyik. İkincisi, qıtlıqların olacağını söylədikdən bir qədər sonra İsa bəzi davamçılarının özlərini qarınqululuq tələsindən gözləməli olacaqlarını dedi: «Özünüzə fikir verin, ürəyinizi qarınqululuq... ilə yükləməyin» (Luka 21:34). Buradan aydın görürük ki, əlamətin hər bir hissəsini bütün məsihçilər öz üzərində hiss etməyəcəkdi. İsa demişdi: «Bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın padşahlığı yaxındadır» (Luka 21:31). Əlamətin müəyyən cəhətləri yaşadığımız ərazidə yerinə yetməsə də və ya onları üzərimizdə hiss etməsək də, müasir kütləvi informasiya vasitələri sayəsində əlamətin bütün tərkib hissələrinin necə həyata keçdiyini görmək olar.
Həmçinin unutma ki, Yehova böyük müsibətin gününü və saatını artıq təyin edib (Mat. 24:36). Yer üzündə baş verən heç bir hadisə Yehovanı bu tarixi dəyişməyə məcbur edə bilməz.
Harada yaşamalarından asılı olmayaraq, İsa məsihçilərin hamısına demişdi: «Hazır olun» (Mat. 24:44). Biz hər an hazır olmalıyıq. Düzdür, səhərdən axşama qədər teokratik işlərlə məşğul olmaq qeyri-mümkündür. Üstəlik, biz böyük müsibətin başlayacağı an harada olacağımızı bilmirik. Ola bilsin, bəzilərimiz işdə olacağıq və ya ev işlərini görəcəyik (Mat. 24:40, 41). Bəs həmin günə hazır olmaq üçün nə etməliyik?
Emmanuellə Viktorina və onların altı qızı Afrikanın elə bir yerində yaşayırlar ki, son günlərin əlamətini təşkil edən hadisələrin hamısı orada baş vermir. Buna görə də onlar özlərini hazır vəziyyətdə saxlamaq üçün hər gün ruhani mövzular üzrə müzakirələr aparmaq qərarına gəliblər. Emmanuel deyir: «Hər kəs üçün münasib olan vaxt tapmaq çətin idi. Nəhayət, biz səhər saat altıdan yeddinin yarısına qədər olan vaxtı seçdik. Gündəlik ayəni araşdırdıqdan sonra həmin həftə görüşlərdə müzakirə olunacaq nəşrdən bir neçə abzasa hazırlaşırıq». Bu, onlara oyaq qalmağa kömək edirmi? Əlbəttə! Emmanuel öz yığıncağında ağsaqqallar şurasının koordinatorudur. Viktorina tez-tez köməkçi pioner kimi xidmət edir və onun köməyi sayəsində bir çox insanlar həqiqətə gəlib. Onların qızlarının altısı da ruhən inkişaf edir.
İsa bizə xəbərdarlıq edir: «Diqqətli olun, oyaq qalın» (Mark 13:33). Qoy heç nə sənin ruhən ayıq-sayıq qalmağına mane olmasın. Ariel kimi, nəşrlərimiz və yığıncaq görüşlərimiz vasitəsilə verilən gözəl məsləhətlərə diqqət yetir. Emmanuelin ailəsindən nümunə götürərək hazır olmaq və oyaq qalmaq üçün hər gün nə isə etməyə çalış.
[Haşiyə]
a Bu, Yehovanın gözündə düzgün olanı etmək uğrunda mübarizə aparan bir gənc məsihçi haqda müasir dramdır.
[4–cü səhifədəki şəkil]
Müqəddəs Kitabı hər gün müzakirə etmələri sayəsində Emmanuel və ailəsi özlərini hazır vəziyyətdə saxlayırlar