Fəsil 53
İnsanların arzuladığı xariqüladə rəhbər
BELƏLİKLƏ, İsa Məsih bu boyda camaata möcüzə ilə çörək verir, camaat da buna heyran qalır. Onlar deyirlər: «Bu adam, doğrudan da, dünyanın gözlədiyi peyğəmbərdir». Adamlar İsanın nəinki Musa peyğəmbərdən də böyük peyğəmbər olduğunu düşünür, onlar belə nəticəyə gəlirlər ki, ondan çox gözəl rəhbər çıxar. Buna görə də camaat İsanı tutub padşah etmək istəyirlər.
İsa onların ürəyindəkiləri bilir. Onu zorla padşah etməsinlər deyə cəld hərəkətə keçir. O, camaatı buraxır və şagirdlərinə buyurur ki, qayığa minib Kapernahuma üzsünlər. Özü isə Allaha dua etmək üçün dağa qalxır və gecəni orada tək keçirir.
Dağın təpəsindən bütün ətraf əl içi kimi görünür. Səhərə yaxın İsa baxıb görür ki, güclü külək əsdiyindən göl təlatümlüdür. Ay bədirlənmək üzrədir, çünki Pasxa bayramına az qalıb. Ayın işığında İsa görür ki, şagirdlər var-gücləri ilə avar çəkir və dalğaları yarıb keçmək istəyirlər.
İsa tez dağdan enir və dalğaların üzəriylə qayığa tərəf gedir. Qayıq artıq sahildən beş-altı kilometr aralanıb. İsa qayığa çatanda özünü elə aparır ki, guya yan keçib getmək istəyir. Şagirdləri onu görəndə qışqırırlar: «Bu qarabasmadır!»
İsa onları sakitləşdirib deyir: «Mənəm, qorxmayın!»
Peter ona deyir: «Ağam, əgər sənsənsə, mənə əmr et suyun üzəri ilə yanına gəlim».
«Gəl!» — İsa cavab verir.
Peter cəld qayıqdan düşüb suyun üzəri ilə İsaya tərəf gedir. Ancaq fırtınaya baxanda qorxur və batmağa başlayır. O qışqırır: «Ağam, məni xilas et!»
İsa tez əlini uzadıb onu tutur və deyir: «Ey az imanlı, nə üçün şübhə etdin?»
İsa və Peter qayığa minirlər. Külək yatır, şagirdləri isə heyrət bürüyüb. Məgər burada heyrətli bir şey var? Cəmi bir neçə saat əvvəl İsa möcüzə göstərib, beş çörək və iki balıqla minlərlə adamı yedizdirib doydurmuşdu. Əgər şagirdlər «çörəklə bağlı möcüzədən» nəticə çıxartsaydılar, onda İsanın su üzəriylə getməsi və küləyi sakitləşdirməsi onları bir belə heyrətləndirməzdi. İndi şagirdlər İsanın qarşısında təzim edib deyirlər: «Sən, doğrudan da, Allahın Oğlusan».
Bir azdan onlar gözəl və bərəkətli Gennesaret vadisinə çatırlar. Kapernahum şəhəri burada, yaxınlıqda yerləşir. Onlar lövbər atıb sahilə çıxırlar. Adamlar dərhal İsanı tanıyır və ətraf kəndlərdəki xəstələrin dalınca gedirlər. Xəstələri xərəyə qoyub gətirirlər. Onlar hətta İsanın əbasının saçağına toxunanda sapsağlam olurlar.
Bu minvalla İsanın möcüzə ilə yedizdirdiyi camaat onun oradan getdiyindən xəbər tutur. Buna görə də Tiberiadadan balaca qayıqlar gələndə adamlar qayıqlara minib İsanı axtarmaq üçün Kapernahuma üzürlər. Onu tapanda soruşurlar: «Müəllim, sən bura nə vaxt gəldin?» Amma İsa onları məzəmmət edir. Yəhya 6:14—25; Matta 14:22—36; Mark 6:45—56.
▪ İsa möcüzə ilə minlərlə adamı yedizdirəndə adamlar hansı qərara gəlirlər?
▪ İsa dağın üstündən nə görür və sonra nə edir?
▪ Şagirdlər nə üçün belə çox heyrətlənməməli idilər?
▪ Onlar sahilə çatdıqda nə olur?